Salidə ŞƏRİFOVA: "S.C.PİŞƏVƏRİNİN “NADİRƏ” ROMANININ JANR XÜSUSİYYƏTİ, PROBLEMATİKASI, OBRAZLARI VƏ BƏDİİ DİLİ" Humanitar elmlər, Elmi Məqalələr, Cənubi Azərbaycan 29 декабря 2023 1482 100 1 2 3 4 5 Salidə ŞƏRİFOVAfilologiya elmləri doktoru,Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi,AMEA-nın professoru,Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüS.C.PİŞƏVƏRİNİN “NADİRƏ” ROMANININ JANR XÜSUSİYYƏTİ, PROBLEMATİKASI, OBRAZLARI VƏ BƏDİİ DİLİGirişSiyasətçi, publisist, jurnalist, İran kommunist partiyasının təsisçisi, Azərbaycan Milli Hökumətinin sədri (1945–1946) Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə, 1892-1947) “Zindan xatirələri dəftərindən” memuar-povesti, “Məhun banu” və “Nadirə” romanları, bir çox müxtəlif felyeton və şeirləri ilə bədii ədəbiyyata imzasını həkk etdirir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda milli-azadlıq hərəkatının Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələnməsi ədibə təsirsiz ötüşmür, bədii yaradıcılığının qayəsinə çevrilir. 21 Azər nehzəti (inqilabı) adı ilə tanınan Azərbaycan Milli Hökümətinin fəaliyyətinin, bu hökümətin apardığı islahatların geniş təbligi üçün S.C.Pişəvəri bədii yaradıcılığa müraciət edir: “Ədəbiyyat tariximizə nəzər saldıqda açıq-aşkar görürük ki, görkəmli ədiblər, yaradıcılığın əksər sahələrində qələmlərini sınamışlar. Siyasi xadimlər, məsələn, N. Nərimanov və S.C. Pişəvəri ictimai-siyasi fikirlərini daha kəsərli söyləmək üçün bədii yaradıcılıqdan mühüm vasitə kimi istifadə etmişlər. Şübhəsiz, hər bir yazıçı məfkurəsinə xas olan fikirləri bədii şəkildə ifadə edir” (Əhmədli, 2014: 198-199).Romanın tədqiqiS.C.Pişəvərinin bədii yaradıcılığının geniş şəkildə tədqiq olunmaması təəssüf doğursa da, acı bir reallıqdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nda, Seyid Cəfər Pişəvərinin seçilmiş əsərlərində, Mirzə İbrahimov, Həmid Məmmədzadə, Sabir Əmrahoğlu, Şövkət Tağıyeva, Mirqasım Çeşmazər, Vüqar Əhməd, Almaz Əliqızı, Əkrəm Rəhimli (Bije) və digər tədqiqatçıların tədqiqatlarında ədibin ədəbi-bədii yaradıcılığına işıq salınır. Həmid Məmmədzadənin “İnqilabçı, jurnalist, yazıçı Pişəvəri” adlı namizədlik dissertasiyası, Vüqar Əhmədin “M.C. Pişəvərinin həyatı, mühiti və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası (həmçinin eyni adlı monoqrafiya), Əkrəm Rəhimlinin (Bije) “Mübarizə burulğanlarında keçən ömür: S.C. Pişəvəri” adlı monoqrafiyası kimi tədqiqatlarda S.C. Pişəvərinin siyasi fəaliyyəti ilə bərabər, bədii yaradıcılığı tədqiq edilərək ictimaiyyətin diqqətinə çatdırılır. Seyid Cəfər Pişəvərinin bədii yaradıcılığından bəhs edərkən, ədəbiyyatşünaslığımızda geniş tədqiqat obyektinə çevrilməyən “Nadirə” romanına toxunmamaq qeyri-mümkündür. Ədibin “Nadirə” romanı irihəcmli nəsr nümunəsi olmasına rəğmən, tədqiqatçıların diqqətindən kənarda qalır. Bu biganəliyi aradan qaldırmaq məqsədilə əsəri janr xüsusiyyəti, problematika, obrazlar və dil baxımından tədqiq etdik. Qeyd etməliyik ki, Seyid Cəfər Pişəvərinin fars dilində qələmə alınmış “Nadirə” romanı Yədulla Kənani (Nəminli) tərəfindən Azərbaycan dilinə tərcümə edilərək oxuculara təqdim edilir. Siyasi xadim kimi tanınan S.C. Pişəvəri iri həcmli nəsr nümunəsində özünün siyasi kursunu əks etdirir. Tədqiqatçıların vurğuladığı kimi, “Nadirə” romanında məhz “...XX əsrin əvvəllərində İranın sosial-siyasi, mədəni mühitində yaşanan ziddiyyətli və eybəcər olaylar, o cümlədən birinci dünya müharibəsinin törətdiyi faciələr inandırıcı, real bədii lövhələrlə oxucuya təqdim olunur. Yazıçının Rza şahın “Qəsri-Qacar” zindanına düşənədək (dekabr, 1930-cu il) şahidi olduğu və müşahidə etdiyi hadisələr məişət çərçivəsindən kənara çıxaraq, cəmiyyətdəki ictimai bəla olan eybəcərliklər, əxlaq və davranışlardakı fərqli cəhətlərin qarşıdurması kimi təsvir olunur” (Nəminli, 2015: 3).S.C.Pişəvərinin bu əsəri ədibin məhbusluq dövrünün əsəri kimi də təqdim edilir: “Əslində onun zindan həyatından bəhs edən bu söhbəti xatirələrdən daha çox bütün varlığını millətinin və vətəninin azadlığı yolunda Prometey kimi alışıb yanan bir insanın 3700 günlük zindan həyatının acı epopeyasıdır. S.C. Pişəvəri əvvəl yatdığı 2 saylı kameradan ikinci qatdakı 7 saylı kameraya köçürülərkən burada savadlı məhbuslara kağız, qələm əldə etmək və qeyri-siyasi məzmunlu kitabları oxumaq imkanı verilirdi. Bu fürsətdən istifadə edən S.C.Pişəvəri “Nadirə”, “Minurə” adlı romanlarını, “Zindan xatirə dəftəri”ni, felyeton, hekayə, şeir və müxtəlif məzmunlu publisist-tənqidi yazılarını məhbusluq dövründə başa çatdırır” (Rəhimli, 2019: 33).Lakin əsəri oxuduqda, tədqiqatçılar tərəfindən əsərin müəllifin həyatını əks etdirməsi məqamını əks etdirmədiyini, müəllifin həyatı ilə sıx bağlı olmadığının da şahidi oluruq.Tədqiqatçılar əsərin avtobioqrafik xarakter daşımasını vurğulayırlar. Məsələn, ictimaiyyətə təqdim edilmiş “Nadirə” romanına ön söz əvəzi olan “Seyid Cəfər Pişəvəri və onun “Nadirə” romanı” yazısında prof. İslam Qəribli əsərin avtobioqrafik olması haqqında fərziyyələrini belə açıqlayır: “S.C. Pişəvərinin həyat yolu, inqilabi və ictimai fəaliyyəti, publisistikası ilə bağlı kifayət qədər məlumatlı olduğumuzdan, qətiyyətlə bildiririk ki, əsər S.C. Pişəvərinin qələminin məhsuludur və bir çox məqamları, xüsusilə Əhmədağa ilə bağlı səhifələr avtobioqrafik xarakter daşıyır” (Qəribli, 2015: 8).Əsərin janr və üslubuna toxunan prof. Vüqar Əhməd romanın həm Şərq, həm də Avropa üslublarının sintezindən yaranması faktını səsləndirir: “Bu romanın üslubu həm Şərq, həm də Avropa romanları üslubunda yazılmışdır. Əsər məhəbbəti tərənnüm edən cəlbedici bir romandır” (Əhmədli, 2014: 205). İddia edilən fikrə nəzər saldıqda, prof. Vüqar Əhmədin “Nadirə” romanını məhəbbəti tərənnüm edən roman kimi təqdim etməsinin şahidi oluruq.Azərbaycan ictimaiyyəti üçün maraq kəsb edən “Nadirə” romanını ana dilimizə tərcümə etmiş Yədulla Kənani qeyd edir ki, “İlk dəfə bu əsəri oxuyanda roman mənə güclü təsir bağışladı. Ona görə də əsəri tərcümə edib, Azərbaycan ictimaiyyətinə çatdırmaq istədim. Azərbaycanda S.C.Pişəvərini siyasi xadim kimi tanıyırlar, amma bədii əsər yazan müəllif kimi yəqin az adamın onun haqqında məlumatı var. Pişəvərinin iki əsəri var: “Nadirə” və “Məhin banu”. Hər iki əsər maraqlı və təsirlidir. “Nadirə” romanı qadın hüquqlarından, daha dəqiqi qadınların hüquqsuzlarından bəhs edən maraqlı əsərdir”. Yədulla Kənani əsərdəki hadisə və obrazları müəllif sənətkarlığının məhsulu kimi dəyərləndirməsi də diqqəti əsərə yönəldir: “Romandakı hadisələr, obrazlar Pişəvəridəki müşahidə qabiliyyətinin, fitri bir istedad və güclü hafizənin olduğuna dəlalət edir” (Nəminli, 2015: 3-4).Romanın janr xüsusiyyəti Romanı mütaliə etdikcə, ayrı-ayrı başlıqlar altında təqdim edilən hadisələrin bir qisminin məktublar vasitəsilə təqdim edilməsinin şahidi olursan. Əsərdə təsvir edilən hadisələrin əksəriyyəti “Nadirənin ilk məktubu”, “Nadirənin üçüncü məktubu”, “Nadirənin beşinci məktubu”, “Nadirənin səkkizinci məktubu”, “Firidunun məktubu”, “Əhmədağanın məktubu” və s. şəklində təqdim edilir. Məktublar vasitəsilə təqdim edilən bu hadisələr Nadirə obrazı ətrafında birləşir. Məktubat şəklində təqdim edilən hadisələrdə Nadirə, Firidun, Əhmədağa, İran xanım və s. ilə bağlı əhvalatlar əksini tapmaqla yanaşı, İran cəmiyyətində baş verən olaylar açıqlanır.Əsərdə Nadirə ilə bağlı hadisələr ən çox epistolyar şəkildə və obrazın xatirələri əsasında təqdim edilir. Nadirənin xatirələrində də məktublaşmalar əksini tapır. Məsələn, Nadirənin xatirələrinin beşinci hissəsində oxucu İran xanımın məktubları ilə tanış olur. Əsərdəki hadisələrin belə təqdimi bizə əsəri epistolyar roman kimi təqdim etməyə əsas verir.Romanda “Nadirənin xatirələrinin birinci hissəsi” (“Uşaqlıq dövrü”), “Nadirənin xatirələrinin ikinci hissəsi” (“Uşaqlıq sevgisi”), “Nadirənin xatirələrinin üçüncü hissəsi” (“Qonaqlıq”), “Nadirənin xatirələrinin dördüncü hissəsi” (“Xoş günlər”), “Nadirənin xatirələrinin beşinci hissəsi” (“Ayrılıq günləri”), “Nadirənin xatirələrinin altıncı hissəsi” (“Yaylaqda”), “Nadirənin xatirələrinin yeddinci hissəsi” (“Firudinin vəsiyyəti”) və s. kimi Nadirənin xatirələri ilə bağlı yazılar müxtəlif hadisələri əhatə edir. Bu hadisələr əsərdə Nadirə ilə bağlı ayrı bir əsər təəssüratı yaradır.Əsərdə Nadirənin xatirələrinin əks etdirilməsi məqamları “çərçivələnmə”ni yada salır. Belə ki, romana kiçik nəsrin əlavəsi zamanı “çərçivələnmış” kompozisiyadan danışmaq olar. “Çərçivələnmə” romanda janr təbiəti ilə seçilən “daxil edilən” hissələrin yaranmasına zəmin yaradır. “Çərçivələnmə”nin polifonik janr xüsusiyyətləri ilə əlaqəsi vardır: romanın polifonikliyi süjet və kompozisiyanın qurulması zamanı müəllifin “çərçivələnmə”yə müraciət etməsinə imkan verir. Çərçivələnmə bədii əsərə daxiledici hissələrin (epizodların) janr əlamətlərinin saxlanılma şərti ilə kontaminasiyasını həyata keçirməyə imkan verir. Çərçivələnmə iki və ya daha artıq janrın konstruksiyalarının vəhdətini nəzərdə tutur, bu zaman “çərçivə”nin aparıcı rolunda əsərin janr konstruksiyası çıxış edir. “Çərçivə” bədii əsərin həm xarici (formal təşkil), həm də bədii daxili (bədii məzmun) sərhədlərini müəyyənləşdirir. Janr tələblərinə qeyri - uyğunluq bu sərhədlərin hüdudlarında baş verə bilər.Romanın süjet xəttinin məktublardan istifadə edilərək qurulması maraq doğurur. İran xanımın Nadirəyə yazdığı məktub romanda məktublardan bir vasitə kimi istifadə edilməsinin başlanğıcı kimi diqqəti cəlb edir. Biz İran xanımın məktubunda Nadirənin tutduğu yolu axıra kimi davam etdirməsi üçün verdiyi məsləhətlərinin şahidi oluruq: “Ümid edirəm ki, təhsil və mütaliəni buraxmayacaqsan. Başqalarının köməyi olmadan savadını artıra biləcəyinə əminəm” (Pişəvəri, 2015: 117). Həmçinin əsərdə Nadirənin məktubları vasitəsilə əsərdəki hadisələrin inkişafını da görürük. “Nadirənin ilk məktubu”nda biz Nadirənin hiss-həyəcanları ilə yanaşı düşüncələri ilə də yaxından tanış olmaq imkanı əldə edirik. Məsələn, Nadirə ilk məktubunda yaşadığı mühitin onu boğduğunu vurğulaması, ümidini itirməməsi kimi məsələlərə aydınlıq gətirir: “...ruhum nə qədər əzab-əziyyət içərisindədir. Gilanın ağır, yorucu və boğucu havasından nəfəsim təngiyir. Özümü işıqlı bir mühitdə təmiz, ulduzları parlayan və göz qamaşdırıcı bir aləmdə görmək istəyirəm. Bir dəfə də olsa işıqlı və geniş üfüqü görmək arzusundayam” (Pişəvəri, 2015: 120-121).Romanda Nadirənin təqdim edilən on məktubunun tam olmadığının, yəni məktublarının natamam olmasının şahidi oluruq. Romanda Nadirənin “ikinci”, “dördüncü”, “altıncı”, “yeddinci” məktubları ilə tanış ola bilmirik. “Nadirənin ilk məktubu”ndan sonra əsərdə “Nadirənin üçüncü məktubu” təqdim edilir.“Nadirənin üçüncü məktubu” başlıqlı bölümdə biz Nadirənin Firudinlə nişanlanması, Firudinin anasının Şəmsülmülukin rəsmi surətdə elçi gəlib Nadirəni istəməsi, Firudinin vərəm xəstəliyinə yoluxması, Nadirənin Firudini vaxtsız itirə bilmək qorxusu bu məktubda yer alır. “Nadirənin beşinci məktubu”nda biz həm Nadirənin anasını, həm də ailə qurduğu Firudini vaxtsız itirməsinin şahidi oluruq. Romanda müəllif nakam ömür yaşamış Firudinin düşüncələrini də məktub şəklində təqdim edir. “Firudinin məktubu” adı ilə təqdim edilən bölümdə biz Firudinin ölüm ayağında olduğunu bilməsinə rəğmən Nadirə ilə evlənməsini, buna görə peşiman olmasını yazdığı məktub vasitəsilə tanış oluruq. Firidunun Nadirəyə ünvanladığı məktubda “Sənə yalvarıram ki, bu böyük günahım üçün məni bağışla. Doğrusu, əgər məni sevirsənsə, bu məktubu oxuduqdan sonra məni həmişəlik unudub gələcək həyatın haqqında düşün...” (Pişəvəri, 2015: 140) kimi istəyi sevən insanın keçirdiyi iztirab və narahatçılığı əks etdirir.“Əhmədağanın məktubu” Əhmədağanın nişanlısı Nadirəyə ünvanlanıb. Biz bu məktubda Nadirənin xeyirxah əməlləri ilə tanış oluruq: “Sizin məktublarınız vasitəsi ilə onlar durmadan bizi xilas etmək üçün gecə-gündüz çalışmışlar” (Pişəvəri, 2015: 251).“Nadirənin xatirələri” (doqquzuncu hissə) bizə bir çox məqamlarla tanış olmağa imkan verir. Məsələn, Nadirənin Firudindən sonra Əhmədağa ilə nişanlanması haqqında məlumat əldə edirik. Müəllif Nadirənin məktublarında onun Firudin və Əhmədağaya olan sevgisinin fərqli xüsusiyyətlərinə aydınlıq gətirir: “Zaman keçdikcə qəlbimdə ona qarşı məhəbbət hissi yaranmağa başladı. Həmçinin ilk görüşdə onun simasını və xasiyyətini bəyənmişdim. Bu yeni məhəbbət əsla Firudinə olan sevgim kimi deyildi.Firudinin sevgisi alovlu və şiddətli, habelə ali hissi olan sevgi idi. Amma Əhmədağaya olan sevgi təbii bir meyl və daxili bir hiss idi. Bu hiss isə ağıl və təcrübə əsasında yaranmışdı” (Pişəvəri, 2015: 254).Bütün bunlar bizə “Nadirə” romanına epistolyar roman nümunəsi kimi nəzər salmağa vadar edir. XVIII əsrdə xüsusi şöhrət qazanmış epistolyar roman roman janrının təşəkkül mərhələsində xüsusi rol oynamış və öz aktuallığını hal-hazırda da itirməmişdir. Romanın məktub janrı ilə janr qarışıqlığı daha çox bədii əsərin mətninə ayrı - ayrı məktubların yerləşdirilməsi ilə həyata keçirilir ki, “Nadirə” romanında da bunu açıq-aydın şəkildə görürük. Epistolyar romanın fərqləndirici cəhəti mətnə məktub parçasının nüfuz etməsi ilə bitmir. Bu tip roman xüsusi epistolyar süjet ilə səciyyələnir. Belə süjet öz ikiliyi ilə seçilir: bir tərəfdən, yazışmalar süjeti, digər tərəfdən, bədii qəhrəmanların bədii varlıqda həyatını açıqlayan süjet. “Nadirə” romanında isə hər iki xüsusiyyətə rast gəlinsə də, bədii qəhrəmanların, yəni Nadirənin həyatını açıqlayan süjet ilə səciyyələnməsinin şahidi oluruq. S.C. Pişəvəri məhz məktublarla Nadirənin daxili aləmini, duyğu və hisslərini, həyəcanlarını əks etdirir.Romanın problematikası S.C.Pişəvərinin “Nadirə” romanında XX əsrin əvvəllərində İranın sosial-siyasi mühitində baş verən hadisələr, Birinci Dünya müharibəsinin törətdiyi faciələr bədii lövhələrlə təqdim edilir. “Əsəri oxuduqca XX əsrin əvvəllərindəki İran mühitinin canlı mənzərələri adamın gözləri qarşısında canlanır” (Qəribli, 2015: 9). Prof. Vüqar Əhməd romanı əhatə edən mövzunun ailəməişət mövzusu olmasını iddia edərək, belə təqdim edir: “Nadirə”də müəllif ictimaiyyətin bütün problemlərini çox ustalıqla oxuculara təqdim edir. Misal üçün, İran ictimaiyyətindən əsərdə bir patriarxal cəmiyyət kimi bəhs olunmaqla onun törətdiyi fəsadlar şərh olunur. Qadın lənətlənmiş bir varlıq olaraq yalnız kişinin ixtiyarında olmalıdır. Hətta onun sevməyə belə ixtiyarı yoxdur. Ailədə kişi hakimi-mütləqdir. Ata qızını kimə istəsə verə bilər. Qadının nə ixtiyarı var ki, sevmədiyi halda etiraz edə bilsin” (Əhmədli, 2014: 205). Romanın problematikasında cəmiyyətdə baş verən sosial-ictimai durumun müəllifin diqqətindən yayınmaması, bu problemi əsərinin problematikasına çevirməsinin şahidi oluruq: “Müəllif qadın problemləri ilə yanaşı, ölkədə aclıq və səfalətin törətdiyi fəlakətlərə, möhtəkir tacirlərin şəxsi mənfəətləri naminə ərzaq mallarını ağır durumda olan xalqdan gizlətdiklərinə, süni şəkildə ərzaq qıtlığı yaratmaqla vəziyyəti daha da ağırlaşdırmaqda oynadıqları rola geniş səhifələr ayırır. O, aclıq və səfalətin insanları bir-birinə necə düşmən etdiyini, heyvaniləşdiyini ürək ağrısı ilə qeyd edir” (Əhmədli, 2014: 205-206). Romanın problematikasında S.C. Pişəvəri bir müəllif kimi ədəbiyyatda baş verən nöqsanları qabardır. Müəllif “...mənasız sözləri, mədhiyyələri və boş qəsidələri alanlar tapılır” deyərək cəmiyyətdə bədii sözə olan biganələyi əks etdirir. Müəllif daha dərinliyə vararaq qeyd edir ki, “Şeir demək elə də çətin bir iş deyil, çünki müasir şairlər bütün qafiyə, vəzn və qayda-qanunları tamamilə pozub aradan aparmışlar. Onlar hətta məna və sənətə də əhəmiyyət vermirlər”. Romanda müasir dövrün təsnifatlarının məna və məzmun gözəlliyindən uzaq olması amili də vurğulanır: “...əminliklə deyə bilərəm ki, bu təsnifatların əksəriyyətinin heç bir məna və məzmunu yoxdur” (Pişəvəri, 2015: 103).Romanın problematikasında qadın azadlığının təbliği geniş yer tutur. S.C.Pişəvəri qadın azadlığı məqamlarına qızların öz istəkləri ilə ailə qurmalarına işarə edərək münasibətini bildirir. Qızların bu yöndə tərbiyə edilmələrinin vacibliyini göstərir. Mirzə Mehdinin “...eşitmişəm ki, Hacı Əbdülsəmədin də gözəl bir qızı var. Fikrimcə, Əhmədağa üçün yaxşı və vəfalı həyat yoldaşı ola bilər. İnanıram ki, Hacı ağa bu xahişimi yerə salmayacaq” (Pişəvəri, 2015: 27). kimi evlilik haqqında olan fikirlərinə Hacı Əbdülsəmədin “...Mənim heç sözüm yoxdur. Amma ola bilsin ki, qızım razılıq verməsin” (Pişəvəri, 2015: 27), Hacı Qasımın “...Mənim üçün bu qohumluq başucalığıdır. Ümid edirəm ki, Əhmədağa da bu qohumluqdan məmnun olacaq” (Pişəvəri, 2015: 28) fikrinə Əhmədağanın “Çox təəssüflə deməliyəm ki, bu haqda heç bir nəzər sahibi deyiləm.Mənim fikrimcə, qız və oğlan hər ikisi müştərək yaşayışları barədə özləri qərar verməlidir” (Pişəvəri, 2015: 28) kimi cavablarında cəmiyyətdə qadın azadlığına olan səsləyiş əksini tapır. Romanda qadınların ailə qurmalarında, özlərinə həmdəm seçmələrində sərbəst ola bilmələrinə şərait yaradılmasına səsləyiş edilir. Bu qadın azadlığını əks etdirən amillərdən biridir. Müəllif romanda qızının bu izdivaca razı olmadığı halda üzüyü geri qaytaracağını səsləndirən Əhmədağanın “Ağalar! Mən bu üzüyü bir şərt ilə qəbul edirəm. Əgər qızım razılıq verməzsə, onu geri qaytaracağam” (Pişəvəri, 2015: 29) fikirləri ataların öz övladlarının seçimlərinə etiraz etməsələr belə, mövcud adət-ənənələrə qətiyyətlə yox deyə bilməmələrini ürək ağrısıyla əks etdirir. Müəllif qızların bu cür ərə verilməsinin mənfur bir əməl olmasını əsərinin qəhrəmanının dili ilə təqdim edir. Müəllif Əhmədağanın daxili monoloqu ilə bu mənfur əməlin mahiyyətini açır: “...Niyə qızının adı məclisdə çəkilən kimi oranı tərk etmədim? Bu iyrənc mühitə lənət olsun. Tüpürüm bu iyrənc və alçaq xasiyyətə!” (Pişəvəri, 2015: 47).Romanda qadınların üzlərini örtmələri məqamına da toxunulur. Mehrəngizin “Ata can, bax bunların üzləri də bağlı deyil. Onlar ancaq başlarını kiçik qırmızı örpəklə-çarqatla örtüblər” (Pişəvəri, 2015: 83) fikrinə Əhmədağanın cavabında müəllif qadınların namuslarının, əxlaqlarının üzlərini qapatmaları ilə bağlı olmamasını vurğulayır: “...İranın bu tərəfində qadınların əksəriyyəti üzlərini örtməyin nə olduğunu bilmirlər. Lakin şəhərli qadınların əksinə onlar hamısı təmiz və pak insanlardır” (Pişəvəri, 2015: 84). Hacı Qasım özünə oğul bildiyi Həsənağanın onun oğlu olmaması da qadınların kölə kimi satılmasının nəticəsi kimi əksini tapır. Belə ki, Əqdəs xanımın atalığı Seyid Atəş Nəsuz (Od yandırmayan seyid) ləqəbli Mollanın təcavüzündən qurtarmaq üçün üzləşdiyi reallıq idi. Yaşadığı cəmiyyətin haqsızlıqlarının qurbanı olmuş Əqdəs xanımın üzləşdiyi mənfur əməllər romanda açıqlanır. Mollanın Əqdəslə əvvəl Süpəhsalar mədrəsəsinin tələbəsi olan taliqanlı gənc Mirzə Məhəmmədəli arasında üç aylıq siğə kəsdirməsi, Əqdəsin bu izdivacdan hamilə qalması, hamiləliyini gizlətmək üçün Hacı Qasımla ailə qurması və s. qadının cəmiyyətdəki azadlığının buxovlandığını əks etdirir. Romanın problematikasında təhsil sisteminə toxunulması, o dövr üçün aktuallıq kəsb edən problem kimi maraq kəsb edir. Romanda qadın əsarətinin onun savadsızlığından irəli gəlməsi məqamına tədqiqatçıların toxunması diqqəti cəlb edir: “Əsərdə qadın savadsızlığının cəmiyyətdə törətdiyi fəsadlar bütün incəlikləriylə şərh edilir və qadınların təhsilə yiyələnməsi birinci vəzifə olaraq təsvir edilir. Ümumiyyətlə, əsərdə maarifçilik ideyaları geniş yer tutur” (Əhmədli, 2014: 205). Əsərin baş qəhrəmanı Nadirənin uşaqlıq xatirələrindən bəhs edən bölümdə təhsillə bağlı olan problem əksini tapır: “Səkkiz yaşında olarkən məni bir molla bacının yanında mədrəsəyə qoydular. Orada Qurani-kərimi öyrənməklə məşğul oldum. Molla bacı çox bəd əxlaq və acıdil bir qadın idi. 40 nəfərə yaxın oğlan və qızdan ibarət olan mədrəsə şagirdləri – hamımız ondan qorxurduq. Çünki hər bir kiçik qüsur və günah üçün bizi çubuqla döyür və ya falaqqaya salırdı. 11-12 yaçlı iki oğlan uşaqları vasitəsi ilə (onlara xəlifə deyirdilər - S.C.P.) rəhm etmədən günahkar şagirdləri cəzalandırırdı” (Pişəvəri, 2015: 93). Romanda Nadirənin Şəmsülmülkün ona qoyduğu mirasla qız məktəbini təsis etməsi, bu məktəbdə məsum və günahsız varlıqların təhsil almasına yardım etməsi müəllifin istək və arzularının reallaşmasına olan ümidlərini əks etdirir. Nadirənin təsis etdiyi bu məktəbdə dərs deməsi qadınların tərəqqi etməsinə müəllifin ümidlərinin reallaşacağına inamıdır: “Dördüncü sinfə özüm dərs deyirəm. 70 nəfərdən çox şagirdimiz var” (Pişəvəri, 2015: 142). Əsərin problematikasında müəllif tərəfindən insanın düşkünlük kimi aludəçiliyi incəliklə açıqlanır. İnsanda hər hansı bir əşyaya, hadisəyə, şəxsə və s. bağlılığını düşkünlük kimi təqdim edən müəllif, bunun həddən artıq olmasını xəstəliyə çevrilməsini göstərir. Məsələn, müəllif bu məqamı konkret şəkildə izah edir: “düşkünlük qəribə və çətin bir şeydir. Ona giriftar olan yaxasını çətin qurtara bilər” (Pişəvəri, 2015: 221), “...düşkünlər müxtəlifdir və hər insan bir işin düşkünü ola bilər” (Pişəvəri, 2015: 223). Müəllif hətta düşkün insanları qruplaşdıraraq təqdim edir. Onların, qadın düşkünü, quşbaz, atbaz, ov düşkünü, qumarbaz, siğə düşkünü və s. olmalarını göstərir. Maraqlı məqam isə romanda həmin düşkünlərin xarakterik xüsusiyyətlərinə aydınlıq gətirilməsidir. S.C. Pişəvəri cəmiyyətin probleminə çevrilmiş düşkünlüyün mənfi və müsbət cəhətlərə malik olmasına toxunur. Müəllifin arvadbazlar haqqında düşüncələri də romanda maraq kəsb edir: “arvadbazlar başqalarına nisbətdə çoxluq təşkil edirlər. Onların əxlaq və davranışları məkan və zamanın şəraitinə uyğun dəyişir” (Pişəvəri, 2015: 223). Müəllif bu insanların ruhi xəstə olmalarını onların davranışları ilə əks etdirir: “...bir xanımın dalınca düşürlər. Onların işi arvadlara bir sıra iyrənc atmaca atmaqdan ibarət olur. Cavabında söyüş və ya lazımı sözləri eşidirlər. Bu iyrənc adamlar belə işlərdən nəşələnirlər” (Pişəvəri, 2015: 223). Müəllifin romanın problematikasında qaldırdığı insan düşkünlüyünü əks etdirməklə, onun fərdlərin özlərinə vurduğu zərbə olması ilə yanaşı, cəmiyyətin təkamülünə vurulan zərbə kimi də dəyərləndirir. Oxucularını romanın problematikasında qaldırılmış bu bəladan qurtulmağa çağırış edir. Əsərin problematikasında müəllifin hadisələrə fəlsəfi fikirlərini səsləndirməsi maraq kəsb edir. Məsələn, müəllifin ictimaiyyətdə insanların istək və arzularının olması məqamına aydınlıq gətirərkən fəlsəfi yanaşması diqqəti cəlb edır. S.C. Pişəvərinin “ictimaiyyətdə hər bir şəxsin öz arzu və istəkləri vardır. Amma ictimai mühit kimsənin meyil və iradəsinə tabe olmur. O, öz təbii axarı ilə gedir. İnsanlar mühitin hökmü ilə ya xoşbəxt olur və ya da bədbəxt olurlar. İnsanların istək və arzuları isə gülünc və təzadlı zəmin əsasında gercəkləşir” (Pişəvəri, 2015: 36) kimi fəlsəfi yanaşması diqqətdən yayınmır. Yazıçının insanların hansı arzu və istək düşkünü olması da fəlsəfi baxışdan açıqlanır. Bu məqam artıq müəllifin həyat təcrübələrini əks etdirən bir məqam kimi diqqəti cəlb edir: “Birisi ev, mülk, digəri vəzifə arzusundadır. Üçüncüsü isə şöhrət və vəzifə hərisidir. Kimsə başqasının arzu və istəyi üçün öz istəyindən vaz keçib, yaxud başqalarının məhrumiyyət və bədbəxtliklərinə acıyan deyil. Hamı öz arzusuna çatmaq istəyir. Hətta, bu arzu yüzlərcə insanların məhrumiyyət və ziyanı hesabına başa gəlsə belə” (Pişəvəri, 2015: 37). S.C. Pişəvəri romanın problematikasında ictimai-sosial hadisələrə fəlsəfi yanaşmasını tez-tez sərgiləyir. Onun təsvir etdiyi hadisələrin fəlsəfi anlamda açıqlanması qoyulan problemlərin böyüklüyünü və vacibliyini əks etdirir. Müəllif insanları, ümumiyyətlə, bütün cəmiyyətin probleminə çevrilmiş məqamları fəlsəfi yanaşması ilə izah edir. Məsələn, müəllifin insanların çarəsiz və aciz olmaları məqamına fəlsəfi yanaşması romanda diqqətdən yayınmır: “Bəli, insan çarəsiz və acizdir. İnsan təkcə öz gücünə söykənə bilməz. İnsan ictimai mühitin dəmir iradəsinə tabedir. Lazımı şərait olmadan ağıl və şüur heç bir işi görməyə qadir deyil” (Pişəvəri, 2015: 46). Romanın problematikasında müəllifin fəlsəfi düşüncələri xoşbəxtlik və bədbəxtlik məfhumlarının izah edilməsində də əksini tapır. Əhmədağanın qızı Mehrəngizlə dialoqunda bu problem müəllif tərəfindən işıqlandırılır. Əhmədağanın “...dünyada xoşbəxtlik və ya bədbəxtlik əbədi olmayıb, olmayacaq. Bəlkə xoşbəxtlik anları nisbi anlar olur. Həmçinin bədbəxtlik də nisbidir” kimi düşüncələrinə Mehrəngizin etiraz etməsi bu məsələnin hələ də dəqiq həllini tapmadığını göstərir. Mehrəngizin atasının fikirlərinin əksinə olaraq, xoşbəxtliyi əbədi və mütləq hesab etməsi, yəni “...dünyada əbədi və mütləq xoşbəxtlik olmalıdır” (Pişəvəri, 2015: 85) fikri onun həyatın sınağından çıxmamasını əks etdirir. Əhmədağanın “...İnsanın bütün xoşbəxtliyi, yaxud bədbəxtliyi müvəqqəti və dəyişməkdədir” (Pişəvəri, 2015: 85) fikirləri isə həyatın hər sınağından çıxmış bir insanın gəldiyi nəticə kimi dəyərləndirilir.Romanda obrazlar qalereyasıC.Pişəvərinin “Nadirə” romanının obrazlar qalereyası həyat hadisələrini tam şəkildə əks etdirir. Müəllif əsərdə İran ictimaiyyətindəki eyni sinfin müxtəlif tərz-təfəkkürünə malik olan nümayəndələrinə məxsus tipik xarakterlərini ustalıqla yaradır. “Yazıçının əsərində yaratdığı obrazlar, müəllif təhkiyəsindən göründüyü kimi, onun özünün həyatda yaxından tanıdığı, müşahidə etdiyi adamlardır” (Qəribli, 2015: 9).S.C.Pişəvəri əsərdə təqdim etdiyi obrazları həm məhdud, həm də geniş mənada təqdim edir. Məhdud mənada təqdim etdiyi obrazlar konkret şəxsləri bildirdiyi üçün əsərdə bir obrazı deyil, bir neçə obrazı əhatə etməsi ilə də diqqəti cəlb edir. Məsələn, yazıçının yaratmış olduğu Nadirə obrazı məhdud mənada təqdim edilir. Bu obraz həm də müəllif cəsarətini Nadirənin simasında əks etdirir: “Pişəvəri bu romanda XX əsrin əvvəllərində İran kimi geri qalmış patriarxal ölkədə düşüncəli gənc bir qadın qəhrəman obrazında ictimaiyyətə təqdim etməsi özü o dövrkü İranın bədii ədəbiyyatında yenilik olmaqla bərabər, bir yazıçı cəsarəti demək idi” (Nəminli, 2015: 4). Qeyd etmək lazımdır ki, yazıçı yalnız müsbət keyfiyyətlərə malik obrazlar deyil, həm də mənfi xüsusiyyətləri özündə cəmləşdirən surətlər yaradır: “...Bir neçə obrazı çıxmaqla əksər obrazlar mənfi planda verilmişdir” (Qəribli, 2015: 9). Həmin surətlərin əsərdə irəli sürülən mütərəqqi ideyalara qarşı çıxan, şəxsi mənafeyini xalqın, doğma insanların mənafeyindən üstün tutmaları özünü göstərir. “Nadirə” romanında obrazların müsbət və mənfi şəkildə təqdim edilməsinə rəğmən, əsərdə daha çox mənfi obrazlara üstünlük verilməsi diqqətdən yayınmır.Əsərdə qadın obrazlarına geniş yer ayrılması tədqiqatçılar tərəfindən vurğulanır. Məsələn, prof. Vüqar Əhməd qeyd edir ki, ““Nadirə” romanında Pişəvəri XX əsrin birinci onilliyində ölkənin fəlakətli vəziyyətini Nadirə adlı bir qadının dili ilə gözəl və axıcı şəkildə farsca şərh edir. Nadirə obrazı o dövrkü ziyalı bir qadın simasını canlandırır. Bu qadın bir tacir ailəsində dünyaya göz açıb. O da o dövrün başqa qadınları kimi heç bir hüquqa malik deyil” (Əhmədli, 2014: 204). Vurğulamaq lazımdır ki, Nadirə əsərdə təsvir edilən hadisələrin mərkəzində dayanan bir obraz kimi, yazıçının təlqin etdiyi ideya və düşüncələrin əsas ifadəçisi kimi özünü göstərir.S.C.Pişəvəri əsərdə tacir Hacı Əbdülsəmədin qızı Nadirə, Nadirənin anası İzzət, Nadirənin təqribən özü yaşda olan ögey anası Məhcəb, Nadirəyə fars, ingilis, fransız dillərinin öyrənməsinə yardım edən İran, 50 yaşlı Hacı Qasımla ailə qurmuş 20 yaşlı Gülsüm, Bibixanımla ona xəyanət edən Məşədi Hüseynin arvadı Mahtaban, Hacı Qasımın qızı İffət, Əhməd Tehraninin və fransız Elizabetin qızı Mehrəngiz, cəsarəti ilə seçilən Mina kimi obrazların timsalında qadınların nakam sevgilərini, sevdikləri insanların adlarını bəyan etməyə cəsarətləri olmayan obrazlar kimi təqdim edilməsi cəmiyyətdə baş verən deformasiyaları əks etdirir. Müəllif təqdim etdiyi qadın obrazları vasitəsilə onların mənəvi cəhətdən qul olmasına, azadlıqdan məhrum olmalarına diqqət yönəldir. Məsələn, əsərdə Nadirə obrazının müxtəlif şəkildə təqdim edilməsi diqqətdən yayınmır. Prof. İslam Qəribli “müsbət idealın daşıyıcısı” olan bu obrazın əsərdə heç də eyni xətdə inkişaf etmədiyini göstərir: “Əsərin ilk fəsillərində yazıq, utancaq və bir qədər də adamayovuşmaz bir qız kimi təqdim olunan Nadirəni müəllif müxtəlif vəziyyətlərdə, daimi inkişafda verərək, onu savadlı, inkişaf etmiş obraz səviyyəsinə qaldırır” (Qəribli, 2015: 10). Nadirə obrazının real həyatdan götürülməsi tədqiqatçılar tərəfindən iddia edilir. Məsələn, prof. İslam Qəribli Nadirə obrazının real həyatdan götürülməsini vurğulayır, lakin bunu əsaslandırmır: “Yazıçının əsərində (“Nadirə”-S.Ş.) yaratdığı obrazlar, müəllif təhkiyəsindən göründüyü kimi, onun özünün həyatda yaxından tanıdığı, müşahidə etdiyi adamlardır” (Qəribli, 2015: 9). Əsərdə Hacı Qasım Gülpayqani, Hacı Əbdülsəməd, Mirzə Mehdi, Həsənağa, Əhmədağa, Firidun, Mirzə Ələmdar, Mirzə Mehdinin oğlu Ağadadaş, Abbas (Rza Yəzdi), vəkil Aftab, Qara Bəşir və digər obrazlar diqqəti cəlb edir. Əsərdəki Hacı Qasım obrazı “mənfəətpərəst İran tacirlərinin ümumiləşdirilmiş” (Qəribli, 2015: 9) obrazı kimi təqdim edilir: “Hacı Qasım, onun kimi düşünüb onun kimi hərəkət edən tacir təbəqəsinin millətin irz və namusunu belə murdar nəfslərini söndürmək üçün oyun-oyuncağa döndərməsi, ailələrdəki başı pozuqluq, namussuzluq satirik boyalarla verilir və ailədaxili münasibətlər, əslində ümumiran müstəvisində həll olunaraq İranın ictimai və sosial vəziyyəti barədə dolğun təsəvvür yaradır” (Qəribli, 2015: 9). Yazıçı təqdim etdiyi obrazların daxili aləmlərini və onlara məxsus fərdi xüsusiyyətləri əksər zaman əsərdə təqdim edilən digər obrazların dili ilə oxucuya açıqlayır. Məsələn, Hacı Qasımın dili ilə biz Mirzə Mehdinin necə bir insan olması haqqında təsəvvür əldə edirik: “...Mirzə Mehdini yaxşı tanıyıram, çox bic və hiyləgər adamdır” (Pişəvəri, 2015: 17). Əsərdə obrazların belə tanıdılması tez-tez özünü büruzə verir. S.C. Pişəvəri cəmiyyətdə yetişən gənclərin bir qisminin düzgün həyat tərzi yaşadıqlarını açıqlayaraq, onların ümumiləşdirilmiş obrazını yaradır: “Son vaxtlar Tehranın iyrənc mühiti bir sıra prinsipsiz və heç bir qanuna riayət etməyən cavanlar tərbiyə etmişdir. Onlar dini, əqidəni, vicdanı paklığı, düzlüyü, etikanı və başqa bu kimi ibarələrin mahiyyətini dərk etməyərək bütün alçaqlıqların ardınca getmişlər” (Pişəvəri, 2015: 228). Müəllif konkret şəkildə onların hansı amala xidmət etmələrini də açıqlayır: “Onlar fahişəlik, pozğunluq və namussuzluq ardınca qaçmışlar. Bir sözlə, onlar qeyrətsiz adamlardır” (Pişəvəri, 2015: 229). S.C. Pişəvərinin öz ideya və düşüncələrini obrazlar vasitəsilə təqdim etməsi romanda özünü göstərir. Bir məqamı da vurğulamaq lazımdır ki, müəllif bəzən öz ideya və düşüncəsini obrazların adında da təqdim edir. Məsələn, əsərdəki qadın obrazları içərisində cəsarəti və azad düşüncələri ilə fərqlənən İran xanımın obrazı diqqəti cəlb edir. Müəllifin “İran xanım” kimi təqdim etdiyi bu obrazın azad düşüncəli olması simvolik məna daşıyır. İran adı ilə adlandırılan bu xanımın azad düşüncəli olması onun səsləndirdiyi “bizim təkamül və sivilizasiya karvanından geri qaldığımızı hamınız bilirsiniz. Təkcə qadınlar deyil, hətta kişilər də geri qalmışlar. Bunu da qeyd edim ki, yalnız avam, savadsız və əski adamlar deyil, savadlı, Avropa görmüş insanlarımız da həm mənən, həm də cismən tərbiyələnməlidirlər...” kimi fikirlərində əksini tapır. Onun fikirlərində İran cəmiyyətinin yenidən dəyişilməsinə çağırış özünü göstərir. Müəllif İran xanımın uzaqgörənliyini onun cümlələri ilə də ifadə edir. İran xanımın “...sivilizasiya. inkişaf və yenilik ancaq çadranı atıb, bəzənib, eyş-işrət ardınca getmək deyil” (Pişəvəri, 2015: 108) kimi ciddi yanaşmaları ilə də sosial-ictimai problemlərə diqqət yönəltməyə çağırış edir. Müəllif əsərdə cəsarəti və azad düşüncəsi ilə fərqlənən İran xanımın simasında İranın azad düşüncəli və cəsarətli vətəndaşları olan bir dövlətə çevriləcəyinə olan ümidini təbliğ edir.Romanın bədii diliS.C. Pişəvərinin “Nadirə” romanının ana dilimizə tərcümə edilərək təqdim edilməsi baxımından, əsərin bədii dili haqqında ətraflı fikir yürütmək çətinlik yaradır. “Nadirə” romanının fars dilindən Azərbaycan dilinə tərcümə edilməsini nəzərə alaraq, əsərin bədii dilinin incəliklərinə varmaq mümkün deyil. Buna baxmayaraq, ana dilimizdə təqdim edilən romanda istifadə edilən terminlər, atalar sözləri və məsəllərin işlənilməsi, obrazların təqdimi zamanı monoloq və dialoqların təqdimi əsərin bədii dilinin zənginliyini əks etdirir. Romanın bədii dilində müəllifin işlətdiyi terminlərin işlənilməsi diqqətdən yayınmır. Belə ki, əsərin “Ata, oğul, mirzə” başlıqlı bölümündə Hacı Qasımın oğlu Həsənağaya verdiyi məsləhətdə terminlərin işlənilməsi zənginliyi ilə diqqəti cəlb edir. Hacı Qasımın istifadə etdiyi “idxal və ixrac” ifadələrinə diqqət yetirək: “Oğul, idxal və ixrac üçün sənə bir ticarət mərkəzi açmağı nəzərdə tutmuşam” (Pişəvəri, 2015: 13). Müəllifin istifadə etdiyi idxal və ixrac iqtisadi terminləri oxucunun diqqətini özünə yönəldir. Bəllidir ki, idxal bir ölkəyə başqa ölkələrdən mal gətirilməsi, xaricdən mal idxalıdırsa, ixrac isə satış üçün xarici ölkələrə mal göndərilməsi, xarici bazarlara mal ixracıdır. Müəllifin işlətdiyi terminlərə diqqət yetirək: “Rusofillər, anglofillər, almanofillər, islam tərəfdarları, demokratlar və əks demokratlar, sosialistlər, mürtəcelər, radikallar və s.” (Pişəvəri, 2015: 187) Müəllif romanda oxucu üçün maraq kəsb edən həmin terminlərin də izahını verir. Rusofillərin – rus tərəfdarları, anglofillərin – ingilis tərəfdarları, almanofillərin isə – alman tərəfdarları olması kimi qısa izah əksini tapır. S.C. Pişəvəri əsərdə müxtəlif elm sahələrinə aid sözləri təqdim etdiyi obrazların dili ilə təqdim edir. Müəllif məhz ticarət işlərinin aparılmasını, şirkət yaradılmasının incəlikləri kimi məqamları obrazların dili ilə göstərir. Məsələn, Mirzə Mehdinin dili ilə şirkət yaradılmasının incə məqamlarına aydınlıq gətirilir, bunun cəmiyyətdəki sosial-siyasi vəziyyətlə də əlaqədar olması vurğulanır: “...ölkənin bugünkü vəziyyətini nəzərə alaraq, ərzaq toplamaq məqsədilə dördümüz birgə şirkət yaratmalıyıq. Bu işin (ərzağın alınması) başlanması, yəni şirkətin nizamnamə kapitalı üçün Mazandarandan 200 xarvar (çəki vahidi – 300 kq) və Gilandan isə 100 ton düyünün alınıb şirkətin ixtiyarına verilməsi Hacı Əbdülsəmədin öhdəsində olmalıdır. İki ay müddətində Hacı Qasım 300 xarvar buğdanı Tehranda təhvil verməlidir. Mən də İsfahanda 400 xarvar buğda və arpa toplamalıyam. Əhmədağa da sabahdan var-dövlətini şirkətin ixtiyarında qoymalıdır. Nizamnamə kapitalı 80.000 tümən olmaqla təsisçılər heyətinin hər birisin payı 20.000 tümən nəzərdə tutulur. Şirkətin bütün idarə işləri bu dörd nəfərin razılığı ilə yerinə yetirilməlidir” (Pişəvəri, 2015: 2324). Müəllif əsərdə fikir və düşüncələrini ifadə etmək üçün terminlərə zəruri hal kimi müraciət edir.Əsərdə dialoqların, monoloqların işlənilməsi diqqətdən yayınmır. Müəllif dialoqlar vasitəsilə insanların daxili keyfiyyətlərini, düşüncələrini, ətrafdakılarına münasibətlərini və s. əks etdirir. Romanda Hacı Qasımla oğlu Həsənağanın, Hacı Qasımla Mirzə Ələmdarın və digər obrazların dialoqları maraq doğurur. Məsələn, Hacı Qasımın hesabat işlərini görən Mirzə Ələmdarla dialoqlarından birinə diqqət yetirək: “Ələmdar: Günortaya yaxın bir gövdəli adam gəlib sizi soruşaraq dedi ki, Hacı ilə işim var. Fikrimcə, adı da Hacı Əbdülsəməd Rəşti idi. Hacı Qasım: Aha! Tanıdım, kök və gövdəli adam... Yəqin ki, siqaret də çəkir, yaxud bir şey yeyirdi. Gülmürdü ki? Ələmdar: – Təsadüfən hər üç işi də görürdü. Oturan kimi siqaret çəkdi. Hər sözdən sonra gülürdü. Gedəndə də ağzı işləyirdi, elə bil, nəsə yeyirdi. Hacı Qasım: Rəşt əhalisinin bəziləri axmaq adamlardı. Xüsusilə, yaşlı, qərbpərəst hacıları nəzərdə tuturam. Yaşlarının bu vaxtlarında qalstuk taxmaqdan və ətir vurmaqdan xoşları gəlir. Yaxşı, nə deyirdi? Ələmdar: Sizinlə vacib işi olduğunu dedi. Xarici İşlər Nazirliyinin işçisi Cəmşid xanın evində qaldığını söylədi. Dedi ki, nə vaxt istəsəniz ona telefon aça bilərsiniz. Telefon nömrəsi... Hacı Qasım: Çox yaxşı, sabah səhər tezdən ona zəng vurub deyərsən ki, gəlib məni görsün. Axmaq olduğuna baxmayaraq, pis adam deyil. İşləri də yaxşı gedir. Daha nə xəbər?” (Pişəvəri, 2015: 17-18)Romanda dialoqların çoxluğu diqqətdən yayınmır. Dialoqlar vasitəsilə müəllif həm də təqdim etdiyi obrazların daxili aləmlərini göstərir. Məsələn, ögey qardaşlar olan Əhmədağa və Hüşəngin dialoqlarında biz bu insanların həm mənəvi, həm də daxili aləmləri ilə yaxından tanış oluruq. Bundan əlavə onların xarakterik xüsusiyyətləri də özünü göstərir. Əhmədağanın “Əzizim! Bu qərarımda mənimlə həməqidə olmadığını bilirəm. Amma xahiş edirəm məni razı salıb və öz qərarımdan vaz keçirməyə çalışma. Çünki çox zəhmətdən və əziyyətdən sonra bu qərara gəlmişəm...” (Pişəvəri, 2015: 65) fikirlərinə hörmətlə yanaşması və “hörmətli ağa! Mən sənin sözünün qarşısında nə deyə bilərəm. Siz yaxşı bilirsiniz ki, mən həmişə tapşırıqlarınıza tabe olmuşam və olacağam. İndi ki, belə qərara gəlibsiniz, mənə tapşırılan vəzifəni yerinə yetirməyə hazıram...” (Pişəvəri, 2015: 66) cavabı oxucunu bu iki şəxs arasındakı dialoqlara diqqət yetirməyə vadar edir. Dialoq şəklində təqdim edilən bu fikir mübadilələrində ögey qardaşların bir-birilərinə olan inamları, etibarları, insani münasibətləri və s. yer alır. Bu dialoqlar vasitəsilə Hüşəng və Əhmədağanın bir-birilərinə bağlı olmalarının, böyük-kiçik yerini bilmələrinin, hörmətlərini saxlamalarının da şahidi oluruq. S.C.Pişəvərinin əsərdə istifadə etdiyi monoloqlar da maraq doğurur. Təqdim etdiyi obrazların öz-özünə, təkbaşına danışmaları ilə müəllif onların xarakterlərini açmaqla yanaşı, romanın ideyasının oxucusuna çatdırılmasına yardım edir. Məsələn, Hacı Qasımın daxili monoloqunda biz əsərdəki obrazların xarakterik xüsusiyyətləri ilə yaxından tanış oluruq: “Hacı da qəlyanın müştüyünü dərindən sümürərək Mirzə Ələmdarın arıq barmaqlarına baxa-baxa özü-özünə dedi: Deməli, Həsən də yola gəldi. Böyük oğlum Heydərəli öz işlərində gözüaçıq və diqqətli olsa da, etiraf etməliyəm ki, işin bütün ağırlığı bu eynəkli qocanın çiynindədir. Əgər bu kişi olmasa, bütün işlərim bir-birinə qarışar. Camaat nə qədər boşboğazlıq edir-etsin, mən keçmiş atababa adət-ənənələrindən əl çəkməyəcəyəm. Mirzə Ələmdarın bu rəngli qələmi, mürəkkəbqabısı və soğan rəngli cildli dəftəri mənə xeyir-bərəkət gətirir. Mən bu arıq əba-qəba geymiş adamın bir tükünü minlərlə qərbpərəst qalstuklu cavanlara dəyişmərəm. Qoy onlar gəlinciklər kimi bəzənib saçlarını tumarlasınlar. Qoy bu qərbpərəstlər boş başlarını üç, yaxud altı aylıq və ya illik intizamsız hesabat dəftərlərinin içərisində itirsinlər. Mən Mirzə Ələmdarın işini bəyənib və onun hesabat dəftərlərini müqəddəs sayıram. İndi deyin görüm, onların müxtəlif dəftərlərindəki yazılarından baş açmaq olar? Halbuki tez bir zamanda Mirzə Ələmdarın dəftərindən hər cür hesabatı öyrənmək olar. İşlərinin ləng olmasına baxmayaraq, onların maaşları yüksək olur. Amma Mirzə Ələmdar on beş tümən maaşla həm katiblik, həm hesabat işlərimi görür və həm də idarənin xidmətkarıdır. Deməli, mən gərək o qədər ağılsız olum ki, onun qızıldan qiymətli barmaqlarının qədrini bilməyim. Camaat deyir ki, Ələmdar ağılsızdır. Amma mən ondan ağıllı işçi tapa bilmirəm. On beş il sərasər bu peşədə işləməsi və mənim kimi adamın etibarını qazanması onun ağıllı olmasına dəlalət edir” (Pişəvəri, 2015: 17-18). Romanda Əhmədağanın monoloqu vasitəsilə oxucular obrazın daxili aləmini, narahatlığını, həyəcanını anlayır. Müəllif bu obrazın monoloqu ilə cəmiyyətdəki nöqsanlara, baş verən ədalətsizliklərə, insanların məhvinə düçar olan amillərə və s. aydınlıq gətirir. Hətta Əhmədağanın monoloqunda qızını sevən, ona bağlı olan, dəyər verən bir atanın obrazı canlanır: “Onların təkliflərinin heç birini də qəbul etmək olmaz. Xüsusilə Mehrəngizi ərə vermək təklifini. Bu işi bacarmaram. Axı, onun gözəl gözlərinə necə baxa bilərəm?! Hansı üzlə deyə bilərəm ki, Mehrəngiz, sənin xəbərin olmadan və heç bir məşvərət etmədən, səni tanımadığım bir şəxslə evləndirim?!... …Yox! Allaha and olsun ki, mən belə bir iyrənc xasiyyətdən on min kilometrlər uzağam. Mən xudbin və özünü sevən adam deyiləm. Mən gözümün işığı və ürəyimin bəndi olan qızımı sevirəm” (Pişəvəri, 2015: 48). Qara Bəşirin monoloqunda insanların əxlaqi dəyərləri, həyat amalı haqqında düşüncələri yer alır: “Qəribə alçaq və rəzil adamlarıq! Bu iyrənc işlər nəyə lazımdır? İnsan şəhvətinin qarşısında niyə bu qədər zəif və iradəsiz olmalıdır? İnsan nə üçün nəfsini cilovlaya bilmir?” (Pişəvəri, 2015: 291).Qara Bəşirin Mehrəngizə aşiq olmasını özü üçün əlçatmaz olmasını anlaması bu insanın cəmiyyətdə yerini bilməsindən irəli gəlir. Qara Bəşir öz monoloqunda bu məqama aydınlıq gətirir: “Camaat axmaq deyil. Mütləq məni ələ salacaqlar. Onlar mənim pak, riyasız və ruhani sevgimi başa düşməyəcəklər. Onlar mənim ona pərəstiş etdiyimi ötəri bir həvəs kimi qəbul edəcəklər. Mən o qədər aciz bir məxluqam ki, o müqəddəs varlığı sevməyə haqqım yoxdur. Onu sevməyi dilə gətirmək belə xəta sayılır. Mənim kimi bir qara bədbəxt onu necə sevə bilər? Mən ancaq düşünə bilirəm ki, o, mənim ilahəmdir və mən onun aciz bir köləsiyəm…” (Pişəvəri, 2015: 292).Romanda obrazların danışıqlarının dialoqlar və monoloqlar üzərində qurularaq təqdim edilməsi əsərin dilinə ağırlıq gətirmir, əksinə romanda təqdim edilən obrazın xasiyyətinin, xarakterinin və s. geniş şəkildə açıqlanmasına yardım edir. Romanın bədii dilində tez-tez atalar sözü və məsəllərə müraciət edilməsi maraq kəsb edir. Müəllifin əsərdə istifadə etdiyi atalar sözləri məqamında işlədilməsi ilə diqqəti cəlb edir. “Diş verən, çörəyin də verər” (Pişəvəri, 2015: 20) atalar sözü Hacı Qasımın Mirzə Ələmdarın dünyaya yeni gələn qız körpəsi üçün işlətdiyi ifadədir. Romanda Mirzə Mehdinin dili ilə təqdim edilən atalar sözü də oxucunu düşünməyə vadar edir: “Rüsvay olmaq istəmirsənsə, camaata uyğunlaşmalısan” (Pişəvəri, 2015: 26). Müəllif istifadə etdiyi atalar sözlərinin əsas məğzlərini də romanda açıqlayır. İstifadə etdiyi “Rüsvay olmaq istəmirsənsə, camaata uyğunlaşmalısan” atalar sözünün izahını Hacı Qasımın dili ilə təqdim edir: “Həqiqətən, doğru deyirsiniz. Biz gərək ata-babalarımızın adət-ənənəsini müqəddəs bilib onların əksinə əməl etməyək” (Pişəvəri, 2015: 26). Müəllif əsərdə firma yaratmaq sahəsində qüvvələrin birləşdirilməsini təqdir etməsini Əhmədağanın dili ilə təqdim edir. Bu təqdimat atalar sözləri ilə ifadə olunur: “Firma təsis etmək çox yaxşı işdir! Güc birlikdədir” (Pişəvəri, 2015: 47). Romanda frazeoloji birləşmələrə tez-tez müraciət edən müəllif, bunu məqsədli şəkildə həyata keçirir. Çünki müəllifin istifadə etdiyi atalar sözləri və məsəllər həm obrazların daxili aləmini, həm onların hərəkət və əməllərini aydın şəkildə oxucuya çatdırılmasına xidmət edir. Məsələn, Bibixanımın məşədi Hüseynlə dialoqunda ona olan yalvarışlarında bu qadının nitqində xalqın yaddaşında yer tutan frazeoloji birləşmələrə müraciət etməsi əksini tapır: “...gəl daşı ətəyindən tök”. Müəllifin istifadə etdiyi “daşı ətəyindən tök” (Pişəvəri, 2015: 36) frazeoloji birləşmə məhz hər hansı bir şəxsin fikrindən daşınmasını, rəyini dəyişməsini, görmək istədiyi bir işdən vaz keçməsini və s. əks etdirir.S.C.Pişəvəri romanda “Ot öz kökü üzərində bitər”, “farslar demişkən “Söhrabın ölümündən sonra, dərman gətirməkdir” və s. şəkillərdə atalar sözlərindən istifadə edir.Müəllifin romanda istifadə etdiyi məsəllər maraq doğurur: “Həm Allahı istəyirsiniz, həm də xurmanı” (Pişəvəri, 2015: 191). Əsərdə istifadə edilən məsəllər həm də müəllif düşüncələrini ifadə edir.Romanda “şərafətli və nəcib, sakit, təmiz, məlumatlı və alim bir insan” olan “Əhmədağa haqqında müasir tacirlərin təəssüf hissi ilə söylədikləri” fikirlərdə onun qərbyönlü olması ucbatından iflasa uğramasını və bu səbəbdəndə “ayağını yorğana görə uzatmayanların cəzası budur!” (Pişəvəri, 2015: 212) deyərək onun əməllərini atalar sözü ilə dəyərləndirməyə cəhd etmələrində atalar sözlərinə müraciətin şahidi oluruq.Romanda çarəsiz vəziyyətə düşən İsfahanlı Mirzə Mehdinin oğlu Ağadadaşa nişanlı olan Hacı Qasımın qızı İffətin Ağa adı ilə tanınan Mirzə Əbdülməcid Əli xandan üçaylıq hamilə qalması və buna bir çarə axtarılması üçün söylədikləri fikirdə də atalar sözlərinə müraciət əsərin əsas məğzini açmağa yardım edir: “Nə olursa olsun! Sənin dediklərini qəbul edib özümü taleyin ümidinə buraxıram. Su ki, başdan aşdı, istər bir qarış, istərsə də min arşın olsun, fərq etməz. Mən hazıram” (Pişəvəri, 2015: 235).Romanda xoş arzu, uğur bildirən ifadələr də əsərin bədii dilində xalqın yaddaşına hopmuş ifadələrlə əksini tapır: “...Eşitmişəm Allah sənə daha bir qız uşağı da bəxş etmişdi. Qədəmləri xeyir-bərəkətli olsun, inşallah” (Pişəvəri, 2015: 19).NəticəSiyasi xadim, yazıçı S.C. Pişəvərinin ədəbi yaradıcılığının az tədqiq olunması təəssüf doğurur. Ədibin siyasi fəaliyyətinin, həmçinin bədii yaradıcılığının geniş tədqiq edilməsi, elmi dissertasiya çərçivəsində işlənilməsi zəruriyyətə çevrilir.“Nadirə” romanı janr baxımından epistolyar roman xüsusiyyətlərini daşıyır. Əsərin problematikasında əksini tapan qadın azadlığı, maarifçilik ideyaları, insan düşkünlüyü, müəllifin əsərdə təsvir etdiyi hadisələrə fəlsəfi yanaşması günümüzdə də aktuallığını saxlayır. Romanda əksini tapan terminlər, atalar sözləri və məsəllər, obrazların monoloqları, onlar arasındakı dialoqlar əsərin bədii dilinin zənginliyini əks etdirir. ƏdəbiyyatƏhmədli, Vüqar (2014). S.C.Pişəvərinin ədəbi-bədii yaradıcılığına dair. “Güney Azərbaycan: tarix və müasirlik”. Bakı. “Zərdabi” nəşriyyatı. Nəminli, Yədulla (2015). Bir neçə söz // S.C. Pişəvəri. Nadirə. Bakı. “Elm və təhsil”.Pişəvəri, Seyid Cəfər (2015). Nadirə. Bakı. “Elm və təhsil”.Qaliboğlu, Elçin (2009). Pişəvəri haqqında həqiqətlər. Xalq Cəbhəsi, 11 dekabr. Qəribli, İslam (2015). Seyid Cəfər Pişəvəri və onun “Nadirə” romanı // S.C. Pişəvəri. Nadirə. Bakı. “Elm və təhsil”. Rəhimli (Bije), Əkrəm (2019). 662 saylı məhbus – S.C. Pişəvəri. Seyid Cəfər Pişəvəriyə aid istintaq materialları (1930-1940). Bakı. “Nurlar” Nəşriyyat-Poliqrafiya Мərkəzi. Sarısaman, Sadık (2021). İranlı Bir Türk Lider Mir Cafer Pişeveri”. Türkiyat Araştırmaları Enstitüsü Dergisi (Journal of Turkish Researches Institute). 72, (Eylül- September 2021). 463-490. shirvan.cls.az/front/files/libraries/2474/books/657955192.pdf [02.10.2022].ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.