Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı olub TDPİ-nin Azərbaycan bölməsi, ADPU 3 июня 2015 2015-ci il iyunun 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) istedadlı və tanınmış pedaqoq-alim, pedaqoji elmlər doktoru, Gürcüstan Təhsil Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim, professor Əmrulla Xanməd oğlu Paşayevin xatirəsinə həsr olunmuş “Professor Əmrulla Paşayev” adlı kitabın təqdimatı keçirilib.Kitabın tərtibçisi, “Ön söz”ün müəllifi və redaktoru ADPU-nun pedaqoji fakültəsinin dekanı, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, professor Fərrux Rüstəmovdur. Kitabda professor Ə.Paşayevin həmkarlarının, dostlarının, ailə üzvlərinin, qohumlarının onunla bağlı fikriləri yer alıb.Təqdimat mərasimində ilk olaraq professor Əmrulla Paşayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə professor F.Rüstəmov açaraq alimin həyat yolu və elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib. O, qeyd edib ki, nəcib və xeyirxah insan, görkəmli pedaqoq-alim, dəyərli ziyalı, ləyaqətli vətəndaş Əmrulla Paşayev - 1937-ci il noyabr ayının 2-də Qax rayonunun Qarabaldır kəndində anadan olub. 1953-cü ildə yeddiillik kənd məktəbini bitirib, orta təhsilini isə Zaqatala rayonunun Bəhmənli kəndində başa çatdırıb. 1956-1959-cu illərdə orduda xidmət edib, ordudan tərxis olunduqdan sonra mexanizator kimi əmək fəaliyyətinə başlayıb. O, 1963-1967-ci illərdə Tbilisi Dövlət Pedaqoji İnstitutunun Pedaqoji fakültəsində təhsil alıb, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1967-1968-ci illərdə Gürcüstan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışıb. 1968-ci ildən A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Institutunda Azərbaycan dili və ədəbiyyatı və erməni dili və ədəbiyyatı kafedrasında baş laborant işləməklə yanaşı, pedaqogika və pedaqogika tarixi fənlərindən mühazirə və seminar məşğələləri aparıb.1974-cü ildə professor V.V.Qaquanın rəhbərliyi ilə “XIX əsr-XX əsrin əvvəllərində Gürcüstanda rus-Azərbaycan məktəblərinin meydana gəlməsi və inkişafı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, işlədiyi ali məktəbin Pedaqogika kafedrasında əvvəlcə müəllim, sonra isə dosent kimi fəaliyyətini davam etdirib. 1993-cü ildə “XIX əsr-XX əsrin əvvəllərində Qafqazda ibtidai təhsilin inkişafı” mövzusunda doktorluq dissertasiyası müdafiə etdib. Onun elmi-pedaqoji fəaliyyəti 1993-cü ildən ADPU ilə bağlı olmuşdur. 1997-ci ildən professordur. Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda və ADPU-da fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasının üzvü, həmin Şuranın nəzdində elmi seminarın sədri olmuş, elmi-pedaqoji kadrların hazırlanmasında fəal iştirak etmişdir.Professor Ə.Paşayev pedaqogikanın aktual problemləri, yeni texnologiyalarla bağlı respublika və beynəlxalq miqyaslı elmi-praktik konfranslarda maraqlı və məzmunlu çıxışları ilə fərqlənmişdir. O, pedaqogika tarixini və pedaqogika nəzəriyyəsini yaxşı bilən bir alim idi. Pedaqogikanın nəzəri və tarixi problemlərinə aid 100-ə qədər məqalənin, monoqrafiya və dərs vəsaitinin müəllifidir. Yüksək elmi-nəzəri hazırlığa, zəngin mütaliəyə malik olan professor Ə.Paşayev müasir rus elmi-pedaqoji fikrini dərindən bilirdi. Onun Azərbaycanda elmi-pedaqoji kadr hazırlığında mühüm xidmətləri olmuşdur.Professor F.Rüstəmov çıxışının sonunda bildirib ki, həyatda maddi və mənəvi abidə deyilən bir anlayış var. Professor Ə.Paşayev səmərəli və məhsuldar elmi-pedaqoji fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə özünə möhkəm bünövrəyə malik bir mənəvi abidə qurub. Professor Ə.Paşayevin xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, o, “Əmək rəşadətinə görə” və “Tərəqqi” medalları ilə təltif olunub, respublikanın “Əməkdar müəllim”i fəxri adına layiq görülüb.Təqdimat mərasimində çıxış edən ADPU-nun tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, elmi işlər üzrə prorektor, professor Vilayət Əliyev, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, professor Vidadi Xəlilov, Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru, pedaqogika elmləri doktoru Vidadi Orucov, professor Hacı Mircəfər Həsənov, professor Kərim Məmmədov, ADPU-nun Tarix fakültəsinin dekanı, professor Oqtay Sultanov, Ədəbiyyatın tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Müseyib İlyasov və başqaları professor Ə.Paşayevlə bağlı xatirələrini bölüşmüş, onu əsl şəxsiyyət, yüksək elmi səviyyəyə, zəngin erudisyaya, yaradıcılıq təxəyyülünə malik müasir düşüncəli, yenilikçi, nüfuzlu pedaqoq-alim, məsuliyyətli, nizam-intizamlı vətəndaş, ləyaqətli və fədakar ailə başçısı kimi səciyyələndirmiş və onun itkisindən böyük kədər hissi keçirdiklərini ifadə etmişlər. Bütün çıxışlardan belə bir qəanət hasil olmuşdur ki, professor Ə.Paşayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.Təqdimat mərasiminin sonunda professor Ə.Paşayevin qardaşı Nüsrət Paşayev və həyat yoldaşı Zahidə Paşayeva çıxış edərək kitabın ərsəyə gəlməsinə, həmçinin bugünkü təqdimat mərasiminin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, həmçinin tədbirin iştirakçılarınabu, eləcə də bu işdə əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər.Ruhun şad olsun, Əmrulla müəllim!..Müşfiq BORÇALI. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.