SEYİD CƏMALƏDDİN PİRİ

SEYİD  CƏMALƏDDİN  PİRİ Pir Astara şəhərindən 22 km şimal-şərqdə, Bakı-Astara şose yolunun üstündə yerləşən Pensər kəndinin ərazisində, qəbiristanlıqda yerləşir.
XIII əsrin dini-tarixi abidəsi hesab olunan Ziyarətgah Peyğəmbər nəslindən olan böyük sufi alimi Seyid Cəmaləddinin adı ilə bağlıdır.


Seyid Cəmaləddinin adı tarixi sənədlərdə Seyid Cəmaləddin Təbrizi və ya Eynəzzaman Cəmaləddin Gili kimi qeyd olunur. Seyid Cəmaləddin Gilan mahalının Malvan kəndində doğulmuşdur. O, sonralar Astaranın Bütəsər, yəni indiki Pensər kəndinə köçərək ömrünün sonuna qədər burada yaşamış və Bütəsərdə (Pensərdə) məktəb açaraq İslam dini və sufiliyi təbliğ etmişdir. Çoxlu şagirdləri olan Seyid Cəmaləddin məktəbi dövrünün tanınmış məktəblərindən biri olmuşdur. Heç də təsadüfi deyildir ki, XIII əsrin böyük sufi alimləri Kijəpurə Məhəmməd, Babul və Şeyx Zahid (Tacəddin İbrahim) ilk təhsillərini məhz bu məktəbdə Seyid Cəmaləddindən almışlar. Seyid Cəmaləddin dini təbliğçilik fəaliyyətini təkcə yaşadığı bölgədə həyata keçirməmişdir. O, öz nəzəriyyəsini Şirvanda yaymaq üçün oğlu və şagirdi Seyid Sədullanı Bakıya göndərmişdir. Seyid Sədulla Bakıda “Xeyriyyə” cəmiyyəti yaradaraq sufiliyi təbliğ etmişdir. Bu barədə Bakıda, İçərişəhərdə sağlamlıq zonasının poliklinikasının yerləşdiyi binanaın baştağında ərəbcə nəsx xəttilə yazılmış kitabədə məlumat verilmişdir. Tarix elmləri doktoru, epiqrafçı Məşədixanım Nemət tərəfindən oxunan kitabənin məzmunu belədir: “Bu xeyriyyə idarəsinin bina olunmasına, peyğəmbərliyin məşəli, risalətin tacı Seyid Cəmaləddinin oğlu, seyidlərin görkəmlisi, xeyrat sahibi, Allahın (mərhəmətinə) çatmış Seyid Sədulla əmr etmişdir” (Azərbaycanda pirlər. B., 1992, səh.38).
Seyid Cəmaləddinin həyatı ilə tanış olduqda məlum olur ki, o, təkcə sufi alimi yox, eyni zamanda filosof, müəllim, xeyriyyəçi və təqva sahibi olmuşdur. Səidəli Kazımbəyoğlu yazır: “Ələmut ölkəsinin (Hülakilər dövləti – müəl.) başçısı baxmayaraq ki, yolunu azmışlardan idi, hər il beş yüz dinar qırmızı qızıl nəzir kimi şeyxə göndərərmiş. Şeyx də bir hissəni kasıblara paylayarmış” (“Səidiyyə”, B.,2005, səh.58).
Doğum tarixi dəqiq məlum olmayan bu böyük düha sahibi hicri 651-ci il şəvval ayının 4-də (miladi 28 noyabr 1253) vəfat etmiş və Bütəsər (Pensər) kəndində dəfn edilmişdir. Seyid Cəmaləddinə olan inam və ehtiramın nəticəsi olaraq qəbri ziyarətgaha çevrilmişdir. Seyid Cəmaləddinin qəbri üzərində qırmızı kərpicdən düzbucaqlı planda məqbərə tikilmişdir. Məqbərə iki otaqdan ibarətdir. Sol otaqda taxta şəbəkəyə alınmış Seyid Cəmaləddinin qəbri-ziyarətgah yerləşir. Sağ otaqda isə canamaz dəstləri, ələmlər qoyulmuşdur. Seyid Cəmaləddin piri respublikamızda tanınan ziyarətgahlardan sayılır. Buraya ölkənin müxtəlif yerlərindən, hətta qonşu ölkələrdən ziyarətə gələnlər olur.
Seyid Cəmaləddin pirinin yerləşdiyi məkanda eyni zamanda Tunc dövrünə (e.ə. IV-II minilliklər – müəl.) aid kurqan da vardır. Kurqan pirin adı ilə əlaqədar “Pirseyidcamal” adlandırılmışdır. “Pirseyidcamal” kurqanı 820 invertar sayı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınaraq mühafizə olunur.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi

ZiM.Az


ƏDƏBİYYAT:
1. Məşədixanım Nemət. Azərbaycanda pirlər. B.,1992
2. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası. B., 2001
3. Səidəli Kazımbəyoğlu. “Səidiyyə”. B., 2005
4. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. B., 2004
5. Orxan İsmayılzadə. Şeyx Zahid. B., 2014
6. İldırım Şükürzadə. Şeyx Zahid türbəsi. “Yaşıl çay” jurnalı, fevral 2013
7. İlham İlhami. Təngərud, Maşxan və Pensər kəndlərinin tarixi abidələri, müqəddəs ocaqlar, pirlər. “Yaşıl çay” jurnalı, aprel 2015
8. Samid Quliyev. Şeyx Zahid fenomeni. “Söz” jurnalı, ? 2016


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: