Türk dilində ilk mətbuat orqanı «Təkvimi-vəkayi»- 185 MEDİA, BDU 1 ноября 2016 Həmid VƏLİYEV, Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor“Bu qəzet müqəddəs şəriətəvə dövlət quruluşumuza toxunmamaq şərti ilə mənim iqtidarıma çox yardımçı olacaqdır”Sultan II MAHMUD Türkiyə mətbuatı böyük və mürəkkəb yol keçmiş, sultan II Mahmudun dövründə mətbuatın inkişafı və jurnalistlərin fəaliyyəti üçün “yaşıl işıq”yandırılmış onun vəfatından sonra hakimiyyətə gələn Əbdülməcid “yaşıl işığı” “qırmızı işıqla” əvəz etmiş, cəmi üç ay hakimiyyətdə olan Əbdüləziz “qırmızı işığı” yığışdırmış, II Əbdülhəmid Türkiyənin jurnalistika tarixində mətbuat üzərində misli görünməmiş qadağalar qoymuş, jurnalistlərin və onların təmsil etdikləri mətbuat orqanlarının gərgin mübarizəsi nəticəsində elan olunmuş konstitusiyanı ləğv etmiş, mətbuat işçilərinin bir çoxunu ölkənin ucqar yerlərinə sürgünə göndərmiş,jurnalistlərinən fəalları isə xarici ölkələrə köç etməyə və orada jurnalistika sahəsində çalışmağa məcbur olmuşlar. “Gənc türklər” ilk vaxtlar mətbuat azadlığına lazımi şərait yaratsalar da, sonralar “peşmançılıq” çəkərək,qəzet və jurnalların fəaliyyətini məhdudlaşdırmağa başlamışlar. Kamal Atatürkün yaratdığı Türkiyə Respublikasında mətbuat azadlığı mövcud olsa da, ondan sonra hakimiyyətə gələnlər qəzet və jurnaların fəaliyyəti üzərində ciddi nəzarət qoymuş və jurnalistlərin təqib olunmasını davam etdirmişlər. Bütün əngəllərə və maneələrə baxmayaraq, Türkiyədə jurnalistika daim inkişaf etmiş, milli ənənələr çərçivəsində Avropanın və Amerikanın müsbət təcrübəsindən bəhrələnmişdir. Bu gün türk mətbuatı özünün forma və məzmununa, maddi – texniki bazasının zənginliyinə, jurnalist kadrlarının hazırlıq səviyyəsinə görə dünyanın aparıcı ölkələrinin mətbuatı ilə rəqabət aparmağa qadirdir.Bəs Türkiyədə mətbuat necə yaranmışdır? Bu gün, noyabrın 1- də İstanbulda ana dilində ilk mətbuat orqanı – “Təqvimi –vəkayi” qəzetinin nəşrə başlamasından 185 il keçir. Bu, elə bir dövr idi ki, imperiya daxilində çox böyük hadisələr baş verirdi və əhali bunlardanxəbərdar deyildi. Doğrudur,Türkiyədə ilk kitab 1729-cu ildə çap edilmişdi. XVIII əsrin axırlarında ölkədə fransız dilində qəzetlər çıxmağa başlamışdı.1827-ci ildə Misir valisi Məhəmməd Əlinin təşəbbüsü və bilavasitə iştirakı ilə ərəb və türk dillərində “Qurnal əl- Hediv” adlı qəzet işıq üzü görmüşdü. Lakin bunu türklər nadir hallarda oxuyurdular; ərəb və fransız dillərini yalnız yüksək vəzifəli məmurlar və onların ailə üzvləri bilirdilər. Böyük Fransa inqilabı zamanı təqiblərdən yaxa qurtaran Aleksandr Blak adlı fransız İzmirdə məskunlaşaraq jurnalistika ilə məşğul olmağa başladı. Onun yaratdığı və birinci sayı 1821-ci il martın 24-də çapdan çıxan “Spektator Oriyental” ( “ Şərq qəzeti”) qəzeti Osmanlı hökumətinin lehinə, ingilislərin və rusların əleyhinə yazılar verirdi. Osmanlı imperatorluğunun mənafeyini hər şeydən üstün tutan və bunu dünyaya çatdıran, ümümən siyasi məzmunlu materiallar çap edən qəzet Türkiyə mətbuatı tarixində əhəmiyyətli yer tutur. Osmanlı tarixində yeniliklər və islahatlar müəllifi kimi tanınan, mətbuatın cəmiyyətdəki rolunu dərindən dərk edən sultan II Mahmud Aleksandr Blakın jurnalistlik fəaliyyəti ilə maraqlanırdı. O, Aleksandr Blakı saraya dəvət etmiş və İstanbulda qəzet yaratmağı təklif etmişdir.Təklifdən razı qalan naşir “Montitor Ottoman” (“Osmanlı qəzeti”) qəzetini fransız dilində buraxmağa başladı.Sultan II Mahmud türk dilində qəzetin zəruriliyini gözəl dərk edirdi. Xalq kütlələrinə siyasi, sosial və iqtisadi hadisələr haqqında məlumatvermək, cəmiyyətin istək və arzularını, hökumət işlərinin gedişini əhaliyə çatdırmaq vacib hesab olunurdu və beləliklə də Almaniyada (həm də bütün dünyada) ilk çap qəzetinin nəşrə başlamasından 222 il, Fransada ilk qəzetin yaranmasından 200 il, Rusiyada «Vedomosti»nin işıq üzü görməsindən 129 il sonra türk dilində ilk qəzet yarandı.Mətbuat orqanının yaradılmasından məqsəd bütün Osmanlı vətəndaşlarının həm ölkə daxilində, həmdə dünyada baş verənləri öyrənmələrinə şərait yaratmaq, yalan xəbərlərin yayılmasının qarşısını əvvəlcədən almaqla asayişin pozulmasına mane olmaq, sənət, sənaye və ticarətə dair məlumatları xalqın malına çevirmək, dövlət qərarlarının əhali arasında təbliğini gücləndirmək idi. Bunlarla yanaşı, “Təkvimi –vəkayi” maarifçilik ideyalarını yaymaq kimi mühüm bir vəzifəni də yerinə yetirməli idi. Təhsil məsələsi ön plana çəkilirdi. Bu təhsillə bağlı 1824-cü ildə elan edilmiş fərmana tamamilə uyğun gəlirdi. Qeyd etmək lazımdır ki, həmin fərmanda uşaqların təhsilə cəlb edilməsi sahəsində mühüm tədbirlər nəzərdə tutulurdu.Qəzetin buraxılması üçün «Təqvimxaneyiamirəmətbəəsi» və «Təqvimnəzarəti» nəşriyyatı yaradıldı. Bunlara rəhbərlik bir zamanlar Məkkə qazisi olmuş Seyid Məhəmməd Əsədə tapşırılmış, buraya xeyli mütəxəssis cəlb edilimşdi. II Mahmud qəzetə mühüm əhəmiyyət vermiş və olduqca böyük bir təşkilat yaratmışdı. Əsəd əfəndidən başqa, qəzetdə çalışan və xəbər toplamaqla məşğul olan daha iki şəxs fəaliyyət göstərirdi: daxili xəbərləri Sərim əfəndi, ordu xəbərlərini isə Səid bəy hazırlayırdı.Qəzeti çox yüksək qiymətləndirən II Mahmud deyirdi: «Bu qəzet müqəddəs şəriətə və dövlət quruluşumuza toxunmamaq şərti ilə mənim iqtidarıma çox yardımçı olacaqdır». Qəzetin adının seçilməsi haqqında sultandan göstəriş alanların heç birinin təklifi bəyənilməmişdi. Sultanın özünün təklifi ilə «Təqvimi-vəkayi» adının müəyyənləşdirilməsi faktının özü də II Mahmudun mətbuat orqanına necə böyük əhəmiyyət verdiyini sübut edir.Qəzetin ilk sayı 8 səhifə mətn, ayrıca 2 səhifə də ön söz olaraq çıxmış, yazılar 6 şöbədə: «Daxili xəbərlər», «Xarici xəbərlər», «Ordu işləri», «Elmlər», «Din adamlarının təyinatları», «Ticarət və qiymətlər» şöbələrində verilmişdir.Qəzet həftəlik olsa da, müntəzəm çıxmamış, bəzi illərdə 8-12 nömrə, ən çox çıxdığı illərdə isə nömrələrin sayı 35 və ya 46 olmuşdur. Əlbəttə, belə vəziyyətdə olan qəzet yeni xəbərlər vermək imkanından məhrum idi. O zamanlar MəclisiValə başqanı olan Rüfət paşa qəzetin fasilələrlə çıxmasını tənqid etmiş, «tarixi lap yeni, məzmunu isə lap köhnə qəzet» demişdir.Bunun bir sıra səbəbləri vardı. Başlıca səbəb isə redaksiyada peşəkar jurnalist kadrlarının olmaması idi. Bu azmış kimi, burada çalışan əməkdaşların böyük əksəriyyəti əvvəlki iş yerlərində də fəaliyyət göstərirdi.«Təqvimi-vəkayi» qəzetinin birinci sayı haqqında danışarkən orada çap edilmiş materiallardan söz açmamaq olmaz. «Daxili xəbərlər» şöbəsində sultan II Mahmudun Çanaqqala gəzintisi, Tatavlada yanğın, nişan mərasimi, şahzadə Məcid əfəndinin dərsə başlaması, barıtxanaya dair bir əhvalat, Albaniyada üsyan, bir təyinat, Üsküdarda padşahın iştirakı ilə keçirilən əsgəri Mansurayi-Mühəmmədiyə təlimləri, əsgəri bir xəbər, Bağdad valisi Davud paşanın həbs edilməsi və s. «Xarici xəbərlər» şöbəsində isə maraqlı bir məlumat çap edilmişdir. Həmin məlumatda deyilir ki, Fransa öz ölkəsində istehsal olunan tüfəng kifayət etmədiyinə görə İngiltərədən tüfəng satın almışdır, əsgərlərin sayını getdikcə artırır. İndi Fransanın 500.000 nəfər əsgəri vardır. Əsgərlərin bir qismi şimal sərhədlərində yerləşdirilmişdir. Prussiya dövləti buna uyğun olaraq öz sərhədlərinə çoxlu əsgər yığmışdır. Sultan II Mahmud qəzetin fəaliyyəti ilə yaxından maraqlanır, onun dilinin sadəliyinə böyük əhəmiyyət verirdi. Bunu belə bir faktdan da görmək mümkündür ki, qəzetin rəhbəri Əsəd əfəndi sultanın gəzintisini əks etdirən yazını qəzet çapa getməzdən əvvəl padşaha vermiş və hökmdardan belə bir cavab almışdı: «Hamı üçün nəşr olunan şeylərdə yazılacaq sözlər hər kəsin anlaya biləcəyi şəkildə olmalıdar. Çətin anlaşılan sözlərin türkcə izah edilməsi zəruridir». Bu göstərir ki, o dövrdə qəzetin dili xalqın asan oxuması və anlaması üçün əlverişli deyildi. Mədrəsə məzunlarının ərəb və fars ibarələri ilə dolu yazılarını, uzun və yorucu cümlələrini oxucunun anlaması vəziyyəti mürəkkəbləşdirirdi. Bunları anlamaq üçün xüsusi təhsil almaq tələb olunurdu. Türk mətbuatının ilkini «Təqvimi-vəkayi» haqqında danışarkən onunla bağlı bəzi məsələləri qeyd etmək yerinə düşərdi. Türkiyənin bir çox mətbuat orqanları kimi, həmin qəzetin də bəxtinə vaxtaşırı bağlanmaq düşmüşdür. 1879-cu ildə bağlanmış və 12 il çıxmamış, 1891-ci ildə yenidən nəşrə başlamış, on iki aydan sonra bir daha bağlanmışdır. 1908-ci ildə yenidən nəşrə başlayan «Təqvimi-vəkayi» 1922-ci ilədək, yəni İstanbul hökuməti süquta uğrayanadək çıxmışdır. Türkiyə Böyük Millət Məclisi tərəfindən 1920-ci ildə nəşrə başlayan «Cərideyi-rəsmiyyə» bir növ həmin qəzetin davamı olmuşdur. 1922-ci ildə qəzet «Rəsmi cəridə», 1928-ci ilin yanvarında isə «Rəsmi qəzetə» adlandırılmışdır. Həmin qəzet hazırda Ankarada öz nəşrini davam etdirir.Qəzetin hər cür nöqsanlarına baxmayaraq, uzun müddə yeganə türk qəzeti kimi fəaliyyət göstərmiş, Türkiyə cəmiyyətinin həyatında müsbət rol oynamışdır. Türkiyə mətbuatı tarixinin araşdırıcılarından bəziləri «Təqvimi- vəkayi»dən danışarkən onu rəsmi qəzet olduğuna görə ilk mətbuat orqanı hesab etmək istəmir, mətbuat tarixini xeyli geri çəkməyi, ilk sayı 1860-cı ildə işıq üzü görmüş «Tərcümani-əhval» və ya 1862-ci ildə əsası qoyulmuş «Təsviri əfkar» qəzetindən başlamağı təklif edirlər. Bu fikirlərdə müəyyən həqiqət olsa da, onu qəbul etmək düzgün hesab edilməzdi. Dünya təcrübəsində yaranan ilk mətbuat orqanları da hökumətin nəzarəti altında olmuş və hökumət tərəfindən maliyyələşdirilmişdir. 1631-ci ildə nəşrə başlayan ilk fransız qəzeti -«La Qazett» də, 1702-ci ildə Rusiya imperatoru I Pyotrun yaratdığı ilk rus qəzeti «Vedomosti» də belə olmuşdur. Fikrimizcə, «Təqvimi-vəkayi» ilk türk qəzetidir və Türkiyə jurnalistikasının tarixi məhz ounun nəşrə başlaması günündən hesab edilməlidir, çünki həmin qəzetdə sultanın fərmanları, digər rəsmi materiallarla yanaşı, saysız-hesabsız qeyri-rəsmi materiallar da çap olunmuşdur. Bəlkə də bütün bunları nəzərə alan türk mətbuatı tarixinin məşhur tədqiqatçısı Sərvər İskit yazır: «Biz belə hesab edirik ki, mətbuatımızın tarixi «Təqvimi-vəkayi»nin nəşri ilə başlanmışdır. Doğrudur, bu qəzet rəsmi dövlət orqanı idi və bu, digər ölkələrdə olduğu kimi, inkişaf etməkdə olan milli ideya hərəkatının ifadəçisi və carcıçısı olmamışdır. Bununla belə, dilimizdə çıxan bir qəzet olub, qeyri-rəsmi yazılara da yer verirdi».. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.