Milli - mənəvi dəyərlər və müasirlik Köşə yazılar 31 января 2018 “Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır... ...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Heydər Əliyev Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. “Mənəvi dəyərlər” dedikdə, insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydaları nəzərdə tutulur. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Zəngin irsə malik olan xalqımızın soykökünə bağlı olan adət-ənənələri qədim dövrdən bugünümüzə gəlib çatmışdır. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri, İslam dininin təmizlik, düzlük, insanlıq, kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır. Bu gün Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir. Azərbaycan dili də bizim milli sərvətimizdir. Bu dilin qorunub inkişaf etdirilməsində dövlətlə yanaşı, Azərbaycanın hər bir vətəndaşı da yaxından iştirak etməlidir. Ana dilini xalqın tarixi milli xəzinəsi adlandıran ulu öndər Heydər Əliyev deyirdi: “ Bizim çox gözəl, zəngin və cazibədar dilimiz var. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kimsə bu barədə çatışmazlığı varsa, çalışsın bunu aradan qaldırsın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkələrin dilini öyrənərkən öz ana dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç vaxt başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şey ola bilməz”. Ulu öndərin siyasətini bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin də ana dilimizin cəmiyyətdə rolunun daha da möhkəmlənməsi, onun yad təsirlərdən qorunub saxlanılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Prezident İlham Əliyev daim ana dilimizə yad kəlmələrin müdaxilə edilməsinin qarşısının alınması və onun qorunması üçün hər cür lazımi şəraitin yaranmasının vacibliyini dönə-dönə öz çıxışlarında qeyd edir. Belə ki, Prezident 2015-ci il oktyabr ayının 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında demişdir: “Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik”. Bu gün ulu öndərin ali ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci Xanım ənənəsini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. 1999-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov YUNESKO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanmışdır. 2003-cü ilin noyabr ayının 7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunmuşdur. Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi YUNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Lakin, Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi YUNESKO-nun təhlükədə olan ümumdünya irs siyahısına daxil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir. Nəticədə 2009-cu il iyun ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər Kompleksi YUNESKO-nun Təhlükəaltında olan abidələr siyahısından çıxarılmışdır. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir. 2009-cu il 28 sentyabr-02 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən YUNESKOnun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Respublikamız milli mentalitet və dövlətçilik ənənələrinə söykənən canlı demokratik sistem qurmaq yolu seçib. İslam dini də mənəvi tərəqqinin mühüm tərkib hissəsi kimi qəbul edilib. İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın YII əsrində meydana gəlmişdir. İslam - üç dünya dinindən biridir. İslam icmaları 120-dən çox ölkədə var. 35 ölkənin əhalisinin çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər. Dünyada təqribən 1 milyard 720 milyona yaxın müsəlman yaşayır. İslam dinin müqəddəs kitabı Qurani-Kərimdir. İndi dünyada İsalmı ləkələmək üçün onun terror dini olduğunu ortalığa atırlar və İslam pərdəsi altında öz iyrənc siyasətlərini yürütməyə çalışırlar. Amma onlar bir şeyi unudurlar ki, əksinə İslam dini bütün bəşəriyyətə sülh, əmin-amanlıq, qardaşlıq, bərabərlik, qarşılıqlı hörmət, bir-birinə yardım etmək və s. kimi ümumbəşəri ideyaları tövsiyə edir. 1993-cü ildə Ümummilli liderimizin «Allahın yolunda hamımız hür olaq» adlı kitabı Azərbaycan və bir neçə xarici, o cümlədən ərəb dilində nəşr olundu. 1994-cü ilin iyul ayında müqəddəs “Məkkə və Mədinə”yə ümrə səfərinin yekunları bunu bir daha əməli surətdə təsdiq etdi. Ulu öndər həmin səfər zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə görüşlər keçirdi. Həmin görüşlərdə Ümummilli liderimizin müsəlman ölkələrinin dövlət və din adamları ilə söhbətləri bir daha sübut edir ki, o, ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hisslərindən biri olan, Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomen sayılan İslam dini və dinin əsasını təşkil edən, təkcə müsəlmanların deyil, eyni zamanda bəşər övladının müqəddəs stolüstü kitabı statusunu alan Quran barədə çox qiymətli fikirlər söyləmişdir: “Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. Biz azərbaycanlılar, bu, sonralar gələcək bütün nəsillərə də tövsiyə olunur heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”. Ulu öndərin ölməz ideyalarını və siyasətini davam etdirən Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizdən biri olan İslam dinini yüksək qiymətləndirmiş və onun bəşəri din olduğunu öz çıxışlarında bəyan etmişdir: “İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir, tolerantlıq dinidir”. Azərbaycan Prezidenti İlham Əliyevin 10 yanvar 2017-ci il tarixində verdiyi sərəncama əsasən “2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. İslam həmrəyliyi dedikdə, bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləblər nəzərə alınmalıdır. Yəni İslam həmrəyliyi təkcə İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyasını nəzərdə tutur. Respublika Prezidentinin Azərbaycanı bu il bu ideyaların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi istər ölkə daxilində, istərsə də, beynəlxalq aləmdə son dərəcə əhəmiyyətli, son dərəcə vacib siyasi, ideoloji, mənəvi addım olduğunu göstərir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi “Multikulturalizm İli”nin məntiqi davamıdır. Qeyd etnək lazımdır ki, multikultural və tolerant düşüncə tərzi hər bir xalqın inkişaf yolundan, dünyagörüşündən, habelə yerləşdiyi coğrafi məkandan asılı olaraq inkişaf edir. Son illərin ən işlək terminlərindən olan multikulturalizm mahiyyətcə qədimlərə gedib çıxır. Multikulturalizm mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. O, ölkə əhalisinin etnik, irqi və dini müxtəlifliyindən asılı olmayaraq, hamının hüquq və azadlıqlarına hörmətlə yanaşmasını təmin edir. Bu gün Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirməkdədir. Ölkəmiz bu sahədə qlobal əhəmiyyətli bir sıra mühüm mədəni tədbirlərin təşkilatçısı kimi çıxış etməyə başlayıb. Son onilliklər Azərbaycanın bütün dünyada tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə verdiyi ardıcıl töhfələrlə zəngindir. Ölkədə dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında xalqımızın və İslam dininin misilsiz rol oynadığını vurğulayan Prezident İlham Əliyev həmin fikri belə şərh etmişdir: “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır”. Azərbaycanın islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. Bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olundu və belə bir ildə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi. Bu möhtəşəm mədəniyyət tədbirinin Bakıda keçirilməsi islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımların atılmasına, mədəniyyətlərin dialoq, tolerantlıq, multikulturalizm ideyalarının aktuallaşdırılmasına əlverişli zəmin yaratdı. Akademik Səlahəddin Xəlilovun qeyd etdiyi kimi, bu gün mədəni-mənəvi köklərimizə qayıdış istiqamətində, milli mənsubiyyətimizin təkcə formal surətdə deyil, həm də məzmun baxımından təsbit olunması uğrunda aparılan mübarizə həm də elmi-nəzəri əsaslara malik olmalıdır. Xüsusən televiziyanın, mətbuatın milli mənəviyyata yad elementlərlə dolduğu bir vaxtda mənəvi mühitin qorunması problemi çox aktualdır. Burada milli özünüdərk prosesi ilə özünüqoruma instinktinin vəhdətindən çıxış etmək lazımdır. Yəni ictimai həyatımıza kənardan daxil olan yad təsirlərdən qorunmaq üçün bu gün gənclərimizdə sosial özünümüdafiə instinkti formalaşdırılmalıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə - ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyünü ziyalılar müəyyənləşdirməlidir. Təsadüfi deyil ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri azərbaycançılıqdır. Azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda – mənəvi mədəniyyətin bütün sahələrində əsas istiqamətləndirici məfkurə olmalıdır. Şifahi xalq ədəbiyyatı, el sənəti, milli musiqi, millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir ideya ətrafında sıx surətdə birləşməlidir. Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir. Eyni zamanda milli-mənəvi varlığımızın qorunub saxlanması da dövlətin ən əsas funksiyalarından biri olmalıdır. Azərbaycançılıq Azərbaycan dövlətinin milli-siyasi məfkurəsinə çevrilməlidir.Camal ZEYNALOĞLU,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.