HƏMİŞƏ VİCDANININ SƏSİNƏ QULAQ ASAN ZİYALI - KAZIM MUSAYEV (1941) Gürcüstan » Başkeçid 19 ноября 2023 1713 100 1 2 3 4 5 Kazım Eyyub oğlu Musayev - 1941-cı ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Dunus kəndində anadan olub. 1948-ci ildə Dunus ibtidai məktəbinin I sinifinə daxil olub. 1951-1952-ci tədris ilində təhsilini davam etdirmək üçün Qızılkilsə kənd məktəbinin V sinifinə qəbul edilib. O, istedadlı şagird olub. Məktəbin ictimai işlərində, bayram tədbirlərində fəallıq göstərib. Məktəbdaxili Bədii Özfəaliyyət Dərnəyinin hazırladığı dram və tamaşaların baş rollarının ifaçısı olub. Dmanisi rayon üzrə Qızılkilsə məktəbinin birincilik qazanması onun apardığı rollar üzrə təyin edilib. 1958-ci ildə Qızılkilsə orta məktəbini qızıl medalla bitirən M.Kazım həmin ildə APİ-nin (indiki ADPU-nun) Biologiya-coğrafiya fakültəsinə qəbul olub. 1959-cu ildən isə təhsilini ADU-da (indiki BDU-da) davam etdirib. İlk dəfə pedaqoji təcrübəsini Bakıdakı 132 saylı məktəbdə keçib. Onun pedaqoji potensialının yüksək olduğunu görən həmin məktəbin müəllim kollektivi M.Kazımı öz sıralarında görmək istəyiblər. Universitetdə II növbə oxuduğuna görə məktəbin direktoru Fəridə xanımın təklifi ilə M.Kazım tələbə ikən 1962-ci ilin yanvarından pedaqoji fəaliyyətə başlayıb. Eyni zamanda IV-V kursda oxuyarkən fakültə tələbə elmi cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. 1963-cü ildə Universiteti əla qiymətlərlə bitirən Kazım Eyyub oğlu üçün rektor Şəfəyət Mehdiyevə iki məkandan məktub gəlir: Onun, həm 132 saylı məktəbə göndərilməsi xahiş edilir, həm də Universitetin kafedra müdiri M.Kazımın universitetdə saxlanılması haqqında vəsadət qaldırır. Əlbəttə, o vaxtlar da, elə indi də universitet müəllimi olmaq hər bir tələbənin şərəf lövhəsidir. Lakin Kazım Eyyub oğlu anasının xatirinə belə bir dəyərli şansdan, ali təkliflərdən imtina edir. Çünki yeganə oğul anası olan bir xanım-xatının gözləri kiçik daxmasında həsrətlə oğul yolunu gözləyirdi. Bütün varlığı ilə Kazım Başkeçidə, doğma Dunus kəndinə qayıtmasını arzulayırdı. Beləliklə, K.Musayev könüllü olaraq Laçın rayonuna təyinat alır. 1963-1965-ci illərdə Laçın rayonunun kəndlərində müəllim və dərs hissə müdiri vəzifəsində çalışaraq təyinat dövrünü başa vurub doğma kəndi Dunusa qayıdır. O, elə həmin ildə Dunus kənd ibtidai məktəbinə müdir təyin edilir. Öz sevimli peşəsini şərəflə icra etdiyinə görə 1967-ci ildə 8 illik edilən Dunus məktəbinin direktoru təyin edilir. Onu da qeyd edək ki, Dunusun ilk ali təhsilli vətəndaşı Kazım müəllim olub. İkinci bir tərəfdən də M.Kazım 1941-1945-ci il rus-alman savaşının ŞƏHİD QƏHRƏMANI Eyyub Musayevin yeganə, yadigar övladıdır. Sevindirici hal budur ki, Şəhid imzası çərçivəsində bir ananın tək başına böyütdüyü təkcə Kazımı onun arzularını çin edir. Taleyinin qaralı günlərinə işıq saçır, gözlərinin nuruna, qəlbinin sevincinə, elinin, obasının təhsil ocağına çevrilir, müqəddəs arzularından ən istəkli olanı da yerinə yetirir yəni dədə yurdunda anası üçün bir gözəl ev tikərək Şəhid atasının ruhunu şad edir. Daha sonra Dunusda çox sinifli, geniş otaqlı təzə məktəb binasının tikilməsinə nail olur. Direktoru olduğu 8 illik məktəbi X illik orta məktəb səviyyəsinə yüksəldir. Elə həmin məktəbdə 1965-ci ildən 1993-cü ilə qədər düz 28 il pedaqoji fəalliyyətdə olur. Kənddə yeni nəsillərin savadlı olmasında, 40 nəfərdən çox ali dərəcəli müəllim, mütəxəssis və müxtəlif peşə sahiblərinin yetişdirilməsində vicdanla əmək çəkib, ömrünü çıraq edib. Elə bu zəhmətinə görə hər zaman rayon toplantılarında nümunəvi müəllim, əməkdar direktor kimi adı çəkilirdi.M.Kazım 1987-1991-ci illərdə Gürcüstan Təhsil Nazirliyinin əmrinə əsasən Kooperasiya yolu ilə Respublika xaricində oxumaq istəyənlər üçün Tbilisidə keçirilən Qəbul İmtahan Komissiyasının sədr müavini, kimya-biologiya fakültəsi üzrə isə İmtahan Komissiyasının sədri vəzifələrini icra edib. O vaxt Gürcüstan alimlərinin, institut müəllimlərinin, madiyyat uman məktəb direktorlarının içində 5 il halallıqla haqqın tərəfində durmaq, ədaləti qorumaq, bilikli şagirdləri (pulluları deyil) müdafiə etmək, Tbilisi kimi şəhərdə Qəbul İmtahan Komissiyasının Sədr müavini olmaq çox məsuliyyətli bir vəzifə idi. Kazım müəllim adəti üzrə bu vəzifələri də vicdanla, halallıqla icra edirdi. Həmişə olduğu kimi, burada da bilikli, savadlı olanların tərəfini saxlayaraq insanlığı yüksək tuturdu. Bir aylıq keçirilən imtahan ərəfəsində şəhər inspektoru tərəfindən verilmiş xüsusi arayışla Tbilisidə nömrəsiz maşınla gəzib-dolanırdı. Bu hal hökumət tərəfindən təşkil olunmuş bir qanun idi. Onlar Kazım Eyyub oğlu kimi ədalət hakimini rüşvətxor qruplardan belə qoruyurdular. Gürcüstanda Azərbaycan Türklərinə qarşı münasibətlər kəskinləşənə qədər M.Kazım beləcə fəaliyyət göstərirdi. Həmişə vicdanının səsinə haqq qazandırırdı. Milli münasibətlər kəskinləşəndə Kazım müəllim də 1993-cü ildə Bakıya köçdü. 2000-ci ilə qədər kimya-biologiya təmayüllü məktəbdə pedaqoji fəalliyyətdə oldu.2000-ci ildən sonra səhhəti ilə əlaqədar dincəlməyə qərar verib, sevimli peşəsini dayandırdı. Bundan sonrakı həyatını “Qurani-Kərim”in tərcüməsi ilə birlikdə öyrənib oxumağa sərf etdi. Quran oxuyarkən könül rahatlığını tapdığını söyləyir. Deyilənə görə Kazım müəllimin bir “Nur siyahısı” var. Bu siyahıda dünyadan köçmüş bütün qohumlarının, dostlarının, tanışlarının, yaxşı insanların siyahısı var. Tez-tez oxuduğu Yasin surəsinin əcrinini, mükafatını, feyzini öz savabı üçün təmənnasız olaraq siyahıya aldığı cənnət məkanlıların ruhuna bağışlayır. Onu da söyləyirlər ki, gənclik dövründə incə səsi var imiş. Yeri gələndə segah və aşıq mahnıları oxuyurmuş. Tamada kimi idarə etdiyi toy məclislərində arabir segah oxuyaraq məclislərin şənliyini daha da artırarmış.Bəli! Din alimlərinin hədislərinə əsasən yazıram. Qurani-Kərim yer üzünə muğam üstə avazla gəlib. Kazım müəllim də Qurana iki mənalı məqsədlə bağlanıb: 1. İncə avazlı səsi olduğuna görə. 2. Ağır xəstəlikdən Allaha sığınıb, Qurana bağlanıb. Həqiqqətən möcüzə baş verib, o, Quran oxuya-oxuya “propolis” deyilən məhluldan istifadə edərək kəskin xəstəlikdən özü-özünü sağaldıb. Kazım Musayevin doğma qardaş-bacısı olmasa da, Zahid Mahmud oğlu kimi mənəvi qardaşı olduğunu bildirir. Akademik Mədəd Çobanov kimi, filosof Camal Mustafayev kimi, şair Zəlimxan Yaqub kimi, el ağsaqqalı, tanınmış pedaqoq Aydın Kazımoğlu kimi dahilərlə dost olduğunu söyləyir. Deyir ki, Mədəd müəllim ədəbiyyatçı, sadə, xeyirxah, ehtiyacı olana kömək əlini uzadan bir gözəl insan idi. Dədə Camal da saz dəlisiydi. Bir dəfə görüşlərinin birində ürəyinin saz istədiyini deyir. Kazım müəllim saz çala bilmədiyini ancaq segah oxuya bildiyini deyir. Camal dədə israrla “Zəlimxanı mənə yetirin, qoy gəlsin, mənim üçün saz çalsın”, -deyir. Şeiriyyatı bulaq kimi qaynayan Zəlimxan gəlir səhərə qədər çalır, oxuyur, dastan danışır. Camal dədə də nə yemək yeyir, nə su içir, ancaq tələbəsi Zəlimxanı dinləyir və kövrəlib ağlayır. Kazım müəllim şairin “Xatirələr” şeirini əzbər söyləyir. Böyük dahilərimizlə beləcə görüşlər təşkil edir, bədii gecələrdə görüşürlər. Kazım müəllim və ömür-gün yoldaşı Raya xanımın ali təhsilli iki oğlu, iki qızı var. 1. Aidə Kazım qızı Mirzəyeva psixologiya üzrə fəlsəfə doktoru, BDU-nun baş müəllimidir.2. İradə Kazım qızı - biologiya-coğrafiya üzrə müəllimdir.3. Ramil Kazım oğlu - iqtisadçıdır.4. Samir Kazım oğlu - neftçidir, iki ali məktəb - Texniki və İqtisadiyyat universitetlərini bitirib.Həyat nə qədər gözəldirsə o qədər əngəllidir. İnsanlar da o əngəllikləri gözəlləşdirmək üçün arxaya baxmadan çalışır. Bəlli bir yaşdan sonra özündən aslı olmayaraq dayanır. Geri baxanda şərəfli ailəsi olduğunu, mənalı ömür yolu keçdiyini görəndə gülümsəyir... Kazım müəllim kimi.Biz də belə bir gözəl ailəyə Allahdan cansağlığı arzulayırıq, bərəkətli ömür diləyirik!..Sevgül SƏFƏRLİ,“Borçalı” qəzetinin Baş redaktor müavini,ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.