Davamlı uğurların qənşərində, Faiq!.. Regionlar, Mədəniyyət 20 сентября 2017 Müsahibimiz, “QANLI YANVAR” filmində dünya şöhrətli aktrisa, türk kino ulduzu Nəbahət Çəhrə ilə tərəf müqabili olan ilk azərbaycanlı aktyor, seçilən, sevilən sənətkarımız Faiq Mirzəyevdir. Qeyd etmək istərdik ki, Faiq bu filmdə həmçinin, Amerika kino ulduzu Leyn Devisle də sıx yaradıcı münasibətdə olub.1. Faiq, istərdik ki, söhbətimiz köhnə səmimiyyətimizdən kənara çıxmasın. Uşaqlıq, məktəb illərimiz birgə keçib. Sən həmişə öz ətrafını diqqətdə saxlamağı, ovqat yaradıb əhval bəxş eləməyi bacarmısan. Bu qədər zaman kəsiyində əldə etdiklərinlə, qazandığın uğurlarınla xarakterinə əlavə olunan nədir?- Hər bir fərddə genetik daşıyıcılar olur. Söz var, deyirlər ki, qanla girib canla çıxır. Bir də ki, insanın yaşam boyu qazandıqları – buna tərbiyə, onu əhatə edən insanlar, yaşadığı mühit, həyat təcrübəsi və s. aiddir. Yəqin, bu baxımdan bəxtim gətirib. Həm də ola bilsin ki, yaxşı insanların əhatəsinə düşmüşəm. Görünür, bütün bunlar siz sadaladığınız keyfiyyətlərimin qalmasına kömək edib. Bir də ki, insanın özündən asılı olan məqamlar da var. Gərək insanları, həyatı və sənətini sevəsən. O zaman üzün də güləcək, qəlbin də. Kin, küdurət bilməyəcəksən.2. Səni bu gün Azərbaycan tamaşaçısına təqdim etməyə ehtiyac varmı, necə düşünürsən?- Əlbəttə ki, var. Hər bir yeni iş yeni təqdimatdır. Təqdimat olunmaq ehtiyacı sənət adamının daimi tələbatıdır, yoxsa bu yerində addımlamaq olar. Əgər, hər hansı bir sənət adamı bir işi ilə nə zamansa təqdim olunub və digər işlərində bu təqdimat yoxdursa, onda o niyə çalışıb, niyə zəhmət çəksin ki... O nə edirsə, tamaşaçı üçün edir və əgər bu təqdimat yoxdursa, demək o boş-boşuna zəhmət çəkib. 3. Şablon sual olsa da, bu sorğuya həmişə ehtiyac var... Böyük səhnədə və kinoda ilk obrazların və bu haqda təəssüratın hamı üçün maraqlı olar.- Azərbaycan Dövlət Musiqili teatrında H. X. Andersonun Düyməcik nağıl tamaşasında Şahzadə Elf ilk rolum olub. Peşəkar səhnədə oynadığım bu rol teatrın rus bölməsində tamaşaya qoyulmuşdu. Incəsənt Universitetinin təyinatı ilə bu teatra gəldiyim günü mənə Şahzadə Elf həvalə olundu. Teatrın rus bölməsinin aktyorları ilə Düyməcik tamaşası mənim sənət bioqrafiyama ilk rolum kimi düşdü. Bu rolu çox sevdim. Öz balaca Düyməciyinin ardınca isti ölkələrdən uçub gələn Elf ürəyi sevgisinə qovuşmaq ümidi ilə alışıb yanan çox maraqlı alleqorik obraz idi.4. Kino sənin üçün nə deməkdir?- Mənim üçün bir böyük kino var. Hələ də o kinonun arzusundayam. Pis vaxta düşdük. Arzusunda olduğum o kino bir ilqıma dönüb. Hər gün yuxudan ümidlə oyanıram. Bir seyi unutmaq olmaz ki, vaxt gözləmir. Kinonun öz tələbləri var. Bu gün sevən bir gənci oynaya bilmədin, sabah orta yaşlı bir əbləhi oynaya bilmədin, o biri gün müdrik bir qocanı oynaya bilmədin və s. və ilaxir. Demək, vaxt dəyərləndirilmədi. Demək, aktyorun yaradıcı potensialı istifadə edilmədi. Bu da o deməkdir ki, aktyor da itirdi, kino da, tamaşaçı da.5. Rollarında kəskin fərqlənirsən yaratdığın obrazlarla. Bu qədər dəyişmək, başqalaşmaq çətin deyil ki? Səhhətinə, xarakterinə təsir edirmi?- Bu çox gözlədiyim sualdır. Həmişə gözləmişəm, amma heç kəs belə bir sual verməyib.))) Suala görə təşəkkür edirəm, Sevinc xanım. Biz Stanislavski məktəbi ilə aktyor tərbiyəsi almışıq. Onun sistemində aktyor başqalaşması aktyorun rol üzərində işinin əsas prinsiplərindən biridir. Adi həyatdan götürək, insanlar bir-birinə bənzəmir. Həyatları, peşələri, vərdişləri fərqlidir, deyilmi? Ustalıq da ondan ibarətdir ki, oynadığın rolu axtarıb tapasan. O kimdir, necə gəzir, necə yeyir, necə düşünür və s. Əgər, aktyor ətrafında insanları müşahidə edib, onları öz oynayacağı rola siyarət etdirib xarakterinə hopdura bilirsə, demək o artıq peşəkar yoldadır. Mən də bu prinsiplə işləməyə çalışıram. Başqa-başqa rollarda eyni cür oynamaq həm də darıxdırıcıdır. Tamaşaçını bezdirmək olmaz. Səhhətimi də, xarakterimi də mən buna müəyyən mənada uyğunlaşdırmışam.6. Öz arzularının ardınca gedən, məqsədinə nail olmaq üçün çalışan insanlarda özlərinə bir əminlik duyğusu olur. Sən artıq yetərincə tanınan, sevilən aktyorsan, ürəyincəmisən?- Ürəyimcə deyiləm. Ürəyimcə olsam, dayanaram. Hələ də axtarışdayam. Klassik dünya ədəbiyyatı nümunələrində özümü axtarıram. Bəzən aktyor yuxuları görürəm. Görürəm ki, dünya ədəbiyyatı klassiklərinin əsərlərindən bizim kino filmlər çəkilir. Bu filmlərdə gah Montanelli oluram, gah Korol Lir, gah Jan Voljan, gah Jaber, daha kimlər, kimlər.. Deyir, ac toyuq yuxusunda darı görər, rolsuz aktyor da böyük-böyük rollar.))) Arzulamaq qəbahət deyil ki..))))7. Sənətdə “kisəndən gedən” nəsə varmı? Özünlə bərabər kimləri xatırlayırsan?- Ən birinci kisəmdən gedən vaxtdır. Elə bil zaman intihar edib. Zamanın əlində acizəm. Görmək istədiyim işlər çoxdur. Kisəmdən gedən rahatlığımdır, istirahətə ümumiyyətlə, vaxtım yoxdur. Heç bu barədə düşünməyə də vaxt tapmıram. Vaxtsızlığın içində vaxt bulub görmək, oturub-durmaq istədiyim dostlar, qohumlar, sənət adamları ilə baş tutmayan görüşlərdir kisəmdən gedən... Nə deyim? Kisədən gedən o qədər şey var ki...8. Gələk, “Ömrün fəsilləri”nə...- Ömrün fəsilləri davam edir. Altı il əvvəl bu layihəni fikirləşəndə belə uzun ömürlü olacağına əmin deyildim. Yəqin, bu əminsizlik bu gün televiziyaları çulğalayan bayağı şou proqramların fonunda öz tamaşaçısını tapa biləcəyi ehtiyatından dolayı idi. Amma, tamaşaçı “Ömrün fəsilləri”ni sevdi. Demək, sənət xadimlərimizin yaradıcılığı hələ də maraq doğurur. 9. Hara getsən, dilinin altında bir lətifə, hekayə ilə dönərdin yanımıza o vaxtlar...- Bir gün biri gəlir həkimə: - Həkim, yaddaşımı itirirəm, kömək eləyin. Həkim: - Hmm. Tez-tez itirirsiniz? Xəstə: - Nəyi, ay həkim? Həkim: - Yaddaşınızı. Xəstə: - Yaddaş nədir?10. Özünə bir sual vermək istəsən?.. Layihələr, planlar haqqında...- Sevinc xanım, əgər xatırlayırsansa, biz uşaq olanda, o vaxt Azərbaycan televiziyasında bir tamaşa gedirdi. Tamaşanın sonunda Firəngiz Şərifova başını yelləyərək ekrandan ağır-ağır bele deyirdi: - Elə yaşayın ki, soruşmasınlar, sən nə üçün yaşayırsan?? - Bəli, yaxşı xatırlayıram, Faiq..) Tez-tez biz də təkrar edərdik bir-birimizə bunu..)- Bu söz elə bil, hafizəmə yapışıb qalıb. Mənə elə gəlir ki, hər an kimsə məni saxlayıb bu sualı verə bilər. “Sən nə üçün yaşayırsan?” Bu suala cavab mənim həyat amalıma çevrilib. Mən nə üçün yaşayıram?- Bu il görkəmli yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında “İki yad adam” filmi ekranlaşdırılıb. 1930-cu illərdə qələmə alınan əsər gənc Azərbaycan ailəsinin həyatından bəhs edir. Bu filmdə mən də çəkilmişəm. Həmin film birinci Gənc Ailələrin Forumunda təqdim olunacaq. Bundan başqa Bakı premyerasından əvvəl filmin xarici nümayişləri də nəzərdə tutulur.- Hal-hazırda Kənan və İsmayıl Zeynalov qardaşlarının çəkdiyi “Qaranlıq” bədii filminə çəkilirəm. “Barama” serialında da məşğulam. Şamil bəy obrazı mənə həvalə olunub. “Paralel yol ayrıcı” serialına dəvət almışam. Bu serialdakı obrazın adı elə öz adım olacaq. Faiq Rudberq..) Davamlı uğurların qənşərində, Faiq!Sevinc MƏMMƏDOVA,ZiM.Az-ın Şimal bölgəsi üzrə xüsusi müxbiri,Azərbaycan Jurnalistlər Birliyinin üzvü,Sair-publisist. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.