BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!.... 15 июля 2021 270 1987-ci ildən başlanan və erməni separatçı qüvvələri tərəfindən zaman-zaman işğal olunan əzəli Qarabağ torpaqlarımız nəhayət ki, uzun illərdən sonra, 2020-ci ildə Azərbaycanın müzəffər Milli Ordusu tərəfindən işğaldan azad edildi. II Vətən müharibəsi adlanan bu müharibənin müddəti cəmisi 44 gün davam etdi. 2020-ci ilin 27 sentyabr tarixindən başlanan və 8 noyabr tarixində bitən müharibə düşmən tərəfinin məğlubiyyəti ilə nəticələndi. Bu 44 günlük müharibədə Azərbaycanın əsgər və zabitləri, eləcə də könüllülərdən ibarət bölmələri xalqımıza elə zəfər yaşatdılar ki, bu zəfər heç zaman tarixin yaddaşından silinməyəcək bir dastanına çevrildi. Otuz ilə yaxın müddətdə həm bütün şəhidlərimizin, həm də fiziki sağlamlığını itirmiş qazilərimizin hamısının qisası alındı. Qarabağın işğalçılardan azad edilməsində qanları ilə tarix yazan igidlərimiz, dünyanın heç bir yerində görünməmiş qəhrəmanlıqları ilə əfsanəvi bir tarixə döndülər. Qeyd etdiyimiz kimi, Qarabağ yurdumuz otuz ilə yaxın idi ki, erməni separatçılarının işğalı altında idi. Azərbaycan əsgərləri bu müddət ərzində hər zaman torpaqlarımızın azad olunması uğrunda canları bahasına döyüşmüş, kimisi qazi olmuş, kimisi də ən ali məqama, “Şəhidlik zirvəsi”nə ucala bilmişdir. Hər bir Azərbaycan vətəndaşı o illəri yaxşı xatırlayır. SSRİ-dən yenicə ayrılmış Azərbaycanın I Qarabağ döyüşlərində Milli Ordusu yaransa da hələ formalaşmamışdır. Ölkəmiz çox ağır siyasi-iqtisadi böhranla üz-üzə idi. Daxildə hərc-mərclik hökm sürürdü. Xarici qüvvələrin marağına xidmət edənlər ölkədə hər vəchlə qarışıqlıq yaratmağa çalışır, bundan istifadə edən düşmən də bəzi dövlətlərin havadarlığı ilə torpaqlarımızı bir-birinin ardınca işğal edirdi. Lakin bütün bu çətinliklərə baxmayaraq, könüllülər tərəfindən bir neçə batalyonlar yaradılmışdır ki, onlar düşmənə müqavimət göstərir, bacardıqları qədər onların qarşısını almağa çalışırdılar. Düşmən tərəfindən baş verən bu haqsız torpaq iddiası həm I Qarabağ, həm də II Vətən döyüşlərində yüzlərlə Azərbaycan gəncinin, döyüşçüsünün həyatına son qoydu. Azərbaycan böyük dövlətlər tərəfindən himayə olunan separatçı Ermənistanla döyüşməkdən bir anda olsa belə geri çəkilmirdi. Bu döyüşlərdə canını torpaq, Vətən üçün fəda etmiş igid oğullarımızı hər zaman yad etmək onların şəhadəti qarşısındakı mənəvi börcumuzdur. Bu gün ki, söhbətimiz I Qarabağ döyüşlərində iştirak etmiş, o ağır günlərdə dörd körpə övladını və gənc xanımını evdə qoyaraq, könüllü döyüşlərə qatılmış şəhidimiz Paşayev Vaqif Əbülfət oğlu haqqındadır. Bizim hər birimiz çalışmalıyıq ki, istər I Qarabağ, istərsə də II Vətən müharibəsi qəhrəmanları unudulmasınlar. Çünki, tarixə çevrilmiş hər iki müharibənin qəhrəmanları qanları ilə Azərbaycan tarixinin yeni səhifələrini yazdılar. I Qarabağ müharibəsi şəhidi Paşayev Vaqif Əbülfət oğlunun həyat yoluna nəzər salaq. Şəhid Paşayev Vaqif Əbülfət oğlu: 1960-cı ilin 29-aprel tarixində Gəncədə sadə bir ailədə dünyaya gəlmiş və Gəncə şəhərindəki 34 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəbi bitiridikdən sonra o, Gəncədə İnşaat texnikumuna daxil olur və oranı da müvəffəqiyyətlə başa vurur. Vaqifin yaşadığı və təhsil aldığı dövr elə bir dövrə təsadüf edirdi ki, Sovet Sosialist Respublikalar İttifaqı adlanan(SSRİ) imperiya, tərkibində olan on beş respublikanın üzərində hələ öz hökmranlığını sürürdü. Paşayev Vaqif, həmin o sovet dönəmində əsgəri xidmətini başa vurduqdan sonra, çoxdankı arzusunu reallaşdırmaq üçün desant qoşunları tərkibində Gəncə Qarnizonunda gizir kursuna daxil olur və oranı bitirib, 1985-1993-cü illərdə Sovet Ordusunun desant qoşunlarının tərkibində Gəncə Qarnizonunda gizir vəzifəsində xidmət göstərməyə başlayır. Məlum hadisələrdən sonra sovet hökuməti öz qoşun hissələrini tədricən bütün respublikalardan çıxartmalı olur, eləcə də Gəncədə olan Sovet Ordusunun desant qoşun hissələri də oradan çıxarılır. Lakin, Paşayev Vaqif hərbi qulluğunu Milli Ordu sıralarında davam etdirməyə başlayır. Zamanında Vaqifin hərbi qulluğda çalışmağı, onun hərbi sirlərə yiyələnməsində böyük rol oynamışdır. Hərbin sirlərini yaxşı mənimsəyən Vaqifin bacarığı və təcrübəsi onun çox köməyinə gəlirdi. O hərbin sirlərini Milli Ordumuzda xidmət edən gənc əsgərlərə öyrətməyə çalışırdı. Bu onun vətənpərvərliyindən və millətsevərliyindən irəli gəlirdi. Çalışdığı müddətdə özünə yetərincə hörmət və dost qazanan Vaqif, döyüşlərin ən çətin anlarında özünü onların köməyinə yetirməyi də bacarırdı. 1993-cü ildə yenidən hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyev ölkənin ağır siyasi prosesslərini nəzərə alaraq, 1994-cü ilin 12 may tarixində Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan “Bişkek protokolu” nu imzaladır. Lakin elə protokolun imzalandığı ilk günlərdən düşmən tərəfi atəşkəsə əməl etməyərək, dəfələrlə atəşkəsi pozaraq yeni hücumlara başlayır. Ölkədə vəziyyət son dərəcə kəskinləşir. Vaqif də başqa cavanlar kimi özünü bu döyüşlərdən kənarda görə bilməyirdi. Odur ki, könüllü olaraq Qarabağda döyüşə getməyi qərara alır. Ailənin böyük oğlu olan Vaqif müharibəyə gedəndə ailəliydi, dörd övladı var idi. Üçü oğlan, biri isə qız olan bu uşaqlar çox balaca idilər. Böyük oğlu Vasif 1985, Vüsal 1986, Könül 1989 və Ramil 1992-ci il təvəllüdü idilər. Vaqif cəbhəyə gedəndə Ramilin iki yaşı var idi. Birinci Qarabağ müharibəsində dörd və daha çox uşağı olanları ön cəbhəyə göndərmirdilər. Lakin Vaqif öz xahişi ilə ərizə verərək ön cəbhədə vuruşmaq istədiyini bildirir. Qardaşı Paşayev Şakirin dediyinə görə “Vaqifin elə kiçik yaşlarından hərbiyə həvəsi olubdur. Onun ürəyində çox böyük Vətən sevgisi var idi. Düşmənə olan nifrətini də heç vaxt gizlətmirdi”. Həqiqətən də insanın Vətən sevgisi güclü olduqda heç bir şey onu Vətən uğrunda canından belə keçməkdən çəkindirə bilmir. Vaqifi kimsə müharibəyə getməyə məcbur etməmişdir. O öz istəyi ilə döyüşlərə yollanmışdır. Azərbaycanın yazılan və yazılmayan qanunlarından biri də şəhidlik məqamına yüksəlməkdir. Döyüşlərə qatılan hər bir döyüşçü “Şəhidlik zirvə”si deyilən o yüksək məqama çatmaq arzusunda olur. Lakin “Şəhidlik zirvəsi”nə hər kəs ucala bilmir. Bir daha təsdiqləmiş oluruq ki, bəli “Səhidlik zirvəsi” nə yalnız və yalnız Allah tərəfindən seçilmişlər ucala bilir. Paşayev Vaqif Əbülfət oğlu da belə seçilmişlərdən oldu. Bu gün dillər əzbərinə çevrilmiş bu söz həm I həm də II Vətən müharibəsi iştirakçılarının, qazilərimizin dediklərindən bir daha öz təsdiqini tapır. Qazilərimiz söhbətlərində həmişə qeyd edirlər ki, “hər birimiz müharibəyə Vətən torpaqlarını düşməndən azad etməyə gedirik. Bilirik ki, bu yolda ölüm var, əsir düşmək var, yenə buna baxmadan gedirik. Kimimiz şəhid, kimimiz qazi oluruq. Taleyimizə nə yazılıbdırsa, demək onu da yaşamalı olacağıq”. Şəhidimiz Paşayev Vaqif də bütün şəhidlərimiz kimi bu taleyi yaşadı. 1994-cü ilin 15 yanvar tarixində Ağdərə uğrunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsini fəth etdi. Taleyinə yazılan ömrünü çox erkən yaşlarında şərəflə bitirdi. Bu gün biz Azərbaycan vətəndaşı olaraq Qarabağ uğrunda canından keçən hər bir şəhidimizin qarşısında baş əyirik, nə qədər varıq o şəhidlərin borcundan çıxa bilməyəcəyik. Bu gün ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün, eləcə də azad həyatımız üçün şəhidlərimizin hər birinə borcluyuq. Biz mənəvi borc olaraq I Qarabağ döyüşlərində igidlik göstərərək şəhid olan döyüşçülərimizi də II Vətən müharibəsi şəhidləri ilə birlikdə tez-tez xatırlamalı və xatırlatmalıyıq. Bu gün I və II Vətən müharibəsində döyüşən şəhidlərimizlə fəxr edirik. Çünki I Qarabağ müharibəsinin döyüşçüləri II Vətən müharibəsində iştirak edən gənclərimizin həyat məktəbi oldu. Bu döyüşçülərin əksəriyyətinin ataları, babaları, qardaşları, əmi və dayıları I Qarabağ müharibəsinin iştirakçıları, veteranları olmuşdurlar. Azərbaycanın qəhrəmanlıq tarixini yazan yüzlərlə Vaqiflərin, Əlfilərin, Şirinlərin, Eldarların, Tofiqlərin, Allahverdilərin, Çingizlərin övladları ata sevgisindən məhrum olaraq, ata həsrəti çəkərək böyüdülər. Paşayev Vaqifin övladları Vasif, Vüsal, Könül və Ramil ata həsrəti ilə böyüsələr də bu gün ataları ilə qürur duyub, fəxr edə bilirlər. Paşayev Vaqif Əbülfət oglu Gəncənin “Şəhidlər Xiyabanı”nda dəfn edilmişdir. 2020-ci ilin II Vətən müharibəsi şəhidləri də həmin məzarlıqda uyuyur. Paşayev Vaqifin məzarı II Vətən müharibəsinin iştirakçısı Əlizadə Yüksəl İlqar oğlunun məzarı ilə yanaşıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Pərixanım Mikayılqızı “Elm və Təhsil” qəzetinin baş redaktoru, Dövlət qulluğunun baş müşaviri, AJB-nin üzvü, şair, publisit, nasir, araşdırmaçı-jurnalist, bir çox mükafatlar laueratı.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.