İnsan kimi əziz, müəllim kimi əvəzsiz... Təhsil » BDU 31 октября 2017 Düzünü desəm, nədən başlayacağımı heç bilmirəm. Deyiləcək, yazılacaq o qədər söz var ki, sanki birini yazsam, digəri küsmüş halda digər sözlərin arxasına qaçıb gizlənəcək.. Amma bu gün məndən inciməmələrini “tapşırmışam” onlara. Çünki bu gün çox önəmli gündü. Bunun səbəbkarı isə Ustadımdı. Çünki onun doğum günüdü. Və sözlərim sizə Ondan danışacaq.Elmi rəhbərim professor Yeganə İsmayılova 2005-ci ildən etibarən Bakı Dövlət Universitetinin doğma Filologiya fakültəsində müəllim işləyir. 2002-ci ildə “Koroğlu” dastanında obrazlar sistemi” mövzusunda namizədlik, 2014-cü ildə “Kitabi–Dədə Qorqud” dastanları və yazılı ədəbiyyat” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının ən böyük tədqiqatçılarından biridir. Onun elm aləminə verdiyi töhfələr o qədərdir ki, yazmaqla, danışmaqla əsla bitməz. Ustadım ədəbiyyatın bütün sahələri üzrə öz izini qoyan bir alimdir. Elmi fəaliyyəti haqqında çox, çox kiçik də olsa, məlumat verməyi özümə borc bildim... Əgər bu kiçik abzas onunla tanışlığınıza az da olsa kömək etdisə, bilin ki, çox xoşbəxtəm..Bütün zamanlarda insanın həmişə əlindən tutana, yol göstərənə ehtiyacı olub. O mənim ən çətin anımda əlimdən tutmuşdu. Birinci kursun əvvəlində elmi iş götürməklə bağlı kiçik çətinlik yaşamışdım. Bu kiçik çətinliyi o qədər böyütmüşdüm ki, dərslərimdən, müəllimlərimdən, hətta universitetimdən belə “küsmüşdüm”. Təbii ki, uşaq ağlındaydım. İndi yadıma düşəndə dodaqlarıma bir ovuc təbəssüm qonur... Bunu heç kimə demirdim. Yalnız onunla danışmaq istəyirdim. Çünki bilirdim, məni yalnız o – hər həftənin dördüncü gününə öz mühazirəsi ilə rəng qatan müəllimim anlaya bilər. “Mən sənin elmi rəhbərin olaram” cümləsini ondan eşitdikdə elə bil dünyanı mənə vermişdilər. O qədər sevincli idim ki, söylədiyi sonrakı sözləri xəyal dünyamda olduğum üçün dinləyə bilməmişəm. Amma dəqiq bilirəm ki, onun rəvan sözləri uzun-uzadı bir çeşmə kimi qaynayıb axır, səsi ruhuma dinclik gətirirdi.Universitetdə təhsil aldığım ilk vaxtlarda cızma-qara elədiyim şeirlərimi onun oxumasını çox istəyirdim. Yaxınlaşıb bir-iki şeirimi göstərmək istəyəndə, “bir-ikisini niyə, şeir dəftərini ver, evdə hamısını oxuyaram” dedi. Elə o vaxtdan onun öz tələbəsinə necə dəyər verdiyini gördüm. Və elə o vaxtdan onu ürəyimin daha dərin qatından sevməyə başladım.Elə indi də nə yazsam, ilk o oxuyar. İkicə misra belə yazsam, ona göndərirəm. Çünki onun mənə verdiyi ümid işığı yazacağım növbəti şeir üçün ilham qığılcımı olur.Ustadımla tanışlığımızın ilk anını “yaddaş dəftərim”in ən gözəl yerinə gözəl xətlərlə yazmışam..Universitetdəki ilk dərs günüm “unudulmazlar” siyahısının lap əvvəlindədir. Çünki ilk dərsimiz professor Yeganə İsmayılovanın mühazirəsi idi. Onu tanıdıqdan sonra bu universiteti, bu fakültəni niyə lap uşaqlıqdan bəri arzuladığımı anladım. İlk dərs.. Sizcə, bu təsadüfdürmü? Məncə, yox.. Axı deyirlər ki, təsadüflər zərurətdən yaranır.Bu gün onun haqqında – müəllimim, ustadım barədə yazmaq, danışmaq qürurverici haldır mənim üçün.Çox yaradıcı insandır Yeganə ustadım. Keçdiyi hər bir dərsə yeni yazacağı əsər kimi baxır, nə vaxtsa qazandığı bilikləri ilə kifayətlənməyib, daima öyrənir və öyrədir.Onunla ədəbiyyatdan söhbət edərkən gözlərinin içinə baxaraq əsl EŞQi görmək fərqli duyğudur.Mən ondan pedaqogika ilə psixologiyanı da öyrənirəm. Tələbələrə olan münasibəti əsl müəlim psixologiyasının necə olduğuna əyani nümunədir. Bütün bunlar “mən də onun kimi müəllim olacam” ifadəsini söyləmək istəyi yaradır.II kurs tələbəsi olsam da, universitetdə oxumağa başladığım ilk gündən indiyə qədər çox şey dəyişib. Əldə edə bildiyim bütün uğurlar ustadımın mənə dəstəyi ilə olub. Hətta bu yazını da yazıramsa, yenə ona borcluyam. Aynur MUSTAFAYEVABDU-nun Filologiya fakültəsinin II kurs tələbəsiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.