Təranə Yusifqızının hekayələri

Təranə Yusifqızının hekayələri Təranə Yusif qızı Qəfərova
- 10 may 1969-ci ildə Cəlilabad rayonunda
ziyalı ailəsində anadan olub.
Orta təhsilini Cəlilabad rayonunda alıb.
1994-ci ildə Tibb kollecini bitirib.
İxtisasca tibb bacısıdır.
Hazırda Bakı şəhərində yaşayır.
İki övladı var.

Təranə xanım gənc yaşlarından bədii yaradıcılıqla da məşqul olur.
Şeirləri və hekayələri müxtəlif mətbuat orqanlarında, "Canım Azərbaycanım", "Turan", "Buta" və s. ədəbi məcmuələrdə, ədəbi almanax və antalogiyalarda çap olunub.
"Dünyanın dadı" adlı şeirlər kitabının müəllifidir.

Biz də Təranə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun iki hekayəsini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



ATA ÜRƏYİ


Tahirə yenə də qəmgin idi. Hadisələrin davamının necə olacağını fikirləşirdi.
Çox fikirləşir, düşünür, lakın çıxış yolu tapa bilmirdi.
Kiminləsə dərdləşib, bölüşmək istəyirdi dərdini, lakin gözləməyin heç bir faydası yox idi. Bu gün də həmişəki günlərdən biri olacaqdı və yenə də xəyalın kiminləsə məsləhətləşib, dərd ortağı tapacaqdı özünə.
Beləcə oturub düşünür, kiminsə gələcəyinə inanmayaraq yenə də gözləyirdi.
Elə bu zaman Tahirənin atası otağa daxil oldu. Tahirə ayağa qalxıb atasını qarşıladı, salamlaşıb körpə uşaq kimi atasının qucağına sığındı. Onun bu qucağa necə ehtiyacı olduğunu bir özü bilirdi.
Bu anın xoşbəxtliyi heç bir ölçüyə sığmırdı. Tahirə atanın ürək döyüntüsünü, ata isə qızının ağrısını hiss edirdi.
Ata sakit bir səslə:
- Nə olub qızım? – dedi, – Niyə yenə gözlərin dolub?
Tahirə qorxurdu ki, dərdini danışsa atası narahat olar, ona görə də susurdu, amma göz yaşları yanağından süzülüb, donunu belə islatmışdı. Tahirəyə elə gəlirdi ki, atası bunu, yəni onun ağladığın hiss etmir, lakin ata çox həssas insan idi. O, hər şeyi hiss edirdi.
Atası Tahirənin başına sığal çəkib, onu sinəsinə sıxıb, həmişəki kimi - qızım, hər şey yaxşı olar Allahın köməkliyi ilə - dedi.
Bu kəlmə atasının dilinin əzbəri, Tahirənin isə çox gözlədiyi, uzun illərdən bəri məhz atasının dilindən təkrar-təkrar eşitmək istədiyi kəlmələr idi.
Tahirə atasının qucağına elə sığınmışdı ki, sanki bir az kənarlaşsa, cənnətdən çıxacaqdı. Eyni zamanda o, ən etibarlı qucaqda, ən sədaqətli insanın yanında idi.
Nəfəsi qədər yaxın olan atasına, xəyalən belə bir sual verdi:
- Sən hardaydın, ata?
Ata astaca kənarlaşdı və iki ağ kağızı Tahirəyə uzadıb dedi:
- Qızım, bu ağ kağızlardan nə bacarırsan, onu da düzəlt, mütləq nə isə düzəlt.
Tahirə kağızları əlinə aldı və atasının əlini öpdü, atasının əllərini o qədər sevərdi ki, Tahirə...
Tahirə kağızlarla nə edəcəyini bilmədiyindən atasına sual vermək istədi, lakin atası artıq getmişdi. Tahirə atasını çağırmaq istədi, səsi çıxmadı, sanki boğulurdu, elə bu an gözlərini açdı və ...
Çox təəssüf ki, bunun yuxu olduğunu anladı. Otağa acizanə göz gəzdirdi, elə bu zaman masanın küncündə qalan iki ağ vərəq və onun üstünə qoyulmuş qələm gözünə sataşdı.
Gecə saat 02:30 idi. Tahirə anladı ki, bu atasının ona verib, bunlardan nə isə düzəlt – dediyi kağızlar idi.
Tahirə qələmi əlinə alıb ilk hekayəsini yazmağa başladı.
Hekayəsinin son cümləsini belə bitirdi: Allah sənə rəhmət etsin, ruhun şad olsun ata!
Elə bu zaman xatırladı ki, atası həmişə övladlarına və yaxınlarına nəsihət edərək deyərdi:
- Dua edərkən əvvəlcə hamıya, yəni yadlara, tanımadığınız insanlara, sonra isə yaxınlarınıza və özünüzə dua edin.
Tahirə hekayəni göz yaşları ilə belə bitirdi: “Allah dünyasını dəyişən bütün valideynlərə və mənim atama rəhmət etsin. Amin!”
Göz yaşı və ...

Aprel, 2013-cü il




YARALI QUŞ

Soyuq bir qış günü idi. Hətta pəncərədən baxanda belə, insan sanki donurdu. Mənzilimiz çoxmərtəbəli binanın sonuncu mərtəbəsində yeləşdiyindən, otaqlarımız çox soyuq olurdu. Hətta o qədər soyuq olardı ki, əlimiz-ayaqlarımız belə donurdu bəzən. Müəyyən vasitələrlə isitməyə çalışsaq da, tam isitmək mümkün olmurdu otaqları.
Digər bir tərəfdən çox fikirli idim deyə, sanki donub oturmuşdum. Sözün əsl və məcazi mənasında donurdum. Çox qəribə idi ki, gözümdən axan yaşların belə istiliyini hiss etmirdim.
Bir insana, bir dosta ehtiyacım var idi ki, dərdlərimi bölüşüm və bir azca da olsa sakitləşim. Bunlar isə mənim qan qohumlarım ola bilərdi. Onlar isə mənim bu halımdan xəbərsiz idi.
Heç bir kəs olmadığından, çiyinlərimi qucaqlayıb, başımı da çiynimə qoyub donub qalmışdım. Nə danışmağa, nə hərəkət etməyə, hətta gözlərimi belə qaldırıb baxmağa halım yox idi.
Elə bu zaman hiss etdim ki, eyvandan bir səs gəldi. Sanki nəyisə eyvanın divarına vurdular. Çox möhkəm bir səs deyildi, lakin narahatlıq törədəcək bir səs idi. İstədim ki, qalxıb baxım, taqətim olmadı. Bir neçə saniyədən sonra bu səs təzədən tez-tez gəlməyə başladı. Bir təhər yerimdən qalxıb, titrəyə-titrəyə eyvana çıxdım və çox da kiçik olmayan bir quşun özünü ora-bura vurub, çapaladığını gördüm. Quşa yaxınlaşanda gördüm ki, ayağına qarma-qarışıq bir məftil dolaşıb. Əslində bir az qorxurdum quşdan, amma çalışdım tutum onu. Nəhayət, quşu əlimə götürdüm və gördüm ki, məftil quşun ayağını yaralayıb və dolaşıb ayağına. Quşun üzünə baxa-baxa birtəhər məftili açdım, quşun üzünə ona görə baxırdım ki, qorxurdum məni dişləyər.
İnandırıcı deyildi, lakin quşun baxışında elə bir ifadə gördüm, sanki minnətdarlıq bildirirmiş kimi, eyni zamanda çox xoş baxışı var idi. Heç vaxt quşların gözlərinin, yəni baxışlarının mənasını anlamırdım. Çünki adətən onların gözləri daima hərəkətli olur və sanki fırlanır.
İnanın bu baxışlar məni nə qədər sevindirdi. Mənə elə gəldi qarşımda bir insan var və o mənə təsəlli verir, bilmirdim ağlayım, yoxsa gülüm. Amma sakitləşmişdim bir az.
Quşu azad etdim, uçub getdi.
Artıq titrəmirdim, əksinə elə bil istilik hopmuşdu canıma. Heç evə də keçmək istəmirdim.
Başa düşdüm ki, insan olmasa belə, bəzən sənə təsəlli verəcək hər hansı bir qüvvə var, sadəcə onu görmək, hiss etmək və şükür etmək lazımdır.

Yanvar, 2015-ci il

Təranə Yusifqızı

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: