VƏTƏN HARAYINA CAN VERƏN QƏHRƏMAN - polkovnik-leyntenant Xeyrulla Mais oğlu İbrahimov ŞƏHİDLƏRİMİZ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!.... 1 февраля 2022 118 Deyirlər Vətən o vaxt Vətən olur ki, onun uğrunda oğullar torpağa qanlarını tökürlər. Məğlubiyyətin oyatmadığı insan isə heç vaxt qalib gələ bilməz”. Bu sözlərdə bir həqiqət vardır.Otuz il düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi bizə inanılmaz bir sevinci yaşatsa da, qəlbimizdə elə yaralar açdı kı, illər keçsə belə o yaralar tarixə dönərək dastanlarda söyləniləcəkdir. Bu yara bizim otuz il ərzində torpaq uğrunda can verən şəhid balalarımızın yarasıdır. Doğrudur, müharibə şəhidsiz olmur, lakin nankor düşmənlərin törətdiyi lazımsız təxribatlar, gəmidə oturub gəmiçi ilə dalaşmaları olmasaydı şəhidlərimiz də olmazdı. Analar oğulsuz, övladlar atasız, sevgilər nakam qalmazdı. Azərbaycanın savaşı haqq savaşı idi. Dünyada gedən siyasi prosseslər bir daha sübut etdi ki, Azərbaycan dünya üçün olduqca maraqlı, zəngin ölkədir. Bu kimi səbəblərdən kənardan müdaxilələrin edilməsi, hər tərəfdən siyasi arenada sıxışdırılmağımız, bizə olan gizlin və aşkar hücumlar, düşmənə havadarlıq edilərək məsələnin dinc yolla həllinə maneələr törədilməsi üzündən vəziyyətin müharibə həddinə çatdırılması baş verdi. Hər gün düşmən tərəfdən törədilən terror aktları vəziyyəti olduqca gərginləşdirmişdi. Düşmənin cavabını verməyin vaxtı idi, bəlkə gecikmişdik bu cavab üçün. Nəhayət ki, illərdən bəri gözlədiyimiz gün yetişdi. Düşmənin layiqli cavabını alması isə çox uzun çəkmədi. Cəmisi 44 gün. Ordumuz yüzlərlə şəhid versə də nəhayət ki, otuz il işğalda olan torpaqlarımızı azad etdilər. Əgər Ali Baş Komandan müharibəni dayanmasaydı, ordumuzun döyüşçüləri bəlkə də çox irəli gedərdilər.Ali Baş Komandan cənab İlham Əliyevin öz xalqı ilə birlikdə olması, xalqın da məhz Prezidentinə günənərək onun arxasınca getməsi başımızı təkcə Azərbaycanda deyil, bütün dünyada uca etdi. Biz artıq zəfər çalmış ölkənin vətəndaşı olaraq fəxr edə bilirik. Belə deyirlər ki, müharibəni yaşlı nəsil başlayır, gənc nəsil davam etdirir və bitirir. Bu gün haqqında fəxrlə danışacağımız qəhrəmanımız Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının zabiti, həm I Qarabağ müharibəsinin qazisi, həm də II Vətən müharibəsinin iştirakçısı, 4-cü Ordu Korpusunun Artilleriya komandiri, şəhid polkovnik-leyntenant İbrahimov Xeyrulla Mais oğludur.Döyüşlərdə “KOBRA” ləqəbi ilə tanınan şəhid İbrahimov Xeyrullanın keçdiyi şərəfli həyat yoluna nəzər salaq. I Qarabağ döyüşlərində Laçın, Zəngilan, Tərtər, Füzuli və Qubadlının müdafiəsi uğrunda döyüş yolu keçmiş polkovnik-leytenant İbrahimov Xeyrulla, II Vətən müharibəsi başlayanda yenə kənarda qala bilmədi, bu dəfə də könüllü olaraq cəbhəyə yollandı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəman kimi iştirak etdi, qəhrəman kimi də şəhid oldu. Polkovnik-leyntenantın valideynləri ilə tanışlığımız, hətta uzaq qohumluq əlaqələrimiz olsa da, uzun illərdən bəri görüşmədiyimiz üçün ailələrimiz haqqında məlumatsız idik. Mən şəhid İbrahimov Xeyrullanın bu ailənin övladı olduğunu öyrəndikdə, həqiqətən heyrətləndim və şəhidlər haqqında yazdığım silsilə məqalələrin sırasında bu qəhrəmanımızın da həyat yolunu işıqlandırmağı qərara aldım. Mən igidimizin haqqında qısaca məlumatdan sonra, şəhidimizin anasının dilindən eşitdiklərimi qələmə almağı daha məqsədəuyğun hesab etdim.İbrahimov Xeyrulla Mais oğlu 19 aprel 1971-ci ildə Bakıda anadan olub. Suraxanı rayonundakı 116 saylı tam orta məktəbdə təhsil alıb və 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. Xeyrulla İbrahimov kiçik yaşlarından hərbiyə marağı olduğundan, peşəkar hərbçi olmağı, Vətənə layiqincə xidmət göstərməyi arzu edirdi və bu yolda da təhsilini davam etdirməyi qarşısına məqsəd qoyur. Valideynləri ürək yanğısı ilə şəhidimiz haqqında danışdıqca, onları dinləyən hər kəs kövrəlməyə bilməzdi. Xalidə ana oğlu haqqında fəxrlə danışsa da gözlərindəki qəmi gizlədə bilmirdi. Xalidə xanımı dinlədikcə bir şeirim yadıma düşdü. Sankı bu şeirdə ananın ürəyindən keçənlər qələmə alınmışdı. Şeir şəhidlər üçün deyilmiş bir ağıya, bir laylaya bənzəyirdi:Kim belə dağ çəkdi sənin qəlbinə,Kim incidib dəydi sənin xətrinə,De yazım şeirimin bənd-bənd sətrinə,Baxma yollarına gələn deyil o.Görürəm gözlərin yaman dolubdur,Çiçəyin saralıb, gülün solubdur,Oğlun gedən yolda kol quruyubdur,Çıxma yollarına gələn deyil o.Dayanma ay ana belə pərişan,Yandırıb eyləmə qəlbini şan-şan,Qəhrəman oğlundan çox vardır nişan, Baxma yollarına gələn deyil o.Bəli, gedənlərimiz geriyə dönmədiyi kimi bu şəhidimiz də dönməyəcəkdi. Ananı dinlədikcə gözlərim önündə qəhrəmanımızın döyüş yolu canlanırdı. Mən burada qeyd etdiyim məlumatları məhz Xalidə ananın dilindən eşitdiklərimə əsaslanaraq yazdım. Heç bir sual vermədən yalnız dedim ki, Xalidə xanım, bir az oğlunuz haqqında danışın.Ananın ürəyi dolu idi. Söhbətə başlayarkən ilk söylədiyi söz bu oldu: Xeyrullanı hər kəs “KOBRA” kimi tanıyırdı. Bu mənim oğluma müharibədə döyüşçü dostları tərəfindən verilən ad idi. “KOBRA” deyildikdə söhbətin kimdən getdiyini hamı bilirdi. Dostları onun cəsarətindən, şücaətindən, işinin peşəkarlığından o qədər ürəkdolusu ilə danışırdılar ki, sanki mən oğlumu yenidən kəşf edirdim. Xalidə ana söhbətinə davam edir: Xeyrulla İbrahimov 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil aldıqdan sonra 1988-1992-ci illərdə isə Ukraynanın Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində “Artilleriya” ixtisası üzrə Ali Hərbi Təhsilini davam etdirib.1992-1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda “N” saylı hərbi-hissədə Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi-Divizion komandirinin müavini vəzifəsində çalışıb. Daha sonra, 1993-cü il 5 iyundan 1993-cü il 1 noyabra qədər H.Zeynalabdin Tağıyev qəsəbəsindəki “N” saylı hərbi hissənin Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsinə təyinat alıb.1994-1997-ci illərdə Gəncədəki “N” saylı hərbi hissənin Artileriya Divizionunun komandiri, sonra isə (1998-ci il) həmin hərbi hissədə Haubitsalı Artileriya Divizionunun Komandiri vəzivəsində olub. O vaxt onun 23 yaşı var idi.Xeyrulla İbrahimova 1994-cü ildə “Baş leyntenant”, 1997-ci ildə “Kapitan”, 2000-ci ildə “Mayor”, 2004-cü ildə isə “Polkovnik-leyntenant” hərbi rütbələrini verilibdir. Çalışdığı müddətdə hərbidə göstərdiyi qüsursuz xidmətlərinə görə bir çox mükafatları olub.1991-2001-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi”, 2003-cü ildə “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medalı ilə, 2005-ci ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalları ilə təltif olunub. Üç il ardıcıl olaraq “Azərbaycanın ən yaxşı zabiti” mükafatını alıb.Xeyrulla İbrahimov 1999-2000-ci illərdə Ali Hərbi Akademiyanın dinləyicisi olub. Şəhidimizin anası onu da qeyd etdi ki, hələ Ali Hərbi Akademiyanı bitirməmişdən bir neçə il əvvəl Azərbaycanın Müdafiə Nazirliyinə Xmelnitskidən gələn yaxşı məlumatlara görə 1992-ci ildə onu Ağcabədi də “N” saylı hərbi-hissədə zenit Artilleriya Dvizyonunun Komandiri vəzifəsinə təyin edirlər. Onda Xeyrullanın cəmi 21 yaşı var idi. 21 yaşında bir gəncin komandir təyin edilməsi fəxr ediləcək idi. Elə o vaxtdan da vəzifədə ola-ola Qarabağda gedən bütün döyüşlərdə iştirak edirdi.I Qarabağ müharibəsi başlayanda ilk olaraq Laçın, Tərtər, Cəbrayıl, Qubadlı və Zəngilanın müdafiə olunması uğrunda gedən döyüşlərdə iştirak edir. 1994-cü il martın 22-də Füzulinin Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən ağır döyüşlərdə igidlik göstərir və yaralanır. Arxaya köçürülməsini istəmədiyi üçün yaralandığını gizlədir. Əsgərlərdən birinə iynə verərək onu odda qızdırmağı tapşırır və dişləri arasında taxta parçası sıxaraq yarasını özü tikir və təkrar döyüşə qayıdır. Xalidə ana bunu çox sonralar öyrəndiyini deyir. O əslində oğlunun hərbidə olmağını heç vaxt istəmədiyini söyləyərək “mən nə vaxtsa bu günün baş verəcəyini görürdüm, hiss edirdim, amma dilimə gətirməyə qorxurdum” deyir. II Vətən müharibəsi başlayanda Xeyrullaya dedim ki, “Oğlum bəlkə sən getməyəsən döyüşə, çünki, Xeyrulla həm ehtiyatda olan zabit idi, həm də beş ay idi ki, həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Yəni getməmək üçün şansı var idi. Dedim, axı uşaqlarının sənə ehtiyacı var. O isə cavabında “Ana, Vətənin də mənə ehtiyacı var. Getməsəm bu Vətənə xəyanət olar” dedi. O bu sözləri oğluna da eyniylə belə söyləmişdi. Xalidə ana kövrək səslə “Xeyrulla mənə çox bağlı idi. Bəlkə də anasını çox sevdiyindən Ana Vətənə də çox bağlı olub” dedi. Xalidə ana danışdıqca böyük filosof, şair Sədi Şirazinin “Amal uğrunda ölmək, əbədi yaşamaqdır” sözünü xatırladım. Xeyrulla II Vətən müharibəsinə könüllü getdi. Vətənə növbəti borcunu ödəmək üçün getdi. Gəlinimin vəfatından cəmisi beş ay ötmüşdü, oğlum da şəhid oldu” sözünü elə için-için göynəyərək söylədi ki, Xalidə ana. O, oğlunun necə ailəcanlı, həddindən çox qayğıkeş olduğunu, istər valideynlərinə, istər bacı-qardaşına, balalarına, qohum-əqrəbaya, hər kəsə can yandırdığını, bacardığı köməkliyi göstərdiyini dedi. Xeyrulla təkcə yaxşı övlad deyildi, o həm də gözəl ailə başçısı, ləyaqətli həyat yoldaşı, qayğıkeş ata və gözəl insan idi. Xeyrulla ömür-gün yoldaşının vəfatından çox sarsılmışdı. Ana deyir ki, 27 sentyabr 2020-ci ildə müharibə başladı, 28-də o müharibəyə yollandı. Əvvəl müharibəyə getməyini bizdən gizlətmək istədi. Amma, biz artıq hər şeyi başa düşmüşdük. Onu heç cür fikrindən döndərə bilmədik. Döyüşlərdə imkan tapan kimi zəng edirdi. Məni arxayın salmaq üçün “Ana, siz məndən narahat olmayın, mən döyüşlər gedən yerdə deyiləm, düşməndən 25 km uzaqdayam” deyirdi. Müraciət edəndən bir həftə içərisində onu Müdafiə Nazirliyi tərəfindən 4-cü Ordu Korpusu üzrə Artilleriya rəisi təyin edirlər və öz xahişi ilə müharibəyə göndərirlər, çünki fikrində qətiyyətli idi. Dediyindən dönmürdü. Tabeliyində yüzlərlə əsgər və zabit var idi. Əvvəlcə Tərtərə göndərilir, orada generallarla görüşür, yaxşı qarşılanır, sonra Füzuliyə göndərilir. Artilleriyanın sirlərini dəqiqliklə bilirdi. Peşəsinin vurğunu və dəqiq bilicisi idi. Yüksəkliklərin alınmasında xüsusi qəhrəmanlıqları olmuşdur. Döyüş bölgəsində artilleriyanın kordinatlarını yoxlayarkən yanlışlıqların olduğunu görür. Bu barədə generallara məlumat verir və onların icazəsi ilə kordinatları dəyişdirir. Bir həmlə ilə düşmənin iki dayaq nöqtəsini məhv edir. Onun bu şücaəti dillərdə dastana dönür. Müdafiə naziri Zakir Həsənov deyibmiş ki, “ bir atışla iki obyektin vurulması hərb tarixində olmayıb. Bunu Xeyrulla İbrahimov edə bilib”. Təəssüflər olsun ki, oğlum “Xocavəndin düşməndən azad olunması uğrunda” gedən döyüşlərdə, oktyabrın 27-də hansı ki, Şuşaya 6 km qalmış, düşmənin atdığı qrand mərmisindən şəhid oldu. Oğlunun ad günündə bizi belə məyus etdi. Qəhər onu boğdu, danışa bilmədi, araya dərin bir sükut çökdü. Danışmırdıq, Xalidə xanımın özünün söhbəti davam etdirməsini gözləyirdik. Bu arada atası sükutu pozur. “Xeyrulla Allaha bağlı, inanclı insan idi. Quranı əzbər bilrdi. Haradan sual etsəydin oradan da cavab verərdi” bu sözləri şəhidimizin atası Mais müəllim söylədi və oğluna mərhum atasının adını verdiyini də dedi. İnsan adının üstündə formalaşır sözünün doğru olduğunu düşünsək, Xeyrullanın adı onun xeyirxah olduğundan xəbər verirdi. Xalidə ana o qədər təmkinli, nizam-intizamla, ardıcıllıqla bizə oğlu haqqında danışırdı ki, sanki oğlunun hərbi qayda-qanunları evdə də öz qüvvəsində idi. Söhbətə davam edərək dedi: Oğlum polkovnik-leyntenant Xeyrulla İbrahimovun hərbi sahədə çalışdığı ilk illərdən çoxlu sayda fəxri fərmanları, diplomları və digər mükafatları olub. Bir məqamı da nəzərinizə çatdırım ki, Xeyrulla İbrahimov 2001-ci ildə Artilleriya Qoşunları üçün taktiki hazırlıqdan bütün fənlər və ixtisaslar üçün tədris bazası yaratmışdı. Bu gün də onun yaratdığı bu tədris bazasında onun dərsləri keçirilir. Təsadüfi deyildir ki, II Vətən müharibəsində bunu nəzərə alaraq onu Bakı üzrə Artilleriya rəisi təyin edirlər.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar əsasında İbrahimov Xeyrulla Mais oğlu ölümündən sonra aşağıda qeyd olunmuş mükafatlara layiq görülmüşdür:15.12.2020-ci il tarixli sərəncama əsasən “Vətən uğrunda” medalı ilə, 15.12. 2020-ci il tarixli sərəncama əsasən “Azərbaycan Bayrağı” ordeni ilə, 25.12.2020-ci il tarixli sərəncama əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə, 24.06. 2021-ci il tarixli sərəncama əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə, 24.06.2021-ci il tarixli sərəncama əsasən isə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Xeyrulla hərbi də olduqca məsuliyyətli, tələbkar və peşəkar mütəxəssis idi. Lakin, nə qədər tələbkar olsa da olduqca səmimi və mehriban idi. Əsgərləri ilə öz övladı kimi rəftar edər, bütün problemləri ilə maraqlanar və həll etməyə çalışardı. Qəhrəmanımızın bu kimi igidlikləri haqqında çox danışmaq olar. Anası Xalidə xanım danışdıqca ürəyi ağlasa da gözlərindəki qəribə bir parıltı ilə oğlunun igidlikləri sadalayırdı. O yenə də Xeyrullanın 21 yaşı olanda Ağcabədi də “N” saylı hərbi-hissədə Haubitsalı Artilleriya Divizyonunun qərargah rəisi olduğunu, 23 yaşında Gəncədə Artilleriya Dvizionunun Komandiri təyin olunduğunu, 1998-1999-cu illərdə Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Artilleriya rəisi olduğunu və mayor hərbi rütbəsi aldığını fəxrlə qeyd etdi. 2004-cü ildə isə polkovnik-leyntenant hərbi rütbəsi aldığını bir neçə dəfə təkrar etdi . Oğlumun aldığı mükafatlar onun 1991-ci ildən 2011/2020-ci ilə kimi hərbidə göstərdiyi qüsursuz xidmətlərinə görə olub. Xalidə xanım bunları söylədikcə sanki oğlunun keçdiyi ömür yolunu gözləri qarşısında canlandırırdı. Bir hadisəni də maraqla danışmağa başladı. 2001-ci ildən Xeyrulla Gəncədə Artilleriya diviziyasının komandiri olduğu vaxtdan gözəl xatirələrinin olduğunu söylədi. Belə ki, 2002-ci ilin 11 noyabrında ulu öndər Heydər Əliyev Xeyrullanın komandiri olduğu “N” saylı hərbi-hissəyə gəlibmiş. O vaxt sabiq müdafiə naziri Səfər Əbiyev də orada imiş. Ulu öndərin Xeyrulla ilə 11 dəqiqəlik maraqlı söhbəti olur. Heydər Əliyev Xeyrullaya “Sən haralısan?” sualını verərkən, Xeyrulla “Mən azərbaycanlıyam və Azərbaycana xidmət edirəm” söyləmişdir. Ulu öndər razılıq edərək onu bağrına basır və “Mən səndən bu cavabı gözləyirdim” və sonra Heydər Əliyev üzünü Səfər Əbiyevə tutaraq Xeyrullanı göstərir və “Bu müasir dövrün Əliağa Şıxlinskisidir, bundan muğayat olun” deyir. Xeyrulla İbrahimov sözün həqiqi mənasınada əsl hərbçi idi.Xalidə ana oğlunun əldə etdiyi uğurlarından, Vətənə layiqincə göstərdiyi xidmətlərindən danışdıqca yorulmaq bilmirdi. Sözünün birini bitirmədən, o birini xatırlayırdı. Xeyrulla həddindən çox nizam-intizamı sevirdi. O məzuniyyətə çıxanda belə, Müdafiə Nazirliyinə müraciət edərdi ki, məzuniyyətə çıxıram, gəlin işimi yoxlayın, təhvil alın. Bir neçə il Goranboyda, sonra isə Naxçıvanda “N” saylı hərbi hissənin Artilleriya üzrə komandiri olub. Naxçıvana təyin edildikdə Naxçıvan Qarnizonunun komandiri, general-polkovnik Kərəm Mustafayevlə söhbəti zamanı Kərəm Mustafayev onun nəyə ehtiyacı olduğunu soruşanda o heç nə istəməyib. Xeyrulla vəzifəsindən istifadə etməyi sevmirdi.Göz yaşlarına hakim ola bilməyən ana kövrək, titrək səslə “mən təkcə hərbçi oğlumu deyil, layiqli, qayğıkeş, xeyirxah bir balamı şəhid vermişəm. İnanın ki, onun itkisi tək bir ailənin deyil, bir nəslin itkisi deməkdir” deyir. I Qarabağ müharibəsi ilə II Vətən müharibəsinin fərqi haqqına biz yuxarıda qeyd etmişdik. I Qarabağ döyüşlərində hərbi texnika, silah-sursat demək olar ki, yox dərəcəsində olsa da, pərakəndə döyüşlər getsə də, xaricdən və daxildən olan düşmənlər döyüşlərimizə mane olsa da igid oğullarımız canlarını qurban verərək torpaqlarımızı düşməndən qorumağa çalışırdılar. II Vətən müharibəsində isə artıq müasir hərbi texnikanın, silah-sursatın yetərincə olması, güçlü, nizami Milli Ordunun formalaşması, peşəkar hərbçi zabit və komandirlərin hazırlığı döyüşçüləri qələbəyə ruhlandırdı. Onlar da ata-babaları kimi canlarını torpağa qurban verməkdən çəkinməyərək döyüşə atıldılar, düşmənin ordusunu darmadağın etdilər. Minlərlə döyüşçü igidlərimiz fiziki sağlamlıqlarını itirsələr də, minlərlə oğullarımız şəhid olsalar da torpaqlarımızı düşmən işğalından azad edə bildilər və bütün şəhidlərimizin qanını aldılar.“KOBRA” ləqəbli polkovnik-leyntenant Xeyrulla İbrahimov I Qarabağ döyüşlərində olduğu kimi II Vətən müharibəsində də iştirak edərək, xüsusi qəhrəmanlıq göstərdi. Ermənistan Ordusunun canlı qüvvələrinin və dayaq məntəqələrinin darmadağın edilməsində xüsusilə fərqləndiyinə görə erməni saytlarında “KOBRA”nın öldürülməsi üçün pul mükafatının təyin edilməsi barədə məlumatlar yayılmışdı. Hətta, Xeyrulla İbrahimovun şəhid olduğunu, düşmən saytları “KOBRA” məhv edildi başlıqlı yazılarla vermişdilər. Döyüş dostları öz aralarında Xeyrullanı əfsanəvi hərbçi, Artilleriyanın canavarı adlandırırdılar. Bu sözləri Xalidə anaya şəhid polkovnik-leyntenant Xeyrulla İbrahimovun dəfn mərasimində iştirak edən döyüşçü dostları danışmış, ona oğlunun neçə-neçə ağır döyüşlərdən zəfərlə çıxdığını söyləmişdilər. Ürəyi yana-yana danışan ananın arada gözləri bir nöqtəyə dikilərək yol çəkirdi. Kim bilir o anda onun gözlərinin qarşısından nələr keçirdi. Bir qədər sükutdan sonra yenə də diqqətini bizə yönəldən ananın gözlərində yaş gilələnib donmuşdu. Övlad itkisi heç bir itkiylə bərabər tutulası deyil. Olduqca ağır dərddir övlad itkisi. Azərbaycan xanımının qüruruna, qeyrətinə isə qibtə etməmək mümkün deyil. Çünki, ciyəri övlad üçün alışan ana, Vətən yolunda qurban gedən oğlu üçün “Vətən sağ olsun” deyirdi. Əlbəttə ki, belə anaların övladları yalnız Xeyrulla kimi igidlər ola bilər. Xalidə xanımdan ayrılmaq istəməsəm də söhbətimizi yekunlaşdırmalı idim. Doğrudan da şəhidlik hər kəsin qismətinə yazılmır. Vətənin qəhrəman şəhid polkovnik-leyntenantı Xeyrulla İbrahimov haqqında çox danışmaq olar. Onun qohumları, dostları bir nəfər kimi belə bir qəhrəmanın itkisinə təəssüflərini gizlətmirlər. Deyirlər ki, şəhidlər ölmürlər, onlar unudulduqda ölürlər. Bizim məqsədimiz də budur ki, Vətən uğrunda şəhid olan övladlarımızı unutmamaq üçün onlar haqqında gənclərimizə məlumat verək, yazdıqlarımızı nəsildən-nəslə ötürək ki, tarixdə yaşasınlar və daim yad olunsunlar. Şəhid qəhrəmanımız polkovnik-leyntenant Xeyrulla Mais oğlu İbrahimovun məzarı II Fəxri Xiyabanda uyuyan yüzlərlə şəhidlərimizlə yanaşıdır. Allah şəhidlərimizə rəhmət eləsin. PƏRİXANIM MİKAYILQIZI“Elm və Təhsil” qəzetinin baş redaktoru, AJB-nin üzvü, F.b.Köçərlinin araşdırmaçısı, dövlət qulluğunun baş müşaviri, “Xarı Bülbül” medalı və bir çox media mükafatları laueratı ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.