CƏRCİS PEYĞƏMBƏR ZİYARƏTGAHI

CƏRCİS PEYĞƏMBƏR ZİYARƏTGAHI Ziyarətgah hibrid söz olub, ərəbcə “ziyarət” və farsca “gah” sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “ziyarət yeri”, “ziyarət olunan yer” mənasını verir. İnsanların çətin günündə mənəvi dayağına, ümid yerinə çevrilən ziyarətgahlar Allah dərgahında dualarımızın müstəcab olmasında vasitəçilərimizdir. Müqəddəs saydığımız ziyarətgahlar el arasında ocaq, pir, türbə, came və xanəgah adları ilə tanınır. Respublikamızın hər bir bölgəsində ziyarətgahlar vardır və heç də təsadüfi deyildir ki, ölkəmizdə mövcud olan abidələr sırasında dini-tarixi abidələr-ziyarətgahlar da mühüm yer tutur. Elə ziyarətgahlar vardır ki, onlar nəinki, yerləşdikləri bölgədə, ölkə ərazisində, hətta ölkə xaricində tanınırlar. Belə ziyarətgahlardan biri Cərcis peyğəmbər ziyarətgahıdır.

Cərcis peyğəmbər ziyarətgahı Beyləqan şəhərindən 3-4 km şimal-şərqdə, rayonun Şəfəq qəsəbəsi ərazisində, qəbiristanlıqda yerləşir. Ziyarətgah Cərcis ibn Anaq adlı peyğəmbərin adı ilə bağlıdır. Dini rəvayətlərdə onun İsa peyğəmbərin həvarilərindən birinin şagirdi olduğu bildirilir. Yunan mənbələrində adı Corcios kimi göstərilir.

Tacir ailəsindən olan Cərcis peyğəmbər təxminən 315-392-ci illərdə yaşamışdır. O, Mosul vilayətindən (İraqda yerləşir – İ.Ş.) çıxıb, tarixi İpək Yolu ilə qədim Beyləqan torpağından keçərək Dağıstana və başqa vilayətlərə səfərlər edib, ticarətlə məşğul olub. Bütün sərvətini təkallahlığı yaymaq yolunda sərf edib. 77 il ömür sürüb və IV əsrin sonunda dünyasını dəyişib (Mübariz Aslanov. Möcüzəli türbə. “Cənub xəbərləri” qəzeti, 10 noyabr 2010). Rəvayətə görə, Cərcis peyğəmbər Mil, Beyləqan torpağında insanları tək olan Allaha itaət etməyə çağırdığı üçün buradakı atəşpərəst kahinlərin qəzəbinə tuş gələrək bir quyuya düşmüş və atəşpərəstlər onun üstünü torpaqla örtmüşlər. Sonralar bu yer ziyarətgaha çevrilmişdir.

Aşıqlı tayfasının imanlı ağsaqqalı Hacı Qulu kişinin dəvəti ilə təbrizli usta Mirzə Həsən tərəfindən 1909-cu ildə (hicri 1328-ci il) ziyarətgah üstündə böyük türbə ucaldılmışdır. Türbənin tikintisində yapışdırıcı kimi çiy yumurtadan istifadə olunur. Hacı Qulunun qəbri türbənin içindədir (Mübariz Aslanov. Adı qeyd olunan məqalə). 1989-cu ildə ziyarətgah təmir edilməyə başlamışdır. 1997-ci ildə burada yenidən təmir işləri davam etdirilmişdir.

Cərcis peyğəmbər türbəsi düzbucaqlı formalı olub, divarları bişmiş kərpiclə hörülmüşdür. Divarların qalınlığı 1,20 metrdir. Giriş qapısı taxtadan olub (1x2 m), düzbucaqlı formadadır. Ziyarətgahın hündürlüyü 7 metrdir. Abidənin yuxarı hissəsində günbəz yerləşir. Günbəz də bişmiş kərpiclə işlənmişdir. Abidənin aşağı qatında iki pəncərə (1x1,40 m) qoyulmuşdur. Döşəməsi torpaqdır. Cərcis peyğəmbərin qəbri türbənin mərkəzində olub, taxta şəbəkəyə alınmışdır. Qəbir ağ mərmərlə üzlənmiş və baş daşında kiril, latın və ərəb əlifbası ilə “Həzrət Cərcis Peyğəmbər” sözləri həkk olunmuşdur. Türbənin iç divarları dövrələmə səkkiz guşədən ibarətdir. Əsas giriş qapısından içəridə dəhliz yerləşmişdir. Dəhlizin sahəsi 3x4 metr olub, hündürlüyü 6 metrdir. Dəhlizin sağ və sol tərəflərindən damın üstünə çıxmaq üçün iki daş pilləkən qoyulmuşdur (Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası. B.,2001, səh.96).

Cərcis peyğəmbər ziyarətgahı respublikamızın tanınmış ziyarətgahlarından biridir. Buraya respublikanın müxtəlif bölgələrindən hətta, qonşu ölkələrdən Türkiyə, İran, Gürcüstan və Dağıstandandan ziyarətə gələnlər olur. Tarixdən XIV əsrin sonlarında Teymuri hökmdarı Əmir Teymurun Azərbaycana yürüş etməsi, Beyləqanı abadlaşdırması və Arazdan şəhərə içməli su xətti çəkdirməsi məlumdur. Deyilənlərə görə Əmir Teymur Cərcis peyğəmbərin qəbrini ziyarət etmişdir. Qeyd edim ki, dini məlumatlara görə, 124 min peyğəmbər vardır. Beyləqanda olan Cərcis peyğəmbər ziyarətgahına əsasən qeyd edə bilərik ki, Cərcic Azərbaycan ərazisində dəfn olunmuş yeganə peyğəmbərdir.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi



ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: