XOCALI KÖMƏK GÖZLƏYİRDİ...

XOCALI KÖMƏK GÖZLƏYİRDİ... Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın şüurunda dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən bir çox faciəli hadisələr baş vermişdir. Ermənilərin faşist xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz belə dəhşətli hadisələrdəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə əl atmış erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən məxluqları olduqlarını, insanlıq adına ləkə olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etdilər.

Vətən naminə


Xocalıda xeyli sayda soydaşımızın qətlə yetirilməsinin səbəblərindən biri də hər şeydən öncə o zamankı respublika rəhbərliyi tərəfindən qabaqlayıcı addımların atılmaması və vaxtında lazımi tədbirlərin görülməməsi oldu. Xocalını yalnız avtomat silahla müdafiə edən döyüşçülərin dediyinə görə, erməni quldurlarına qardaşlıq köməyi göstərən rus alayının Xocalı şəhərinə hücumu əvvəlcədən planlaşdırılmışdı. Bunun üçün yaşlıları, qadınları, uşaqları vaxtında oradan çıxarmaq lazım gəlirdi. Xocalıda yalnız əlində silah tuta bilən, qorxmaz, cəsur vətən fədailəri qalmalı idi.
Digər tərəfdən Ağdamda hərbi texnika ilə silahlanmış bir çox özünümüdafiə batalyonlarına komandirlik edən şəxslərin sözlərinin bir-biri ilə düz gəlməməsi Xocalının xilası yolunda ciddi əngələ çevrildi. Halbuki onlar düşmən mühasirəsinə düşmüş, yalnız havadan vertolyot ümidinə qalmış Xocalının yolunu Əsgərana hücum etməklə aça bilərdilər. Təəssüf ki, əllərində xeyli döyüş texnikası olan Ağdamdakı hərbi birləşmələrin heç biri buna cəhd göstərmədi. Bəziləri belə bir təşəbbüsə səy göstərsə də, hansısa gözəgörünməz qüvvənin təsiri nəticəsində plan son anda pozuldu. Çünki Həmin hərbi birləşmələr arasında ciddi fikir ayrılığı dəhşətli faciəyə yol açırdı...
Beləliklə, Xocalı qətliamında ən əsas rolu xəyanət oynadı...
Xocalının əldən gedəcəyini mərkəzə vaxtında xəbər verən bir çox vətənsevər döyüşçülərimiz olmuşdu. Amma onları Bakıda kimsə dinləməmişdi. Onlara hətta təxribatçı damğası vurmaqdan belə çəkinməmişdilər o zaman. Belə bir vaxtda nəyin bahasına olursa-olsun Xocalıya silah-sursat tapmaq üçün Nəsimi Quliyev bütün gücünü səfərbər edir. Həmin dövrdə Nəsimi Quliyev həqiqətən də böyük fədakarlıq, şücaət göstərərək qabaqcadan qurduğu plana əsasən Qarabağ döyüşçüləri üçün 3 ədəd BM-21 (“Qrad” raketləri) , 6 “KamAZ” maşını, 2 top, 2 “Ural” maşını dolu mərmi əldə edərək döyüş bölgəsinə, Ağdama aparmışdı. Xatırladım ki, Nəsimi Quliyev Azərbaycanın Milli Qəhrəmanı, Xocalıda şəhid olmuş Aqil Quliyevin böyük qardaşıdır. Bütün bunları o, necə etmişdir? Yaxın tariximiz üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə bu barədə mətbuatda ilk dəfə məlumat verməyi qərara aldıq.
1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Parlamenti Milli Ordunun yaradılması barədə qanun qəbul etdi. O zaman Bakının Səbayel rayonunun Şıx qəsəbəsində 701 saylı hərbi hissə yaradıldı. Həmin hərbi hissənin briqada komandiri BDU-nun hərbi hazırlıq kafedrasının müdiri Zaur Rzayev idi. Həmin hissədə Xalq Cəbhəsinin qərargahı da yaradılmışdı. Həmin vaxt Xalq Cəbhəsinin komandiri Dadaş Rzayev, qərargah rəisi isə polkovnik Arif Salahov idi.
Şıx qəsəbəsində hərbi hissənin yaradılması xəbərini eşidən Nəsimi Quliyev qardaşı Aqillə birlikdə Qarabağda könüllü döyüşmək üçün oraya gedirlər. Bir az da dəqiqləşdirsək, Aqil həmin hissədə Nəsimidən qabaq olmuşdu. Belə ki, Xarkovda Hərbi Akademiyada oxuyan baş leytenant Aqil Quliyev Qarabağın ağır günlərini eşidən kimi dərhal Bakıya gəlmişdi. Həmin hərbi hissədə Aqil minamyot atıcılığı üzrə ixtisaslı döyüşçülər seçirdi. Hərbi hissəyə gələn könüllülərin hərbi kartoçkalarına baxır, dəstəyə yararlı əsgərlər axtarırdı. Beləliklə, minomyot batareyası yaradıldı. Batareya komandiri Aqil Quliyev bu hərbi qurumun tərkibində bir kəşfiyyat dəstəsinin yaradılmasını təklif edir. Nəsimi Quliyev kəşfiyyat dəstəsinin komandiri təyin edildi. Axşam 37 nəfər döyüşçü MTN-nin hərbi təlim bazasına gətirildi. Burada cəmi 35 nəfərə avtomat silah verildi, qalanlarına isə çatmadı. Ona görə də Nəsimi dedi ki, qoy uşaqlar qabaqcadan getsin, mən isə lazım olan malları tapıb gətərəcəyəm. Həmin 37 nəfəri əvvəlcə Binəyə, oradan isə vertolyotla Ağdama göndərdilər. Döyüşçülər Ağdama çatandan sonra onlardan 10 nəfərini Ağdərənin kiçik kəndlərindən birinə, qalanlarını isə Xocalıya yola saldılar.
Bir həftədən sonra Nəsimi isti paltarlar, çoxlu patron, əl qumbaraları tapıb alaraq öz maşını ilə Ağdama gəldi. O, maşını Ağdamda saxlayıb vertolyotla Xocalıya getdi. O zaman Xocalıya ancaq hava yolu açıq idi. Hər gün Xocalıya bir dəfə vertolyot uçurdu. Nəsimi oraya çatanda gördü ki, Aqilin dəstəsi Xocalıya giriş postuna nəzarəti artıq öz üzərinə götürüb. Aqilgildən əvvəl həmin postda Milli Ordunun əsgərləri dayanırmış. Onlar da orada bir “Ural” maşını və bir vaqon qoyub getmişdilər. Həmin vaxt Nəsiminin hərbi rütbəsi yox idi, sadəcə rus ordusundan tərxis olunmuş “starşina” idi. Nəsimi kəşfiyyat komandiri kimi Xocalının müdafiəsinin necə təşkil olunduğunu nəzərdən keçirdi və belə qənaətə gəldi ki, burada yerləşən heç bir hərbi texnikası olmayan, yalnız avtomatla silahlanmış əsgərlərlə bu şəhəri qorumaq mümkün olmayacaq. O, Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Elman Məmmədovla da tanış oldu. Hələ ki, əsgərlərə normal yemək-içmək verilirdi. O da vertolyot vasitəsilə gətirilirdi.
Həmin vaxt Xocalıda polis əməkdaşı olmuş Nazim Mikayıl oğlu Hüseynovun mənə verdiyi məlumata əsaslansaq, o zaman ümumiyyətlə, Xocalıda Milli Ordunun və özünümüdafiə batalyonunun 150 əsgəri, Xocalı aeroportunu qorumaq üçün başda Əlif Hacıyev olmaqla 26 polis işçisi, Xocalı Şəhər Polis İdarəsində isə 58 polis vardı. Bundan başqa, Aqil Quliyevin rəhbərlik etdiyi dəstədə 16 döyüşçü qalmışdı. On-on beş gündən sonra Xocalıda yanacaq və un qıtlığı yarandı. Vertolyotlar isə ağır yük gətirə bilmirdi. Yaşlı adamları, qadınları və uşaqları vertolyotla Xocalıdan çıxarmağa çalışırdılar. Amma bu, kütləvi şəkildə baş vermirdi...

XOCALI KÖMƏK GÖZLƏYİRDİ... “Karvan” əməliyyatı...

1991-ci il dekabrın 31-də Nəsimigilə məlumat verildi ki, Gəncə istiqamətindən rus hərbi hissəsinin maşınları ilə Xocalıya bir “KamAZ” maşını un, bir “Ural” maşını da “solyarka” göndərilib, onları qəbul etsinlər. Səhər saat 11 radələrində həmin maşınlar Xocalı ərazisinə daxil oldu. Gələn iki maşından ibarət kiçik karvana bir rus mayoru rəhbərlik edirdi. O, komandir Aqil Quliyevə dedi: “Bizi Əsgəranda yoxladılar. Ermənilərə dedik ki, un və solyarkanı 366-cı motoatıcı alayına aparırıq. Siz bizi buraxın ki, əvvəlcə 366-cı alaya gedək, oradan qayıdanda un və salyarkanı sizə təhvil verərik. Çünki indi ermənilərin Əsgərandakı postu qabaqdakı Həsənabad postuna bizim gəldiyimizi xəbər veriblər. Biz bunları sizə versək, ermənilərin Həsənabaddakı postu gətirdiyimiz yükün sizə verildiyini biləcəklər. Ona görə də biz hökmən 366-cı alaya getməliyik”. Aqil Quliyev mayora dedi ki, ona necə inana bilər? Rus zabiti cavabında zabit şərəfinə and içdi ki, tezliklə geri qayıdacaq və yükü onlara təhvil verəcək. Bundan sonra komandir onları buraxdı. Amma həmin axşam rus zabiti geri qayıtmadı. Buna görə komandiri qınayanlar da oldu. Bu zaman aşağıdakı postdan xəbər gəldi ki, bir karvan gəlir. Karvan 3 BRDM-dən və 3 “Ural” maşınından ibarətdir. Nəsimigilin dəstəsi həmin karvanı postda saxladı. Onlar bayramqabağı 366-cı rus alayına 3 “Ural” dolu maşın geyim, ərzaq və maşının arxasında da böyük bir generator aparırdılar. Karvanı 3 ədəd döyüş maşını müşayiət edirdi. Hər BRDM-in üstündə də iki pulemyot - biri iri çaplı, digəri isə kiçik çaplı pulemyot vardı. Xocalılar üçün yük gətirmiş rus zabitinin geri qayıtmadığından əsəbiləşən komandir qərara gəldi ki, bu qəniməti ələ keçirsinlər. Ona görə də Nəsimigil “Ural” maşınlarında gedən rusları yerə düşürtdülər. Bunlara da mayor rütbəli bir rus rəhbərlik edirdi. “Ural” maşınlarında bir kapitan, bir leytenant, bir starşina vardı. Ümumilikdə karvanı 21 nəfərdən ibarət hərbi heyət müşayiət edirdi. Nəsimigil zabit heyətə bundan bir neçə saat öncə baş vermiş hadisəni səmimi şəkildə onlara izah etdilər. Zabit dedi ki, o, bu barədə məlumatlıdır. Nəsimi dedi: “Eləsə, siz həmin zabitlə əlaqə saxlayın, görək bizim yükü neyləyiblər”. Mayor bildirdi ki, onların həmin zabitlə heç bir əlaqəsi yoxdur. Məlum oldu ki, bunlar Gəncədə yerləşən rus desant diviziyasının əsgərləridir. Nəsimigil ruslara qonaqpərvərlik göstərərək onlara çay-çörək verdilər və sonda yeni il qabağı olduğundan onları içirtdilər. Amma bu vaxta qədər BRDM-in içindəki əsgərlər bayıra çıxmamışdılar. Onlar lüklərini içəridən bağlayıb döyüş maşının içində oturub gözləyirdilər. Bunları içirdikdən sonra Nəsimi Aqilə dedi ki, burada onlara lazım olan həm ərzaq var, həm də silah-sursat var. Aqil dedi ki, bəs bunun altından necə çıxacaqlar? Nəsimi dedi ki, bu müharibədir. Bizə silah-sursat, ərzaq lazımdır. Bilirsən ki, ruslar ermənilərə hər cəhətdən kömək göstərirlər. Biz risk edərək bunları girov götürməliyik.
Ruslar içib sərxoş olduqdan sonra Nəsimi uşaqlara göz vurdu ki, gizlicə onların avtomat silahlarını götürsünlər. Sonra Nəsiminin özü rus zabitlərinin üstündəki tapançalarını da çıxartdı və bildirdi ki, onlar təslim olmalı, bütün ərzaq və silah-sursatları təhvil verməlidirlər. Onların təhlükəsizliyinə tam təminat verməsi barədə komandir onları əmin etdi. Dedi ki, sabah tezdən onları vertolyot vasitəsilə Ağdama göndərəcək, oradan da Xankəndinə gedərlər. Mayor dedi ki, buna görə onları həbs edərlər. Nəsimi də bildirdi ki, bu daha onların problemidir. Mayor bir az fikirləşdikdən sonra başqa yolun olmadığını görüb təslim olmağa razılıq verdi və BRDM-dəki əsgərlərin də maşından aşağı düşmələrini əmr etdi. Artıq saat 24:00 idi. Bir dəqiqədən sonra 1992-ci il yanvarın 1-i gəlirdi. Mayor dedi: “Komandir, silahı ver, atəş açım”. Nəsimi əvvəlcə mayoru düzgün başa düşmədi, elə bildi ki, özünü öldürmək istəyir. Ona görə də silahı mayora verməkdən imtina etdi. Sonra mayor gülərək bildirdi ki, o, Yeni ilin şərəfinə havaya atəş açmaq istəyir. Bundan sonra Nəsimi avtomatı mayora uzatdı və tədbiri əldən verməmək üçün uşaqların birinə dedi ki, arxadan silahı onun boynuna tuşlasın. Hər etimala qarşı tədbiri əldən vermək olmazdı. Mayor avtomatın bütün darağını havaya boşaltdı.
Həmin axşam komandir Ağdamdakı Qərargahla əlaqə saxladı və səhər tezdən vertolyot gəldi. Yanvarın 1-də saat 12-də rus girovları vertolyotla Ağdama göndərildi. Saat 2-yə işləmiş 366-cı motoatıcı alaya gedən “Ural” maşını geri qayıtdı. Un və soyarka boşaldıldı. Onların buradakı hadisə barədə artıq məlumatları vardı. Mayor dedi: “Uşaqlar, siz düz iş görməmisiniz. Buna görə başınız ağrıyacaq. Ola bilsin ki, buna görə Xocalıya hücum olsun”.
Nəsimi mayora dedi: “Burada sizinkilərə qarşı heç bir hücum olmayıb. Onlar hər şeyi könüllü şəkildə bizə təhvil verdi və biz onları ertəsi gün vertolyotla sağ-salamat Ağdama yola saldıq. Siz bu barədə özünüzkülərə elə beləcə də məlumat verərsiniz. Un və solyarka boşaldıqdan sonra siz də Gəncəyə gedə bilərsiniz”.
Ertəsi gün Ağdamdan Aqilə zəng gəldi ki, o, böyük bir səhvə yol verib. Onların ruslara qarşı bu hərəkəti hər iki tərəfdə böyük rezonans doğurub. Ruslar Ağdamdakı qərargaha ultimatum veriblər ki, əgər onların əsgər və zabitləri dərhal qaytarılmasa, onlar Xocalıya hücum etmək məcburiyyətində qalacaqlar.
Aqilə zəng edən Xalq Cəbhəsinin qərargah rəisi Arif Salahov idi. Dedi ki, o, bu hərəkəti ilə rusların Xocalıya hücum etməsinə şərait yaradır. Aqil cavabında dedi: “Siz Ağdamda onların qarşısını kəsərsiniz, biz də burada 366-ci motoatıcı alayın qarşısını kəsərik”. Qərargah rəisi son olaraq bildirdi ki, götürülən yüklər, hərbi texnika və silah-sursat təcili geri qaytarılmalıdır. Bu barədə Nəsimigil Elman Məmmədovla da məsləhətləşdilər. E.Məmmədov dedi ki, bu barədə o, heç bir qərar qəbul edə bilməz. Yəni bu məsuliyyəti kimsə öz üzərinə götürmək istəmədi.
Bundan sonra Aqillə Nəsimi belə qərara gəldilər ki, qoy onların nümayəndəsi Xocalıya gəlsin və onlarla söhbət aparsınlar. Həmin axşam Nəsimigilə xəbər verdilər ki, Xocalı Polis İdarəsi ruslar tərəfindən tutulub və polis rəisinin müavini, bir neçə polis girov götürülüb. Məlum oldu ki, Gəncədən 7 nəfərdən ibarət xüsusi rus diversant dəstəsi Əsgəran tərəfdən gələrək, həmin istiqamətdəki Xocalı postunun zəifliyindən istifadə edib şəhərə daxil olublar və şəhərdə polis idarəsinin harada yerləşdiyini yerli camaatdan öyrəniblər. Nəsimi dərhal öyrəndi ki, onların 4 nəfəri “UAZ” maşını ilə polis idarəsindədirlər, 3 nəfər diversant isə polis rəisinin müavinini Əsgərana aparıblar. Nəsimi təcili hazırladığı plan nəticəsində heç bir silah işlətmədən 3 dəqiqəyə polis idarəsini tutdular. 4 nəfər rus diversantı əsir götürüldü. Əsgərana xəbər verildi. Az keçməmiş həmin 3 diversant və girov götürülən rəis müavini gəldilər. Onları kazarmaya gətirdilər. Diversant qrupun rəhbəri mayor da qeyd etdi ki, hücum üçün əməliyyat planı tam hazırdır. Nəsimi dedi ki, onlar bura gələndə, onların yoldaşlarını sağ-salamat vertolyotla hərbi hissələrinə göndərib. Mayor təəccüblə dedi ki, onların bu barədə heç bir məlumatı yoxdur. Ola bilsin ki, burada hansısa təxribat olub. Bu təxribat həm onlar tərəfdən, həm də Nəsimigil tərəfdən ola bilər. Sonra Elman Məmmədov telefonla Ağdamla danışdı və mayoru oradan Gəncə ilə birləşdirdilər. Mayor burada hər şeyin qaydasında olduğunu, əsgərlərin sağ-salamat hərbi hissəyə göndərildiyini komandanlığa bildirdi. Həmin vaxt mayor açıq etiraf edərək dedi: “Qarabağ məsələsi rus imperiyasının növbəti oyunudur. Çalışın özünüzü qoruyun. Düzdür, Azərbaycan müstəqil respublika olacaq, amma bu torpaqları qoruya bilməyəcəksiniz. Bu torpaqları sizdən alacaqlar. Çünki siz rus ordusuna qarşı heç bir şey edə bilməyəcəksiniz”.
Onlar axşam kazarmada qaldılar. Sabahısı Gəncədən komandanlıq gəldi. Həmin vaxt, yəni 2 yanvar 1992-ci ildə Bakıdan Qulu Məhərrəmovun rəhbərliyi ilə çəkiliş qrupu gəlmişdi. Danışıqlar nəticəsində ruslar Nəsimigilə 1 BRDM, 1 “Ural” maşını ərzaq və geyim, bir də onlardan götürdükləri avtomat silahları verdilər. Bundan başqa, Nəsimigil onlardan gülləkeçməz jiletlər götürmüşdülər. Bu, onlar üçün uğurlu bir qənimət idi. Bu hadisədən sonra ara-sıra mövqe döyüşləri gedirdi. Elə də aktiv hücumlar olmurdu. Tank əleyhinə heç bir silah yox idi. Rus tankları istədiyi vaxt gəlib postu dağıdır və sərbəst şəkildə keçib Əsgərana gedirdi. E.Məmmədovun dəfələrlə Bakıya ağır silah gətirməyə getməsinin də heç bir faydası olmadı. Xocalı ancaq avtomat silahla müdafiə olunurdu...


XOCALI KÖMƏK GÖZLƏYİRDİ... Silah-sursat axtarışında...

Başqa bir vacib məsələyə aydınlıq gətirmək istəyən Nəsimi Quliyev soruşur: heç bilirsiniz Daşaltı əməliyyatı niyə uğursuzluqla nəticələndi? Bəs bu əməliyyatı kimlər hazırlamışdı? O zaman Milli Orduya axın çox güclü idi. Azərbaycanın vətənsevər övladları axın-axın könüllü olaraq orduya yazılmağa gəlirdilər. Bu zaman Azərbaycan KQB-si ilə Rus KQB-si birlikdə Daşaltı əməliyyatını hazırladılar və həmin əməliyyat planı barədə də dərhal ermənilərə xəbər verdilər. Bu əməliyyat birbaşa Milli Orduya qarşı törədilmiş təxribat idi. Həmin döyüşdə azərbaycanlı əsgərlər pusquya və mühasirəyə düşərək xeyli itki verdilər. Bu itkinin sayını da deməkdən çəkinmədilər. Necə olur ki, televiziyada Xocalıda 2 nəfərin öldürüldüyünü, Daşaltıda isə 100-dən çox azərbaycanlı əsgərin həlak olduğunu dəfələrlə bəyan etdilər. Bunun bircə səbəbi vardı. O da Azərbaycan övladlarının orduya gəlişinin qarşısını almaq, onlarda xof və ruh düşgünlüyü yaratmaq, mübarizə əzmini qırmaq, beləliklə, Milli Ordunun yaradılmasını hər vasitə ilə əngəlləmək idi. Daşaltı əməliyyatında Azərbaycanın sayseçmə, qeyrətli, vətənsevər övladları şəhid oldular...
“Karvan” əməliyyatından sonra Nəsimi Quliyev Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovla söhbət əsnasında bildirdi: “Elman müəllim, biz bu silahlarla Xocalını rus ordusundan heç cür müdafiə edə bilməyəcəyik. Bizə tank əleyhinə silah, top lazımdır. Eyni zamanda camaatı tədricən çıxarmaq lazımdır. Xocalı tamamilə mühasirədədir. Xocalıya kömək gəlməsi də mümkün olmayacaq. Çünki əvvəlcə Xocalı yolu açılmalıdır. Bunun üçün Ağdamdakı ordu birləşmələri Əsgərana hücum etməlidir”. Elman Məmmədov bir az fikrə getdikdən sonra Nəsimiyə dedi: “Nəsimi, mən camaata Xocalıdan çıxmaq barədə nəsə bir söz desəm, o zaman əhali arasında söz-söhbət yayılacaq ki, Elman Məmmədov Xocalını satıb”. Nəsimi gördü ki, İcra başçısının dediklərində həqiqət var.
Nəsimi qardaşı Aqilə bildirdi ki, burada əliboş oturmağın heç bir mənası yoxdur. O, qərara gəlib ki, Bakıya getsin və hardan olursa-olsun silah-sursat əldə edib Xocalıya gətirsin. Aqil qardaşının bu təklifinə etiraz etmədi. Bu söhbəti Baba Nəzərlinin oğlu Hikmət Nəzərli də eşitdi. Hikmət Nəsimiyə dedi ki, o, Bakıya gedərkən hökmən atası Baba Nəzərliyə baş çəksin. O, Bakıda tramvay-trolleybus parkının müdiridir və hakimiyyətə yaxın adamdır. Onun vasitəsilə bəlkə bir şey əldə edə bildi. Sonra Hikmət atasının ünvanını Nəsimiyə verdi.
Nəsimi həmin gün, yəni 10 yanvar 1992-ci ildə vertolyotla Ağdama uçdu, oradan da öz maşını ilə Bakıya gəldi.
Ertəsi gün Nəsimi birbaşa Baba Nəzərlinin yanına getdi. Nəsimi əvvəlcə Baba Nəzərliyə oğlu haqqında məlumat verdi, daha sonra Bakıya gəlişinin məqsədini ona söylədi. Baba Nəzərli Nəsimini dinlədikdən sonra əl atıb telefonun dəstəyini qaldırdı, lazımi nömrəni yığdı və kimləsə danışdı. Sonra üzünü Nəsimiyə tutub dedi: “Oğul, sən günortadan sonra yanıma gəl. Mən bir-iki adamla görüşməliyəm”.
Nəsimi Quliyev günortadan sonra yenidən Baba Nəzərlinin yanına gəldi. Onlar birlikdə maşınla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rüfət Ağayevin yanına gəldilər. Baba Nəzərli Nəsimiyə dedi ki, indi Xocalı barəsində Rüfət müəllimə ətraflı məlumat versin. Nəsimi də Xocalıda nələr baş verdiyi haqqında Rüfət Ağayevə müfəssəl məlumat verdi. Sonda Nəsimi dedi ki, onlara Xocalını qorumaqdan ötrü, ağır hərbi texnikanın qarşısın kəsmək üçün tank əleyhinə silah və ya top lazımdır. Bu zaman Arif Salahov Rüfət Ağayevin yanına gəldi. Rüfət Arifə dedi ki, bu yoldaş Xocalıdan gəlib, onlara ağır texnikanın qarşısını kəsmək üçün silah lazımdır. Arif Salahov dedi ki, bu barədə xəbəri var və lazımi tədbirlər görürlər. O, dedi ki, universitetin iki ədəd təlim topunu düzəltmək üçün B.Sərdarov adına maşınqayırma zavoduna təmirə vermişlər. Onları Kərkicahana göndərməyi qərara almışdıq, çünki Kərkicahanın da vəziyyəti yaxşı deyil. Amma o topları Nəsimiyə verə bilər. Toplar ağır maşınla yedəkdə Ağdama aparılmalıdır. Oradan da vertolyotla həmin topları Xocalıya aparmaq mümkün olacaqmı, bax onu deyə bilməyəcək. Sonra Nəsimi topları yoxlamaq üçün Binəqədi rayonunda yerləşən B.Sərdarov adına maşınqayırma zavoduna gəldi. Burada o, gördü ki, toplar həqiqətən də artıq təmir edilib qurtarıb. Bu zaman Arif Salahov dedi ki, amma bu toplar üçün mərmi yoxdur.
Nəsimi Arif Salahovdan soruşdu:
- Bəs bu toplar üçün haradan mərmi ala bilərik?
Arif Salahov dedi:
- Bu topun mərmilərini ancaq Qobuda yerləşən hərbi hissədən tapmaq olar. Onlarla danışıb almaq lazımdır.
Rüfət Ağayev soruşdu:
- Bəs oraya kim getməlidir?
Arif Salahov dedi:
- Oraya Abşeron rayon Polis İdarəsinin rəisi gedə bilər. Çünki ora Abşeron rayonunun ərazisidir.
Elə həmin gün Rüfət Ağayev Abşeron rayon Polis İdarəsinin rəisi Məmmədəli Əliyevi yanına çağırıb tapşırdı ki, Qobudakı hərbi hissəyə getsinlər və oradan top üçün mərmi alsınlar.
Ertəsi gün Bakı meriyasının qarşısında Nəsimigil bir xidmət maşını və bir də Arif Salahovun “UAZ”-ı ilə Qobuya yola düşdülər. Nəsimi Quliyev Arif Salahovun maşınında oturmuşdu. O, Qobuda heç vaxt olmamışdı və orada hansı hərbi hissənin yerləşdiyindən tamamilə məlumatsızdı. Onlar Qobudakı hərbi hissəyə gəldilər, ancaq yoxlanış məntəqəsindən onları maşınla içəri buraxmadılar. Onlar ştaba məlumat verdikdən sonra Rüfət Ağayev, polis rəisi Məmmədəli Əliyev və Arif Salahov maşından düşüb içəri keçdilər. Nəsimi isə maşında oturub onları gözlədi. On-on beş dəqiqə keçmişdi ki, böyük səs-küy yarandı. Nəsimi gördü ki, bizimkiləri ştabdan bayıra çıxardılar, yəni mədəni surətdə onları hərbi hissədən qovdular. Sonra Arif Salahov Nəsimiyə dedi ki, buranın komandanı xaxoldur, onların təklifini qəti surətdə rədd etdi. Dedi ki, məgər o, silah alverçisidir?!
Nəsimi Arif Salahovdan soruşdu:
- Arif müəllim, burada nələr olur?
Arif Salahov dedi:
- Bu hərbi hissədə nə desən var. Bura Zaqafqaziya Hərbi Dairəsinin ən böyük hərbi bazasıdır. Burada həmçinin reaktiv diviziya polku da yerləşir. Burada həmçinin BM-21 var.
- Burada BM-21 var? - Nəsimi təəccüblə soruşdu.
- Bəli, hər nə istəsən bu hərbi hissədə var. - Arif Salahov dedi.
Nəsimi Quliyev daha heç nə soruşmadı. O, rus ordusunda xidmət etdiyi zamanlar da bu hərbi maşın haqqında geniş məlumata malikdi. Bu “Qrad” raketlərinin atəş məsafəsi 21 kilometrdir.


“Qobu” əməliyyatı...

Ertəsi gün Nəsimi Baba Nəzərli ilə birlikdə düzəldilmiş iki topu “Ural” maşının arxasına qoşduraraq Ağdama yola saldılar. Amma mərmisiz top nəyə gərəkdi. Qobu söhbəti Nəsimini narahat etməyə başladı. Həmin axşam onun gözünə yuxu getmədi. Səhər tezdən Nəsimi durub birbaş yanğınsöndürmə idarəsinə gəldi və orada işləyən qaynı Oruc Məmmədovu da götürərək maşınla yenidən Qobuya getdilər. Nəsimi kənddəki uşaqlardan buradakı hərbi hissədə yerli adamlardan xidmət edib-etmədiklərini soruşdu. Uşaqlar dedilər ki, hərbi hissədə bu kənddən çoxlu adam xidmət edir. Nəsimi dedi ki, buradan ona cəsur bir oğlan lazımdır. Uşaqlar Nəsimini kəndin axırında yerləşən bir evə gətirdilər. Evə xəbər göndərdilər. Az keçməmiş gizir rütbəli bir oğlan gəldi. Nəsimi giziri kənara çəkib dedi:
- Səninlə bir balaca gizli söhbətim olacaq.
Gizir heç bir tərəddüd etmədən dedi:
- Buyurun, sizi dinləyirəm.
Nəsimi Quliyev vəziyyəti tam təfərrüatı ilə gizirə danışdı. O, Nəsimini dinlədikdən sonra dedi:
- Bu hərbi hissə Zaqafqaziya Hərbi Dairəsində ən böyük və ən möhkəm qorunan hərbi hissələrdən biridir.
Nəsimi oğlana dedi ki, o, burada xidmət edən uşaqları bir yerə toplasın, onlarla söhbət aparmaq istəyir. Gizir dedi ki, burada bir kapitan rütbəli naxçıvanlı oğlan var. O, arxa cəbhənin, polk komandirinin müavinidir. Nəsimi həmin kapitanla necə görüşmək olduğunu soruşdu. Gizir cavabında bildirdi ki, bura gələndə gecə gəlsin, gündüz gəlməsin. Çünki hərbi hissə möhkəm nəzarət altındadır. Nəsimi gördü ki, həqiqətən də gündüzlər iki BMP və iki tank hərbi hissənin ətrafında dolanır.
Nəsimi Quliyev evə gedib, bir də axşam yenidən Qobuya qayıtdı. Həmin gecə o, 4 proporşik və bir kapitanla görüşdü. Nəsimi özünü saxlaya bilməyib dedi:
- Qeyrətiniz olsun, mən Xocalıdan buraya silah-sursat aparmağa gəlmişəm. Amma silah tapılmasında mənə kimsə kömək etmək istəmir.
Başqalarına nisbətən söhbət zamanı özünü qorxmaz oğlan kimi göstərən Firudin adlı proporşik Nəsimiyə dedi:
- Nəsimi, komandirləri ancaq bu kapitan ələ ala bilər. Qaldı silahları çıxartmağa, bunun üzərində işləmək lazımdır.
Nəsimi soruşdu:
- Uşaqlar, biz buradan nə çıxara bilərik? Digər tərəfdən də, qabaqcadan xəbərdarlıq edirəm. İçərinizdə xəyanətkar varsa, bu başdan desin, biz də işimizi bilək. Mən heç, ələ keçsəm, özümü bu silahla öldürəcəyəm, - deyə həmişə üstündə gəzdirdiyi iki tapançanı onlara göstərdi.
Millətin, xalqın ümumi mənafeyi üçün oradakı uşaqların hamısı bu işə qol qoydular. Nəsimi bu hərbi hissədən əvvəlcə üç top çıxarmağı qərara almışdı. Buna görə anbarı arxa tərəfdən yarmaq lazımdı. Təbiidir ki, anbarı yaran zaman səs olacaqdı. Bunun üçün həmin gecə gözətçi tanış adam olmalı idi. Sonra da həmin gecə Qobunun işığı söndürülməlidir. Bu zaman hərbi hissənin generatoru işə düşəcəkdi. Uşaqların dediyinə görə, həmin generatorun səsi düz Lökbatana qədər gedir. Bütün Qobu bu generatorun səsinə qərq olur. Generatorun bu səsindən istifadə edib anbarlara girmək mümkün olacaqdı. Proporşiklər dedilər ki, oradakı topların təkərləri açılıb, onları bağlamaq lazımdır. Sonra topları çəkib bayıra çıxarmaq üçün 3 ədəd ağır maşın lazımdır. Nəsimi uşaqlara dedi ki, Qobunun işığını söndürmək və maşınları gətirmək onun işi olacaq.
Ertəsi gün Nəsimi yenidən Rüfət Ağayevin yanına gəldi. Merə dedi ki, o, Qobudan bir az mərmi çıxarmaq istəyir. Buna görə ona bir az kömək lazımdır. Rüfət Ağayev dedi ki, ona necə kömək lazımdır. Nəsimi dedi ki, ona Abşeron rayon İcra Hakimiyyətinin, bir də rayon Polis İdarəsinin köməyi lazımdır. Bir də Binəqədi rayon İcra Hakimiyyətinə tapşırılsın ki, Dərnəgüldə yerləşən yalnız KamAZ maşınlarından ibarət qarajdan sürücüləriylə bərabər 3 KamAZ-ı ona versin. Rüfət Ağayev Nəsimiyə bildirdi ki, dediklərinin hamısını yerinə yetirəcək.
Axşam olanda Nəsimi 3 KamAZ-la Qobuya getdi. Uşaqlar orada onu gözləyirdilər. Onlardan biri – proporşik əməliyyatda iştirak etməkdən imtina etdi. O, dedi ki, onun yanında satqınlar var və onu dərhal ələ verə bilərlər. Sonra bildirdi ki, anbarın ümumi qapısı gözətçi məntəqəsinə baxır. Topların qapıdan çıxarılması mümkün olmayacaq. Uşaqlardan biri dedi ki, əgər bu işə girişmişiksə, niyə “Qrad”lardan çıxarmayaq? Nəsimiyə də elə bu lazım idi. Uşaqlar “Qrad”ın layihəsini bilən daha bir azərbaycanlı proporşiki gətirdilər. Proporşik dedi ki, anbarda yerləşən 50 ədəd BM-21-in hamısı kalotkaların üstündədir və üç-üç bokslarda qoyulub. Onların heç birində akkumulyator yoxdur. Hər maşına bir cüt akkumulyator və yanacaq çənlərinə salyarka tökmək lazımdır. Eyni zamanda onların işəsalma cihazları da başqa anbardadır.
Nəsimi düşündü ki, ona 6 ədəd güclü akkumulyator gərək olacaq. Nəsimi anbardan 3 ədəd BM-21 çıxartmağı qərara almışdı. Buna görə də o, bir neçə gün BM-21 layihəsi üzərində işlədi.
Arif Salahov Nəsimiyə kömək məqsədilə Şıx qəsəbəsindəki hərbi hissədən daha iki nəfər cəsur əsgər vermişdi. Bundan başqa, 3 “Zil” maşınını idarə edən 3 sürücü, Qobudakı cavanlar və birdə Nəsiminin qaynı Oruc Məmmədov “Qobu” əməliyyatını həyata keçirməyə hazır idilər. Qabaqcadan Nəsimi Binəqədi rayon İcra Hakimiyyətinin başçısı ilə söhbət etmişdi ki, zavodda 3 ədəd maşın gizlətmək üçün yer hazırlasınlar. Amma onlara 3 ədəd BM-21 barədə heç nə deyilməmişdi. Hər şey plan üzrə gedirdi...
Nəsimi yanğınsöndürmə idarəsindən bir neçə ratsiya ala bilmişdi. Onları cavanlara verdi. Çünki əməliyyat zamanı bir-biri ilə əlaqə bu ratsiya vasitəsilə həyata keçiriləcəkdi. Çünki KamAZ-lar əvvəlcədən ora gələ bilməzdi. Ona görə də onlar bir az Qobudan kənarda gizlənib Nəsimidən siqnal gözləməli idi. Əməliyyat planı tam hazır idi. Həmin gecə saat 24:00-da Abşeron rayon İcra Hakimiyyətinin göstərişi ilə Qobunun işığı söndürüldü. Onu da qeyd edək ki, işıq 3 saat müddətinə söndürülməli idi. İşıq sönən kimi hərbi hissənin generatoru işə düşdü və səsi aləmi götürdü. Nəsimi düz bir saat gözlədi və sonra hamıya “evlərinizə dağılışın!” komandası verdi. Əməliyyat üzvlərinin çoxusu bu komandaya təəccübləndi. Amma Nəsimi bunu ona görə etdi ki, görsün bu işdə xəyanət var, ya yox. Həmin vaxt generator işləyə-işləyə anbarın ətrafında hərbi texnika hərəkət edirdisə, deməli, əməliyyat barədə sızma vardı. Amma bir saat ərzində heç bir hərbi texnika hərəkət etmədi. Anbarı gecə-gündüz iki BMP və iki T-72 tankı mühafizə edirdi.
Nəsimi geri qayıdandan sonra zəng edib dedi ki, işığı yandırsınlar. Aradan bir neçə gün keçdi. 1992-ci il fevralın 12-də gecə Nəsimi əməliyyatda iştirak edəcək cavanlarla birlikdə Qobuya gəldi. Nəsiminin planına əsasən ilk növbədə gözətçilər zərərsizləşdirilməli, sonra işıq söndürülməli idi. Gözətçi postuna yaxınlaşmaq üçün Nəsimi buradakı proporşiklərin birindən istifadə etdi. O, həmin proporşiklə birlikdə bir-bir gözətçi postuna yaxınlaşır və gözətçi də “stoy, kto idyot?” soruşur. Proporşik də “eta ya”, - deyə cavab verir. Nəsimi də yavaşcadan mühafizəçiyə yaxınlaşır, cəld əl atıb avtomatı onun əlindən alır və deyir: “sınok, spokoyno, idi sadis na maşine”. Beləcə, Nəsimi 7 postun mühafizəçisinin avtomatını əlindən alaraq onları özünün “UAZ” maşınına mindirdi. Onların üstündə Arif Salahovun Şıx hərbi hissəsindən verdiyi əlində avtomat olan iki əsgər dayanmışdı. Nəsimi girov götürülmüş mühafizəçilərə dedi ki, əgər sakit otursalar, əməliyyat başa çatandan sonra onları evlərinə buraxacaq. İşıqlar söndürüldü, hərbi hissənin generatoru işə düşdü. Generatorun səsindən istifadə edərək arxa qapıdan bokslar açıldı və “ZİL” maşını ilə boksdakı 3 BM-21-i bir-bir çəkib anbardan çıxardılar. Sonra dərhal akkumulyatorlar maşınlara bağlandı və maşınlar işə salındı. Nəsimi onlara Binəqədiyə, B.Sərdarov zavoduna hansı marşrutla gedəcəklərini qabaqcadan başa salmışdı. Sonra Nəsimi başqa anbarda yerləşən BM-21-lərin cihazlarını götürdü. Çünki bu cihazlar olmadan qurğunu işə salmaq mümkün deyildi. Daha sonra 4 KamAZ maşınlarına BM-21-in mərmilərini yüklədilər və dərhal hərbi hissəni tərk etdilər. Nəsiminin əyləşdiyi maşın Lökbatan dairəsinə çatanda hərbi hissədən həyəcan siqnalı eşidildi. Demək, növbə dəyişmişdi...
Nəsimigil hərbi maşınları zavodda yerbəyer edəndə artıq səhər saat 5:00 idi. Nəsimi hərbi hissədən girov götürdüyü 7 əsgəri Binəqədi rayon Polis şöbəsinə gətirib təhvil verdi. O, əsgərlərlə bərabər onların avtomatlarını da polisə təhvil verdi. Şöbədə soruşdular ki, onları neyləyəcəklər? Nəsimi də cavabında: “Daha orasını siz bilərsiniz. İstəyirsiniz həbs edin, istəyirsiniz buraxın. Bundan sonrası sizlikdir” - dedi.
Yuxusuzluq Nəsiminin gözünü çıxardırdı. O, birbaş evə gəldi və paltarlı halda çarpayıya uzanıb yatdı.
Səhər açılar-açılmaz Arif Salahovun sürücüsü Nəsiminin evinə gəldi və Arif müəllimin onu təcili yanına çağırdığını bildirdi. Onu da qeyd edək ki, Nəsimi “Qobu” əməliyyatı barədə Arif Salahova və Rüfət Ağayevə ətraflı məlumat verməmişdi. Yəni həmin hərbi hissədən 3 BM-21-in çıxarılması barədə onlara deməmişdi. Onlara oradan ancaq top mərmiləri çıxaracağı barədə söyləmişdi.
Nəsimi həmin maşınla birbaşa Arif Salahovun yanına getdi. O, Nəsimini görən kimi:
- Nəsimi, sən nə etmisən?! Bilirsən, Gürcüstandan Zaqafqaziya Hərbi Dairəsinin komandanı Bakıya gəlib? Hazırda onlar Ayaz Mütəllibovun yanındadırlar. Sən bizə demişdin ki, oradan ancaq mərmi çıxaracaqsan. İndi aləm qarışıb bir-birinə. Bunun altından necə çıxacağıq? Bizi çağırıblar, gedək, görək nə deyirlər, - dedi.
Nəsimi Quliyev, Arif Salahov və Rüfət Ağayev Prezident Aparatına gəldilər. Onları dördüncü mərtəbədə oturtdular, yanlarında da əli avtomatlı iki mühafizəçi. Prezidentin yanında generallar söhbət aparırdılar. Onlardan sonra prezident Nəsimigili qəbul etdi. Ayaz Mütəllibov üzünü Arif Salahova tutub soruşdu:
- Bu nə işdi qaynatmısınız?! Bu nə olan şeydir?
Arif Salahov dedi:
- Cənab Prezident, bu işi Rüfət Ağayev bilir.
Rüfət Ağayev dedi:
- Cənab Prezident, bu yoldaş Xocalıdan gəlib, orada vəziyyət gərgindir. Gedib, özü bu işi təkbaşına görüb. İndi bunu tutmalıyıqmı?
Ayaz Mütəllibov başını yırğaladı və dedi:
- Onların danışığından məlum oldu ki, siz bu maşınları Bakıdan çıxara bilməyəcəksiniz. Yaxşı, siz gedin, bir şey fikirləşərik.
Rüfət Ağayev prezidentin yanında qaldı, Nəsimi Quliyev və Arif Salahov bayıra çıxdılar. Sonra Rüfət Ağayev də çıxdı və dedi:
- Gedin, hələ gözləyin. Bizdən xəbər olmadan heç bir hərəkət etməyin.
Fevralın 17-nə qədər Nəsimi heç bir hərəkət etmədi. Çünki Bakının bütün giriş və çıxışları ciddi nəzarət altında idi. Şəhərin üzərində də vertolyotlar dayanmadan dövrə vururdular. Sonra Nəsimi öyrəndi ki, B.Sərdarov zavodunun yanındakı hərbi hissədə onlara lazım olan mərmilər də var. Gecəykən Nəsimi yoldaşları ilə həmin hərbi hissəyə hücum etdi. O, hərbi hissənin əsgərlərinə atəş açmamaq barədə göstəriş verdi və onlarla danışıqlar yolu ilə, ölümsüz-qadasız oradan 8 KamAZ maşın və mərmi çıxartdılar. Həmin KamAZ-lardan 4-nü Nəsimi Milli Orduya verdi. Artıq hər şey hazır idi, Ağdama yola düşmək olardı.

XOCALI KÖMƏK GÖZLƏYİRDİ... Ağdam niyə susurdu?..

Fevralın 17-də gecə Nəsimi Ağdama yola düşmək haqqında əmri verdi. Kalonda 3 BM-21, 3 KamAZ maşını, 2 “Ural” maşını və minə qədər mərmi olmaqla Ağdama yola düşdülər. Səhər tezdən onlar Ağdama çatdılar. Dərhal Nəsimiyə dedilər ki, “Qrad”ın biri təcili Şuşaya göndərilməlidir. Yuxarıdan belə göstəriş verilib. Nəsimi də BM-21-in birini onlara verdi.
Ertəsi gün Ağdamda əməliyyat planı hazırlandı. Həmin əməliyyat planında Şirin Mirzəyev, Fəhmin Hacıyev, Allahverdi Bağırov, Fred Asif (Asif Məhərrəmov), Qatır Məmməd (Yaqub Rzayev), Faiq Baxşəliyev (OMON) iştirak edirdilər.
Həmin vaxt Xocalı ilə əlaqə artıq tamamilə kəsilmişdi. Xocalıya vertolyot son dəfə fevralın 13-də uçmuşdu...
Əməliyyat planına əsasən Nəsimi Quliyev iki “Qrad” raketi ilə Əsgəranı və onun sağ-solunda yerləşən kəndləri atəşə tutmalı, sonra canlı qüvvə və hərbi texnika Xocalı yolunu açmaq üçün hücuma keçməli idi. Mənə verilən məlumata görə, o zaman Ağdamda təxminən 2000-2500-ə yaxın özünümüdafiə qüvvələri və 70-ə yaxın hərbi texnika – BRDM və T-72 tankları vardı.
Bu əməliyyat barədə artıq Nəsimi Quliyev Xocalıya məlumat vermişdi. Nəsimi iki BM-21-lə Əsgəranı və onun kəndlərini atəşə tutdu. Plan da belə idi ki, “Qrad” raketləri susan kimi, canlı qüvvə və hərbi texnika hücuma keçəcək. Amma “Qrad”lar susandan sonra Əsgərana heç bir hücum olmadı. Nəsimi təəccübləndi: “Nə baş verir? Niyə hücuma keçmirlər?!”
Fevralın 23-nə kimi Nəsiminin dəstəsi “Qrad” raketlərlə Əsgəranı, Xanabadı, Naxçıvaniki, Həsənabadı, Kətiyi və digər kəndləri fasiləsiz olaraq atəşə tutdu. Hər gün Xocalı yolunu açmaq üçün döyüş planı hazırlanırdı, ancaq bu plan kimlər tərəfindənsə son anda pozulurdu. Həmin döyüş planına əsasən Şirin Mirzəyevin dəstəsi Fərrux kəndi istiqamətində, Qatır Məmmədin dəstəsi Xanabad istiqamətində, Allahverdi Bağırov və Fred Asifin dəstəsi isə Əsgəran istiqamətində hücuma keçməliydi. Amma nədənsə hücum olmurdu. Bu, indiyə qədər də sirr olaraq qalır...
Fevralın 25-nə kimi Tuğ, Xocavənd, Malıbəyli, Quşçular, Qaradağlı, Kərkicahan, Cəmilli, Qarabağlı, Meşəli artıq rus hərbi birləşmələrinin köməyi ilə ermənilər tərəfindən işğal olunmuşdu.
Xocalı dörd bir tərəfdən düşmən əhatəsində yalqız və köməksiz qalmışdı. Xocalının ümidli baxışları Ağdama dikilmişdi. Bu şəhər ancaq umduğu yerdən, Ağdamdan ona kömək gələcəyini gözləyirdi. Ağdam isə Xocalıya kömək əlini uzatmaq barədə nədənsə susurdu...

Camal ZEYNALOĞLU,
yazıçı-publisist
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Xocalının qətl günü

Xocalının qətl günü

Əsas xəbər, Qarabağ
“Yeni Yurd” Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlələ birgə qeyd etdi

“Yeni Yurd” Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlələ birgə qeyd etdi

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
Akademik Möhsün Nağısoylunun yeni kitabı çıxıb

Akademik Möhsün Nağısoylunun yeni kitabı çıxıb

Yeni nəşrlər, Humanitar elmlər
Polkovnik ELMAN HACIYEV (1970)

Polkovnik ELMAN HACIYEV (1970)

Darvaz

"İmadəddin Nəsimi dili və üslubu"

Yeni nəşrlər, Humanitar elmlər
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
MTN-çi Şuşanın işğalındakı şok məqamları açdı - Zim.Az/Tv

MTN-çi Şuşanın işğalındakı şok məqamları açdı - Zim.Az/Tv

Qarabağ, Tv
Ön cəbhədə Novruz tonqalları qalandı!

Ön cəbhədə Novruz tonqalları qalandı!

Qarabağ, QHT
AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

Humanitar elmlər
“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

Humanitar elmlər
Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir  ...

Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir ...

Azərbaycan
“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

Humanitar elmlər
“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alq ...

“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alq ...

Mədəniyyət
Gənc istedad: Aysu Arpaçaylı

Gənc istedad: Aysu Arpaçaylı

Nəsr
Şamaxıda Nəsimi Festivalı keçirilib

Şamaxıda Nəsimi Festivalı keçirilib

Mədəniyyət, QHT
ARIXLI ŞƏHİDLƏRİ

ARIXLI ŞƏHİDLƏRİ

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Camal  Zeynaloğlu:  Ölüm düşərgəsindən qaçış...    (hekayə)

Camal Zeynaloğlu: Ölüm düşərgəsindən qaçış... (hekayə)

Nəsr, Müsabiqə
İmam CƏMİLLİ: SƏDAQƏT  (Hekayə)

İmam CƏMİLLİ: SƏDAQƏT (Hekayə)

Nəsr
Rəy yazın: