Ümid işığı - Dr. Fatimə Hacıyeva

Ümid  işığı  - Dr. Fatimə Hacıyeva
Müsahibimiz
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Elmi-Tədqiqat Mamalıq
və Ginekologiya İnstitutunun
ginekologiya şöbəsinin müdiri,
tanınmış həkim-cərrah,
tibb üzrə fəlsəfə doktoru
Fatimə Hacıyevadır.

Fatimə Rasim qızı Hacıyeva - 1979-cu il sentyabrın 15-də qədim saz-söz diyarı Borçalıda, indiki Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində dünyaya göz açıb.
1995-ciildə Bakı şəhərindəki 7 nömrəli orta məktəbi əla qiymətlərlə başa vurub.
Elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, 2001-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
2001-2002-ci illərdə F.Əfəndiyev adına 2 nömrəli Klinik xəstəxananın bazasındakı endokrinologiya şöbəsində internarura keçib.
2005-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasında kliniki ordinatura keçib, mama-ginekoloq ixtisası alıb.
2008-ci ildə ETMGİ-nun Mamalıq elm bölməsində elmi işçi vəzifəsinə qəbul oliunub.
2008-ci ildə “İnfeksion mənşəli erkən vərdişi düşüklərdə lokal immun göstəricilərin diaqnostik əhəmiyyəti” adlı dissertasiya mövzusu təsdiq edilib, 2013-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2017-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin elmlər doktoru proqramı üzrə dissertanturasına qəbul olunub və həmin ildə ETMGİ-nun Mamalıq elm bölməsinin böyük elmi işçisi seçilib.
2019-cu ildə Azərbaycan Respublikası AAK tərəfindən dosent elmi adını alıb və həmin ildə çalışdığı institutun ginekologiya şöbəsinin müdiri təyin olunub.
Bu gün də həmin şöbədə çalışır.
2 dərs vəsaitinin, 70-ə yaxın elmi məqalənin müəllifidir.
İndiyədək İngiltərə, Danimarka, İsveç, Macaristan, Hindistan və Türkiyənin nüfuzlu elmi jurnallarında məqalələri çap olunub. 2011-ci ildə İngiltərənin London şəhərində Dünya səviyyəsində Mama-Ginekologiya üzrə keçirilən konqresdə elmi işinin poster prenzentasiyası qızıl medala layiq görülüb.

Onu da qeyd edək ki, Fatimə Hacıyevanın 2021-ci ilin iyun ayında Gürcüstanda “Diaqnostiçeskaya znaçimost infeksionnıx markerov nevınaşivaniya beremennosti” adlı monoqrafiyası işıq üzü görüb. Üz qabığında qələbə müjdəmizin simvolu olan “Xarıbülbül” təsvir olunan, gürcü və rus dillərində çapdan çıxan bu kitab 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin, hərbiçilərimizin, igidlərimizin müqəddəs ruhlarına ithaf olunubdur.
Bu sətirlər ailələrin, anaların yaxşı tanıdığı, öz əlinin şəfqəti ilə neçə-neçə həyatı ölümün pəncəsindən qurtarmış, öz soyuq həkim bıçağı ilə neçəsinin ömrünü uzatmış, eləcə də, övlad sevinci yaşatmış bacarıqlı cərrah, mama ginekoloq Fatimə Hacıyevanın ömür yoludur. Bu işıqlı ömür yolu ailələrin ömründən keçir, yenicə dünyaya gələn körpələrin, fidanların ömüt yolunda yaşayır.

Haqqında yaxşı sözlər eşitmişdim həkimin. Söhbətimiz boyu beynimdə çox suallar dolaşdı. Ehtiyac olmadığı üçün bəzisini soruşmadım. Fatimə xanım birinci dəfə görməsinə baxmayaraq özünü elə aparırdı ki, sanki neçə illər idi tanıyırdı məni.
İri, qara gözləri məhəbbətlə doluydu. Üzündə xoş, işıqlı bir təbəssüm dolaşırdı. Baxışı, sözü-söhbəti, hər hərəkəti, davranışı onu öz peşəsini hədsiz sevdiyini, bütün ağırlığı, bütün çətinlikləri ilə birgə ondan həqiqi zövq aldığını söyləyirdi. Onun yorğunluğu yalnız kiməsə öz kömək əlini çatdırmağa vaxt tapa bilməyəndə hiss olunur. Hər bir ana, hər bir xəstəsi sağalıb ayağa durmayınca rahatlıq tapmayır.
Nə az, nə çox... Düz 20 ildir ki, oxuyur, öyrənir. Elmi yaradıcılıqla məşğul olur.
Yeri gəlmişkən:

Neçə ömrə dayaqdır,
Arzuları çıraqdır.
Qəlbə ümid daşıyır,
Əməlləri yaşayır.


Sanki... Bu sətirlər insanların ümid işığı, şəfalı, şəfqətli, nurlu peşə sahibləri - həkimlər haqqında yazılıbdır.

Bəzi məqamlar:

- Fatimə xanım, böyüdüyünüz, tərbiyə aldığınız ailəniz, valideynləriniz haqqında qısaca da olsa məlumat verməyinizi istərdik...
- Mən qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Marneuli şəhərində zümrüd meşələrin baş-başa verdiyi bir bölgədə, sayılıb-seçilən kişinin – Rasim Məmmədovun halal ocağında dünyaya göz açmışam.
Atam ixtisasca inşaatçıdır. 16 yaşından başlayaraq Bakı şəhərində işləyib və ali təhsil alıb. Uzun illər sevib-seçdiyi sahədə dövlət qulluğunda çalışıb. Bakı şəhərindəki bir çox möhtəşəm binaların, sarayların inşasında onun da əməyi az olmayıb. Anamız Nərmin xanım isə ixtisasca rus dili müəllimidir.
İşləməyib, evdar xanım olaraq övladlarının təlim-tərbiyəsi, təhsili ilə məşğul olub.
Atam olduqca qanunpərəst, prinsipial, ciddi, işinə can yandıran bir insan olub. Səxavətini, xeyirxahlığını heç kimdən əsirgəməyib. Qapısını döyəni naümid qoymayıb, kimsəni əli boş qaytarmayıb. İşdən evə qayıdanda bizə diqqət ayırmağı da unutmazdı. Dərslərimizi yaxşı oxumağı tövsiyyə edərdi. Onun bir nəsihəti elə indi də qulaqlarımdadı: “Biliksiz insan okeanda azan yelkənsiz gəmiyə bənzər, ya sahilə çırpılıb parçalanar, ya da burulğana düşüb batar”...
Mən Bakı şəhərinin Səbael rayonundakı 7 nömrəli orta məktəbə sınaqdan keçməklə 5 yaş yarımda qəbul olunmuşam. O zaman həmin məktəbdə elit təbəqədən olan ailələrin övladları təhsil alırdılar. Məktəbi əla qiymətlərlə bitirib 15 yaşımda Azərbaycan Dövlət Tibb Universitetinə yüksək balla qəbul olunmuşam.
Atamla birgə anamın da nəcib keyfiyyətlərindən danışmaya bilmərəm. Deyərdim ki, anamızın simasındakı nurdan hamımıza pay düşübdür.
Deyirlər ki, valideynin övladlarına borcu pul-mal-dövlət deyil, elm və əxlaqdır. Ailəmizdə 3 uşaq olmuşuq. Hamımız nümunəvi tərbiyə və ali təhsil almışıq. Qardaşım Sabit Məmmədov hazırda elmi sahədə çalışır. Siyasi elmlər namizədidir.
Bacım Səbinə xanım İsgəndərova ixtisasca iqtisadcı, mən isə həkiməm.
Bizim həyatda və təhsildə qazandıqlarımızın hamısı ata-anamızın bizə verdikləri nümunəvi tərbiyənin, aşıladıqları dürüstlüyün, zəhmətsevərliyin, insansevərliyin müsbət nəticəsidir.İndi onlar ömür paylarının kamillik, müdriklik çağlarını yaşayırlar.

Ümid  işığı  - Dr. Fatimə Hacıyeva - Deyildiyi kimi: Hər kəsin doğulduğu torpağa, elinə-obasına bir oxşarlığı var. Sizdə necə boya-başa çatdığınız o yerlərlə aranızda bir bənzərlik, eləcə də yurda-yuvaya, ocağa bir bağlılıq varmı?
- Əlbəttə. Insanın boy atdığı, təhsil aldığı, uşaqlıq çağlarının əziz xatirəsini yaşatdığı sevimli, müqəddəs bir ocaq var ki, o yurd, o yuva sənə daim doğmadır, əzizdir, həsrətlidir.
Mən Gürcüstanda, dağlar qoynunda doğulmuşam. Ora mənim üçün sevimlidir, ulularımın uyuduğu, qohum-əqrəbamın yaşadığı bir məkandır. Son illərdə o cənnətməkan yerlərə gedə bilmirəm. Dünyanın bütün ölkələrində bircə həftədən sonra Vətənimi arzulayıram. Bakı mənim ən çox sevdiyim şəhərdir.

- İnsan taleyi və peşə taleyi... Hansı daha çox gülüb üzünüzə?
- Şükür edirəm Tanrıma. Mən müqəddəs peşəmi hələ 6 yaşımda sevib-seçmişəm. Valideynlərimdən daim dəstək görmüşəm.

- Ötən illər ərzində bəzən həkim andı ilə bəzən də ürək, vicdan savaşı ilə baş-başa qaldığınız anlarınız olubmu?
- Əlbəttə də ki, olubdur.
Bəzən düşünürsən ki, mən bu anda, və yaxud da hər hansı bir işin həllində daha səbrli, dözümlü, riskli, daha məsuliyyətli ola bilərdim. Ötən müddət ərzində Vətən müharibəsində şəhid olan əsgərlərimizin, qazilərimizin ailələrinin və dünyaya gələn körpələrinin sağlamlığına bir həkim kimi könül xoşluğu ilə xidmət göstərmişəm. Bu günlərdə onlardan biri sosial şəbəkədə “Həkim, mənim dünyaya gələn övladıma ilk dəfə Sizin əlləriniz toxunubdur” - sözlərini səs göndərməklə bildirmişdir.

- Ömür payınızda yiyələndiyiniz bu peşə, tutduğunuz bu yer Sizi qane edirmi?
- Bəli. Tanrımdan razıyam. Şanslı insanam. Mənə bir ömür boyu doğru yol göstərən valideynlərimə, sayələrində elmin sirlərini, tibbin dərinliklərini öyrəndiyim sevimli müəllimlərimə, eləcə də mənə elm yolunda böyük dəstək olan elmi rəhbərimə - ETMGİ-nin direktoru, tibb elmləri doktoru, professor Cəmilə xanım Qurbanovaya ömrüm boyu borcluyam.

- Həkim-cərrah kimi özünüzə necə dəyər verirsiniz?
- Zənnimcə, mənə ən düzgün dəyəri tanıyanlar, şəfa bəxş etdiklərim, övlad sevinci yaşayanlar verə bilərlər. Şəfanı verən Rəbbimizdir. Təki Tanrı bəndələrindən köməyini, şəfasını əsirgəməsin. Allahın yardımı olmasa biz əlimizdə cərrah bıçağını tuta bilmərik. Həyatda ən əsas şərt İnsan olmaqdır.

- Ömrünüzün bu pilləsindən ötənlərə boylananda nələri yada salırsınız, kövrək hisslərlə xatırlayırsınız?
- Bu pilləyə əzab-əziyyətlə, ağrı-acılar yaşamaqla, çətinliklə, böyük məsuliyyətlə, zərrə-zərrə gəlib çatmışam. Mənim missiyam həkimlik, tədailik, ailələrə sevinc hissi bəxş etməkdir. Xeyirxahlıq və humanistlikdir. Yeri gəlmişkən qeyd edim ki, 2011-ci ildə İngiltərənin London şəhərindəki Yelizovet Kvuin Sarayında keçirilən Dünya Mama-Ginekologiya konqresinə bütün dünya alimləri qatılmışdı.
O zaman konqresə dissertasiya işimin nəticələrinin poster prenzentasiyası ilə əlaqədar Azərbaycandan yeganə gənc alim kimi mən də qatılmışdım. Elmi işim xarici ölkədə böyük maraq doğurduğu üçün medala layiq görüldüm. Həmin medalı mənə o vaxtkı Dünya Mama-Ginekoloqları Asosiasiyasının prezidenti Miralal xanım təqdim etdi. Medalı Azərbaycana gətirdikdən sonra məni çalışdığım İnstitutda cərrahiyyə üçün hazırladılar. Şübhəsiz ki, mənim həkim-cərrah kimi yetişməyimdə bu cür konqreslərin rolu böyük olmuşdur.

-Peşəmizin bəyənmədiyiniz tərəfləri nələrdir?
- Qətiyyən. Müqəddəs işimin bəyənmədiyim tərəfləri yoxdur. Yenidən həyata gəlsəydim, bir daha 6 yaşımda həkimliyi seçərdim.

- Bu gün Sizi yaşadan nələrdir?
- Məni bu gün yaşadan gözəllikdir, sevgidir, hörmət və ehtiramdır, insanlardan aldığım müsbət enerjidir. Çiçək ətirli, süd qoxulu, qönçə kimi balaların dünyaya sağlam gəlişidir. Sevdiyim, vurğunu olduğum məmləkətimizin azadlığı, xalqımızın firavanlığıdır.

- Həkim ömrünün təkcə bir ilini qələmə almaq istəsəniz, hansı xoşbəxt anları, hansı ağrılı-acılı səhifələrinizi yazardınız?
- Həkim ağrını-acını, psixoloji gərginliyi dəqiqələrin, anların içərisində yaşayır. Eləcə də xoşbəxtliyi. Bu peşə sahibləri öz ömürlərini yaşamırlar. Sağlamlıqlarını vaxtından əvvəl itirirlər.Əgər bizim sevincimiz-kədərimiz dəqiqələrin, anların içərisinə sığışmırsa, o zaman aylardan, illərdən söz açmağa dəyərmi? Bir daha deyirəm: Xoşbəxtəm ki, həkiməm, insanlara gərəyəm.

- Qarşıdakı illərinizdən hansı xoş müjdələri gözləyirsiniz?
- Tanrıdan Vətənimizə aydın səma, millətimizə xoşbəxtlik, torpağımıza bol-bol ruzi-bərəkət, ailələrə sevinc hissi və sakit həyat arzulayıram. Şübhəsiz ki, bütün bu arzulardan bizə və övladlarımıza da pay düşəcəkdir.

- “Xoşbəxtlik zəhmətsevər insanlara qismət olur” - deyirlər...
Bu baxımdan Siz insanlara sevginiz, həyatsevərliyiniz, eləcə də çəkdiyiniz zəhmətinizlə xoşbəxtsiniz. Bəs, bir qadın, ana, ömür-gün yoldaşı kimi necə özünüzü xoşbəxt sayırsınızmı?

- Tanrıma şükranlıyam. Qadın ailə ocağının möhkəmliyi, xoşbəxtliyidir. Mən də bu günədək işdəki və ailədəki tarazlığı pozmamaq şərti ilə qadınlıq və analıq missiyamı sevə-sevə yerinə yetirməyə çalışmışam. Ömür-gün yoldaşım ixtisasca həkimdir. 2 gözəl övladımız var. Oğlum Cavid Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olundu. Qızım Dilbər isə hələ orta məktəbdə təhsil alır. Neçə ildir ki, rəssamlığın strinq, art, oriqani, vitraj və digər incə sahələri ilə məşğuldur. Təhsil aldığı məktəbdə dəfələrlə məktəb tərəfindən rəsm sərgiləri keçirilibdir. Şübhəsiz ki, bunlar məni bir ana kimi sevindirir.

- Son olaraq:
- Hər bir insanda peşəsinə, özünə, əhatəsinə inam, sevgi, etibar müsbət dəyərdir. Kimin ürəyində bunlar yoxdursa bədbin olur, ruhdan düşür. Bu baxımdan sevgisi, inamı, etibarı ilə ürəklərə yol tapan, tanıyanların qəlbində ayrıca yeri, hörməti olan həkimlərdən biri də Fatimə xanım Hacıyevadır. Ulu Tanrı onu qorusun. Qorusun ki, ümid işığı kimi insanlara gərəkli olsun.
Ömürdən nə qalır bu dünyada? Sahibinin amalı və əqidəsi olmasa heç nə...

Fatimə həkimin varlığında insanlığa xas olan bütün müsbət xüsusiyyətlər cəmləşibdir. İllər keçəcək... Onun da çox izi, çox işi, çox sözü qalacaq bu dünyada. Çünki, dünyanı da sevir, işini də, insanları da...

Müşfiq BORÇALI,
Xanım BİLALQIZI

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
Ömür insanın sənət əsəridir

Ömür insanın sənət əsəridir

Məktəblər, "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Ömrünün ən yüksək qayəsi şəfadır, şəfqətdir, işıqdır... (Mahirə Əmir qızı N ...

Ömrünün ən yüksək qayəsi şəfadır, şəfqətdir, işıqdır... (Mahirə Əmir qızı N ...

Səhiyyə, "Elm və Təhsil"
“Həyatımı körpələrin sağlamlığına  həsr etmək, ən böyük arzum idi...”

“Həyatımı körpələrin sağlamlığına həsr etmək, ən böyük arzum idi...”

Səhiyyə, "Elm və Təhsil"

"Ot kökü üstə bitər" - hüquq müdafiəçisi Samirə Məmmədzadə

"Şərqin səsi", Müsabiqə, Hüquq
Rauf Nəbizadə

Rauf Nəbizadə

Səhiyyə, Darvaz
Həkim TAHİRƏ TEYMUR qızı HÜSEYNOVA (1980)

Həkim TAHİRƏ TEYMUR qızı HÜSEYNOVA (1980)

Sağlamlıq, Başkeçid
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
ELDƏNİZ YUSUBOV (1991)

ELDƏNİZ YUSUBOV (1991)

Səhiyyə, Sağlamlıq, Rusiya, Başkeçid
GÖZLƏRƏ NUR VERƏN HƏKİM

GÖZLƏRƏ NUR VERƏN HƏKİM

Regionlar, Səhiyyə
Culuxlunun ilk ali təhsilli həkimi - Zahid Məmmədov

Culuxlunun ilk ali təhsilli həkimi - Zahid Məmmədov

Səhiyyə, Zalqa, UNUTSAQ, UNUDULARIQ!....
ELNUR MƏMMƏDOV  (1986)

ELNUR MƏMMƏDOV (1986)

Səhiyyə, Sağlamlıq, Rusiya, Başkeçid
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
=  = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın  baş həkimi İsa İslam oğlu Məm ...

= = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın baş həkimi İsa İslam oğlu Məm ...

Səhiyyə
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
Tibb elmləri namizədi NAMAZ MUSAYEV  (1958-2017)

Tibb elmləri namizədi NAMAZ MUSAYEV (1958-2017)

Səhiyyə, Sağlamlıq, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Həkim ALMAZ MUSAYEV (1955-2022)

Həkim ALMAZ MUSAYEV (1955-2022)

Sağlamlıq, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: