Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı Azər Süleymanov: “Saakaşvilinin “günahı” güclü Gürcüstan qurmasıdır”:
Gürcüstan parlamenti üzvlüyünə namizəd Azər Süleymanovun müsahibəsi

Oktyabrın 8-də Gürcüstan növbəti parlament seçkisinə hazırlaşır. Prosesə azərbaycanlıların kompakt yaşadıqları ərazilərdəki dairələrdən bir neçə soydaşımız da qatılıb. Marneuli rayonunu parlamentdə 3 dəfə təmsil etmiş deputat Azər Süleymanov da yenidən namizədlər sırasındadır. Müsahibə zamanı bölgədəki durumdan danışan A.Süleymanov bildirir ki, bu seçkidə hakimiyyətin dəyişmə şansı yüksəkdir:


- Gürcüstan qanunlarına görə, hər dairədə seçicilərin sayı 40 mini aşmamalıdır. Son illər Marneulidə əhalinin sayı artdığı üçün budəfəki seçkidə daha bir seçki dairəsi yaradılıb. Mən keçmiş prezident Mixeil Saakaşvilinin yaratdığı Vahid Milli Birlik Partiyasını 35 saylı dairədə təmsil edirəm. Vətəndaşlar indiki iqtidarın siyasətini birmənalı bəyənmir, ona görə də müxalifətə rəğbət iqtidar düşərgəsindən qat-qat çoxdur. Bu səbəbdən mən yenidən bölgəni parlamentdə təmsil edəcəyimə çox ümid edirəm. Əsas rəqibim “Gürcü arzusu”nun təmsilçisidir. Digər namizədlərin şansını isə o qədər də yüksək qiymətləndirmirəm.

- Bu gün, Gürcüstanda yaşayan soydaşlarımızın əsas problemləri nədir və siz millət vəkili seçilsəniz, əsas hansı məsələləri gündəmə gətirməyi planlaşdırırsınız?

- Marneuli aqrar rayondur. “Gürcü arzusu” hakimiyyətə gələndə xalqa çoxsaylı vədlər versə də, onların heç birini yerinə yetirə bilmədi. Bizim əhalinin əsas istəyi dövlətin kənd təsərrüfatının inkişafına dəstək ayırmasıdır. 2012-2016-cı illərdə dövlət heç bir aqrar islahat aparmadı və bu səbəbdən əhalinin durumu çətinləşdi. Bundan başqa, Gürcüstanda etnik azlıqlar problemi yenidən gündəmə gətirildi. Mixeil Saakaşvilinin prezidentliyi dönəmində azərbaycanlılar özlərini bu ölkənin bərabərhüquqlu vətəndaşı kimi hiss edirdilər. Ancaq indiki iqtidarın dönəmində yenidən həmin şovinist düşüncə siyasi leksikona hakimdir, yenə də “etnik azlıq”, “azsaylı xalqların nümayəndələri” ifadələri ilə digər xalqlar dışlanır. 2012-ci ilə qədər bu məsələ tamamilə gündəmdən çıxmışdı və bütün vətəndaşlar özlərini bu ölkənin əsl sahibi kimi hiss edirdilər. Azərbaycanlılara münasibət isə düşünürəm ki, daha kəskindir.

Cavaxetiyada az sayda erməni yaşasa da yerli idarəetmə orqanlarında onların sayı yetərincədir. Hətta icra başçısı, onun müavinləri ermənilərdir. Borçalıda isə əhalinin 87 faizi etnik türklərdir, buna baxmayaraq bizi regionun idarəetmə orqanlarına yaxın buraxmırlar. Hakim partiya yerli icra hakimiyyəti orqanlarına son seçkinin nəticələrini saxtalaşdırdı və milliyyətcə gürcü olan namizədin qalib gəldiyini elan etdi. Bunun ardınca anadilli məktəblərimizin bağlanması prosesi başladı. “Gürcü arzusu” bu məsələ ilə bağlı xüsusi proqram həyata keçirir. Bir millətin dilini, mədəniyyətini əlindən aldınsa, onu məhv etdin deməkdir. Mən bu məsələlərin qarşısında durmağı düşünürəm. Görüləsi işlərimiz çoxdur, çünki 4 il Gürcüstanın inkişafının faktiki qarşısı alınıb. Heç bir şübhəm yoxdur ki, vətəndaşlar onların həyatlarına vəd etdiyi heç bir yeniliyi gətirə bilməyən “Gürcü arzusu”nu sivil yolla dəyişəcək. Onu da vurğulayım ki, müxalifətə simpatiya yalnız bizim bölgədə deyil. Ölkənin hansı ərazisinə gəzsəniz, müxalif namizədlərin təbliğat kampaniyasının hakim partiyanın aksiyalarından daha qələbəlik olduğunu görəcəksiniz. Gürcüstan vətəndaşı düşünür ki, 2003-12-ci illərdə güclü dövlət yaradılması üçün çox işlər görüb və həmin komanda yenidən görəv başına qayıtmalıdır.

- “Gürcü arzusu” niyə vətəndaşın etimadını itirdi?

- Əsas səbəblər korrupsiya və rüşvətin artması, kriminal durumun kəskin pisləşməsidir. Saakaşvilinin prezidentliyi dönəmində Gürcüstan vətəndaşının rüşvət, kriminal problemi yox idi. Bizim xalqa əsas vədimiz də yenidən ölkədə qanunun aliliyinin təmin edilməsi və iqtisadiyyatın dirçəldilməsi üçün resursların səfərbər edilməsidir. Hesab edirik ki, müəllimlərin maaşının 30 faiz, əmək pensiyalarının 10 faiz artırılmasını üçün resurslar var, yalnız indiki iqtidar dövlətin imkanlarından səmərəli istifadə etmir. Əhali işsizlikdən əziyyət çəkir, ancaq hakim komanda bu problemi çözmək üçün heç bir addım atmır. Biz qısa zamanda 45 min iş yerinin açılmasını vəd edirik. 2012-ci ildən hakimiyyətə gələn iqtidar öz komanda üzvlərinin mükafat fonduna hər il 400-500 milyon vəsait ayırır. Əgər vətəndaşın güzəranı yaxşılaşmayıbsa, hakim komanda bu mükafatları nə üçün alır? Biz tələb edirik ki, bu dövlət vəsaiti iş yerlərinin açılmasına və sosial müdafiəyə ehtiyacı olan şəxslərin dəstəklənməsinə yönəldilməlidir.

- Lideriniz Mixeil Saakaşvilinin ölkəyə qayıtması perspektivlərinə necə baxırsınız? Bu seçkidən sonra eks-prezidentin vətənə dönüşü mümkün ola bilərmi?

- Bu məsələdə seçkiyə ümidlərimiz böyükdür. Qələbəmizi təmin etsək, qısa zamanda eks-prezidentin ölkəyə dönüşü ilə bağlı problem aradan qalxa bilər. Saakaşvili haqqında 3 pencək aldığı və bir restoranda suşi yediyi üçün cinayət işi açanlar bu gün dövlətin milyonlarını talayır. Saakaşvilinin ən böyük “cinayəti” onun güclü Gürcüstan qurmasıdır. Bu seçkilərdə onun xanımı Sandra Rulofs Zuqudididən namizədliyini irəli sürüb və bölgənin favorit namizədidir. Ona inam böyükdür. Əhali birinci xanım olduğu dönəmdə onun ciddi sosial, humanitar layihələr həyata keçirdiyini unutmayıb. Biz xanım Rulovsu bölgəmizə dəvət etmişik. Sentyabrın 24-də o, Marneulidə həm partiya üzvləri ilə görüşəcək, həm də seçicilərlə görüşən namizədləri müşayiət edəcək. Sandra xanımla dostuq və 24-də mənim seçicilərlə görüşümdə o da iştirak edəcək.

- Azər bəy, yenidən soydaşlarımızın problemlərinə qayıtmaq istəyirəm. Bayaq anadilli məktəblərin bağlandığını dediniz. Sizcə, bu soydaşlarımızın xeyrinə deyilmi? Ana dilində oxuyan gənclik ali təhsil ardınca Azərbaycana gəlir. Bütün tədris prosesi Azərbaycan hökumətindən asılı duruma düşür. Üstəlik bu həm köç yaradır, həm də inteqrasiya prosesini mümkünsüz edir. Sizcə, tədrisin gürcücə aparılması, ana dili, ədəbiyyat və tarix fənnlərinin isə ana dilində keçirilməsi daha doğru olmazmı? Axı, dövlət dilini bilmədən hansı cəmiyyətin tamhüquqlu üzvü olmaq mümkündür? Ya da dünyanın hansı ölkəsində dövlət dilini bilməyən insanı hətta yerli səviyyədə idarəetməyə cəlb edilər?

- Bu məsələ uzun illərdir müzakirə edilir və təəssüf ki, hələlik ortaq fikrə gələ bilməmişik. Heç şübhəsiz, Gürcüstan vətəndaşıyıqsa, bu dövlətin dilini bilməliyik. Səsləndirdiyiniz variant üzərində işləməyə dəyər. Mən hesab edirəm ki, bugün ana dilli məktəblərdə gürcü dili dərslərinin sayı artırılmalıdır. Biz dövlət dili məsələsini birdəfəlik həll etməliyik. Ancaq mən Azərbaycan məktəblərinin tam bağlanmasına qarşıyam. Problemin kökündə başqa məqamlar da var. Ölkədə müəllimlərin maaşı həddən artıq az olduğu üçün bu peşəyə maraq yoxdur. Bütün ölkə üzrə müəllim yaşı 65-70-ə yüksəlib. Bu çox acınacaqlı durumdur. Gənclik 150 lariyə müəllim işləməyə maraqlı deyil. Bu peşə o qədər pis qiymətləndirildi ki, həyat gənc müəllimlərin çoxunu ailələrini saxlamaq üçün bazarlara üz tutmağa məcbur elədi. Bu gün də gənclik müəllim peşəsinə gəlmir.

Bu ölkə üçün böyük problemdir. Mixeil Saakaşvili iqtidarının təhsilə münasibəti indiki iqtidarın münasibətindən dəfələrlə yaxşı idi. O zaman hökumət 4+1 proqramı yaratmışdı və bu çox uğurla həyata keçirildi. 2003-cü ildə Tiflis universitetlərində 7 azərbaycanlı təhsil alırdısa, bu gün ali təhsil alan gənclərimizin sayı 3 min nəfərdir. Onların bir hissəsinin təhsil xərclərini SOCAR üzərinə götürüb və mən buna görə Azərbaycan hökumətinə təşəkkür edirəm. 3000 gəncə təhsil məsələsində dəstək verilməsi həddən artıq böyük işdir. Bu proses başlayandan sonra təhsil ardınca Azərbaycana gedənlərimizin sayı xeyli azalıb. Düşünürəm ki, bizim komanda yenidən hakimiyyətə gələndən sonra soydaşlarımızın təhsili ilə bağlı problemləri daha uğurlu şəkildə həll edə biləcəyik. Əsas odur ki, məktəblərimiz bağlanmasın.

- Bölgə əhalisinin evlərini, torpaq sahələrini sənədləşdirmək problemi də qalır. Elə məhəllələr var ki, oradakı evlərdə bir ailənin dördüncü nəsli yaşayır, amma evlərin özəlləşdirilməsi mümkün olmur. Bu problemlərin həllini necə görürsünüz?

- Bu, son illərin ən aktual problemlərindən biri olaraq qalır. Saakaşvili “vahid pəncərə” sistemini tətbiq etməyə başlayanda əhaliyə çağırış edildi, kimlər sənədlərini düzəldə bildisə, onların mülkü, torpağı sənədləşdi. Çox təəssüf, azərbaycanlıların kompakt yaşadıqları regionlarda minlərlə insanların sənədləri qaydasında deyil. İndi bunun üçün 1500 dollar ödəmək, üstəlik uzun məhkəmə proseslərindən keçmək lazımdır. Bu, faktiki olaraq indiki iqtidarın yaratdığı korrupsiya ocağıdır. Mənim hesablamalarına görə 70 mindən artıq mülkün sənədləri qaydasında deyil. Onların hərəsindən 3 min lari alınması bir neçə milyon vəsait deməkdir. Bu böyük rüşvət qaynağıdır. “Gürcü arzusu” bu qara pul dövriyyəsinə göz yumur. Seçicilər hər görüşdə bu problemlə bağlı məsələ qaldırır, dövlət orqanlarındakı süründürməçilikdən şikayət edirlər. Mən onlara söz vermişəm ki, oktyabr seçkilərindən sonra hər region üzrə komissiyalar təşkil edərək bu problemin aradan qaldırılmasına hüquqi dəstək verəcəyəm.

- Bəs, Gürcüstanı Azərbaycanla birləşdirən “Sınıq körpü” sərhəd-buraxılış məntəqəsindəki durumla bağlı hansı təklifləriniz var? Həmin sərhəd qapısını keçib şikayətçi olmayan insan yoxdur. Bu durumdan ən çox əziyyət çəkən də Gürcüstanda yaşayan soydaşlarımızdır. Millət vəkili kimi Azərbaycan tərəfdə də sərhədin Gürcüstan hissəsində olduğu kimi nizam yaradılması üçün Azərbaycan hökumətinə hansısa təkliflər verməyi düşünürsünüzmü?

- Bu haqda müraciətlərimiz olub. Prezident İlham Əliyevlə görüşümüzdə də bu məsələni gündəmə gətirmişik. Bir məsələ var ki, biz Gürcüstanın millət vəkilləriyik və Azərbaycanın daxili işlərinə qarışa bilmərik. Sərhəddəki baryerlərin çoxu sünidir. Qeyri-rəsmi vergilər, sığorta tələbləri vətəndaşların gediş-gəlişini çətinləşdirir, Gürcüstan sərhədini 3 dəqiqəyə keçən insan Azərbaycan sərhədində 30-40 dəqiqə yoxlanır, saatlarla növbə gözləməli olur. XXI əsrdir, texnologiyalar inkişaf edib, Azərbaycan öz sərhədində yüksək texnoloji avadanlıq quraşdırıb, ancaq yenə də proses çox ləng gedir. Yenə də bildirirəm ki, bu Azərbaycanın daxili işidir, biz bu məsələyə qarışmaq səlahiyyətində deyilik, Azərbaycan bizim üçün dayaq nöqtəsidir, istinad yerimizdir, ancaq heç sevindirici deyil ki, insanlar sərhədi bu qədər narahatlıqla keçirlər. Ümid edirəm ki, Azərbaycan bu məsələyə həssas yanaşacaq və qısa zamanda dəfələrlə müxtəlif səviyyələrdə səsləndirilən problemlər aradan qaldırılacaq. Məsələnin digər tərəfini də anlayırıq ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və sərhəddən başqa məqsədlər üçün də istifadə oluna bilər. Ancaq bu yalnız gömrük və sərhəd xidmətinin deyil, daha çox digər strukturların işidir.

Aygün Muradxanlı.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Tiflis, Siyasət
Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Tiflis, Borçalı, Siyasət
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət
“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaş ...

Gürcüstan, Borçalı, Siyasət
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Borçalı
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

---
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Borçalı, Siyasət
Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Borçalı

"Gürcüstanda soydaşlarımız Azərbaycan dilində təhsil almaqda ciddi problem ...

Borçalı
RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

Gürcüstan, Borçalı, Siyasət
Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan, Hüquq, Diaspora
Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Gürcüstan, Tiflis, Siyasət
Deputat:

Deputat: "Gürcüstanın ali təhsil ocaqlarında 2000-dən artıq azərbaycanlı t ...

Borçalı
Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Milli Məclis, MEDİA, Gürcüstan
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan
Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbayc ...

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbayc ...

Gürcüstan, Tiflis, Borçalı, Siyasət
TƏBRİK EDİRİK, ƏZİZ AZƏR SÜLEYMANOV!..

TƏBRİK EDİRİK, ƏZİZ AZƏR SÜLEYMANOV!..

Gürcüstan, Siyasət
Biz niyə Saakaşvilini seçməliyik?

Biz niyə Saakaşvilini seçməliyik?

Borçalı, Qarayazı
Rəy yazın: