Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət YAP, Qarabağ 23 сентября 2021 Bəxtiyar NƏBİYEV,YAP Yasamal rayon təşkilatının sədri,Bakı Dövlət Universitetinin dosenti Prezident İlham Əliyevin siyasi iradəsi və məqsədyönlü siyasətinin xalq fədakarlığı ilə birləşdiyi və Zəfər qazanıldığı Vətən müharibəsinin ildönümü tamam olur. Bu müharibə dövlətimizin başçısının fəaliyyətinin tarixi əhəmiyyətini ortaya qoyan ən mühüm hadisələrdən biri oldu. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsi Vətən müharibəsində özünü göstərdi. Bunun da əsas amillərindən biri o idi ki, Prezident İlham Əliyev bu siyasəti layiqli bir şəkildə davam etdirdi. Xarici və daxili siyasətin elmi əsaslarla qurulması, xalqla birliyin yüksək səviyyəyə çatması 44 günlük müharibədə əsas amillərdən biri idi. Amma bu zəfərə gedən yol heç də asan olmadı. Bu gün gənclərin bu yolu anlaması üçün müəyyən qədər tarixi ekskursa ehtiyac var. Ona görə də, gərək bu tarixi yola nəzər salaq.“Azərbaycan 1991-ci ildə müstəqil bir dövlət kimi dünya siyasi xəritəsinə daxil oldu. Bu münasibətlər sisteminə daxil olan kimi müxtəlif xarici qüvvələrin bu və ya digər şəkildə dəstəklədiyi Ermənistanla müharibə şəraitinə düşdü. Ermənistan həm də dünya erməni lobbisi tərəfindən dəstək alırdı. Azərbaycan isə informasiya müharibəsində uduzur, işğallara baxmayaraq müqəssir tərəf kimi dünya ictimaiyyətinə təqdim edilirdi. Həmçinin ölkə daxilində ciddi hərc-mərclik başlamışdı. İqtisadiyyat dağılmış, neft hasilatı aşağı düşmüşdü. Ölkədə siyasi partiyaların, eləcə də yarı hərbi qrupların sayı artmışdı.Bu bəlalardan qurtarmaq üçün xalq ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması üçün səfərbər oldu. Azərbaycana dövlətçilik təcrübəsi və milli duyğuları bir araya gətirə biləcək bir lider lazım idi. Qeyd edilənlərin məntiqi nəticəsi olaraq xalq bir çox ziyalısının timsalında Ulu Öndərə müraciət etdi. 1993-cü il 15 iyun Azərbaycan tarixinə Qurtuluş Günü olaraq yazıldı. Həmin ilin oktyabrında isə xalqın mütləq əksəriyyətinin səsi ilə ümummilli lider Heydər Əliyev Prezident seçildi. Artıq Azərbaycanda istər daxili siyasət, istərsə də xarici siyasət təsadüfi ifadələrdən xilas oldu, strategiya və konseptuallıq mərhələsi başlandı. Daha sonra cəbhə xəttində ordumuz düşmən qüvvələrini dayandırdı. Əks-hücuma keçərək Horadiz qəsəbəsini və bir çox əraziləri azad etdi. Lakin ümummilli lider Heydər Əliyev bilirdi ki, xarici və daxili bədxahların çox olduğu dövrdə hərbi əməliyyatların davam etdirilməsi dövləti gücdən sala bilər. Azərbaycan Ordusunun irəliləyişləri Ermənistanı danışıqlar masasına oturmağa vadar etdi. 1994-cü il mayın 12-də imzalanmış atəşkəs razılaşması milli diplomatiyamızın ilk qələbəsi sayıla bilər. Aktiv hücum əməliyyatlarının dayandırılması nəticəsində ölkənin daxili problemlərini həll etmək və xarici nüfuzunu artırmaq imkanı əldə edildi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan Qərb investisiyalarının kütləvi daxil olduğu ilk postsovet məkanı ölkəsi oldu. İqtisadiyyata yeni nəfəs verildi. Həmçinin daxili iqtisadi və siyasi islahatlar aparıldı. Əsas məsələlərdən biri də o idi ki, ciddi şəkildə ordu quruculuğuna başlanıldı.2003-cü ildən ümummilli lider Heydər Əliyevin strateji kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirildi. Ölkə iqtisadiyyatının gücləndirilməsi üçün regional disproporsiyaların aradan qaldırılması əsas hədəflərdən biri kimi qəbul edildi. Regionların sosial-iqtisadi inkişafı gücləndirildi, bunun üçün müvafiq dövlət proqramlarının icrasına başlanıldı. Ən başlıcası Ermənistan təcavüzünün aradan qaldırılması üçün mühüm tədbirlər həyata keçirildi. Aparılan işlərin nəticəsi olaraq Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və müasir təchiz edilmiş silahlı qüvvələrinə çevrildi. 2016-ci il Aprel döyüşləri bunu Ermənistana və onu dəstəkləyənlərə sübut etdi.Azərbaycan getdikcə yüksəlir, Ermənistan isə iflasa doğru gedirdi. Serj Sarqsyan hakimiyyətdən getdi. Özünü demokrat kimi qələmə verən Nikol Paşinyan hakimiyyətə gəldi. İlk zamanda onun hakimiyyətə gəlməsi prosesin sülhlə nizamlanmasına dair ümidlərə səbəb olsa da, müəyyən müddət sonra Nikolun “erməni mahiyyəti” üzə çıxdı. Paşinyanın xarici siyasətinin və iflasının göstəricisi Azərbaycan Prezidenti İlham Əliyev qarşısında “Valday”da və Münhendə rəzil olmasıdır. Prezident İlham Əliyev 2019-cu il oktyabrın 4-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış etdi və yüksək siyasi məharətini ortaya qoydu. 2020-ci il fevralın 15-də Münhendə Prezident İlham Əliyev tərəfindən debatda Paşinyan siyasi cəhətdən məhv oldu. Fevralın 15-də Münhen konfransının iştirakçıları və jurnalistlər Ermənistanın simasının nə olduğunu görə bildilər.Paşinyanın siyasəti isə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində iflas etdi. Ermənistan hökumətinin prosesi pozmaq üçün atdığı addımlar Ermənistan ordusunun cəbhə xəttində Azərbaycan sərhədində təxribat xarakterli hərəkətləri ilə müşayiət olundu. 2020-ci ilin iyul ayında Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədindəki strateji yüksəklikləri ələ keçirmək üçün Tovuza hücum etməyə cəhd etdilər. Neft strategiyası və kommunikasiya siyasəti üçün belə bir vacib bölgədə davam edən şiddətli döyüşlərdən sonra düşmən əvvəlki mövqelərinə geri çəkildi. Erməni tərəfi xeyli canlı qüvvə, çox sayda zirehli texnika, radar avadanlığı, pilotsuz uçuş aparatları itirdi. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla 12 azərbaycanlı hərbçi döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə bu ölkənin silahlı qüvvələri sentyabrın 27-də səhər saat 6 radələrində Azərbaycan Ordusunun cəbhə xəttindəki mövqelərini ballistik raketlər, fosfor və kaset bombaları ilə bombaladı. Bombalar təmas xəttindəki sıx məskunlaşmış kəndlərlə birlikdə Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonları ilə yanaşı Gəncə, Mingəçevir və digər yaşayış məntəqələri və cəbhə xəttindən yüzlərlə kilometr məsafədə yerləşən mülki infrastruktur obyektlərinə düşdü. Gəncə və Bərdədə faciə yaşandı. Raket zərbələrindən mülki insanlar, körpələr həlak oldu.Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyuldu, ərazilərimiz azad edildi.Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri iki ölkənin bir-birinə dəstəyini gücləndirdi. Türkiyənin siyasi cəhətdən Azərbaycanı dəstəkləməsi müharibənin gedişatına mühüm təsir göstərdi. Prezident İlham Əliyevin Türkiyə telekanallarına verdiyi tarixi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynadı. Dövlətimizin başçısı öz çıxışlarında Türkiyənin qardaşlıq dəstəyini daim xüsusi qeyd edir. Prezident İlham Əliyevin Pakistanla qurduğu siyasi əlaqələr bu qardaş dövlətin də siyasi dəstəyinin güclü olmasına gətirib çıxardı. Ölkəmizin xarici siyasətindəki uğurlu istiqamətlərdən biri də Qoşulmama Hərəkatı təşkilatının işində fəal iştirakı, bu təşkilata üzv ölkələrlə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasıdır. Beləliklə, Vətən müharibəsi zamanı bu ölkələrin göstərdiyi prinsipial mövqe sayəsində BMT Təhlükəsizlik Şurası tərəfindən ölkəmizin maraqlarına zidd bir qərar qəbul edilməsinin qarşısı alındı.Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri xalqımızın televiziyanı sevinc göz yaşları ilə izləməsi oldu. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi və orada Şuşa şəhərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalından azad olunduğunu elan etdi. Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir yaşayış məntəqəsini və 8 strateji yüksəkliyi işğaldan azad etdi. Beləliklə, döyüş əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrinin sayı 300-ə çatdı. Şuşanın azad edilməsi müharibədə ermənilərin məğlubiyyətini tanımasına səbəb olan həlledici bir döyüş oldu. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə Bəyanat qəbul etdilər. Azərbaycan Vətən müharibəsini Qələbə ilə bitirdi.Zəfərin qazanılması Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü, milli və konseptual siyasətinin nəticəsidir. Vətən müharibəsində şanlı Azərbaycan Ordusu şərəfli tarix yazdı... Bu müharibədə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı şəhidlərimiz, yaralananlarımız oldu. Vətən, torpaq yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi ürəklərdə daim yaşayacaq”.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.