Azərbaycan Ali Pedaqoji Institutun direktoru Şarif Əhmədzyanoviç Manatov kimdir? Elmi Məqalələr, ADPU 11 июня 2019 Tanınmış ictimai-siyasi və dövlət xadimi, başqırd milli hərəkatının görkəmli nümayəndəsi Şarif Əhmədzyanoviç Manatov 20 oktyabr 1887-ci ildə (bəzi mənbələrə görə 1892 ci ildə) Orenburq quberniyasının Çelyabinisk qəzasının Katay nahiyəsinin Manatovo kəndində (indi Kurqan vilayətinin Almenev rayonu ərazisində yerləşir) molla ailəsində anadan olub. İlk təhsilini imkanlı maarifpərvər başqırdın köməyi ilə Ufa şəhərindəki “Haliyə” mədrəsəsində alıb, burada ərəb və fars dillərini, şəriət qayda-qanunlarını və Quran oxumağı öyrənib. Sonra təhsilini üç əsas və bir hazırlıq sinfindən ibarət olan Semipalatiniski müəllimlər seminariyasında davam etdirib. 1910-cu ildə seminariyanı uğurla bitirən Şarif Manatov Peterburq Psixonevroloji İnstitutunun pedaqoji fakültəsinin “Ümumi tarix” ixtisasına daxil olub. Təhsil illərində tələbə dərnəklərinin fəal üzvü olub, bolşeviklərin “Ulduz” ("Звезда") qəzeti ilə əməkdaşlıq edib. 1914-cü ildə üçüncü kursda oxuyarkən təhsilini yarımçıq qoyaraq Ufada nəşr olunan “Həyat” (“Tormoş”) qəzetində jurnalistlik fəaliyyətinə başlayıb. Ali təhsil almaq məqsədilə həmin il İstanbul Universitetinə qəbul olunub. “Ulduz” qəzetindəki məqaləsində inqilabi ideyaları təbliğ etdiyinə görə həbs olunmaq təhlükəsi ilə üzləşdiyindən Avropaya mühacirət etməli olur. 1915-ci ilin yanvar ayından 1916-cı ilin mart ayına kimi Cenevrə şokolad fabrikində, sonra isə şəhərdən kənarda yerləşən One fermasında işləyir. İsveçrənin Sürix şəhərində mühacirət həyatı yaşayan V.İ.Leninlə tanış olur. Sonralar Şarif Manatov bu görüşün kafelərin birində baş tutduğunu, V.İ.Leninlə bir yerdə kofe içdiklərini və başqırd xalqının milli idealları barədə xeyli söhbət etdiklərini yazırdı. 1917-ci ilin yanvarında Şarif Manatov menşevik-beynəlmiləlçilər partiyasına üzv qəbul olnur. Fevral inqilabından sonra Rusiyada yaranan ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq o, Orenburqa qayıdır, Başqırdıstan milli hərakatının və Başqırdıstan muxtariyyəti uğrunda hərəkatın liderlərindən birinə çevrilir.Başqırdıstan Vilayət Şurası 20 iyul 1917-ci ildə Orenburqda I Ümumbaşqırdıstan qurultayı keçirtdi. Qurultayda 6 nəfər nəfərdən ibarət icra komitəsinin Mərkəzi Şurası yaradıldı ki, Şarif Manatov da həmin Şuraya sədr seçildi. Şuranın əsas vəzifəsi Rusiyanın tərkibində Başqırdıstanın muxtariyyəti ilə bağlı danışıqlar aparımaq idi. 1917- ci ilin avqustun 25-29 -da Ufa şəhərində II Ümumbaşqırdıstan qurultayı keçirildi. Qurultay iştirakçıları Rusiyanın federativ- demokratik quruluşuna tərəfdar çıxmaqla yanaşı, 12 nəfərdən ibarət vilayət şurası seçdi. Şuranın sədri yenidən Şarif Manatov, müavini isə Əhməd Zəki Validov (Əhməd Zəki Vəlidi Toğan) seçildi. 1917-ci ildə oktyabr inqilabından sonra Şarif Manatov Şura ilə birgə Orenburqa köçdü və burada Şura “Vətənin və inqilabın xilası komitəsi”nə qoşuldu. Orenburqda yerləşən Başqır Hökuməti 11 noyabr 1917-ci ildə ilk fərmanı ilə başqırlar üçün xüsusi milli idarəetmənin zəruriliyini təsdiq etdi. 4 gün sonra Başqır Vilayət Şurası Başqırdıstanın muxtariyyətini elan etdi. Başqırdıstanın muxtariyyəti ilə bağlı fərmanı şuranın sədri Şarif Manatov, onun müavini Əhməd Zəki Validov, şuranın katibi Seyidzadə Babiş və şuranın 6 şöbə müdiri imzaladı. Fərmanda yazılırdı: ”Başqır vilayət şurası başqır ərazisini Orenburq, Ufa, Samara, Perm quberniyaları olmaqla 15 noyabrdan Rusiya Respublikasının muxtar hissəsi elan edir”. Şarif Manatov Başqır Hökümətinin sədri kimi Rusiya Xalq Komissarları Soveti ilə Başqırdıstanın muxtariyyəti ilə bağlı danışıqlar aparmaq üçün Başqırd parlamenti tərəfindən səlahiyyətli şəxs kimi təsdiq edildi. 8-20 dekabr 1917-ci ildə Orenburqda III Ümumbaşqır qurultayı keçirildi. Burada Başqırdıstanın müstəqilliyi haqqında qərar qəbul edildi və ərazi 9 kantona bölündü. Qurultayda muxtar idarəçiliyin orqanları yaradıldı, 25 nəfərdən ibarət (22 nəfər üzv, 3 nəfər namizəd) parlamentqabağı tərkib müəyyən edildi. Gizli səsvermədə səlahiyyətli səslərdən parlamentqabağı üzvülüyə ilk 2 yeri Şarif Manatov və Əhməd Zəki Validov tutdu. Şarif Manatov 6 (19) yanvar 1918-ci ildə Başqırdıstanın muxtariyyəti ilə bağlı danışıqlar aparmaq üçün səlahiyyətli şəxs qismində Petroqrada getdi. O, FSFSR Xalq Komissarları Sovetində Başqırdıstanın muxtariyyatı ilə bağlı məsələnin təsdiqinə nail olmalı idi. Şarif Manatov Petroqrad da olarkən ona Başqırdıstanın muxtariyyatı ilə bağlı danışıqlar aparmaq üçün xüsusi səlahiyyət vermiş Təsisçilər iclası artıq buraxılmışdı.7 yanvar 1918-ci ildə Şarif Manatovun Smolnıda V.İ.Leninlə görüşü baş tutdu. Görüşdə V.İ.Lenin ondan tatar və başqırlar arasında milli hərəkatın gedişi, müsəlman liderlərinin sovet hökumətinin tərəfinə cəlb etmək imkanı barədə xeyli söhbət etdi. Şarif Manatov bildirdi ki, bir qrup insanlar var ki, başqır hərəkatının inqilabın əleyhinə yönəldiyini iddia edirlər, bu həqiqətə uyğun deyil. Əgər bizim muxtariyyət tanınarsa, başqır milli hərəkatı Sovetlərə deyil, Dutova qarşı mübarizədə böyük bir qüvvə olacaq. V.İ.Lenin Başqırdıstanın muxtariyyət məsələsinə ciddi reaksiya verdiyindən Şarif Manatov Petroqradda qalmalı oldu. Şarif Manatov sonralar xatirələrində yazırdı ki, V.İ.Lenin söhbət zamanı mərkəzi müsəlman müəssisəsi yaratmaq təklifini verdi və mənə üzünü tutaraq dedi:“əgər İ.V.Stalinlə bir yerdə fəaliyyət göstərərsinizsə, onda arzuladığınız hər şeyə nail ola bilərsiniz. Söhbət zamanı məndə muxtariyyətin təsdiqinə böyük inam yarandı” (3). V.İ.Leninin təklifi ilə RSFSR Xalq Komissarları Sovetinin nəzdində Rusiya müsəlmanlarının işləri üzrə komissarlıq yaradıldı. Kazan quberniyasından Molla Nur Vahitov sədr, Ufa quberniyasından Qalimcan İbrahimov və Orenqburq quberniyasından Şarif Manatov isə sədr müavinləri təsdiq edildi. Komissarlığın aparatının formalaşması çox tez başa çatdı. Komissarlığın xüsusi orqanı - "Çulpan" (“Səhər ulduzu”) qəzeti nəşrə başladı. Şarif Manatov komissarlıqdakı işinin çox olmasına baxmayaraq tatar dilində nəşr olunan “Çulpan” qəzeti ilə sıx əməkdaşlıq edirdi.4 fevral 1918-ci ildə Başqırdıstan Müvəqqəti İnqilab Şurası yaradıldı. Onların tələbi ilə 1917-ci ilin dekabr ayında Başqır qurultayında seçilmiş Başqır höküməti və Şura üzvləri həbs edildi. Müvəqqəti İnqilab Şurası elə həmin gün RSFSR Xalq Komissarları Sovetinə Şarif Manatovun həbs edilməsi ilə bağlı teleqram göndərdi. Başqırdıstan Müvəqqəti İnqilab Şurasının Ş.Manatovun həbsi ilə bağlı müraciətini İ.V.Stalin belə cavablandırmışdı: “Ş.Manatov XKS yanında millətlər komissarlığnın üzvü təsdiq edilmişdir. O, sizin teleqramla nə həbs olunacaq, nə də tutduğu vəzifədən azad ediləcəkdir”. Az sonra (23 mart 1918) “Pravda” qəzetində Şarif Manatovun İ.V.Stalin, M.N.Vahitov, Q.Q.İbrahimovla birgə imzaladığı “Tatar-Başkır Muxtar Sovet Respublikasının təşkili haqqında Əsasnamə”nin layihəsi dərc olundu. Ümumiyyətlə, o dövrdə Şarif Manatov Rusiyada yaşayan müsəlmanlarla bağlı dekretlərin hazırlanmasında fəal iştirak etmişdir.1918-ci ildə Şarif Manatov RSDF(b)P sıralarına qəbul edilir. Elə həmin il Türkiyədə Kommunist Partiyasının yaradıcısı Mustafa Subhi (1883-1921) ilə tanış olur. Tarixçilər belə ehtimal edirlər ki, Sarif Manatovu Türkiyədə gizli inqilabı işə məhz M.Sübhi dəvət etmişdir.O, 1918-ci ilin mayında Ufada səfərdə olarkən millətlər komissarlığının üzvü və səfər yoldaşı Qalimcan İbrahimov tərəfindən həbs etdirilir. Şarif Manatov həbsi ilə bağlı İ.V.Stalinə məktub göndərir. Onun göstərişi ilə o, dərhal həbsdən azad olunur.1919-cu ilin yanvarında Kommunist Partiyasının yaradılmasına köməklik göstərmək məqsədilə İ.V.Stalin tərəfindən Türkiyəyə göndərilir. Ankara Kommunist Partiyasının rəyasət heyətinə seçilir, burada ”Yeni dünya” qəzeti təsis edir və ona rəhbərlik edir. 1920-ci ilin payızında kommunizm ideyalarını təbliğ etdiyinə görə Ankarada həbs edilsə də, qaçmağa müvəffəq olur. Türkiyədən qayıdan Şarif Manatov Xalq Komissarları Sovetinin 21 dekabr 1920-ci il dekreti ilə Başqırdıstan MSSR-ə Millətlərin işi üzrə Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi təyin edir.1923-cü ilin mart ayında Türküstan Xalq Maarif Komissarlığının Dövlət Elm Şurasına rəhbər təyin olunur. 1923-cü ilin dekabrından 1925-ci ilin may ayınadək Başqırdıstan MSSR xalq maarif komissarlığı yanında Akademik mərkəzə rəhbərlik edir.1924-cü ilin sentyabrında sovet müəssisələrinin ”arzuolunmaz elementlərdən” təmizlənməsi kompaniyasında o da “millətçi” kimi işdən azad edilir. V.İ.Lenin və İ.V.Stalinlə şəxsi münasibəti onu ölüm təhlükəsindən xilas edir. Yenidən ictimai-siyasi və pedaqoji fəaliyyətini davam etdirir. Az bir müddət Yaroslavl Pedaqoji İnstitutunda işləyir.Sonra Azərbaycan Kommunist Partiyasının dəvəti ilə Bakıya - Xalq Maarif Komissarlığına işə dəvət olunur. 1924-cü ildə Azərbaycan Dövlət Kişi Pedaqoji İnstitutuna direktor (rektor) təyin edilir. Sonra Azərbaycan KP MK-nın mətbuat şöbəsinin müdiri vəzifəsində çalışır. Həmin dövrdə Bakıda onun müdirliyi (redaktorluğu) ilə "Məktəb məcmuəsi" jurnalı nəşr olunur. Təhsil tariximizin yorulmaz tədqiqatçısı, əməkdar müəllim N.Nəsrəddinovun araşdırmalarına görə 1925-ci ildə nəşrə başlayan jurnalın cəmi 1 sayı nəşr olunmuşdur. İlk nömrəsi 2000 nüsxə tirajla çıxan "Məktəb məcmuəsi"nin birinci səhifəsindəki "İdarədən" qeydindən məlum olur ki, o, tətil edən "Məktəb" dərgisinin davamçısıdır. Dərginin fəal müxbirlərinin cərgəsində 1911-1920 ci illərdə Bakıda nəşr olunan "Məktəb" jurnalının redaktorunun adının görünməsi də bunu təsdiq edir. Jurnalın əsas əməkdaşları Şarif Manatov (redaktor), Xəlil Fikrət, İsmayıl Hikmət, Kərim İsmayılzadə, Abdulla Şaiq, Məhəmməd Kərimzadə idi. Onların hamısı nüfuzlu ali məktəb və mədrəsələrdə təhsil almışdılar. Jurnalın son səhifəsində oxuculara ünvanlanmış müraciətdən aydın olur ki, jurnal "Hər on beş gündə bir müntəzəm surətdə çıxacaqdır. Məcmuədə ən dəyərli və bilikli müəllimlər ədəbi-elmi yazılarla iştirak edəcəkdir. Həvəskar məktəblilərin də yazıları məcmuəmizdə məmnuniyyətlə dərc ediləcəkdir. Məcmuəmiz məktəblilərin olduğu üçün bütün məktəblilər almalı və yazı yazmalıdırlar". Təəssüf ki, "Məktəb məcmuəsi"nin ikinci nömrəsi işıq üzü görmədi. Şarif Manatovun Bakıdan getməsi jurnalın fəaliyyətinin dayandırılmasına səbəb olur.O, Bakıda olarkən geniş ictimai-siyasi fəaliyyət göstərməklə yanaşı dövri mətbuatda maraqlı məqalələrlə çıxış etmişdir. Onun “Şuralar İttifaqının sənaye dövriyyəsi” (“Kommunist yolu”,1925, №9-10), “Qızıl Şərq ölkələrində” (“Dan ulduzu”, 1926, №4, s.9-10), “Kəndin iki qüvvəsi” (“İqtisadi xəbərlər”,1927, №9-10, s.33-41), “Şuraların kütləvi işlərdəki təcrübəsi “ (“İqtisadi xəbərlər”,1927, №11-12, s.64-71) adlı məqalələri məhz Azərbaycan mətbuatında işıq üzü görmüşdür.1925-1931-ci illərdə Zaqafqaziya Kommunist İnstitutunda “Bolşevizmin və lelinizmin tarixi”ndən mühazirələr oxuyur, Zaqafqaziya Partiya Vilayət Komitəsinin təbliğat- təşviqat şöbəsinə rəhbərlik edir.1926-cı ildə Bakıda tarixi hadisə baş verdi. 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının həyatında müstəsna rol oynadı.Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni bir mərhələnin təməlini qoydu. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edildi, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlandı. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Türkoloji Qurultayın keçirilməsində fəallıq göstərən başqır ziyalılarından biri də Şarif Manatov idi.Şarif Manatov 1931-ci ildə səhətinin pisləşməsi üzündən Krıma köçmək məcburiyyətində qalır. Burada o, həm müalicə olunur, həm də Simferopol Ali Kommunist Məktəbində professor işləyir, həmçinin “Tarix” kafedrasına rəhbərlik edir. 1 oktyabr 1932- ci ildə ÜİK(b)P MK-nın göndərişi və məşhur rus şərqşünası, akademik S.F.Oldenburqun təqdimatı ilə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasının “Türkiyə tarixi” ixtisasına qəbul olunur. Akademik İ.Y.Kraçkovski ona elmi rəhbər təyin edilir. 9 oktyabr 1933- cü ildə Siyasi kitabxananın elmi ədəbiyyat şöbəsinə yarım ştat baş kitabxanaçı təyin edilir. Həmin ilin noyabrından aspiranturaya qəbul olunduğu üçün siyasi kitabxanadan işdən azad edilir. 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun arxivində araşdırdığı mövzu üzərində işləyir. Onun arzusu klassik ərəb ədəbiyyatı üzrə ixtisaslaşmaq idi. İ.Y. Kraçkovski onun bu sahədəki ilkin biliyini yoxlayandan sonra belə qərara gəlmişdi ki, Manatovun mədrəsədə aldığı məhdud biliklər onun klassik ərəb ədəbiyyatından mühazirə oxuması üçün yetərli deyil. Ona görə də İ.Y. Kraçkovski Manatova ənənəvi müsəlman məktəblərində müxtəlif türk və ərəb dillərinin tədrisi məsələlərini öyrənməyi tövsiyə etdi. İnqilabdan əvvəlki dövrdə Rusiya müsəlmanlarının (Qafqaz, Türküstan və Başqırdıstanda yaşayan) yazılı və tədris ədəbiyyatına ərəb mədəniyyətinin təsirinin araşdırılması dissertasiya mövzusu kimi müəyyənləşdirildi. Səhhətində yaranmış problemlər Ş.Manatova aspiranturada təhsilini davam etdirməyə imkan vermədiyinə görə, 1 may 1934- cü ildə aspiranturadan azad olundu.Qırgız Pedaqoji İnistitutuna professor vəzifəsinə işə dəvət olunan Manatov Frunze şəhərinə köçür və institutda “Ümumi tarix” fənnindən mühazirələr oxuyur. Frunzedə olarkən xəstəliyi şiddətləndiyindən 1935-ci ildə Başqırdıstana müalicə olunmağı qayıdır. O, burada olarkən xüsusi xidmət orqanlarına xəbər verilir ki, o, özünü “xəstə hesab etsə” də əslində Ufa şəhərində olmağından istifadə edərək, partiyadan qovulmuş və işdən çıxarılmış məhbuslarla görüşür”. Bu xəbərdarlıq Manatova baha başa gəlir, onu 31 oktyabr 1935-ci ildə Frunze şəhər Partiya Komitəsinin qərarı ilə “əksinqilabi burja - milliyyətçi ideologiyasından azad olunmadığı üçün” ÜİK(b)P üzvlüyündən və işdən azad edirlər. Ona qarşı edilən haqsızlıqla barışmayan Ş.Manatov Vilayət Kommunist Partiyasına müraciət edərək onun üzərindən ittihamın götürülməsini xahiş edir. Bu elə bir dövr idi ki, siyasi rejim ziyalılara qarşı çox amansız idi. Hər yerdə “siyasi düşmən” axtarılırdı, repressiya maşını işə düşmüşdü. Təhlükəni hiss edən Şarif Manatov ailəsi ilə birlikdə (həyat yoldaşı və 4 övladı) Çelyabinsk vilayətinin Smorodinka kəndinə qardaşının yanına köçür. 1936-cı ilin martında səyyar partiya üçlüyü Ş.Manatovun ərizəsini Vilayət Partiya Komitəsinin kollegiyasında baxılması razılığına gəlir. Lakin Ş.Manatov məsələyə yenidən baxılmasınadək yaşamadı. 1936-cı ildə dünyasını dəyişdi və kənd qəbristanlığında “təmtəraqlı şəkildə” dəfn edildi.Yalnız SSRİ-də “mülayimləşmədən” sonra onun həyat yoldaşı T.S.Manatovanın ərinin günahsız yerə partiyadan və işdən çıxarılması ilə bağlı ərizəsinə 21 iyun 1962- ci ildə Sov.İKP MK Vilayət Partiya Komitəsinin iclasında baxılır və ona bəraət verilir. Vəfatıdan sonra ailəsi Litvaya köçür və orada yaşayır. Oğlu Şamil müharibə illərində hərbi təyyarəçi olub, sonra isə mülki aviasiyada işləyib.Qaynaqlar:1. Ali Pedaqoji İnstitutun salnaməsi. Bakı,19242. Ali Pedaqoji İnstitut. Beş illik. Bakı, 19263.Уральская Историческая Энциклопедия. http://www.ural.ru/spec/ency/encyclopaedia4.Давлетшин Р.А., Исхаков С.М. Манатов Шариф Ахметзянович // Политические деятели России 1917 г. Биографический словарь. – М., 1993, с. 2035.Давлетшин Р.А., Исхаков С.М. Манатов Шариф Ахметзянович // Уральская историческая энциклопедия. – Екатеринбург, 20006.Манатов Шариф Ахметзянович. – http://www. hrono.info/biograf/manatov.html7.Кем был Шариф Манатов? http://ufa-gid.com/ocherki/kem-byl-sharif-manatov.html8.https://ru.wikipedia.org/wiki /Манатов Шариф АхметзяновичFərrux Abbas oğlu Rüstəmov,Azərbaycan Dövlət Pedaqoji Universitetininİbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Beynəlxalq Pedaqoji Akademeyanın həqiqi üzvü,Əməkdar elm xadimi[email protected]ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.