ÖLMƏZ SƏNƏTKARIN MƏNALI ÖMÜR YOLU - teatr rəssamı MƏMMƏD QASIMOV Naxçıvan, Mədəniyyət, M.F.Axundzadə adına Muzey, Tiflis, UNUTSAQ, UNUDULARIQ!.... 12 мая 2022 MƏMMƏD QASIMOVteatr rəssamı(1925-1987) Tiflis Rəssаmlıq Аkаdеmiyаsındа (1943-1947) və Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1947-1952). Naxçıvan Muxtar Respublikanın Əməkdar incəsənət xadimi (1967) fəxri adına layiq görülmüş, SSRİ Rəssamlar İttifaqının üzvü olmuş (1970), Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının ilk sədri (1971) seçilmiş, ömrünün sonuna kimi Naxçıvan Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışdır (1952-1987). Məmməd Ələkbər oğlu Qasımov 1925-ci il yanvar ayının 5-də Tiflis şəhərində mömin Məşədi Ələkbərin (Ələkbər Məmməd oğlu Qasımov) ailəsində dünyaya göz açıb. Atası Məşədi Ələkbər Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra şəhər mərkəzindəki onbirotaqlı malikanəsində yaşamasına icazə verilmədiyə və əvəzində onlara ikiotaqlı mənzil təklif edildiyinə görə, hökumətin bu münasibətindən sarsılmış və öz malikənəsini hökumətə təhvil verərək Gürcüstana köçmüş və Tiflisdə uzun müddət tacirliklə məşğul olmuşdur. Həmin vaxtlar Məmmədin atası təzəcə ailə qurmuşdu. Ömürlərinin 20 ilini Tiflisdə keçirən Məşədi Ələkbər və həyat yoldaşı Xədicə xanımın 5 övladı dünyaya gəlmişdir.Hələ uşaqlıq vaxtlarından rəssamlığa böyük maraq göstərən və vaxtaşırı imkan tapıb Tiflis Dövlət Azərbaycan Dram Teatrının tamaşalarına baxan Məmməd Qasımov artıq 15 yaşında ikən öz həyat yolunu və sənət taleyini qəti müəyyən etmiş, teatr rəssamı olmaq qərarına gəlmişdir!Məmməd Qasımov uşaqlıq və erkən gəncliyini Tiflisdə keçirmiş, ali təhsilinin ilk illərini də orada almışdır. Belə ki, 1943-cü ilin payızından Tbilisi Rəssamlıq Akademiyasında təhsil alan M.Qasımov burada dünyaşöhrətli, o zamankı gənclər üçün əlçatmaz sayılan İ.Y.Repinin tələbəsi olan, məşhur rəssam M.İ.Toidzedən və digər görkəmli fırça ustalarından bu sənətin sirlərini mənimsəyir. Gözlənilmədən Tbilisi Rəssamlıq Akademiyasında Azərbaycan bölməsinin bağlanması səbəbindən ali təhsili yarımçıq qalan M.Qasımov 1947-ci ildə dədə-baba yurdu Naxçıvana gəlmişdir.Ömrünün son aylarında qələmə aldığı “Mənim sənət yolum” adlı xatiratında o, teatr aləmilə ilk tanışlığını belə yada salırdı: “Mən 1925-ci ildə Tiflisdə anadan olmuşam, məktəb illərini də orada başa vurmuşam. Bizim evimizdən bir küçə sağda (paralel küçədə) Tiflis Azərbaycan Dövlət Musiqili Dram Teatrının binası yerləşirdi.1930-cu ildə - yaşım beş olardı - qonşumuz Xalacan adlı qadın (o, Türkiyədən idi və biz onu “nənə” deyə çağırardıq) bir gün dedi ki, bu axşam teatr var. Həmin dəqiqə qərara gəldim ki, teatra mən də getməliyəm. Məni başa salmaq istədilər ki, məqsədim baş tutmayacaq. Sonra əlavə etdilər ki, teatra uşaq buraxmırlar. Özümü ora-bura çırpdım. Uşaq ədası ilə ağlamsındım və təkidlə dedim: mən teatra gedəcəm!Arvadlar götür-qoy etdilər və dedilər ki, bu, mümkün olan iş deyil. Mən ümidimi üzmüşdüm. Birdən Xalacan-nənə mənə baxaraq dedi: “Mən oğlumu aparacam.” Onun çox qətiyyətlə dediyi sözə mən yarı arxayınlaşıb sakitləşdim və işin sonunu izləməli oldum.Tamaşa vaxtı çatdı. Qulağım səsdə idi ki, nənə indi məni çağıracaq. Bu arada anam məni geyindirib bəzəndirdiyi üçün tam arxayın olmuşdum. Nənənin məni səsləməsi mənim üçün bir aləm oldu......Nənənin yeri düz birinci sırada idi. Bəlkə də bunu mənə görə etmişdi. Nəhayət gözlənilən an gəlib çatdı. Mən hiss etdim ki, bütün işıqlar sönüb. Musiqi səsləndi və nənə mənim baxmağım üçün lazımi şəraiti yaratdı. Mənim ilk gördüyüm səhnədəki (o zaman onun adını bilmirdim) çox böyük pərdələr oldu. Onun üzərində rəngbərəng işıqlar var idi. Musiqi sədaları altında pərdələr yavaş-yavaş açıldı. Böyük səhnədə tam fərqli bir aləm gördüm. Elə bil nağıllar dünyasına düşmüşdüm.Küçədə “öz yerimdən” çıxıb dərindən nəfəs aldım. Bu, həm də arzumun yerinə yetməsi üçün aldığım rahat, razılıq nəfəsi idi. Yatağımda səhərə qədər teatrda gördüklərimi gözlərim önündə təkrarən canlandırır, sanki hələ də özümü orada hiss edirdim. Mənim bütün ömrümü bağladığım teatrla ilk tanışlığım və əbədi dostluğumun tarixçəsi belədir.”Məşhur alman alimi Albert Eynşteyn demişdir ki, bilik məhdud, yaradıcılıq isə sonsuzdur. Bu həqiqətən də belədir. Çox nadir insanlar olur ki, onların yaradıcılıq qabiliyyəti sərhəd tanımır. Belə insanlardan biri də sənəti kimi, həyat hekayəsi də olduqca maraqlı və mənalı olan, insanlığı ilə özünə sağlığındaykən əbədi ölməzlik qazanmış böyük sənətkar, görkəmli teatr rəssamı Məmməd Ələkbər oğlu Qasımovdur. Məmməd Qasımov Tiflisdə M.F.Axundov adına 97 №-li (indiki 73 №-li) orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini Naxçıvan şəhər 1 №-li orta məktəbdə davam etdirmişdir. Həmin məktəbi 1943-cü ildə xalis əla qiymətlərlə başa vurduğu üçün sovet hökumətinin müvafiq qərarına (1935-ci il) əsasən ölkənin istənilən ali məktəbinə imtahansız daxil olmaq hüququ əldə etməsinə baxmayaraq, M.Qasımov hələ uşaq yaşlarından arzuladığı teatr rəssamlığını seçmişdir. Heç şübhəsiz, əgər başqa ali təhsil dalınca getsəydi belə, yenə də onun seçdiyi istənilən sahədə yüksək nailiyyətlər əldə edə biləcəyi də danılmazdır.Tale elə gətirir ki, orta məktəbin son sinfində təhsil alarkən tez-tez Naxçıvan Dövlət Dram Teatrının tamaşalarına gələn M. Qasımov bir təsadüf nəticəsində teatrın görkəmli aktyoru və rejissoru Səməd Mövləvilə yaxından tanış olur. Növbəti görüşlərin birində həvəskar rəssam böyük sənətkarın rəyini öyrənmək məqsədilə ona hələ məktəbdə oxuyarkən Tiflis Dövlət Azərbaycan Dram Teatrının tamaşalarından təəssüratlanaraq özü üçün müxtəlif pyeslərə çəkdiyi onlarla dekorasiya və geyim eskizlərindən ibarət olan bir qovluq təqdim edir. Bu qovluqdakı bir-birindən maraqlı olan müxtəlif dekorasiya və geyim eskizlərinə baxaraq heyranlığını gizlətməyən S. Mövləvi gənc istedadı yüksək qiymətləndirir və elə oradaca həmin il (1943) Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlayacağı tamaşasının rəssam işini bütövlüklə gənc Məmmədə etibar edir. Bu ilk sınaqdan böyük müvəffəqiyyətlə çıxan M. Qasımov az sonra bu teatrda icraçı rəssam kimi qəbul edilir və S. Mövləvinin hazırladığı daha bir əsərin - Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasının da rəssamı olur. Beləcə, Məmməd Qasımovun həyat və yaradıcılığında yeni səhifə açılır. Elə həmin ilin payızından Tiflis Rəssamlıq Akademiyasının Azərbaycan bölməsinində təhsil alan M. Qasımov burada dünyaşöhrətli İ. Repinin tələbəsi, məşhur rəssam M. Toidzedən və digər görkəmli fırça ustalarından bu sənətin sirlərini mənimsəyir. Akademiyada təhsil aldığı illərdə də müntəzəm olaraq M. F. Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının bütün tamaşalarına baxmaqla bərabər yaradıcı heyətlə sıx əlaqə saxlamışdır ki, bunun da nəticəsi olaraq ona, bu sənət ocağının səhnəsində hazırlanan iki tamaşaya bədii quruluş vermək müyəssər olub. Bunlardan birincisi A. Məşədibəyovun “Toy kimindir?”, ikincisisə F. Əmirovun “Ürəkçalanlar” musiqili komediyaları idi. Hər iki tamaşanın premyerası böyük maraqla qarşılanmışdır. Rəssamın Tiflisdəki yaradıcılıq uğuru onu daha da ruhlandırır. Bu ruh yüksəkliyi Məmməd Qasımovun ailəsinə də yaxşı mənada böyük təsir göstərir. Həmin il təkcə yaradıcılıq uğuru ilə deyil, həmçinin, şəxsi həyatında da yaddaqalan illərdən biri olur. Artıq İkinci Dünya Müharibəsi də başa çatmışdı. Həyat daha da gözəlləşmişdi... Amma gözlənilmədən Tiflis Rəssamlıq Akademiyasında Azərbaycan bölməsinin heç bir səbəb göstərilmədən birdən-birə bağlanması M. Qasımovu çox məyus edir. Ali təhsilini başa çatdıra bilməyən, bütün varlığı ilə Naxçıvana, xüsusilə Naxçıvan Dövlət Dram Teatrına bağlı olan M. Qasımov ata yurduna qayıdaraq Naxçıvan Teatrında yaradıcı fəaliyyətini davam etdirmək qərarına gəlir. Fikrini atası Məşədi Ələkbər kişiyə dedikdə, o, oğlunun fikrinə böyük hörmətlə yanaşır, ailəsini də götürüb Naxçıvana qayıdır. Naxçıvanda 7 nəfərlik külfət onbirotaqlı evin əvəzinə ikiotaqlı mənzilə sığınır. Ailəsinin onunla birlikdə Naxşıvana geri dönməsi və onun yanında yaşaması Məmməd Qasımovu yenidən ruhlandırır, maddi sıxıntıları azalır. O, ailəsinin maddi və mənəvi dəstəyilə 1947-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində ixtisas təhsilini davam etdirmək qərarına gəlir. Özünün "ikinci evi" saydığı Naxçıvan Teatrından müvəqqəti ayrı düşür.1947-1952-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində ixtisas təhsilini davam etdirir. Amma onu da qeyd edək ki, gənc rəssam Bakıda olduğu illərdə də Naxçıvan Dövlət Dram Teatrı ilə yaradıcılıq əlaqələrini kəsmir. Əksinə, qocaman sənət ocağında hazırlanan bir neçə tamaşanın rəssamı rəssamı təyin olunur və ard-arda uğurlu yaradıcılıq nəticələri əldə edir. Məmməd Qasımov 1952-ci ildə ali təhsilini bitirdikdən sonra ixtisaslı kadr kimi doğma Naxçıvana qayıdır və həmin ildən Naxçıvan Teatrının baş rəssamı kimi yaradıcılığının yeni mərhələsinə qədəm qoyur. Elə o illərdən də gənc olmasına baxmayaraq, Məmməd Qasımov muxtar respublikanın ən istedadlı rəssamlarından biri kimi tanınır.Məmməd Qasımov həmin vəzifədə yorulmaq bilmədən ömrünün son günlərinədək - tam 35 il fasiləsiz olaraq məhsuldar, yaradıcı və təşkilati, səviyyəli və səmərəli fəaliyyət göstərib. Rəssamın bədii quruluş verdiyi 100-dən artıq tamaşanın, hər biri öz orijinallığı, yüksək səviyyəli bədii keyfiyyəti ilə diqqəti cəlb edib. Təkcə bu illər ərzində o, Naxçıvan Teatrında 93, Gəncə Dövlət Dram Teatrında 1, İrəvan Dövlət Azərbaycan Dram Teatrında 3 tamaşanın quruluşçu rəssamı olub. Həmin səhnələrdəki zəngin, məzmunlu və möhtəşəm dekorasiyalar, əlbəsələr, dövrəuyğun, rəngarəng geyimlər və qrimlər ədəbi və teatr tənqidinin müsbət rəyinə, geniş tamaşaçı kütləsinin isə böyük marağına və rəğbətinə səbəb olur."Vaqif", "Almaz", "Evlənmə", "Bir gəncin manifesti", "Sehrli küpə", "1905-ci ildə", "Pəri cadu", "Hacı Qara", "Solğun çiçəklər", "Sevilya ulduzu", "Hacı Qənbər", "Arşın malalan", "Çiçəkli dağ", "Məlikməmməd", "Aqil və Sərvinaz", "Atayevlər ailəsində", "Şeyx Sənan", "Eşq və intiqam", "Durna", "Cinayətin izilə", "Qayınana", "Qatır Məmməd", "Vicdan əzabı", "Ulduz", "Qaçaq Nəbi", "Qanlı səhra", "Sahil əməliyyatı", "Ədalət", "Vətən" və sair rəssamın Naxçıvan Teatrında quruluş verdiyi tamaşalarıdır. O, quruluş verdiyi tamaşalara cərrah dəqiqliyi, ana qayğısı, uşaq sevinci ilə yanaşırdı. Ərsəyə gətirdiyi hər bir tamaşaya həssaslıqla yanaşar, yeri gələrsə, bəlkə də mənasız görünən adi bir detalın düzgün ərsəyə gətirilməməsinə üsyan edər, inadkarlıqla tələb edərdi ki, mütləq hər bir detal onun verdiyi eskizə uyğun olsun, hətta aktyorun əynində olan əlbisənin düyməsinə kimi. Yeni fikir, yeni yanaşma, bədii zənginlik, dəqiqlik rəssamın yaradıcılığının xarakterik xüsusiyyətləridir desək, yanılmarıq. Məmməd Qasımov Azərbaycan Teatr tarixində adı ən öndə gələ bilən rəssamlardan biridir.Məmməd Qasımov Naxçıvan Teatrının səhnəsində: Cəlil Məmmədquluzadənin “Ölülər” (1943, 1944, 1950, 1951, 1961), Üzeyir Hacıbəyovun “Ər və arvad” (1943, 1955), “Arşın mal alan” (1943, 1945, 1955), “Məşədi İbad” (”O olmasın, bu olsun”) (1963, 1985), “Əsli və Kərəm” (1968); “Anamın kitabı” (1965, 1984); Reinhold Moiseyeviç Qliyerin “Şahsənəm” (1944); Məmməd Səid Ordubadinin “Ürəkçalanlar” (1945, 1956); Ağası Məşədibəyovun “Toy kimindir” (1945); Suleiman Sani Axundovun “Eşq və intiqam” (1947, 1955, 1957, 1958); Səməd Vurğunun “Fərhad və Şirin” (1947, 1956, 195, 1960), “Vaqif” (1950, 1951, 1956, 1957, 1958, 1968), “Komsomol poeması (1962)”; Karlo Qoldoninin “İki ağanın bir nökəri” (1947), “Mehmanxana sahibəsi” (1968, 1970); Şəid Rüstəmovun “Durna” (1948, 1957); Ənvər Məmmədxanlının “Od içində” (1948, 1954); Cəfər Cabbarlının “Almas” (1948), “Sevil” (1949, 1963), “Aydın” (1950, 1956, 1957), “1905-ci ildə” (1952), “Od gəlini” (1953, 1954), “Solğun çiçəklər” (1954, 1956), “Yaşar” (1958, 1967), “Nəsrəddin şah” (1960, 1961); Mirzə İbrahimovun “Həyat” (1948, 1954), “Yaxşı adam” (1966); İslam Səfərlinin “Xeyir və şər” (1948, 1950), “Göz həkimi” (1955, 1956, 1957), “Ana ürəyi” (1960); İlyas Əfəndiyevin “Bahar Suları” (1948, 1949, 1950); Sabit Rəhmanın “Toy” (1949, 1951, 1953, 1954, 1977), “Nişanlı qız” (1954, 1955, 1956, 1960), “Ulduz” (1958, 1959), “Əliqulu evlənir” (1960, 1961), “Xoşbəxtlər” (1964); Zeynal Xəlilin “Qatır Məmməd” (1949, 1950, 1956, 1958); Aleksandr Arbuzovun “Altı sevimli dost” (1949); Vilyam Şekspirn “Onikinci gecə” (1949, 1951). “Qış nağılı” (1960); Mirzə Fətəli Axundovun “Hacı Qara” (1949, 1954), “Lənkəran xanının vəziri” (1962); Aleksandr Şirvanzadənin “Namus” (1950, 1955, 1960); Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” (1950, 1952); Malyarovskinin “Sehirli küpə” (1951); Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (1953, 1954, 1955, 1957); Vadim Sobkonun “İkinci cəbhə” (1953); Lope de Veqa “Sevilya ulduzu” (1954, 1955, 1956, 1960); İlyas Əfəndiyevin “Atayevlər ailəsi” (1954, 1955), “Sərhədçilər” (1958), “Sən həmişə mənimləsən” (1965), “Məhv olmuş gündəliklər” (1973); Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmur düşdük” (1955), “Hacı Qəmbər” (1955); Süleyman Rüstəmin “Qaçaq Nəbi” (1955, 1956, 1958, 1960); Abdulla Şaiqin “Vətən” (1955, 1958, 1959); Əyyub Abbasovun “Məlik Məmməd” (1955, 1956, 1972), “Aqil və Sərvinaz” (1956); Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” (1956), “Bahar” (1958); Vasili Şkvarkinin “Özgə uşağı” (1956); Georgi Midivaninin “Vətən namusu” (1956, 1958, 1959), “Konsulu oğurladılar” (1966); Asəhməd Tokayevin “Adaxlılar” (1957); Hüseyn Cavidin “Şeyx Sənan” (1957, 1962), “Səyavuş” (1962), “Şeyda” (1981), “Azər” (1983); Oqtay Xəlilovun “Cinayətin izi ilə” (1957); Məcid Şamxalovun “Qayınana” (1957, 1958); Rabindranat Taqorun “Qanq qızı” (1958); Nəriman Nərimanovun “Nadir şah” (1958, 1964); Mehdi Hüseynin “Cavanşir” (1958); Biçarinin “Xəyanət” (1958); Əliyar Yusiflinin “Vicdan əzabı” (1958, 1959, 1964), “Siz xoşbəxt yaşayın!” (1981); Bəxtiyar Vahabzadənin “Ədalət” (1958, 1959), “Yağışdan sonra” (1972); Baqdasarovun “Qanlı səhər” (1959); Cəmşid Əmirovun “Sahil əməliyyatı” (1959, 1960); Səttar Axundovun “Məzəlizadələr” (1960); Süleyman Əliyevin “İki ananın bir oğlu” (1960) “Canlı heykəl” (1978); Q. Məmmədovun “Dan yeri sökülərkən” (1960); Firudin Axundovun “Qanlı çinar” (1961); Van Şin-Fu “Dağıdılmış piyalə” (1961); Məhərrəm Əlizadənin “Toy kimindir” (1961, 1962); Məmmədəli Tarverdiyevin “Kölgəli dağ” (1962); Qaragin Besin “Kərpic adam” (1962, 1963); Hüseyn Razinin “Odlu diyar” (1963, 1964, 1965), “Günəş” (1968), “Arxalı dağlar” (1971); Süleyman Ələsgərovun “Özümüz bilərik” (1963), “Hardasan, ay subaylıq?” (1963); Əbil Yusifovun “Çiçəklənən arzular” (1964); Adil Babayevin “Ürək çağırır” (1964); Kəmalə Ağayevanın “Məhsəti” (1964, 1976), “İsmət” (1972), “Mənim tanrım gözəllikdir, sevgidir” (1982). “Apardı sellər Saranı” (1985); Aleksandr Ostrovskinin “Cehizsiz qız” (1964, 1966) “Günahsız müqəssirlər” (1984); Gilberto Fiqeyredunun “Ezop” (1965, 1966); Əliheydər Qəmbərovun “İlan yuvasında fırtına” (1966); Süleyman Rəşidinin “Mən onu axtarıram” (1967); Hüseyn İbrahimovun “İtirilən sağlıq” (1967); Şıxəli Qurbanovun “Sənsiz” (1967); Boris Lavrenyovun “Hücum” (1967); Əbil Yusifovun “Məhəbbət abidəsi” (1969); Fridrix Şillərin “Məkr və məhəbbət” (1969); Georgi Xudayev “Arvadımın əri” (1971); Andrey Makayonok “Tribunal” (1972); Konstantin Simonov “Dördüncü” (“Onlar dörd nəfərdilər”) (1975); Panço Pançev “Dörd ekiz haqqında nağıl” (1975); Nodar Dumbadze “Darınma ana!” (1976); Vsevolod İvanov “Zirehli qatar 14-69” (1977, 1980); Ramiq Nağıyev “Əgər sevirsənsə...” (1977); Rüstəm İbrahimbəyov “Yaşıl qapı arxasında qapı” (1978); Qralxan Bokayev “Dayça” (“Yetkinlər”) (1978, 1979); Salam Qədirzadə “Şirinbala bal yığır” (1979); Nazim Hikmət “Bayramın birinci günü” (1980); Şota Rokovanın “Yaşıl papaq” (1982); Nidayət Orucov “Məni qınamayın” (1983); Əkrəm Əylisli “Qiymətli qafiyələr” (1985) və s. bu kimi 123 аddа klаssik və müаsir əsərlərə səhnə tərtibatı vermiş, geyim eskizləri çəkmiş, müxtəlif dekorlar və pannolar hazırlamışdır. 40 ildən аrtıq bir müddətdə tеаtrın bаş rəssаmı vəzifəsində çаlışmışdır. Əsərləri rəssamın oğlu tanınmış teatrşünas alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun şəxsi kolleksiyasında qorunub saxlanılır.Rəssamların dünyaya baxışları fərqli olur. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva mərhum rəssam Məmməd Qasımovun 95 illiyinə həsr etdiyi və “525-ci qəzet”nin 5 fevral 2020-ci il tarixli sayında çap etdirdiyi “Üç yaxşıdan biri” sərlövhəli məqaləsində qeyd etmişdir ki, Məmməd Qasımov həm bir insan kimi, həm də öz işinin böyük ustası kimi dünyaya fərqli baxan insanlardandır. Rəssamın üstün cəhətlərindən biri, yaradıcılıq uğuru fantaziyanı reallığa tabe etməsidir. O, öz yaradıcılığını məhz dekorativ reallıq üzərində inkişaf etdirmişdi. Rəssamın yaradıcılığını analiz etdikdə görərik ki, onun üçün əsas prinsip dekorativ reallıqdır. Dəqiqlik, elmi əsaslar, dünyəvilik, incəlik rəssamın əsas yaradıcılıq prinsiplərindəndir. Və bu deyilən məqamları, xüsusilə dekorativ reallığı rəssamın quruluş verdiyi "Hücum" tamaşasının səhnə həllində görürük. Əsərdə tarixi "Avrora" gəmisində inqilab ərəfəsindəki son bir neçə gündə baş verən hadisələr ümumiləşdirilmiş bir şəkildə qələmə alınmışdı. Pyesdə şərti olaraq "Avrora" gəmisi "Zarya" adlandırılmışdı. "Zarya"da baş verən təlatüm, çaxnaşma ikitirəlik, xəyanət, həyəcan və gərginlik, eyni zamanda, onun kapitanı Bersenyevin evində, onun ailəsində də əks olunmuşdur. Əlamətdar günə həsr olunmuş tamaşaya əlahiddə qonaqlar da təklif buyurmuşdu. Həmin vaxt Leninqrad Dövlət Akademik Dram Teatrının iki nəfər əməkdaşı Naxçıvana gəlmiş və həmin tamaşaya baxdıqdan sonra onun yaradıcı heyətini - quruluşçu rejissor Baxşı Qələndərlini, aktyor heyətini təbrik edərək quruluşçu rəssam Məmməd Qasımovun səhnə həllindən vəcdə gəldiklərini gizlətməmişlər. Səhnədəki dekorasiyaların, geyim və qrimlərin onları valeh etdiyini bildirmiş, etiraf etmişlər ki, Azəbaycanın bir əyalət teatrından bu məşhur əsərin çox yüksək səviyyəli bir tamaşa kimi təqdim olunacağını gözləmirdik.Leninqraddakı Dövlət Akademik Dram Teatrında görkəmli rejissor və məşhur teatr rəssamı Nikolay Akimov bu tamaşanı Naxçıvanda gördüyümüz səviyyədə təqdim edə bilməmişdir. Tamaşanın rəssam işi - səhnədə sanki həqiqi bir gəminin görünməsi xüsusilə onları xeyli təəccübləndirib, məmnun etdiyindən söyləmişlər ki, sizlər xoşbəxtsiniz, teatrınızda belə bir geniş dünyagörüşlü, yüksək erudisiyalı, istedadlı bir rəssam vardır. Bu tamaşa rəssamın yaradıcı həyatında dönüş yaradaraq onu sənət zirvəsinə qaldırmışdır. Məhz bu tamaşadan sonra həmin il Məmməd Qasımov (1967-ci il 21 noyabr tarixli Fərmanla) muxtar respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Məmməd Qasımov daim uğurlar əldə edən rəssam olub. Onun uğurlarının əsas səbəbi fədakarlığı, çalışqanlığı, əzmkarlığı, iradəsi, dözümü, tükənməz səbr sahibi olması idi. Doğrudan da, rəssamın ümümilikdə yaradıcı fəaliyyətini gözdən keçirəndə bir insanın nə qədər səbirli olmasını sözlə ifadə edə bilmirsən. Elə insanlar var ki, onların yaradıcılıq imkanlarını ifadə etməyə söz yetmir. Məmməd Qasımov məhz o cür böyük sənətkarlardandır. Onun haqqında ailəsinin, onu tanıyan insanların dilindən ancaq xoş sözlər, ağız dolusu təriflər eşidə bilirsən. Rəssamın əməyi sağlığında yüksək dəyərləndirilərək Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin və Bakı Şəhər Sovetinin Fəxri fərmanları, “Əməkdə fərqlənməyə görə” medalı, SSRİ Mədəniyyət Nazirliyinin “Əlaçı mədəniyyət işçisi” döş nişanı ilə təltif olunan Məmməd Qasımov 1967-ci ildə (Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 21 noyabr tarixli Fərmanı ilə) muxtar respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. O, dəfələrlə Azərbaycan rəssamlarının və teatr xadimlərinin qurultaylarına nümayəndə seçilib.Uzun illər Azərbaycan Teatr Cəmiyyətinin - indiki Teatr Xadimləri İttifaqının üzvü olan və 1970-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunan M. Qasımov bir il sonra Naxçıvanda rəssamlar təşkilatının yaradılması təşəbbüsünü irəli sürür. 1971-ci ilin iyun ayında respublikanın rəhbəri Heydər Əliyevin bilavasitə dəstəyilə yaradılan Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatına məhz ulu öndərin tövsiyəsilə gənclik illərindən yaxşı tanıdığı Məmməd Qasımov ilk sədr seçilib. Bu təşkilatın qurulmasında və formalaşmasında, Naxçıvanda Azərbaycanın və muxtar respublikada yaşayan tanınmış rəssamların fərdi sərgilərinin təşkilində, gənc istedadların istiqamətləndirilməsi və həvəsləndirilməsində onun danılmaz xidmətləri olub.Bundan başqa M. Qasımov uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub, Naxçıvan şəhərində internat-məktəb açıldığı gündən (1961) əvvəl burada, daha sonralar isə 4 №-li orta məktəbdə rəsm və rəsmxət müəllimi işləyib, şəhərdə ilk dəfə, Pionerlər Evində özünün təşkil etdiyi rəssamlıq studiyasına 1950-60-cı illər ərzində rəhbərlik edib. Həmin studiyadan pərvazlanan gənclərdən 30 nəfərdən artığı sonralar respublikamızın və SSRİ-nin müxtəlif ali və orta ixtisas məktəblərində təhsillərini davam etdirərək tanınmış rəssamlar kimi məşhurlaşıb, onlardan 5 nəfəri SSRİ Rəssamlar İttifaqının üzvü olub.Bir teatr rəssamı kimi tanınan M. Qasımov portret, mənzərə, qrafika və plakat janrında da dəyərli əsərlər yaradıb, bir sıra karikaturaları dəfələrlə “Kirpi” jurnalında və müxtəlif qəzet səhifələrində dərc olunub. Qeyd etmək yerinə düşər ki, Məmməd Qasımov muxtar respublikanın ilk karikaturaçı rəssamı kimi də tanınmaqdadır. O, həmçinin müntəzəm olaraq əlamətdar və bayram günlərində Naxçıvan şəhərinin küçə və meydanlarının bədii tərtibatında özünün müxtəlif plakat və portretlərilə yaxından iştirak etməklə müntəzəm olaraq bu işlərə də rəhbərlik edib.Məmməd Qasımov ədəbi və publisistik yaradıcılığa da meyl edib. Onun teatr rəssamlığına, səhnəqrafiyaya, görkəmli rəssamların həyat və yaradıcılığına həsr olunmuş onlarla məqaləsi dövri mətbuatda dərc olunub.100-dən artıq rübai müəllifi olan M. Qasımov həmçinin Y.V. Çəmənzəminlinin “Qızlar bulağı” romanını səhnələşdirərək qədim tariximizə dair çox maraqlı bir pyes də ərsəyə gətirib. O, yerli şair və yazıçıların Naxçıvanda çap olunan bir sıra kitablarının da bədii tərtibatını verib.Malisəf, həyat təzadlarla doludur. 1987-ci il - Məmməd Qasımov ömrünün son səhifəsidir. Həmin il yanvar ayının 28-də o, Naxçıvan şəhərində vəfat edib, böyük sənətkar əbədi olaraq biziləri cismən tərk edib. Ömrünün ikinci baharını yaşadığı 62 yaşında əbədiyyətə qovuşan sənətkarın ailəsi, xüsusilə onu sevən həyat yoldaşı, şairə - Kəmalə xanım Ağayeva, övladları - Ələkbər, Könül, Ələddin, onun ikinci evi Naxçıvan Teatrında uzun illər birgə işlədiyi dostları, yoldaşları onu tanıyan hər kəs üçün bu itki çox ağır olub...1987-ci il - həm də Naxçıvan Teatrının tarixi üçün əlamətdar illərdən biridir. Həmin ilin iyun ayında Naxçıvan Dövlət Musiqili Dram Teatrının gecikmiş 100 illik yubiley təntənəsi keçirilib. Həmin tədbirdə M.Qasımov böyük hörmət və ehtiramla xatırlanıb. Qeyd olunub ki, 44 illik teatr fəaliyyəti dövründə 107 tamaşanın quruluşçu rəssamı olmuş M. Qasımov istər klassik və müasir Azərbaycan dramaturgiyasının, istərsə də müxtəlif dövrləri əhatə edən xarici dramaturgiyanın nəbzini çox gözəl duyan, üzərində çalışdığı hər bir əsərin ideyasını və ana xəttini düzgün qavrayan, pyesin bəhs etdiyi dövrü dərindən öyrənən və ən əsası səhnədən öz sözünü deyə bilən, bununla da müəllif fikrinin, rejissor yozumunun tamaşaçıya çatdırılmasına vasitəçilik edən bir rəssam olmaqla Azərbaycanın üç ən görkəmli teatr rəssamlarından biri kimi tanınıb.Təsadüfi deyil ki, 1987-ci ildə Naxçıvan Teatrının 100 illik yubiley təntənəsində çıxış edən sənətşünaslıq doktoru, professor Kərim Kərimov bu barədə fikrini belə ifadə etmişdir: “...Mən tez-tez işlətdiyim ifadəni bu gün burada teatrın bugünkü 100 illik təntənəsində bir daha təkrarlamaq istəyirəm ki, Azərbaycanda səhnədən söz deyə bilən, adı böyük hərflərlə yazılası üç teatr rəssamı tanıyıram. Onlardan ikisi Bakıda - Nüsrət Fətullayev və Elçin Aslanov, üçüncüsü Naxçıvanda - bir neçə ay əvvəl dünyasını dəyişmiş Məmməd Qasımovdur.17 yaşından ömrünü bu teatra bağlayan və son 35 ildə Naxçıvan Teatrının baş rəssamı kimi yorulmaz fəaliyyət göstərən, bu ilin əvvəlində qəflətən dünyasını dəyişmiş istedadlı teatr rəssamı, Muxtar Respublikanın Əməkdar İncəsənət xadimi Məmməd Qasımov təkcə Naxçıvan Teatrında 100-dən artıq tamaşaya bir-birindən artıq maraqlı bədii quruluş vermişdir.”Quruluşçu rəssamı olduğu tamaşalar haqqında mütəmadi olaraq mərkəzi və yerli mətbuatda dərc olunan resenziyalarda Məmməd Qasımovun işi görkəmli teatrşünaslar və ədəbiyyatşünaslar tərəfindən həmişə müsbət rəylə yüksək qiymətləndirilib. Bir sıra alimlərin, teatr tədqiqatçılarının elmi əsərlərində - dissertasiya, monoqrafiya və məqalələrində görkəmli səhnə rəssamının yaradıcılığı da geniş işıqlandırılıb.Müxtəlif illərdə M. Qasımovun həyatı və çoxşaxəli yaradıcılığı haqqında dəfələrlə “Qobustan” jurnalında, “Ədəbiyyat və incəsənət”, “Şərq qapısı”, “Sovet Naxçıvanı”, “Nuh yurdu” qəzetlərində, Naxçıvan Regional Elmi Mərkəzinin və Naxçıvan Dövlət Universitetinin konfrans materiallarında maraqlı məqalələr verilib.Anadan olmasının 90 illiyi münasibətilə 2016-cı il martın 10-da - Milli Teatr Günündə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B. Kəngərli adına sərgi salonunda konfrans-sərgi təşkil olunub. Burada məşhur səhnə ustaları - xalq artistləri və M. Qasımovun yetirmələri - tanınmış rəssamlar ürək sözlərini, xatirələrini söyləyib, sonra konfrans iştirakçıları görkəmli sənətkarın maraqlı sərgisilə tanış olublar. Sərgidə onun tamaşalara çəkdiyi dekor, geyim və qrim eskizlərin, özünün hazırladığı maketlər, quruluşçu rəssamı olduğu tamaşaların afişaları və haqqında sovet dövründə və müstəqillik illərində yazılmış məqalələrin dərc olunduğu qəzet və jurnallar nümayiş olunub. Həmin ərəfədə “Qobustan”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” və Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalları sənətkarın 90 illiyinə həsr olunmuş xüsusi məqalələr dərc edib.2020-ci ildə isə Azərbaycanın görkəmli teatr rəssamlarından biri, muxtar respublikanın əməkdar incəsənət xadimi, Naxçıvan Rəssamlar Birliyinin ilk sədri olmuş Məmməd Qasımovun anadan olmasının 95 illiyi qeyd olunub. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva mərhum rəssam Məmməd Qasımovun 95 illiyinə “Üç yaxşıdan biri” sərlövhəli məqalə həsr etmiş “525-ci qəzet”də çap etdirmişdir.Bəli, Məmməd Qasımovun istər həyatı, istərsə də yaradıcılığı bütünlükdə, xüsusilə gənc nəslin dünyagörüşünün formalaşmasında tərbiyəvi əhəmiyyətə malikdir. Hər kəs Məmməd Qasımovun həyat və yaradıcılıq fəaliyyətində əxlaqi dəyərləri, Vətənə, ailəyə, işlədiyi yerə bağlılığı, dostları sevməyi, yaşından, vəzifəsindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşmağın necə olduğunu görə bilər. Sənətkarın zəngin bədii irsinin tədqiqi, öyrənilməsi, öyrədilməsi olduqca mühüm əhəmiyyətə malikdir.Məmməd Qasımov yaradıcı insan əzmkarlığının böyük simasıdır. O, fədakar, sənətə bağlı, insanları sevən, yaşından, kimliyindən asılı olmayaraq hər kəsə yüksək hörmətlə yanaşan, hamını öz dilində danışdırmağı bacaran sənətkar idi. Az və yaxud çox qabiliyyəti olan insanlar sənətkarlıq zirvəsinə qalxa bilər, amma hərtərəfli sənətkar olmaq hər kəsə nəsib olmur. M.Qasımov məhz belələrindəndir. Rəssamın titanik yaradıcılığında bir sərnişin olub, onun "sənət okeanına" bir anlıq səyahət edəndə bu sözləri deməmək mümkün deyil. Onun sənət əsərləri hər kəsi öz dilində dindirir, danışdırır. Uşaq olsun, ya böyük sənətkarın yaratdıqları qarşısında heyranlığını gizlədə bilmir. Duyduqlarını ifadə etmək üçün sözlər adiləşdiyindən sadəcə susursan. Ən əsası da, insan səbrinin, əzmkarlığının, fədakarlığının, sevgisinin ən yüksək məqamını bu sənətkarın yaradıcılığında müşahidə edirsən. Çox doğdu deyiblər ki, sənətkarı yaşadan xalqdır! Bu, həqiqətən də belədir. Xalqının layiqli sənətkarlarından olan - Naxçıvan Muxtar Respublikanın Əməkdar incəsənət xadimi, SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının ilk sədri, düz 35 il - ömrünün sonuna kimi Naxçıvan Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışmış Məmməd Qasımovu da elə öz xalqı yaşadır. Əminik ki, onun qurub, yaratdığı zəngin bədii irsi uzun illər, qərinələr keçməsinə baxmayaraq, daim yaşayacaq və bu yaradıcılıq kolleksiyası sənətdə kövrək addımlarını atan gələcək sənətkarlar, teatrsevərlər üçün bir mayak olacaq.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.