BORÇALI AŞIQ MƏKTƏBİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ: AŞIQ SADIQ SULTANOV (1893-1965)

BORÇALI AŞIQ MƏKTƏBİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ:  AŞIQ SADIQ SULTANOV  (1893-1965) Hələ XX əsrin əvvəllərində Borçalıda yetişmiş bir sıra istedadlı ustad aşıqların səsi-sorağı nəinki Gürcüstanın, eləcə də Azərbaycanın və qonşu Ermənistanın mötəbər məclislərindən, konsert salonlarından gəlmişdir. Onların arasında öz ifaçılıq sənəti, məlahətli səsi, məclis aparmaq məharəti ilə özünəməxsus yer tutmuş aşıqlardan biri də sonralar sözün əsil mənasında yaradıcı ustad aşıq kimi məşhurlaşmış Aşıq Sadıq Sultanov olmuşdur.
Bu istedadlı el sənətkarının bir sıra qoşmaları uzun müddət dillərdən düşməmiş, sevilə-sevilə oxunmuşdur.
Onun şeirləri Gürcüstanda Azərbaycan dilində nəşr olunan dövri mətbuatda müntəzəm çap etdirilmişdir.


Azərbaycan aşıq poeziyasının, xüsusilə Borçalı aşıq məktəbinin inkişafında mühüm xidmətləri olan Aşıq Sadıq Sultanov haqqında o dövrün mətbuatında dərc olunmuş məqalələrdə onun yaradıcılığına yüksək qiymət verilmişdi. “Dan ulduzu” jurnalının 1927-ci il 8-ci nömrəsində dərc edilmiş “El ədəbiyyatı” sərlövhəli yazıda, “Yeni kənd” qəzetinin 8 may 1937-ci il tarixli sayında verilmiş “Aşıq Sadıq Sultanov” məqaləsində bu el sənətkarı barədə ətraflı söhbət açılmış, o, dövrünün qüdrətli gənc aşığı kimi təqdim edilmişdi.
Mətbuatda çıxmış məqalələrdən bəlli olur ki, Aşıq Sadıq 1893-cü ildə Qərbi Azərbaycanın İrəvan mahalının Nor-Bayızet qəzasının (sonralar Axta, hazırda isə Razdan adlanan rayonuun) Qaraqala (Qaraçala) kəndində anadan olmuşdu. Atası Həsən Süleymanov rəncbər olsa da, oğlunu oxutmaq istəmişdi.
Sadıq 9 yaşına çatanda atası onu İrəvana aparıb, məşhur Göy Məsciddə bir mollanın yanına şagird qoymuşdu. İki il sonra atası vəfat etdiyindən, Sadıq təhsilini davam etdirə bilməmiş, az-çox nə savad öyrənmişdisə elə onunla da kifayətlənməyə məcbur olmuş, geri kəndə qayıtmış və dayısı, Dərəçiçəkli ustad aşıq Aşıq Alının yanında şagirdlik etməyə başlamışdır.
Ruhu şad olsun, Aşıq Alı da əlindən gələni əsirgəmiş, həm ona, həm də qardaşı Məmmədə himayəçilik etmiş, saz-söz sənətini sevdirərək hər ikisinin ustad aşıq kimi yetişməsində böyük rol oynaymışdır.
Uzun müddət Aşıq Alının şagirdi olan Sadıq bu qocaman, ustad aşıqdan ulu sənətin sirlərini səylə öyrənmiş, az sonra özü də şeir yazmağa başlamışdı.
Kamil aşıq kimi yetişən Sadıq ustadı ilə kəndbəkənd gəzmiş, məclislərdə həm özünün, həm ustadının, həm də başqa aşıqların şeirlərini şövqlə oxumuşdu.

Aşıq Sadığın özünün yazdığına görə, gəncliyində onun güzəranı yaxşı keçməmişdi.
Ona görə də aşığın ilk şeirlərində məşəqqətli günlər, çətin məqamlar öz əksini tapmışdır:

Ax, fələk, sənin əlindən gözlərim qan ağladı,
Gözlərim yalqız deyildi, cəsədim qan ağladı,
İstədim qələm-kağız alıb bir dastan yazım,
Kağızım odlara yandı, qələmim qan ağladı.


Əziz Şərifin yazdığına görə, bu şeir Aşıq Sadığın ilk bədii əsəridir («Dan ulduzu» jurnalı, 1927, № 8). Şeirin zəif olmasına, vəznlərinin pozulmasına baxmayaraq, təcrübəli tədqiqatçı ilk bədii əsər kimi onu jurnalda çap etdirməyi lazım bilmişdi.
Həmin yazıdan öyrənirik ki, 1918-1919-cu illərdə erməni - türk münaqişəsi zamanı aşığın doğma kəndi tamam talan və qarət olunmuşdur.
Ermənilərin İrəvan mahalında törətdikləri kütləvi qırğınlardan yaxa qurtarmaq üçün Aşıq Sadıq ailəsi və həmkəndliləri ilə birlikdə Qars şəhərinə qaçmış, bir müddət orada yaşamışdır.
Lakin qəriblik aşığın qəlbini bərk sıxmış vətəninin, elinin həsrəti onu yandırmış və o, geri qayıtmaq arzusu ilə yaşamışdır:

Zalım fələk, heç kim qərib olmasın,
Qəribin qürbətdə yeri dar olar.
Qərib dinsə, elbəeldən qınarlar,
Elli dinsə, ellərinə çar olar.

Qəribin üzünə qapı açılmaz,
Yüz xan ola, qıraq yerdə seçilməz.
Əsla üzü gülməz, qəlbi açılmaz,
Həmişə işləri ahu-zar olar.

Aşıq Sadıq, bu dünyadan köç indi,
Burdan keçib vətəninə keç indi.
Yapalaqlar vətənində laçındır,
Tülək tərlan qərib eldə sar olar.


1920-ci ildə Aşıq Sadıq on dörd nəfərlik ailəsi ilə Qarsdan Gürcüstana gəlmiş və Borçalı qəzasının Araplı kəndində məskən salmışdı.
Lakin aran yerinin istisinə dözə bilməyən köçkünlərin əksəriyyəti burada tələf olmuş, on dörd nəfərlik ailədən aşığın özü və iki qardaşı qalmışdı.

Amansız dövranın acısını aşıq sözlə ifadə etmişdi:

Zalım fələk, dövründə xan-xəvan qalmadı,
Mənə bəli deyib, mətləb qanan olmadı.
Nə xəstələr şəfa buldu, nə də loğman qalmadı,
İxtiyar getdi əldən, daha din-iman qalmadı,
Neçələri nakam öldü, əhli-cavan qalmadı.


Aşıq Sadıq Sultanov ailəsi ilə bir müddət Araplıda qaldıqdan sonra Qaçağan kəndinə, daha sonra Görarxıya (Algetə), 1922-ci ildə isə Tiflisə köçmüşdür.
Tiflisin ədəbi-mədəni mühiti onun bir sənətkar kimi daha da püxtələşməsində mühüm rol oynamışdır.
Eyni zamanda bir çox aşıqların yetişməsində də onun böyük xidmətləri olmuşdur.
Bu görkəmli sənətkar 1946-1952-ci illərdə Qazaxda, sonra isə ömrünün sonuna kimi Tiflisin yaxınlığındakı Soğanlıq kəndində yaşamışdır.

Aşıq Sadığın şeirləri Tiflisdə çıxan «Yeni kənd», «Sovet Gürcüstanı» qəzetlərində, «Dan ulduzu» jurnalında, eləcə də Sarvanda (indiki Marneuli) çap olunan «Pambıqçı» («Stalin yolu») qəzetində müntəzəm çap olunmuşdur.

Peşəkar sənətkar kimi şöhrət qazanan Aşıq Sadıq gənc aşıqlara, xüsusilə öz şagirdlərinə böyük qayğı ilə yanaşmış, onların xalq arasında hörmət qazanması üçün əlindən gələni əsirgəməmişdi. El sənətkarı istəyirdi ki, onun yetirmələri namuslu, qeyrətli, vətən qayğısı çəkən şəxsiyyət kimi yetişsinlər. Bu məziyyətlərinə görə şagirdləri də onu sevir, hörmətini saxlayırdılar. (Şagirdlə ustad arasında olan mehriban ünsiyyət Aşıq Sadığın şagirdi Aşıq İsgəndərlə deyişməsində aydınlığı ilə özünü büruzə verir. Aşıq Sadıq hərbi xidmətdə olan şagirdinə şərəflə xidmət etməyi, vətənin keşiyində sayıq durmağı tövsiyyə etməklə yanaşı, həm də onu bədii yaradıcılıqla məşğul olmağa, yazıb-yaratmağa həvəsləndirmişdi:

AŞIQ SADIQ:
Bir məktubunu aldım, könlüm açıldı,
Unutma, hər zaman yaz təzə-təzə.
Sandım ki, üstümə güllər saçıldı,
Məhəbbət şeirləri düz təzə-təzə.


AŞIQ İSGƏNDƏR:
Dübarə bir namə yazaram sənə,
İnanma ki, yazam az təzə-təzə.
Məhəbbətim vardı sən tək ustada,
Baş üstə, yazaram yüz təzə-təzə...


Yuxarıda qeyd edildiyi kimi, Aşıq Sadıq el arasında, bayram və şənliklərdə yalnız öz qoşduğu şeirləri ilə deyil, ustadı Aşıq Alının, eləcə də başqa aşıqların şeirlərini də şövq ilə oxumuşdur. Lakin çox təəssüf ki, Aşıq Sadığın oxuduğu bu şeirlərin bəziləri mətbuat səhifələrində onun xəbəri olmadan aşığın öz şeirləri kimi çap olunmuşdur. «Sovet Gürcüstanı» qəzetinin 12 oktyabr 1940-cı il tarixli nömrəsində Aşıq Sadığın imzası ilə «Gözəlləmə»«Koroğlu» başlığı ilə iki gəraylı dərc edilmişdi.
Faktlar təsdiqləyir ki, bu gəraylıların heç biri aşığa məxsus deyil. «Gözəlləmə» başlığı ilə dərc edilmiş gəraylını XVI əsrin əvvəllərində yaşamış, zəmanəsinin adlı-sanlı şair-aşığı olmuş Dədə Qurbaninin «Dilbər» gəraylısı ilə tutuşdurduqda məlum olur ki, bu gəraylıların cəmi bir neçə sözü istisna olmaqla tamamilə eynidir.

«Koroğlu» dastanında:

Koroğlu çəkər hamanı,
Bəylər edər tamaşanı,
Mən özüm Aslan paşanı,
Hərəniz bir xan üstünə.


«Sovet Gürcüstanı» qəzetində:

«Koroğlu çəkər haşanı,
İndi edər tamaşanı,
Mən özüm Aslan paşanı,
Hərəniz bir xan üstünə.


Fikrimizcə, bu bəndlərin şərhinə heç bir ehtiyac yoxdur. Mətbuatda gedən bu səhvlər heç də Aşıq Sadığın nüfuzuna xələl gətirmir...
1965-ci il sentiyabrın 4-də dünyasını dəyişmiş mərhum sənətkarımız Aşıq Sadıq Sultanova Allahda rəhmət diləyir və onun haqqında fikrimizi filologiya elmləri namizədi Razim Məmmədlinin bu sözləri ilə bitirmək istəyirik:

«Maraqlı və çox faydalı bir yaradıcılıq yolu keçmiş Aşıq Sadıq Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biridir. O, uzun müddət Borçalı aşıqlarının ağsaqqalı olmuş, istedadlı xalq sənətkarı kimi hamı tərəfindən sevilmiş və bu gün də sevilə-sevilə, hörmət və ehtiramla yad edilir...»

Müşfiq BORÇALI,
ZiM.Az

(Bax: Müşfiq Mədədoğlu Çobanlı. Çağdaş Borçalı ədəbi məktəbi.
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh. 52-56.)


* * *
P.S.: Vaxtılə tanınmış folklorşünas alim Elxan Məmmədlinin Gürcüstan radiosuna təqdim etdiyi
Aşıq Sadıq Sultanovun lent yazılarını Gürcüstan radiosu bağlanandan sonra öz şəxsi arxivində
qoruyub saxlamış Mirzə Məmmədoğlu bu günlərdə ZiM.az saytına təqdim etmişdir.

Biz də unudulmaz sənətkarımızın pərəstişkarlarını - dəyərli oxucularımızı sevindirmək üçün
aşağıda həmin lent yazısını təqdim edirik.




ZiM.Az

BORÇALI AŞIQ MƏKTƏBİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ:  AŞIQ SADIQ SULTANOV  (1893-1965)

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Tv, Folklor, Borçalı
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Aşıq Qurbanəli (1893 - 1979)

Aşıq Qurbanəli (1893 - 1979)

Müşfiq Borçalı
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Aşıq Dəllək Paşa - 130

Aşıq Dəllək Paşa - 130

Folklor, Tiflis, Zalqa, Müşfiq Borçalı
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ ƏMİR SARALLAR (1923-1992)

AŞIQ ƏMİR SARALLAR (1923-1992)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Aşıq Dəllək Paşa. (1887 - 1976)

Aşıq Dəllək Paşa. (1887 - 1976)

Zalqa
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Borçalı
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
AŞIQ ZİYƏDDİN        BUDAQOV        (1987)

AŞIQ ZİYƏDDİN BUDAQOV (1987)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Aparıcı-aşıq-müğənni VÜQAR QRACOV (1975)

Aparıcı-aşıq-müğənni VÜQAR QRACOV (1975)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Borçalı
Rəy yazın: