ŞƏHİD PSİXOLOQ, CƏSUR DÖYÜŞÇÜ RUHİD İSLAMLI ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!.... 10 мая 2023 780 100 1 2 3 4 5 Aprelin 1-i şəhid Ruhid İslamlının doğum günüdür. Şəhid Ruhid Uğur oğlu İslamlı - 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olmuşdur. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş olaraq böyüyüblər. 2000-ci ildə ailəliklə ilə Bakıya köçüblər. Ruhid 4 yaşından bağçaya, 6 yaşından isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə getmiş, 2011-ci ildən təhsilini Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən 315 №-li məktəbdə davam etdirmişdir.Təhsil aldığı müddətdə, hələ kiçik yaşlarından, cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olmuş, Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarında iştirak etmiş, I və II yerlərə qazanmışdır. Azərbaycan Respublikası Çempionatında muay-tay üzrə yarışda dərəcə almış və həmçinin beynəlxalq turnirlərdə də iştirak etmişdir. Həmçinin, məktəb fəaliyyəti dövründə də hərbi və intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılmış, müxtəlif dərəcələr almışdır. Özü də bir sıra yarışlar, flaşmoblar və s. təşkil etmişdir. Bir sözlə, Ruhid intellektual, istedadlı və vətənpərvər gənc olmuşdur. Sosial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid mövzularına xüsusi üstünlük verərdi.Ruhid 2016-cı ildə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbi bitirmiş, elə həmin il Naxçıvan Dövlət Universitetinin “Təhsildə sosial psixoloji xidmət” ixtisasına daxil olmuşdur. II kursdan universitetdə YAP Gənclər təşkilatının üzvü kimi ictimai fəaliyyətə başlamış, eyni zamanda, Gənclər birliyinə də sədrlik etmişdir. 2018-ci ildə YAP-ın fəal gənc üzvü seçilmişdir. 2020-ci ildə ali təhsilini başa vurmuş, iyulun 29-da həqiqi hərbi xidmətə yollanmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ruhid İslamlı gənc əsgər bölüyündən könüllü şəkildə ərizə yazmış və torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılaraq, Talış kəndi və Suqovuşan istiqamətində döyüşlərdə xüsusi rabitəçi kimi xidmətini davam etdirmişdir.2020-ci il oktyabrın 6-da müharibənin ən qızğın dövründə Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə Gülüstan kəndi yaxınlıqda strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel postunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. O, Bakı şəhərinin Suraxanı rayonundakı Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Allah rəhmət eləsin.*** Ölümündən sonra şəhid Ruhid Uğur oğlu İslamlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş əmrləri şərəflə yerinə yetirdiyi üçün III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən Müharibəsi iştirakçısı", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə, eləcə də, Azərbaycan ərazilərinin, o cümlədən, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.***Bu günlərdə əməkdaşımız Şəhid-psixoloq Ruhid İslamlının atası Uğur İslamlı ilə görüşmüş, ondan oğlu ilə bağlı xatirələrini söyləməsini xahiş etmişdir.Uğur İslamlı demişdir:“Oğlum 2016-2020-ci illərdə Naxçıvan Dövlət Universitetində Psixologiya ixtisası üzrə ali təhsil alıb. Peşəsini və uşaqları xüsusilə çox sevib. Uşaqlarla işləyərkən qəlbindəki sevinc gözlərindən hiss edilirdi. Elə bu istiqamətdə istər Bakı, istərsə də Naxçıvanda olduğu dönəmlərdə psixoloji mərkəzlərdə olub, əlindən gəldiyi qədər insanlara köməklik göstərib. Heç kəsə bildirmədən neçə-neçə ehtiyacı olan ailəyə ödənişsiz kömək edib. Biz bunu uzun zaman sonra öyrənmişdik. Savadlı və öz işini layiqincə yerinə yetirən psixoloq kimi daim öz üzərində işləyirdi. Bu yolda da özündən böyük, psixoloq kimi fəaliyyət göstərən bacısından örnək alır, onunla məsləhətləşirdi. İşi ilə bağlı xəyallarından danışanda - “Bu sahədə atacağım addım nə olursa olsun, bacım kimi olmaq istəyirəm. Onun yanaşması çox fərqlidir və işini sevərək görür” - deyirdi. Çox planları, layihələri var idi bu yolda...Pandemiya vaxtı cəmiyyətimizdə psixoloji cəhətdən narahatlıqlar keçirən insanlar var idi. Bu səbəbdən belə bir fikri yaranmışdı ki, ehtiyacı olanlara ödənişsiz, onlayn psixoloji yardımlar göstərsin. Danışdıq bu barədə, üzərindən bir az keçdi bir paylaşım göndərdi, dedi ki, “bunu paylaşaq və yaxınlarımız da paylaşsın, bəlkə beləliklə kimin ehtiyacı varsa əlaqə saxlayar, bizim də köməkliyimiz dəyər”. Razılaşdıq və paylaşdıq. Üzərindən 10-15 dəqiqə keçmişdi, yazdı ki, “sosial şəbəkədən o paylaşımı sil, mən də sildim. Sən demə başqa həmkarımızın layihəsi imiş və mənim bundan xəbərim yox idi, elə bilirdim ümumi paylaşımdır. Başqasının əziyyətlə hazırladığı layihəni istifadə etməmiz düzgün deyil”. Çalışırdı ki, işini daima vicdanla görsün. Hətta, həmin səs yazıları indi də qalmaqdadır.”Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə doktoru Elnur Rüstəmovun psixoloq, Şəhid Ruhid İslamlı ilə bağlı xatirələrindən: - “Ruhid istedadlı, mehriban, çalışqan, hər kəsə daim əlindən gələn köməyi edən, qəlbi Vətən eşqi ilə alovlanan biri idi. Naxçıvan Dövlət Universitetinin Psixologiya ixtisasını bitirmişdi. Fəaliyyətini də təhsili istiqamətində aparırdı. Psixologiyaya çox böyük marağı var idi. Peşəkar bir psixoloq kimi yetişmək istəyirdi. O, özünü daim təkmilləşdirirdi, öyrənmək istəyi məni valeh etmişdi. Kurslarla, konfranslarla maraqlanırdı, onlarda aktiv bir şəkildə iştirak edirdi.Yaxşı xatırlayıram, 2019-cu ildə “Psixologiya Zirvəsi - 1” konfransında çox böyük aktivlik göstərərək, iştirak etmişdi. Qardaş Türkiyə Respublikasından gələn dosent və professor heyəti ilə sıx təmaslar qurmuşdu. Hocalar ondan sonra mənə Ruhid haqqında xoş təəsüratlarını paylaşmışdılar. “İyi bir psikoloq olacaq!”, “Başarılı bir psixoloq olacaq!” kimi fikirlər səsləndirirdilər.Arzusu institutda çalışmaq idi. Zarafatla, hər zaman ona, “tələsmə, universiteti bitir, inşallah, bərabər çalışarıq deyirdim”. Açığı o zaman bilmirdim Ruhid nəyə tələsir. Ancaq tələsdiyini görürdüm… Yadımdadır, 4-cü kursu bitirdiyi ildə mənə yazmışdı. Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixoloq kimi fəaliyyət göstərmək istəyirdi. Universiteti bitirdiyini və iş təcrübəsinin olduğunu da bildirmişdi mənə. Düzü, çox təqdir etdim onu. Vaxt itirmək istəmirdi, ona görə də bütün işlərini tez-tez edirdi. İnstitutda işləyəcəyi günü sanki “ip ilə çəkirdi”. Mənə elə gəlir ki, o, gücü çatan qədər çox insana kömək etmək üçün tələsirdi. Hətta döyüşdə belə, o, döyüş yoldaşlarına psixoloji dəstək də göstərirmiş. Bunu eşidəndə, çox qürurlanmışdım və kövrəlmişdim. Çətin şəraitdə belə, onun başqalarını düşünməyi, insan, Vətən sevgisinin göstəricisidir. Məhz Ruhid ona görə insanların sevimlisi ola bilmişdi”.Ruhidin komandiri onun barəsində danışanda bunları xüsusilə qeyd etmişdir:- “Ruhid çox güclü psixoloq idi. Bütün əsgərlər tərəfindən istedadına görə sevilirdi. Hətta mən bir az hirsli olanda, kefsiz olanda belə məni sakitləşdirməyi bacarırdı. Əsgər yoldaşları ilə çox mehriban idi, hamısına dəstək olurdu. Müharibə ərəfəsində döyüş yoldaşlarına böyük dəstək göstərir, onları ruhlandırırdı. Biz müharibənin birinci günündə qatıldıq. Amma Ruhid çox rahat idi, ona görə ki, həddindən artıq vətənpərvər idi, xalqını, torpağını, dövlətini, bayrağını çox sevirdi. Ən çox düşündüyü, səbrsizliklə gözlədiyi Şuşaya gedib çatmaq idi. Torpaqlarımızın azad olunmasını istəyirdi. Biz elə yerdə idik ki, yüksəklikdə, meşənin içində oradan döyüş meydanı görünürdü. Bizim döyüşçülər Talış istiqamətində hücuma keçəndə onun gözlərindən yaş gəlirdi sevincdən. Çox duyğusal idi...”Ruhid İslamlı haqqında eşitdiklərimizdən belə bir nəticəyə gəlirik ki, hələ gənc yaşlarından zəhmətkeş, çalışqan, duyğusal olmaqla yanaşı, həm də yorulmaq bilmədən daim öz üzərində işləyən, müqəddəs ata yurdunu, doğma vətənini saf və sonsuz bir sevgiylə sevən, bütün insanlara, xüsusilə də, qocalara və körpə uşaqlara daima böyük diqqət və qayğı göstərən, elə buna görə də, onu tanıyan bütün insanların sevimlisinə çevrilən xeyirxah insan sonda mütləq QƏHRƏMAN olmalı və SONSUZ ƏBƏDİYYƏT qazanmalı idi... Qazandı da!.. Halalı olsun!.. Etibar OVÇUYEV,Azərbaycan Jurnalistlər Birliyinin üzvü,“Ziya” qəzetinin və “ziya.info.az”-saytının əməkdaşıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.