RƏŞİD HACALLI (1914-1995)

Borçalıda yaşayıb-yaradan poeziya sənətkarlarından biri də tanınmış maarif xadimi, Gürcüstanın əməkdar müəllimi Rəşid Hacallı­dır. O, 1914-cü ildə qədim Borçalı mahalının Bolus bölgəsindəki Kəpənəkçi kəndində (indiki Gürcüstanın Bolnisi rayonundakı Kvemo-Bolnisi kəndində) anadan ol­muş, 1936-cı ildə Borçalı Türk Peda­qoji Texnikumunu bi­tirmiş, bir müddət Borçalı mək­təblərində müəllim və məktəb direktoru işləmişdir.
Gənc Rəşid 1941-ci ildə Böyük Vətən müharibəsi başla­yandan bir ay sonra hərbi xidmətə yollanmış, özünü qanlı-qadalı müharibədə alman faşistlərinin apardıqları ölüm-qalım vuruşlarının od-alovuna atmışdır. O, Qafqaz sıra dağlarından başlamış, Avropa ölkələrinin azad olunmasına qədər şərəfli döyüş yolu keçmişdir. Onun döyüş rəşadəti çoxsaylı orden və medallarla qiymətləndirilmişdir.
Müharibə başa çatdıqdan sonra doğma kəndində pedaqoji fəaliyyətini davam etdirən Rəşıd Hacallı 1947-1949-cu illər­də Tbilisi Müəllimlər İnstitutunun dil-ədəbiyyat fakültə­sində təhsilini davam etdirmişdir.
Həmin vaxt ali məktəbdə 2 il Rəşid müəllimlə bərabər oxumuş Yusif Yusifli sonralar xatirələrində bu barədə belə yazmışdır:
“Rəşid müəllim çox mehriban, çox səmimi, alicənab şəxs idi. Müharibədən qayıdan döyüşçünün ürəyindəki elm-təhsil almaq həvəsini, ölüm saçan müharibə söndürə bilməmişdi. Biz həmişə onun müharibə xatirələrinə saatlarla qulaq asar­dıq. Bizim aramızda 16 yaş fərq olmasına baxmayaraq, yaxın dost idik. O, çox zəngin biliyə malik olan müəllimiz - tədqi­qatçı alim Ziya Borçalının təşkil etdiyi “Gənc yazarlar dər­nə­yi”nin ən fəal üzvü idi. Biz şeirimizi Ziya müəllimə göstə­rənə qədər, Rəşid müəllimə oxuyar, onun münasibətini öyrə­nərdik.
Tale elə gətirdi ki, 1952-1955-ci illərdə APİ-də yenə Rə­şid müəllimlə birlikdə oxuduq...”

Y.Yusiflinin xatirəsindən də, göründüyü kimi, Rəşid Ha­callı Borçalı Türk Peda­qoji Texnikumunu və ikiillik Tbilisi Müəllimlər İnstitutunu bitirməsinə baxmayaraq, sonralar da təhsilini davam etdirmiş, Bakıda Azərbaycan Dövət Pedaqoji İnstitutunda (indiki ADPU-da) ali təhsil almışdır.
Uzun müddət doğma kəndindəki orta mək­təbdə müəllim və məktəb direktoru vəzifəsində çalışmış R.Hacallı Bor­çalıda həm də istedadlı şair kimi tanınmışdır. O, şair babası Alxas ağa kimi Tanrının verdiyi ilham və coşqun təb sahibi idi.
Alxas ağanın şeir-sənət çeşməsindən su içən, mənbəyini məhz o çeşmədən alan Rəşid Hacallının şeirləri müxtəlif döv­ri mətbuatda - «Azərbaycan gənc­ləri», «Ədəbiyyat və in­cə­sə­nət», «Gürcüstan», «Qələbə bay­rağı» qə­zet­lərində, «Dan ulduzu» və b. ədəbi məcmuə­lərdə özünə yer tap­mış, oxucular tərəfindən rəğbətlə qarşı­lan­mışdır.

Alovlandım müxənnətin odundan,
Ürəkləndim ərənlərin adından.
Çıxa bilməz hal əhlinin yadından,
Nə sözüm, söhbətim, nə yazım mənim.
(«Qələbə bayrağı» qəzeti, 15 oktyabr,1985.)
- deyən şair Rəşid Hacallının yaradıcılığının əsasını aşıq şeirləri üslubunda yazılmış əsərlər təşkil edir.

Onun şeirlərində Borçalının zəngin təbiətinin, Borçalı söz xəzinəsinin, Borçalı sazının ətri, nəfəsi duyulur. Bu şeirlər doğma mahnılarımız kimi, bu gün qanad açıb, bəstəkar dağların zirvəsinə qonur, tavar sazın simlərində, pərdələrində Borçalı ellərini dolaşır, insanların yaddaşında məskən salır:

Dağlara göndərdi saz havasını,
Dağlardan istədi yaz havasını,
Bəstəkar dağların saz havasını,
Nəğməkar dərələr çaldı dünyada.

Və yaxud:
Zimistan yerini verəndə yaza,
Təbiət təpinər şaxta-ayaza,
Şeir nəğmələnib qonanda saza,
Şair sözə, aşıq saza yalvarar.

Rəşid Hacallı bir nurlu ziyalı kimi, qarşılıqlı sevgini, qəl­bə, quha bağlı məhəbbəti alqışlayır. Çünki xoşbəxt və möh­kəm ailə həyatı bu saf, bu təmiz eşqin üzərində bərqərar olur:

Ürəklərdə qarşılaşsa məhəbbət,
Qız oğlana, oğlan qıza yalvarar.
Hər neməti qoşa verib təbiət,
Qartal qaşa, ceyran düzə yalvarar.

Şair Rəşidin şeirlərində yeni deyimlər, duyumlar, fəlsəfi fikirlər öz poetik həllini tapıb. Bu cəhətdən “Qəlbi dağların” şeiri daha səciyyəvidir.
Öz sevgilisinə qovuşmayan nakam aşiqlərin - dərdlərini çək­məkdən qəlbi göynəyən, bu dərddən qəlbi yara bağlayan dağların Şeyx Sənanların, Məcnunların, Yanıq Kərəmlərin küsgün taleyinə, nakam məhəbbətinə yanmasını şair qəmli pərdələrlə vəsf edir, Tbilisidəki Sənan dağını “Sevgilisinə qovuşmayan nakamların dağı” adlandırır:

Uçdu könül quşu yar sorağında,
Qondu zirvəsinə qəlbi dağların.
Sevgi daşa çaxdı Sənan dağında,
Ağrıdı, göynədi qəlbi dağların.

Məcnunun ahından titrədi dağlar,
Kərəmin odundan yandı saraylar,
Keçsə qərinələr, tükənməz aylar,
Sağalmaz yarası qəlbi dağların.

Rəşid Hacallının şeirlərindəki dərin məna, yığcam fikir, sə­mimi etiraflar, insanların həmişə dünyanın mövcud ziddiy­yətləri ilə əhatə olunması, yoxsul təbəqənin, məzlumların bu çoxmərtəbəli təzadlarından yaxa qurtara bilməməsi kimi hu­manist fikirlər şairin yaradıcılığının əsas qayəsini təşkil edir:

Kiminin başında qızıldan tacı,
Kiminin durmağa yoxdu əlacı,
Kiminin dövranı zəhərdən acı,
Kiminin güzarı baldı dünyada.

Həyat idealı düzlük olan Rəşid müəllimin şeirləri ona görə oxucu qəlbinə tez yol tapır ki, bu şeirlər həyat reallıqları üzərində pərvəriş tapıb. Bu şeirlərdə fikir aydın, deyimlər orijinaldır. Şeirin dili əlvan və axıcıdır. Şeirdə atalar sözü və məsələlərdən səmərəli istifadə etmək bacarığı şairdə güclü olduğuna görə bu şeirlər məntiqi cəhətdən çox kəsərlidir. Məhz, elə bu məntiqin gücü ilə el-obaya müxənnətlik edən nanəcibləri özünə məxsus tərzdə tənqid edir şair:

Düz söz dərman kimi acıdır,
Nanəcibə söyüş söydün öyündü,
Elin möhnətinə güldü, söyündü,
Namərdin toxumu pərpətöyündü,
Sulasan da bitər, sulamasan da.

Onun az yazmasına baxmayaraq, bu şeirlərin didaktik-fəlsəfi, poetik-məntiqi tutumu o qədər güclüdür ki, oxucusu­na ilk dəqiqədən paklıq, saflıq, haqq, ədalət dünyasına aparır. Bu dünya düzlük aşiqi Rəşid Hacallının poeziya, fikir-dü­şüncə dünyasıdır.

Borçalının ən qabaqcıl maarif xadimlərindən olan Rəşid müəllimin pedaqoji ustalığı həmişə təqdir olunar və məktəb­lərdə yayılardı. Onun yarıməsrlik pedaqoji fəaliyyəti, peda­qoji görüşlərinin, tərbiyəvi baxışlarının şeirlərinə qol-qanad verməsi onun qəlbində tuğyan edən bu nəcib, xeyirxah və pak arzuları şeirlərində özünü daha aydın göstərir:

Ustadını anmayan kəs,
Ustad olmaz, ay qadası.
Xalqı arif sanmayan kəs,
Ustad olmaz, ay qadası.

Sənətinə qul olmayan,
Təriqətdən dərs almayan,
Mərifətlə ucalmayan,
Ustad olmaz, ay qadası.

Rəşid müəllim təbiətən gözəl və məntiqli nitqə malik ol­maqla yanaşı, onun söz-söhbəti həmişə öyüd-nəsihət üs­tündə qurulardı. Bu qiymətli insani keyfiyyətlərin onun şeirinə hopması heç də təsadüfi deyildi. Çünki bu sözlər kamil bir şəxsin zəkasından, fikir və düşüncə dünyasından süzülüb gəlirdi:

Heyrətimdən aləm dondu gözümdə,
Daşa dəydi, çilikləndi sözüm də,
Bir günahı dərk edəndə özümdə,
Baş ağıldan, ağıl başdan utandı.

Böyük Vətən müharibəsi illərində kiprikləri ilə od-alov götürmüş, al qanı ilə yalçın qayaları yaza-yaza şərəfli döyüş yolu keçmiş Rəşid müəllim özünün göstərdiyi rəşadətdən, ağır yaralanmasından, aldığı çoxsaylı orden və medallardan bir kəlmə belə yazmır. Bu təvazökar şair ürək ağrısı ilə mü­haribə­dən qayıtmayan, canını fəda verən nakam gəncləri­mizi belə xatırlayır:

Dağların tüstüsü, dumanı yatdı,
Ellərin ah-vayı, amanı yatdı,
Qayıdan qayıtdı, vüsala çatdı,
Qalanlar Vətənə oldu sadağa,
Elə bil dünyada yoxumuş dava.

Şair qəm-kədər içində “Çəkildi çən, duman, açıldı hava” şeirinin o biri bəndində yazır ki, bu dəhşətli müharibə bütün insanları pərən-pərən saldı, uzun illər milyonlarla insanlar di­dərgin, qaçqın, köçgün həyatı yaşamağa məcbur oldu. Hətta, müharibə əlçatmaz, ünyetməz səmalarda azad uçan quşları da kəməndə saldı. Savaş qurtardı, hamı isti ocağına, doğma yuvasına qayıtdı. Çünki Vətənin igid oğullarının rəşadəti nəticəsində düşmənin ölüm saçan yuvası dağıldı:

Zərbini göstərdi Vətən davası,
Dağıldı düşmənin qanlı yuvası,
Çəkildi torpaqdan ölüm havası,
Turac da, bülbül də qondu budağa,
Elə bil dünyada yoxuymuş dava.

Düşmənin dağıdıb viran etdiyi kəndi, şəhəri qadir insan əli yenidən bərpa edib, öz gözəlliyini özünə qaytardı. Bardan, bəhərdən düşmüş bağlar cana gəldi, dünyanın dərdini çəkən qocaman dağlar da rahat məfəs almağa başladı:

Dünyanın dərdindən qaraldı dağlar,
Dincəldi, dirçəldi, saraldı dağlar,
Gül açdı bağçalar, bar aldı bağlar,
Uçuşdu kəpənək qızanda hava,
Elə bil dünyada yoxuymuş dava.

Rəşid Hacallı ömrü boyu halal zəhmətlə önür sürüb, nümunəvi həyat tərzi yaşamış ən saf, ən pak şəxslərdən idi. Bu halallıq, bu saflıq onun şeirlərində də cücərib boy atmış­dır. Şair həyatın mənasını hərislikdə, acgözlükdə, haram yolla var-dövlət toplamaqda görənlərə anladır ki, belə tamah­karlıqlar heç kəsə bu dünyada baş ucalığı gətirməyibdir:

Qucaqlama, dünya malı qalan döy,
Var-dövlətdən sənə qardaş olan döy,
Mal da, pul da gedərdir, qalan döy,
İnsan olan düz ilqarı gözdüyər.

Rəşid Hacallı İlahi sözün, mahnılarımızın, muğamları­mızın, bir də məclislər yaraşığı aşıqlarımızın vurğunu idi. Onun “Aşıq Əmrah”, “Aşıq Hüseyn Saraclı”, “Nəğməkar Balaoğlana”, “El içində”, “Ay qadası” və s. sərlövhəli şeir­lərində nəcib və incə ruhlu şairin ilhamının necə qanadlan­dığını aydın duyuruq.

Aşıq Əmrah, çağla coşqun təbinlə,
Bir çeşməsən yüz bulağın içində.
Pərdələrdən abı-kövsər süzülür,
Qaynaq tapıb buz bulağın içində.

Rəşid Hacallı “Görək” şeirində yenicə şeir yazmağa baş­lamış gənc Zəlimxan Yaquba çox gərəkli məsləhətlərini və tövsiyələrini vermişdir. Əslində, bu faydalı tövsiyələr təkcə Zəlimxan Yaquba aid deyil, həmçinin yeni şeir yazma­ğa başlayan gənc şairlərə də aid idi. Bu şeir həm də Borça­lının müdrik ağsaqqalı, kamil qələm sahibi Rəşid Hacallının nəvə­si gənc şair Zəlimxan Yaquba verdiyi xeyir-dua idi. Al­xas ağa ocağı adından verilən bu xeyir-dua sonralar Azərbayca­nın Xalq şairi fəxri adına layiq görülmüş Zəlimxan Yaqub üçün çox düşərli olmuşdur.

İşgəncə yağsa da yağış yerinə,
Xətər gəlməyəcək ilham pərinə,
Çəkinmə dalğadan gir ümmanlara,
Qorxuda bilməsin ləpələr səni,
Haqnan ədalət göyə qaldırar,
Yaltaqlıq, əyrilik ləkələr səni.

Xalq şairi Zəlimxan Yaqub isə öz müəllimi Rəşid Hacallı haqqında sonralar belə yazmışdır:
“...Haqqında söhbət açdığımız nəslin barlı budqalarından biri də bu gün adı Borçalıda hörmətlə çəkilən məşhur müəl­lim-pedaqoq, 50 il maarif sahəsində fəaliyyət göstərmiş Al­xas ağanın oğul nəvəsi Rəşid ağa Hacallıdır. Rəşid müəl­lim çox işıqlı bir ziyalı, gözəl bir şair, sözün əsl mənasında, şəx­siyyət idi...”

Rəşidəm, şeirimlə səslənir adım,
Abbas, Zəlimxandı qoşa qanadım,
Babam Alxas ağa fəxri ustadın,
Bəllidi dərinim, dayazım mənim.

Onu da qeyd edək ki, Rəşid Hacallı XX əsrin 50-ci illər­dən Bolnisi rayo­nundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kənd orta mək­təbində təşkil etdiyi «Yurd yeri» ədəbi dərnə­yinə uzun müddət rəh­bərlik etmişdir. Həmin dərnək ötən əs­rin 80-ci illərdə Bol­nisidə çıxan «Qələbə bay­rağı» qəzeti­nin redaksiyası nəz­dində fəaliyyət gös­tər­mişdir. (Müşfiq Borçalı. Çağdaş Borçalı ədəbi məktəbi. B., “Azərbaycan” nəşriyyatı, 1994, səh.98-99)

Təcrübəli müəllim olaraq yarım əsrdən artıq maarif sahə­sində pedaqoji fəaliyyət göstərən və həm də bir-birindən gö­zəl yüzlərlə poetik əsərlər yaradan şair Rəşid Hacallı 1995-ci ildə 81 yaşında dünyasını dəyişmişdir.


Şairin şeirləri ölümündən sonra oğlu Aydın Hacallı tərəfindən “Köklərdən budaqlara” adlı kitabda nəşr olunmuşdur.

Bolus Kəpənəkçi ziyalılarının yetişməsində böyük və əvəz­siz xidmətləri olan Rəşid müəllimin əziz xatirəsi ondan təhsil alanların, onunla dostluq və yoldaşlıq etmiş yüzlərlə adamların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!...


Müşfiq BORÇALI,
ZiM.Az


(Bax: Müşfiq Borçalı. Çağdaş Borçalı ədəbi məktəbi. B., “Azərbaycan” nəşriyyatı, 1994, səh.98-99)


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: