Rövşən GƏNCƏLİ (1956)

Rövşən GƏNCƏLİ (1956) Rövşən Gəncəli (Yusifov Rövşən Məmməd oğlu)
1956-cı il iyunun 5-də qədim Borçalı mahalında
- indiki Gürcüstan Respublikasının
Marneuli rayonundakı Təzəkənd kəndində anadan olub.
1973-cü ildə Təzəkənd orta məktəbini bitirib.
14.11 1974-cü ildən 18.11.1976-cı ilə qədər
hərbi xidmət borcunu yerinə yetirib.
1978-ci ildə AzKTİ-nun kənd təsərrüfatının elektirikləşdirilməsi fakultəsinə qəbul olub.
1983-cü ildə AzKİ-nu bitirib.
Marneuli rayonunun İmir kəndindəki DSZ-da
Baş mühəndisin müavini, Baş energetik işləyib.
1990-cı ildə Borçalıda baş vermiş məlum olayalrdan sonra o da doğma Borçalıdan köçmək məcburiyyətində qalıb.
Uzaq Rusiyaya üz tutub. Çelyabiniski vilayətinin
Troitski rayonunda idarə rəhbəri, direktor,
baş direktor və Bələdiyənin sədri vəzifələrində işləyib.
R.Gəncəli, eyni zamanda, təhsilini də davam etdirib.
1998-ci ildə Çelyabinsk Dövlət Universitetinin
hüquq fakültəsini bitirib.
2013-cu ildən Bakıda yaşayıb-yaradır.

Rövşən Gəncəli həm də poeziya həvəskarıdır.
İstedadlı şair kimi tanınır. 3 kitab müəllifidir.


Biz də hörmətli soydaşımız Rövşən Gəncəliyə
yeni-yeni yaradıcılıq uğurları arzulayır, aşağıda
onun bir neçə şeirini və yazıçı Əli Abbasın
Rövşən Gəncəliyə ünvanladığı "Açıq məktub"u
ZiM.az-ın dəyərli oxucularına təqdim edirik.


ZiM.AZ


İSTƏYİRƏM

Azərbaycan vətənimdir, millətimdir, dilim mənim,
Dalğalanır asimanda yenilməz bayrağım mənim.
Atam, anam ürəyimdir, müqəddəs torpağım, mənim.
Millətimə canım qurban, gözəl bir dövran istərəm.

Yağı düşmən ayaq basıb, torpaq qana boyanıbdır.
Dərd içində açmır güllər, axan çaylar dayanıbdır.
Qisas almaq arzusuyla oğul, qızın oyanıbdır.
Qarabağda düşmənlərin yurdunu viran istərəm.

Azad edək daşnaqlardan, çiçəklənsin torpağımız.
Qoy ucalsın bu dünyada zirvələrə vüqarımız.
Dalğalansın, şəfəq saçsın Qarabağda bayrağımız.
Qəm, qüssədən uzaq olaq, xalqı firavan istərəm.

Bu Rövşənin arzusudur vüsət alsın qüdrətimiz.
O allahdan hədiyyədir tükənməyən sərvətimiz.
Yayılıbdır bu dünyada hər bir yana hörmətimiz.
Cənnət olsun torpağımız, xalqımı xoşbəxt istərəm.


DƏRDİMİ

Qəlbimi yandıran sirlərim çoxdur.
Olmadım alüdə, gözlərim toxdur.
Fikirdən gözümün yuxusu yoxdur.
Yükləsəm götürməz dəvə, dərdimi.

Can dedim:-könlümə yara vurana.
Yol göstərdim, özüm düşdüm borana.
Daşıdım gecələr dağa, arana.
Bilmədim, söyləyəm kimə, dərdimi.

Çağırdım fələyi, canım almadı.
Qəlbimi yandırdı, bilən olmadı.
Alışdı ürəyim, dözüm qalmadı.
Yenə də salmadım dilə, dərdimi.

Olubdur hər kəsin canıyananı.
Gəzib dolanmışam bütün cahanı.
Axtardım, tapmadım dahi insanı.
Baxa sifətimə, bilə, dərdimi.

Uzaq oldu məndən bacım, qardaşım.
Olmadı dünyada qanan sirdaşım.
Çəkir azarımı həyat yoldaşım.
Danışsam qurtarmaz ilə, dərdimi.

Rövşənəm, nadanın küsmə dilindən.
Loğvanın, yaxşılıq gəlməz əlindən.
Söyləsəm oynayar dağlar yerindən.
Yüklədim yıxıldı filə, dərdimi.


OĞLUM

Oğullarım: Məmməd və Hikmətə.


Hörmət et kəsdiyin duza, çörəyə.
Zəhmətə qatlanan çatar diləyə.
Şüşədən kövrəkdir, dəymə ürəyə.
Layiqli oğul ol, elinə, oğlum.

Varlını görəndə dizə çökərlər.
Yoxsulu alçaldıb gözün tökərlər.
Yaltağı, alçağı başa çəkərlər.
Gəlməsin yalanlar dilinə, oğlum.

İnanma arsızlar qeyrət çəkələr.
Müftəxor adamlar bostan əkələr.
Həyatda dəb olan haram tikələr.
Dəyməsin heç zaman əlinə, oğlum.

Rövşən sevər insanların mərdini.
Bilən azdır yaxşılığın qədrini.
Yoxsulun, yazığın olan dərdini.
Yük eylə həmişə belinə, oğlum


YAN KEÇİR

Yaman pisdir əl aşağı düşəndə.
Bəxt, yığvalın üz döndərib küsəndə.
Ciblərində qara yellər əsəndə.
Baxır sifətinə, hamı yan keçir.

Danışanda, həqiqətdir yeganə.
Qohuma, qonşuya olma biganə.
Dəyişib adamlar, dönüb zəmanə.
Dünən əl tutduğun, bu gün yan keçir.

Bu dünyanı qarış-qarış gəzmişəm.
İnsanlarda hər sifəti görmüşəm.
Bu fanı dünyadan vallah bezmişəm.
Dolanır başıma, ölüm yan keşir.

Rövşənəm, çox gözəl keçdi gəncliyim.
Neçə illər ömür yolu keçdiyim.
Məclis qurub, meşələrdə içdiyim.
Bu gün üz döndərib, dönüb yan keçir.


GƏRƏK OLSUN

El, obanın yaddaşında qalmağa.
Dərdlilərin qadasını almağa.
Mehriban danışıb yola salmağa.
Adamın dilində bal gərək, olsun.

Yaltaqlıqla muradına çatanın.
Namərd olub, dostlarını satanın.
Namusu, qeyrəti, arı atanın.
Başına örtməyə şal gərək, olsun.

Atanın, ananın çəkin nazını.
Qisməti kəsəndə götür azını.
Çalıb, oxuyanda telli sazını.
Qiyməti verməyə el gərək, olsun.

Gədanın verdiyi çörək yeyilməz.
Barsız ağaclarda budaq əyilməz.
Hər gördüyün quşa durna deyilməz.
Durnanın başında tel gərək, olsun.

Qədəm qoyub məclislərə girəndə.
Mənasız danışıb, yersiz güləndə.
Kiminsə sözündə nöqsan biləndə.
Üzünə deməyə dil gərək, olsun.

Halaldan yığılan sərvət tükənməz.
Hər ata ağıllı oğul əkəmməz.
Hər adam elinin yükün çəkəmməz.
Rövşənəm, çəkməyə bel gərək, olsun.


BİLMƏRƏM

Qocalıq yaxamı yaman alıbdı,
Tutulub dizlərim əldən salıbdı.
Duz kimi əridim, nəyim qalıbdı?
Çatam ya doxsana, yüzə, bilmərəm.

Cavanlığı keçirmədim boşuna,
Həzz alırdım, çox gəlirdi xoşuma.
Qız, gəlinlər dolanırdı başıma,
İndi qocalmışam, dözə bilmirəm.

Daş götürüb ovucumda əzərdim,
Qəvvas olub dəryalrda üzərdim.
Qartal kimi zirvələrdə süzərdim,
İndi qapıdaca gəzə bilmirəm.

Yastıqardan Başkeçidə baxardım,
Şimşəkkimi parlayardım, çaxardım,
Sarfdərəni qaça-qaça çıxardım,
İndi piləkəni çıxa bilmirəm.

Dostlar ilə gözəl məclis qurardım,
Aşıq çalar, yavaş-yavaş vurardım.
Qoz, fındığı dişlərimlə qırardım,
İndi çəkişlə da qıra bilmirəm.

Rövşənəm, xəyalım gəzir, dolaşır,
Gəncliyə seyr edir, hövsələm daşır,
Bəzən də görürəm ağılım çaşır,
Olanı yadıma sala bilmirəm.


VAR

Başına döndüyüm, ay elim, obam,
Görün, bu dünyanın neçə üzü var.
Seçir insanları, həyat yolundaƏ
Kimiyə dərəsi, kimə düzü var.

Dərk edib ələnib ələkdən keçin,
Haqqı, ədaləti, vicdanı seçin .
Köçəndə dələduz, nanəcib üçün,
Cəhənnəm odunda yanan közü var .

Beş manat olanda mənliyi satma,
Qohumla, qardaşla aranı qatma .
Əbədi dünyada böhtanlar atma,
Bütün əməlləri görən gözü var .

Qazancın olubsa günah adında .
Olsan da torpağın yeddi qatında .
Cəzasız qalmazsan, saxla yadında .
Gözə görünməyən haqqın özü var .

İnsanlar fanidi, gəldi, gedərdi .
Ayrılıq göz yaşı, ölüm betərdi .
Yaxşılıq etməsən ömür hədərdi .
Rövşənin nə qədər sirli sözü var .


AŞIQ

Yığışmışıq Borçalının elində.
Gözəl bir nəsilin toy məclisində.
Götür sazı aşıqların dilində.
Bala-bala ustadnamə çal, aşıq.

Elə hava çal ki, əllər oynasın.
Mizrabı vur, sazda tellər oynasın.
Sevinsin gözəllər, ellər oynasın.
Bu məclisin yaddaşında qal, aşıq.

Çal sazını, aləm nura boyansın.
Yolnan keçən, axan çaylar dayansın.
Dərdlər çəkən, xəstə könlüm oyansın.
Ustadları, sən yadına sal, aşıq.

Rövşənin nahaqdan dönməz ürəyi.
Unutmaz, kəsdiyi duzu, çörəyi.
Telli sazdır bircə arzu, diləyi.
Elə çal ki, ürəyini al, aşıq.


ZiM.Az


Rövşən Gəncəliyə AÇIQ MƏKTUB

və yaxud, ürək sözlərim...

I məktub


Çox hörmətli Rövşən Gəncəli! Sizinlə tanışlığımın tarixi o qədər də uzaq deyil.
Bu ilin isti yay günlərinin birində bizim üçün Məkkə-Mədinə səviyyəsində məqamı-qiyməti olan
doğma Borçalımızın axarlı-baxarlı guşələrindən biri olan Marneuli şəhərində tanış olduq.
Bu tanışlıq üçün mən gözəl ziyalımız Zahid Nəsibə təşəkkür edir, razılığımı bildirirəm...
Çox hörmətli Rövşən Gəncəli, ilk andan söhbətimiz tutdu və biz köhnə tanışlar kimi,
bir-birimizə bələd olan insanlar səviyyəsində ünsiyyət qurduq və ümumi dərdlərimiz -
problemlərimiz barədə söhbət açdıq. Elə ilk gündən hiss elədim ki, bütün varlığı, canı və qanı ilə
Borçalıya bağlı bir ziyalımızla üz-üzə oturmuşam.
Başı qovğalar çəkmiş, taleyi kəm ulu Borçalımızın ilin hər fəslində başı qarlı uca dağları var.
Mən bu dağları varlığım qədər sevib, hörmətlə vəsf etmişəm. Bu sizdə də belədir.
Borçalı bizim üçün müqəddəs bir məkan, doğma Vətən, damarlarımızda axan qan olmaqla bərabər,
həm də fəxrimiz-fəxarətimizdir.


Yazırsınız:

Sinəsində tarixlərin qalası,
Yaşıl meşələri, təmiz havası.
Gözəl mənzərəsi, qəşəng safası,
Hikmətdi, loğmandı bizim Borçalı.

İranın Ərdəbil şəhərində bir şeir məclisi qurulmuşdu. O məclisdə iştirak edən hər kəs üçün bir sorğu vərəqi payladılar.
Orada yazılmışdı:
Sənin üçün dünyada ən gözəl ölkə:
Ən gözəl ölkə və ən müdrük xalq???
Orada bir neçə ölkənin vətəndaşı iştirak edirdi-Azərbaycandan, Türküyədən İranın özündən və Orta Asiyanın Türkdilli ölkələrindən. Elə adam oldu beş vərəq, üç vərəq- heç yazmayan da oldu.
Mən isə üç kəlmə söz yazdım:
- Gürcüstan,
- Borçalı,
- Azərbaycan xalqı...
Həmin məclisdə təqdim olunan üç ödüldən birini mənə verdilər. Ona görə ki, mənim bu üç kəlməlik cavabının arxasında Vətən, ədalət və xalq məhəbbəti vardı.
Rövşən Gəncəli yazır:

Başı qarlı dağlarını,
Sevər isti qucağını,
Görəmməsə torpağını-
Rövşən rahat olmaz Vətən!

Çox hörmətli dost! Mən bilir və hiss edirəm ki, Sən bu bənddə sıralanmış on iki dənə sözün hamısını candan, ürəkdən hiss edərək yaşamısan... Yaşamasan, hiss etməsəydin, on iki kəlmə söz birləşməsində bu qədər dərin məna, yüksək Vətən sevgisi olmazdı... Və hər adamda bu qədər güclü, bu qədər yüksək-sıcaq Vətən sevgisi olmur. Mən deyərdim ki, könlünüzdə olan ana və Vətən sevgisi İlahidən sizin qəlbinizə əta olunmuş ən güclü, saf, bakirə hisslərdir ki, onun gücü-qüdrəti ilə bu işıqlı dünyamızda, gözü Vətənimizdə, dostlar arasında, qohum-əqraba içində - ən əsası isə Allah qarşısında yüksək məqam və hörmətiniz var...
Sizin Borçalıya bağlılığınızı söz-söhbətinizdə deyil, həm də şeirlərinizdə, küllü- yaradıcılığınızda hiss elədim.
Borçalımızın başı qarlı uca dağları, heyva-nar ətri ilə dolu olan bağları, dağların köksündən sızıb gələn şarşar nəğməli çayları, bu çaylardan sərinlik tapan bərəkətli torpaqlara olduğu kimi bu elin-ədalətin qədr- qiymətini bilən, ürəkdən, qəlbdən ona bağlı olan oğulları-qızları da var ki, dünyanın hansı ölkəsində yaşasalar da hər vaxt onu yaddan çıxarmır, unutmurlar...
Bu gün həmin oğullardan biri, qəlbən, ruhən bu torpağa bağlı olan Rövşən Gəncəli ilə üz-üzə, göz-gözə söhbət edir, yaradıcılığı haqda ürək sözlərimizi dilə gətiririk.

Xəstə üçün dərman olar havası,
Lazım gəlməz həkim, dərman-davası,
Bəs eyləyər bircə Allah duası-
Yığılmış dərdlərin dərmanı, dağlar.

Çox hörmətli Rövşən, dağlara onun köksündən sızıb gələn, min dərdin dərmanı şəfa bulaqlar Sizi vəcdə gətirir və deyirsiniz :

Üç ay yayı gülüstana dönərsən,
Gələnləri seçməyirsən- sevirsən,
Cansağlığı, uzun ömür verirsən,
İnsan həyatının loğmanı, dağlar.

Dünyanın köksündə kök atmış ulu dağlar ona görə ayağı üstündə möhkəm dayanıb, gələn həmlələrə, küləyə, tufana tab gətirib dayana bilir ki, ayaqları Vətən Torpağından güc alir.
Atalar gözəl deyib:
Kökləri topağın qalın qatlarına işləmiş uca ağacları heç bir külək- Tufan həmləsi yerindən qoparıb aşıra bilməz...
İnsan da belədir- kökü deyil, mənəviyyatı güclü olanlar bütün həmlələrə tab gətirib dözə bilirlər. Mənəviyyat isə çox qiymətli, dürlü bir xasiyyət olmaqla bərabər, ondan yüksəkdə heç nə ola bilməz- nə mal, nə dövlət, nə pul, milyonlar. Bunlar hamısı gəldi-gedər şeylərdi. İnsanı yüksəldən, insan edən, adamı adamlar cərgəsinə qatan, onun mənəviyyatının yüksək olmasıdır.
Rövşən Gəncəli isə belə deyir:

Bir kimsədə görsə kədər,
Verər canın, hörmət edər.
Sözlərini deməz hədər,
Sədaqəti qanar, insan.

Qəlbi kirli, qəlbi qara, həris insanlar hələm-hələm deyil, xəta etdikdən, kiminsə qəlbinə toxunduqdan, ürəyini-xətrini qırdıqdan sonra həqiqəti qəbul edir, doğru yola qayıdırlar. Əgər qayıda, düzgün yolu seçə bilirlərsə buna da şükür edirik.

Unudular mərifət, hörmət,
Dava-dalaş- yığar sərvət,
Beş arşın ağ olar qismət,
Ömrü başa vurar insan...

Rövşən Gəncəlinin şeirlərini oxduqdan sonra insana bir həqiqət də aydın olur: hər bir kəs yaxşı ər, yaxşı həyat yoldaşı olmaqla deyil, yaxşı insan olması ilə fəxr edə bilər. Ona görə də aqillər deyib ki, insan dünyanın əşrəfidir- o, insan ki, Vətənini, xalqını , elini-obasını sevər, bütün varlığı ilə ona bağlı olar. Bir dəfə söhbətlərinin birində dedi ki, mən ömrümün çox hissəsini Rusiyada keçirmişəm. Dünyada lövbər salmış bir çox xalqlarla ünsiyyərim olub. Onlarla bizim aramızda Vətənə bağlılıq baxışından fərq çoxdur- illah da ki, Borçalıda yaşayan Azərbaycanlılar. Bu əyalətin ən gözəl, çox qiymətli regional xüsusiyyətləri var- qonaqpərvərlik,torpağabağlılıq, əməyə bağlı olması, sazı-sözü, ədəbiyyatı və folklorunu sevməsidir...
Ata yurdu olan həyətində rəngli, ətirli güllər gördüm və bu güllər diqqətimi çəkdi, maraq və diqqətlə baxdəğımı görüb dedi:
- Bilirsinizmi, Borçalıda açan güllərin bu qədər ətirli olmasının sirri nədədir?!
Bu gülləri becərən insanların qəlbi, ürəyi, niyyəti dağlarımızın köksündən süzülüb gələn sərin bulaqların suyu qədər saf və təmizdir.
Mən onun şeirlərini oxuyanda bu ətri, bu saflığı orada da hiss elədim.
Rövşən Gəncəlinin şeirlərində həm də bir nəsihət, hikmət var. Onun yaradıcılığının
əsas məğzi, elə bu münasibət üzərində cərəyan edir. Bu sətirləri qələmə alanda onun bir bənd şeiri yadıma düşdü:

İnsan oğlu, fərəhlənib danışma,
Söz deyəndə gəl odlanma, alışma,
Ev yıxmağa nə tələsmə, çalışma-
Bil, gələrsən qəzəbinə dünyanın!..

Həyat ona görə bu qədər qiymətli və gözəldir ki, Allahın bizə vermiş olduğu ömür adlı zaman kəsiyini yaşayıb başa vurduqdan, bu dünya ilə haqq-hesabını kəsib getdikdən sonra ölüm adlı bir əbədiyyat məkanı var!.. İnsanları qılığımıza girib, şirnikdirən bu dünyada ən çoxu 100-150 il ömür sürürüksə, əbədiyyat məkanında min illər boyu səbr və təmkinlə qiyamət gününü gözləmək var. İnsan üçün ölüm ona görə qorxulu deyil ki, ondan sonra dünyada həyat var... ömür var- həyat var, yaşayış var. İnsan ölüb əbədiyyətə qovuşsa da adı və görmüş olduğu işlərin insanlar üçün əhəmiyyəti baxımından yaddaşlara köçüb uzun illər yaşaya və ya bir neçə ildən sonra yaddan çıxa da bilər. Aqillər deyir ki, Allahın yaratdığı bəndənin ömrü onun öz ixtiyarındadır. Uzun da ola bilər, qısa da...
İnsan yaşadığı mövcud dünyada gördüyü yaxşi işlərin müqabilində yaddaşlara köçür, tarixdə qalır.

Elə ki, doğuldun, gəldin dünyaya,
Yaşa, yarat, sən pislikdən uzaq ol.
Qiymət verəcəkdir insanlar sənə,
Danışanda sözlərinə sadiq ol!

Allah tərəfindən insan oğluna verilmiş ömür çox qısadır. Bu qısa zaman kəsiyində dostların- yaxınların qəlbini qırmaq məsləhət deyil, çünki qısa zaman kəsiyində onların sınıq qəlbini bərpa etməyə vaxt çatmaz. Bu müdrük kəlamı dolayısı ilə çox adam işlədir- həm də bəziləri əməli olaraq yerinə yetirir. Ancaq Rövşən Gəncəli bu ifadəni özünəməxsus şəkildə oxucusuna belə çardırır:
-İnsanın qəlbinə dəymək çox asandır, ancaq könlünü almaq üçün illər lazımdı. Bu misralar oxucu kütləsi üçün bir mesajdır.
Rövşən Gəncəlinin üç nəfis kitabdan ibarət şeirlər toplusunda xalqımızın mənəviyyat yükü olan folklormuzun “ Hikmət xəzinəsi” bölməsinə xüsusi yer ayrılıb. Şair bu hissədə müdrük babaların dilindən çıxan, onların müdrük kəlamları ilə insanları halallığa, düzlüyə dəlalət edən misalları nəzmə çəkərək daha da müdrükləşdirir.

Lovğalıq eyləyib, çıxsan özündən,
Çox keçməz düşərsən elin gözündən.

Və yaxud:

Tısbağa çıxanda öz çanağından,
Heç zaman yaxşılıq gözləmə ondan.

Bəzən olur ki, şair bu cür hikmətli sözləri nəsr formasında oxucuya təqdim edir. Həyatda gördüyü və qəbul edə bilmədiyi , onu narahat edən, oxucuya çatdırmaq istədiyi nəsihətvari kəlamları elə o cür də bizə təqdim edir. Mən deyərdim ki, həmin misralar şairi narahat edən, düşündürən hisslərin məhsuludur.
- İnsanın mənəvi gözəlliyi onun əməllərində, ağlında və dərrakəsindədir.
- Həyatda ən pis hal odur ki, sənə onlara lazım olduğuna görə hörmət edirlər...
- Məhəbbət adamın qəlbinə sevgi, ürəyinə fərəh, qoluna qüvvət gətirir və daim yaşamaq eşqi ilə ruhlandırır.
- Haqqı, ədaləti hər bir adam görə bilər, ancaq onu demək, müdafiə etmək üçün şəxsiyyət və qeyrət lazımdır.
- Ağacın gövdəsi nə qədər böyük olsa da kökünə kölgə salan qol-budağıdır.
Bu cür nəsihət dolu misraları yüzlərcədir. Onları bilmək, oxumaq və yaddaşınıza köçürmək fikriniz varsa onun üç cilddən ibarət şeirlər kitabını mütaliə edin. Orada sözün əsl mənasında bir hikmət xəzinəsi ilə qarşılaşacaqsınız...
Hikmətli sözlər xalqımızın mənəviyyat yüküdür. Hər kəs bu xəzinədən öz ağlı və bacarığı səviyyəsində bəhrələnir – kimi çox, kimi də az!..
Bütün varlığı ilə Borçalıya, onun bir hissəsi olan Gorarxı elinə bağlı bu şair eloğlumuz öz yaradıcılığı boyu bu torpağın suyunu içib, üstündə ayaq açıb gəzən hər kəsi düzlüyə, halal zəhmətə və ədalətə səsləyir...

Halal tikə...
Mərd hörə, halal tikə.
Haram dərya tükənər,
Tükənməz halal tikə...

Rövşən Gəncəlinin insanlara bəxş etmək, demək istədiyi söz, bax bundan ibarətdir. O, əqidəsinə sadiq qalaraq bayatılarında da bu fikri davam etdirir.

Bu daşlar qala yeri,
Qalıbdır qala yeri.
Yanar qəlbin, göynəyər-
Kənd köçə, qala yeri.

Ziyalı mənsub olduğu xalqın görən gözü, danışan dili, yazan əlidir. Haqqında söz açdığımız ziyalı oğlumuz Rövşən Gəncəli bu adı şərəflə yaşayır, əsl Borçalı ziyalısına xas olan, Borçalı oğluna xas olan bir səviyyədə ömür sürür- Rövşən həm də doğru, düzgün, halalığı sevən bir kişi ömrü yaşayır. O, həm də çox həssasdır, əməksevəndir, zəhmətkeşdir.
Onun bu insani xüsusiyyəti bizi hər an sevindirir.Bu əməksevərliyin məhsulu kimi “ Yaşamağa nə var ki...”, “ Elə yaşa ömrünü sən”, “ Yalan dünyadı...” kitablarını deyə bilərik. Borçalı oxucuları tərəfindən rəğbətlə, hörmətlə qarşılanan bu sənət inciləri onun yuxsuz gecələrinin məhsulu olmaqla bərabər şairin necə bir istedad sahibi olduğunu bizə çatdırır.
Mən onun yaradıcılığı ilə ilk dəfə tanış olanda hiss etdim ki, Borçalı şairlərinin sirasına yeni bir istedad, sözə qiymət verən bir eloğlumuz qədəm basıb. Elə həmin andan ona – qədəmlərin mübarək, Eloğlu!- dedim və söhbətlərimizin birində ona çatdırdım ki, yaxşı insan, mənsub olduğu xalqı, suyunu içib, havasını udduğu torpağı sevmədən yaxşı şair olmaq olmaz.
Bu həqiqətən belədir. Tələbə vaxtı bir dəfə İsmayıl Şıxlı bir ifadə işlətdi:
- Bilirsinizmi Səməd Vurğunu bu qədər sevib, hörmətlə yad edirlər! Ona görə ki, Səməd Vurğunun xeyriyyəçiliyi, insanpərvərliyi, səxsiyyəti, insanlara pozitiv münasibəti istedadından yüksəkdə dayanıb. Bax buna görə Səməd Vurğun bu qədər sevgiyə , hörmətə layiq olub...
Rövşən Gəncəli insanları, əməyi, düzlüyü sevməklə bərabər mənsub olduğu Borçalımızı da
ürəkdən sevən bir ziyalımızdır. Təsadüfi deyil ki, o, bir-birinin arxasınca nəşr etdirdiyi üç kitabda on yeddi dəfə Borçalının adını özünəməxsus regional xüsusiyyətlərini özündə əks etdirən poetik nümunələr yaradıb... Şair uşaqlıq illərini Borçalı dağlarında və yaylaqlarında keçirdiyi üçün dağlar mövzusu onun yaradıcılığının ön hissəsində dayanır. Şair valehi olduğu dağlara düz iyrimi bir şeir həsr edib. Bu dağlar şeirlərinin əksəriyyəti Borçalı aşıqlarının dilində, sazında və sözündə məclislərimizin bəzəyi olub.

Xəstə üçün dərman olar havası,
Lazım gəlməz həkim, dərman-dəvası.
Bəs eyləyər bircə Allah duası-
Yığılmış dərdlərin dərmanı dağlar.

Üç ay yayı gülüstana dönərsən,
Gələnləri seçməyirsən, sevirsən,
Cansağlığı, uzun ömür verirsən-
İnsan həyatının loğmanı dağlar.

Rövşən Gəncəli kövrək şairdir. Şeirlərinin əsas məğzini də kövrəklik təşkil edir. Elə bu kövrəklik də onu oxucularına bu qədər sevdirir.
Ağbirçək ana, ağsaqqal baba hər vaxt, hər yerdə başımızın tacı, ömür yolumuza işıq salan mayaq səviyyəsində dayanıb. Harada ağsaqqal olub, orada bar-bərəkət, açıq süfrə, gün-güzaran olub. Ağsaqqal yanında böyümüş oğul ağayana hərəkəti, ağbirçək tərbiyyəsi almış qız xanımyana davranışı ilə həmişə diqqət çəkib. Atalarımız əbəs yerə deməyib ki,- Allahsız yerdə otur, böyüksüz yerdə oturma!
Rövşən Gəncəlinin yaradıcılığında bu hiss- həyacan həmişə hiss edilməkdədir.

Qəlbim hey alışar, yana bilmirəm,
Hər yanı axtarıb tapa bilmirəm,
Gecələr yuxu da yata bilmirəm-
Sən mənim ürəyim, canımsan, Ana!

Anasının ölümündən kədərlənib, kövrələn şair ürəyini bu şeirlə ovuda bilir.
Borçalının adlı-sanlı ağır ellərindən biri olan Görarxıda doğulub, başqa yerdə, ondan çox uzaqlarda yaşasa da dünyanın və Borçalının qeyrət rəmzi kimi yaddaşlarda iz salmış bu yurdu- bu məkanı heç vaxt unutmur, unutmayacaq da!..
Onu bu torpağa , elə-obaya vurğunluğu şeirlərində daha qabarıq verilib.
Hamımıza məlumdur ki, şairlər yazdıqları şeirlərin vasitəsilə təbiətə, sevdiyi insanlara, qəlbinə- ürəyinə pozitiv təsir edən nə varsa hamısına öz münasibətlərini bildirir. Bu daxili hisslərin, həyacanların izharı Rövşən Gəncəlidə daha güclüdür.
Yazdığı şeirlərin hamısı daxildən gələn ilahi bir sevginin bədii təzahürüdür.
Bədii ifadə vasitələrinin yerli-yerində olması onu göstərir ki, bu şeirlər güclü bir qələm sahibinin zehinindən süzülərək ərsəyə gəlmişdir.
Mən Rövşən Gəncəlinin şeirlərində Borçalımızın başı qarlı dağlarını, bərəkətli tarlalarını, ətirli bağlarını, gur sulu çaylarını, yayın istisində diş göynədən bulaqlarını, müdrük ağsaqqalların hikmət dolu kəlamlarını, ustad aşıqların barmaqlarından süzülüb gələn saz havacatlarını, təndirdə bişən halal çörəyimizin ətrini, elimizin –obamızın barını- bərəkətini gördüm...
Bütün bunlardan sonra demək istəyirəm ki, Rövşən Gəncəli məsuldar, yorulmaq bilmədən öz üzərində işləyən şairdir... Biz ondan çox əsərlər gözləyirik. Yeri gəlmişkən qeyd edim ki, Vətəninə- Borçalıya, əməyə və halalığa bağlılıq Rövşən Gəncəlinin nəsr yaradıcılığında da özünü biruzə verir. O, nəsr yaradıcılığında insanları bu dediklərimizə çağırmaqla bərabər, mərd, qürurlu, halal və ailəyə bağlı olmağa dəlalət edir. Çünki halallıq və düzlükdən gözəl ikinci bir şey yoxdur.

Halal tikə,
Mərd hörə, halal tikə...
Haram dərya tükənər-
Tükənməz halal tikə...

Birinci məktubun sonu.

Qələmə aldı: Əli Abbas.
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü,
“Şərəf” ordenli yazıçı.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: