TALE YAZILARI Ədəbiyyat » Nəsr 9 октября 2024 998 0 1 2 3 4 5 Hörmətli redaktor Müşfiq Borçalı!Bu günlərdə arxivimi qaydaya salarkən bu hekayənin əlyazmasınına rast gəldim. Hekayənin müəllifi tələbə yoldaşım Rəna Kərimova idi. Həyat yoldaşı Azad Hüseynov da tələbə yoldaşım idi. O zaman mən “Vətən səsi” qəzetində şöbə müdiri işləyirdim. Rəna mənə göndərmişdi ki, hekayəni qəzetdə verim. Ancaq o zaman çox çətin bir dövr idi. Qarabağda müharibə gedirdi. Bədii ədəbiyyat əvvəlki kimi funksional deyildi. Ona görə də hekayə çap olunmamış və arxivimdə qalmışdı. İndi hər şey dəyişib. Hekayənin müəllifi ömrünü müəllimliyə həsr etmiş Rəna Kərimaova vəfat edib. Düşündüm ki, gec də olsa, hekayənin işıq üzü görsün. Bu məqsədlə tələbə yoldaşım mərhum Rəna Kərimovanın “Tale yazıları” hekayəsini sizə göndərir və onu qəzetininizin oxucularına təqdim etməyiniz istəyirəm.Hörmətlə, Bədirxan ƏHMƏDLİ,Filologiya elmləri doktoru, professorTALE YAZILARI(Hekayə)Nə qəribə işləri varmış bu dünyanın. Qədrini bilmədiyi keçmiş günlərinin – ömrünün o atalı-analı illərinin bir daha geri dönməyəcəyini anlayanda həsrətdən ürəyi göynədi Dilarənin. Bir neçə gün idi ki, 15 yaşlı bu qızcığaz 10 yaşlı qardaşı Yaşarla kimsəsiz qalmışdı. On ay əvvəl qoca atasının ölümü Dilarəni hələ də için-için göynədirdi, onu yandıran ən çox o idi ki, sağlığında rəhmətlik atası bir gün görmədi, bütün ömrü boyu ehtiyac içində yaşadı, ehtiyac içində də öldü. Dilarənin atası Əli kişi müharibədən sonra bir müddət ferma müdiri, sonra briqadir işlədi. Bəziləri kimi təkcə özünü, ailəsini düşünmədi, dövlətin varına göz dikənlərdən olmadı. Paxıllıq hissi də bu kişinin ürəyinə yad oldu, topdağıtmaz evi olan bəzi tay-tuşları kimi el malına xor baxmadı... Əzəldən bəxti gətirmədi Əli kişinin. Amansız ehtiyac, neçə-neçə ürəklərin arzularını sən gözündə qoymusan. Neçə-neçə cavanın taleyində silinməz iz qoymuş bir ləkəsən sən. Ata-babalarımız həmişə - “Ehtiyacın üzü qara olsun!”, - desə də sənin üçün həmişə ağ olub, cavan ömürləri çürüdüb öz amansız pəncəndə əzmisən. Bəzilərinə cənnət, bəzilərinə cəhənnəm, gəlimli-gedimli, bir ucu ölümlü bu dünya durduqca sən də varsan, hələ nə qədər ömürlərin şirəsini sorarsan, - söylədi Əli kişi. Ehtiyac və məhrumiyyətlər Əli kişinin gözünün ilk ovu, könlünün ilki gözəl Diləfruzu da tez soldurdu. Yazığın dərdinə dərman da tapılmadı. İlk oğlu, bir qız anası olan Diləfruz dünyasını dəyişəndə üç yaşın içindəydi sonbeşiyi. Kirpiyilə qor götürdü Əli kişi, istəklisinin yadigarlarını göz bəbəyi kimi qorudu, pərvazlandırdı. Gün gəldi, el-oba içində həm gözəlliyi, həm də ismətiylə yaxşı ad qazanan qızı Gülərə elçilərin biri getdi, biri gəldi... Qız qapısı şah qapısı deyiblər, əsil şah qapısına döndü qapısı Əli kişinin. Gülər qonşu kənddə yaşayan boylu-buxunlu bir gəncə könül verdi. Toylarını edib dədə-baba qaydasıyla ata evindən qonşu kəndə gəlin köçürtdülər Güləri. Doğrudan da, oğul valideynə arxa, qız da yaraşıqmış. Evin gözəlliyi-yaraşığı da, ocağın hərarəti də elə bil Gülərlə getdi. Evin hər səliqə-səhmanı Gülərlə bağlı olduğundan Gülərsiz günlərində ata da, qardaşlar da lap yetimləşdilər. Bacısı, qohum-qonşusu tez-tez ona baş çəkib qolundan tutsa da, çətin idi, kəndin baş qaşımağa vaxt olmayan yaz-yay aylarıydı, işin-gücün qızğın çağıydı. Yaş da əvvəlki yaş deyildi, əllini çoxdan haqlamışdı Əli kişi. Evdə qadın səliqəsi, qadın hərarəti lazım idi... Evinin dolanmadığını görəndə bu dəfə qohum-əqrəbanın onun yenidən evlənməsi təklifinə Əli kişi razılıq verdi. Tanımadığı, bilmədiyi nəsildən öz qızı yaşındaydı gətirdikləri, gözəlliyi olmasa da yaşca cavab idi Sayalı, Əli kişiyə bab deyildi... daha nə etmək olardı? İnsafən, iş-gücdə zirək idi Sayalı, birgə yaşadıqları 17 il ərzində iki övladları – Dilarə və ondan 5 yaş kiçik olan Yaşar da gəldi dünyaya. Sayalıyla birgə yaşadıqları illərdə el qaydasıyla böyük oğlu Vəlinin toyunu elədi, gəlin gətirdi, sonra kiçik oğlunu da evləndirdi... Böyük oğlu Vəli şəhərdə hökumətdən ev almışdı özünə, kiçik oğlu isə Bakıda həm işləyib, həm də oxuduğundan ailəsini də özüylə aparmışdı. əFevralın sazaqlı günlərindən biri idi. Hər axarın bir bəndi olduğu kimi, Əli kişinin də bir-birindən seçilməyən adi günlərinin son pilləsində bir axşamçağı kəndin hər qapısını bəd xəbər döydü: Əli kişi ölüb. Qonşu kənddən payi-piyada evinə qayıdan Əli kişi evinə çataçatda keçinmişdi. Əzrayıl yoldaca başının üstünü kəsdirmiş, amansız əcəl qoymamışdı ki, yazıq kişi evinə çatsın. Vəsiyyətsiz köçdü bu dünyadan Əli kişi. Sən demə Sayalının buynuzları qarnındaymış. Ərinin ölümündən sonra Sayalını tanımaq olmadı. Qonşularla, qohum-əqrəbasıyla gündə bir şeyi bəhanə gətirib dava-dalaş saldı, onların dirilərindən tutmuş ölülərinə qədər araya gətirib söyüşlə bəzədi. Hamı istəsə də, istəməsə də ondan üz döndərdi... Sayalıya da elə bu lazım imiş. Heç kəslə məsləhətləşmədən öz sağlam inəyini dəyər-dəyməzinə satdı; uşaqlarını – Dilarəylə Yaşarı evdə kimsəsiz qoyub günlərlə itib-batdı, Evdən də gedəndə uşaqlarına deyirdi ki, öz xalasının, xalaqızlarının evinə gedir. Uşaqlar ömürlərində nə belə xala, nə də ki, xalaqızı tanıyırdılar, analarının yolunu gözləməkdən başqa əllərindən nə gələrdi ki..? Əli kişinin şəhərdə müəllim işləyən böyük oğlu Vəli dəfələrlə gəlib hay-küy saldı, bir dəfə hövsələdən çıxıb Sayalını döydü də... Sayalı oğulluğuna nə desə yaxşıydı? – Bu xarabanın qarovulunu çəkməyəcəm ki... Gorbagor atan dirilib gəlsə də daha mən burda qalan deyiləm... 35 yaşım var, nə yaşdır ki, (Evi yıxılmış falçı Sayalıya deyibmiş ki, sənin bəxtində 10 uşaq var) Nə istəyirsiniz məndən, cavan canımı bu dörd divar arasında çürütməyəcəm ki? Sayalı açıq-aşkar dedi ki, heç biriniz mənim vəkilim deyilsiniz, kefim necə istəyirsə, eləcə də yaşayacam... Abır-həyasını itirmiş analığından eşitdiyi sözlərdən az qaldı ki, Vəlinin beyninə qan dama... Vəliyə görə gələn qohum-qonşu olmasaydı bəlkə də onun əlindən bir xata çıxacaqdı... Vəlini güclə sakitləşdirdilər: -A bala, onu öldürdün, ya da ki, həyətdəki iti, fərqi yoxdur, əlini onun qanına bulama, balaların var, özünü işəmi salmaq istəyirsən? Allah təvəkkül, görək nə olur? Sayalı nəsihətmi eşidərdi? Gözü elə qızmamışdır ki, bir nəfəri saysın, söz eşitsin. Üç gün çıxmamış xəbər çıxdı ki, Sayalı gəlini, nəvələri olan bir dul kişiyə qoşulub qaçıb... məəttəl qaldılar, heç kəs inanmaq istəmədi bu xəbərə... Balalarının göz yaşı qurumaq bilmirdi. Dilarə: - Allah, nə günahın sahibiyik ki, bizi el içində rüsvay edən anamızı öldürmədin, ancaq əziz atamızı əlimizdən aldın. Bizi elə anaya verəydin ki, qədrimizi biləydi. Ata həsrətindən dolan gözlərimizin yaşını silərdi. İlahi, sən bizə ana yox, düşmən üçün baş qaxıncı vermisən, baş qaxıncı!.. Əgər anamız belə üzüdönük olacaqdırsa, heç olmasa məni oğlan yaradaydın, indi belə ananın qızı kimi xəcalət tərində boğulmayaydım. Bundan sonra qız olub necə cərgələrə qoşulum mən?.. Ancaq Tanrı bir tərəfdən bağlayanda bir tərəfdən də açırmış. Bəli üçcə günün içində şəhərdəki rahat, səliqə-sahmanlı evini tərk etdi, ailəsini köçünü yığıb gəldi.. Yazıq uşaqlar – Dilarəylə Yaşar görmədikləri günə düşdülər. Gəlinləri Saranın onlarla xoş rəftarı könüllərindəki qubar dumanının dərd pasını tez sildi. İlahi, nə yaxşı ki, dünya yaxşı insanlardan xali deyil hələ... Nə yaxşı ki, yaxşılıq pislikdən üstündür hələ... Sara qohum-əqrəbanın dilindən düşmürdü, hamı deyirdi ki, halal olsun belə gəlinə! Gəlin də gəlin idi ha... Bu iki uşağı öz dörd balasından ayırmadı Sara... Əyin-başlarına da aldı, təmizliklərinə də baxdı. Bir od parçasıydı Sara... O gündən illər keçdi. Artıq Dilarənin iyirmi, Yaşarınsa on beş yaşı vardı. Əmisi oğlu ilə əhd-peyman bağlayan Dilarəni bir həftədən sonra gəlin aparacaqdılar. Bu gün xınayaxdısı idi. Qardaşı arvadı Sara öz qaynı arvadı Laləylə birgə əlləşib dünəndən hər şeyi hazırlamışdılar. Qayınatalarının yadigarı Dilarəni ev-eçikli, xoşbəxt görmək arzuları yerinə yetdiyinə görə könülləri şad idi. Rəna KƏRİMOVA,Lənkəran rayonu Moloja kənd orta məktəbinin direktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.