XIDIR ORUCOĞLU (1958): "Alçalmaq asandır, yüksəlmək çətin..."

XIDIR ORUCOĞLU (1958): "Alçalmaq asandır, yüksəlmək çətin..."
XIDIR ORUCOĞLU
(1958)

Xıdır Oruc oğlu Məmmədli
- 1958-ci ildə
qədim Borçalı mahalında - indiki Gürcüstanın
Bolnisi rayonun­dakı Darvaz kəndində
dünyaya göz açıb.
Orta təhsillidir. Fəhlə işləyir.
Şeirləri «Ziya», «Gənc müəllim», «Borçalı», «Təh­sil» «Şərqin səsi», «Ədəbiyyat qəzeti», «Qələbə bayrağı», «Gür­cüstan» və s. qəzetlərdə, «Addımlar», «Canım Azərbaycanım», «Sazlı-Sözlü Borçalı», «Sazlı-Sözlü Başkeçid», «Zirvə», «Boradigah», «Dar­vaz» və s. ədəbi məcmuələrdə - poeziya antologiyalarında işıq üzü görüb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “El qucağında” adlı bir şeirlər kitabının müəllifidir.
Kitabına "Ön söz"ü Azərbaycanın Xalq şairi Məmməd Araz yazmışdır.
Xıdırın şeir­lərinin əsas mövzusunu Ana Vətənə, doğma Ata yurduna bağlılıq, kənd zəhmət­keşlərinin əməyi, rastlaşdığımız problemlər, günümüzün əcaiblik­ləri və s. təşkil edir.

Xıdır Orucoğlu Bakıda yaşayıb-yaratmış həm­yerlimiz, şair Eldar Hacıyevə həsr etdiyi şeirdə deyir:

Nələr saldın indi mənim yadıma,
Xatirimdə günlər çözələndi, gəl.
Gözlərim önündən keçdi xəyaltək,
Ömrüm, günüm sanki təzələndi, gəl.

Seyr edib çəməni, dağlara çıxaq,
Boylanıb zirvədən Darvaza baxaq.
Lalələr toplayıb, nərgizlər yığaq,
Çöllərə bənövşə düzələndi, gəl…

X.Orucoğlunun «Dağlar», «Ormeşəndə görmüşəm», «Azad qadın heykəli», «Ana» şeirləri öz oxunaqlığı ilə seçilir.
Onun satirik şeirləri də diqqəti cəlb edir.

Alçalmaq asandır, yüksəlmək çətin,
Hər şərəfli yolda durasan mətin,
Babalardan qalmış adın, adətin
Tapdayıb zibilə qatma, amandı,

- deyən X.Orucoğlu üzdəniraq bəzi əliəyri avtobus sürüclərini tənqid etdiyi «Şofer» şeirində isə yazır:

Şair Xıdır söylər sözün düzündən,
Gəl salma özünü elin gözündən,
Bir gün olar, nişan qalmaz izindən,
Vurarlar arada təpik də, şofer.

Aşağıda Xıdır Orucoğlunun bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Müşfiq BORÇALI.



MÜƏLLİM

Orta məktəbdə tarix müəllimim olmuş
görkəmli dilçi-alim, filologyiya elmləri doktoru,
professor Mədəd Çobanova dərin məhəbbətlə


Uca dağlar başı daim qar olar,
Kövrəlmə, baxanda başa, müəllim.
Parlaq günləriniz hələ öndədir,
İlham al dünyadan, yaşa, müəllim.

Arzuların çiçək açıb, bar verib,
Sizə şöhrət kimi dövlət-var verib.
Hər əsərin bizə bir nübar verib,
Ötməyib illərin boşa, müəllim.

Xəyalın tarixi edərkən soraq,
Həmdəm olub sənə qələm və varaq.
Tarixin düyünlü sirrin açaraq,
Durdun alimlərlə qoşa, müəllim.

Bu gündən sabaha təzə iz saldın,
Keçmişdən bu günə daim söz saldın.
Sönmüş ocaqlara özün köz saldın,
Ad qoydun torpağa, daşa, müəllim.

Borçalı xalqına fəxri dayaqsan,
Tarixə bələdçi kimi oyaqsan.
Durmusan keşikdə əsgərsayaq sən,
Qoyma düşmən sərhəd aşa, müəllim!


MÜŞFİQ

(İlk şeirlərimin və ilk kitabımın çapına səbəbkar olmuş
xeyirxah eloğlum Müşfiq Çobanlının “Ağır elli Borçalı” kitabını oxuyarkən.)


Əl atıb bağından bir bar dərmişəm,
Bu sovqat mənə ilk nübardı, Müşfiq.
Fidan arzuların boy atan zaman,
Fərəhdən ürəyim qabardı, Müşfiq.

Oxuyub kitabın öpüb qoxlaram,
Əziz canım kimi təmiz saxlaram.
İlhamım dil açıb coşub çağlaram,
Aldı fikir məni apardı, Müşfiq.

Şair Xıdır ömrü sözə bağladı,
İllər ötdü, kədər onu haqladı.
Tutuldu yolları, gizlin ağladı,
Nicat yolun sizdə tapardı, Müşfiq.

“Addımlar” Poeziya toplusu,
N: 2, B., 1995.



SAHİB

Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya gəl­miş
və Qarabağda qəhrəmancasına Şəhid olmuş
Sahib Almaz oğlu Məmmədovun
əziz xatirəsinə


Ömrünü yaşadın saf niyyət ilə,
Nə sərvət, nə şöhrət gəzirdin, Sahib!
Nə vaxt dərdli gördün doğma Vətəni,
Başının üstünü kəsərdin, Sahib!

Sən həm kövrək idin, həm ərköyündün,
Elin qüruruyla daim öyündün.
Vətən çağrışına hərbi geyindin,
Fərari kəslərdən küsərdin Sahib!

Ər atalardan da ər oğul törər,
Hünər meydanına mərd igid girər.
Vətən olan yerdə xalq şəhid verər,
Yaralı canınla dözərdin, Sahib!

Xeyir-dua aldın elin, obandan,
Mərdlik miras qalıb Namaz babandan.
Xalqına məhəbbət gəlibdir qandan,
Şöhrətinlə eli bəzərdin, Sahib!

Deyirlər olmayır əsgər yuxusu,
Səngərlərdə keçir vaxtın çoxusu.
Hər an güllə səsi, ölüm qoxusu,
Kim deyər o gündən bezərdin, Sahib!

Xaraba görəndə hər kənd evini,
Yamanca pozubdur sənin kefini.
Harada gördün o "insan div"ini,
Silahla başını əzərdin, Sahib!

Belə olub son vaxt səndə xasiyyət,
Gördün dəyişir o canda vəziyyət.
Qisas al düşməndən edib vəsiyyət,
Yeri-göyü gözlə süzərdin, Sahib!


KEÇİB

Heç nə silinməyib xalq yaddaşından,
Hər sözü elə bir ələkdən keçib.
Dahilər yetirib bizim xalqımız,
Hər birinin yolu bələkdən keçib.

Tarixin keçmişi uludan ulu,
Şüarımız olub ədalət yolu,
Keçilən yolları əzabla dolu,
Tarixin yazısı lələkdən keçib.

İgidlər süngüylə, şair qələmlə,
Qələbə çalıblar nasirlər elmlə.
Xətai çırpışıb ölüm-dirimlə
Qoç Babək qolundan, biləkdən keçib.


DEMƏ

Nadürüst bir kəsə yoldaş olmuşdum,
Altdan-altdan məndən yazırmış demə.
Bələd olmamışam onun halına,
Dostunu satmağa hazırmış demə.

Dosta sadiq bilib ona inandım,
Acıyıb taleynə daim yanandım,
Onu özümə ən əziz dost sandım,
Ayağım altını qazırmış demə.


BİLƏR

Nadan kəslə dostluq etsən,
Bir gün dönük çıxa bilər.
Dar günündə bəd ayaqda,
Gözlə səni yıxa bilər.

Hər insanda yox etibar,
Fitnə­karın yüz fəndi var.
Üzdə sənə şirin olar,
Dalda qaxınc qaxa bilər.

Nadan kəsin qayğısın çək,
Əzabına döz özün tək.
Tök pulunu ətək-ətək,
Sənə yandan baxa bilər.


A XURAMAN

(Ərzaq mağazasında işləyən
qonşu qızı Xuraman xanıma)


Zara gəldim belə dünya əlindən,
Hər zaman çəkmişəm mən axır-aman.
Ömrümün yolları hamar olmadı,
Gah dağa düşmüşəm, gah da xıra mən..

Bir bölük külfətə oldum mən ata,
Çətin gündə həsrət qaldım manata.
Dözüm yoxdur indən belə mana ta,
Çətin sağ qalam bu il axıra mən.

Ha istədim nisyə ərzaq az alım,
Bircə yolluq borcu nistən azalım.
Bilmirəm azalmır niyə a zalım,
Xıdırı üzür bu dərd a Xuraman.


GÖRDÜM

Bəhrəsi olmayan öz eli üçün,
Yurdunda bayquştək ulayan gördüm.
Fərasətsiz olan nadan kəsləri,
Dörd yanın həmişə dalayan gördüm.

Cəsarət, qeyrətdən onda səy hanı,
Beyninə batmaz sən ona sayanı.
Fikri, zikri vurmaq olur ziyanı,
Özgə malın daim talayan gördüm.

Arzusu, istəyi gözdə puç olar,
Nə şöhrəti, nə ad-sanı ucalar.
Görəndə, ziyalı, alim, qocalar,
Ona-buna quyruq bulayan gördüm.

Ondan ötrü millət nədir, zad nədir,
Fərqin bilməz soyad nədir, zat nədir.
Ögey nədir, doğma nədir, yad nədir,
Gündə yadın qabın yalayan gördüm.

Halal kəsə hər vaxt o qara yaxar,
Məqam güdüb xəlvət o dostu yıxar.
Üzə durub suçsuz üzü ağ çıxar-
Ara vurub meydan sulayan gördüm.

Çöldə fərə olub, evdə qoç olar,
Uşaq döyər, arvad ilə saç yolar.
Nə ölər, nə itər, nə də qocalar,
Qırx arxı bir yerə calayan gördüm.


İSTƏDİM

Pərişan görəndə kimsənin halın,
Dərdini öz dərdim bilmək istədim.
Dərdimi içimdə təkcə çəkmişəm,
Sevinci hamıyla bölmək istədim.

Əridi yox oldu üzlərdən həya,
İtirdik yaxşını biz duya-duya.
Kiçiklər böyüyü saymasa saya,
Kəndirdən boğaza ilmək istədim.

Ali cənab bildik biz müəllimi,
Bizə qanun olub əvvəl təlimi.
Satanda şagirdə verdiyi elmi,
Xəcalətdən vallah ölmək istədim.


MANANA

(Gürcü qızı müğənni Mananaya)


Məclislər içində bir gözəl gördüm,
Əcəb heyran oldum mən ona, Ana.
Feyziyab eyləyib məclis əhlini,
Gözəllik verirdi hər söz, Mənana.

Qəlbi təmiz, xətri əziz gəlindi,
Hünərinə alqış deyək gəlin di.
Dinləyib özünü bir an gəl indi,
Görək hansı eldən gəlib Manana.

Elə gözəl şövqlə mahnı oxuyar,
Könlüm mahnısını daim ox, uyar.
Hər sözündə deyər oxu, oxu yar,
Yaşasın deyirəm bax mən ənənə.


DEYİRSƏN

Xətrini dost, qardaş qədər əziz tutduğumuz müdirimiz
Cavanşir Güləhmədova dost zarafatı ilə.


Gözlərim qalıbdır Vətən yolunda,
Bü günümə də sən ömür deyirsən?!
Durmusan üstümdə bir müdir kimi,
Addım başı mənə əmr deyirsən.

Bir mərhəmət göstər qoy cavab olsun,
Səxavət əməlin bir savab olsun,
Fəhlənin yediyi xaş, kabab olsun,
Al əlinə sümük sümür deyirsən.

Xəbərimiz yoxdur zümrüd, daş-qaşdan,
Məvacibmiz çıxır elə bil daşdan,
Xıdır söz salanda nə vaxt ki, maaşdan,
“Götür süpürgə, yer süpür”, - deyirsən.


Şəhidlər

Ədəbi məşələ dönüb həyatı,
Xalqının yolunda yanıb Şəhidlər.
Vətənin dar günü canından keçib,
Nəcib əməlini danıb Şəhidlər.

Nə vaxt Azərbaycan dara düşübdü,
Qarabağ tilsimi tora düşübdür.
Ellər qaçqın, yurdlar qora düşübdür,
Torpağın tapdanmış qanıb Şəhidlər.

Sarsıda bilməyib onları şaxta,
Döyüşüb, vuruşub qarda, sazaqda.
Bir dərdli görəndə hansı ocaqda,
Özünü o, insan sanıb Şəhidlər.

Başı üsdən yağış kimi od səpər,
Sinəsi gülləyə olubdur sipər.
Məzarın ziyarət bilib el öpər,
Azadlığın hər an anıb Şəhidlər.


***
Əfqanıstan və Qarabağ döyüşlərinin iştirakçısı olmuş
mərhum gizir Ramiz Məmmədovun xatirəsinə həsr edirəm.


Gəzmə belə yasdı qar,
Gözü yaşlı nazlı yar.
Ayrılmazdım sizlərdən,
Fələk belə yazdı, yar!

Ötən günü duymazdım,
Bu dünyadan doymazdım.
Dərd yaxamı haqlandı,
Heç onu mən saymazdım.

İgid bir mən gizirdim,
Hamıyla şən gəzirdim.
Xalqa gülüş verəndə,
Öz ağrıma dözürdüm.

Məhər müəllim

Universitetdə zəif oxuyan tələbələrin dilindən


Bir yuxu görmüşəm bu keçən gecə,
Təlx oldu ovqatım səhər, müəllim
Görürəm səhrada atla gedirəm,
Yıxdı birdən məni kəhər müəllim.

Bu universitetə girəndən bəri,
Sürünə-sürünə keçdim illəri.
Gələndə vaxtı hər zaçot günləri,
Ömrüm-günüm olur zəhər müəllim.

Smestr imtahan durur önümdə,
Ürəyim çırpınır quş tək sinəmdə.
Kimdən kömək umum bu dar günümdə,
Bilmirəm edim nə təhər müəllim.

Atama-anama çatmayır əlim,
Neyləyim başıma girməyir bu elim.
Bir “üç” verin çıxıb gedim mən ölüm,
Vallah, boğur məni qəhər müəllim.

Bir olmaz barmağın əldə beşidə,
Səxavət gərək hər bir ər kişidə.
Döyünür ürəyim sanki şüşədə,
Qurtar məni dardan, Məhər müəllim.


A Tapdıq
Darvazlı Tapdıq Hacıyevə


Çatıbdı ellərə yazın müjdəsi,
Bəlkə də başlayıb əkin, a Tapdıq.
Özünü dünyada bəxtəvər sandın,
Ömrün keçdi çöldə nəkin, a Tapdıq.

Getməyir xəyaldan o ötən çağlar,
Bəzənmiş gəlintək yamyaşıl dağlar.
Hər döşündə sərin bir çeşmə saxlar,
Səni gözlər hər dağ, dikin a Tapdıq.

Dosta sadiq oldun çətində, darda,
Başın üstün aldın, olmusan harda.
Mənliyin görmədim dövlətdə, varda,
Mənası yox ömrün təkin, a Tapdıq.

Keçdiyin yollardan yenə keçəydin,
Arandan yaylağa qonaq köçəydin.
Köhnə binə yerin məskən seçəydin,
Ata yurduna baş çəkin, a Tapdıq.

Vətən harayına özün hay verdin,
Xalqın yolunda candan pay verdin.
Qeyrətlə düşmənə neçə say verdin,
Az oğul gördün sən təkin, a Tapdıq.

Elmir

Cücərib qəlbimdə sevgi toxumu,
Sayır günlərini, ayını, Elmir.
Tələsir vüsala tez çatsın bircə,
Çatdırsın evində toyuna, Elmir.

Rahat yata bilmir onsuz gecə də,
Diksinir gələndə hər səs küçədə.
Bir-birinə oxşar görün necə də,
Elə bil tapıbdır tayını, Elmir.

Məktəbə aparıb, evə gətirir,
Gününü onunla birgə ötürür.
Verdiyi sözlərə əməl yetirir,
Verir hə bayrama payını Elmir.

Mahuzar

Allahım mehriban yaradıb səni,
Saf qəlbin çiçəkdən zərif Mahuzar.
Hər gələn qonağa hörmət eylədin,
Otaqlara xalı sərif Mahuzar.

Şən gördüm həmişə sənin ovqatın,
Paylanar dostlara bayram sovqatın.
Olmaz sənin kimi gəlin, ev qadın,
Yaraşır şəninə tərif, Mahuzar.

Allah pənah durar balan Turala,
Elin bir gözəli ona yar ola.
Oynayıb toyunda hamı yorula,
Sizə xeyir-dua verif, Mahuzar.

Əslim Borçalıdı, Orucoğluyam,
Əzəldən çöllərə qəlbən bağlıyam.
Bir əmanət gül ver, əziz saxlayam,
Sevimli bağından dərif, Mahuzar.


Dedi

Qəlbimi söylədim sevdiyim qıza,
Bilirəm dərdimdən xəstəsən, -dedi.
Könlümü vermərəm hər zaman sənə,
Adi sözlə məni istəsən, - dedi.

Yarana arada məhəbbət, inan,
Ömür yollarında qoy olsun sınam.
Sənin kimi mən də oduna yanam,
Arzuya çatarsan gözəlsən, - dedi.

Atadan-babadab olubdur adət,
Üzə gülməyibdir asan səadət.
El yolunu eylə səndə itaət,
Bəxtin üzə gülər izdəsən, - dedi.

Mən səni özümə həmdəm bilirəm,
Dərdimi səninlə birgə bölürəm.
Harada olsam da qaçıb gələrəm,
Məni saf ürəklə səsləsən, -dedi.

Söylədim ay Xıdır, bir qulaq asın,
Qismətin olaram yazısa yazın.
Mən çəkərəm ömrüm boyu hər nazın,
Arada məhəbbət bəsləsən, - dedi.


Bayatılar

Anam Nazxanım Abdulla qızının xəstə yatan vaxtı sözlərini, fikirini bayatıya çevirdim.


Ümid yerim Zahiddi,
Mənə görə şah idi.
Gözüm onu axtarıb,
Allah mənə şahiddi.

Dilim deyir əmim hey,
Batır suda gəmim hey.
Gözüm gəzir qohumu,
Niyə gəlmir kimim hey.

Başın qatır o al-ver,
Köçüb gedim qoy yol ver.
Çadır vida mərasim,
Ay əzizim bir-bir əl ver.

Endim dağdan düzə mən,
Bacarmadım dözə mən.
Ha istədim yaşayım,
Çatamadım yüzə mən.


***

Qızım Könülün toy günü münasibətilə yazdığım şeir


Bu nə gözəl bağdı yar,
Açdı məndə bəxtiyar.
Qızım gəlin köçübdür,
Olsun yarla bəxtiyar.

Məktub yazdım Qulama,
Toxunmasın balama.
Qızım orda gəlindir,
Yaxşı baxsın balama.

Boyu bəstə Fatmadı,
Onsuz nənə yatmadı.
Dilim qızım haraylar,
Heç səsim də çatmadı.

Sözüm çatar Ordubada,
Şənlik olar dörd obada.
Qızım gəlin köçən il
Dönüb olar yurd abada.

Göy maşınım “Belarus”du,
Dildə sözüm Əruzdu.
Qızım gəlin köçən ev
Olsun görüm belə ruzdu.

XIDIR ORUCOĞLU,
“Qızıl Qələm” və “Abdulla Şaiq”
mükafatları laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
"ŞƏRQİN SƏSİ" qəzeti,
Dekabr, 2011.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Eşit harayımı MÜŞFİQ ÇOBANLI!..

Eşit harayımı MÜŞFİQ ÇOBANLI!..

Darvaz, Arxiv, Müşfiq Borçalı
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
YƏHYA DARVAZLI (1935-2023)

YƏHYA DARVAZLI (1935-2023)

Poeziya, Müsabiqə, Darvaz
Tofiq BƏXTİYAR:

Tofiq BƏXTİYAR: "Necə şəhid oldu, yolunda qurban, Odlar diyarısan, ay Azər ...

Müsabiqə, Başkeçid
Tanınmış şair-müəllim-rəssam-pəhləvan və el ağsaqqalı YƏHYA BORÇALI vəfat e ...

Tanınmış şair-müəllim-rəssam-pəhləvan və el ağsaqqalı YƏHYA BORÇALI vəfat e ...

Darvaz, Nekroloqlar
Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Rustavi, Qarayazı, Nekroloqlar
MURTUZ FƏRHADOĞLU (1967)

MURTUZ FƏRHADOĞLU (1967)

"SAZLI-SÖZLÜ BORÇALI"
Teymur İSMAYIL (1982)

Teymur İSMAYIL (1982)

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid
Sürayyə Nəsib:

Sürayyə Nəsib: "Mən ki "Karonaya" yoluxmamışam..."

Naxçıvan, Müsabiqə
Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi:

Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: "Dostun evi könüllərdir!.." ( ...

Mədəniyyət, Tv, Borçalı, Darvaz
DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov  (1972-1993)

DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov (1972-1993)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ALMAZ İLAHƏ ƏHMƏDOVA:

ALMAZ İLAHƏ ƏHMƏDOVA: "QAYIT, ÖMRÜM-GÜNÜM"

Poeziya
XATİRƏ XƏYAL (1971)

XATİRƏ XƏYAL (1971)

Poeziya, Müsabiqə, Qərbi Azərbaycan
Esmira Şükürova:

Esmira Şükürova: "Bir stəkan qatıq"

Nəsr
Gülbəniz AĞASIYEVA (1964)

Gülbəniz AĞASIYEVA (1964)

Müsabiqə
MEHRİBAN İBRAHİMOVA (1958)

MEHRİBAN İBRAHİMOVA (1958)

Müsabiqə
Musa GÜLMƏMMƏDOV: Dosta etibarı var Borçalının!..

Musa GÜLMƏMMƏDOV: Dosta etibarı var Borçalının!..

Poeziya, Borçalı, Təbriklər
Mirhəsən Ağayev (1951)

Mirhəsən Ağayev (1951)

Müsabiqə
Səadət BUTAnın ithaf şeirləri

Səadət BUTAnın ithaf şeirləri

Poeziya, Borçalı, Başkeçid, Müşfiq Borçalı
Rəy yazın: