Salidə Şəmmədqızı (Şərifova): "Bu da yaşanılıb..."

Salidə Şəmmədqızı (Şərifova): "Bu da yaşanılıb..." Bu da yaşanılıb...

(Hekayə)


Dar küçələrlə hərəkət edən tək-tük insanlara baxırdı. Ətrafda hökm sürən sakitlikdən vahimələnərək, evlərin pəncərələrindən süzən işıqları seyr etdi. Sonra isə başını qaldırıb göydəki ulduzlara, sonra eyvandan otağa baxdı. Otaqdakılar susub oturmuşdular. Hamının fikri uzaqlara dalmışdır. Bayaqkı mübahisədən xəbər-ətər belə yox idi. Müşfiq düşündü: “Bizim bir yerə yığışmağımız möcüzədir. Bir-birimizlə şəxsən tanış olmasaq da, bu dünyada görüşə bilməyimiz möcüzədir. Yəqin o birilərlə də görüşmək qismətimiz olacaq. Amma bəzi insanları görmək istəmirəm. Heç Dilbərimi də... Onlarla görüşmək mənim üçün ağır olacaq. Belə yaxşıdı. Olan olub, keçən keçib. Belə lazımmış...”
Təkrar otaqdakıları süzdü. Müşfiq ürəyində onlara yazığı gəldi. Bu fikrə düşdüyü üçün özünü qınadı. “Belə olmaz. Bu cür düşünmək günahdır. Həyata gəldik, missiyamızı gördük, həyatı tərk etdik. Elə mən... Otuz ilə yaxın yaşamağıma baxmayaraq, həyatda mənalı yaşaya bildim. Adımı yaşada bildim. Xalqım mənim kim olduğumu bilir. Elə götürək, iyirmi üç il yaşamış Asəf Zeynallını... Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı nəyə desən dəyər. Uzun sürmüş bəzi bəstəkarlar onun kimi ad qazana bilmədilər. Yaddaşda qalan əsər belə qoya bilmədilər.”
İçəridən Məhəmməd Hadinin qəzəbli səsi gəldi. Yenə nəyəsə əsəbləşmişdi. Məhəmməd Hadinin əvvəl dediklərini eşitmədiyindən, nəyə əsəbləşdiyini bilmirdi. Mikayıl Müşfiq həmkarının nəyə hirsləndiyini bilmək üçün diqqətlə ona qulaq asmağa başladı. Məhəmməd Hadi indi əsəbi halda hündürdən masanın ətrafında əyləşmiş Nizami Rəmziyə deyirdi:
- Nə demək olar ki, elə sənətkarlar var ki, onların ədəbi irsi öz ideya gücünə, bədii məziyyətlərinə görə əsrlərlə yaşayır. Nizami Gəncəvi kimi, Şah İsmayıl Xətai kimi, Məhəmməd Füzuli kimi,... Daha kimləri deyim?
Nizami Rəmzi Məhəmməd Hadinin əsəbləşməyinə fikir vermədən gülümsəyərək dedi:
- Şair, hər şeyi çox ürəyinə salırsan. Boş ver, getsin. Heç fikirləşirsən ki, görəsən dünyaya nöş gəlib insan?
Məhəmməd Hadi kədərlə, əlində tutduğu vərəqlərə baxaraq həmkarını sual yağışına tutdu:
- Ey ustad, sən doğrudan elə düşünürsən? Yəni hər şeyi boş verim? Yəni heç nəyə fikir verməyim?
Sonra masanın arxasında oturmuş həmkarlarına baxdı. Onlara müraciət edərək soruşdu:
- Sizlərdəmi elə düşünürsünüz?
Onların susduğunu görüb, hələ də eyvanda dayanmış Mikayıl Müşfiqə baxdı. Otaqdakı həmkarlarına heç nə deməyib eyvana tərəf addımladı. Eyvana çatmamış özünə aid şeirini oxumağa başladı:
- Yaşamaq istər isək haizi-şan olmalıyız,
Şiri-darat ilə xurşidnişan olmalıyız.
Mikayıl Müşfiq diqqətlə ortaboylu, xoş simalı, iri, qara gözlü Məhəmməd Hadiyə baxdı. Gülümsəyib başını buladı. Aradakı gərginliyi qaldırmaq üçün Məhəmməd Hadiyə özünün şeirilə cavab verdi:
- Olan olmuş, кеçən кеçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.
Əliağa Vahid masanın arxasından həmkarlarına səsləndi:
- Siz orda çoxmu deyişəcəksiniz?
Məhəmməd Hadi Əliağa Vahidə baxdı. Şairin diqqətlə onlara baxdığını görüb dilləndi:
- Əliağa Vahid, siz bilərsiniz. Mənim suallarıma Siz cavab verə bilərsiniz. Mənim şeirlərimin adı niyə indiki dərsliklərdə təhrif edilmiş şəkildə təqdim edilir? Sizin xəbəriniz olmamış olmaz…
Əliağa Vahid Məhəmməd Hadinin nə demək istədiyini tam anlamadığı üçün soruşdu:
- Anlamadım şair… Tam izah et, bəlkə dediyini anlayam.
Məhəmməd Hadi Mikayıl Müşfiqdən uzaqlaşıb Əliağa Vahidin yanına gəldi. Yanındakı stulda əyləşdi. Şairə baxıb dedi:
- Mənim “Türkün nəğməsi” şeirim var, bax onu deyirəm.
Əliağa Vahid Məhəmməd Hadinin dediklərindən yenə bir şey başa düşmədiyi üçün təkrar soruşdu:
- “Türkün nəğməsi” şeirinə nə olmuş ki?
Məhəmməd Hadi qarşısındakı nərd taxtının üzərinə həkk edilmiş şir şəkillərini əli ilə sığallayaraq dedi:
- Mənim “Türkün nəğməsi” şeirim 2002-ci ildə, VIII siniflər üçün “Təhsil” nəşriyyatı tərəfindən nəşr edilmiş “Ədəbiyyat” dərsliyində “Türkün mahnısı” kimi verilib. Məgər kitab müəllifləri Sultan Hüseynoğlu və Bəybala Abbaslı mahnıyla nəğmə arasındakı fərqi bilməyirlər? Ondan başqa misraları da dəyişiblər. “İstərsə cahan çevrili varsın da təməldən” misramı dəyişib ediblər “istər cahan çevrilə tərsinə təməldən”. Buna nə deyərlər? Buna fikir verməmək olar? Məna tamam başqa cür olur. Belə çıxır ki, mən deyirəm cahan elə təməldən tərsinə çevrilib. Mən qətiyyətlə elə demək istəməmişəm. Demişəm ki, yer öz oxundan çıxsa belə. Cavid Əfəndinin şeirinin qol qanadını qıran Xalid Xürrəm Səbribəyzadənin sözləri yadıma düşdü “biz idarəmizə gələcək ovrağı təshih etməyə səlahiyyətliyiz. Və bu səlahiyyətimizi məcmuəmizin qabığı üzərində bəyan etmişiz. Şəraitimizi nəşr və təhrir etməyə də bizzat “Hüseyn Cavid” əfəndi səbəb olmuşdur. Binaəleyh idarəmizə əsər göndərənlərə biz tabe deyiliz.”
Həmkarlarının ona qulaq asmaq istəmədiyini görən Məhəmməd Hadi həvəssiz-həvəssiz danışmağına davam etdi:
- Nə isə… şeirimi bərbad günə qoyublar. Təhrifsiz çap olunmalı idi. Sizin şeirləri təhrif edib ictimaiyyətə təqdim etsələr idilər, xoşunuza gələrdi? İndi mənə deyirsiniz ki, “tamam, tamam şair, anladıq”. Nəyi anladınız? Niyə elə etmələrini… Yoxsa nəyi? Mən bu sualı dönə-dönə özümə ünvanlamışam… Amma çifayda, cavab tapa bilməmişəm. Siz cavab tapa bildinizsə, deyin mən də bilim.
Mirzə Şəfi Vazeh bayaqdan sakit-sakit baş verənləri seyr edirdi. Hamının susduğunu görüb dilləndi:
- Bizlərə çətin sual ünvanladın? Təbii haldır ki, hər kəsin özünəməxsus cavabı olacaq. Bu fərqli cavablar bizim dünyagörüşümüzdən irəli gəlir. Amma üst-üstə düşəcək məqamlar da ola bilər. Bu məqamlar bizləri bir yazar, söz əhli kimi narahat edən problemlər ola bilər. Nə deyə bilərəm ki? Yaşadığımız bu dünyada heç kimdən küsmək gərək deyil. Heç kimsədən inciməyə dəyməz… Sənə dogma olan insanlardan küsə bilmirsən ki, sənin doğmalarındır. Yad adamlardan da incimək lazım deyil, adından göründüyü kimi yaddılar.
Mirzə Şəfi Vazeh susdu və bir müddət sonra davam etdi:
- Bilməmiş olmazsınız, mənim başıma gələnlərdən…
Sonra başını aşağı salıb fikirli-fikirli oturan Məhəmməd Hadiyə müraciət edərək dedi:
- Şair, bilirsən ki, Azərbaycan və fars dillərini öyrətdiyim alman şairi Fridrix Bodenştedt mənim şeirlərimi özünkü kimi qələmə vermişdi. 1847-ci ildə mənim “Hikmət açarı” şeir dəftərimi vətəninə qayıdanda da özüylə aparmışdı.
Mirzə Şəfi Vazeh başını bulayıb dərindən ah çəkdi. Sakit-sakit Məhəmməd Hadiyə baxdı. Mirzə Şəfi Vazehin susduğunu görən Nizami Rəmzi dilləndi:
- Ustad, o fakt hamımıza məlumdur. Bilirik ki, dələduz Sizə aid şeirləri tərcümə edərək, 1850-ci ildə “Şərqdə min bir gün” kitabında nəşr etdirib. 1851-ci ildə “Mirzə Şəfi nəğmələri” kitabını nəşr etdirməsi də bizə məlumdur. Sizin şeirlərin oxucular arasında sevilməsi və məşhurlaşması, onu vadar edir ki, Sizin şeirləri öz adına çıxsın. Yəni Sizin ölümünüzdən təxminən iyirmi il sonra o “Mirzə Şəfinin irsindən” kitabını öz adına çap etdirdi. Kitabda elan etmişdi ki, şeirlər Sizə aid deyil, bütövlüklə şəxsən ona, yəni Bodenştedtə məxsusdur.
Mirzə Şəfi Vazeh Nizami Rəmzini sona kimi dinləyib dedi:
- Hə... tamamilə haqlısınız.
Sonra Məhəmməd Hadiyə üzünü tutaraq dedi:
- Şair, əgər mənim fars və Azərbaycan dillərində olan orijinal vərəqlər olmasa idi, o şeirlərin mənə, yəni mən Mirzə Şəfi Vazehə aid olmasını, mənim müəllifliyimi sübut edilməsi çətin olardı.
Nizami Rəmzi gülümsəyib dedi:
- Mirzə Şəfi Vazeh, onda Məhəmməd Hadinin bəxti gətirib ki... O, heç kimə müəllifliyini isbat etmək zorunda qalmayıb. Şair, yadında saxla ki,
Dünya vəfasızdır dəyişdi donu
Böyük kainatın sonsuzdur sonu.
Mirzə Şəfi Vazeh kinayə ilə gülümsəyib Nizami Rəmziyə baxdı. Sonra dedi:
- Haqlısan... Bəxti gətirmiş şairlərdən biri elə mən, Mirzə Şəfi Vazehəm...
Sonra üzünü Nizami Rəmziyə tutaraq soruşdu:
- Bəxti gətirən şairə rast gəlmisən heç bu fani dünyada?
Nizami Rəmzi günah iş tutmuş insanlar kimi başını sinəsinə əydi. Altdan yuxarı Mirzə Şəfi Vazehə baxıb başını buladı. Mirzə Şəfi Vazeh dodaqlarında gülüş başını bulayaraq dedi:
- Rast gəlmək mümkün deyil. Şair olasan, söz əhli olasan bəxtin gətirsin...
Mirzə Şəfi Vazeh susaraq udqundu. Doğrudan da dünyada bəxti gətirən şair olacaqmı? Hərənin bir dərdi. Ya cansağlığı problemi olur, ya övlad dərdi olur, ya da nə bilim nə... Dərd birdimi, ikidirmi... Hamısı da fərqli, bir-birindən tamamilə fərqli... Hamının susduğunu görüb dedi:
- Susmaqda haqlı deyilsiniz. Bəxti gətirən dırnaqarası “şair”lər var ki, onların bəxti həmişə gətirib. Hansı dövrdə yaşayır yaşasın. Onlar hakim qüvvələr qarşısında əyilir, onları mədh edirlər, saray məddahları adlanırlar.
Nizami Rəmzi başını yelləyərək dedi:
- Şair, bu dünyada ax neçə illərdi yalan görmüşəm. Daha doğrusu,
Vətənimin sərvətinin yerinə
Neçə-neçə medal alan görmüşəm.
Ax neçə illərdi yalan görmüşəm.
Mirzə Şəfi Vazeh Nizami Rəmzini dinləyib əli ilə yan otağı göstərib dedi:
- O bir otaqda olan İmadəddin Nəsimi kimilər hakimiyyət qarşısında əyilmədiyinə, hökmlərinə, ideyalarına riayyət etmədiyinə görə edam edilirlər, sənin kimi avtomobil qəzasında həyatlarını itirirlər. Mirzə Fətəli Axundzadəni dinsiz adlandırılması, hətta vəfat etdikdən sonra müsəlman qəbirstanlığında dəfn edilməsində problemlər yaranması söz xiridarının rastlaşdığı ədalətsizlik deyildimi? Ya da Məhəmməd Hadi kimi dərbədər olmaq, sərsəri həyat yaşamaqmı şair həyatıdır? Məhəmməd Hadi kimi şairlərimiz hətta məzarı da məlum olmayan bir insan ömrü də yaşamağa məhkum olublar. Nəriman Nərimanovun 19 mart 1925-ci ildə müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişməsimi söz xiridarının həyatı olmalıdır? Deyirlər, Nəriman Nərimanovu zəhərləmişdirlər. Doğrusunu, həqiqəti göydə olan bir Allah bilir. Daha kimdən deyim? 1918-ci ildən ömrünün sonuna kimi seminariyanın müdiri vəzifəsində çalışan Firidun bəy Köçərli necə? Ömrünü xalqına həsr etmiş bir ziyalı olan Firidun bəy Köçərli güllələnir.
Mikayıl Müşfiq başı ilə Mirzə Şəfi Vazehin dediklərini təsdiq edərək dedi:
- Hə, tamamilə haqlısinız. Firidun bəy Köçərlini Gəncədə baş verən üsyan zamanı 20-ci diviziyanın hökmü əsasında həbs edirlər. Hətta Sarkis Danilyanın diktəsi ilə Firidun bəy Köçərli haqqında saxta hökm də çıxarılır ki, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi Firidun bəy Köçərlini əksinqilabçı kimi işinə baxmışdır. Qazax İnqilab Komitəsi Firidun bəy Köçərliyə verdiyi xasiyyətnaməyə əsasən onun haqqında güllələnmə qərarı çıxarmışdır: “...iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda “Müsavat” partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman
Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov.”
Mikayıl Müşfiq diqqətlə ona qulaq asan həmkarlarına baxdı. Hamının susması onu pəjmürdə etsə də, susmağı özünə rəva bilməyib soruşdu:
- Niyə susursunuz? Haqlı deyilləmmi?
Mikayıl Müşfiq heç kimin cavab vermədiyini görüb özü verdiyi sualın cavabını verməyə cəhd etdi:
- Haqlıyam, tamamilə haqlıyam. Şair var əqidəsindən dönmədiyi üçün edam olunur, şair var ki, mədhiyyələr yazaraq şan-şöhrət, var-dövlət sahibi olur. Yoxdumu eləsi? Rast gəlməmisinizmi?
Mikayıl Müşfiq yenə hamının susduğunu görüb narazı-narazı başını buladı:
- Siz yenədəmi susursunuz? Hamınız həyatın sərt üzünü görmüsünüz. Həyatın bütün sınaqlarından keçmisiniz. Elə mən də sizlər kimi... Niyə susursunuz? Haqlı deyiləmmi? Elə Məhəmməd Hadi haqlı deyildimi? Haqlı idi... Niyə yazdıqlarımızn orasını burasını malalayırlar? Məqsəd nədir?
Məhəmməd Hadi aradakı gərginliyi qaldırmaq üçün soruşdu:
- İmadəddin Nəsimi görünmür. Nə işlə məşğuldur?
Sonra üzünü Mirzə Şəfi Vazehə tutub dedi:
- Ustad, haqlısınız, tamamilə haqlısınız. Acı tale əsl yaradıcı insanlarının taleyidir. “Şah şairi” zəmanəmizdə “xalq şairi” və ya “xalq yazıçısı”na çevrildilər. Təbii ki, bu hamıya aid ola bilməz. Hər kəs fərqlidir.
Mirzə Şəfi Vazeh Məhəmməd Hadiyə baxaraq dedi:
- Şair, şəxsi həyatımda tale heç üzünə gülmədi desəm, inanarsan? İlk məhəbbətim olan Gəncəli İbrahim xanın qızı Xanbikə mənim nakam məhəbbətim oldu. Onu Avar xanı Əhmədə vermək istəyən zaman biz əl-ələ verib qaçdıq. Lakin təbiət də bizim sevdamıza qarşı çıxdı. Tufana görə gizlənmək qərarına gəldik, lakin bizi tapdılar. Xanbikəmi mənim əlimdən aldılar. Bu da mənim nakam sevdam... Sonra Hafizə ilə evləndim. Bu evlilik zamanı da bir çox manelərlə rastlaşdım. Hafizənin atası qızını mənə vermirdi ki, kasıbam, zəngin deyiləm, pulum yoxdu. Kasıbçılıq başımın qaxıncı olmuşdu. Atasının vəfatından sonra evləndik... Bu sevdam da alınmadı... Gəncəyə qayıtdıqdan sonra isə, Seyid Yəhyanın qızı ilə evləndim. Mən sevgidə bəxti gətirməyən insanlardan olmuşam. Hətta bəxtim uşaqlıqdan özünü göstərib. Özüm ögey atam olan Abdullanın himayəsində böyüdüm, doğma ata məhəbbətindən, qayğısından uzaq uşaqlıq yaşadım.
Sonra üzünü Məhəmməd Hadiyə tutub soruşdu:
- Sənin də bəxtin mənim bəxtim kimi oxşar deyilmi, şair?
Məhəmməd Hadidən cavab gözləməyib sözünə davam etdi:
- Sən də mənim kimi atanı uşaq vaxtı itirdin. Nənənin himayəsinə atılmışdın. Sən də ata, ana qayğısından, məhəbbətindən uzaq uşaqlıq yaşadın, böyüdün. Həyat elə uşaqlıqdan bizləri imtahana çəkdi. Elə deyilmi, şair? Ailən olmadı, övladın olmadı... Kimdən əskik idin? Heç kimdən... Amma istəmədiklərimiz, arzulamadıqlarımız başımıza gəldi. İstəmədiyimiz həyatı yaşamalı olduq. Arzuladığımız başqa şeydi, olan başqa.
Nizami Rəmzi əlini havada yelləyib dedi:
- Şairi ailəsinin, uşağının olmamasında günahlandırma günah olar. Mənim oldu... Sonra... Nə oldu? Üç dəfə ailə qurdum. Leylayla yollarımı ayıranda getdi evləndi. Hicranla qeyri-rəsmi nikahda oldum. Qısqanclığına tab gətirə bilməyib ayrıldım. Sevda isə məndən iyirmi üç yaş kiçik idi. Sizin Hafizənin atası kimi, Sevdanın da ailəsi qızlarının mənimlə evlənməsinə qarşı idilər. Məndə səbəb yaşımım çox olması idi. Onları qınamıram. Haqlı idilər. Mən də bir valideyn kimi qızımım evlənəcəyi insanla aralarında o qədər yaşın olmasını istəməzdim. Amma bütün etirazlara baxmayaraq evləndik. Nə oldu, nə qazandım? Həyatdan nakam getdim. Nə isə...
Mirzə Şəfi Vazeh Mikayıl Müşfiqi göstərərək dedi:
- O yazıq nakam getmədi bəs? İyirmi doqquz yaşında güllələndi. Totalitar ideologiyanın millətimizə qarşı yönəlmiş siyasi qəsdin qurbanına çevrildi. Repressiya qurbanı oldu. Onun da övladı qalmadı...
İmadəddin Nəsimi yan otaqdan gəlib masanın arxasında oturdu. Hamının bikef oturduğunu görüb dedi:
- Mikayıl Müşfiqi eşitdim. Hərəmizin bir dərdi var. Təəssüf edirəm ki, Mikayıl Müşfiqin ölümü haqqında dəqiq məlumatlar ictimaiyyətə çatdırılmayır. Çox təəssüf edirəm. Elə mənim ölümüm haqqında da, müxtəlif versiyalar yaydılar. Dəqiq məlumat verilməyir. Bəzilərıi deyir dərimi diri-diri soyublar, bəziləri deyir edam ediblər. Bəziləri deyir ki, başımı kəsib, dərimi soyub, cəsədimi çarmıxa çəkiblər. Hakim qüvvələr məni insanları azdırıb yoldan etməyimi bəhanə edirdilər. Mənim onlara baş əyməməyim, tabe olmamağım onları özlərindən çıxarırdı. Məni də Mirzə Fətəli Axundzadə kimi kafir, mülhid bir adam hesab edirdilər.
Əliağa Vahid İmadəddin Nəsimini dinləyib dedi:
- Şair, Sizin ölümünüz haqqında bir qəti qərara gəlinməyib. Mikayıl Müşfiq haqqında da haqlısınız. Mikayıl Müşfiqə qarşı Yazıçılar İttifaqının plenumunda, dövri mətbuatda qərəzli, ifrat dərəcədə sərt tənqidlər təşkil olunmuşdur. Bu gizlin fakt deyil. Hətta Azərbaycan şairini əcnəbi dil bilməməkdə günahlandırdılar. Bu insan doğma Ana dilində şeir yazır, əsər qələmə alır, əcnəbi dili bilmək bunun nəyinə gərəkdir.
Əliağa Vahid İmadəddin Nəsimiyə tərəf dönüb soruşdu:
- Ustad, neçə dildə yazıb yaratmısan?
İmadəddin Nəsimidən cavab gözləməyib dedi:
- Mən deyə bilərəm. Sizin qələmə aldığınız əsərlər bizə üç dildə gəlib çatıb. Tədqiqatçılarımız Sizin üç dildə yazdığınızı vurğulayıblar. Doğma dilimizdə də yazmısınız, ərəb dilndə də yazıb yaradıbsınız, fars dilində də əsərlər qələmə almısınız. Siz özünüz hələ sağlığınızda Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdınız. Ana dilində qələmə aldığınız bədii nümunələr isə şerimizin inkişafına təsirsiz ötüşməmişdir. Xətai, Füzuli, Vaqif kimi sənətkarlara belə təsir edə bilmisiniz.
Əliağa Vahid narazı-narazı başını bulayıb ayağa durdu. Otaqda var-gəl etdikdən sonra asta səslə dedi:
- Mövzudan uzaqlaşmayaq. Dil probleminə toxunmaq nəyə gərəkdir ki? Mikayıl Müşfiq həmkarları tərəfindən rus dilini bilməməkdə günahlandırılıb. İndi təzə dəb düşmüş dəb kimi... Alimlərin ingilis dilini bilməməkdə günahlandırılmaları kimi. “Şair” Mikayıl Rzaquluzadə, Hacıbaba Nəzərli kimi qələm sahibləri həmkarını belə suçlamışdılar. Mikayıl Müşfiq rus dilində şeir yazmalı idi? Üstəlik də, yəni rus dilini bilməməklə yanaşı köhnə kitablar oхumaqda, onlardan istifadə etməkdə də günahlandırdılar.
Nizami Rəmzi başı ilə Əliağa Vahidin dediklərini təsdiqləyərək dedi:
- Haqlısan. Yadımdadır ki, səhv etmirəmsə “Ədəbiyyat qəzeti”nin səhifələrində Mikayıl Müşfiq haqqında “Kontrrevolyusener, kontrabandçı, oğru…” adlı utancverici məqalə nəşr edilmişdir.
Sonra Mikayıl Müşfiqə baxıb dedi:
- Elə şeylər unudulmaz. Mənim yadımdan çıxmış məqam olar. Səhv edə bilərəm.
Mikayıl Müşfiq həmkarlarına baxıb çiyinlərini çəkdi. Hamının maraqla ona baxdıqlarını görüb dilləndi:
- Nə deyə bilərəm ki? Onlar mənim həmkarlarım idi. Adaşım Mikayıl da, Məmməd müəllim də, yenə kimi deyim... Demək olar ki, hamısı qələm dostlarım idi, iş yoldaşalrım idi, tanışalrım idi... Hər gün üz-üzə gəliridik. İclaslarda, tədbirlərdə, redaksiyalarda...
Nizami Rəmzi Mikayıl Müşfiqin mövzudan uzaqlaşdığını görüb dedi:
- Şair, mətləbdən uzaqlaşma... Bilirik bütün olanları xatırlamaq ağırdır. İnsanda sual doğur: Niyə? Niyə mən? Nədən? Nə qədər suallar yaransa da şair, cavab vermək mümkün olmur. Cavabsız qalır suallar. Ya da özün cavabdan qaçırsan. Narahat edən suallara cavab verməyə iradən ya da mənəvi gücün çatmır. Suallar cavabsız qaldıqda isə özün rahat olursan.
Mikayıl Müşfiq Nizami Rəmzini diqqətlə süzərək dedi:
- Haqlısınız. O günü mənim kimi xatırlayan olmaz. Həyatımı məhv edən o gün... Məmməd Rahim o gün prokuror rolunda çıxış etdi. Məni kontrrevolyusyon ruhlu əsərlərin müəllifi kimi qələmə verməyə çalışdı, nail də oldu. Məni proletariata sadiq şair olmayan şair adlandırdı. Özləri guya proletariata sadiq şairlər idi, mən qalmışdım.
Mikayıl Müşfiq danışmaqda çətinlik çəkirdi. Boğazında qəhər yumrulanıb qalmışdı. Ona danışmağa imkan vermirdi. Olub keçmiş hadisələr, daha doğrusu keçmişi, yaddaşına hopub qalmış reallıqlar ona rahatlıq vermədiyi kimi, danışmağına da, xatırlamağına da çətinlik yaradırdı. Xatırladıqca, danışdıqca sanki təkrar olanları yaşayırdı. O baxımdan udqunub susdu. Məhəmməd Hadi Mikayıl Müşfiqin susduğunu görüb dedi:
- Hüseyn Cavidin sənin haqqında dedikləri öz reallığını tapdı. Ədibimiz deyirdi ki, “Müşfiq bir oddur ki, öz-özünü yandıracaq”. Sənini istedadın sənin yoluna çıraq olmadı, yolunu qaraltdı. İstedadının ucbatından sən də həyatdan nakam getdin.
Nizami Rəmzi gülümsəyib başını buladı. Əlini havada yelləyib Mikayıl Müşfiqdən soruşdu:
- Hansı söz adamı bu dünyadan nakam getməyib?
Mikayl Müşfiqin cavab vermədiyini görüb verdiyi suala özü cavab verdi:
- Şah İsmayıl Xətai 36 yaşında, İmadəddin Nəsimi 48 yaşında, Cəfər Cabbarlı 35 yaşında, bəstəkar Asəf Zeynallı 23 yaşında, Abbas Səhhət 44 yaşında, Əhməd Cavad 45 yaşında... Hə... Əhməd Cavad demişkən,
Bu göz yaşında boğulmaqda taleyi – aləm,
Mənim də göz yaşım – hicran məzarım olsun qoy!
Nizami Rəmzi susub ona baxan həmkarlarına gülümsədi. Sonra əlilə hamını göstərərək soruşdu:
- Bizlər necə? Nakam getməmişik? Sağ qalanlar da, yaşayanlar da dərdlərlə üzləşməyiblərmi? Həyatın sınaqlarından keçməyiblərmi? Sabir Əhmədlinin sinəsinə oğul dərdi çəkilmədimi? Oğlu Məhəmməd “Azərbaycanımız uğrunda canımı qurban verməyə hazıram” deyərək öz ad günündə şəhid düşməsi ona oğul dərdi yaşatmadımı? Xəlil Rza Ulutürk də Sabir Əhmədli kimi oğul dərdini yaşamadımı? Şairin oğlu Təbriz Xəlilbəyli Vətən uğrunda şəhid düşmədimi? Qələm sahibləri həmişə qayğı, dərd içərisində olublar.
Mirzə Şəfi Vazeh söhbətin belə alınmasını istəmədiyi üçün dedi:
- Haqlısan, amma bədbinliyə qapılmaq lazım deyil.
Məhəmməd Hadi istehzayla gülümsəyib dedi:
- Hə, sən sadaladıqlarına şükür demək lazımdır. Bəzi hadisələri eşidəndə bu yaşanan talelərə şükür edirsən... Şükür... Məsələn, represiya qurbanlarını götürək. Represiya olunmuş qələm sahiblərinin üzünə bizimkilər durub. Onların imzası ilə onlar gedər gəlməzə yola salınıblar. Fəlakət bax budur. Faciə bax buna deyilir. Çünki öz həmkarının üzünə durub onu cismən məhv etdirmək insanlığa sığmayan bir hərəkətdir.
İmadəddin Nəsimi Məhəmməd Hadinin sözünü təsdiqləyərək dedi:
- Haqlısan şair. Milli fəlakətə çevrilmiş o faciə qurbanlarının, yəni represiya qurbanlarının sayı dəqiq bəlli deyil. Üzdə olan qələm sahiblərini tanıdığımıza görə onların adları bizlərə məlumdur. Represiya zamanı güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arasında min bir işgəncə ilə qətlə yetirilənlərin əksəriyyəti hakim quruluşun çəkindiyi zəka sahibləri idi. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Hacı Kərim Sanılı, Salman Mümtaz, Vəli Xuluflu, Qafur Qantəmir, Əliabbas Müznib, Əli Nazim, Seyid Hüseyn, Hənəfi Zeynallı, Hacıbaba Nəzərli, Tağı Şahbazi Simurq, Sultan Məcid Əfəndiyev, Böyükağa Talıblı, Əmin Abid Gültəkin, Sultan Məcid Qənizadə, Bəkir Çobanzadə və daha kimlər. Siyahını artırmaq olar. Bunu əla bilirsiniz.
Mikayıl Müşfiq başını aşağı salıb İmadəddin Nəsiminin sözlərini təsdiqləyərək dedi:
- Haqlısınız şair. Eyni adamlar idilər. Mənə etdikləri kimi... Cavid Əfəndiyə qarşı da Mikayıl Rzaquliyev izahat vermişdir. Deyirdi ki, Cavid Əfəndiylə 1926-cı ildən tanıs olmasına baxmayaraq, 1933-cü ildən yaxınlıq etmiş, görüb ki, Cavid Əfəndi əksinqilabi, burjua-millətçisiymiş. Türkiyə yönlü olmasında günahlandırmışdı. Yazdığı əsərlər də yaşadığı dövrün həqiqətlərini heç əks etdirmir, millətçi, əksinqilabidirlər. Demişdir ki, əsərlərini panislamizm, pantürkizm ruhunda qələmə alır.
İmadəddin Nəsimi bir-bir hamıya baxdı. Sonra dedi:
- Şairi çox yormayaq. Hər dövrün paxıl, naşı adamları olmaqdadır. Zaman məsafəsinin böyüklüyünə baxmayaraq, heç nə dəyişməyib. Köhnə hamam, köhnə tas. Amma susuruq. Nəyi isə dəyişməyə belə cəhd etmirik.
Mikayıl Müşfiq İmadəddin Nəsiminin dediklərinə heç nə əlavə etməyib yenə də susub heç nə deməyən həmkarlarına baxdı. Otağın səssizliyinin pozmağa cürət etmədi...

Salidə Şəmmədqızı (Şərifova)
AMEA-nın professoru, filologiya elmləri doktoru
Azərbaycan Yazıçılar Birliyinin üzvü


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub

AzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub

AzTU
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "LƏZZƏTİ – SÖHBƏTİ" (II Hissə)

Nəsr
Salidə Şəmmədqızı (Şərifova):

Salidə Şəmmədqızı (Şərifova): "Konfrans sevdası"

Nəsr, Müsabiqə
Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Köşə yazılar
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb

Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı
İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

Azərbaycan, Gəncə, Ədəbi əlaqələr
Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib

Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib

Regionlar, Humanitar elmlər
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "LAYİHƏ OYUNU" və "SƏN ELƏ ŞEYLƏRİ ANLAMAZSAN...."

Nəsr
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "LƏZZƏTİ – SÖHBƏTİ" (I Hissə)

Nəsr
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

Qaraçöp, Köşə yazılar
DÜNƏNKİ ŞAGİRDİM - BU GÜN HƏMKARIMDIR

DÜNƏNKİ ŞAGİRDİM - BU GÜN HƏMKARIMDIR

Borçalı
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
“Cahana sığmayan Düha”

“Cahana sığmayan Düha”

Məktəblər
İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

Humanitar elmlər
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "DİONİSİN QƏLƏBƏSİ" və "MƏTN CIZMAÇISI"

Nəsr
Rəy yazın: