Allahverdi MƏSİMOĞLU: "Tülkü şahlıq edir bərədə indi..."

Allahverdi MƏSİMOĞLU: "Tülkü şahlıq edir bərədə indi..." Allahverdi MƏSİMOĞLU

1939-cu ildə Qazax rayonunun Muğanlı kəndində anadan olub.
Altmış ilə yaxındır Qarayazıda yaşayır.
Üç şeirlər kitabının müəllifidir.
Aşağıda şairin bir neçə şeirini ZiM.Az-ın
dəyərli oxucularının mühakiməsinə veririk.

Əbdüləli İBRAHİMSOY,
ZiM.Az

KÖNÜL


Tamahkarın gözü qalar əlində,
Nəfsi doymaz, daim ac olar, könül!
Güvənmə namərdə qaçar dar gündə,
Xain çıxar, zatı bic olar, könül!

Seraqub adama yaxın durma sən,
Aralıqda alış-veriş qurma sən.
Heç kimsəyə dil yarası vurma sən,
Barışmaz, qəlbi kəc olar, könül!

İgid dərək yaxşılıqdan ad ala,
Sözü kəskin ola, tarixdə qala.
Hərgah ki şah desən bir qara qula,
Onun da başında tac ola, könül!


İNDİ

Qəriblik çətindir dözülmür, Allah,
Dərdim artıb olub ziyadə indi.
Şeytan fitnə verir, zorlu zor gəlir,
Qışqırır üstümə hər gəda indi.

Arada fitnələr-fellər oynayır,
Yaltaqlar işləyir, dillər oynayır.
Topal məclisində şillər oynayır,
Tülkü şahlıq edir bərədə indi.

Məsimoğlu, çətinliyə dözginən,
Ömrün uzun bu dünyada gəzginən,
Al qələmi, yaxşılıqdan yazgınan,
Yamanlar qırılsın arada indi.


YAZMIR

Könül ruhdan düşüb, əllər şövqdən,
Ürək sözlərimi qələm də yazmır.
Zəmanə dönübdü. insan dəyişib,
Yaxşı da danışmır, kəlam da yazmır.

Köçdülər dünyadan aqil dədələr,
Əyləşdi yerində sarsaq gədalar.
Götürdü hər yanı qorxu-həıdələr,
Kərəm oda yandı, Lələm də yazmır.

Məsimoğlu, haqla divan hardadır?
Əldən getdi, gözəl dövran hardadır?
Kəsilibdir ilqar, iman, hardadır?
Gərdişi-dövrandan bilən də yoxdur.


AY GÖZƏL

Mövlam neçə cürə ziynət vurubdu,
Çəkibdir kirpiyə qarə, ay gözəl!
Yenicə baş verib, açılan gülü
Qoyma qismət olar xarə, ay gözəl!

Sayiləm, götürsən mehman üstünə,
Xəstəyəm, gəlmişəm loğman üstünə.
Qogunan yaramın dərman üstünə,
Eylə bu dərdimə çarə, ay gözəl!

Mən qul olum, sən də mənim sərtacım,
Kəsilib taqətim, yoxdur əlacım.
Alagozlü, siyahtelli turacım,
Vurma sinəm üstə yarə, ay gözəl!

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: