QƏDİM TİFLİSİN SAZ VƏ SÖZ USTALARI

    QƏDİM TİFLİSİN SAZ VƏ SÖZ USTALARI
Qədim Tiflisin qədimliyində, qədim Tiflisin qədəmliyində sazın-sözün öz yeri olub. Saza-sözə qiymət qoyulub. Qədim Tiflisin küçə və bağlarında, çayxana və traktirlərində tavar sazın, qara zurnanın, kamanın-tarın ecazkar səsi, ahəngi, səs uyuşu öz həvəskarlarınn ruhunu oxşayıb, onlara xüsusi zövq verib. Qədim Tiflisin koloritində sazəndə, xanəndə, aşıq və ozan özünəməxsus yer tutub. Qaraçoxelilər (qaraçuxalılar) tərəfindən bağ və küçələrdə, Kür üzərindəki ot tayasında gecələr şamın, çıraqdanın işığında bayatı, müxəmməs, şikəstə, təsniflər üstündə oxunan havalar qəlb oxşayıb, ruha dad verib. Qədim Tiflisə yaxşı bələd olan şair-akademik İosif Qrişaşvili burada yaşayıb yaradan sazəndələrdən yazarkən Mirzəcan, Hacı Yusif, Məşədi İsi, David bəy (Tarzən), Abdülbaqi (Bülbülağa), Dilmanlı Həsən, Zülal, Həsənçə, Həşim, Ağacan, Şöhliyyə, Allahverdi, Səttar, Cəfər və başqalarının adını çəkib.

Qədim Tiflisdə segah, şikəstə, təsnif, bayatı, rast, şüştər, cahargah, şahnaz və sair üstündə ifa olunan havalar çox geniş yayılmışdı. Müxambazi-Tiflis qaydasında xüsusi ahəng və ritm ilə ifa olunan muğamat Tiflis koloriti üçün xarakterik idi. Aleksi Barnovun dediyinə görə, «İran muğamatından fərqli olaraq onun ləmsini uzatmaq-yubatmaq xarakterizə etmir. Müxambazi Tiflisdə yaranmış və yalnız orada ifa olunur». El sənətkarları aşığı və ozanı xarakterizə edən saz və söz ifadələri bir-birinə yaxın, demək olar ki, bir-birini tamamlayan məfhumlardır. Odur ki, saz söyləyəndə söz yada düşür, söz söyləyəndə saz. Aşıq, ozan bu ifadələri də ki, özündə birləşdirən bir sənətkar olub.

Metex qalası yaxınlığında Şeytanbazarda bir neçə çayxana, qəhvəxana olub. Yeddi uşaq Məhəmmədəlinin (onu yeddi övladı olduğuna görə belə çağırırdılar), Cühüd İsmayılın, Qara Xəlilin, qumarbaz Allahverdinin, aşpaz Ağabalanın, Seyidin, Əlizadənin və başqalarının çayxanaları olub. Bundan başqa bəzi karvansaralarda, o cümlədən iranlı Sadığın karvansarasında çayxana olub. Sadığın karvansarası Gəncə qapısının üst tərəfində, indiki Axundov küçəsinin yaxınlığında yerləşirmiş.
Çay, meyvə qurusu və şirin çörəklərdən başqa müxtəlif ləziz Şərq xörəkləri ilə qəlyanaltı etmək istəyənlər bu çayxanalara gələrdilər. Bura aşıqlar da çox gələrdi. Aşıqların toplaşdığı yerlərdən biri də bura idi. Həmişə burdan musiqi səsi ucalardı. Aşıqlar çalıb oxuyardılar. Bu çayxanalarda çayçılar pürrəngi çay verər, bufetdə isə şirniyyat: halva, xuşkəbər, səbzə, ləbləbi, qaysı, xurma, şəkərbura, paxlava, şəkərçörəyi, myanpur, qoz-badam ləpəsi olardı.
Gürcüstanın xalq artisti, adı Tiflis Dövlət Azərbaycan Dram Teatrı ilə sıx bağlı olan İbrahim İsfahanlı öz xatirələrində yazır:

«...Şeytanbazarda Azərbaycandan gələn aşıqlar çayxanalarda oxuyub-çalmaları ilə, öz dövrlərinə uyğun dastanları nağıl etməklə, xalqımızın bir hissəsini, söz yox ki, ən zəhmətkeş hissəsini özlərinə cəlb edirdilər. Bu aşıqlar çox zaman Ramazan ayında gəlirdilər. Bunlardan başqa, çox qədimdən Türkiyədən Tiflisə gəlmiş Yaqub Şükri əfəndinin Kürün kənarında böyük bir çayxanası var idi. Türkiyənin ən məşhur Qaragöz oyununu nümayiş etdirən Bəkir əfəndi Həqqizadə qış gecələrində saat 7-dən başlayaraq fasilə ilə ta 12-yə qədər Qaragöz tamaşalarını verirdi. Bu tamaşalar varyete şəklində olub əsərlərin çox hissəsi həcv kimi ifa edilirdi... Mənim özümü də bu tamaşalara əmim çox aparmışdı».

Saz-söz həvəskarları bura çox gəldiyindən çayçılar aşıqların deyişmələrini təşkil edərdilər. həmin dövrlər mehmanxanalarda, karvansaraylarda, taktir, yəni yeməkxana mövcud ildi. tarktir alman sözüdür, yeməkxana deməkdir. Ötən əsrin 30-cu illərinin əvvəllərində İrəvan meydanı yaxınlığında «Palçıqlı küçə»də Pol Matas adlı bir şəxs kiçik və dar evdə mehmanxana açmışdır ki, qonaqlar burda gecələmiş və nahar edə bilmişlər. Jan Fransua Qamba da burada gecələmişdir. Matasın bu traktir-mehmanxanasında 1829-cu ildə Tiflisə gələn A. S. Puşkin gecələməli olmuşdur. Riğedə (Çaylaqda) o dövrlər Qafqazda məşhur olan kolonist Zelsmanın traktiri yerləşirdi.Həmin traktirlərin divarlarından saz asılardı. Yerli aşıqlar ilə İrandan gələn aşıqlar arasında deyişmələr olurdu.
Aşıq poeziyasının vurğunu şair-akademik İosif Qrişaşvili bu barədə yazır:
«Aşığın biri bir vərəqə şeir şəklində bir bağlama yazardı. Bu vərəqi əl ilə, qızıl və gümüş saplarla toxunmuş bahalı Kirman şalının və ya ipək Bağdad kəlağayısının üstünə yapışdırar, qəhvəxananın bir yerindən asardılar. Bu qəhvəxanaya başqa-başqa yerlərdən aşıqlar toplaşar və hər gecə mərəkə olardı: mübahisə, çalıb-oxumaq və bağlamanın cavabını axtarmaq.
Bu deyişmələrdə kənar adamlar da iştirak edərdilər və, şübhəsiz üzüağ da çıxırdılar.
Qəhvəxana camaatla həmişə dolu olardı və aşıqları coşdurmaq üçün onların bəxşişlərindən başqa çoxlu pul da səpələyərdilər və bu pulları orijinal şəkildə şalın üstünə yapışdırardılar. Belə ki, bir az keçəndən sonra (hərdən bu deyişmə bir həftə də davam edərdi) şalın üstü kağız pullarla dolu olardı və çox vaxtlar bu toplanan pul iyirmi və otuz tüməndən artıq da olardı.
Bu pul bağlamanı açanın olmalı idi. Pul ilə birlikdə şal da qalib gələn aşığa məxsus idi. Divardan şalı alıb qalibin qoltuğuna soxar ya da hörmət əlaməti olaraq boynundan asardılar. Əgər bu bağlamanı heç kim aça bilməsəydi, onda bu şal da, bu toplanan pul da bağlamanın müəllifinə qalardı.
Bu bağlama heç də asan deyildi. Məsələn: aşıqlar bu bağlamanı sinədən şeir kimi söyləyər, o biri aşıqdan soruşardı:
«De görüm, eşidibsənmi, ay aşıq,
O nədir ki, insanı həm yaşadır, həm də öldürür».
Bu sözlər uyğun rədif üzərində qurulur və qalib gələn onu eyni rədiflə şeirlə açmalıdır.
Bağlamanın sirrini etibarlı bir şəxs və ya qəhvəçi bilməlidir. Elə ki, aşıq şeirlə bağlamanı açır, qəhvəçi həmin vaxt həmişə əlində tutduğu tənəkə parçasına dəmir maşa ilə vuraraq, «Dayanın, tapıldı!», - deyə qışqırır.
Bu zaman qalib bağlamanın sahibindən də, camaatın iştirakı ilə qafiyələr, hecalar ilə onu təsdiq etməyi tələb edir. Qalibi qəhvəçi şalla və istərsə də pul ilə mükafatlandırır».

Aşıqların bu cür deyişməsi əvvəllər Borçalıda, Qara-y¬azıda və Qaraçöpdə də olurdu. Hazırda da aşıqlar arasında bu cür deyişmələr Türkiyədə mövcuddur. Ünlü türk aşıqlarının xatirəsinə həsr olunmuş kültür və sənət şöləni hər il keçirilir. Bu tədbirdə münsiflər heyəti tərəfindən aşıq poeziyasının müxtəlif növləri üzrə, o cümlədən gəraylı, qoşma, müxəmməs, divani, təcnis və sair üzrə bir rədif elan olunur, siyahı üzrə ən azı üç aşığın adı çəkilir. Onlar sıra ilə həmin rədif üzrə bir bənd söyləyərək növbəni o birisinə verirlər. Belə ki, aşığın biri söyləyənə kimi o biriləri rədif üzrə fövqəladə şəkildə düşünür, üç bəndlik şeirin axırıncı bəndində aşıq öz adı ilə tapşımasını söyləyir. Beləliklə, hər bir aşıq sinədən üç bəndlik şeir söyləməlidir.
Bir qayda olaraq deyişmənin iştirakçıları rəqibinin istifadə etdiyi rədifi istifadə etməməlidir. Rədif tapa bilmə¬yən məğlub, uğurlu rədiflə şeirini söyləyən aşıq isə qalib hesab olunur. Nəha¬yət, axırda bir bağlama söylənilir. Tədbirdə iş¬tirak edən aşıqlar o bağlamanı açmağa ça¬lışırlar. Bağlamanı düzgün açan qalib hesab olunur və mükafatlandırılır.
2000-ci il oktyabrın 23-25-də Türkiyənin Kars şəhərində Ulus¬lar¬arası Aşıq Şenliyin Kültür və Sənət Şölənində iştirak edərkən belə deyişmələrin şəxsən iştirakçısı oldum.

* * *
Saz, söz deyimləri türklərin ta qədim zamanlardan özlərini dərk etdikləri andan mənəvi tələbatına, daha doğrusu, mənəvi pasportuna çevrilmişdir. Dünyanın hər yerinə səpələnmiş türklər əsrlər boyu istər savaş meydanında, istərsə də el şənliklərində, mərasimlərdə sevinc və kədərlərini, nifrət və sevgisini oxla-yayla, qılınc-qalxanla yanaşı saza, sözə önəm vermişdir.
Türklərin mənəvi atası hesab olunan Dədə Qorqud söz söyləyəndə, boy boylayanda əlinə qopuz götürərək igid ərənlərə, qoç igidlərə tərif söyləmiş, onlara adlar qoymuşdur.
Sazın, çoğurun ulu dədəsi olan qopuzu türklər müqəddəs bilmiş, onu çala bilməyənləri özlərindən hesab etməmişlər. Hətta savaşlarda belində qopuz olan döyüşçüyə düşmənin əl qaldırmadığını da söyləyirlər. «Dədəm Qorqud qopuzu hörmətinə çalmadım» - deyiblər və onu öldürməyiblər.
Sazı sözə, sözü saza bağlayan, elin nəfəsi ilə nəfəs alan, elin ağrı-acısı ilə, sevinci-fərəhi ilə oturub duran, çalıb-çağıran el sənətkarı müxtəlif vaxtlarda aşıq, ozan, varsağı adlanmışdır.
XI əsrdə bir çox ölkələri gəzən, türk tayfalarının lüğətini yazan Mahmud Qaşğarinin «Divani-lüğətit-türk» əsərində Azərbaycan xalqının etnik tərkibinə daxil olan oğuz, türkmən və qıpçaqların da şifahi və yazılı ədəbiyyatlarından verilən nümunələrə rast gəlmək olur. Həmin nümunələr içərisində qoşqu kimi verilən şer növləri qədim ozan şerinin nümunələridir.
Ozanlar oğuzlar arasında səlcuqilər dövlətinin yaranmasından çox qabaq söz ustası, rəqqas, musiqişünas, sehrbaz, həkim kimi böyük nüfuz qazanmışdır. Hun hökmdarlarının saraylarında türk ordularında mütləq ozanlar çalıb oxuyardılar. Türkdilli xalqlarının bir çoxunun Çin, Hind, İran, yaxud İslam mədəniyyətləri ilə qarşılıqlı təsir və əlaqələrinin yarandığı dövrlərdə belə ozanlar öz mövqeyini qoruyub saxlamışlar. Ozanların istifadə etdikləri qopuz ən qədim zamanlardan bir sıra türkdilli xalqlar, o cümlədən azərbaycanlılar arasında da geniş yayılmışdı. Bu barədə çox danışmaq olar, odur ki, mən qədim Tiflisin ozan dünyası, aşıqlıq sənəti, gürcülərin təbirincə desək, şəhər poeziyası barəsində danışacağam.
«Gürcü poeziyası silsiləsindən «Şəhər poeziyası» kitabının ön sözündə Emzar Kvitaişvili yazır: «Şərq (İran) mənşəli olmasına baxmayaraq aşıq poeziyası deyilən poeziya bizdə açıq-aşkar milli, gürcü formasını alıb (bu, ən başlıcası gürcü klassik şeir ənənələrinin özünəməxsus mənimsənilməsini müəyyən edb) və onun əsası Tiflis dili, Tiflis danışığı, şivəsi olub». O, başqa bir yerdə yazır:
«Aşıq-şəhər poeziyasında isə haqlı olaraq düşünürlər ki, o bizim ədəbiyyatın əsas, magistral xətti heç bir zaman hesab olunmayıb. Lakin onu da inkar etmək mümkün deyil ki, o, gürcü poeziyasının həddindən artıq özünəməxsus olan bir qoludur». Gürcü aşıq poeziyası deyəndə ilk növbədə Sayat-Nova yada düşür. Qoşqularının əksəriyyəti azərbaycan dilində olan sazəndə Sayat Nova sənətini Qivişvili, Skandar-Nova, Hazira, sonralar isə Ganciskareli, Beçara, Yetim Gürcü və başqalarının davam etdirdiyini yazır. Bildiyimiz kimi, Sayat-Nova sazəndə kimi üçlükdən ibarət dəstəsi ilə tanınıb. XIX əsrin ikinci yarısında sazəndə dəstəsi - xanəndə, tarzən, kamança və qoşa nağara çalanlar olmaqla dörd nəfərdən, XIX əsrin əvvəllərindən isə xanəndə dəstəsi əsasən üç nəfərdən - xanəndədən, tarzəndən və kamança çalandan ibarət olmuşdur.
Sayat-Novanın aşıq kimi adlandırılmasının «Ozan Sayat-Nova» adlı çoxcəhətli diqqət çəkən bioqrafik eskizdəində gürcü şairi Giorgi Leonidze yazır: «... bu dolğun spesifik poeziyanın bədii forması və məxzi kimi ədəbiyyatın mənafeyini önə çəkə bilən Sayat-Nova yegəna aşıqdır...». Sayat Nova haqqında burada çox danışmayacağam. Aşıq qoşuqalarının ən çətin formalarına müraciət edən Sayat Novanın bizə qədər gəlib çatan qoşuqalarının əksəriyyəti, yəni 115-i, azərbaycan, 60-ı erməni, 37-i gürcü dilindədir. Özü haqqında belə deyib.
Hamı yaxşı bilir nə xanəndəyəm
Əlifbanı bilirəm, sözlə öndəyəm.
Adım Sayat-Novadır, Arutinəyəm.
Söz deyərəm mən, göy guruldayar.
O bir yerdə yazır «Meydan qurulub, kəndirbazı çatışmır».
Georgi Leonidze bundan yaxşı istifadə edib.
«Bu gün Tiflis meydanında mənəm şeirin kəndirbazı. Mən burada onun şeirlərinin təhlilinə keçməyəcəyəm. Bu, tamamilə başqa mövzudur, lakin bir məqamı sizin nəzərinizə çatdırmaq istəyirəm.

Keçən il İrəvanda Sayat-Novanın üç dildə erməni, gürcü, rus dillərində şeirlər toplusu nəşr olunmuşdur. «Ermənistanın inkişafı təşəbbüsləri» fondu, Surb Georq kilsəsinin yenidənqurma fondu Sayat-Novanın Eğişe Çarens adına Ermənistan Ədəbiyyat və İncəsənət Muzeyinin təqdim etdiyi əlyazmalarının, onun «Dəftər»inin üzü əsasında üç dildə kitab nəşr etdirmişdir. Bəri başdan qeyd edim ki, Sayat-Nova qoşqularını üç dildə: Azərbaycan, gürcü və erməni dillərində yazmışdır. Bu kitabda Azərbaycan dilində olan şeirlərin yerinə ruscaya tərcümə olunan qoşquları verilmişdir. Kitabda gürcücə 17, ermənicə 24, rus dilinə tərcümə olunan 20 şeir özünə yer almışdır. Şeirləri rus dilinə V. Bryusov, K. Linskerov, S. Qaysaryan, M. Lozinski, S. Şervinski, E. Nikolayevski, V. Potapova tərcümə etmişlər. Məlumdur ki, Azərbaycan dilində yazmağı və danışmağı bacaran Sayat Nova hələ 18-20 yaşlarında ikən yalnız bu dildə, bir neçə ildən sonra gürcücə, 30 yaşına çatdıqdan sonra isə ana dili olan ermənicə yazmağa başlamışdır. Belə ki, onun bizə qədər gəlib çatan qoşqularının əksəriyyəti, yəni 115-i Azərbaycan, 60-ı erməni, 37-si isə gürcü dilindədir. Ön söz filologiya elmləri doktoru Henrix Baxçiniyana məxsusdur. O qədər də böyük olmayan bu ön sözündə o, tarixi faktlar deyil, uydurma və əfsanə, eləcə də yayılan fikirlərə istinad edib. Məsələn: «Belə bir versiya mövcuddur ki, ona da uyğun olaraq gənc Arutini əsir götürürlər və çalğıçı-xanəndə olaraq İran qoşununun musiqi dəstəsinə qatırlar. 1737-1739-cu illərdə Nadir şah tərəfindən Hindistana hücum zamanı gürcü çarının oğlu İrakli də (sonralar çar II İrakli) iştirak edir. Bu sonuncu əsir götürülmüş gənc ermənini satın alır və özü ilə Gürcüstana gətirərək gürcü çar sarayının musiqiçisi təyin edir, sonra isə çar sarayının şairi olub». Henrix Baxçiniyan fərziyyənin kimin tərəfindən söylənildiyini qeyd etmir. Əslinə qalsa, bu fərziyyəni ilk dəfə olaraq Sayat-Novaşünas alim Moris Həsrətyan səsləndirib. Nadir şahın Hindistana hücumu zamanı gənc gürcü şahzadəsi Kaxanın (II İrakli) onun ordusunda olduğu zaman Morus Həsrətyan, İraklini müşayiət edən nökərlər içərisində Arutunun də olduğunu, 1744-cü ildə İrakli Gürcüstana qayıdıb çarlığa başlarkən, Sayat Novanın da həmin ildən saray sazəndələrinin başçısı təyin edildiyini fərziyyə edir. Belə ki, bu fərziyyənin elə bir əsası yoxdur. Geronti Kikodze özünün «II İrakli» adlı tarixi monoqrafiyasında yazır: «Teymurazın özünün olduğu kimi, şahzadə İraklinin də İranda tavad(əsilzadə-M,M) uşaqlarından başqa onun yanında bir neçə Kartl-Kaxetili kəndilər də olub. Xarakterikdir ki, onun əmələsində dörd nəfər sədaqətli tatar da olub (Azərbaycanlı-M.M. ) biri (üzəngiçi) mehtər, bir çapar və yaxud şatır-(çevik, qulluqda hazır olan) biri ev xidmətçisi, biri də tərcüməçi. (Geronti Kikodze, II İrakli, Tbilisi, Nakaduli, 1983. səh. 35). Göründüyü kimi, burada Sayat-Novanın olduğu qeyd edilmir. Sonra Henrix Baxçiniyan 1742-ci ildən Arutinin, Sayat -Nova ( Sayatın nəvəsi ) ozan adı ilə 1742-ci ildən gürcü çarının sarayında yaradıcılıq fəaliyyyətinə başladığını, burada çar Teymurazın ikinci qızı (İraklinin bacısı) şahzadə Annaya qarşı böyük və taleyüklü sevgi hisslərinin baş qaldırdığını, böyük ozanın və şairin üç dildə yazdığı ölməz aşiqanə poeziyasının bu məhəbbətin təzahürü olduğunu, halbuki, sevgililər arasında aşılmaz silk maniəsinin mövcudluğuna görə, bu məhəbbətin faciəli olduğunu və şübhəsiz, bunun da xoşbəxt sonluğunun istisna edildiyini, saraydan iki dəfə: 1752-ci ildə, ikinci dəfə 1758-1759-cu illərdə qovulduğunu yazır. Sayat-Novanın ermənicə olan şeirlərini gürcü dilinə tərcümə edən, üç millətin məhəbbətinin qazanılmasının çox nadir hal olduğunu qeyd edən yazıçı Givi Şahnazarinin dediyinə görə, «Sayat-Nova faciəli şəxsiyyət olub. II İrakli onu çox sevirdi. Buna görə də sarayda intriqalar baş qaldırdı və Sayat-Nova fakitki olaraq Ermənistanda? Axpat monastrında rahibə çevrilməyə məcbur olub». Qeyd etmək lazımdır ki, həmin vaxtlar Lori nahiyəsində olan Axpat Gürcüstanın tərkibində idi. Orada Axpat mədənlərini gürcü çarı II İraklinin işə salması, bunun üçün Türkiyədən yunan peşəkarlarını gətirməsi məlum olan faktdır. Çarın bacısı Annaya vurulmasına gəldikdə, bu barədə elə bir tarixi fakt mövcud deyildir. Bədii ədəbiyyata gəldikdə, Akaki Beliaşvilinin «Besik Qabaşvilinin sərgüzəşti» romanında Besikinin II İraklinin bacısı Anna ilə sevgi macəraları öz əksini tabıb. O dövrü gözəl əks etdirən bu romanda Sayat-Nova barəsində bir kəlmə belə söz açılmır. Yalnız bu barədə məlumatlar əfsanə şəklində, uydurulmuş şəkildə bizə çatdırılmışdır. Bu əfsanə və uydurmalar barədə bir az sonra daha ətraflı söhbət açacağam.
Müəllif daha sonra qeyd edir ki, «1760-cı illərin birinci yarısında Stepanos adlanan Sayat-Nova İranın Gilan əyalətinin Ənzəli şəhərində, sonra Zakatalanın Kax qəsəbəsinin erməni kilsəsində keşiş olaraq xidmət edib. O, burada çox dəyərli əlyazma salnamələri yazıb (Mesrop Maştots adına Matendaranda qorunub saxlanılır). Ona kimi aşığın erməni və türk şeirlərinin əlyazmalar icması- «Dəftəri» tərtib edilmişdi». Həmin səhifənin aşağısında bu dəftərin Eğişe Çarens adına Ermənistan Ədəbiyyat və İncəsənət Muzeyində saxlanıldığı qeyd edilib. Halbuki, indiyədək bu dəftərin Sanqt -Peterburqun Asiya muzeyi arxivində saxlanıldığı qeyd edilirdi. Görünür, oradan gətiriblər, belə bir şey əgər mümkündürsə. Nə isə, qeyd etmək lazımdır ki, indiyədək, gürcü və eləcə də erməni alimləri onun həmin vaxtlar Zakatalanın Qax qəsəbəsində olan Kürmüx məbədində keşiş kimi fəaliyyət göstərməsi barədə yazmayıblar. Bu, yeni uydurmalardan biridir ki, bu da inamla demək olar ki, həmin məbədin erməniləşdirilməsi məqsədəni güdür. Belə bir yanaşma ermənilər üçün yeni deyildir. Azərbaycan mənbələrində oxuyuruq: «Kürmüx məbədi- Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olan Alban məbədinin qalıqları üzərində inşa olunmuş fəaliyyət göstərən gürcü kilsəsidir». Başqa bir yerdə isə: «2006-cı ilin sentyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı məbədin mərhələli şəkildə 4 dəfə müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qaldığı məlum olub. Bununla da məbədin gürcü və ya ermənilərə deyil, ilkin çağlarda alban kilsəsinə aid olduğu sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təstiq edilmiş siyahıya əsasən «Kürmük» məbədi tarixi və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüşdür» (Ayna.az. 2011.05.14 sentyabr).
Ön sözünün müəllifi özünün yazısında azərbaycanlı sözünü türk sözü ilə əvəz edib. Elə götürək türk dili olsun, türk dilində bir şeir belə verilməyib və yaxud Sayat-Novanın elə özünün indi azərbaycanlı anlamını verən tatar dilində yazdığını da bir yana qoyaq, kitabda erməni və gürcü dilində qoşquları və onların bəzilərinin rus dilinə tərcümələri verilib. Bununla da yeni bir əfsanəni yaratmaq cəhdləri ortaya çıxır.
«Qafqaz evi» tərəfindən 2005-ci ildə nəşr olunan «Sayat Nova» kitabı barədə, eləcə də biri neçə il bundan əvvəl «Gürcü poeziyası» silsiləsindən Yetim Gürcünün və Sayat -Novanın şeir nümunələrinin ikisinin birlikdə «Ailə kitabxanası» nəşriyyatı tərəfindən nəşr olunduğu kitab barədə bir kəlmə də olsa burada söhbət açılmır. Belə ki, həmin kitabda Yetim Gürcünün əvvəlik kitablarında dərc olunmuş şeirləri tam şəkildə, Sayat-Novanın isə yalnız gürcü dilində yazdığı şeirləri öz əksini tapmışdır.
Onu da qeyd edim ki, «Sayat-Nova» kitabını tərtib edən, üç dildə mətnlərin redaksiyasını həyata keçirən, erməni və azəri dillərində olan şeirlərini gürcü dilinə tərcümə edən Zezva Medulaşvilidir. Onun yazdığına görə, Sayat-Novanın doğum –ölüm tarixi məlum deyil. Müxtəlif tədqiqatçılar nəğməkarın doğum tarixini 1707, 1711, 1712, 1713, 1714, 1717, 1718, 1720, 1722, 1724, 1726-cı ildə göstərir. Elə onun qeyd etdiyinə görə, Sayat-Novanın ölüm tarixi barəsində də tədqiqatçıların fikri fərqlidir. 1795, 1796, 1798, 1800, 1801, 1802-ci illər. Belə ki, onun yazlığına görə, doğum-ölüm gününün dəqiq tarixi hələlik yenə də tədqiq olunmalıdır. Zezva Medulaşvili həmin dövrün əsas danışıq dili olaraq Tiflis azəri, Tiflis erməni, Tiflis gürcü şivəsini göstərib. Bu kitabda onun gürcücə 34, ermənicə 41 və onun gürcücə tərcüməsi, azərbaycanca 24 və onun gürcücə tərcüməsi, gürcücə-farsca, azəricə- ermənicə iki şeir verilib.


* * *

Tiflisin söz ustalarından biri də və ən populyarı Yetim Gürcü olub. Qədim Tiflisin koloritinə hopmuş musiqi həmahəngliyində, sazın-qoşqunun həlimliyində Yetim Gürcünün yeri xüsusi olaraq bəllidir. Həyatda yetim olsa da və bu yetimlik adına yaraşdırılsa da sənəd dünyasında, qədim Tiflisin bohemasında onun yetimliyi hiss olunmamış, onun doğmalarına çevrilən pərəstişkarlarının sayı-hesabı olmamışdır. Adının da, özünün də qəribə olduğu Yetim Gürcünün taleyi Qədim Tiflislə sıx şəkildə bağlı idi. Qədim Tiflis, onun kintosu, qaraçoxelisi onun üçün doğma idi, əziz idi.
Qədim Tiflis musiqisinin tədqiqatçısı Aleksi Barnov Yetim Gürcü sənətinin vurğunu olmuş, onunla dostluq etmişdir. O bu barədə özünün «Qədim Tiflisin musiqiçiləri» kitabında yazır: «Nə edim, sevirəm Tiflisi. Əslən tiflisli olan, uşaqlıq illərindən qaraçoxelilər arasında böyüyən, Yetim Gürcü və İosif Qrişaşvilinin yaxın dostu, məgər Tiflisi və onun musiqisini sevməyə bilərmi?» Odur ki, Yetim Gürcü şeirlərinin çoxunu müxambazi havasında oxuyurdu.
Bədnam qonşular hər bir şeydə, hər yerdə özlərinə məxsus cicgilər axtarmağı, başqalarınınkını özlərinki etməyi, mənimsəməyi bir növ özlərinə vərdiş etmişlər. Yetim Gürcünü də özlərininki kimi qələmə verməyə çalışmışlar. Yaxşı ki, Yetimin elə özü öz sağlığında onlara kəsərli cavab vermişdir. Yetim gürcünün dostu Aleksi Barnova da dediyi kimi, Onun gürcü olmağı şeirlərindən də duyulur:
Əcdadlarım ilə gürcüyəm,
Çar Vaxtanqın nəslindənəm.
Fikrimizi daha dəqiqləşdirmək üçün Aleksi Barnova müraciət etmək istəyirəm. O belə xatırlayır: «Yetim Gürcü hər millətdən olan xalqı hədsiz dərəcə sevirdi. Lakin onun başqa bir millətin oğlu kimi qələmə verilməsini xoşlamazdı. Buna bir fakt məni əmin etdi. 1928-ci il idi. Vera parkında xanəndə Xaçik Talqaukov (sonralar zurnaçılar dəstəsinin başçısı) ilə Data Zubiaşvilinin uşaqları bir-biriləri ilə mübahisə aparırdılar. Sonuncular deyirdilər ki, Yetim gürcüdür, Xaçik isə onlarla razılaşıb deyirdi ki, ermənidir. Bu zaman bağa mən də getdim. Mərcləşənlər məni görən kimi mənə tərəf gəldilər. Yetimin bir dostu kimi onun milliyiətini soruşdular. Bu məsələ barəsində Yetim ilə heç bir zaman danışmadığımdan onlara cavab verə bilmədim. Yetim Gürcü bu zaman harasa getmişdi. Gələndə ondan nə millətdən olduğunu soruşdum. Yetim mənim belə gözlənilməz sualımdan çox inciyərək dedi ki, bunu məndən sən soruşmursan! Başa düşmüşdü və mən də işin nə yerdə olduğunu ona danışdım. Hiss etdim ki, onun xoşuna getmədi. Xaçiki çağırdı və hörmət etməsinə baxmayaraq,- Mən ki, gürcüyəm, Yetim Gürcü. Bunlar mənim mahnılarımda da aydın şəkildə öz əksini tapmışdır,- deyərək onu çox məzəmmət etdi».
Yetim Gürcünün el nəğməkarı, şənlik, ziyafət nəğməkarı idi. Qoşduğu qoşqular, oxuduğu mahnılar bir növ süfrəyə xeyir-dua, məclis əhlinə isə məsləhət idi. Demək olar ki, tamadanın süfrə arxasında daha deməyə sözü qalmırdı:
Bizim tamada sağ olsun.
Yaxşı bir kef keçirək.
Bu dünyadan gedəsiyik.
Vaxt var ikən şənlənək.
Ömrümüzün hər anını
Şadyanalıqla keçirək.
Şərabla ağlını itirəni,
Süfrəmizə yaxın qoymayaq...
...Dostu dar gündə tapaq,
Kömək olaq, dayaq olaq.
Valideynlərə hörmət edək,
Yoldaşlardan ayrılmayaq,
Uşaqlara bilik verək,
Heyvan kimi böyütməyək.
Kef məclisi olanda
Yetim Gürcünü də çağırın.
( sətri tərcümə)
Yetim Gürcü Dabğişvilinin əcdadları Osmanlıların hücumlarından biri zamanı əsir aparılır. Onlar Osmanlıda müsəlmanlığı qəbul edirlər. O vaxtlar onlar gürcülər adlandırırdılar. Bir vaxt keçəndən sonra Yetimin atası İbrahim geri qayıtmağa müvəffəq olur. Yetim Gürcü 1875-ci ildə Tiflisdə dabbaqçı, dəriçi ailəsində anadan olmuşdur. Elə soyadı da dabbağ sözündən götürülmüşdür. Belə ki, qədim Tiflisdə peşədən soyadının götürülməsi bir qaydaya çevrilmişdi. Məsələn: Xarazişvili, Dalakişvili, Xabazi, Mçedlidze-Mçedlişvili, Xaratişvili, Şatiraşvili, Dulqrişvili və sair. Onun qohum-əqrəbası olmadığından, öləndən sonra bir kimsəsi qalmayacağına görə atası oğlunun adını Yetim qoyur. Onun haqqında yazı yazan azərbaycanlı müəlliflərin bəzisi bu adın ona Bakıda verildiyini fərz edir. Ona kimi məgər onun adı yox imiş? Yetim15 yaşında ikən atası dünyadan köçür. Anası və kiçik bacısı onun himayəsində qalır. Musiqi alətləri ustası yanında şəyird kimi işə başlayır. Çonquri, qaval və tar hazırlamağı öyrənir. Onları evdə də hazırlayır. Bununla yanaşı mağazadan çıxartdığı kitabları Tiflis bağlarında satır. Bu yol ilə qazandığı pul ilə ailəsini, özünü saxlayır.
Bir neçə ildən sonra bədbəxt hadisə nəticəsində anası da dünyadan köçür. Bacısı ilə birlikdə Xarpuxdan Metex məhəlləsinə balaca bir otağa köçür. Mananaşvililərin zirzəmisində yaşayır. Burada onun yanına musiqiçilər tez-tez gələrmiş, gənclərə də həvəslə mahnılar öyrədərmiş.
Çarın ordusuna çağırılanda əsgərliyə getməkdən imtina edərək qaçıb çörəkçilər yanında gizlənir. Burada çörəkçilik peşəsinə də yiyələnir. Lakin tezliklə onu hərbi borcunu yerinə yetirmək üçün taparaq məcburi Jitomirə göndərirlər. Oradan da qaçaraq əvvəlcə Odessada, sonra Batumdə, nəhayət, Bakıda gizli şəkilə yaşamalı olur. Burada 1905-1907-ci illər neft sənayesində çalışır. Orada fəhlələrin yığıncaqlarına gedir, çağırış şeirlərini oxuyurmuş. Fəhlə yığıncaqlarının birində hələ bir öz bayrağını da çıxartmışdır. Orada yazılıbmış: «Sevinirəm, amma ki, inanmıram!» 1907-cı ildə Yetim Gürcü rus imperializmə qarşı yönəldilmiş nümayişlərdə iştirak etdiyinə görə yenə ələ keçir. Bu dəfə o, Polşaya, Volın quberniyasının Dubno həbsxanasına göndərilir. Cəzasını çəkən Yetim Gürcüyə Tiflisdə yaşamaq hüququ yalnız 1916-cı ildə verilir. Geri qayıdan söz ustası doğma şəhəri belə salamlayır:
Salam, mənim Tiflis şəhərim.
Sənin itkin düşmüş oğlun qayıtdı.
Ey, Gürcüstanın torpağı, daşı, yeri,
12 ilin əzabkeşi qayıtdı...
..Müqəddəs torpaq, ölməz yazarlar,
Onların qəbrini ziyarətə gəlmişəm.
Yetim Gürcü xalq dilində, sadə dildə Qədim Tiflisin havaları üzərində bədahətən şeirlər söyləyərmiş. Onun şeirlərində əsasən qədim Tiflis həyatı, qədim Tiflis böheması öz əksini tapmışdır. Bunlar da poetik cəhətddən çox təsirli və güclü olmuşdur. O, təşbeh və mübaliğələrdən də ustalıqla istifadə etmişdir:
Sənin haqqında o qədər şeir yazaram,
Yer üzünü tamam örtər.
Yaxud
Bülbül üçün may ayısan.
Mənim deyilsənsə, bəs kiminsən?
Və yaxud
Hər səhər evinin qabağına gələrək
Dilənçi tək əl uzadıram.
Sən ölməzlik qızılgülüsən,
Ətrin üçün mən ölürəm.
Yetim Gürcünün ahıl vaxtlarında Verada «Su nasosu»nun yaxınlığında bir balaca otağı var idi. Qalaktion Tabidze, Aleksi Barnov onun yanına tez-tez gələrimş. Sən demə, Yazıçılar İttifaqına ərizə yazanda nəzmlə yazıb. Nə vaxta qədər yetim olacağını, yazıçıların sırasına qoşulmaq istədiyini bildirib. Həmin vaxtlar Yetim Gürcü ittifaqa üzv qəbul edilir, Yazıçılar ittifaqı tərəfindən hələ bir onun otağını da təmir etdirir, gözəlləşdirir. O da öz müqabilində ömrü boyu Aleksandr Barnovu unutmur. Xəstələnən zaman ona şeir də həsr edir:
Kim el üçün ağlayar,
Onun göz yaşı qurumaz.
Yazda yağışlı gündə
Çay da quruyar.
Gün batdı, ay da itdi,
Mənə hər şey qara gəldi.
Yetim Gürcüyə kim qaldı,
Barnov da ki, xəstələnib.
Yetim Gürcü öz şeirlərində azərbaycan sözləri ilə yanaşı o vaxtlar çox istifadə olunan rus sözünü də işlədir, dövrün haqsızlığını poetik şəkildə ifadə edir:
Yetim Gürcü, kimdən şikayətlənirsən,
«Sudya» da ögey analıq edir.
Sən daha həmin aslan deyilsən.
İndi sənə tülkü də zor gəlir.
«Dunya dövr edir» şeirində həyatın qanununu belə verir:
Dünyaya gəlirlər, sonra gedirlər.
Sevincin sonu kədərlə bitir.
Ey, Yetim Gürcü, sən də hazırlaş,
Hamını qara məzar gözləyir.
Yetim Gürcü şeirlə nəfəs almış, mahnı ilə yaşamışdır. Tənhalığını, yetimliyini şeirə, mahnıya vermişdir. Onlarsız həyatın mənası olmadığını düşünür. Mahnılarının birində yazır:
Onda ölsün Yetim Gürcü,
Nə vaxt şeirin tükəndisə.
1895-ci ildən gürcü, azərbaycan, erməni dillərində sinədən şeirlər söyləyərmiş. Şeirlərində və «Annabacı» poemasında Sayat Nova kimi qarışıq ifadələrdən istifadə edərək çoxlu azərbaycan sözləri də,məsələn: «loğman», «Gürcüstan», «bilən», «gəldi», «məclis», «avara», «qurban», «xal», «qarpız», «xudavənd» sözlərini, «Salam, xoş gəldin», «Vay halına», «Yana-yana», «Bu Bayramın atıdır, bacı de, sənə kim verdi», «Tez qaçaq, Anna qızdı» ifadələrini işlətimişdir.qədim Tiflisin aşıqlarından biri də Biçarə olub. İ osif qri şpşvili
Yetim Gürcünün özünün zurnaçılardan ibarət dəstəsi də var idi. O məktəbə getməmiş, yazı-pozunu kağız torbaları üzərində yazmaqla öyrənir. Onun yaxşı səsi var imiş. Toylara tez-tez gedər, dövrün şairlərinin şeirlərini də yaxşı avazla ifa edərmiş. Onun ilk kitabı kifayət qədər böyük «Anabacı» poeması 1909-cu ildə nəşr olunur. «Yeni nəğməkar və nəğmələr» şeirlər toplusu 1911-ci ildə, «Yetimin yeni şeirləri»- 1913-cü ildə, «Tanqo» kitabı 1914-cı ildə nəşr olunur. 1928-ci ildə İosif Qrişaşvili,1958-ci ildə isə Andro Tevzadze şairin «Seçilmiş əsərləri»ni nəşr etdirir
1969-cu ildə «Merani» nəşriyyatı tərəfindən Yetim Gürcünün Aleksi Barnovun tərtibatı ilə şeirlər kitabı nəşr olunur. Kitabı redaktor K.Kaladze 30 şeiri Yetim Gürcünün dəst-xəttinə, üslubuna uyğun gəlmədiyinə görə şübhəli hesab edərək çıxardır. Georgi Leonidze adına Dövlət Gürcü Ədəbiyyatı Muzeyində Yetim Gürcünün əlyazmaları arasında azərbaycan dilində də şeirləri vardır. Gürcü hərfləri ilə yazılmış bu şeirlər arasında Yetim Gürcüyə aid olmayan şeirlər də vardır.
Yetim Gürcü məhəbbət, sevgi şairi olmaqla yanaşı dostluğun çarçısı idi. Millətindən asılı olmayaraq hamını bir gözdə görürdü, hamını seviridi, şeirlərinin birində yazır:
Gərək dost kimi yaşaya
Qrikul, İvane, Aliya. ( yəni Əli)
Bu şeirində gürcü, rus və azərbaycanlı arasındakı dostluqdan söz açır. Bədxah qonşuların nümayəndəsinin adı heç də çəkilmir. Atasını İbrahimdən başqa Qriqor da deyə çağırılarmış, qədim Tiflisdə öz aralarında Qrikul da deyilirmiş. Məhz elə gürcünü Qrikur adı ilə vermişdir.
X X X
Muxatlı gəlin (Anna bacı, Anabacı) sosial bərabərsizliyə, yadelli düşmənlərə qarşı mübarizə aparmışdır. Bacı İosif Qrişaşvilinin yazdığına görə, elə sözün özündən də məlus olduğuna görə soydaşlarımız tərəfindən ona əzizlənərək verilən ləqəbdir.Tetrisxaro (Ağbulaq) rayonunda Asureti dərəsinin sol tərəfində Borbalo kəndinin cənubunda yerləşən Muxatda bu gün də bu qadının törəmələri Baciaşvililər adlandırılır. Anna at minib, qılınc çalıb , düşmənə qarşı mərdliklə vuruşub. Adlı-sanlı pəhləvanlarla qurşaq tutub, çoxlarını məğlub edib.
Annabacını ilk dəfə sayat Nova xatırlamışdır. D. Koridze «Gürcü qadınları» kitabında yazdığına görə. Çar İraklinin sifarişi ilə Sayat Nova onun qəhrəmanlığına və şəxsiyyətinə
şeir həsr edib. 6 bənddən ibarət bu şeir o vaxtlar sazəndələrin dilindən düşmürmüş. Tisian Tabidze Yetim Gürcü barəsində yazırdı: «Bizim vaxtlarda, başqaları ilə yanaşı Sayat Novanın aşıq poeziyasını tardan və çianurdan mahnının qüvvəsinin qoparılmadığı kimi heç kimin də şairlik adını ala bilmədiyi Yetim Gürcü bilavasitə daha gözəl davam etdirir». Odur ki, «Rustaveli övladı, ikinci Sayad Nova kimi, məhəbbət sevgi nəğməkarıyam»- deyən Yetim Gürcü Anna mövzusuna bir daha müraciət edərək bu igid qadına poema həsr etmişdir: «İgid qadın Anna bacı». Burada Anna bacının qəhrəmanlığı və sərgüzəştləri geniş şəkildə öz əksini tapmışdır. Xalq arasında yayılan rəvayətlər Yetim Gürcü tərəfindən nəzmə çəkilərək gözə bir əsərə çevrilmişdir. Bu poema epik janra malik olduğundan nadirdir və baş qəhrəmanın mövqeyini qadın Anna tutur. Dahi gürcü şairi Şota Rustavelinin şah əsəri olan «Pələng dərisi geymiş pəhləvan» əsərində olduğu kimi təhkiyənin 16 hecalı formasından istifadə etmiş, lakin ondan fərqli olaraq 20, 21, 27 hətta 40 sətirdən ibarət bəndləri eyni bir qafiyyə üstündə kökləməyə müvəffəq olaraq poeziyaya yenilik gətirmişdir ki, bu da bir növ böyük bacarıq və istedadın bariz bir nümunəsidir. Bu poema bir sərgüzəşt əsəri kimi qədim Tiflisdə sadə xalq arasında çox yayılmışdı. Hamı tərəfindən rəğbətlə qarşılanmıışdı. Yetim Gürcünün özü də yazır:
«Annabacı»nı yazdım,
Bütün oxucular sevindi».
Yetim gürcü öz qəhrəmanını yüksəkliklərə qaldıraraq yazır:
«Ona bənzər igid qadın doğulmamış anadan».
Yetim Gürcü şeirlərində olduğu kimi. Bu poemasında da azərbaycan söz və ifadələrini işlətmişdir:
«Anna bir «qarpız» kimi onu camaata tərəf tulladı»,
«Bir bəyin oğlu idi, artıq adı Allahverdi.
Gedib dedi, Annaya: Salam, xoş gəldin!»
«Bu Bayramın atıdır, bacı, de sənə kim verdi».

Məhəbbət və eşq şairi Yetim Gürcü 1940-cı ilə 65 yaşında dünyasını dəyişib. Camaat onun cənazəsini Avlabardan Vake qəbiristanlığına kimi çiyinlərində aparmışlar. Onun qəbri üstünə qara yapıncı örtürlər. Son məkanda niyyətinə görə yapıncı ilə olması üçün, ondan ayrılmaması üçün. Şeirlərinin birində özü də belə deyirdi:
Yetim Gürcünün bu dünyada
Heç bir şeyi qalmadı.
Bir-birimizdən ayrılmırıq
Mən və mənim yapıncım.
Son illərdə «Gürcü poeziyası» silsiləsindən Yetim Gürcü və Sayat Novanın şeir nümunələri ikisi birlikdə «Ailə kitabxanası» nəşriyatı tərəfindən nəşr olunmuşdur. Bu kitabda Yetim Gürcünün əvvəlik kitablarında dərc olunmuş şeirləri tam şəkildə, Sayat Novanın isə yalnız gürcü dilində yazdığı şeirləri öz əksini tapmışdır.
Sayat Novanın müasiri və onun istedadlı davamçılarından biri Şamçı Melkodur. Şam satan və şamçı olduğunadn özünə bu təxəllüsü götürmüşdür.
18-ci əsrin 50-ci illərində Marneulidə anadan olub. O da üç dildə ş qoşqular yazıb. Onun şahzadələr parnavaz və Vaxtanq ilə yaxın əlaqəsi olub. O öz müxəmməsində şahzadə Parnavaza xatırladır «Ey Müxəmməs, başqa bir şirin səssən, Şamçı Melko parnavazın qulusan». Qriqol Orbeliani onun bir sözünü epiqraf götürərək bir sözünü dəyişib, sanki doğmalaşdırıb «Ey müxəmməs, sən nə şirin səssən!»

Qədim T iflisin bohema poeziyasının koloritli nümayəndələrindən biri Biçarə ( 1855-1935) Vaso Beriyev, Berişvilidir. Biçarənin ata-anası Qori qəzasının Sveneti kəndindən gəlmə olub. Biçarənin tərcümeyi halında İ. Qrişaşavili öz dilindən yazıb: Qəhvəxanaya getməyə başlayanda 18 yaşında idim. Aşıqlar ilə söhbəti və onlardan məsləhət almağı çox sevirdlim. Bundan sonra özüm də qəhvəxana açdım. Aşıqların xeyir-dua mərasimi olanda mənə də xeyir –dua verdilər və adımı Biçarə qoydular, bu da ki, yazıq mənasını verir. Yazıb oxumağı heç bilmirəm və öyrənməmişəm. Qəqəmin nə olduğunu da ayırd edə bilmirəm. Şeiri yazan zaman hecaları təsbehdə sayıram». Qeyd etmək lazımdır ki, Onun şeirləri heç bir zaman nəşr olunmayıb , dildən-dildə dolaşıb, Tiflis camaatı arasında oxunub. Qrişaşvili onu «Tiflisin xalq şairi» adlandırıb.
«Kişi gərək ədəb ərkanlı ola» adlı qoşqusunu müxəmməs cahargah adlandırıb. Burada sonda da deyir:
Biçarə, unutma ata-ananı,
uşaqkən çalıblar sənə laylanı,
Kim oxusa iki xana mahnını
lağa qoyurlar , bu nə oyundur.
lağa qoyurla bu nə oyundur
Sətri tərcümə
Bu şeir qoşma formasında, «Bu zamana kimə qalıb», rast üstündə, «Sevgilimə dedim»- üçlük üstündə, «Sevgilim məni bu günlərə saldı» dübeyti üstündə, «Həyat mənə əzab verir»- şur üstündə yazılıb.
O bir təcnisində deyir
Ey əzrail, nədir fikrin, öldür məni, gözləyirəm səni – şen geli
Bilirsən ki, sənin yeminəm, mən qoyunam, sən canavar- şen mqeli
Burada o göründüyü kimi, cinas sözlərdən ustalıqla istifadə edib.
Qədim Tiflis aşıqlarından biri də Hazira olub. Haziranı Qirişaşvili gürcü Qriqoryan adlandırıb. Onun verdiyi məlumata görə, Hazira ( Abram Abramov) 1845-ci ildə Borçalı qəzasının Şulaveri kəndində anadan olub.
Hazira üç dildə gürcü, azərbaycan və erməni dillərində qoşqu qoşur və oxuyurdu. Özünün sazandələrdən və çalğıçılardan ibarət dəstəsi var idi. İosif Qrişaşvili özünün «Qədim Tiflisinin ədəbi boheması» kitabında yazırdı: Haziranın sevimli çalğı aləti dəf idi. O, qəlbinin qəm-qüssəsini bu alətin müşaiyəti ilə toxuyurdu. Hazira özünün çağırışları ilə əsil bohema idi. O şeirlərini bədahətən söyləyirdi və kağız üzərinə köçürürdüsə, özü belə onu bir daha oxuya bilmirdi... Haziranın bütün qoşquları mahnı üçün- müxəmməs qaydasında yazılmışdır...».
Hazira yazır «Nənəm gürcü qızı idi, qareceli Ğandarelinin qızı Tamar. On yaşına kimi gürcü kimi onun əlində böyümüşəm və ermənicə heç nə bilmirdim. 15 yaşına çatanda məni Tiflisə gətirdilər və sirac, yəni şərabçı yanında şəyird qoydular. Bu zaman şəhərdə aşıqların hər bazar günü mərəkə keçirməsi adi hal almışdı. Mən tez-tez ora qulaq asmağa gedirdim. Budur, məhz elə buradan mahnılara qarşı məndə sevgi duyğuları baş qaldırdı. Bu sevgi məni nifrət etdiyim kitabları oxumağa vadar etdi». ( «Teatr və həyat», jurnalı, 1915, №1)
Onun «Sevmirəm», «Nə pis zamanadır», «Hər tərəfdən», «Eşşək» qoşquları müzəmməs üstündə yazılıb. «Gəl bir görüm, mənim Darecanım»,
«Dünyada bədbəxt məxluq» qoşması, «Dərin yuxuya getmə», gəraylısı «Doğrudan da əsil nazla böyüdülmüş qadınsan» müxəmməsi , «Məhəbbət» təcnisi poetik cəhətdən nəzəri cəlb edən şeir nümunələridir. Onun kərəmi, narııncı üstündə yazdığı qoşquları maraqlıdır. «Gəl oğlum, gəl yanıma» şeiri bayatı üsulunda yazılıb.
Qədim Tiflə münasib bir aşıq kimi formalaşan Hazira müəyyən bir vaxtdan sonra, daha doğrusu, 1874-cü ildə yazır: «1874-cü ildə artıq tanınmış aşıq idim. Qəhvəxanada yazılmış müəmmanı divardan asdım. Bahalı şalı da üstündən. Ona da 25 manat da pul bağladım və aşıqları deyişməyə dəvət etdim. Kim o müəmmanı açsa idi, həmin bahalı şal və pul onun olmalı idi və mən üstənlənmiş olurdum. Bütün İran və Osmanlıda ən ünlü olan aşıqlar gəldilər, amma hamısı məğlub olaraq getdilər». ( «Teatr və həyat» jurnalı, 1915-ci il, №1)
Haziranın onlarca kitabı nəşr olunub. İlk kitabı «Dastan və Ağbulaq çolündə qadının müxəmməsi» 1881-ci ildə nəşr olunub.


Qədim Tiflisin el nəğməkarı, ozanlarından biri də David Givişvilidir. Tiflisdə anadan olub, yazıb oxumağı anasından öyrənib. Onun kitabları arasında ən çox yayılan «Ozan», «Bazar», «Tutuquşu» və «Koroğlu» olub. Qaçaq Koroğlu dastanını aşıq Yakob Stepanovun dilindən eşidərək azərbaycan dilindən gürcü dilinə tərcümə etmişdir. Bu tərcümə həmin vaxtldar dastan populyarlığıl ilə həmin dövrdə Tiflis oxucuları arasında geniş yayılmışdı. O dövrlər onun ondan çox kitabı işıq üzü görüb.
El şairlərdən biri də Skandar-Novadır. Onun əsil adı Giorgidir. Sayat-Novanı təqlid edəndən sonra onu Skandar-Nova adlandırıblar. O, onlarca kitabın müəllifidir.
Onun «Ah, gözlər, gözlər», «Ey qadın, əgər öz yaradanını sevirsənsə», «Bir an da sənsiz dözə bilmərəm», «Mən səninəm, sən mənim», «Heç kim bilmir», «Hər iki gözün işığı», «Dünyaya», «Mənim fikrim» şeirləri o zaman çox populyar idi.
Söz ustalarından biri də əslən Tiflisli olan Anton Ganciskarelidir. Soyadından da göründüyü kimi, Tiflisin gündoğan tərəfi Cəncə tərəfə yol olduğundan Gəncə qapısı adlanırdı. Ümumiyyətlə, şəhərin qapılarından biri Gəncə qapısı olub. Anton da bu adı, güman ki, bu məhəllədən olduğundan özünə təxəllüs götürüb. İosif Qrişaşvili «Qədim Tiflisin ədəbi boheması»nda yazırdı Ganciskareli elə ilk çıxışından populyar oldu. Onun poeziyası istehza poeziyasıdır. Onun ürəyi səmimiyyətinin açıq taxıl anbarıdır O, ilk anlarda Givişvilinin, Skandar Novanın təsiri altında idi. Aşiqanə təcnislər yazırdı, lakin tezliklə bu ədəbi yapıncını tezliklə atdı. Onun şeirlərinə artıq geniş xarakter verildi. O, həyatının hər cür eybəcərliklərinə rüşvətxlorluğa, insanların fırıldaqlarına, məhəbbətin xırdalanmağına, dostların dözümsüzlüyünə, güclüllərin kobudluluğuna, ədalətsizliyə, dövlət nizam intizamsızlığına və ailə əxlaqsızlığına toxunur. Anton Ganciskarelinin böyük müşahidə qabiliyyəti vardır. O, həyatın ədalətsizliyini yuxarıdan seyr edir. Onun istedadı sərbəstdir və oynaqdır»
Anton Ganciskarelinin 1892ci ildən 1916 cı ilədək 25 dən artıq kitabı işıq üzü görüb. Onlar arasında «Dekatend» cib dəftəri və müxtəlif şeirləri» əhatəlidir.

Həmin dövrlər aşıq olmayan, amma bu aşıq qoşquları yazan müəlliflər olub. Sayat-Nova, Besiki dövründə yaşayan bu müəlliflər müxəmməs üstündə şəhər poeziyası nümunənələrini yaradıblar. Məsələn, II İraklinin oğlu Şahzadə İlya. Onun canlı belə bir ifadaəsi o vaxtar çox yayılmışdı. «Gözəl qadına inan oda düşsün». Onun bayatıları qarasoxelitlər tərəfindən çox sevilirdi. Eləcə də şahzadə Davidin şeirləri indiyədək qorunub saxlanılıb. «Koroğlu» pyesini yazan dramaturq Zurab Antonovun aşıq poeziyası ilə əlaqəsi olmasa da onun bu pyesdəki bir qoşması həmin vaxtlar çox yayılmışdı.
Sən Ərzurumun dan ulduzusan, Gülnara,
Nur saçmaq üçün doğan, ey mənim həyatım.
Dimitri Tumanişvilinin yaradıcılığı da çox maraqlıdır. Onun yeni “Mənəviyyatın yeni çalarları”şeiri o dövrlər o qədər yayılmışdı ki, onu ötən əsrin 20-ci i llərində Tiflisdə ilhamla oxuyurdular və bu hava Ərzuruma doğru gedən rus şairi Aleksandr Puşkinin də diqqətini çəkib.
Qədim Tiflisinin saz, söz ustaları barədə çox söhbət açmaq olar, lakin bir şeyi qeyd etmək lazımidır ki, bu qədim Tiflisin saz söz sənəti tarixinin müəyyən bir dövründə, onun qədimliyinə və qədəmliliyinə öz dərin izini salmış və öz möhürünü vurmuşdur.
Müxtəlif dövlərin müəyyən kəsiklərində taleyimizin bağlı olduğu qədim Tiflisin də bir vaxtlar doğma dilimizdə çalıb oxuyan sazandələrin, aşıqların xüsüsi çalarlar əlavə etdiyi həmin dərin izləri və möhürü əbədi olaraq qoruyub saxladığı bu qədimliyin, bu qədəmliliyin özünəməxsus koloriti bizim üçün də doğma və əzizdir.
Mirzə Məmmədoğlu



.


Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SƏYYADIN NƏVƏSİ  SAYAT-NOVA

SƏYYADIN NƏVƏSİ SAYAT-NOVA

Ədəbi əlaqələr, Tiflis
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
İosif Qrişaşvilinin “Qədim Tiflisin ədəbi boheması” əsərindən  bir parça

İosif Qrişaşvilinin “Qədim Tiflisin ədəbi boheması” əsərindən bir parça

Bədii Tərcümə
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
İRAKLİ KENÇOŞVİLİ:

İRAKLİ KENÇOŞVİLİ: "Gürcü əlyazmaları toplularında Azərbaycan nəğmə liri ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

Təhsil, Gürcüstan, Borçalı
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
YETİM MAHMUD (1941-2003)

YETİM MAHMUD (1941-2003)

Tv, Borçalı, Müşfiq Borçalı
“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Ədəbi əlaqələr, "Region-Press"
«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

Folklor, Ədəbi əlaqələr, Tiflis
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Rəy yazın: