Ad günün mübarək, ASLAN GORARXLI!... Təbriklər, Arxiv 10 января 2019 TƏBRİK EDİRİK!..ASLAN GORARXLI (1960)Bu gün istedadlı qələm dostumuz, tanınmış şair Aslan Gorarxlının Ad günüdür.Aslan Qiyas oğlu Xəlilov 1960-cı il yanvarın 10-da qədim Borçalı mahalının Gorarxı elində - indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Alget kəndində anadan olub.1967-1977-ci illərdə 2 saylı Alget orta məktəbində oxuyub.Şeirləri 1980-ci illərdən Gürcüstanın və Azərbaycanın dövri mətbuatda, eləcə də müxtəlif ədəbi məcmuə və almanaxlarda çap olunur. Aslan Gorarxlı “Bu torpaq mənimdir, mən bu torpağın”, “Vicdan sürgünü” və s. kitabların müəllifidir. Əsasən, qoşma və gəraylı janrlarında yazan şair kimi tanınır. Hazırda Rusiyanın Çelyabinsk şəhərində yaşayan A.Gorarxlı həm də diasporumuzun fəallarındandır.Əziz və dəyərli dostumuz-qardaşımız Aslan Gorarxlını Ad Günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, eləcə də bədii yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!.. P.S.: Aşağıda isə hələ 1994-cü ildə Bakıda "Azərbaycan" nəşriyyatında çap olunmuş "ÇAĞDAŞ BORÇALI ƏDƏBİ MƏKTƏBİ" adlı kitabımda çap olunmuş məqaləni və şairin bir neçə şeirini oxucularımıza ərmağan edirik!...Müşfiq BORÇALI,ZiM.Az"ASLAN GÖRARXILIAslan Görarxılı gənc olsa da, imzası Borçalı oxucularına yaxşı tanışdır. Onun bir-birindən maraqlı və oxunaqlı şeirləri müntəzəm olaraq mətbuatda işıq üzü görür, almanaxlarda, ədəbi məcmuələrdə özünə yer tapır. İstər qəzet və jurnallarda, istər ədəbi məcmuələrdə, istərsə də 1993-cü ildə işıq üzü görmüş «Bu torpaq mənimdir» ilk şeirlər kitabında dərc olunmuş poeziya nümunələrinə nəzər yetirdikdə açıq-aydın hiss olunur ki, öz kökünə bağlılıq, soyuna ehtiram, doğma yurda məhəbbət, el-obaya sevgi Aslanın yaradıcılığının ana xəttidir. Ədəbiyyatşünas alim Həmid Vəliyev hələ «Gürcüstan» qəzetinin 20 fevral 1990-cı il tarixli sayında dərc etdirdiyi «Bizdə şair də var, şeir də vardır…» sərlövhəli məqaləsində haqlı olaraq yazmışdır ki, Aslan sözdə də, əməldə də vətənpərvərdir. Doğulub boya-başa çatdığı torpağı ürəkdən sevir. Bu torpaqla yaşayır, bu torpaqla nəfəs alır, bu torpağın xeyrinə-şərinə yarayır. Görarxıda, eləcə də bütün Borçalıda keçirilən tədbirlərdə fəal iştirak edir.«Görarxı» şeirində doğma kəndinə vurğunluğunu bildirən şair «Bu torpaq mənimdir, mən bu torpağın» sərlövhəli digər şeirində isə düşmənlərimizə layiqli cavab verir:Gah gəlmə söylədin, gah qonaq dedin,Bəzən də yanıldın, tez qapaq dedin,Köküm də, soyum da sənə bəllidir,Ulu keçmişləri biz danaq dedin?Bu torpaq mənimdir, mən bu torpağın.Susduqca ünvanı, adı dəyişdin,Bildin özününkü, yadı dəyişdin.Mən həmin qeyrətdə, həmin mənlikdə,Demə ürəyimdə odu dəyişdin.Bu torpaq mənimdir, mən bu torpağın…… Qoruyur qeyrəti çatmış Aslanın,Torpağı müqəddəs tutmuş Aslanın,Oyansa, ölərsən caynaqlarında,Basma quyruğunu yatmış aslanın,Bu torpaq mənimdir, mən bu torpağın…«Mənim gördüklərim böyümür, Allah…», «Dəyirmandaşı», «İlan yolu» və s. kimi poetik şeirlər yazmış Aslan həm də satirik şeirlər müəllifi kimi tanınır. O, cəmiyyətimizdə gördüyü, rast gəldiyi, hiss etdiyi eybəcərlikləri «atəşə tutur». Məqsədi, istəyi isə budur ki, normal həyatmıza mane olan, şirin çörəyimizə acılıq gətirən hallar yox edilməlidir. Yol da, klub da, təsərrüfatda intizam da, ailələrdə münasibət də, məktəblərdə dərslər də… nümunəvi olmalıdır. Əyriyə-əskiyə, pozuntuya, nöqsana dözmür Aslan. Tənqid edir. Bir aqilin bu sözlərini tez-tez xatırlayır:Tənqid nə qədər olsa da acı,Yenə tərbiyədir onun əlacı.«Başabəla bilik sahibləri»ni, ağına-bozuna baxmadan onu-bunu acılayanları, yerli-yersiz ortalığa atılıb gözə girməyə çalışanları, xalq müdrikliyinin əleyhinə gedib çox danışmağı qızıl hesab edənləri qamçılayır:Dəm vursan da milyondan, sayı bilirsən onadək,Bir cümləni öz dilində danışammırsan sonadək.Ağzını köpüklətmə gəl, dabaq dəymiş danatək,Gövdənin gəzdirdiyi heyif içi boş kələmə,Qandığın bir şeyin yox, qananı tənqid eləmə.Aslan Görarxılının satirik şeirlərinin qəhrəmanları kimlərdir? Bu sualın cavabını H.Vəliyev yuxarıda qeyd etdiyimiz məqaləsində gözəl açıqlayır. Və doğrudan da, Aslanın əsərləri ilə tanış olduqda görürük ki, onun «qəhrəmanları» - yelbeyin ola-ola, tanınmış alimlə mübahisəyə girişənlər, ortada yeyib qıraqda gəzənlər, yemək-içmək məclisində millətdən, vətənpərvərlikdən dəm vurub xəlvətdə xalqını vəzifəyə satanlar, elin çörəyini yeyib onu bəyənməyənlər, ayıq halda tülküdən qorxaq, sərxoş halda isə pələng olanlar, özünü min bir inəkli, qonşusunu isə inəksiz görmək istəyənlər, halal zəhmətdən yayınıb asan qazanc yolu axtaranlar, onun-bunun cibinə girməklə ailələrinə cah-cəlal quranlar, qafiyənin nə olduğunu bilməyə-bilməyə Nizamini, Səməd Vurğunu bəyənməyib, onları «təftiş» edənlər və s.Bədii axtarışlar yolunda olan Aslan həmişə çalışır ki, şeirlərində mövzu rəngarəngliyi olsun, nə özünü təkrar etsin, nə də özgələrini. Bu yolda ona uğurlar diləyirik!.."(Bax: Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi. Bakı, "Azərbaycan" nəşriyyatı, 1994. səh. ) Nənəmin gözləri yoldan çəkildiBakı, yataqxana, bircə göz evdə,Neynir çıxıb gəlsin, etdi söz evdə,Sevdik Borçalıda onu biz evdə,Nənəmin gözləri yoldan çəkildi. Ali təhsililə zəhməti sevdi,Fəhləsən dedilər, töhməti sevdi,Döyüşə yollandı, qeyrəti sevdi,Nənəmin gözləri yoldan çəkildi. Söndü arzuları, həvəsi getdi,Qara saçlarının şəvəsi getdi,Oğul gözləyirdi, nəvəsi getdi,Nənəmin gözləri yoldan çəkildi. Oğul itirəndə səbiri oldu,Öldüdən, qaldıdan nə biri oldu,Ölsə nəvəsinin qəbiri oldu,Nənəmin gözləri yoldan çəkildi. Nənəmin gözündə, eh, şah idi o,Qopan ürəklərdən bir ah idi o,Oldu Borçalının ilk şəhidi o,Nənəmin gözləri yoldan çəkildi..ASLAN GORARXLI ilə BİR MÜSAHİBƏQƏRİB NƏĞMƏLƏR ÖTƏN YERDƏ…Bu qərib nəğmələr bizim məmləkətdən uzaqlarda ötür. Anadil quşları kimi bir-birinin sorağıyla qərib-qərib ötərək qərib axşamlardan gündüzlərə qovuşmaq üçün söz yumağı götürüb çözələyə-çözələyə Vətən kəlməsinin şirinliyini dada-dada uzq-uzaq məmləkətlərə gedib çıxırlar. Dolanmaq dərdi, çörək dərdi. Vətən dirdi, oxumaq və gələcəyini o yerlərdə təmin etmək dərdləri bəlkə onlara bu yad torpaqlarda yaşamaq hüququ verib, sabaha boylanan bu xoş ümidlər onların arzularının şaıb-daşmasına şərait yaradıb, səbəb olub.Həmyerlimiz, əslən Marneuli rayonunun Gorarxı kəndindən olan Aslan Xəlilov dövrün, zamanın imtahanından üzüağ, mərdliklə çıxmaq üçün bu Fani dünyanın yaşamaq səhnəsində zəhmətə qatlaşıb, ömrünü-gününü öz ailəsinin yaxşı yaşamasına, oğlunun, qızının gələcəyinin parlaq olmasına nail olmaq üçün Rusiyaya üz tutub, Çelyabinsk vilayətinin eyni adlı şəhərində yaşamağa başlayıb. Özünün qeyd etdiyinə görə, bu şəhərdə o yeni-yeni dostlar-tanışlar tapıb. Şerə-sənətə, saza-sözə həlsiz həvəsi olan Aslan özünə «Gorarxılı» təxəllüsü götürərək bu şəhərdə qəriblikdə yazıb-yaratmağa başlayıb. O, buraya gəlməmişdən əvvəl əvvəl də yazırdı. Borçalıda olarkən ara-sıra mətbuatda dərc olunan şerləri, qoşmaları aşıqların sazında bəstələnib oxunurdu. «İnsan qəriblikdə daha çox yazıb-yaradır, doğma hisslər - doğma torpağa olan sevgi, ata-ana sevgisi, Vətən sevgisi qəriblikdə daha şirin olur» - deyə Aslan Gorarxılı bizə bildirir.Görüşümüzdən bir neçə gün sonra Aslan Gorarxılı ilə «Əhli-Beyt» jürnalının redaksiyasında görüşdük. Müsahibim söhbətcil idi. Öz işindən, gördüklərindən, Çelyabinsk şəhərində həyata keçirdikləri tədbirlərdən ürəkdolusu danışırdı. Və mən onu xeyli dinlədikdən sonra jurnalımız üçün müsahibə almağı qərara aldım. Sözsüz ki, bu qərarım Aslanı də sevindirdi. Və o, məmnuniyyətlə mənə müsahibə verməyə razılaşdı.- Aslan, səninlə poeziyadan, şer-sənətdən söhbət edək, ya sənin gördüyün və həyta keçirdiyin tədbirlərlə tanış olaq?- Mənə elə gəlir ki, söhbət əsnasında hər şey öz yerini tapacaq. Şer-sənət öz yerində, əməli fəaliyət öz yerində. Özüm barədə hörmətli oxucurala bir az məlumat versəm yaxşı olar. Tərcümeyi-halım haqqında məlumat verməyi sevmirəm. Sadəcə onu deyim ki, artıq 48 yaşına keçmişəm. 6 kitabım çıxıb, Çeylabinsk şəhərində ailəmlə birlikdə yaşayıram. Düşünürərm ki, 10 il bu torpaqda yaşamağım mənə düşüb.- Bəlkə bir az da işin, vəzifən və əməli tədbirlərin barədə söz açasan…«Ozan» ictimai cəmiyyəti Rusiyada fəaliyyət göstərən 79 diaspora təşkilatlarından ən öndə gedənlərdən biridir. Mən də həmin təşkilata üzv yazıldıqdan sonra təşkilatın qəzetini çıxarmaq təşəbbüsü irəli sürdüm. Sözsüz ki, bu təşəbbüs alqışlandı və biz tez bir zamanda hər dəfə min nüsxə ilə bu mətbuat orqanını buraxmağa başladıq. Artıq 8 ildir ki, qəzet müntəzəm nəşr edilir. Mən qəzetdə əvvəlcə məsul katib, indi isə relaktor müavini vəzifəsində çalışıram. «Ozan» cəmiyyətinin qarşısında mühüm və ən başlıca vəzifələrdən biri vilayətdə yaşayan azərbaycanlıların birliyiniə nail olmaqdır. Mənə elə gəlir ki, biz artıq buna nail olmuşuq.- Aslan, Çelybinski vilayətində azərbaycanlılar məskunlaşan yerlərdə İslam dininin vəziyyəti necədir?- Hər il müsəlmanlara xas olan bütün bayramları yüksək təşkilatçılıq sayəsində keçiririk. Bu il Novruz bayramını «Dostluq» evində - Çelyabinsk şəhərinin mərkəzində keçirdik. Müxtəlif dini tədbirləri, o cümlədən Ramazan bayramını, Məhərrəmlikdə mərsiyəlik ayinlərini dəqiqliklə həyata keçiririk. Bu işdə Seyid Mirqulunun əməyini xüsusilə qeyd etmək yerinə düşər. Vilayətdə 105 millət yaşayır. Hər bir millətin özünəməxsus ibadət ocaqları vardır. Burada tezliklə azərbaycanlıların da məscidi olacaqdır. İki ildir ki, Çeberkul şəhərində yeni və ilk məscid - ibadət ocağı tikilməkdədir. Məscidin baş imamı Vüqar adlı din xadimidir.Bildirim ki, bizim kitabxanada Borçalıda nəşr etdiyiniz «Əhli-Beyt» jurnalının müxtəlif nömrələri vardır. Maraqlananlar oxuyur və Gürcüstan barədə, ən başlıcası mübarək İslam Dinin qayda-naunları haqqında mükəmməl məlumat alırlar. - Söz düşmüşkən, oxucularımıza Gürcüstandan gedən azərbaycanlıların fəaliyyəti, yaşayış tərzi barədə məlumat versəniz yaxşı olardı.-Çelyabinsk vilayətində minlərlə azərbaycanlı yaşayır və müxtəlif işlərlə məşğuldurlar. Bu insanlardan 4200 nəfəri Rusiya vətəndaşıdır. «Ozan» cəmiyyətinin təşəbbüsü ilə Gürcüstan vətəndaşlarının da, o cümlədən azərbaycanlıların Rusiya vətəndaşı olmaq statusu limitinə də razılıq aldıq. Uzun illər Rusiyada yaşayan gürcüstanlı azərbaycanlılar tezliklə Rusiya vətəndaşı olcaqlar. Bilirdim ki, həmvətənlərimiz bu vilayətdə azad, firavan, xoşbəxt və dostluq şəraitində yaşayırlar.- Bir az da yaradıcılığın barədə?- Qeyd etmişdim ki, 6 kitab müəllifiyəm. «Bir cənnət vermisən» adlı kitabım isə nəşrə hazırdır və tezliklə işıq üzü görəcəkdir. Sənədlərimi Rusiya Yazıçılar Birliyinə təhvil vermişəm. Tezliklə bu birliyin üzvi olacağam. Bu vilayətdə tarixdə ilk dəfədir ki, Azərbaycan dilində azərbaycanlı şairin kitabları buraxılmışdır. Bunun üçün mən «Qərib nəğməsi» şerlər kitabımın sponsoru, əslən Dəvəçinin Zeyvə kəndindən olan Nəsirov Mübariz Salami oğluna böyük təşəkkürümü və minnətdarlığımı bildirirəm. Xüsusi olaraq öz təşəkkürümü Rusiya Yazıçılar Birliyinin üzvü, şerlərimin tərcüməçisi Nina Yaqodintsevə çatdırmaq istəyirəm.…Bir şair tanıyıram, Aslan Gorarxılı. O, hər il yaz günlərində Borçalıya gəlir. Bu da mənim qismətimdir deyir. Bilmirəm niyə gəlirəm. Bu torpaq ömrü boyu məni özünə çəkir. Dilimdə qərib nəğmələr öz-özümə oxuya-oxuya tam on ildir ki, doğma Borçalımın gözəl hüsnünü seyr etmək üçün uça-uça elimizə gəlirəm. Arzum budur ki, gözəl əsrarəngiz təbii gözəlliyəmalik olan bu Vətən torpağına - Borçalı elimizə toya-şana gəlim, onun adını ucaldım, ucaldım…Nizami MƏMMƏDZADƏ,Jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. (Bax: «Əhli-Beyt» jurnalı, 39(50) may-iyun, 2008, səh.28-29.). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.