AZƏRBAYCANIN MƏŞHUR LƏMİ Regionlar, Tarix 3 января 2017 Lənkəran bölgəsinin mədəniyyət və memarlıq nümunələri sırasında ləmlər mühüm yer tutur. Ləm yay istirahət evi olub küləfirəngi də adlandırılır. Respublikamızın cənub-şərq regionu, xüsusilə Lənkəran, Astara və Masallı rayonları üçün xarakterik olan ləmlər XVIII-XIX əsrlərdə tikilmişdir. Ləmlər iki mərtəbəli olub dörd dirək və yaxud qırmızı kərpicdən hörülmüş dörd sütun üzərində inşa edilir. Ləmin birinci mərtəbəsindən xidmət otağı kimi istifadə edilir, ikinci mərtəbəsi isə istirahət üçün nəzərdə tutulur. İkinci mərtəbəyə taxta pillələrlə çıxırlar. Ləm yay istirahət evi olduğundan o, dörd tərəfdən açıq olur. Yerli meşə materiallarından keçirmə üsuli ilə inşa edilmiş ləmlərin sayı əvvəllər daha cox olmuşdur. XX əsrin 80-ci illərinə qədər təkcə yaşadığım Lənkəran rayonunun Havzava kəndində 6 ləm olmuşdur ki, onlardan biri də babam Qurban kişinin həyətində yerləşirdi. Sonralar ləmlər ya sökülmüş, ya da baxımsızlıqdan əksəriyyəti dağılaraq sıradan çıxmışdır. Hazırda Lənkəran bölgəsində 16 ləm qorunub saxlanmaqdadır (“Söz” jurnalı, oktyabr 2016). Həmin ləmlərdən biri və həm də ən məşhuru Astara rayonunun Ərçivan qəsəbəsində Əsədulla Musayevin həyətində yerləşir. 150 yaşı olan bu ləmin ümumi sahəsi 40 kv.m-dir. Ləmin birinci mərtəbəsi qırmızı kərpicdən hörülmüş dörd sütun, ikinci mərtəbəsi isə dirəklərdən ibarətdir. Kərpiclərin hörülməsində yumurta sarısından istifadə edilmiş, ləmin damı ilk əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən lığ, küləş və qamışla örtülsə də, sonralar isə qamışı tikinti materialı olan kirəmit əvəz etmişdir. Ərçivan ləmini digər ləmlərdən fərqləndirən, ona şöhrət gətirən əsas amil “Azərbaycanfilm” kinostudiyasının 1965-ci il istehsalı olan məşhur “Ulduz” bədii filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsinin məhz burada lentə alınmasıdır. Ləmi görmək istəyənlər və orada istirahət edənlər arasında bir çox tanınmış şəxsiyyətlər olmuşdur. Tanınmış yazıçı Fərman Kərimzadə bir vaxtlar “Xufafərin körpüsü” romanı üçün materiallar toplayanda bu ləmdə istirahət edib.Ərçivan ləmi hazırda yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunur. İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.