GƏGİRAN KƏNDİ

GƏGİRAN KƏNDİ GƏGİRAN KƏNDİ Gəgiran Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Lənkəran şəhərindən 36 km şimal-qərbdə, Talış dağlarının qoynunda yerləşir. Şərqdən Jidi, şimaldan Köhnə Gəgir kəndləri, qərbdən və cənubdan meşə zolaqları ilə əhatə olunmuşdur. Ərazisi 750 hektar, əhalisi 1524 nəfərdir (01.01.2019). Bakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-cu ilə dair kameral siyahıyaalınması zamanı Gəgiranda 21 ev və 167 nəfər (kişi 90, qadın 77) əhali qeydə alınmışdır. Kənddə 1981-ci ildə 1018 nəfər, 1990-cı ildə 1300 nəfər, 1999-cu ildə 1689 nəfər, 2009-cu ildə ... nəfər, 2013-cü ildə 1378 nəfər yaşamışdır. Gəgiran Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında əraziyə görə 9-cu, əhaliyə görə isə 42-ci yerdə durur.

Gəgiran talış dilində Qəqron adlanır. Gəgiran Qəqronun Azərbaycan dilinə uyğunlaşdırılmış adıdır. Qəqronun ilkin forması Qəqrron olmuşdur. Qəqrron sonradan fonetik cəhətdən Qəqron şəklinə düşmüşdür. Talış dilində “qəqr” - əyri-üyrü, “ron” – yollar deməkdir. Beləliklə, Gəgiran/Qəqron talış dilindən Azərbaycan dilinə tərcümədə “əyrü-üyrü yollar” mənasını verir. Kəndin rayonun ucqar və eyni zamanda dağlıq ərazilərindən biri olması bunu bir daha sübut edir. Gəgiranı cərgəli toponim kimi də qəbil etmək olar. Köhnə Gəgir kəndinin adı ilk əvvəl çox güman ki, Köhnə Gəgiran olmuş, toponim sonradan Köhnə Gəgir şəklinə düşmüşdür. Lənkəran rayonunun Gərmətük qəsəbəsində kəndin adı ilə bağlı Gəgiroba adlı məhəllə də vardır. Vaxtilə Gəgirandan (Köhnə Gəgir) köçüb gələnlərin məskunlaşdıqları bu məhəllə yerli sakinlər tərəfindən onların gəldikləri yerin adı ilə belə adlandırılmışdır.

Gəgiran bölgənin ən qədim yaşayış məntəqələrindən sayılır. Burada olan Şahalakan, Buyək, Coda (Cadə) və Olak qədim yaşayış yerləri kəndin tarixi keçmişindən xəbər verir. Heç də təsadüfi deyildir ki, Lənkəran rayonunda ən çox tarix və mədəniyyət abidəsi məhz Gəgiranda qeydə alınmışdır. Gəgiranda qeydə alınmış tarix və mədəniyyət abidələri aşağıdakılardır:

Ölkə əhəmiyyətli arxeoloji abidələr:

Antik dövrə aid Coda yaşayış yeri (inv: 1517). Antik dövrə aid Şahalakan yaşayış yeri (inv: 1519). Antik dövrə aid Şahalakan qəbiristanlığı (inv6 1520). III-VIII əsrlərə aid Buyək yaşayış yeri (inv: 1517). XIII-XIII – XVI əsrlərə aid Gəgiran yaşayış yeri (inv: 1518)

Yerli əhəmiyyətli arxeoloji abidə:

XIII – XVI əsrlərə aid Gəgiran yaşayış yeri (inv: 5957).

Yerli əhəmiyyətli memarlıq abidəsi:

XX əsrə aid Gəgiran kənd məscidi (inv: 4820).

Bir çox kitablarda, o cümlədən, Teymur bəy Bayraməlibəyovun “İstoriya Talışskoqo xanstva” (“Talış xanlığının tarixi, əlyazma; 1885, rusca), Q.F.Çursinin “Talışi” (“Talışlar”. Tiflis 1926, IV cild, rusca), B.V. Millerin “Talışskiye tekstı” (“Talış mətnləri”. Moskva 1930, səh.5), A.Qrosheymin “Talış dağlarında”, Azərbaycan Sovet Ensiklopediyası (VI cild. Bakı 1982) və “Azərbaycan arxeologiyası. Orta əsrlər” (Bakı 2008, VI cild) və digər kitablarda Gəgiran kəndinin adına rast gəlinir. Akademik Qrosheym adı qeyd olunan kitabında Gəgiranı “Talış cəngəllikləri” adlandırmışdır.

Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Sovet dönəmində (1920-1991) burada da kollektiv təsərrüfat – kolxoz yaradılmışdır. Kolxoz müxtəlif vaxtlarda Teymur Baxşəliyev, “Partiyanın XVIII qurultayı” və Voroşilovun adını daşımışdır. 1964-cü ildə kolxoz sovxozla əvəz olunmuş və Gəgiran kəndindəki sovxoz Füzulinin adına adlandırılmışdır. Füzuli adına sovxoz Gəgiranla yanaşı, qonşu Köhnə Gəgir, Diryan, Tuado, Jidi kəndlərini də əhatə etmişdir. Füzuli adına sovxoz tərəvəzçilik və çayçılıqla məşğul olurdu. Tərəvəzçilik xüsusi yer tuturdu. Sovxozun 1987-ci ildə tərəvəz üzrə illik planı 2130 ton, çayçılıq üzrə planı isə 170 ton olmuşdur. Füzuli adına sovxozun əhatə etdiyi kəndlər dağlıq əraziyə malik olduğundan burada əkinə yaralı torpaqlar az olmuşdur. Məhz buna görə də rayonun Marso (indiki Ürgə) kəndi ərazisində sovxoz üçün torpaq sahəsi ayrılmışdır. SSRİ-nin parçalanması ilə əlaqədar 1991-ci ildə kolxoz və sovxozlar istehsal kooperativləri ilə əvəz olunmuşlar. Gəgiranda da “Gəgiran” kooperativi yaradılmışdır. 1997-ci ildə respublikada aqrar islahatın həyata keçirilməsi ilə istehsal kooperativləri ləğv edildi, kolxoz-sovxoz mülkiyyətində olan torpaqlar dövlət tərəfindən pulsuz olaraq payı bəlli torpaq sahəsi kimi kəndlilərə paylanılmışdır.

Kənddə sosial obyektlərdən tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, məscid, poçt, ATS, dükanlar, ictimai iaşə obyektləri vardır. Məktəb 1932-ci ildə təşkil edilmiş, 1962-ci ildə səkkizillik (ümumi), 1976-cı ildə isə tam orta məktəb statusu almışdır. Lənkəran Dövlət Universitetinin professoru, filologiya elmləri

doktoru Yədulla Ağazadə 1973-1981-ci illərdə Gəgiran məktəbinin direktoru olmuşdur.

Kənddə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir.Gəgiran kənd inzibati ərazi dairəsi (əvvəl kənd sovetliyi) ilk əvvəl Gəgiran, Günəhir, Diryan, Bəliton, Tuado, Köhnə Gəgir, Türkəncil, Horavenc, Jidi, Qodəsə və Şivlik kəndlərini əhatə etmişdir. Sonradan Günəhir və Tüado kəndləri mərkəz olmaqla Günəhir və Tüado kənd inzibati ərazi dairələri yaradılmışdır. Gəgiran kənd inzibati ərazi dairəsi Gəgiran, Diryan və Jidi kəndlərini əhatə edir. Maraqlıdır ki, Gəgiran kənd inzibati ərazi dairəsinin inzibati binası Gəgiranda deyil, Diryan kəndində yerləşir. Kənddə bələdiyyə 2000-ci ilin yanvar ayında yaradılmışdır. Bələdiyyə ilk əvvəl Gəgiran və Jidi kəndlərini əhatə etmişdir. 2010-cu ildə Diryan, Tuado və Köhnə Gəgir bələdiyyələri ləğv edilərək Gəgiran bələdiyyəsinə birləşdirilmişdir.

Gəgiran kəndinin tanınmışlarından kolxoz quruculuğu fəallarından olan və qolçomaqlar tərəfindən qətlə yetirilmiş Teymur Baxşəliyev, Lənkəran rayonunun Kərgəlan kənd xəstəxanasının müdiri Rzabala Rzayev, Lənkəran Dövlət Universitetinin Baytarlıq və Aqrar fənnlər kafedrasının müəllimi Tahir Hüseynov, hüquqşünas Vəkil Məmmədov, ictimai fəallar Ramiz Babacanov, Mehman Əliyev, “STONEPAY, ROYAL PARK” Şirkətinin rəssamlıq və dizayn işi üzrə əməkdaşı Qədir Axundov, kəndin ilk ali təhsilli xanımı Rəvanə Nurizadə və digərlərini göstərmək olar.


İldırım ŞÜKÜRZADƏ

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: