NƏRİMAN NƏRİMANOVDAN SONRAKI NƏRİMAN - ƏBDÜLRƏHMANLI

NƏRİMAN NƏRİMANOVDAN SONRAKI  NƏRİMAN - ƏBDÜLRƏHMANLI 1985-ci ilin həyat dolu may günləri idi. Vur-tut 20 yaşım vardı. Əsgərlikdən təzəcə gəlmişdim. O zamanlar Tiflisdə görkəmli tarzən, Gürcüstanın əməkdar mədəniyyət işçisi rəhmətlik Ənvər Xudaverdiyevin rəhbərlik etdiyi məşhur “Sevinc” ansamblı onun vəfatıyla təzəcə dağılmışdı və adaşım Rafiq Qəmbərov yeni ansambl qurmaq, bütün tarixi kökləri ilə bizlərlə sıx bağlı olan bu qədim şəhərdə musiqi mədəniyyətimizi öləziməyə qoymamaq üçün böyük çabalar göstərirdi. Bu enerji dolu, sözün yaxşı mənasında qarsamba adam məni də axtarıb tapmışdı. Qısası, az sonra adaşımın bədii rəhbər, mənim isə quruluşçu-rejissor və aparıcısı olduğum 35 nəfərlik beynəlmiləl “Aynur” ansamblı araya-ərsəyə gəlmişdi. Tərkibində Azərbaycan türklərindən başqa, gürcü, yəhudi, yunan, erməni, kürd millətlərini də təmsil edən sənətkarların çıxış etdiyi bu heyət az müddət ərzində böyük uğurlara imza atmış, Tiflisin ən böyük konsert salonlarında anşlaqla keçən konsrt proqramları vermiş, xeyli şöhrətlənmişdi.

İlk konsertimizə adıbəlli ziyalıları, yazarları, jurnalistləri dəvət etmək mənim öhdəmdə idi, bunun üçün birinci cərgədən ayrıca 20 dəvətnamə mənə verilmişdi. Əlbəttə, əvvəlcə, o vaxtlar Gürcüstanda azərbaycanlıların ən önəmli ədəbi-mədəni mərkəzi rolunu oynayan “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetinin redaksiyasına, oradan isə dostum və həmyerlim Afiq Hacıyevin yanına – onun o vaxtlar təhsil aldığı A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutuna getmişdim. Tarixini xatırlamıram, amma məhz həmin gün mənim – M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil almaq üçün Moskvaya getməyə hazırlaşan abituriyentin qarışıq fikirlərində aydınlıq yaranmışdı, beləcə, gələcək həyatımı, demək olar ki, özüm də bilmədən, Tiflisə bağlamışdım. Həmin gün Afiq məni sonralar özümün də məzunu olduğum institutun müəllimləri, Tiflis ədəbi mühitinin görkəmli simaları: Alxan Binnətoğlu və Valeh Hacılarla tanış etmişdi, Afiqin kurs yoldaşı Könül isə məndən əlavə bir dəvətnamə istəmişdi – o vaxt hələ tanımadığım yazıçı-jurnalist NƏRİMAN ƏBDÜLRƏHMANLI üçün. Əlbəttə, həmin günə qədər ədəbi cameə üçün elə də yad adam deyildim, rayon qəzetində, mərkəzi mətbuatda az-çox çap olunmuşdum, lakin dilimizin sərhədlərindən uzaqlarda keçən ikiillik əsgərlik həyatı az zaman deyildi, mən də itirdiklərimi sürətlə bərpa etməli idim...

O dövrdə Tiflis-Borçalı ədəbi cameəsinin çox zəngin tərkibi vardı. Valeh Hacılar, Alxan Binnətoğlu, Rəşid Hacallı, Arif Mustafazadə, Yunus Novruz, Səməd Qaraçöp, Eyvaz Əlləzoğlu, Nəriman Əbdülrəhmanlı, Allahverdi Təhləli, Tapdıq Yolçu, Afiq Muxtaroğlu, Əzim İsmayıllı, Lətif Mustafaoğlu, Etimad Başkeçid, Əlixan Düşkün, Şurəddin Məmmədli, İbrahimxəlil, Məmməd Həsənli, Dəyanət Osmanlı, Mirzə Məmmədoğlu, Emin Elsevər, Əli Səngərli, Əli Vüqarlı, İslam Əliyev, Zümrüd Orxan, Xaqani Qayıblı, Zülfüqar Şarbanlı, Nurafiz, Kamandar Mamocoğlu, Səadət Buta, Nəsib Yusifoğlu, Süleyman Əfəndi, Mədəd Coşqun, Əsəd Təhləli, Xəlil Şahvələd, Nəriman Əliyev, İmir Məmmədli, Əbdüləli İbrahimsoy, Müzəyyət Yusifli, Rəşid Faxralı, İsaxan İlyaz, Murtuz Məmmədli, Fərhad Xubanlı, Həvillək Bayramlı, Aslan Görarxlı, Zaməddin Ağbabalı, Razim Məmmədli, Müşfiq Çobanlı və anidən adlarını xatırlamadığım neçələri bu cameədə dilimizi yaşadıb inkişaf etdirməklə bərabər, bu və ya başqa şəkildə milli məfkurəmizin daşıyıcıları idilər.

...Sonralar bu sadaladıqlarımdan bəziləri həyatdan, bəziləri Gürcüstanımızdan, bəziləri isə ağır yaşam şərtləri üzündən ədəbiyyatdan köçdülər. Tiflisə, Borçalıya, yurdlarımızda yaşayan dostlara ən sadiq bir neçə adamla yanaşı NƏRİMAN ƏBDÜLRƏHMANLI buralarla heç zaman üzülüşmədi, 1985-ci ilin mayından başlayan dostluğumuzsa bütün mənfəət kurallarından ucada dayandı və necə vardısa, eləcə də davam edir...

Nəriman, Səməd Qaraçöp, Lətif Mustafaoğlu və rəhmətlik Eyvaz Əlləzoğlu vaxtaşırı yataqxanaya bizləri ziyarətə gələrdilər. Əlbəttə, azərbaycanlı tələbələrin də məskunlaşdığı Vakedəki tələbə şəhərciyinə söz, sənət adamlarından üz tutanlar az deyildi, amma şəxsən mənim üçün hər həftənin dördüncü günü əsl bayram olurdu. Nərimangilin də əməkdaşı olduğu “Sovet Gürcüstanı” qəzetində həmin gün həftəlik yığıncaq olurdu, axşam mənim yataqxanadakı 104 nömrəli otağımda isə əsl ədəbiyyat bayramı təşkil edilirdi. Həftə ərzində qələmə aldığım şeirləri Nərimana oxuyurdum, simasındakı dəyişikliklərdən də sözsüzösovsuz şeirimin hansı qiymət aldığını anlaya bilirdim. Nəriman o qədər pozitiv idi ki, hətta onun tək bu pozitivliyi xətrinə olsa belə, yazmamaq mümkün deyildi. Unutmamış, xüsusi qeyd etmək istəyirəm: Nəriman hələ o vaxtlardan sağlığında əsl qiymətini almamış, faciəli həyat yaşamış sənətkarlara xüsusi önəm verir, milliyətindən asılı olmayaraq, onlar haqqında portret yazılar yazıb çap etdirirdi. 37-ci illərin repressiya qurbanı olan görkəmli gürcü şairi Tisian Tabidze haqqında təxminən 30 il öncə qələmə aldığı “Ağ qızılgülün solmayan ətri” portret yazısının zərif ruhunu indiyədək tamarzı kimi xatırlayıram. O, sonralar da bu xeyirxah işini davam etdirdi, Aşıq Teymur Qurbanov, Qaraçöplü Aşıq Musa, Arif Mustafazadə, İsa İsmayılzadə, Natiq Səfərov, Vidadi Məmmədov, Aydın Məmmədov kimi unudulmaz sənətkarlar və ziyalılar barədə ayrıca kitablar hazırlayıb.

Öz həyatında dörd mərhələ - publisistika, kino, nəsr və tərcümə - keçən Nərimanın fəaliyyət sahəsinə çəkinmədən naşirliyini də əlavə edərdim, ən azı ona görə ki, şəxsi yaradıcılığından əlavə, onlarla kitab nəşrə hazırlayıb, tərtib və redaktorluq edib. Üstəlik, “Qaraçöp” ədəbi-etnoqrafik toplusunu hazırlayıb nəşr etdirməklə bu sahədə bir ilkə də imza atıb. Publisistikada yüzlərlə məqalə müəllifli olan Nəriman, əllidən çox bədii və ya sənədli filmin əksəriyyətinin ssenari müəllifi, bir qisminin isə redaktorudur.

Statistika, xüsusən də tərcümə yaradıcılığında önəmli şərtlərdən biridir. Nəriman Əbdülrəhmanlının tərcüməsində indiyədək ümumi həcmi təxminən 16 000 (!) səhifə olan 45 kitab çapdan çıxıb, tərcümə etdiyi 25 kitab isə öz çapını gözləyir. Bütün bunlarla bərabər, o, əlbəttə, hər şeydən əvvəl yazıçıdır, çağdaş Azərbaycan nəsrinin sanballı nümayəndələrindən biridir – kimlərsə bu faktı qısqansa da, kimlərsə dansa da, kimlərsə istəməsə də, bu belədir və bunu pafos dolu bəsit sözlərim deyil, Nərimanın ömrünün təxminən 30 ilini verdiyi hekayələri, povestləri, romanları təsdiq edir.

Nəriman ədəbiyyata bəziləri kimi qəfildən düşməyib, qalıcı əsərlərlə qalıcı şöhrəti haqq etmək üçün hər mərhələni gözü ilə odlar götürə-götürə, ağır zəhmət hesabına adlayıb. 80-ci illərin əvvəllərindən başlayaraq, öncə koloritli publisistikası və hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə - dünyagörüşünün, müdrikliyinin, təcrübəsinin bəlli yetkinliyində romanları ilə ədəbiyyatımıza rəng qatıb. Mübaliğəsiz deyə bilərəm ki, Nərimanın kitab şəklində çap olunmuş əsərlərindən, etdiyi tərcümələrdən və nəşrə hazırladıqları kitablardan babat bir kitabxana yaratmaq mümkündür.

Fikrimcə, şairlərinin bolluğu ilə seçilən Tiflis-Borçalı ədəbi arealı Nəriman Nərimanov və Abdulla Şaiq kimi ədiblərdən sonra, ötən əsrin ikinci yarısında Tahir Hüseynov və bir neçə istisnalar olmaqla, əksər vaxtlar nasir qıtlığı yaşayıb Aradan təxminən bir əsr keçdikdən sonra, mərhum Eyvaz Əlləzoğlunun və Nəriman Əbdülrəhmanlının ortaya qoyduqları bir çox sanballı nəsr əsərləri sayəsində bu qıtlıq aradan qaldırılıb.

Nərimanın, demək olar, bütün əsərlərini oxumuşam. Uzun illər qəzet və jurnal səhifələrində hekayələri ilə çıxış etsə də, povest və hekayələrdən ibarət “Yelçəkən” adlı ilk kitabını 2003-cü ildə, 45 yaşında nəşr etdirib. Sonrası isə təbii və yüksələn xətlə davam edib: bir-birinin ardınca “Yalqız”, “Könül elçisi”, “Yolsuz”, “Yolçu”, “Qurban” romanlarını ayrıca kitablar şəklində, ötən ildə isə hekayələr, povest və romandan ibarət “Dönəlgə” kitabını çap etdirməklə özünün ədəbiyyatda nəinki təsadüfi adam olmadığını, hətta çağdaş ədəbiyyatımızın kifayət qədər məhsuldar və iddialı nümayəndəsi olduğunu hay-küy salmadan, heç bir saxta piar və reklama söykənmədən, sadəcə öz yazdığı əsərlərlə sübuta yetirib.

...80-ci illərin ikinci yarısı Tiflis-Borçalı ədəbi cameəsinin elə bir qaynar və eşq dolu dövrü idi ki, indi də o illərin nostalgiyası məni Tiflisin tanış küçələrində qəfildəncə ildırım kimi vura bilir, saatlarla sanki yaşadığım zamandan ayrılır, nəyin bahasına olursa-olsun, o illərin izaholunmaz pozitiv enerjisini ruhumda oyandırmağa çalışıram.

...Yataqxanadakı 104 nömrəli otağımda həm sazım, həm də gitaram vardı. Hər həftənin dördüncü günü Nərimanı gözləyirdim. Oxumam üçün yeni kitablar, qəzet-jurnallar gətirəcək, yeni şeirlərimi dinləyəcəkdi. Sonra süfrə arxasında növbəylə gah saz, gah da gitara qəmli-qəmli ötəcəkdi. İlyas və Rüstəm Məmmədov qardaşları “Ruhani”ni, “Mansırı”nı inildədəcəkdi. Sonra Nəriman gitaraya işarə eləyib bu gün də ağrılı bir istəklə dinlədiyi həmin mahnını oxumamı istəyəcəkdi. Mən səsimi gitaranın simlərinə hopdurub axıb gedəcəkdim:

Dağda duman yeri var, duman yeri var,
Qaşda kaman yeri var, kaman yeri var.
İtirmişəm yarımı, yarımı,
Harda güman yeri var, güman yeri var...

Gözlərimdə yaşı gizlətməyə yer axtaracaqdım, Nəriman da eləcə. Kişilər ağlamaz deyirlər, amma bu fikir daşürəkli adamların uydurduğu yalandır... O dövrdə yazdığım uğurlu şeirlərin əksəriyyətində Nərimanın qəmli pozitivinin rolu vardı. Heç zaman “yaz” deməzdi, sadəcə içindən qovrula-qovrula vərəqə köçürülmüş şeirin üçün elə ürəkdolusu sevinərdi ki, onunla növbəti görüşə şeirsiz getmək edama getmək bir şey olardı...

80-ci illərin sonlarında bizim durna qatarımız dağıldı. Tiflis-Borçalı ədəbi cameəsi çilik-çlik oldu. Gedənlər də qərib oldular, qalanlar da. Gedənlər də uduzdular, qalanlar da. İçimdə dəfələrlə savaş baş verdi. Nə gedənlərə qoşula bildim, nə qalanlara. Stres canıma sitəm elədi, xəstələndim, kimsəyə xəbər vermədən ağır əməliyyat keçirdim. Və... heç gözləmirdim, amma qayıtdım, qayıdan kimi yaddaşım yaşardı, ən doğmalarım içində Nərimanı xatırladım. 90-cı illər idi. Gözlərimdən yaş süzüldü. Nərimanla bağlı bir dəfə də ağlamışdım: Tiflisdə. Meydanda, Kürün sahilində. 80-ci illərin sonunda. O, Bakıya köçəndə...

İndi yazanlara asandır, amma yaza bilməyənlərə daha asandır. Senzura yox, qadağa yox, ələşdirib təftiş edən yox, çap olunmaq üçün minbir zülüm çəkməyə də gərək yox. Ağlına gələni cızma-qara elə, get dananın birini sat, kitabını çap etdir və yaxud geydirmə saytlar, sosial şəbəkələr sağ olmasın, paylaş paylaşa bildiyin qədər. Ən acınacaqlı məqam isə budur ki, ədəbi meyarlar Azərbaycan ədəbiyyatında olduğu qədər heç bir yerdə bu qədər zorlanmaya məruz qalmayıb. İndi nəinki hər rayonun, hətta hər kəndin, hər məhəllənin öz “yazarları” peyda olub, həmin “ədəbi vampirlər” halal söz adamlarının qanını əmirlər. Gürcülərdə isə sənətə dəxli olmayan birisi özünü sənətkar kimi cəmiyyətə sırıyammaz, çünki ona dərhal gedib çaxırını içməyi məsləhət görürlər. Tiflisdə kitab çapı ilə bağlı zaman-zaman bəzi nəşriyyatlarda oluram. Müəlliflər, redaktorlar kitablardakı hər kəlmə, hətta durğu işarəsi üçün yarpaq kimi əsirlər. Özümün də bu cür xasiyyətim olduğu üçün sözə belə münasibət mənə gerçəkdən ləzzət edir. Amma biz oxumaq, mütaliə etmək kultunu getdikcə yadırğayırıq. Çünki tanınmış ədəbi simalarımız bəzən elələrinin “kitablarına” ön söz yazırlar ki, adamın ayağı yerdən üzülür və o yerdən üzülən ayağın əvəzinə həmin “ədəbi vampirlərin” qədəm basırlar. Bax, elə beləcə Nərimanın, Nəriman kimilərin halal haqqı torpaqlarımız kimi işğal olunur...

Bu yazı sadəcə bir dost yazısıdır. Çağdaş ədəbi tənqidimizin əksər nümayəndələri ilə ilıq münasibətlərim var. Mən, əlbəttə, Nərimanın romanlarındakı ədəbi salğarı da, tarixi çəkini də duymamış deyiləm. Amma düşünürəm ki, hər şeydən əvvəl oxucuyam. Elə bilirəm, Nərimanın əsərləri kitab halında gerçək ədəbiyyat adamlarının hamısında var. Məncə, hələ ədəbi gələcəyi bəlli olmayan “nasirləri” tərifləyib şikəst etməkdənsə, Nərimanın və digər gerçək sənətkarların əsərlərini saf-çürük etməyin, kəm-kəsirlərini söyləməyin, sözün həqiqi mənasında təqdir və tənqid etməyin zamanı çoxdan çatıb. Çünki illər ötəndən sonra, onsuz da bu işləri görən bir dəliqanlı tapılacaq və öz sələflərinə zamanında bu işi görmədikləri üçün heç də rəhmət oxumayacaq...

...Tiflis-Borçalı ədəbi cameəsi öz çiliklərini bitişdirir. Burada yaşayıb-yaradan adıbəlli yazarlarımızın sırasına öz istedadları ilə açıqca seçilən gənclərimiz qoşulur. Dəyərli gənc dostlarım Azər Musaoğlu, Oqtay Kazımov, Afayət Afiq, Coşqun Cəfər, Vaqif Səyyah, Kamuran, Vüqar Vəkiloğlu, Xəyal Namazov, Anar Rafiqoğlu, Nərmin Hüseynova, Murad Sadıx, Mirdamət Məmmədov, Eltun Mehdioğlu, Aytac Məmmədova və onların tay-tuşları olan qələmdaşlarımız bu cameəni reanimasiyadan həyata qaytaracaqlar, inşallah. Ortada yeyib, qıraqda gəzənlər onların da haqqını tapdayacaq, amma fikrimcə, Tanrı öz halal sözünü onlara ərməğan edib və ümidlərim, qış bir az uzun çəksə də, çiçəkləyir...

“Haqq deyənə” adlı bu şeirimi illər öncə Nərimana həsr etmişəm:

HAQQ DEYƏNƏ...


Dərdə heyrətim qalmadı,
Gəlirsə də, əbəs gəlir.
...Qulaqlarım tutulmuşdu,
Allah, nə gözəl səs gəlir!

Baxginən sözümnən mənə,
Tanrının gözünnən mənə,
Ölümün özündən mənə
Divanə bir həvəs gəlir.

Məni yenən haqdan yenə,
Silkələndim Haqdan yenə.
Min illərdi Haqq deyənə
İmarət yox, qəfəs gəlir.

Sözmüş məni yeridən də,
Sözmüş məni yarıdan da,
Şükür... mənə Yaradandan
İtirdiyim nəfəs gəlir!..

Rafiq HÜMMƏT
MANERA.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

"Varlıq", Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
“Şair ola bilməyən şair - Lətif Mustafaoğlu”

“Şair ola bilməyən şair - Lətif Mustafaoğlu”

TDPİ-nin Azərbaycan bölməsi, Ədəbi tənqid, Borçalı
Tiflisli “Salman Mümtaz”

Tiflisli “Salman Mümtaz”

Tiflis
BİR QƏLBİN İŞIĞI

BİR QƏLBİN İŞIĞI

TDPİ-nin Azərbaycan bölməsi, Msxeta
ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

Ədəbi əlaqələr
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus
GÜRCÜSTANDA ƏDƏBİ-ZİYALI MÜHİTİMİZİ  ZƏNGİNLƏŞDİRƏN USTAD

GÜRCÜSTANDA ƏDƏBİ-ZİYALI MÜHİTİMİZİ ZƏNGİNLƏŞDİRƏN USTAD

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Başkeçid
“Bir nəslin dörd fəsli”

“Bir nəslin dörd fəsli”

Ədəbi tənqid
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Qiymətli tədqiqat əsəri

Qiymətli tədqiqat əsəri

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid, Darvaz, Arxiv
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
SARIQAMIŞDAN QARAÇÖPƏ DÖNƏLGƏ TALEYİ

SARIQAMIŞDAN QARAÇÖPƏ DÖNƏLGƏ TALEYİ

Turan, Qaraçöp
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
29-cu Dədə Camal Məclisi:

29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu ...

"Borçalı" Cəmiyyəti
Tiflisdə 5 ölkənin yazarları görüşdü

Tiflisdə 5 ölkənin yazarları görüşdü

Tiflis, "Varlıq"
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Tanınmış yazıçı: “Generalın əlacsızlıqdan ağlaması gözümün qabağından getmi ...

Tanınmış yazıçı: “Generalın əlacsızlıqdan ağlaması gözümün qabağından getmi ...

Ədəbiyyat, Qaraçöp
Tiflisdə

Tiflisdə "Körük" və "Şəfəq-Sxivi" ədəbiyyat və sənət jurnallarının növb ...

Yeni nəşrlər, Tiflis
İŞIQLI DUYĞULARIN ADAMI - AFİQ MUXTAROĞLU

İŞIQLI DUYĞULARIN ADAMI - AFİQ MUXTAROĞLU

"Varlıq", "Yeni yol", Qarayazı
Rəy yazın: