HİŞKƏDƏRƏ ABİDƏLƏRİ Regionlar, Tarix 11 декабря 2017 Hişkədərə abidələri - Masallı şəhərindən 17 km cənubda, rayonun eyni adlı kəndinin ərazisində aşkar edilmişdir. Oykonim talış dilində Hışkədə adlanır. Hışkədə talış dilində şəffaf toponim olub, “hışk” – quru, “də” – dərə sözlərindən və -ə- birləşdirici səsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “quru dərə” mənasını verir. Hişkədərə Hışkədənin Azərbaycan dilinə transliterasiyasıdır, yəni uyğunlaşdırılmış adıdır. Burada Hişkədərə artıq hibrid söz olub, talış dilində “hişk/hışk” – quru və Azərbaycan dilində “dərə” sözlərindən yaranmışdır. Hışkədə-Hişkədərə hər iki halda “quru dərə” mənasını verir. 3 minə yaxın əhalisi olan Hişkədərə Masallı rayonunun iri yaşayış məntəqələrindən biri olmaqla yanaşı, eyni zaman da rayonun qədim tarixə malik olan ərazilərindən biridir. Burada aşkar olunmuş “Hişkədərə abidələri” kəndin qədim tarixindən xəbər verir. “Hişkədərə abidələri”nə maddi mədəniyyət nümunələri, hekropollar (qəbiristanlıqlar) və kurqanlar daxildir. Kənddə tarixi abidələrlə yanaşı həmçinin XIV əsrə aid Nəzirə Xanım türbəsi, məscid (XIX əsr) və bulaq kimi memarlıq abidələri də vardır. Maddi mədəniyyət nümunələri 1964-1965-ci illərdə kəndin müxtəlif yerlərində tapılaraq qeydə alınmışdır.Kəndin “Məhi” və “Kuəhi” adlanan ərazisində qədim insanların istifadə etdikləri əl çapacağı, qaşov, daş baltalar, həvəng və s. şeylər aşkar edilmişdir. Mirzəgül məhəlləsində tapılmış tunc bıçaq, xəncər və başqa alətlər, Əhlioba məhəlləsində tapılmış maral buynuzu, fil sümüyü və digər əşyalar alimlərimizin diqqətini cəlb etmiş və yüksək qiymətləndirilmişdir (Muzarza Mirzəyev. Mənim Masallım. B.,1991, səh.45).Paleolitşünas alim Məmmədəli Hüseynovun fikrincə, burada tapılmış daş alətlər 30-40 min il bundan əvvələ aid olub, bir daha göstərir ki, bu yerdə daş dövrü abidələri mövcuddur. Kənd ərazisində tapılmış maral buynuzu və fil sümüyü isə bu heyvanların vaxtilə Hişkədərə ərazisində yaşamasını göstərir. Tarix elmləri namizədi Fərman Mahmudov Hişkədərə kəndində tapılmış maddi mədəniyyət nümunələrini tədqiq edərək yazmışdır: “Hişkədərə kəndi ərazisində aşkarlanmış arxeoloji materiallar içərisində xronoloji cəhətdən daha qədimə aid olan çaxmaqdaşı alətləri diqqəti cəlb edir, qaşov və nizə ucu daha maraqlıdır”. Müəllif bu abidələri Paleolit dövrünə aid edir, xəncər və qılıncların isə e.ə. III minillikdə hazırlanmasını söyləyir (M.Mirzəyev. Adı qeyd olunan kitab, səh.45). Hişkədərə kəndində tapılmış arxeoloji nümunələr Azərbaycanın cənub-şərqində ilk dəfə aşkar edilmiş ən qədim maddi mədəniyyət nümunələridir. Burada Üst Paleolitdövrünə (40 min il bundan əvvəl başlamış və e.ə. XII minilliyə qədər olan dövr) aid əmək alətləri, qaşov, kəsici biz və bıçaq tipli alətlər əldə edilmişdir.Üst Paleolitə aid edilən Hişkədərə maddi mədəniyyət nümunələri “Azərbaycan respublikasında Paleolit abidələrinin yerləşmə xəritəsi”nə daxil edilmişdir.N E K R O P O L L A R :Kəndin Xudabaxış yurdu adlanan ərazisində İlk Tunc dövrünə (e.ə. IV minilliyin 2- ci yarısı-III minilliyin sonunadək) aid nekropol aşkar olunmuşdur. Nekropol Hişkədərə nekropolu adı altında İlk Tunc dövrü abidələrinin xəritəsinə daxil edilmişdir. Qeyd edək ki, arxeoloji xəritədə kəndin adı Hişkədərə deyil, səhvən Hişkərə kimi qeyd olunmuşdur (Azərbaycan tarixi, 6-cı siniflər üçün dərslik, B.,2013, səh.32).Hişkədərə nekropolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür.Kənddə Son Tunc-İlk Dəmir dövrünə aid nekropol və orta əsrlərə aid Əli Məhəmməd şah qəbiristanlığı da vardır.K U R Q A N L A R :Hişkədərə kəndində bir neçə kurqan vardır. Bu kurqanlar AMEA-nın Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Şöbəsinin “Talış-Muğan” arxeoloji ekspedisiyasının tərkibində 1989-cu ildə tarix elmləri namizədi Abuzər Ələkbərovun rəhbərliyi altında yaradılmış “Masallı” dəstəsi tərəfindən kəndin ayrı-ayrı ərazilərində aşkar edilmiş və müvafiq olaraq Mirzəlitəpə, Axunihi, Allahqulu təpəsi, Barzətəpə, Qoşatəpə, Qaraxantəpə və Gavurtəpə kurqanlrı adlandırılır. “Hişkədərə kurqanları” Tunc və Dəmir dövrü abidələri hesab olunur. Kurqanlar arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır.İldırım ŞÜKÜRZADƏ,tədqiqatçı-tarixçiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.