Sevgül SƏFƏRLİ: "QƏMƏR" (Hekayə)

Sevgül SƏFƏRLİ: "QƏMƏR" (Hekayə) Qadın taleyimizin Anasıdır

O, hər il Novruz öncəsi kəndə gedirdi. Atası rəhmətə gedəndən anası, qayınatası vəfat edəndən bəri qaynanası tək-tənha yaşayırdılar. Onlar gündüzlər bir yerdə bişirib, düşürlər, bir yerdə nahar edirdilər. Axşamlar isə hərəsi öz evində gecələyirdi.
Bu qocaman, əməkdar analar ömür-gün yoldaşlarının "ruhu inciməsin" deyə saraylar kimi böyük, gözəl evlərinin qapısından anaxdar asmadılar. Rayonlarda, şəhərlərdə yaşayan övladlarının evinə qonaq da getmirdilər. Övladları da öz işlərinin yönünə baxırdılar. Hansının vaxtı olsa ara-sıra gəlib onlara baş çəkirdilər.


Reyhan Mələyin qızı, xallı Salatının da gəlini idi. Onun qardaş-bacısı, qayın-baldızı ilə çəkənəcəyi yox idi. Nə vaxt könlünə ana-qaynana düşərdisə heç birinə xəbər vermədən hazırlaşıb yola çıxırdı. Onu kəndin içində görənlər belə deyirdilər:
- Reyhan, sən yenə gəldin? A bala canına yazığın gəlmir, gəlməsin, heç olmasa puluna, parana heyifin gəlsin.
-Reyhan, qızım vallah-billah o qocalar səndən "cühərlidirlər" (cühərli-cövhərli, sağlam mənasındadır). Maşallah səndən də cavan görünürlər.
Məhlədə Zinni adlı bir xala vardı, çox zarafatcıl, şirin xasiyyət bir qadın idi. Zinni xala da baltanı lap kökündən vururdu:
-Allah ikisini də əlindən alsın, ananı da, qaynananı da. Səni lap yorub əldən salıblar, bu boynu uzaq yollarda.
Məhlə arvadlarının tlkanlı söhbətləri əsla Reyhana təsir etmirdi. Yollara xərclədiyi pula-paraya heyfi gəlmirdi. Çünki Reyhan elinə, obasına bağlı insan idi.
Əslində o üç müqəddəsin ziyarətinə böyük sevinclə gəlirdi.
Doğma kəbdinin, anasının və qaynanasının. Bu üç ziyarət qoca anaların duası onun ömrünü uzadırdı. Ağrılarını əridib yoxa çıxardırdı. O biri övladlar, gəlinlər də gəlirdilər kəndə. Amma onlar Reyhan kimi can yandırmırdılar. Gördükləri işi əllərinin ucunda görürdülər. Qocalara da könülsüz, yadlar kimi qulluq edirdilər. Qocalar heç kəsə deyə bilmədikləri gileyi xısın-xısın Reyhana pıçıldayırdılar.
- Ömrüm-ömrünə calansın, ay Reyhan, şikayət etmirəm, amma o birilər gələndə sanki ekskursiyaya gəlirlər. Buradan batıb, oradan çıxırlar. Heç məni düşünmürlər. Bircə sən gələndə ağzım dada, özüm də imana-dinə gəlirəm. Evim-eşiyim üzümə gülür. Canım sənə qurban olsun, Reyhanım.
Qaynanası Salatın da onu belə çağırırdı: - Reyhanım, - deyirdi.
Salatınla Mələk o qədər şirin qudalıq işlədirdilər ki, heç əziz bacılar bir-biri ilə belə mehriban dolanmırdıılar. Onların sözləri bir, sirləri bir idi. Qudalıq münasibəti həsəd aparılacaq, qürur duyulacaq dərəcədə möhtəşəm idi. Hətta doğma bacıları belə onların can bir qəlbdə olmaqlarına paxıllıq edirdilər. Onların xısın-xısın söhbətlərindən birini də mən pıçıltı ilə sizlərə söyləyirəm.
-Ay Salatın.
-Hay can Mələk.
-Qulağını bəri tut sənə söz deyəcəm, - deyəndə ətrafına nəzər saldı. Salatın da örpəyini qulağından aralayıb başını Mələyə tərəf əydi.
-Gəlinlərim də, qızlarım da mənimlə idəşirlər. Deyirlər ki, sən təkcə Reyhanı istəyirsən. Elə bil biz yoxuq sənin üçün.
Mələyin bu söhbəti Salatının ürəyindən oldu. Onun əlini əlinə alıb mehribanlıqla ovxaladı.
-Ay quda, bax o Məscidlərimiz haqqı, Peyğəmbərimizin başı üçün mənim qızlarım, gəlinlərim də belə deyirlər. Məni məzəm-mət edirlər ki, onu bizdən çox istəməyin bəs deyil, hələ qulağımız eşidə-eşidə onu “Reyhanım” deyə buyurub, çağırır-san. Mən də deyirəm: “A bala neyniyim, adını dəyişim? Anası onu necə çağırıb, mən də elə çağırıram, Reyhanım deyirəm. Bir də... o həqiqətən mənim həyatıma Reyhanlar kimi ətir saçır. Axı siz özünüz də yaxşı bilirsiniz ki, heç biriniz mənə Reyhanım göstərdiyi qulluğu etmirsiniz. Özləri də bilirlər ki, mən düzünü deyirəm. A bacı, yenə də məndən küsürlər.
Reyhan anası ilə qaynanasının hüzurunda dayanmaq üçün yenə evdən çıxmışdı. Bakı-Başkeçid avtobusunda orta sırada əyləşmişdi. Pəncərədən boz çöllərə, Qafqaz sıra dağlarına tama-şa edirdi. Görüşünə getdiyi yaşlı əzizlərini necə sevindirıcəyini düşünürdü.
Ara bir arxa sırada əyləşən qadınların söhbətinə də qulaq asırdı. Onlardan birini tanıyırdı. Nərgiz xalanın qızı Məryəm idi. O, birisini tanımırdı. Maraqlı söhbətlər edən o xanımın xoş aurası, şəfalı səsi vardı. O, qadını tanımaq üçün Reyhan başını geriyə tərəf döndərdi:
-Məryəm, bu gəlin öz kəndimizin qızıdırmı?
-Tanımırsan?
-Vallah yox, bayaqdan fikir verirəm nə tanıya bildim, nə də oxşada.
-Tanıyarsan, a bacı, bilirsən kimdi, Əsmət xalanın qızı Qəmərdi. Bizim qonşumuz Əsmətin.
-Boy... həə, Əsmət xalanı tanıyıram, amma Qəməri heç gör-məmişəm.
Qəmər baxışlarını yan tərəfə yönəldərək:
-Bacı, mən uşaq vaxtından Rusiyada olmuşam. Rəna bibimin yanında yaşamışam. Ona görə tanımırsan.
-Yəqin sən də məni kimi evinizdə "Novruz "təmizliyi aparmağa gedirsən. Eləmi?
-Yoxx, ay Reyhan bacı, mən çox qalacam. Yoldaşım icazə verib, anama qulluq etməyə gedirəm, ayaqları tutulub, yeriyə bilmir.
Bayaqdan onunla qıyqacı duruşla söhbət edən Reyhanı bu qızın ana sevgisi ayağa qaldırdı. O, Qəmərə məhəbbətlə baxdı. Qəmər alagözlü, incə burunlu, əsmər simalı, çox da kilolu olmayan qəşəng bir qadın idi.
Qızılı saçlarını tən ortadan ayırmışdı. Ancaq saxladığı uzun saçlarını arxaya tərəf buruqlamışdı. Maşın silkələdikcə alın hissəsindəki gödək saçları alagözlərini gizlədirdi. Qəmər gözlərini aşağı dikmişdi. Əsməri siması həyalı təbəssümə bürünmüşdü.
-Kənd gözəli belələrinə deyilirmiş, - deyən Reyhan yerində əyləşdi.
* * *
Reyhanın kəndə gəlişindən ən çox anası sevinirdi. Buna baxmayaraq o ilk dəfə qaynanasının evinə gəlirdi. Gülə-gülə qaynanasının qapısını döyərdi. Əvvəlcə onun könlünü açardı. Bu onu qaynanasına daha çox sevdirərdi. Evə çatan kimi xalat geyinərdi, qollarını çırmalayardı, qab-qazanları sürtüb parıldadardı. Yataq dəstlərini havaya verər, üzlüklərini yuyub-ütüləyər, evin hər gözəlliyini yerbəyer edərdi. Otaqların qurumunu alardı, pəncərələri silərdi, döşəmələri də yuyub-təmizliyə çıxarardı. Sonra da atası evinə gedərdi. Eyni işləri anası üçün də edərdi. Ondan sonra bayram bişməsi-düşməsi hazırlayardı. İlk çərşənbəni qaynanası ilə qarşılayardı.
Bütün avadanlığı, əşyaları ilə birlikdə gümüş kimi parıldatdığı evdə hazırladığı nemətlərlə dolu süfrə açardı. Anasını və qaynanasını stolun başında qoşa əyləşdirərdi. Onlara canıbaşla qulluq edərdi. İkinci çərşənbəni də eyni qayda ilə atası evində keçirərdi. Reyhanın səliqə-səhmanı qudaların ürəyini güllər kimi açardı. Onun süfrə mədəniyyəti bir başqa aləm idi, üstünə düşən qonaq heyranlığını gizlədə bilməzdi. Bəzədiyi süfrənin gözəlliyi ac mədələrdən əvvəl ac gözləri doydurardı. Anası ilə qaynanası süfrə başında üz-üzə əyləşərək bəxtəvərcəsinə söhbətləşərdilər. Ayaq üstə bu qoşa anaların könlünü şad etməyə çalışan Reyhan da onlara baxa-baxa özünü xoşbəxt sayırdı. İki evin əməkdar qocamanlarına göstərdiyi övladlıq, gəlinlik xidmətindən məmmun olardı.
Avtobus təzə, oturacaqlar yumşaq, salon tər-təmiz idi. Hansı sürətlə getdiyidə bilinmirdi. Adam özünü evindəki kimi rahat hiss edirdi. Hər üç saatdan bir çay evlərində dayandırılırdı. Salondan enən sərnişinlər ayaqlarının üyüşüyü açılsın deyə gəzirdilər. Sürücülər də qollarının yorğunluğunu çıxarmaq üçün id-man edir, müxtəlif əl-qol hərəkətlər yapırdılar.
Xeyli yol getmişdilər, amma hələ Vətən uzaqlarda idi. Məsafə azaldıqca darıxan adam üçün yollar daha da uzanır, səbrlər daralır, sanki su kimi axan zaman da dayanmış olur.
Reyhan da gəzinirdi. Qıraqdan-qırağa "anama baxmağa gedirəm" - deyən Qəməri izləyirdi. İlk dəfə gördüyü bu qadına qarşı ürəyində min bir rəğbət oyanmışdı, səhərin tez açılmağını gözləyirdi. Onu işıq gözünə, günün aydınlığında görmək istəyirdi. O, özündən daha mərhəmətli, daha böyük qəlbli bir insan tapdığı üçün sevinc içindəydi. Qəməri yaxından tanımaq üçün sabahın tez açılmasnı istəyirdi. Amma nədənsə Qəmər Məryəmdən ayrılmırdı. Məryəm qolunu onun qoluna keçirmişdi. Hara gedirdisə bərabər addımlayırdılar. Məryəm yanlarından ötüb keçən bir qıza nə dedisə həmin qız dayandı. Qəmərin əlindən tutdu, Məryəm də sürətlə qadınların axışdığı istiqamətə tərəf getdi. Onları uzaqdan seyr edən Reyhanı fikir götürdü. Sərnişinlər yavaş-yavaş avtobusa yaxınlaşırdılar. Məryəm əllərinin suyunu çırpa-çırpa Reyhana yaxınlaşdı, pıçıltı ilə:
- O, həqiqətən anasına qulluq etməyə gedir. Belə olmağına baxma çox zehinli qızdı. Qardaşı onu mənə tapşırıb deyə gözümü üzərindən, əlimi əlindən çəkmirəm.
Reyhan həyacan dolu qorxu ilə udqundu:
-Nə olub kiiii?..
-Qəmərin gözləri görmür.
Reyhan elə bir acılıqla içini çəkdi ki, öz səsindən özü də qorxdu:
-Nəəəə?!.
Məryəm doluxsunmuş gözlərini yumaraq təəssüflə başını yel-ləməklə söylədiyi xəbərin doğru olduğunu təsdiqlədi.
Qələm qaşları yuxarı dartılan, gözləri böyüyən Reyhanın ayaqları yerə yapışmışdı. Bu arada ətrafa həzin siqnal səsi yayıldı. Yerdə siqaret çəkənlər yarımçıq çəkdikləri siqareti yerə atıb ayaqları ilə əzdilər. Reyhan isə gözləmədiyi xəbərin ağır təsirindən ayrıla bilmirdi.

Yollar boyu xoşbəxt adamlar kimi gülüb, danışan, dünya işığına həsrət olan, ətrafındakılara mehribançılıq bəsləyən, görməyən gözləri ilə deyil, qəlbinin gözü ilə Anasına qulluq etməyə gedən, övladlıq borcunu qismən ödəmək üçün doğma kəndinə tələsən Qəmər Reyhanın gözündə daha da böyüyürdü yavaş-yavaş... Məryəmlə Qəmər asta-asta Reyhanın yanından keçib avtobusa tərəf addımlayırdılar. Reyhanın bir əli üzündə, bir əli qəl-binin başında onların arxasınca baxa-baxa qalmışdı. Orta boylu, gözəl görkəmli Qəmər dağ boyda göründü onun gözünə. Reyhana elə gəldi ki, yanından əlli-ayaqlı, əzəmətli bir dağ yeriyib keçdi.

Sevgül SƏFƏRLİ,
“Borçalı” qəzetinin və
“Borcali.org” saytının
Baş redaktor müavini,

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: