BORÇALININ EL AĞSAQQALI, MÜDRİK ZİYALISI HÜSEYNQULU MƏMMƏDOV TDPİ-nin Azərbaycan bölməsi, Folklor, Bolus 6 ноября 2018 ...1960-cı ilin avqust ayının ortaları idi. Ali pedaqoji institutlarının bütün məzunları kimi mən də on bir il təhsil aldığım Darbaz orta məktəbinə təyinat almaq üçün Bolnisi Rayon Maarif Şöbəsinin həyətində idim... Burada orta məktəb direktorları da, o vaxtlar deyildiyi kimi, məktəblərin tədris hissə müdirləri də, ilk dəfə məktəb həyətinə ayaq basmaq, xəyalında sinif jurnalını götürüb dərs deməyə tələsən gənc müəllimlər də varıydı... Buradakı müəllimlər iki bir, üç bir toplaşıb müxtəlif mövzularda söhbət edirdilər...Səliqə-səhmanlı geyinmiş iki nəfər bizim söhbətimizə qarışdı. Mən hələ onları tanımırdım. Söhbət əsnasında on-larla tanış olduq. Onlardan biri orta boylu, sarışın bənizli, səliqəli geyimli, qəhvəyi bığlı bir kişi idi. Elə ilk andan onun sözü də, söhbəti də, müdrikcəsinə söylədiyi məsləhətləri də hamının diqqətini özünə cəlb edirdi...Nəhayət, söhbət əsnasında aydın oldu ki, bu, müdrik cavan, ağsaqqal ziyalı, tanınmış təhsil işçisi Hüseynqulu müəllimdir. Əgər səhv etmirəmsə, həmin dövrdə Hüseynqulu müəllim şair demişkən, «Qafqazın şoynunda dürdü Borçalı»nın axar-baxarlı bir guşəsində yurd-yuva salmış Faxralı kəndində dünyaya göz açmış, elə həmin kənddə də adı Borçalının hüdudlarından kənarda, həmçinin Gürcüstanda, Azərbaycanda və sadiq SSRİ imperiyasının digər bölgələrində də bəlli olan Faxralı orta məktəbinin direktoru işləyirdi. Onu da deyd etmək yerinə düşərdi ki, Hüseynqulu müəllimin təşkilatçılıq qabiliyyəti, filoloq-müəllim kimi nəzəri hazırlığı və metodik ustalığı nəinki fəaliyyət göstərdiyi pedaqoji və metodik təcrübəsi geniş yayılır, onun fəaliyyəti barədə müxtəlif yazılar çap olunurdu.Bir müddət Hüseynqulu müəllimlə əlaqələrimiz zəiflədi, 1962-ci ildə o, ailəliklə Bakıya köçdü. Ancaq dövrü mətbuat orqanlarında onun müxtəlif aspektli və müxtəlif məzmunlu məqalələri ilə əlaqələrimiz qiyabi olaraq davam edirdi.Hüseynqulu müəllim yalnız təcrübəli pedaqoq deyil, həm də geniş elmi erudisiyalı tədqiqatcı idi. Məhz buna görə də elmi araşdırmalara olan ciddi marağı onu doğma Bakıya gətirib çıxardı. O, Bakıda müxtəlif vəzifələrdə işlədi və hər yerdə özünü bacarıqlı mütəxəssis kimi göstərə bildi.Onu da qeyd etmək istəyirəm ki, Hüseynqulu müəllim hələ gəncliyində ikən əsl mənada el ağsaqqalı, el məsləhətçisi kimi tanınırdı. Bu da hər şeydən əvvəl onun Faxralı kəndində sevilib-seçilən bir ailədə dünyaya göz açması ilə bağlı idi. Çünki ailədə uşaq görüb-eşitdiyini götürər, özünün uşaq yaddaşına həkk edərdi... Şübhəsiz ki, bu da Hüseynqulu müəllimin el ağsaqqalı, el məsləhətçisi kimi yetişmə\sində az rol oynamamışdır. Hüseynqulu müəllim əsl mənada professional müəllim idi. Onun sinifdə apardığı dərs prosesi də, ziyalılarla söhbəti də, adi kəndlilərlə danışığı da həmsöhbətlərində çox yaxşı təəssürat oyadırdı. Bu da hər şeydən əvvəl onun adi danışığında da, ziyalılarla söhbətində də dinləyicilərin savad dərəcəsini, əmək sahəsindəki fəaliyyətini nəzərə alması da öz nitqini həmsöhbətlərinin anlayacağı, başa düşəcəyi bir tərzdə qurması ilə bağlı idi. Bir sözlə, o, həm müəllim, həm həmsöhbət kimi çox maraqlı şəxsiyyət idi... O, demək olar ki, həmsöhbətlərinin kimliyindən asılı olmayaraq onlarla elə ünsiyyət qurardı ki, hamı onun söhbətini dinləməkdən bezməzdi. Hətta onun özü ahəstə və sakit bir nitqlə söhbət etməkdən yorulmazdı, doymazdı... Elə mən özüm də Hüseynqulu müəllimin söz-söhbətini dinləməkdən doymazdım.Hüseynqulu müəllim asta tonda danışardı. Bu da onun geniş dünyagörüşünə, elmi-fəlsəfi və həyat müşahidələrinə, geniş erudisiya və elmi-həyati diapazonuna malik olması ilə bağlı idi...Yeri gəlmişkən Hüseynqulu müəllimlə olan son söhbətlərimizdən birini xatırlamaq yaxşı olardı. 70 il dünyaya meydan oxuyan SSRİ imperiyasının dağılması ilə keçmiş SSRİ məkanının hər yerində olduğu kimi, Gürcüstanda da xalqlararası münasibətlər pozuldu, gürcülər Gürcüstanın şərq bölgəsində Borçalıda lap qədim zamanlardan bəri yaşayan Azərbaycan türklərinə «düşmən» kimi baxırdılar, ilk növbədə ziyalıları qorxudardılar... Bu məlum hadisələrlə əlaqədar olaraq mən də 1993-cü ilin yayında 5 il ali təhsil aldığım, 25 ilə qədər əvvəlcə müəllim, dosent və professor vəzifələrində işlədiyim S.S.Orbeliani (keçmiş A.S.Puşkin adına) adına Tiflis Pedaqoji İnstitutu ilə vidalaşıb Bakıya gəlməli oldum...1997-ci ilin payız ayları idi. Eşitdim ki, tariximizin və mədəniyyətimizin zəngin xəzinəsi sayılan (Kitabi-Dədə Qorqud) Ensiklopediyası hazırlanır. Bu xeyirxah məqsədlə hazırlanan ensiklopediyanın Baş redaktoru prof. Kamil Vəliyev, məsul katibi isə geniş elmi dünyagörüşə malik, adlı-sanlı ziyalılarımızdan olan Hüseynqulu müəllim idi. Onda da qeyd edim ki, Hüseynqulu müəllim həmkarlarının da həmsöhbətlərinin də yanında müəllim idi, ziyalı idi...Bir də «Kitabi-Dədə Qorqud» dastanlarının tədqiqatçılarından biri kimi hazırlanmaqda olan «Kitabi-Dədə Qorqud» ensiklopediyası üçün bir neçə ensiklopedik məqalə ilə prof. K.Vəliyevə müraciət etdim. O, məqalələrlə tanış olduqdan sonra Hüseynqulu müəllimə verməyi məsləhət gördü. Elə həmin gün Hüseynqulu müəllimlə görüşdüm və həmin ensiklopedik məqalələri ona təqdim etdim... Onunla əvvəlcə məqalələr barədə, sonra isə ümumi problemlər, xüsusilə Borçalı problemi ilə bağlı söhbətimiz çox uzandı... Bu söhbət əsnasında hiss etdim ki, Borçalı problemi, Borçalı dərdi onun ən ağrılı problemi idi. Əlbəttə, bu problem mənim üçün də çox ağrılı idi... Odur ki, Borçalının dünəni, bu günü və gələcəyi barədə çox düşünüb-daşınırdım. Bir sözlə, bizim hər ikimizin bir dərdi - Borçalı dərdi var idi. Bu dərd hələ də səngiməyib. Borçalı sevərləri yandırıb yaxır...Hüseynqulu müəllimin bəstə boyu, sarışın sifəti, qəhvəyi bığı, aydın və duru gözləri, xüsusilə onun danışığı, məsləhəti, müdrikliyi, bir də bizlərə ərmağan qoyub getdiyi elmi və ədəbi irsi onu tanıyanların xatirəsində əbədi yaşayacaqdır... Allah rəhmət etsin! Mədəd ÇOBANOV,professor.(Bax: «Özü üçün yaşamayan insan».Bakı, 2009, səh.73-75)ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.