DAİRƏVİ QALA

     DAİRƏVİ  QALA Lənkəran rayonunun tarixi-memarlıq abidələrindən biri Dairəvi qaladır. Dairəvi qala Lənkəran şəhərində (Fikrət Məmmədov küçəsi 1.), Sütəmurdov körpüsünün (Lənkəran çayının üstündə salınmış bu körpü Lənkəran şəhərini Sütəmurdov kəndi ilə birləşdirir – müəllif) yaxınlığında yerləşir.
Qalanın 1747-1786-cı illərdə tikldiyi ehtimal olunur. Qala dairəvi formada inşa edildiyindən Dairəvi qala adlandırılır. Dairəvi qala vaxtı ilə mövcud olmuş Lənkəran qalasının ərazisinə daxil olmuşdur. O, Lənkəran qalasının cənubunda yerləşmiş və müdafiə, dayaq məntəqəsi rolunu oynamışdır. Eyni layihə əsasında tikilmiş digər müdafiə, dayaq məntəqəsi Lənkəran qalasının şimalında, Xəzər dənizinin yaxınlığında yerləşmişdir. Həmin tikili hal-hazırda Mayak kimi fəaliyyət göstərir. Dairəvi qaladan (“Cənub bürcü”) Mayaka (“Şimal bürcü”) gizli yeraltı tunel çəkilmişdir.Tunelin diametri 2x2 metr olmuşdur. Rusiyanın işğalından sonra Lənkəran qalasının ümumi divarları dağıdılmış və hərbi qala ləğv edilmişdir. 1869-cu ildə Lənkəran qalasının “Şimal bürcü” mayaka çevrilmiş, “Cənub bürcü” (Dairəvi qala) isə Lənkəran şəhər həbsxanasının ixtiyarına verilmişdir.
Dairəvi qala təqribən 100 il, yəni 1970-ci ilədək həbsxana kimi fəaliyyət göstərmişdir (“Memar” jurnalı, №11 (mart) 2016). Məhz buna görə də Dairəvi qala eyni zamanda “Həbsxana” (Zindan) adı ilə də tanınır. Məlumat üçün qeyd edək ki, “Lənkəran: ensiklopedik məlumat” kitabından Dairəvi qalanın 1965-ci ilə qədər həbsxana kimi fəaliyyət göstərdiyini oxuyuruq (Mirhaşım Talışlı, Etibar Əhədov, Bakı 2014, səh.198). Deyilənlərə görə,”Koba” ləqəbi ilə tanınan və sonralar Sovet dövlətinin rəhbəri olmuş İosif Stalin (1879-1953) 1903-1904-cü illərdə poçt qatarının qarətində tutulduqdan sonra bir müddət burada məhbus həyatını yaşamışdır.
Dairəvi qalanın hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.Qalada 1970-1990-cı illərdə tikiş fabriki fəaliyyət göstərmiş, 2014-cü ildən isə burada Lənkəran Dövlət Rəsm Qalereyası yerləşir. Dairəvi qala tarixi-memarlıq abidəsi 2010-cu ildə əsaslı şəkildə təmir edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə ölkə əhəmiyyətli tarixi abidə hesab olunan Dairəvi qala dövlət tərəfindən mühafizə olunur.

İldırım ŞÜKÜRZADƏ
tədqiqatçı-tarixçi

Ədəbiyyat:
1. B.Hüseynbalaoğlu, M.Talışlı. Lənkəran, B-1990
2. M.Talışlı,E.Əhədov. Lənkəran: ensiklopedik məlumat. B-2014
3. C.Həsənov. Lənkəranın memarlıq tarixi. B-2010
4. “Memar” jurnalı, №11 (mart) 2016
5. A.Babayev. Lənkəran həbsxanası. “Yaşıl çay” jurnalı, yanvar 2015
6. Vikipediya.az saytı

17.09.2016




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: