Əbədiyaşar alim və müəllim - akademik Cəlal Əliyev Elm » Biologiya və tibb elmləri 1 февраля 2017 Akademik İradə Hüseynova: biz müəllimimiz Cəlal Əliyevdən elmə ciddi yanaşmağı, əməksevərliyi və təvazökarlığı öyrənmişikBöyük alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin vəfatından bir il ötür. Bu gün Cəlal Əliyev şəxsiyyəti Azərbaycan elminin tarixində böyük məna yükü daşıyan fenomenə çevrilib. O, böyük elmi məktəb yaradıb. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında bu böyük alimin misilsiz xidmətləri olub. Akademik Cəlal Əliyev bizim üçün həmişə nümunə olub, ondan elmə münasibəti, insanlara diqqətli olmağı, əməksevərliyi, təvazökarlığı öyrənmişik. Onun ölümü təkcə Azərbaycan elmi üçün deyil, dünya biologiya elmi üçün böyük itkidir. Biz tələbələri üçün müəllimimiz haqqında keçmiş zamanda yazmaq çox ağırdır.Tarixdə iz qoymaq hər insana nəsib olmur. Lakin dünyanın gedişi sübut edir ki, ən böyük şəxsiyyətlər məhz tarixi yaradan insanlardır. Belə şəxsiyyətlər özlərindən daha çox mənsub olduqları cəmiyyəti düşünən, onun xöşbəxtliyi yolunda həyatlarını verən insanlardır. Ümummilli liderimiz Heydər Əliyev deyib: “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”. Azərbaycan xalqının elm və mədəniyyətini dünya miqyasında tanıtdıran, ona şərəf və başucalığı gətirən böyük şəxsiyyətləri hər zaman olub. Bu baxımdan yaşadığımız dövr də istisna deyil. Belə şəxsiyyətlərdən biri bütün həyatını elmə, elmin təmizliyi və elmi həqiqətin təntənəsi prinsiplərinə həsr edən, yalnız Azərbaycan elminin deyil, dünya elminin nüfuzlu simalarından olan, özünün dərin zəkası, güclü erudisiyası, sanballı tədqiqatları, parlaq əməlləri ilə Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə misilsiz xidmətlər göstərən böyük alim, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər akademiyalarının xarici üzvü, AMEA Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bitki fiziologiyası və biotexnologiyası şöbələrinin müdiri, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şuranın sədri, UNESCO yanında “Bioetika, elm və texnologiyanın etikası” üzrə Milli Komitənin səlahiyyətli nümayəndəsi, AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri) jurnalının baş redaktoru olmuş Cəlal Əlirza oğlu Əliyevdir.Elm – işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Bu elm işığında fotosintez prsosesinin sirlərini öyrənmək, işığın içində işığı aramaq - elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Cəlal müəllimin sözü, işi, əməli, şəxsiyyəti Allah nurundan yaranmışdı. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”.Cəlal Əliyev şəxsiyyətinin Azərbaycan elminin tarixində müstəsna yeri var. Bu gün biz onun yoxluğunun ağır məqamını yaşasaq da, onun tələbkarlığını, ciddiliyini, fikir və tövsiyələrini, qayğısını, elmin inkişafına, onun təmizliyinin qorunmasına, elmə təsadüfi gələnlərə qarşı ədalətli və amansız mübarizəsinə yönəlmiş əməllərini daim xatırlayırıq.Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin yaranması və inkişafı məhz Cəlal Əliyevin adı ilə bağlıdır. Onun şərəfli ömür yolu Azərbaycan elminin inkişafına və yüksəlişinə həsr olunub. Cəlal Əliyevin çətin, lakin şərəfli və mənalı ömür yolu, zəngin elmi fəaliyyəti əsl həyat məktəbi, elmi ideallara xidmətin parlaq nümunəsidir. O, ömrünün son anına qədər bu amalla yaşadı, yaratdı, onun elmi irsi, təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Yüksək intellektə və dərin biliyə malik bir alim olan Cəlal Əliyev öz fəaliyyəti ilə hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı.Görkəmli alimin həyat və fəaliyyəti taxılla, sünbüllə, çörəklə sıx bağlı olub. Çörək - insanın özünüdərkinin və azadlığının mayasıdır. İnsan övladının tapmaq istədiyi, bütün dinlərdə, fəlsəfələrdə, elm və texnologiyada axtardığı o ilk şifrə, o ilahi kod məhz buğdadır. Sünbül - Allah nurunun maddi təcəssümüdür. Cəlal müəllim qızılı sünbüldə özünün daxili enerjisini, işığını, Allahdan nurlanmış ürəyini təcəssüm etdirirdi. İslam aləmində çörək həmişə müqəddəs sayılır və Qurana bərabər tutulur. Akademik Cəlal Əliyev öz misilsiz elmi fəaliyyəti ilə bir insana yox, bütövlükdə insanlığa çörək vermək kimi müqəddəs bir işlə məşğul olub. Bu böyük insan hətta ictimai gərginliklər, iqtisadi böhranlar, maddi çatışmazlıqlar zamanı belə dərin zəkasının və yaradıcılığının məhsulu olan yeni taxıl sortları yaradaraq öz xalqına xidmət edib.Cəlal Əliyev canlı tarix idi! Onun heç kəsə bənzəməyən, heç kimi təkrarlamayan unikal elm və həyat yolu olub. Cəlal müəllim orijinal, fundamental tədqiqatların, dünya elminə yeniliklər gətirən qlobal nəticələrin müəllifidir. Onun adı Azərbaycan elminin təxminən 65 illik bir dövrünü əhatə edən tarixinin simvoluna çevrilib. Cəlal müəllim əsl elm fədaisi kimi gələcəyə inamla baxıb, yorulmaq bilmədən daim elmi axtarışlarını davam etdirib. O sadə, təvazökar bir ömürlə elmin ağır, keşməkeşli yollarında xalqına xidmət göstərərn böyük bir alim idi. Öz ömrünü Yer üzərində həyatın əsasını təşkil edən, həm təbiətinə və həm də tədqiqinə görə unikal olan fotosintez prosesinin sirlərinin dərk edilməsinə həsr edən Cəlal Əliyev, sözün əsl mənasında, Tanrının öz işığına doğru yönəltdiyi insanlardan idi.O, çətin və keşməkeşli həyat yolu keçib, öz bacarığı və gərgin əməyi hesabına maneələri dəf edə bilib. Onun çətin, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti əsl həyat məktəbidir. Elmdə və elmə münasibətdə daim həqiqət axtaran Cəlal Əliyev bu yolda bəzən siyasi və mənəvi təzyiqlərlə üzləşib, lakin iradəli, cəsarətli və haqqa, ədalətə sadiq olması sayəsində bu çətinliklərdən, bu bəlalardan üzüağ cıxmağa müvəffəq olub. Həyatın ən çətin anlarında belə elmi tədqiqatlarını dayandırmayıb, elm və insanlıq naminə daim axtarışda olub. Cəlal Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərində qazandığı uğurların əsas səbəbi onun nadir istedadı və yüksək dərəcədə əməksevərliyi olub. Yüksək intellektual təfəkkürə malik olan alim öz geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə müasir Azərbaycan biologiya elminin inkişafına dəyərli töhfələr verib. Müxtəlif tədbirlərdə, yığıncaqlarda akademik Cəlal Əliyevin etdiyi çıxışlarda onun ensiklopedik biliyi, elmi erudisiyasının dərinliyi, güclü məntiqi, dərin müşahidə qabiliyyəti özünü aydın göstərirdi. Nəinki öz elmi istiqamətinə, ümumiyyətlə, ən müxtəlif elm sahələrinə aid məlumatlar daim onun maraq dairəsində olurdu.Cəlal müəllimin müdrik fikirləri arasında onun bir cümləsinin xüsusi çəkisi və yeri var: “Elmlə məşğul olan insanın əsas məqsədi - həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir”. Böyük ustad öz fəaliyyətində bu fikirləri reallaşdırmaqla hamıya örnək olub.Cəlal Əliyev öz elmi fəaliyyətini kənd təsərrüfatı bitkilərinin, əsas ərzaq bitkisi kimi buğdanın forosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr edib. Azərbaycan elmi tarixində ilk dəfə yer üzərində həyatın əsasını təşkil edən fotosintez prosesinin əsaslı şəkildə öyrənilməsinə ciddi maraq göstərib və bu sahə onun elmi yaradıcılığının fundamental tədqiqat obyektinə çevrilib. Fotosintez prosesinin müxtəlif tədqiqat istiqamətlərinin inteqrasiyası hesabına “yaxşı” fotosintez haqqında təsəvvür yaradıb, kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə edilməsi üçün prosesin optimallaşdırılması məsələlərini araşdırıb. O, dünya elmində bitkilərdə fototənəffüsün israfçılıq olması və məhsuldarlığı artırmaq üçün bu prosesi azaltmaq zərurəti ilə bağlı uzun illər mövcud olan təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast buğda və soya genotipləri ilə aparılan 40 illik təcrübələrlə sübut edib ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır. Fototənəffüs prosesi ilə bağlı əldə etdiyi bu qlobal nəticə dünya elminin tarixinə qızıl hərflərlə yazılacaq.Ulu Öndər Heydər Əliyevin elm, alim haqqında fikirləri, bütün zamanlar üçün aktualdır: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə gətirə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”.Cəlal müəllim dərin fundamental elmi böyük praktika ilə birləşdirməyi bacaran nadir alimlərdən idi. Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlətin taxıl ehtiyatı ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinin bazisi, çörək isə əsas qida mənbəyidir. Millətini, Vətənini canı qədər əziz tutan, sevən Cəlal Əliyev hələ tələbəlik illərindən bunu yaxşı bilirdi və ona görə də bütün taleyini, alim ömrünü şüurlu surətdə bu sahəyə bağlamağı, xalqın gələcək rifahına, yüksəlişinə öz alim töhfəsini verməyi qərara almışdı. Bəlkə də məhz bu səbəbdən akademik Cəlal Əliyevin uğurlu elmi yaradıcılığının əhəmiyyətli hissəsi Azərbaycanda taxılçılığın inkişafına yönəlib. Mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda sortlarının yaradılması zərurəti müstəqillik illərində daha da aktuallaşmışdı. Bu tip sortlar yüksək məhsuldar, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə davamlı, şoran torpaqlarda da nisbətən yuksək məhsul vermək qabiliyyətinə malik olmalı idi. Akademik Cəlal Əliyev seleksiya proqramında məhz bu istiqamətlərə xüsusi diqqət yetirib. İlkin seleksiya nailiyyətlərinin təsərrüfata sürətlə tətbiqini təşkıl etmək üçün 1993-cü ildən Əkinçilik İnstitutunda onun təşəbbüsü və kollektivin iştirakı ilə elmlə istehsalatın sıx əlaqəsinin yaradılması istiqamətində ciddi addımlar atılıb və bu, öz bəhrəsini verib.Akademik Cəlal Əliyev fitri istedadı, uzun illərə söykənən zəngin təcrübəsi, orijinal və bənzərsiz elmi yaradıcılığı sayəsində Azərbaycanda kənd təsərrüfatı bitkilərinə və onların yabanı əcdadlarına aid 40 minə yaxın nümunədən ibarət buğda genofondunu formalaşdırıb və onun əsasında 60-dan çox yeni, müasir tələblərə cavab verə bilən buğda sortu yaratmağa nail olub ki, bu da tək-tək elm adamının taleyinə düşən böyük Allah vergisi hesab edilə bilər. Əkinçilik İnstitutu ilə respublikanın toxumçuluq təsərrüfatları arasında əlaqələrin bir mərkəzdən idarə edilməsi nəticəsində toxum istehsalı sürətlə artıb, yaradılmış yeni buğda sortlarının toxumçuluğunun yüksək səviyyədə təşkili və təsərrüfatlara tətbiqi mümkün olub. Mübaliğəsiz demək olar ki, bitki seleksiyası sahəsində ölkədə qabaqcıl mövqəyi ilə seçilən Cəlal Əliyev məktəbi formalaşıb. Digər seleksiyaçı alimlər də öz tədqiqat işlərində daim Cəlal müəllimin elmi yaradıcılığından, dəyərli məsləhətlərindən bəhrələniblər.Biomüxtəlifliyin qorunması da Cəlal Əliyevin diqqət mərkəzində olub, bu sahədə respublikamızda böyük uğurlar qazanılıb. O, biomüxtəlifliyə seleksiya üçün tükənməz mənbə kimi baxırdı. Akademik "Bioloji müxtəliflik bəşəriyyətin sərvətidir" məqaləsində göstərirdi: “Dünyada 15 milyondan çox canlı mövcuddur və hər gün onların 100-ə yaxını məhv olur. Lakin onların məhv olması bir çox hallarda hiss edilmir. Bəşəriyyət isə belə itkilərdən olduqca böyük ziyan çəkir. Təxminən 265 min bitki növündən yalnız 5 mini ərzaq məhsulları üçün becərilir. Elmi seleksiyada yüksək məhsuldar sortlar yaradılmasında xəstəlik və zərərvericilərə azdavamlı formaların nəzərə alınmaması kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarını məhdudlaşdırmışdır. Yabanı formalardan daha davamlı genləri köçürməklə itirilmiş əlamətləri bərpa etmək olar”.Beynəlxalq təşkilatlar, dünyanın böyük elm xadimləri akademik Cəlal Əliyevin elmi uğurlarını yüksək qiymətləndiriblər. Onun elmi fəaliyyəti haqqında ən mötəbər kürsülərdən ürək sözləri deyilib. ”Cəlal Əliyev Azərbaycanda "yaşıl inqilab” yaradıb” - bu sözləri Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının prezidenti, akademik G.Romanenko, Qarğıdalı və Buğda SortlarınınYaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəzin (CIMMYT) bərk buğda seleksiyası proqramının rəhbəri doktor F.Pfeyfer və bir çox digər məşhur seleksiyaçı alimlər Cəlal Əliyevin yetişdirdiyi məhsuldar buğda sortları və bu sortların əkin sahələri ilə tanış olduqdan sonra söyləyiblər. CIMMYT-nin regional təmsilçisi, doktor A.Morqunov isə yazırdı: “Azərbaycan Elmi-Tədiqiqat Əkinçilik İnstitııtunda aparılan nəzəri tədqiqatların təcrübi seleksiyaya tətbiqi - yaradılan sortların ekoloji sınağından və ilkin toxumçuluqdan tutmuş sürətlə artırılaraqfermer təsərrüfatlarında yayılmasına qədər analoqu olmayan ən ideal modeldir”.SSRİ Elmlər Akademiyasınını həqiqi üzvü İ.Tarçevski öz dostu Cəlal Əliyevi belə xarakterizə edir: “Mən Cəlal Əliyevi, demək olar ki, yarım əsrdir tanıyıram. Onun bitkilərin fotosintezi və yeni buğda sortlarının yaradılması ilə bağlı araşdırmaların nəticələri haqqında etdiyi çıxışlarını beynəlxalq və ümumittifaq konfranslarda dinləmişəm. Bundan başqa, mən onun doktorluq dissertasiya işi və müəllif materialları ilə də yaxından tanışam. Nə vaxtsa bu insanın doktorluq dissertasiyasına, demək olar ki, özü ilə hələ tanış olmadığım bir vaxtda müsbət rəy vermişdim”. Bütün bu fıkirlər onu deməyə imkan verir ki, Azərbaycan xalqı öz böyük alimi ilə öyünməkdə həmişə haqlı olub.Akademik Cəlal Əliyevi yaxından tanıyanlar yaxşı bilirlər ki, o, taleyini təkcə elmi yaradıcılığa həsr etməklə kifayətlənməyib, həmçinin Azərbaycan elmində nüfuzlu bir mövqe qazanmış böyük bir elmi məktəbin yaradıcısı və rəhbəri idi. Cəlal müəllim həmişə gənc alimlərə arxa-dayaq, böyük məsləhətçi olub. Keçən əsrin 70-ci illərindən başlayaraq, müxtəlif ixtisaslar - biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya üzrə ali məktəblərin məzunlarından elmi kollektivin hazırlanmasına başlanılıb. Respublikamızda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsinin qoyulması və əsaslı surətdə inkişaf etdirilməsi məhz onun adı ilə bağlıdır. Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olub. Xüsusi qeyd olunmalıdır ki, biologiyada inteqrativ yanaşmaların dünyada ilk təşəbbüskarlarından biri və məhz birincisi Cəlal Əliyev idi. Cəlal müəllimin tələbəsi, ABŞ Ümumi Genom İnstitutunun energetika bölməsinin əməkdaşı Asəf Salamov yazır: “O dövrdə Cəlal Əliyev Azərbaycanda bəlkə yeganə alimlərdən idi ki, öz əməkdaşlarının SSRİ-nin aparıcı akademik institutlarında təcrübə kursu keçmələrini təşkil edirdi. Şəxsən mən Novosibirskdə olan Sitologiya və Genetika İnstitutuna göndərildim. Hazırda Kaliforniya Universitetinin nəzdində fəaliyyət göstərən Ümumi Genom İnstitutunda işləyirəm. Əlbəttə, öz elmi karyeramda olan irəliləyişləri, ilk növbədə, mənim ilk elmi rəhbərim, akademik Cəlal Əliyevin xidmətləri ilə əlaqələndirirəm. Fotosintezin fundamental molekulyar prosesləri ilə bitki biologiyasının tətbiq aspektləri arasında əlaqələrin müəyyən edilməsi, xüsusən mühüm kənd təsərrüfatı bitkilərinin davamlılığının və məhsuldarlığının artırılması məhz onun xidmətləri sayılmalıdır. O, SSRİ-də birincilər sırasında bioloji proseslərin sistemli şəkildə öyrənilməsini, bu işə müxtəlif profilli mütəxəssislər cəlb etməyin vacibliyini əvvəlcədən görürdü. Hələ 40 il bundan əvvəl bizim elmi rəhbərimiz Cəlal Əliyev riyazi analizin vә kompüter texnologiyalarının biologiyada tətbiq edilməsinin vacibliyini dərindən dərk edirdi. Halbuki, həmin illərdə, hətta Qərbdə, bunun mümkünlüyünü anlayanlar az idi. Onun erudisiyası, elmə bağlılığı, özünün keçmiş tələbələrinə və ümumiyyətlə, insanlara xeyirxah münasibəti qarşısında baş əyirəm”.Alimin uzaqgörənliyi, istedadı və böyüklüyü ondadır ki, öz yüksək nailiyyətləri ilə bərabər, elmi məktəb də yarada bilsin. Cəlal Əliyev perspektivli, istedadlı gəncləri ətrafına toplayaraq böyük elmi məktəb yaradıb. Cəlal Əliyev elmə fanatikcəsinə vurğunları həmişə qiymətləndirib, çətin anlarda onlara dayaq olaraq, inamla irəli getmələri üçün zəmin yaradıb. Onun ustad himayəsi, müəllim qayğısı və şəxsi təşəbbüsü ilə 300-ə yaxın gənc istedad dissertasiya müdafiə edərək alim adı qazanıb. Cəlal müəllim onlardan 80-dən çoxunun namizədlik, 11-nin doktorluq dissertasiyasının bilavasitə elmi rəhbəri olub. Onun rəhbərliyi altında hazırlanmış və müasir elmin əsas potensial qüvvəsini təşkil edən “Cəlal Əliyev məktəbi” nin yetirmələrinin sorağı bu gün ABŞ, Kanada, İsveç, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Rusiya və onlarla digər qabaqcıl ölkələrin tanınmış universitetlərindən, elmi-tədqiqat müəssisələrindən, beynəlxalq mərkəzlərdən gəlir. Azərbaycanda biologiya elminin gələcək inkişafı çox cəhətdən bu adamlardan, onların elmdə irəliləməsindən, həmrəyliyindən və onların köməyi ilə Azərbaycan elminin dünya elminə inteqrasiya etməsindən, tarixi şəxsiyyət, dünya şöhrətli alim və müəllim, akademik Cəlal Əliyevin başladığı yolu onların davam etdirmək cəhdlərindən və bacarıqlarından asılıdır.Akademik Cəlal Əliyev təkcə alim kimi deyil, həm də bir insan olaraq insanlığın zirvəsində dayanıb. Azərbaycan elminin təəssübkeşi öz böyük nüfuzundan istifadə etməklə bir çox hallarda haqsızlıqlarla üzləşən elm fədailərinə arxa, dayaq olub, hər cür yardım göstərib, ancaq heç vaxt yaxşılıqlarını dilə gətirməyib, üzə vurmayıb. Bu xarakterin özü də məhz böyük ürəkli insanlara xas olan əlamətlərdən biridir.Cəlal müəllimin böyüklüyü həm də onun sadəliyində, təvazökarlığında idi. Dünyanın bütün ölkələrində kəşflərindən söhbət açılmasına baxmayaraq, heç vaxt bunu büruzə vermir, sadə elm adamları arasında özünü heç kimdən fərqləndirmirdi. Əməyinə verilən bütün qiymətləri alimlər ordusunun uğuru sayırdı.Dünya elmində baş verən proseslərin mahiyyətini dərindən bilən əsl tərəqqiyə yalnız qlobal əhəmiyyətli tədqiqatları öyrənməklə və tətbiq etməklə nail olmasını öz təcrübəsində sübut edən Cəlal müəllim daim uzaqgörənliklə beynəlxalq elmi təşkilatlarla əlaqələri gücləndirməyin zəruriliyini qeyd edib. Onun elmi tədqiqatları beynəlxalq elmi mərkəzlər tərəfindən olduqca müsbət qiymətləndirilib. Cəlal Əliyev öz işlərində çox ciddi, tələbkar, ədalətli və hadisələri obyektiv qiymətləndirmək xüsusiyyətlərinə malik olmaqla yanaşı, mehribanlığı, xeyirxahlığı, qayğıkeşliyi ilə də fərqlənirdi. O, çox zəhmətkeş alim idi. Təbiətin bəxş etdiyi istedad, işgüzarlığı və zəhmətkeşliyi sayəsində daha da yüksəklərə qalxıb və böyük elmi uğurlar əldə edib.Azərbaycan elminin dünyada tanınmasında, təbliğində Cəlal Əliyevin misilsiz xidmətləri olub. 2013-cü il iyunun 5-dən 9-dək Beynəlxalq Fotosintez Cəmiyyəti tərəfindən Bakı şəhərində dünyanın 32 ölkəsindən 350 nümayəndənin iştirakı ilə Cəlal Əliyevin yubileyinə həsr olunmuş konfransın keçirilməsi də bunun bariz nümunəsidir. Bu konfrans beynəlxalq səviyyədə azərbaycanlı alimə həsr olunan ilk tədbir idi.Akademik Cəlal Əliyevin elmi və ictimai dairələrdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Azərbaycanda dövlətçiliyin qorunmasında və inkişafında Cəlal Əliyevin fəaliyyəti danılmazdır. O daim öz prinsiplərini qoruyub saxlayan, şəraitdən asılı olmayaraq ədalət naminə, xalqın və dövlətçiliyin naminə öz cəsarətli sözünü açıq deməyi bacaran bir insan idi. Ölkəmizdə XX əsrin axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə Cəlal müəllim əsl vətəndaş mövqeyi tutdu, bir şəxsiyyət kimi ən çətin dövrlərdə sınmadı, əyilmədi və bütün təzyiqlərə mətanətlə sinə gərdi. Ən çətin anlarda xalqımızın ümummilli liderı Heydər Əliyevin yanında oldu və haqq işində həmişə ona arxa-dayaq durdu. Eyni zamanda, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan dövlətini böyük inkişaf yoluna çıxaran və beynəlxalq miqyasda yüksək səviyyədə təmsil edən Prezident İlham Əliyevin hər bir uğuruna ürəkdən sevinir, onunla fəxr edirdi.Yeni müstəqillik qazanmış respublikamızın ictimai-siyasi həyatında Cəlal müəllimin fəaliyyəti əvəzedilməz idi. O, 1995-2015-ci illərdə Milli Məclisin üzvü olub və bir çox dövlət əhəmiyyətli qanun layihələrinin müzakirəsində, qəbul olunmasında və təkmilləşdirilməsində fəal iştirak edib.Böyük alim Cəlal Əliyevin haqq dünyasına qovuşması onu yaxından tanıyanları çox kədərləndirdi. Cəlal müəllimin tələbələri üçün bu xəbər daha ağır olsa da, onlar müəllimlərinin xatirəsinin əbədi yaşayacağına inanırdılar...Biologiya elmləri doktoru Süleyman Allahverdiyev (Rusiya EA Tumiryazev adına Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Rusiya EA Biologiyanın Fundamental Problemləri İnstitutunun əməkdaşı, M.V.Lomonosov adına MDU-nun biologiya fakültəsinin professoru): “Heç inana bilmirəm. Inana bilmirəm ki, biz çox dəyərli bir alimi, ən sevimli müəllimimizi itirdik. Cəlal müəllim çox təvazökar, dəqiq, prinsipial, haqsızlıqlara dözməyən bir insan idi. Allah rəhmət eləsin. Biz hamımız, daha doğrusu, onun 300-ə yaxın yetirməsi nğmüəllimimizin qəbri önündə baş əyirik. Onun əziz xatirəsi hamımızın yaddaşında əbədi yaşayacaq”.Professor Qərib Mürşüdov (Böyük Britaniyanın Kembric Universitetinin kompüter kristalloqrafiyası qrupunun rəhbəri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kompüter struktur biologiyası laboratoriyasının müdiri): “Mən çox kədərli bir hadisəni, Cəlal müəllimin vəfatı xəbərini eşitdim. Allah rəhmət eləsin. Mənə elə gəlir ki, Cəlal müəllim kimi bir alimi tapmaq cox çətin olacaq. Biz çalışıb onun işini davam etdirməliyik”.Doktor Asəf Salamov (ABŞ Ümumi Genom İnstitutunun əməkdaşı): “Mən böyük kədər içində Cəlal müəllimin vəfat etməsi xəbərini eşitdim. Belə bir şəxsiyyətin həyatdan getməsi özlüyündə elə böyük bir epoxanın başa çatmasına bənzəyir. Cəlal müəllimin Bakıda işləyən bütün tələbələrinə başsağlığı verirəm. Ümid edirəm ki, biz Cəlal müəllimin işini ləyaqətlə davam etdirəcəyik. Allah Cəlal müəllimə rəhmət eləsin”.Professor Vidadi Yusibov (ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin icraçı direktoru): “Cəlal Əliyevin vəfatı Azərbaycan elmi və bütövlükdə dünya elmi üçün böyük itkidir. Akademik Cəlal Əliyev Azərbaycanda böyük elmi məktəb yaratmış və dünya elminin inkişafına əhəmiyyətli tövhə vermişdir. Cəlal Əliyev onu tanıyan bütün insanların məhəbbətini və hörmətini qazanmış, gözəl mentor və böyük ustad olmuşdur. Onun tələbələrinin dünyanın müxtəlif ölkələrində uğurla çalışmaları buna sübutdur. Onun dəstəyi və köməyi sayəsində biz, onun tələbələri həm Azərbaycanda, həm də yaxın və uzaq xarici ölkələrdə inkişaf etmək imkanı əldə etdik. Elmin böyük vətənpərvəri, görkəmli alim, istedadlı tədqiqatçı kimi, o, çoxsaylı kəşflərin kökündə durmuşdu. Görkəmli alim və tanınmış ictimai xadim Cəlal Əlirza oğlu Əliyevin işıqlı xatirəsi tələbələrinin qəlbində həmişə yaşayacaq”.Professor İsmayıl Zülfüqarov (Cənubi Koreya Pusan Dövlət Universiteti): “Azərbaycan elminə və Azərbaycan xalqına üz vermiş ağır itki – Cəlal Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar ailə üzvlərinə, yaxınlarına, qohumlarına, tələbələrinə, Azərbaycan elm ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, dərd-qəminizə şərik olduğumu bildirirəm. Cəlal müəllim fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə təkcə respublikada deyil, eləcə də bütün dünyada elmin inkişafına sanballı töhfələr vermişdir. Onun tədqiqatları ölkədə yeni istiqamətləri müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət etmişdir. Ən əsası isə Cəlal müəllim öz elmi məktəbini formalaşdırmış bir alimdir. Sevimli müəllimimiz Cəlal Əliyevin əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq”.Professor Aydın Muradov (RMİT Universiteti, Melburn, Avstraliya): “Akademik Cəlal Əliyevin vəfatı bütün biologiya aləmi üçün böyük itkidir”.Doktor Mehman Əzizov (Almaniya): “Azərbaycan biologiya elminə üz vermiş agır itki ilə əlaqədar sizin hamınıza dərin hüznlə baş sağlığı verir və keçirdiyiniz dərin üzüntünü bərabər paylaşıram. Cəlal müəllim haqqın-ədalətin və böyük elmi ideyaların yolunda yorulmadan mübarizə aparan əvəzolunmaz bir elm adamı idi”.Doktor Elmira Məhərrəmova (Berlin Botanika Bağı & Botanika Muzeyi, Almaniya): “Cəlal müəllimin vəfatı ilə bağlı ürəkdən kədərlənir və dərin hüznlə başsağlığı verirəm. Mən bü günə qədər bu hadisəyə inana bilmirəm. Cəlal Əliyev görkəmli alim və istedadlı rəhbər idi. Mən həqiqətən onun vəfatından çox üzülürəm. O, bizim hamımız üçün çox şey etmişdir. Təəssüflər olsun ki, zaman istisnalar olmadan bizim hamımız üçün amansızdır. Mən hətta zəng edə bilmirəm, çünki bu haqda danışmaq çox ağırdır. Onun əbədi xatirəsi həmişə bizimlə olacaq”.Doktor Ahmed Kheyr-Pour (Azərbaycan-Fransa elmi əməkdaşlıq əlaqələrinin koordinatoru, Fransa): “Cəlal müəllimin dünyasını dəyişməsi xəbərindən çox kədərləndim. Bizim elmi əməkdaşlığımız uzun illər öncə başlamışdı və indiyə qədər uğurla davam edirdi. 1993-cü ildə Parisdə mərhum prezident Heydər Əliyevlə Fransada yaşayan azərbaycanlılar arasında görüş oldu. Prezident dəvət olunanların hər biri ilə çox səmimi danışdı. Biləndə ki, mən genetikəm, dedi: “Mənim qardaşım da genetikdir, mən ümid edirəm ki, siz bir-birinizlə əməkdaşlıq yolları tapa bilərsiniz”. Heydər Əliyevin arzusu həyata keçdi. Bizim sıx elmi əməkdaşlığımız başladı. Ümid edirəm ki, professor Cəlal Əliyevin məzarındakı dünya çoxlu mənəvi nurla işıqlanır”.Cəlal Əliyev 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaradıb, onu böyük kadr potensialı və maddi-texniki bazası olan laboratoriya və şöbə səviyyəsinə qədər inkişaf etdirib və 1990-cı ildən ömrünün sonunadək bu şöbəyə rəhbərlik edib. Akademik Cəlal Əliyevin rəhbərlik etdiyi bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində aparılan tədqiqatları və əldə edilən böyük nəticələri, mövcud kadr potensialını, molekulyar biologiya və biotexnologiya sahələrinin inkişafının aktuallığını və perspektivliyini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının 2014-cü il 30 iyun tarixli ümumi yığıncağında bu şöbənin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilib. İnstitut 2016-cı il martın 1-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və 2016-cı il iyulun 1-dən müstəqil fəaliyyət göstərməyə başlayıb. Hazırda institutda elmin ən müasir sahələri ilə məşğul olan 13 laboratoriya fəaliyyət göstərir. Burada bir akademik, AMEA-nın dörd müxbir üzvü, dörd elmlər doktoru, iki professor, 20 fəlsəfə doktoru çalışır və institut əməkdaşlarının 60 faizini gənclər təşkil edir.Uzun illərdir ki, tələbələri Cəlal müəllimin ad gününü qeyd etməyin yeni bir ənənəsini qoymuşdular. Hər il iyunun 30-u ərəfəsində akademik Cəlal Əliyevin rəhbəri olduğu, yaxud onun rəhbərlik etdiyi şöbənin əməkdaşının dissertasiya işinin müdafiəsi keçirilirdi. Tələbələri bilirdilər ki, uğurla keçən, yüksək səviyyədə təqdim olunan dissertasiya işi müəllimləri üçün ən qiymətli hədiyyədir. Həminənənə bundan sonra da daim davam etdiriləcək.Geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə akademik Cəlal Əliyev Azərbaycan və dünya elmi qarşısında müstəsna və təmənnasız xidmətlərinə görə hələ sağlığında ikən özünə əbədi abidə ucaldıb. Ona görə də alimin zəngin elmi irsinin öyrənilməsi, qorunub saxlanılması, ləyaqətlə davam etdirilməsi və gələcək nəsillərə ötürülməsi, yeni yaradılmış Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun uğurlu fəaliyyət göstərməsi, mövcud elmi potensialdan səmərəli istifadə olunması, müasir standartlara cavab verəcək gənc kadrların yetişdirilməsi, eyni zamanda, akademik Cəlal Əliyevin yaratdığı elmi məktəbin möhkəm fundamenti üzərində biologiya elminin müasir isitiqamətlərinin daha da inkişaf etdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması onun bütün tələbələrinin mənəvi borcudur. Adı elmin tarixinə əbədi həkk olunmuş Cəlal müəllimin xatirəsi hec bir zaman unudulmayacaq.İradə HÜSEYNOVA, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik"Azərbaycan" qəzeti, 31 yanvar 2017-ci ilZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.