QARABAĞLI ALLAHVERDİ KİM OLUB? – Ələddin Qarabağlı ata babasının davamçısıdır Gürcüstan » Qarayazı 2 мая 2024 2347 0 1 2 3 4 5 Knyaz Vorontsovu Qarayazının Candar kəndi yaxınlığında qarşılayanlardan biri olan Qarabağlı Allahverdi əslən Qarayazı mahalının Ağtəhlə kəndindən olmuşdur. Müxtəlif tarixçilər və toponimika ilə məşğul olan araşdırmacılar Ağtəhlənin tarixini və adının mənasını rəngarəng yozsalar da, bu kəndin sakinlərinin oturaq həyat tərzinə malik olmayanlardan, yəni köçəri tayfalardan törəndiyi apaydındır. Kəndin salınma tarixini də qədimlərə yükləyənlər və ya bu istəkdə bulunanlar çox vaxt fakt qarşısında aciz qalırlar. Buna baxmayaraq Ağtəhlə kəndinin tarixi qədimdir. Bu tarix min illərlə bağlı olması heçdə şübhə doğurmur - potensial biliyə malik olan tarixçi - araşdırmaçı elm adamlarının tədqiqatlarına ehtiyac vardır. Tarixi mənbələrdə Ağtəhlənin bir yaşayış məskəni kimi XVII-XVIII əsrlərdə salındığı qənaətini verən rus və gürcü mənbələri olduğunu iddia edənlər də vardır. Qarayazıda maarifçilik hərəkatının inkişaf tarixini araşdıran bu sətirlərin müəllifinin fikrincə, Ağtəhlədə bu yaxınlaradək qalıqları qalan məscidin də məhz XVII-XVIII əsrlərin abidəsi olduğu ehtimal olunur.Ağtəhlə məscidinin XIX əsrin abidəsi olduğu qənaətinə gələnlər də vardır. Haqqında söhbət açacağımız Qarabağlı Allahverdinin Ağtəhlə kəndinin infrastrukturunun formalaşması və Ağtəhlə məscidinin fəaliyyəti ilə bir başa bağlılığı olmuşdur. Qarabağlı Allahverdinin XIX əsrdə yaşadığı ehtimal olunur. Qafqaz canişinliyinin arxiv sənədlərində onun adı hörmət və izzətlə çəkilir. Tiflisdən cəmi 13-14 verst aralıda yerləşən Ağtəhlə kəndində o zaman (Qarabağlı Allahverdinin yaşadığı dövrdə - Ə.İ.) 106 tüstü, yəni ailə olub. Bu ailələrdə cəmi 595 nəfər yaşamışdır ki, bunun da 479 nəfəri tatar (azərbaycanlı - Ə. İ.), qalanları gürcü, erməni, rus digər etnik nümayəndələr olmuşlar. Bu faktlara söykənərək biz belə qənaət hasil edə bilərik ki, Ağtəhlə məscidi XVII-XVIII əsrlərdə deyil, məhz XIX əsrdə inşa oluna bilər. Bu məscidin inşasında o zaman Ağtəhlənin qabaqcıl oğullarından olan Qarabağlı Allahverdinin də böyük rolu olduğu danılmazdır. Çar hökuməti və Ağtəhlə sakinləri arasında misilsiz nüfuzu olan Qarabağlı Allahverdinin əsil-nəcabətinin buraya Qarabağdan gəldiyi bəllidir və buna görə də onlara Ağtəhlədə «qarabağlılar» deyirlər. 1824-cü ildə Abbas Mirzə təzədən qüvvə toplayıb Arazın şimalına hücum edəndə başqa məmləkətlərə Qarabağ xanlığından da pənah gə-tirənlər olub. Müasirlərinin söyləmələrinə görə, Qarabağlı Allahverdigil də Ağtəhlə kəndinə o zaman pənah gətirənlərdən olmuşdur. O, buranı bir müddət özünə sığınacaq seçsə də, sonradan burada məskunlaşmaq qərarına gəlmişdir. XIX əsrin 30-40-cı illərində adı təkcə Qarayazıda deyil, Qafqazın əksər bölgələrində hörmətlə anılan Qarabağlı Allahverdi Ağtəhlə kəndində öz əməli-salehliyi, səxavəti, sədaqəti və xeyirxahlığı ilə ad-san çıxarmışdı. Maddi vəziyyəti xeyli yaxşı olan Qarabağlı Allahverdi XIX əsrin birinci yarısında çar məmurları yanında xüsusi izzət sahibi idi. Dinə, təhsilə böyük maraq göstərən Qarabağlı Allahverdi o zamanlar öz şəxsi hesabına tikdirdiyi kənd məscidinin bir hücrəsində 5-6 kasıb uşağına dini təlim-tədris edirmiş. Tikdirdiyi məscid ölümündən sonra (1889-cu ildə vəfat edib) 1919-cu ilə kimi kənd əhalisinin dini inanc yeri kimi istifadə olunub, məscid Oktyabr İnqlabından sonra dünyəvi məktəbə çevrilir və 1965-ci ilə qədər məktəb kimi istifadə olunur (1965-ci ildə Ağtəhlədə yeni tipli müasir 3 (üç) mərtəbəli orta məktəb istifadəyə verilir).İldə bir kərə kənddəki kasıblara səxavət əlini uzadarmış. Az müddət içərisində Qarabağlı Allahverdinin şan-şöhrəti Qarayazıya, bütün Borçalıya yayılmışdır. Qaratəpəli Sultan ağa, dəmirçihəsənli Əhməd Sultanla, sarvanlı İbrahimxəlilağa ilə tanış olmuşdur. Bu tanışlıq Qarabağlı Allahverdini Qafqaz canişini knyaz Vorontsovla yaxınlaşdırmışdır. Bu yaxınlıq sayəsində knyaz onu Ağtəhlə kəndinə kəndxuda təyin etdirmişdir. Knyaz Vorontsov Borçalının ayrı-ayrı bölgələrinə səfər edən də onu qarşılayanlar arasında Qarabağlı Allahverdi də olarmış. 1850-ci ildə knyaz Vorontsovu Qarayazının Candar kəndi yaxınlığında qarşılayanlardan biri də Qarabağlı Allahverdi olub. Həmin səfərdə məqsəd dini məzhəbinə görə çar Rusiyasında təqib olunan duxoborların bir qisminin Candar ətrafı ərazidə yerləşdirilməsi (duxoborlara məxsus «Xutor» kəndinin qalıqları Candar kəndi yaxınlığında bu günlərədək qalmaqda idi - Ə.İ.) idi. Qarabağlı Allahverdi knyaz Vorontsovla ziyafət məclislərində də tez-tez bulunarmış. Onun kəndxudalığı dövründə Ağtəhlədə əkinçilik, maldarlıq inkişaf etmişdir. Kənddə o zaman Qarabağlı Allahverdinin 1 çörək mağazası və 3 dükanı işləmişdir. Ağtəhlə kəndindən olan (sonradan, yəni 1929-cu ildə Birlik kəndinə köçmüş - Ə.İ.) 121 il ömür sürmüş Xanəhməd İsayevin (1850-1971) söyləmələrinə görə, Məhşəd ziyarətində olmuş Qarabağlı Allahverdi 1889-cu ildə vəfat etmişdir.Mənşəyinə görə Qarabağlılar Qafqaz Albaniyasında yaşayan albanların qolunun adıdır. Ümumiyyətlə Qarabağ (Qarabağlar) Qarabağlılar adları Azərbaycanda çox geniş yayılmışdır. Belə ki, Azərbaycanın böyük bölgəsi olan Qarabağ mahalında Xocavənd rayonunda Qarabağlı kəndi (əsas Qarabağlılar nəsli) olmaqla başqa bölgələrdə: Naxçıvan ərazisində, Ağstafa, Ağsu, Qazax, Şirvan, Göyçay, Oğuz, Göygöl, Xaçmaz, Salyan və başqa rayonlarda bu adda kəndlər vardır. Qarabağlıların bir qolu Gürcüstanda – Saqareco rayonunda Qarabağlı, Kaspi rayonunda Qarabağlı kəndləri olmaqla bu nəsl həmçinin Qardabani rayonunun Ağtəhlə kəndidnə (Qarabağlı familyalı böyük nəsil, tanınmış nümayəndəsi - Ələddin Qarabağlı), Candar kəndində, Marneuli rayonun Lejvəddin (tanınmış nümayəndəsi - Əliyar Qarabağlı), Bolnisi rayonunda Kəpənəkçi kəndində (tanınmış nümayəndəsi - Məhəbbət Qarabağlı) məsgunlaşmaqla yanaşı Qarabağlıların eyni zamanda Cənubi Azərbaycanda, Türkiyədə, Əfqanıstandada, İranda yaşadıqları haqqında məlumatlar vardır. Bu ada ilk dəfə Gəncəli Kirakosun (1201-1256-cı illər) “Tarix” əsərində rast gəlinir. Bir qədər sonar (1284-cü il) Rəşidəddin də bu etnonim haqqında məlumat verilmişdir.Bu gün qarabağlılar nəsli Ağtəhlədə nüfuz sahibi olan böyük nəsillərdən biridir. Uzun illərdir ki, Gürcüstanda azərbaycandilli mətbuatın inkişafı və azərbaycandilli məktəblərin problemlərinin çözülməsi uğrunda yorulmaz mübarizliyi ilə seçilən 74 yaşlı Ələddin Qarabağlı məhz bu nəslin nümayəndəsidir. İnanırıq ki, Ələddin Qarabağlı müəllim ulu babası Qarabağlı Allahverdinin getdiyi yolunun uğurlu davamçısıdır, əməli fəaliyyətində səmərəli işlər görür, milli mövqeyli milli maarifçiliyimizdə hal-hazırda yaranan problemlərin həllində aidiyyatı olan dövlət strukturları ilə elmi - hüquqi mübarizəni davam etdirir… Ələddin Qarabağlıya Ulu babası – Allahverdi Qarabağlının əməli işini davam etdirməkdə uğurlar arzulayırıq.Əbdüləli İBRAHİMSOY,QarayazıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.