YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..
TƏBRİK EDİRİK!..

Bu gün mənim əziz qardaşım,
elimin-obamın sevimlisi,
xalqımızın dəyərli ziyalısı,
Bakıdakı “Azərsutikinti” xəstəxanasının həkimi,
tanınmış səhiyyə işçisi və xeyirxah insan
Səməd Nəbi oğlu Çobanovun Ad günüdür.
Daha dəqiq desək, anadan olmasının
70 illik Yubileyidir!..
Biz də ZiM.Az-ın Yaradıcı Heyəti adından
çox hörmətli Səməd həkimi Ad günü və
anadan olmasının 70 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şəxsi həyatında və
şərəfli fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!...
Müşfiq BORÇALI.


SƏMƏD ÇOBANOV
(1946)

Peşənin pisi, yaxşısı yoxdur, - deyirlər. Təki qulpundan yapışdığın işin kamil bilicisi olub, xalqına, elinə-obana gərəkli övlad olasan, faydalı işlə məşğul olasan. Bununla belə, nəcibliyi, humanistliyi, insanlara gərəkliyi ilə seçilən, daha çox hörmətə layiq olan bir peşə də var: həkim! Niyəsə, həkimlər haqqında söz demək istəyəndə hər dəfə çətinlik çəkirəm. İnsanlara həyat bəxş edən, ömürlərə ömür calayan, ailələrə sevinc, səadət bəxş edən, çox zaman yarım”allah” adlandırdığımız həkimlər haqqında nə demək olar ki?!
Elə Səməd həkim barədə yazmaq istəyəndə də eyni hissləri keçirdim. Haqqında ən yaxşı sözləri əməlləri, şəfalı əlləri özü deyən bir insan haqqında mən nə deyə bilərəm? Onun haqqında kimdən soruşsan nəcibliyindən, səmimiliyindən, təvazökarlığından, qayğıkeşliyindən, yüksək intellekt sahibi olmasından ağız dolusu danışar. Həkim kimi ona müraciət edənlər isə onun mehribanlığını, xəstələrə xoş münasibətini, təkcə yazdığı dərmanların deyil, xoş sifətinin, gülər üzünün də müalicə zamanı böyük rol oynadığını qeyd edirlər. İnam böyük qüvvədir. Səməd Həkim də məhz sözün gücündən, qüdrətindən istifadə edərək xəstələrdə ilk növbədə inam yaradır.

Səməd Nəbi oğlu Çobanov - 1946-cı ilin dekabr ayının 12-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kəndində müəllim ailəsində anadan olub. O, 1963-cü ildə kənddəki orta məktəbi medalla bitirmiş və elə həmin il ali təhsil almaq arzusuyla Bakıya gəlib, sənədlərini N.Nərimanov adına ATİ-nun müalicə-profilaktika fakültəsinə verib və imtahanlardan uğurla çıxaraq tələbə adını qazanır.
1969-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirir. S.Çobanov hərbi xidmətə çağırılır və iki il hərbi həkim kimi xidmət etdikdən sonra, 1971-ci ildə doğma Borçalıya - Darvaz kəndinə qayıdır və ambulatoriyada baş həkim kimi işə başlayıb.

Səməd Çobanov 1976-1978-ci illərdə Gürcüstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ordinator kimi fəaliyyət göstərmiş, 1978-ci ilin payızından isə həkimlik fəaliyyətini Bolnisi rayon mərkəzi xəstəxanasında davam etdirib. Burada işlədiyi müddətdə onun şöhrəti təkcə Bolnisi rayonunda deyil, bütün Borçalıda da yayılmışdı.

Həkim M.Çobanovun dövri mətbuatda onlarla məqaləsi çap olunmuşdur. O, həmçinin bir sıra tibbi-praktik konfranslarda iştirak etmişdir.
XX əsrin sonuncu onilliyində keçmiş SSRİ imperiyasının hakimiyyəti laxladığı dövrdə Gürcüstanda da ədalətsizlik, yerlibazlıq, millətçilik ideyaları gündən-günə qızışdığı zaman Bolnisi şəhərində yaşayan və işləyən yüzlərlə azərbaycanlıların əksəriffəti kimi həkim Səməd Çobanov da işdən azad edilmiş və Bolnisi şəhərindən çıxarılmışdır. O, yenidən doğma Darvaz kəndinə qayıtmış və 1989-1992-ci illərdə Darvaz kənd ambulatoriyasında baş həkim işləmişdir.

Səməd Çobanov kənddəki şəraitin çətinliyi ucbatından Bakıya gəlib “Azərsutikinti” xəstəxanasının qastroenterologiya şöbəsində işə düzəlmişdir.
Elə o vaxtdan da əmək fəaliyyətini burada şərəflə davam etdirir.
O, bir neçə Fəxri fərman və Diplomla təltif olunmuşdur.

Biz də Səməd həkimə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..

(Bax: Elşad Musaoğlu. Şərəfli sənət sahibi. “Şərqin səsi” qəzeti, № 01-02. Yanvar, 2002.;

Müşfiq Borçalı. BORÇALI ENSİKLOPEDİYASI. IV cild. Borçalı həkimləri, Bakı, 2002, səh. 87-89.)




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: