Mafilə Müntəzir: "KÜSDÜRÜLMÜŞ MƏLƏK" (Hekayə)

Mafilə Müntəzir: "KÜSDÜRÜLMÜŞ MƏLƏK" (Hekayə) Mən artıq böyümüşdüm. Yəni, ətrafımda baş verənləri, danışılanları anlayacaq qədər böyümüşdüm. Biz ailədə yeddi uşağıq. Böyük bacım, mən, məndən sonra üç bacım və iki qardaşım var. Hekayəmdə sizə ailəmizdə eşitdiklərim və yaşadıqlarımdan söhbət açacam.

Valideynlərimiz biz övladların dünyaya gəlişini uzun illər - düz on il gözləyiblər. Nəhayət, on ildən sonra ilk övladları, yəni böyük bacım dünyaya gəlib və buna görə valideynlərimin sevincləri yerə-göyə sığmırmış. Böyük bacımdan sonra mən dünyaya gələndə, qız olmağıma baxmayaraq bu sevinc bir damla da azalmayıbmış. İllər sonra valideynlərim üçüncü doğulan uşağın da dünyaya gəlişinə sevinsələr də, ətrafın münasibəti bu sevinci doyunca yaşamağa imkan verməyibmiş.


Üçüncü qız övladı doğulandan sonra artıq yaxınlar, qohumlar ata - anama təsəlli qarışıq göz aydınlığı veriblərmiş:
-Şükür Allahın böyüklüyünə, vaxt var idi övlad həsrətində idiniz. İndi isə maşallah üç övladınız var. Yəqin ki, üç qızdan sonra Allah oğul övladı da verər.
Eşitdiyimə görə atam da deyilənlərə bu deyilənlərə belə cavab veribmiş:
-Elədir, vaxt var idi bu övladların birinə belə həsrət idik. İndi
evimizdən uşaq səsi əskik olmur. Mən Allahımdan razıyam.
Atamın belə deməsinə baxmayaraq ətrafdakıların ailəmizdə
Ard-arda qız övladlarının doğulmasına bildirdiyi fikirləri hərə bir şəkildə ifadə edirmiş. Məsələn, biri belə deyirmiş:
-Sən özün də təksən, qardaşın yoxdur, səndən sonra yurdunda
yurdçu olacaq bir oğul olmalıdır.
Başqa biri isə belə fikir yürüdübmüş:
-Yaşlananda sənə də kömək edəcək, davamçın olacaq bir oğul lazımdı.
Başqa biri isə:
-Bu qızlara bir qardaş lazımdı. Onlara həyan ola bilsin,-deyə yersiz məsləhət veribmiş.
Belə söz-söhbətdən ən çox sıxılan anam olub. Çünki, onun da
qulağına belə sözlər çatırmış:
-Neçə il övladı olmadı. Yoldaşı yaxşı adamdır, bu qədər səbr
etdi. Ailəsini dağıtmadı. İndi də ard-arda qız dünyaya gətirir. Yaxşı ki, əri bir söz demir.
Anam bu sözləri eşidəndə hər zaman xəlvətə çəkilib ağlayardı. Sonra dərdi, sıxıntısı Allaha çatsın deyə ona ünvanlan dualar, diləklər bitib-tükənməzdi. Onun bu yalvarışları yadımda təxminən belə qalmışdı:
-Ey məni yaradan, mən doğulandan yaşadıqlarım azmış kimi, indi də məni belə imtahana çəkirsən? Məni el-aləmdə utandırma.
Axı mənim günahım nədir ki, bunları eşitməliyəm? Bu insanlar tək bizim deyil, sənin də işlərinə qarışır. Axı bu övladları bəxş edən sənsən. Verdiyin ruziyə, verdiyin övladlara görə mənim sənə şükrüm sonsuzdur.
Onu da deyim ki, anam atasını heç xatırlamırdı. Çünki atası onun bir yaşı olanda repressiya qurbanı olunmuş, “xalq düşməni” adı altında güllələnmiş, sonradan 1954-cü ildə bəraət almışdı. Heç şəklini belə görmədiyi atasının sürgün olunmasına görə olmazın sözlər eşitmiş, mənəvi əziyyət çəkmişdi. Məktəbdə oxuduğu illərdə ona xalq düşməninin qızı kimi baxırmışlar. Cavan olmasına baxmayaraq, nəslin ağsaqqalı, xeyriyyəçi biri olaraq tanınan atasını gözü götürməyənlər şərləyib həbs etdirmişdilər. Mal-mülkü müsadirə olunan atasından sonra dolanışıqları da asan olmamışdı. Anamın bütün bu yaşadıqları azmış kimi ailə qurandan sonra on il də həsrətlə övlad yolu gözləmişdi.
Anam nə qədər ürəyində dərd çəksə də, deyilən sözlərdən sıxılsa da, yenə öz işində-gücündə, ailəsinin, övladlarının qayğısını çəkməkdə idi.
Nəhayət, ailədə dördüncü övladın dünyaya gəlməsinin vaxtı-
vədəsi yetişəndə hamının qulağı, gözü yenə də bizim ailəyə sarı yönəlmişdi. Yenə qohum-qonşu mülahizələr yürütməyə başlamışdı:
-Görək bu dəfə də qız olsa, yoldaşına nə cavab verəcək? Yenəmi ərini oğulsuz qoyacaq?
Bu kimi suallar, yersiz sözlər ağızlarda dolaşarkən dördüncü bacım dünyaya gəlmişdi. Doğulan uşağın yenə qız olduğunu gördükdə anamın hər uşaq dünyaya gətirdikdə yanında olan nənəmin başına elə bil bir vedrə qaynar su tökmüşdülər. Nənəm göz yaşını gizlətsə də, pərtliyini gizlədə bilməmişdi. Buna baxmayaraq ağzını qızına təsəlli dolu sözlərlə açmışdı:
-Şükür Allaha bala, sağ-salamat qurtardın. Əsas odur Allah sənə əli-ayağı düz, bütün əzaları yerində olan övladlar verir.
Sonra nənəm namaz üstə dualara başlayardı:
-Verdiyinə şükür, İlahi. Qızıma əli-ayağı düz, hər əzası yerində olan övladlar vermisən. Heç birindən ağlı, zəkanı da əsirgəmə, Allahım. Bizi bağışla. Sənin işinə qarışa bilmərik. Amma ətrafın nələr danışdığından da xəbərin var. Bizi dost-düşmən içində xar eləmə. Mənim də balamı, bircə qızımı oğul anaları sırasında gör. Bunu sənin işlərinə qarışmaq, sənə üsyan kimi qəbul etmə. Bəndələrinin tənəsindən sıxılan bir ananın arzusu, duası, bu sıxıntıdan qurtulmaq yolu kimi qəbul et.
Mən də nənəmin pıçıltı ilə etdiyi bu dualarını eşitmək üçün
diqqətimi cəmləyib ona mümkün qədər yaxın oturmağa çalışardım. Hərdən mən də uşaq təxəyyülüm ilə ürəyimdə Allaha bu sualları ünvanlayırdım:
-Ay Allah, niyə nənəmin, anamın bu qədər duaları sənə çatmır? Mən nənəmi, anamı çox istəyirəm axı. Onların dərd çəkməsini, fikir etməsini istəmirəm axı.
Elə bilirdim mən belə sual verəndə Allahın yaşlı nənəmə, sakit, heç kimin işinə qarışmayan, qeybətin nə olduğunu bilməyən anama yazığı gələcək, onların dualarını daha tez eşidəcək.
Nur üzlü nənəm biz də daxil olmaqla bütün nəvələrinin başına pərvanə kimi dolanardı. Yeni doğulan nəvələrini isə heç kimə həvalə etməzdi. Kiminsə nəfəsinin belə onlara toxunmasını istəməzdi. Anamın da qayğısına qalmağı heç unutmazdı. Bəzən özünü unudub vaxtlı-vaxtında yemək yeməyən anama nənənim dediyi bu sözlər indi də qulaqlarımdadır:
-Ay qızım, sən istəyirsən sənin balaların vaxtında yesin, vaxtında yatsın? Mən də istəyirəm mənim də balam vaxtında yesin, vaxtında yatsın. Sən də mənim balamsan axı. Balanın böyüyü-kiçiyi olmur. Hər yaşda o ana üçün eynidir. Bilirəm bu qədər işlə vaxtında yatmağın mümkün deyil. Heç olmasa uşaqlara yemək verəndə özün də əməlli-başlı bir şey ye. Yoxsa heç vaxtın olmur. Günü-gündən geri gedirsən.Özünə də bax.
Nənəmin bütün bu öyüd-nəsihətlərinə baxmayaraq yenə də, anam bütün günü bir dəqiqə də olsun dincəlmədən ora-bura qaçır, bütün işlərini vaxtında görməyə çalışırdı. Anamın vasvası təmizliyi qohum-qonşuya da məlum idi. Onun bu qədər işi necə çatdırmasına heyrət edənlər də vardı. Elə biz də anamın nə vaxt yatıb, nə vaxt durduğunu görməzdik. Gecə hamı yatandan sonra bir də ev-eşiyə əl gəzdirər, səliqə-səhman yaradar, səhər isə sübh tezdən qalxar, mal-qaranı
rahatlayar, hətta biz yuxudan oyanıb, yatağımızdan qalxana qədər inəklərimizdən təzə sağdığı süddən südlü sıyıq da bişirərdi. Biz yuxudan qalxanda isti çay və yemək masanın üzərində bizi gözləyərdi.
Hər gün evdən birinci çıxan isə atamız olardı. O da istirahət günü belə işə gedərdi. Bir sözlə atam da səhər gedib, axşam evə dönərdi. Yay aylarına isə çox vaxt səhər sübh tezdən işə gedər, bəzən gecə yarı qayıdardı. Belə vaxtlarda bəzən biz günlərlə atamızı görməzdik. Səhər biz yuxudan qalxana kimi evdən çıxar, gecə biz yatandan sonra evə dönərdi. Bu əsasən pambıq yığımı vaxtlarında olardı. Atamın işgüzarlığı, çalışqanlığı da hər kəsə məlum idi. Onun belə əzmlə çalışmasını dövlət, rəhbərlik də layiqincə qiymətləndirərdi. Hər il əməyi mükafatlandırılardı. Artıq neçə il idi ki, rayonda keçici bayrağı atam alırdı. Hətta “Əmək Rəşadətinə Görə” medalı ilə də təltif olunmuşdu.
Atam çox ciddi adam idi. Çox az danışardı. Çoxu ona yaxınlaşıb söz deməyə belə çəkinərdi. Hətta biz belə ondan çox çəkinərdik. Atam evdə olmayanda nə qədər səs-küy salsaq da, anamızı incitsək də, atamın maşınının səsi eşidilən kimi özümüzü yığışdırardıq. Tez-tələsik töküb-dağıtdığımız evi də səliqəyə salardıq. Hətta qaçıb həyətdəki qarajın da qapısını açardıq.
Atam tez-tez paytaxta-Bakıya gedərdi. Evə dönəndə isə maşının yük yeri dolu qayıdardı. Atam bizə qarşı çox diqqətli idi. Alış-veriş zamanı heç kimin istəyini yaddan çıxarmazdı. Sevgisini tez-tez dilə gətirməsə də bizi çox istədiyini tam əminliklə deyə bilərəm. Onu da qeyd edim ki, bacılardan atama oxşayan yalnız mən idim. Çox biruzə verməsəm də, atama bənzəməyimlə çox öyünürdüm.
Biz az əvvəl sizə dünyaya gəlişindən söhbət açdığım dördüncü bacım artıq bir az böyümüşdü. Bu mövzuya bir azdan qayıdacam.
Hələlik isə atamın bizə diqqətini göstərən söhbətimi davam etdirmək istəyirəm. Deməli, mənim dördüncü bacım üstü bizeli pirojnanı çox sevirdi.
Atam da hər dəfə Bakıya gedəndə mütləq aldığı şirniyyatların içərisində səkkiz ədəd pirojna olan kağız qutu da olardı. Qutunun ölçüsü, üstündəki şəkil indi də yadımdadır. Atam bizə paltar alanda da istəklərimizi nəzərə alardı.
Heç yadımdan çıxmaz, bir dəfə atam növbəti məzuniyyətini
keçirmək üçün İndiki Rusiya ərazisində yerləşən Soçi şəhərinə getmişdi.
O vaxtlar hələ Sovet İttifaqı mövcud olduğundan ittifaqın istənilən şəhərinə sərbəst getmək imkanı vardı. Bir də hər kəsin istirahət üçün öz respublikasını deyil, gəzib görmək üçün başqa sovet respublikasını seçmək ənənəsi vardı.
Atam adətən məzuniyyətə qış aylarında çıxardı. Tutduğu vəzifə ilə əlaqəli olaraq yaz, yay və payız aylarında kənddə təsərrüfat işləri daha çox olduğundan, dövlət planlarını yerinə yetirmək lazım gəldiyindən onun istirəhət üçün məzuniyyət götürməsi soyuq aylara düşürdü.
Bir dəfə növbəti məzuniyyətdən dönəndə ailədə ən çox sevinən bəlkə də mən olardım. O, mənim bütün istəklərimi nəzərə almışdı. Digər bacılarıma aldığı qış köynəklərinin yaxası bağlı olduğu halda, mənə aldığı eyni rəngdə, eyni naxışlı köynəyin yaxası açılan, yəni mənim arzuma uyğun olaraq düyməli, jaket formasında idi. Sonralar məndən böyük və məndən kiçik bacımla birlikdə həyətimizdə çəkdirdiyimiz şəklə hər dəfə baxanda “mənim atam kimi diqqətli ata görmədim” fikrimi bir daha özlüyümdə təsdiqləyirəm.
Şəkil demişkən, hər ilin yaz aylarında, güllü-çiçəkli vaxtlarda xüsusi dəvət olunmuş fotoqrafın həyətimizdə bizim ailə şəklimizi çəkməsi kimi bir ənənəmiz də vardı. Hər dəfə bəlkə bir albomluq şəkil çəkdirərdik. Bu fürsətdən bəzən qonşular da yararlanardı. Buna görə də əksər qonşuların albomlarında bizim həyətdə çəkilən şəkillərə rast gəlmək olardı.
Mən hər dəfə bu şəkillərə baxanda o günlərdə yaşadıqlarım bir kino lenti kimi gözümün önündən keçir. Amma növbəti şəkilçəkdirmə mərasimlərinin birində mən iştirak etməmişdim. Həmin il çəkilən ailə şəkillərində mən yoxam. Bunun səbəbi isə bu dəfə fotoqraf gələndə mənim bibimgildə olmağım olub. Bibim məni çox istədiyindən, bizə qonaq gəlib-gedəndə çox vaxt məni də özü ilə aparırdı. Bu əsasən tətil vaxtlarına düşürdü. Tətil bitməmiş mənim evə dönməyimə bibim hər vəchlə mane olmağa çalışırdı. Bəlkə də bunun səbəbi heç xatırlamadığı, çox erkən itirdiyi anasının adını mənim daşımağım, bibimin də anasının ətrini məndən alması kimi mistik bir düşüncə idi. Məni həmişə “ana” deyə çağırardı. Mən isə bibimgildə olan zaman çəkilən ailə fotosunda şəklimin olmaması ilə heç cür barışmaq istəmirdim. Buna görə də, bəzən bibimgilin evə dönmə vaxtı axşam saatlarına düşəndə tez gedib yatağıma girərdim ki, bibim mənim yatdığımı düşünüb, yuxudan oyatmağa qıymasın və məni apara bilməsin.Amma sonralar 37 yaşında dünyasını dəyişən bibim üçün çox darıxırdım. Bəzən onlara getməmək üçün özümü yuxululuğa vurdmağımı bu gün də özümü bağışlamıram. Bibimlə daha çox vaxt keçirməməyimin nisgili məni heç vaxt tərk etmir. Axı mən bu gün də ətrafımda bibim kimi ürəkdən, səmimi qardaş balası istəyən bibi görmürəm. Amma onu da deyim ki, mən də bu cəhətdən elə bibimə oxşamışam. Hərdən öz övladlarım mənim qardaşım balalarını həddən çox istəməyimi, onlara qayğı, sevgi ilə yanaşmamı qısqanırlar. Onu da deyim ki, mən yaxşı bibi olmağı öz bibimdən öyrənmişəm.
Yenə atamın bizə diqqətiylə bağlı söhbətə qayıdıram. Atam istirahətdən qayıdanda mənim arzuma uyğun olaraq
“mama” deyən gəlincik almağı da unutmamışdı. Toppuş, al yanaqlı, rus qızları kimi sarı saçlı, ağ donlu, ağ ayaqqabılı gəlincik olan qutunu açanda keçirdiyim sevinc hissini bu gün də eynilə xatırlayıram. Mən qutunu açan kimi gəlinciyi əlimə alıb tələsik başını önə əymişdim.
Gəlincik həmin anda “mama”deyə səs çıxarmışdı. Sonralar üzün müddət gəlinciyimi yerə qoymamışdım. Qonşu qızlarla oynayanda üzə vurmasam da belə bir gəlinciyimin olması ilə lovğalanardım. Axı belə gəlincik qohum-qonşuda olan mənimlə yaşıd qızların heç birində yox idi.
Bir də hər bir ailə üzvünün, hətta nənəmin, bibimin, bibim qızının, atasını itirəndən sonra atama atalıq edən, lələ dediyi əmisinin, ana dediyi əmisi arvadının adına xatirə olaraq üzərini yazdırdığı fincanları heç unutmuram. Mənə atamdam xatirə olaraq üzəri yazılan həmin fincan bu gün də mənim üçün ən qiymətli hədiyyədir. Evimin ən qiymətli əşyasıdır.
Mən dördüncü bacımın doğulmasından danışırdım axı. Dördüncü bacım doğulanda atam onun adını Humay qoymaq istəmişdi. Atam deyirdi ki, Humay-xoşbəxtlik, uğur, şans gətirən mənasını verir. Atam bu adı çox bəyənmişdi. Amma bu dəfə də qız doğulmasına qonum-qonşular fikirlər bildirilməyə başladı. Atamın əmisi “artıq bu qədər qız yetər”
təpkisi ilə bu adı qoymağa etiraz etmiş, atam da əmisinin sözünü yerə salmamaq üçün fikrindən daşınmış, onun təklif etdiyi “bu qədər qız daha bəsdir” fikrini vurğulayan qız adını, doğulan dördüncü bacıma vermişdi. Anam da buna heç bir etiraz etməmişdi. Beləliklə, sonuncu doğulan qız ümidiylə bu adla dördüncü bacım da bizim sıramıza daxil olmuşdu. Valideynlərimiz isə bütün bu baş verənlərə, ətrafdakıların nə söyləməsinə baxmayaraq bizdən sevgisini heç əsirgəmirdilər. Biz xoşbəxt, hər cür qayğı ilə əhatə olunmuş uşaqlığımızı yaşamaqdaydıq.
Nəhayət, növbə ailəmizdə beşinci övladın doğulmasına gəlmişdi.
Həmişə olduğu kimi yenə də nənəm bizdə idi. O anama kömək etmək üçün demək olar ki, ilin çox hissəsini bizdə qalardı. Baxmayaraq ki, nənəmiz böyük dayımla eyni həyətdə olan evində yaşayırdı. Amma yeni uşaq doğulanda nənəm heç vaxt anamı tək qoymazdı. Bir gün-soyuq bir qış günündə beşinci bacım dünyaya gəldi. Nənəmlə bərabər, yaşlı qadın olan atamın bibisi də bizdə idi. Doğulan uşağın qız olduğunu görən kimi nənəmlə atamın bibisi bir-birinə qoşulub ağlamağa başladı. Atam üçün “yenə də oğulsuz qaldı” ifadələri səsləndi. Nənəm bəlkə də qızının halına acıdığından belə ağlayırdı. Anamın o anda nələr çəkdiyini mən çox böyük olmasam da yaxşı anlayırdım. Hələ atamı demirəm. O da eyni söhbətləri eşitməyə məcbur olacaqdı.
Bu dəfə isə baş verənlərə atam belə cavab verdi:
-Mən körpənin adını Humay qoyacam. Mən bu qızımın adının mənası kimi bizim ailəmizə xoşbəxtlik, uğur, şans gətirəcəyinə inanıram. Beləliklə, doğulan beşinci bacımıza atam Humay adı verdi. Ata-anamız ətrafın münasibətindən sıxıntı keçirsə də bizi çox sevirdilər. Ata-ana sevgisinin nə olduğunu bizə bütün mənası ilə yaşadırdılar.
Nənəmin dualarını da Yaradan qəbul etmişdi. Hər birimiz iti zəkalı, sağlam idik. Artıq məktəbə gedənlərimiz dərslərini çox yaxşı oxuyurdu. Təlim-tərbiyəmizdən də hər kəs razı idi.
Kiçik bacım doğrudan da evimizə bir sevinc, rahatlıq, uğur gətirdi. Ondan sonra ailəmizdə oğlan doğuldu. Nənəmin, anamın, atamın sevincini sözlə ifadə etmək mümkün deyildi. Artıq pərtlik, sıxıntı yox idi. Hamı ata-anamıza, nənəmizə göz aydınlığı verir, həyətimizdə qurban dalınca qurban kəsilirdi. Mənə çox qəribə gələn o idi ki, bəzən heç tanımadığımız adamlar belə gətirib həyətimizdə qurban kəsirdi. Bir insan kimi atamı çox sevənlər, ondan hörmət, qayğı, kömək görənlər tək oğul olan atamın oğulsuz qalmamasına sevindiklərini belə bildirirdilər. Bəlkə də atamın bu günkü sevincinə vəsilə elə bu adamların duaları idi.
Üç il sonra daha bir qardaşımız dünyaya gəldi. Yenə ailəmiz eyni sevinci yaşadı. Nənəm bizə belə deyirdi:
-Daha sizə heç kim “qardaşsız” deyə bilməz. Nənəmin belə
deməsinin səbəbi vardı. Bir dəfə böyük bacım ağlaya-ağlaya evə dönmüşdü. Anamla nənəm niyə ağladığının səbəbini soruşduqda bacım cavab vermişdi:
-Nənə, məhəllədə oynadığım qızlar sənin qardaşın yoxdur, sən qardaşsızsan deyib məni lağa qoyurlar.
Nənəmlə anam bacımın bu sözündən sonra xeyli ağlamışdılar.
Nənəm bacımın başını sığallayıb təsəlli vermişdi:
-Darıxma bala, Allah sizi də qardaşsız qoymaz. Allah böyükdür. Duaları eşidəndir. Sən də dua elə. Allah uşaqların dualarını daha tez eşidir.
Bacım da bu təsəlliverici sözlərdən sonra sakitləşmişdi.
Anamın niyə böyük bacımızı və beş qızdan sonra doğulan böyük qardaşımızı lap çox istəməsinə əvvəllər qısqanclıqla yanaşsam da, sonralar bunun səbəbini anlamağa başlamışdım. Böyük bacımın doğulması anamı övladsız olmağın sıxıntından, böyük qardaşımın doğulması isə onu oğulsuz olması sıxıntısından qurtarmışdı. Amma illər sonra da, qardaşlarımızın doğulmasına baxmayaraq, yenə qohum-qonşu ağzına yiyəlik edə bilmirdi. Kimsə artıq ağlı kəsən
yaşa çatmış kiçik bacımızın yanında o doğulanda nənəmlə, atamızın bibisinin ağladığını demişdi. Baxmayaraq ki, qardaşım doğulandan sonra hamı bacımı atamın təbirincə “Güldaban” adlandırırdı. Qonşulardan eşitdiyi bu sözlər ona çox pis təsir etmişdi. O özünün dünyaya gəlişini arzuolunmaz gəliş kimi qəbul etmişdi. Bu fikir həmin gündən onun düşüncəsinə hakim kəsilmişdi. Ətrafdakılar bu məsum qızcığaza necə bir zərbə vurduqlarının fərqində deyildilər. Bu nadan insanlar başqalarının ailə işinə qarışmalarının, “burunlarını soxmalarının” yaratdığı böyük zərbənin təsirinin bir ömür boyu sürəcəyini heç düşünmək qabiliyyətində də deyildilər. Amma bu beləydi. Kiçik bacımın belə sakit, özünə qapalı olmasınının səbəbini mən bunda görürdüm.
Humayı hamımız çox istəyirdik. Bu, gün də bu belədir. Mən onun kimi saf, məsum birini tanımıram. O mənim təsəvvürümdə bir mələkdir. Bu dünyada yaşayan qanadsız bir mələk. Bəlkə də qanadı olsaydı çoxdan bu dünyadan çox uzaqlara uçub getmişdi. Heç kimim başqasının işinə qarışmadığı, daha sivil, azad bir dünyaya.
“Güldaban” bacımız düşüncəsizlərin, yaradılışın, yaşamın nədən ibarət olduğunu anlamayanların küsdürdüyü bir mələkdir. Bu gün insanlığa zəkası, biliyi, sənəti, əməyi ilə qatqısı olan bir mələk. Amma onu, ailə qursa da, ana olmaqdan, o hissi yaşamaqdan imtina edəcək dərəcədə küsdürmüşdülər. Yeri gəlmişkən, onu da qeyd edim ki, sonralar mənim oxuyub-öyrəndiyimə görə Humay qədim türk inancında qadın, uşaq və heyvanları himayə edən, kömək göstərən İlahədir. O, belə bir ilahənin adını daşısa da, biz bacılar da, anamız da nə qədər tövsiyyə etsək də, bəzən yalvarıb israr etsək də ona dəyən zərbənin təsirini azalda bilmədik. Bu gün hər şəraiti, imkanı olsa belə, bizim çox gözəl bir qadın olan mələk kimi bildiyimiz bacımız ana olmaq istəmədi ki, istəmədi. Onu çox sevən həyat yoldaşı da onu itirməmək üçün bu seçimlə razılaşdı. Bütün bunlar mənim ailəmdə, mənim gözümün qabağında, mənim yaşadığım cəmiyyətdə baş verirdi. Mənim də bu qız-oğul ayrı-seçkiliyi salanlara sözün əsl mənasında nifrətim yaranmışdı. Baxmayaraq ki, mənim həyatımın ana olmaq dönəmi, elmin, texnologiyanın inkişaf etdiyi vaxta təsadüf etmişdi. Mən ultrasəs müayinəsindən keçəndə belə dünyaya gələcək övladlarımın qız və ya oğlan olması barədə heç soruşmamışdım. Məndən soruşanlara da çox acığım tuturdu. Bu günə kimi oğlum və qızım arasında zərrə qədər də fərq qoymamışam. Bunu övladlarım da çox yaxşı bilir.
Bir də ki, insanlar bilməlidirlər, daha doğrusu insanlara izah
edilməli, bilgi verilməlidir ki, doğulan uşağın cinsinin qız, yaxud oğlan olmasının genetik daşıyıcısı atadır. Belə ki, kişilərin daşıdığı cinsi xromosom XY, qadınların daşıdığı cinsi xromosom isə XX-dır. Dünyaya gələcək uşaq bir xromosom atadan, bir xromosom anadan götürür. Ananın daşıdığı hər iki xromosom eyni olduğu üçün, anadan uşağa yalnız X xromosomu keçir. Əgər atadan alınan xromosom X olarsa, doğulacaq uşaq qız, Y olarsa oğlan olur. Bu dəyişməz bioloji qanundur. Bunu isə cahil, eqosu özündən böyük insanlar qəbul etmək istəmir.
Amma bu bioloji qanun da istəklə dəyişən deyil. Bu bir elmdir.Yaradanımız da bizlərə müxtəlif yollarla bu barədə mesajlar versə də, bizim müsəlman cəmiyyəti buna məhəl belə qoymur. Öz eqoist fikirlərindən əl çəkmirlər ki, çəkmirlər.
Peyğəmbərimizin də nəsil şəcərəsi bu günə kimi məhz qız övladı xəttiylə davam edir. Onun iki oğul övladı dünyaya gəlsə də, onlar kiçik yaşda vəfat etmişlər. Təəssüf ki, Yaradanın müsəlmanlara verdiyi bu mesajı, özünü müsəlman adlandıranların əksəriyyəti qəbul etmək istəmir.

Bütün bu elmi faktlara, işarələrə, mesajlara baxmayaraq insanlar şərqli düşüncəsindən, eqo dolu fikirlərindən heç cür əl çəkmək istəmirlər. Müsəlmanların belə düşüncəsi, belə davranışı münafiqlikdən başqa bir şey deyil. Cəmiyyətimizdə baş verən belə hallara qarşı mənim qəlbimdə yaranan hirs, üsyan isə heç bitmir. Axı onların yanlış düşüncəsi mənim mələk kimi bacımı da bu dünyadan küsdürdü, ana olmaq istəyini öldürdü. Təkcə mənim bacımınmı? Əsla! Bu düşüncə minlərlə, bəlkə milyonlarla qadının, ananın həyatını qaraltmış, ömrünü, ailəsini, arzularını məhv etmiş və bu gün də məhv etməkdədir.

Mafilə Müntəzir,
Həkim-şairə

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Elçin Hüseynbəyli:

Elçin Hüseynbəyli: "Sülh elçisi - mənim ANAM"

Nəsr, Köşə yazılar
Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
Qüdrət Qasımovun 55 illik ömrünün 55 günlük həsrəti

Qüdrət Qasımovun 55 illik ömrünün 55 günlük həsrəti

UNUTSAQ, UNUDULARIQ!....
Səadət Şabanqızı: A T A M (Oçerk)

Səadət Şabanqızı: A T A M (Oçerk)

Publisistika, Müsabiqə, "Mən Şirvanın səsiyəm", UNUTSAQ, UNUDULARIQ!....
Pərvanə ZALAMLI: 9 May - Qələbə, yoxsa...

Pərvanə ZALAMLI: 9 May - Qələbə, yoxsa...

Müsabiqə, Köşə yazılar
Xalidə NURAY:

Xalidə NURAY: "Həyatın qisası" (Hekayə)

Nəsr, Müsabiqə
Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik ...

Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik ...

Qarabağ, Köşə yazılar
Mənim idealım...

Mənim idealım...

Köşə yazılar
O, ƏH BÖYÜK DAYAĞIM İDİ

O, ƏH BÖYÜK DAYAĞIM İDİ

UNUTSAQ, UNUDULARIQ!....
Bağışla məni, ata

Bağışla məni, ata

Bakı, UNUTSAQ, UNUDULARIQ!....
Atasız dünyam

Atasız dünyam

Bolus, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
Vətənin qeyrəti

Vətənin qeyrəti

UNUTSAQ, UNUDULARIQ!....
Səkinə  ananın  baxışları  (Hekayə)

Səkinə ananın baxışları (Hekayə)

AzTU, Nəsr
Millət vəkili QƏNİRƏ PAŞAYEVA:  -

Millət vəkili QƏNİRƏ PAŞAYEVA: - "Mənim “Əsrdən uzun gün”üm…"

Milli Məclis, Publisistika
Nailə MİRZƏYEVA:

Nailə MİRZƏYEVA: "Darısqallıq" (HEKAYƏ)

AzTU, Nəsr
Şəfa Abdulla: Milyon cüt corab... (Hekayə)

Şəfa Abdulla: Milyon cüt corab... (Hekayə)

Nəsr, Müsabiqə
Ziya Bünyadovun hərbçi oğlu bəzi sirləri açdı: “Ondan böyük avtoritet olmay ...

Ziya Bünyadovun hərbçi oğlu bəzi sirləri açdı: “Ondan böyük avtoritet olmay ...

MEDİA
Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Borçalı, Poeziya
Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Poeziya, Borçalı, "Borçalı" Cəmiyyəti
Siyavuş Uyğuna Başsağlığı

Siyavuş Uyğuna Başsağlığı

"Şərqin səsi", Borçalı, Nekroloqlar
Rəy yazın: