AMEA-nın müxbir üzvü, professor SƏLİM MUSAYEV (1937-2010) Biologiya və tibb elmləri, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 5 апреля 2019 UNUTSAQ, UNUDULARIQ!.. ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!.. ELMƏ HƏSR OLUNMUŞ ÖMÜRQədim Borçalı mahalınının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı ucqar dağ kəndlərindən olan Aşağı və Yuxarı Oruzmanlar bir vaxt, nəinki Başkeçid rayonunda, hətta bütün Gürcüstanda belə inkişaf etmiş, adlı-sanlı ziyalıları ilə seçilmiş kəndlərindən olmuşlar. (Orzuman - əslində Oğuzman desək, bizcə daha düzgün olardı. Çünki bizim bu sözlərimizi son illərdə elmə məlum olan və Başkeçid yaxınlığında tapılan ən qədim insan qəbirlərinin - Oğuz qəbirlərinin olması da bunu sübut edir).Heç də təsadüfü deyildir ki, qədim Başkeçidin ilk akademiki Səlim Hüseynpaşa oğlu Musayev də 1937-ci il mayın 29-da məhz Yuxarı Oruzman kəndində dünyaya gəlmiş və elə həmin kəndə də boya-başa çatmışdir.Səlim Musayev 1951-ci ildə Yuxarı Oruzman kənd 8 illik, 1954-cü ildə isə Hamamlı kənd 11 illik orta məktəbini bitirib. Üç il təsərrüfatda işlədikdən sonra 1957-1960-cı illərdə Sovet Ordusu sıralarında xidmət edib.1961-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun biologiya fakultəsinə daxil olub. O, burada əla qiymətlərlə oxumaqla yanaşı, həm institutun bütün ictimai həyatında yaxından iştirak etmiş, elmə olan böyük marağı ilə müəllimlərinin diqqətini cəlb etmişdir. (Qeyd etmək lazımdır ki, həmin dövrlərdə institutun kimya-biologiya fakultəsində çox güclü professor-müəllim heyəti çalışırdı və professorlar Rza Rzazadəni və Həmid Fərzəlibəylini xatırlamağı özümüzə borc bilirik.)Gənc tələbə elə həmin vaxtlarda biologiya elminin sox maraqlı sahələrindən olan “Ali bitkilərin sistematikası” sahəsinə xüsusi maraq göstərib. İnstitutun biologiya fakultəsinin “Biologiya və kənd təsərrüfatının əsasları” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən S.H.Musayev 1967-ci ilin noyabr ayının 17-nə kimi Balakən rayonunun Meşəşambul kənd 8 illik orta məktəbində kimya-biologiya müəllimi işləyib. Elmə olan böyük marağı onu Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasına gətirir. O, çox böyük həvəs və inadkarlıqla bitki sistematikasının sirlərini öyrənməyə başlayır, bu sahədə geniş elmi-tədqiqat işləri aparıb, 1967-ci ildə biologiya elmlər doktoru Y.M.İsayevin rəhbərliyi ilə “Vələmir cinsinin Qafqaz növləri” mövzusunda namizədlik dessertasiyasını vaxtından 6 ay əvvəl müvəffəqiyyətlə müdafiə edir.1971-ci ildən başlayaraq S.Musayev “Azərbaycan taxılları” mövzusunda doktorluq dessertasiyası üzərində ciddi elmi axtarışlar aparmağa başlayıb. Uzun illər ərzində apardığı axtarışlar nəticəsində elm üçün 10 növ təsvir verib ki, bu da dünya botanikləri tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib və Beynəlxalq Nomenklatur Botanika kodeksinə daxil olunub. Bununla yanaşı o, Avrasiya florası üçün 12 növ, Qafqaz florası üçün 7 növ, Azərbaycan florası üçün 10 cins və 150 növ ilk dəfə göstərib. S.Musayev 1970-1985-ci illərdə Naxçıvan MR və Azərbaycanın digər bölgələrinə təşkil olunan ekspedisiyalara rəhbərlik edib və mərkəzi herbarium fondunu yeni herbari nüsxələri ilə zənginləşdirib.O, bütün elmi tədqiqat işlərinin və digər araşdırmaların nəticələrinə dair 1990-cı ildə Ukrayna Respublikasının Kiyev Botanika İnstitutunda biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan taxılları” mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə edib.S.Musayev Ali bitkilərin sistematikası, xüsusən aqrostologiya sahəsində MDB-də çalışan 5 nəfər mütəxəssisdən biridir. Onun gərgin əməyinin elmi axtarışları 5 monoqrafiyada və 160-dan çox elmi məqalələrdə toplanıb.S.Musayev elmi tədqiqatları içərisində faydalı, nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi də xüsusi bir yer tutur. 1989-cu ildə nəşr edilən “Azərbaycanın qırmızı kitabı”nın hazırlanmasında yaxından iştirak edib. 1996-cı ildə akademik V.Hacıyevlə birlikdə Azərbaycanın “Qırmızı” və “Yaşıl” kitablarına tövsiyə edilən “Bitki və bitki formasiyaları” adlı əsəri çap olunub.O, Azərbaycan florasının milli dildə yazılan yeni nəşrinin hazırlanmasında əsas müəlliflərdən biridir.Biologiya elmləri doktoru, professor Səlim Musayevin yazdığı “Azərbaycanın paxlalı bitkiləri” və “Naxçıvan florasının paxlalı bitkiləri” (akademik V.Hacıyevlə birlikdə) adlı əsərləri İngiltərədə yerləşən Beynəlxalq məlumatlar bankının sifarişi ilə hazırlanıb və 1997-ci ildə “Şimali Avrasiya paxlalılarının konspekti” adlı əsərə daxil edilib. Bu əsərdə Azərbaycanın paxlalılar florasının 63 cinsinə aid 437 növ, Naxçıvan paxlalılar florasının 37 cinsinə aid 234 növ Beynəlxalq nomenklatur kataloqa daxil edilib və Azərbaycan Respublikası burada müstəqil dövlət kimi təmsil olunub.S.H.Musayev AMEA-nın “Xəbərlər” (biologiya elmlər seriyası) jurnalının redaksiya heyətinin üzvü, geniş diapozonlu bir tədqiqatçı kimi milli kadrların hazırlanmasına, botanika elmlərinin hərtərəfli inkişafına öz ömrünü həsr edir. Onun rəhbərliyi altında 4 nəfər elmlər namizədi hazırlanıb. O, onlarla dissertantın opponenti, 7 nəfər dissertantın isə elmi rəhbəridir.S.H.Musayev botanika elminin inkişafında və nailiyyətlərinin tədbiq edilməsində də öz bilik və bacarığını əsirgəməyib. Müxtəlif illərdə Alma-Ata, Aşqabad, Sankt-Peterburq, İstanbul, Samsun, London və s. şəhərlərdə keçirilən elmi konfrans, qurultay və simpoziumlarda dəfələrlə elmi məruzə ilə çıxış edib, əsərləri həmin ölkələrin nəşriyyatlarında nəşr olunub.Məhz bütün bu elmi nailiyyətlərin, gərgin zəhmətin bəhrəsi olaraq 2001-ci ildə Milli Elmlər Akademiyasına keçirilən seçkilərdə seçilən müxbir üzvlərindən biri də Azərbaycan MEA Botanika İnstitutunun labaratoriya müdiri, “Bitki aləminin qorunması, əmələ gəlməsi və səmərəli istifadəsinin bioloji əsasları” problemləri üzrə sədr müavini, İnstitutun elmi şurasının və Azərbaycan Dövlət Ekоlogiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin elmi şurasının üzvü, biologiya elmləri doktoru, professor Səlim Hüseynpaşa oğlu Musayevdir.Biologiya elmləri doktoru, AMEA-nın Müxbir üzvü Səlim Musayevin adı “Кто есть кто Биоразнообразие России и сопредельных регионов” (1997) adlı kitabda və “Vektor” şirkətinin Beynəlxalq Elm mərkəzinin apardığı ictimai sorğuya əsasən 2001-ci ilin “Azərbaycanın 100 görkəmli alimi” seriyasına daxil edilmişdir.S.H.Musayev Ali bitkilərin sistematikası sahəsində dərin elmi biliyə, analitik düşüncəyə, fenomen yaddaşa, yüksək iş qabiliyyətinə malik geniş profilli tədqiqatçıdır. Özünə və ətrafındakılara qarşı yüksək tələbkarlıq, düzgünlük, ideal saflıq ona elmi əməkdaşlarının məhəbbətini və hörmətini qazandırmışdır. Və elə buna görə də o, 2008-ci ildə AMEA-nın Botanika İnstitutunun direktoru seçilmişdir.AMEA-nın müxbir üzvü, professor Səlim Musayev ömrünün 73-cü baharında 8 aprel 2010-cu ildə vəfat etmiş, Bakıdakı II Fəxri xiyabanda dəf olunmuşdur. Respublika mətbuatında - o cümlədən, “Azərbaycan”, “Təhsil”, “Şərqin səsi” və s. qəzetlərdə onun haqqında geniş NEKROLOQlar çap olunmuşdur. Allah rəhmət eləsin!...Müşfiq BORÇALI,ZiM.AzBax: Müşfiq BORÇALI. ELMƏ HƏSR OLUNMUŞ ÖMÜR. «Təhsil» qəzeti, Sentyabr, 2007; «Şərqin səsi» qəzzeti, N: 05-06 (209-210) May, 2008-ci il.Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild. Bakı, 2015.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.