BİR DOSTLUĞUN TARİXÇƏSİ VƏ KÖLGƏDƏN ÜZƏ ÇIXAN YARADICILIQ Borçalı, Başkeçid 26 августа 2024 1590 0 1 2 3 4 5 Ulu Borçalı mahalı taa qədimlərdən öz sirli-sehirli gözəllikləri ilə, əsrarəngiz abu-havası ilə, insanın canına sinən dadlı-ləzzətli, buz kimi soyuq suları ilə məşhurdur. Təbii ki, bu torpağın gözəlliklərini, qeyri-adi dərəcədə füsunkarlığını saymaqla qurtarmaz. Mən bu yazımda bu ecazkar torpağın yetişdirdiyi çoxlu sayda söz adamlarından, ruh oxşayan qələm sahiblərindən biri haqda öz düşüncələrimi yazmaq istəyirəm. bu istedadlı qələm sahibi mənim hələ 80-ci ildən yaxşı tanıdığım, o vaxt 22 yaşlı gənc ailə xanımı, indi isə öz poeziya yaradıcılığı ilə “facebook” sosial şəbəkəsində özünü oxuculara tanıdan gözəl şairə Səringül Sadə xanımdır. O vaxtlar biz Başkeçiddə bir evin ayrı-ayrı otaqlarında kirayədə qalırdıq. Həyat yoldaşı Bəkir hər səhər işə gedər, axşam qayıdardı. Səringül də öz otağında kiçik yaşlı qızı ilə məşğul olar, kirayə qaldığımız ikimərtəbəli evin işlərini görərdi. O zaman mən 18 yaşlı cavan oğlan idim və təbii ki, işdən sonra evdə olanda özüm üçün yemək hazırlamaq mənə zülm idi. Bu işi də Səringül öz öhdəsinə götürmüşdü. Ev sahibləri Yusif müəllim və Zəkiyyə xala çox yaşlı olduqlarına görə onların da qayğısı qismən Səringülün üzərinə düşürdü. Mən süd zavodunda işlədiyim üçün hər dəfə iş növbəsindən gələndə evə yağ-pendir və başqa süd məhsulları gətirərdim. Yemək-içməyimizi Səringül hazırlayar və beləliklə bir ailə kimi mehribanlıq içində yaşayardıq.Heç yadımdan çıxmaz. Bir dəfə könlümə nəsə plov yemək düşdü. Biş-düş sarıdan da heç təsəvvürüm yox idi. Gedib mağazadan iki kilo düyü alıb gətirdim. 6-7 kq-lıq tutumu olan bir qazanın içinə yarıbayarı kərə yağı töküb qazın üstünə qoydum. Yağ qaynara düşəndə bu düyünün hamısını qazana boşaltdım. Yağ qaynayır, düyü dənələri də yağın içində hoppanıb durur. İstədiyim şey alınmayanda bilmədim nə edəm. Təlaş keçirirdim. Bu vaxt dadıma yenə Səringül çatdı. Gəlib əvvəlcə nə elədiyimi soruşdu. Mən məsələni ona danışanda qazana baxıb gülməkdən uğunub getdi. Mənim möhkəm pərt olduğumu görəndə özünü ələ alıb hər şeyi yoluna qoydu. İki kilo düyüdən bir böyük qazan şiləplov hazırladı ki, iki gün onu yedik.Mən uşaq vaxtlarımdan ədəbiyyata həvəsli olduğum üçün boş vaxtlarımı kitab oxumaqla keçirirdim. Bunun üçün hərdənbir şəhərdəki kitab mağazasına gedər, yeni gələn kitabları gözdən keçirərdim. Eyni zamanda şəhər kitabxanasına da üzv olmuşdum. Hər dəfə evə yeni kitablarla gələr, onları mütaliə edərdim. Mənim bu vərdişim Səringülün də diqqətini cəlb elədi. Bir gün nə oxuduğumu bilmək üçün otağıma gəldi. Kitablarıma baxdıqdan sonra məni öz otağına dəvət elədi. Mən orada 40-50-ci illərin kitablarını görəndə dəhşətə gəldim. Bunları haradan aldığını soruşdum. Gülə-gülə:-Yusif müəllimin kitablarıdır, – dedi. Zəkiyyə xaladan alıb oxuyuram.O gündən mən də Yusif müəllimin kitabları ilə maraqlanmağa başladım. O kişi ziyalı adam olduğu üçün zəngin kitabxanası vardı. Oxuduğumuz kitablardan aldığımız təəssüratları bir-birimizlə həvəslə bölüşürdük. Bundan sonra aramızda dostluq telləri daha da möhkəmlənməyə başladı.Mənim poeziyaya marağımı duyandan sonra bir gün Səringül mənə dedi:-Bu gün bizə bir qonaq gələcək. O gələndə sən də gəl, sizi tanış eləyim.Qonağın kim olduğunu bilməsəm də: “yaxşı” – dedim.Bir azdan şəxsən tanımadığım cavan bir qadın gəldi. Mən utandığımdan getmək istəməsəm də, Səringül məni zorla çəkə-çəkə apardı.-Ay Səadət, tanış ol. Bu Əflatun da yaman şeir həvəskarıdır. Sənin adın da ki dilindən düşmür. Qəzetlərdə çıxan şeirlərini kəsib kiçik çantasında saxlayır. Sonra üzünü mənə tutub:-Yaxın gəl. Bu mənim böyük bacım şairə Səadət Butadır, – dedi.Mən bir az şaşıran kimi oldum. Çünki Səadət Buta artıq poeziya aləmində yetərincə tanınmışdı. Mən isə çox cavan və utancaq olduğum üçün özümü narahat hiss elədim. Ancaq Səringülün şıltaqlığı, Səadətin mehribançılığı hər şeyi arxada qoydu...Mənim onlarla tanışlığım belə oldu. Səringülün şeir yazmağını isə bilmirdim və bu mənim heç ağlıma da gəlməzdi. Öz yazılarımı da təbii ki, utandığımdan onlara göstərmirdim.Aradan çox uzun illər keçdi. Həyat yollarımızı müxtəlif istiqamətlərə saldı. Aradan xeyli zaman keçəndən sonra tale məni Kürüstü Keşəli kəndinə saldı. Burada özümə ev-eşik qurub yaşamağa başladım. Artıq zaman dəyişmiş, həyat başqa görkəm almışdır. Son zamanlarda internetin yaranması və həyatımıza daxil olması adi bir hal oldu. Nəhayət, sosial şəbəkələr meydana çıxandan sonra mən də özümə səhifələr açıb yazı-pozu adamları ilə tanış olmağa başladım. Bir neçə il bundan qabaq “facebook” səhifəsində Səringül Sadə imzası ilə şeirlər rastıma çıxdı. Müəllifi tanımadığım üçün səhifəsinə girib kiçik araşdırma apardım. Bunun həmin Səringül olduğunu yəqin edəndən sonra ona məsaj yolladım və beləliklə biz yenidən tapışdıq. Bu günkü texnologiyanın imkanlarından istifadə edərək indi bir-birimizlə əlaqə saxlamağa çalışırıq. Bir epizodu da qeyd eləsəm yerinə düşər. Başkeçidin Armudlu kəndi yaxınlığında yayda “Elat” şənliyi keçirilirdi. Mən də ailəmlə birlikdə o şənliyin birində iştirak edirdim. Maşınımı bir az uzaqda saxladığım üçün onu yoxlamağa getmişdim. Böyük oğlum Mustafa telefonla zəng çaldı:-Ata, sən hardasan? Səhnənin yanına gəl. Burda səni sürpriz gözləyir.Mən bu sürprizin nə olduğunu bilmədən yavaş-yavaş səhnəyə doğru getməyə başladım. Burada hədsiz dərəcədə çox adam vardı. Mən gözümlə Mustafanı axtararaq irəliləyirdim. Birdən qarşıda uca boylu bir qadının mənə doğru qollarını açaraq gəldiyini gördüm. İlk baxışda tanıya bilmədim. Aradan keçən uzun illər mənim də, onun da üzərində öz işini görmüşdü.Boynuma dolanan qollar, üz-gözümü öpüşlərə qərq edən dodaqlar bir andaca məni karıxdırdı. Güc-bəla ilə əlindən çıxıb diqqətlə mat-mat bu qadına baxmağa başladım. Yaddaşımı silkələyib, özümə gəlməyə macal tapmamışdım ki, dedi:-Ədə, tanımadınmı? Səringül döyləmmi?Bir az kənarda durub gülümsər üzlə bizi izləyən Səadət Butanı görəndə hər şey mənə aydın oldu. Bu dəfə mən ona sarıldım...Belə dostluq əlaqələrimiz internet vasitəsi ilə indi də davam edir və yazılarımızı, yaşayış tərzimizi buradan öyrənə bilirik. Son zamanlar Səringülün yaratdığı poeziya nümunələri diqqətimi möhkəm cəlb edir. Bir-birindən gözəl qoşma və gəraylıları, müxtəlif şeirləri, o cümlədən klassik formada folklor incisi olan bayatı janrında yazdığı əsərləri adamı valeh edir. Onları oxuduqca hiss edirsən ki, bu misralar gözəl bir söz ustasının qəlbindən süzülərək oxucuların könlündə özünə yeni bir taxt qurmağa qadirdir. Bu da təbiidir. Çünki Səringülün özündən böyük bacısı Səadət Buta da, qardaşı İladi Öməroğlu da tanınmış şairlərdir. Nənə-babaları da şair təbli insanlar olublar. Bunun üçün deyiblər ki, “meyvə budağından kənara düşməz.”Yenə Səringülün yaradıcılığına qayıdıram. Onun ömür yolu çox keşməkeşli olduğu, başı çox qovğalar çəkdiyi yazılarında özünü büruzə verir. Lakin bu bir bədbinlik yaratmır. Oxucunu həmişə işıqlı həyata doğru mübarizəyə səsləyir. Həyatda gördüyü acılardan təsirlənərək gözəl poetik nümunələr yaratmağı bacarır. Belə nümunələri oxuyan anlayışlı gənc oxucu öz həyatında səhv eləməməyə cəhd edəcək. Məhz bu mənada Səringülün şeirləri, mən düşünürəm ki, bu günkü oxucular üçün lazımlı mənbələrdir.Səringül Sadənin yaradıcılığı ümumən sevgi üstündə köklənib. Bu sevgi bizə klassiklərimizi sevməyə, gözəl, ibrətamiz söz sahiblərinin yaradıcılığına dəyər verməyə, onlardan öyrənməyə və onları mənimsəməyə sövq edir. Aşağıdakı “Bircə söz de” şeirinə diqqət yetirək:Bircə söz de Nizamidən, dərs alaq,Babalar tək işimizdə düz olaq.Sözü deyib söz mülkünün xaqanı,Xaqani tək kəlamlara ver canı.Bircə söz de, Mövlananı biz anaq,Hikmətini başa düşək, nurlanaq.Bir kəlmə də Yunis Əmrə sözündən,Od götürək ocağından, közündən.Bircə söz de, mən də qıyım bu cana,Nəsimi tək sığışmayım cahana.Bircə söz de, Füzulini yad edək,Biz də sevgi aləmində ad edək.Bircə söz de Ələsgərdən, Güllüdən,Almayanaq, büllur buxaq Tellidən.Bircə söz de Şəhriyardan, can deyək,Heydərbaba sevdasına yan deyək.Bircə söz de, Zəlimxan tək od saçaq,Misralarda ləçəklənib, gül açaq.Bircə söz de, yandır ümid şamını,Nuş eyləyək, Sadə, eşqin camını.Bu iyirmi misralıq şeirdən heç nə ixtisar edə bilmədim. Şeiri olduğu kimi bütöv verdim. Çünki hər bir beyt bizi tarixi keçmişimizə qaytarır. Dahilərimizi yada salmaqla bizi onlara ünvanlayır. Onlardan dərs alıb, onların dediyi kimi kamilləşməyə, yüksək insani keyfiyyətlərə çatmağımızı istəyir. Necə gözəl məsləhətdir, necə maraqlı və cəlbedici şeirdir. Bir bayatısına nəzər salaq:Ha sarı,Dərd evi, qəm hasarı.Fələk vuran yaranınKəsməz qanı, ha sarı. Və yaxud:Gün sevməz yarasalar,Yar meylin yara salar.Dərd-qəm düşdüyü yerəDərmansız yara salar.Bu və başqa bayatılarında sözlər o qədər zərgər dəqiqliyi ilə seçilib ki, heyrətə düşməmək mümkün deyil. Əksər bayatıları da cinas qafiyəlidir. İlk baxışda asan və sadə görünsə də, dərinliyinə varanda onun zəngin folklorumuza necə mükəmməl bələd olduğu aydın görünür.“Oldu” rədifli gəraylısına baxaq:Səf-səf oldu qəm qoşunu,Bürc, hasarım-qalam oldu.Qoşalaşdı dərdi-sərim,Nuh tufanı yalan oldu...Mən Sadəyəm, yox həyanım,Zalım fələk tökdü qanım.Nə vermişdi yaradanım,Verdiyini alan oldu,Dərdim mənə qalan oldu.Şeirin bütün texniki qaydalarına tam əməl olunub. Hecası, daxili bölgüsü yeri-yerindədir. Mənasına baxanda isə bir iç yanğısı, “Zalım fələyin” insanlara verdiyi zülm gözümüz önündə canlanır. Sosial şəbəkələrdə şeir yazanlar çoxdur. Amma bir çoxu bu incəliyə, bu dəqiqliyə fikir vermir. Ona görə də yazılanların çoxu bayağı, quru söz yığınından ibarət olur ki, bu da həssas oxucularda ikrah hissi oyadır.“Aşiqiyəm” rədigli qoşmasına fikir verin:Nə Əsliyəm, nə Leyliyəm, nə Şirin,Qulaq aşiqiyəm, göz aşiqiyəm.Ustad aşiqlərdən dərsimi aldım,Sözdən söz çəkənəm, söz aşiqiyəm.Qar-boran sevməyən güllü baharam,Haqqın carçısıyam, yolunda varam.Buzu əridərəm, odu yararam,Nahaqqa qəniməm, düz aşiqiyəm.Buludlar köçünə vəlvələ salan,Dağın qarı kimi zirvədə qalan,O dağ vüqarıyla əyilməz olan,Polad sinələrin öz aşiqiyəm.Sadəyəm, vermədim ömrümü hədər,Həyat mənalıdı yaşamaq qədər.Hürkək xəyallarım tərlana bənzər,Ailə, od-ocaq, köz aşiqiyəm.Birinci misradan başqa bütün misralar 6-5 ölçüsündə, mükəmməl şəkildə yazılıb. Ümumiyyətlə, Səringül Sadə xanımın bütün yaradıcılığına küll halında nəzər salanda görürük ki, həyat eşqi ilə alışıb-yanan bu şairə tək özü üçün yox, arzu və istəklərini bütün dünya insanlarına aid edir. Bəzi yazarlarımız kimi bir məkanda oturub, kitablardan və internetdən misralar götürüb şeir düzəltmir. Dünyanın bir çox ölkələrini gəzib-dolaşır, müxtəlif insanların həyat tərzini, yaşayışını öz gözləri ilə görüb nəticə çıxarır. Gördüklərini də öz təfəkkür qazanında bişirib həll edir və bundan yaranan hisslərini şeirə çevirib bizlərə təqdim edir. O, harda olur-olsun, hansı ölkədə yaşayır-yaşasın, onun üçün fərqi yoxdur. Öz soyuna bağlı, öz milli mənsubiyyətini, mədəniyyətini qoruyub saxlayan qeyrətli türk qadınıdır. Belə şairlərimizi sevmək azdır. Onlarla fəxr eləmək, öyünmək və dünya çapında yüksəlişini görmək lazımdır. Təbii ki, onlardan həm də bir müəllim kimi həyatın sərt qanunlarını, acılı-şirinli ömür yolunda qazanılan uğurları da, uğursuzluqları da eyni dərəcədə öyrənmək və qəbul etmək şərti ilə. Eşq olsun Səringül Sadə xanıma! Ona həyatda uzun ömür və daha da uğurlu yaradıcılıq arzulayıram!Əflatun HüseynoğluŞair-publisist, Borçalı mahalı, Kürüstü Keşəli kəndi.21.08.2024.Şəkildə Borçalı şairləri: soldan Əflatun Hüseynoğlu, Səringül Sadə, Səadət Buta və Səadət Səda Novruzqızı. (Şəkil 2015-ci ildə Başkeçidin Armudlu yaylağında “Elat” şənliyində çəkilib)ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.