İki Vətənin şair övladı

İki Vətənin şair övladı RAFİQ HÜMMƏT
(1965)

Rafiq Hümmət Borçalı ədəbi mühitində yaşayıb-yaradan yazarlardandır.
Onun poeziyası, tərcümələri və publisitikası müstəqillik dövrü Azərbaycan ədəbiyyatını forma, məzmun, bədii təsvir və ifadə vasitələri baxımından yeniləşdirdiyi kimi, həm də zənginləşdirir. Şairin poetik yaradıcılığlnda dünya, həyat, tale, insan haqqında poetik düşüncələri xüsusi yer tutur. R.Hümmət həm də Azərbaycan-gürcü ədəbiyyatları arasında körpü rolu oynayır.
Rafiq Hümmət oğlu Hümmətov - 1965-ci il fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Doğma kəndində orta məktəbi (1982), S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini (1991) bitirib. 1991-ci ildən "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzetində çalışıb. 1997-ci ildə Rustavi şəhərində nəşr olunan "Region" qəzetinə redaktorluq edib. Bir müddət Bakıda yaşayıb-yaradan R.Hümmət bir çox mətbu orqanlarda ("Şərq", "Yeni Azərbaycan") çalışıb, "Milliyyət" qəzetinin baş redaktoru olub. O, ədəbi uğurlarına görə, 2000-ci ildə Azərbaycanda gənc yazıçılar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. O, 2004-cü ildə Gürcüstana qayıdıb, burada ədəbi yaradıcılığını davam etdirib, elə həmin il də Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə "Ədəbi Gürcüstan" adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzinin sədri və "Varlıq" həftəlik qəzetinin baş redaktorudur.
Rafiq Hümmətin poetik yaradıcılığından nümunələr 80-ci illərdən bəri Azərbaycan, Gürcüstan və Türkiyədə çıxan ədəbi mətbuatda - dərgi, qəzet və saytlarda nəşr edilib. "Salam, dünyanın yiyəsi..." (2000) şeirlər kitabı şairin ilk kitabıdır. Onun toplayıb nəşrə hazırladığı və 2007-ci ildə Tbilisidə nəşr etdirdiyi "Ədəbi Gürcüstan" və “Ədəbi Gürcüstan: son 350 ilin ədəbi antologiyası” (sonuncu N.Əbdülrəhmanlı ilə birgə, 2012) topluları ədəbi dairələrdə böyük maraqla qarşılanıb. Eyni zamanda Rafiq Hümmətin rəhbərliyi ilə "Koroğlu" eposu, "Min bir Azərbaycan bayatısı" və "Hekayələr və nağıllar" toplusu iki dildə - gürcü və Azərbaycan dillərində - hər biri ayrıca kitab şəklində nəşr olunaraq oxuculara çatdırılıb.
Rafiq Hümmətin poetik yaradıcılığı və ədəbi fəaliyyəti Gürcüstanda ədəbi mühiti yaşatmaq, yaradıcı soydaşlarımıza Gürcüstan ədəbi mühitində layiq olduqları yeri qazandırmaq, Gürcüstan-Azərbaycan ədəbi və mədəni əlaqələrini yeni mərhələyə qaldırmaq baxımından son dərəcə əhəmiyyətlidir. Elə bunun nəticəsidri ki, onun toplayıb nəşrə hazırladığı və Tbilisidə nəşr etdirdiyi sanballı "Ədəbi Gürcüstan" toplusu ədəbi dairələrdə böyük maraqla qarşılandı. Bir neçə il sonra isə son 300 ildə Gürcüstanda yaranan Azərbaycandilli ədəbiyyatımızın daha bir sanballı nəşrini gerçəkləşdirməsini mədənityyətimizə və ədəbiyyatımıza əsl ziyalı xidməti saymaq olar. Bununla yanaşı, o, 30-a qədər qələm sahibinin kitablarını tərtib və redaktə edib, işıq üzü görməsi üçün əlindən gələni əsirgəməyib.
R.Hümmət bədii tərcümə ilə də məşğuldur. Çağdaş gürcü və rus poeziyasının bir çox nümunələri onun tərcüməsində işıq üzü görüb.
Rafiq Hümmət Borçalı ədəbi mühitində yazıb-yaradıb; lakin cəsarətlə demək olar ki, heç vaxt bu mühitə qapanıb qalmayıb, daim daha geniş arenada, bütöv Azərbaycan ədəbi prosesinin içində olub. Onun yaradıcılığı mövzu, problematika, poetik inkişaf etibarilə Azərbaycanda yaranan ədəbiyyatdan geri qalmır, müstəqillik dövrü ədəbiyyatımızın ən xarakterik səhifələrini təşkil edir.
R.Hümmət yaradıcılığa 80-ci illərin sonlarından başlayıb, ilk şeirləri "Sovet Gürcüstanı" qəzetində dərc olunub. O zaman oxuduğu A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda (indiki Tbilisi Dövlət Pedaqoji Universiteti) və çap olunduğu “Sovet Gürcüstanı” qəzetində zəngin ədəbi mühit vardı: Alxan Binnətoğlu, Valeh Hacılar, Emin Mahmudov, Səməd Qaraçöp, Nəriman Əbdülrəhmanlı, Lətif Mustafaoğlu, Eyvaz Əlləzoğlu, Allahverdi Təhləli, Tapdıq Yolçu, İbrahimxəlil... heyrətamiz dərəcədə səmimi, sözə vurğun həmyaşıdları İlyas Məmmədli, Murtuz Fərhadoğlu, Cambul Məmmədli, Zakir İsmayılov... ötən əsrin Tiflis ədəbi mühiti ənənələrini canlandırmağa və yaşatmağa can atırdılar. Tələbəlik illərində həmin mühitin içində olan və ilk poetik eksperimentlərini aparan R.Hümmət tezliklə təkcə Tbilisidəki ədəbi mühitə yox, həm də Azərbaycan ədəbi arenasına daxil oldu, çox az vaxtda büllur kimi saf, özünəməxsus şeirləri ilə tanındı. O, həmin dövrdə qələmə aldığı "Özümü gəzirəm" (1987), "Araz çayı" (1988), "Mən şeir yazmıram" (1989), "Ay məni doğan" (1989), "Həyat" (1989), "Bir cüt göz" (1989) və s. şeirlərində özünün poetik manifestini elan etdi. Bu manifestdə o, sadəlik, saflıq, dəbdəbədən uzaq, ruhunu, daxili mənini göstərən yeni şeirə üstünlük verib.
R.Hümmətin bu şeirlərində ətrafında baş verən hadisələrdən daha çox iç dünyası təsvir edilir. Bu xüsusiyyət onun sonrakı yaradıcılığı üçün də aparıcı xətt olur. Bu mənada onun poeziyasını iç dünyasının aynası hesab etmək olar. O, özü də bu fikirdədir ki: "Mən bir qələm adamıyam... əsasən öz iç dünyamın rəsmini çəkirəm. Sərhədsiz saydığım bu iç dünyama isə heç bir sədd, sınır qoymamışam – orada Borçalı ilə, Tiflislə birgə, Azərbaycan da var, Türk dünyası da, bu taylı-otaylı kainat da. Ruhi ağrılara gəlincə, deməliyəm ki, indiki dünyamızda ruhən, hətta əksəriyyət etibarilə, cismən də, ağrısız-acısız adam yoxdur; sadəcə kimi o ağrıları ədəbi palitraya köçürür, kimi içindəcə yaşayır".
Şairin iç dünyası isə sərhədsizdir; burada Borçalının, Azərbaycanın və türk dünyasının və həm də dünyanın taleyi var. O, şeirlərində bir rəssam kimi iç dünyasının rəsmini çəkir. "Mən şeir yazmıram..." şeirində bu barədə yazır:
Yuxumu gözümdə dəfn eyləmişəm,
Ölüm də yatırtmaz məni bu gecə.
Mən şeir yazmıram…
açıb qəlbimi,
Dərdimin şəklini çəkirəm, dədə.

Dərdimin şəklini çəkirəm, fəqət,
Dərdim ürəyimdə qalaq-qalaqdır.
Yuxu yanığıyam gecə bir çimir,
Neyniyim, ilhamım kor yapalaqdır, -
Gündüz qanadını qaldıra bilmir.
R.Hümmətin "dərd qapısı" həmişə açıqdır, burada ən dərin fikirlərə baş vurur, "söz suxurları"nın dərində olduğunu və dərdinin rəsmini çəkməyin çox çətin olduğunu anladır. "Dərdimin şəklini çəkirəm, ancaq, Rəng də yox – dərdimi naxışlayam mən" - deyən şair 80-ci illərin sonlarında özünün poetik kredosunu bəyan etmiş və axıradək bu sənət mövqeyinə sadiq qalmışdır. Sonrakı ilk şeirlərində də ("Özümü gəzirəm..." və s.) şair poetik yolunu axtarır, onu müəyyənləşdirməyə çalışır, "Adıma ilk dəfə kim "şair" dedi, Bax elə o yıxdı mənim evimi!" - deyərək şairliyin yaşamaqla çətin baş-başa gəldiyini anladır:
...Bir elan oxunar cəmi üç sətir:
“Özünü itirib, yazıq darıxır.
Əgər tapan olsa Rafiq Hümməti,
Qaytarın özünə... yazıqdır axı!..
Lakin R.Hümməti "özünə qaytarmaq" mümkün olmadı, poeziya onun yaradıcılığında gənclik həvəsinə yox, həyat, sənət meyarına çevrildi. Şair bütün yaradıcılığı boyu sözlə yaşayıb, onu sığallayıb, incitməyib, qədrini bilib, az yazıb, sözə qiymət verib. “Hər kəs öz sözü qədərdir. Söz özlüyündə hər zaman güclüdür…”, - deyən şair həm də "şeiri şairin kəfəni" hesab edir.
Obrazlılıq R.Hümmət poeziyasının başlıca xüsusiyyətlərindəndir. Şair nədən yazır-yazsın obrazlı düşünür, fikirlərini obrazlı şəkildə ifadə edir. Qarabağ haqqında çoxlu şeirlər qələmə alınıb, R.Hümmət isə cəmi iki misra ilə onun obrazını yaradır, başından keçən bəlaları, taleyini anladır. Şair Qarabağdan yazarkən təsvirçiliyə yol vermir, obrazlı şəkildə düşmən əlində olan yurd obrazını yaradır:
Eh… yağıya qalan torpaq,
Yağıya su verən bulaq!..
R.Hümmətin şeirlərində epikliklə liriklik qovuşuq halındadır; burada həm müxtəlif talelər, həm də poetik qəhrəmanların daxili dünyası təsvir olunur. Onun şeirləri kiçik həcmlidir, lakin burada həyat fraqmental halda təsvir olunmur, bir neçə bənddə dünyanın, həyatın və zamanın dərki verilir. Onun poeziyası bütün mahiyyəti, strukturu, forması, ifadə vasitələri ilə yenidir, orijinaldır. Şeirləri yalnız bir fikrin üzərində qurulmur; poetik tapıntılar misra və bənd boyu davam edir. "İçim həsrət otağıdı,Yurddan-yuvadan aralı" ("Üzümdəki sükut deyil"), "Hər gecəm – bir toy gecəsi, Şeir – bakirə qız kimi" ("Toy gecəsi"), "Batıb qaldım daş səbirdə,Yer bulmadım boş qəbirdə" ("Məni"), "Hər gecə keşik çəkirəm: Birdən açılmaz sabahım" ("Qorxu") və s. poetik misralara hər bənddə rast gəlmək olur. Bu cür külçə halında olan misra və poetik fikirlər şair fərdiyyətini müəyyənləşdirən amillərdəndir.
R.Hümmətin şeirlərində, demək olar ki, dilin fonetik zənginliklərindən məharətlə istifadə olunur; burada poetik fikrin ifadəsi üçün assonans, alliterasiya, ritm, intonasiya yeni olduğu kimi, həm də orijinaldır, özünəməxsusdur. Şairin ənənəvi metaforadan imtina edərək, bədii təsvir və ifadə formalarından sənətkarlıqla istifadə etməsi yeni intonativ poetik mətnin yaranmasına gətirib çıxarır. Onun poeziyasında alliterasiya və assonans hadisəsi ən çox poetik qanunlara tabe olan formalarda özünü göstərir. Yəni heca vəzninin müxtəlif formalarında bu fonetik dil vahidlərindən yeri gəldikcə şeirin emosionallığını və semantikasını artırmaq üçün istifadə edir.
Məşhur fransız nəzəriyyəçisi Bualo "Poeziya sənəti" adlı əsərində də şeirin vəznə, ritm səliqəsinə, ahəng səlisliyinə diqqət çəkərək yazırdı: "...şeirdə ahəngə diqqət yetir, vəzni pozma; misranı iki yerə bölməli olsan, elə et ki, sözlər arasındakı fasilə mənaya xələl gətirməsin, onu daha aydın nəzərə çatdırsın". R.Hümmətin poeziyası da belədir; burada forma ilə məzmun vəhdətdə verilir. Şeirdə fikrin gözəlliyi ilə dilin gözəlliyi arasındakı vəhdət şairin bədii dil, təsvir və ifadə vasitələri, ritm və ahəng vasitəsilə gerçəkləşir:
A xoşbəxt olan bəndələr,
A bədbəxt olan bəndələr,
Dünən sağ olan bəndələr,
Bu gün yox olan bəndələr...
R.Hümmət şeirlərində müəllifin daxili dünyası, içi ilə yanaşı, müqəddəs, daşlaşmış, poetikləşmiş obrazlar da var. Bunlardan biri də Vətən obrazıdır. Aydındır ki, bütün şairlərin yaradıcılığında Vətən obrazı başlıca yer tutur. L.Tolstoy üçün vətən Yasnaya Polyanadan başlayırdısa, R.Hümmət üçün Borçalıdan başlaylr... Lakin hər şairin özünün vətən obrazı var. Hansı şair vətəni öz içində yaşada bilib, onunla yaşayırsa, həmin vətənin təkrarolunmaz obrazını da yaradır. Bu mənada şairin iki vətəni var; bunu da başa düşmək olar; ona görə ki, onun doğulduğu yavru vətən Borçalıdırsa, güvəndiyi, gecə-gündüz onunla nəfəs aldığı Azərbaycan var. "Qoca Tiflis", "Bu vətən yaşıl geyinə", "Dərdinə qurban, ay Vətən" və s. şeirlərində vətən haqqında canlı insan, əzizi adam kimi danışır, onu sevir, əzizləyir, gileylənir. "Borçalı" şeirində doğulduğu bu yeri "bəxtinə atılmış təküzlü vətən" adlandırır, özünü "nərə balığı", onu isə Xəzər hesab edərək başqa yerdə yaşaya bilməyəcəyini bəyan edir. Ancaq şair bu gün darda olan lakin Borçalı qədər əziz olan yerləri də yaddan çıxarmır, "Şuşaya, Sulduza, Göyçəyə, Təbrizə qurban" gedəcəyini ifadə edir. Hər yerdə şairin vətən anlayışı haçalanır; bu da təbiidir, R.Hümmətin poetik düşüncəsi keçmişlə gələcəyi birləşdirir. "İki vətənim var..." şeirində isə doğulduğu doğma torpaqla Azərbaycanı eyniləşdirir; onun yaşadığı bu hissləri, duyğuları yalnız Gercüstanda yaşayıb-yaradanlar, həm də ruhumuza sahib çıxanlar keçirə bilər:
İki vətənim var, a sarı gözəl,
Mənim təkvətənli bir qiyafəm yox.
-Əgər xoşbəxtəmsə - iki dəfə çox,
Əgər bədbəxtəmsə - iki dəfə çox.

İki vətənim var, a sarı gözəl,
Biri Azərbaycan, biri Gürcüstan.
Birində şərab çox, birində çiçək,
Mən nə şərabçıyam, nə də gülsatan.
R.Hümmətin şeirləri forma cəhətdən də zəngin və müxtəlifdir; o, yalnız ənənəvi səkkizliklər və onbirliklərdə yazmır (bu formaların özündə belə şair öz orijinallığını qoruyub saxlayır), həm də çağdaş poeziyanın modern forma və üsullarında fikrini poetik şəkildə ifadə edir. "Sevdiyim adamlar...", "Son görüş" və s. şeirlərində poetik düşüncəsini yeni formada ifadə edir. "Son görüş" şairin poetik düşüncələrini ifadə etmək üçün yeni imkanlar yaradır:
Baxdım...
Sanki bu son baxış
Sevgimizin əynidir.
Gözümüzün rəngi ayrı,
Göz yaşımız eynidir.
Rafiq Hümmətin poeziyası, hər şeydən əvvəl, vətəndaşlıq poeziyasıdır. Bu da onun doğulduğu mühit, yaşadığı aləm və şair təbiəti ilə bağlıdır. Vətəndaşlıq şairin təbiəti kimi, yaradıcılığına da hopub, daim sözün keşiyində durur, bir şair təki həm də vətənin, torpağın keşiyini çəkir.

Bədirxan ƏHMƏDOV,
filologiya elmləri doktoru,
professor.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

Ədəbi əlaqələr
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Bədirxan Əhmədli: BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
TƏBRİK EDİRİK, RAFİQ HÜMMƏT!..

TƏBRİK EDİRİK, RAFİQ HÜMMƏT!..

TDPİ-nin Azərbaycan bölməsi, "Varlıq", Darvaz
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Tiflisdə 5 ölkənin yazarları görüşdü

Tiflisdə 5 ölkənin yazarları görüşdü

Tiflis, "Varlıq"
ALLAH RƏHMƏT ELƏSİN, ZƏRGƏR MUSA!..

ALLAH RƏHMƏT ELƏSİN, ZƏRGƏR MUSA!..

Qarayazı, Nekroloqlar
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
BİR QƏLBİN İŞIĞI

BİR QƏLBİN İŞIĞI

TDPİ-nin Azərbaycan bölməsi, Msxeta
“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

Humanitar elmlər
Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Qaraçöp
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Borçalıdan ucalan səs   (Şair Dilsuz Musayevin yaradiciliği haqqında)

Borçalıdan ucalan səs (Şair Dilsuz Musayevin yaradiciliği haqqında)

Bolus
GÜLXANİ PƏNAHIN ŞEİRLƏRİNDƏN  BOYLANAN VƏTƏN

GÜLXANİ PƏNAHIN ŞEİRLƏRİNDƏN BOYLANAN VƏTƏN

Humanitar elmlər, Elmi Məqalələr
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Yeni nəşrlər
Rəy yazın: