TƏBİİ-ELMİ BİLİKLƏR SİSTEMİNDƏ FƏLSƏFİ TƏHSİL

TƏBİİ-ELMİ BİLİKLƏR SİSTEMİNDƏ FƏLSƏFİ TƏHSİL Əlipaşa Əliyev
fəlsəfə üzrə elmlər doktoru, professor
“Qızıl qələm” mükafatı laureatı


TƏBİİ-ELMİ BİLİKLƏR SİSTEMİNDƏ FƏLSƏFİ TƏHSİL

Bəşəriyyət planet miqyasında vahid bir sistem olaraq yeni dövrə, informasiya və qlobal sivilizasiyalar dövrünə qədəm qoymuşdur. Hazırda qloballaşma ictimai şüurda ön plana çıxmış, elmi idrakın mərkəzi problemi olaraq qarşılıqlı təsir və əlaqədə olan mürəkkəb dünyamızın vahid qarmoniyası kimi reallığa çevrilmişdir. Bununla qloballaşma prosesi təkcə iqtisadi və siyasi sahəni deyil, eyni zamanda bəşəriyyətin elmi-mədəni həyatının, insan mənəviyyatının bütün sahələrini də əhatə edir. Qloballaşma artıq güc qüvvələri ilə deyil, maddi-mənəvi, sosial-siyasi qüv­və­lərlə müəyyən edilən qanunauyğun bir prosesdir. Bu proses həm də obyektiv reallıq olaraq elm və texniki tərəqqinin vahid vəhdətini yaradır, onu inkişaf etdirir və tamamlayır. Müasir qlobal dünyada inkişafın yeni mərhələsi şəraitində bu proses sosial-mənəvi tərəqqiyə, bəşər sivilizasiyasına bir növ yeni anlam və baxış­lar gətirməklə fərq­lə­nir. Bu isə müasir dünyamızda bilavasitə elm və mədəniy­yətin qloballaşmasına, onlar arasında inkişafın daha da intensivləşməsinə gətirib çıxarır. Qloballaşma şəraitində demokratik, post-modern cəmiyyətin inkişafı texniki təfəkkürlə bağlı olan inteqrasiya və informasiya mədəniyyəti ilə onun yaranması ilə bilavasitə bağlıdır.
Müasir elmi-nəzəri ümumiləşdirmələr meydanı olan texniki təfəkkür, onun qlo­ballaşan miqyası bizi nəinki dünyanın ecazikar sirlərini öyrənməyə yaxınlaş­dı­rır. A.Eynşteynin dediyi kimi, eyni zamanda fəlsəfi prinsiplərlə, onun fundamental ideyaları ilə silahlandırmaqda gerçəkliyin xüsusi və ümumi qanunauyğunluqları arasında özünə daha asan yol açaraq mütləq həqiqətlərə doğru irəliləyir. Funda­men­tal ideyalar, təbii-elmi nailiyyətlər və kəşflər eyni zamanda fəlsəfi dünya­gö­rüşün məzmununa daxil olur, onu daha zənginləşdirir.
Elmi idrakın müasir səviyyəsi və onunla bağlı köklü dəyişikliklərlə nəticə­lə­nən qloballaşma prossesi, onun elmi-texniki və ictimai-mədəni aspektləri və isti­qamətləri artıq dünya inkişafının mühüm sahələrindən birinə çevrilməkdədir. Elmi idrakın inkişafında artan bu meyl obyektiv qanunauyğunluq olub dialektik inkişa­fın təkcə ilə ümuminin, təbiətşünaslıq ilə fəlsəfənin qarşılıqlı əlaqə və münasi­bət­lə­ri­nin dərk edilməsi ilə bağlıdır. Bu əlaqə və yaxınlaşma prosesi isə son illərdə geniş elmi tədqiqatların və müasir elmi biliklərin artması ilə əlaqədar olaraq daha sürətli miqyas almışdır.
Müasir təbiətşünaslıq özünün bütün inkişaf tarixi boyunca həmişə istifadə etdiyi metodların və əldə etdiyi fundamental nəticələrin fəlsəfi interpretasiyası ilə üzvü surətdə bağlı olmuşdur. Təbiətşünaslıq ilə fəlsəfənin bu əlaqəsi təsadüfi olma­yıb insan biliyinin hər iki mühüm sahəsinin, tədqiqat obyektinin ümumili­yindən, həm təbiətşünaslığın, həm də fəlsəfənin eyni bir reallığı - təbiəti birgə öyrənməsindən irəli gəlir. Fəlsəfə bütün təbiət və cəmiyyət elmlərinin nailiy­yət­lərini ümumiləş­dirmək əsasında tam sintetik dünyagörüşü kimi çıxış edir. Eyni zamanda təbiət­şünaslıq da fəlsəfənin inkişafında az rol oynamır. Təbiətşünaslıq fəlsəfənin nəzəri ümumiləşdirmələr etməsi, materiyanın inkişa­fı­nın qanunauy­ğun­luqlarını açması, nəzəri müddəalarını əsaslandırması, habelə onun kate­qori­ya­lar və qanunlarının hərtərəfli öyrənilərək getdikcə zənginləşdiril­məsi üçün fəlsəfəyə canlı qida - yeni-yeni faktlar verir. Beləliklə, fəlsəfə və təbiət elmləri qar­şılıqlı əlaqədə bir-birini daim dialektikcəsinə zənginləşdirir. Bunu zəma­nə­mizin bir sıra tanınmış, görkəmli təbiətşünas alimləri də dönə-dönə qeyd etmişlər. XX əsr fizikasının banilərindən olan A.Eynşteyn müasir fizikanın fəlsəfə ilə qarşılıqlı əlaqəsini belə səciyyələn­dir­mişdir: “Bizim zəmanəmizdə fizika fəlsəfi problemlərlə əvvəlki nəslin fiziklərinə nisbətən daha çox məşğul olmağa məcburdur. Fizikləri buna məcbur edən səbəb onların məşğul olduqları elmin özünün çətinlikləridir”. Doğrudan da bu baxımdan XX əsr fizikasının görkəmli nümayəndələri - M.Plank, A.Eynşteyn, N.Bor, V.Ney­zenberq, V.Fok və başqaları özlərinin dəyərli elmi yaradıcılıq­la­rının bir hissəsini məhz aləmin fiziki mənzərəsinin hüdudlarından kənara çıxan və fiziki idrakın inkişafına güclü stimul yaradan fəlsəfi problemlərin tədqiqinə həsr etmiş­lər. Buna misal olaraq reallıq problemini, mikroaləmdə məkan-zaman və səbə­biy­yət prob­le­mi­ni, aləmin maddi vəhdəti və digər problemləri göstərmək olar. Fi­zi­ka­nın fəlsəfi problemlərinin bu gün daha dərindən öyrənilməsi göstərir ki, fizika sahəsində aparılan hər bir ciddi tədqiqat fundamental səciyyə daşıyan həmin fəlsəfi problemlərin həlli ilə üzvü surətdə bağlıdır.
Fəlsəfə ilə konkret təbiət elmləri daim obyektiv olaraq qarşılıqlı əlaqədədir və bunun da əsası maddi dünyanın özündə, həmin bilik sahələrinin hər ikisinin tədqiqat obyektinin ümumiliyindədir. Həm təbiətşünaslıq, həm də dialektik fəlsəfə birgə məhz qarşılıqlı olaraq bu obyektiv aləmi öyrənir. Ayrı-ayrı təbiət elmləri maddi dünyanın konkret sahələrini, orada fəaliyyət göstərən konkret bilik sahə­lərini öyrəndiyi halda, fəlsəfə bütövlükdə tam olaraq dünyanı öyrənir, onun bütün sahələrində fəaliyyət göstərən və varlığın ayrı-ayrı elmlər tərəfindən öyrənilən konkret sahələrində spesifik şəkildə təzahür edən ən ümumi inkişaf qanunlarından, varlıq və idrak nəzəriyyəsi məsələlərindən bəhs edir.
Elmi idrakın inkişaf tarixi göstərir ki, fəlsəfə və təbiətşünaslığın həqiqi qarşılıqlı münasibəti məsələsinə bəzən düzgün yanaşılmamış, bu sahədə bir-birinə zidd olan baxış geniş yayılmışdır. Həmin baxışlardan birinə görə təbiətşünaslıq fəlsəfənin, ikinci baxışa görə isə fəlsəfə təbiətşünaslığın təsiri altında olmuşdur. Fəlsəfəni “elmlər elmi” adlandıran naturfəlsəfədən fərqli olaraq pozitivizmin nü­ma­yəndələri və onların müasir ardıcılları özlərini müsbət bilik tərəfdarı elan edərək bildirirdilər ki, həqiqi elm ancaq müsbət fikirləri öyrənir, bunun tədqiqat obyekti ancaq təcrübənin verdiyi faktlardır. Pozitivistlər elmin özlüyündə fəlsəfə olduğunu elan edərək göstərirdilər ki, ayrı-ayrı konkret təbiət elmlərinin fəlsəfəyə ehtiyacı yoxdur. Buna görə də təbiətşünaslıq heç bir fəlsəfəyə etina etmədən fakt­ları topla­maq və qeydə almaqla məşğul olmalıdır. Lakin pozitivizmin təbiət­şü­naslıq ilə fəlsəfənin six əlaqəsini aradan qaldırmaq səyləri həmişə iflasa uğramışdır.
Fəlsəfə və təbiətşünaslığın dialektik əlaqəsinin, onun problemlərinin müasir səviyyəsində 3 əsas istiqamətdə işlənməsi mühüm əhəmiyyət kəsb edir. Birinci isti­qamətdə təbiətin ümumi elmi mənzərəsinin işlənməsi ilə bağlı ontoloji probleml­ər, ikinci istiqamətdə qnoseologiya və metodoloji məsələlər, üçüncüyə isə təbiət­şü­naslığın ictimai-fəlsəfi aspektləri aiddir. Özlüyündə aydındır ki, təbiətşünaslığın fəlsəfi problemlərinin dialektik materialist təhlili təbiətşünaslığın inkişafının hər 3 aspektinin vəhdətdə işlənməsini tələb edir. Fəlsəfə və təbiətşünaslığın qarşılıqlı münasibətinin məhz bu əlaqəsi göstərir ki, təbiət elmlərinin obyektiv məzmununa uyğun olaraq dialektik-materialist fəlsəfə təbiətşünaslığın xüsusi sahələrindəki konkret nailiyyətləri, onların idrakı əhəmiyyətini və bütövlükdə təbiətşünaslığın inkişafı üçün metodoloji əsasları, ümum-nəzəri ideyalar, prinsiplər və müddəaları öyrənir. Fəlsəfənin təbiətşünaslığa təsiri bununla müəyyən olunur ki, təbiət elmləri öz inkişafında təbii-elmi biliklər zəminində meydana çıxan bir sıra fəlsəfi prob­lemlərlə qarşılaşır. Buradan aydın olur ki, elmlərin diferensasiyasının genişləndiyi müasir şəraitdə sintetik dünyagörüşü olan fəlsəfə konkret elmlərə münasibətində inteqrativ, sintezləşdirici funksiyanı yerinə yetirir, ayrı-ayrı elmlərin əlaqəsi və təsirinin metodoloji əsası kimi çıxış edir.
Təbiətşünaslıq üçün fəlsəfənin nəzəri-metodoloji əhəmiyyəti olduqca böyük­dür və bu bir zərurətdir. Bunu hər şeydən əvvəl ondan görmək olar ki, adətən elm­də böyük kəşflər ərəfəsində dahi təbiətşünaslar bir sıra fəlsəfi problemləri təhlil və həll etmədən keçinə bilmirlər. Fizika elminin inkişaf tarixi buna yaxşı sübutdur. Qaliley, Nyuton, Eynşteyn, Bor, Heyzenberq kimi dahi təbiətşünaslar konkret fizi­ki tədqiqatların gedişində bir sıra fundamental fəlsəfi problemləri həll etməli ol­muşlar. Elmin mühüm metodoloji və dünyagörüşü xarakteri bir çox fundamental müd­dəaları və qanunları, əsas və qlobal ideyaları əvvəlcə dialektik konsepsiyalar əsasında fəlsəfi prinsiplər kimi irəli sürmüş, yalnız sonralar təbii-elmi nəzəriyyələr əsasında özlərinin mükəmməl nəzəri və eksperimental əsaslandırılmasını vermiş­lər.
Qeyd olunmalıdır ki, təbiət elmləri sırasında fizikanın fəlsəfə ilə əlaqəsi daha dərin olmuş, müstəqil elm kimi yarandığı vaxtdan fəlsəfənin diqqətini cəlb etmiş, onların qarşılıqlı əlaqəsi fizikanın fəlsəfi problemləri vasitəsilə təcəssümünü tap­mışdır. “Müasir fizikanın fəlsəfi problemləri” ifadəsi isə fizikanın özünün dərin­liklərində yaranan və həlli fizikanın və digər elmlərin, birinci növbədə fəlsəfi bilik­l­ərin kompleks tətbiqi sayəsində mümkün olan problemlər nəzərdə tutulur. Başqa sözlə, fizikanın fəlsəfi problemləri mütəxəssislərin - fiziklərin, riyaziy­yatçıların, filosofların birgə səyləri ilə işlənib hazırlanan spesifik tədqiqat sahəsidir.
Beləliklə, yuxarıda deyilənlərdən göründüyü kimi, müasir təbiətşünaslıq özünün metodoloji əsası olmaq etibarilə dialektik prinsiplərə əsaslanaraq fəlsəfə elminin köməkliyi ilə reallaşır. Təbiətşünaslıq həm də fəlsəfi müddəaların həq­iq­i­liyini öz anlayış və təsəvvürlərinin formalaşması, inkişafı və köklü dəyişmələri vasitəsilə təsdiq edir. Fəlsəfə və təbiətşünaslığın dialektik əlaqəsi hər iki elmin inkişafına çox böyük təsir göstərərək onları yeni-yeni elmi faktlarla zənginləşdirir. Məhz buna görə də hazırda filosoflar dünyanın təbii-elmi mənzərəsinin yaradıl­ma­sında təbiətşünasları əvəz etmək iddiası ilə deyil, fəlsəfə ilə konkret elmlərin dia­lek­tik əlaqəsini işləyib hazırlamaqla iştirak edirlər. Filosoflar müasir elmi bilik­lərdən istifadə etməklə fəlsəfi kateqoriyaların məzmununu zənginləşdirmək, yeni fəlsəfi kateqoriyalar işləyib hazırlamaq, elmi-nəzəri və məntiqi idrak metod və üsullarını inkişaf etdirmək üçün müasir təbiətşünaslığın nailiyyətlərindən daha səylə istifadə edirlər.
Qeyd etmək lazımdır ki, son illərdə müasir təbii-elmi biliklər, o cümlədən canlı varlıqların modelləşdirilməsi sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Məlum olduğu kimi, mühəndis-bioniklərin diqqəti daha çox onlar tərəfindən yaradılan mürəkkəb sistemlərin dəqiqliyi, etibarlığının artırılması probleminə cəlb edir. Bununla bağlı akademik M.V.Keldişin aşağıdakı fikri maraqlıdır: “Çalışmaq lazımdır ki, texnikada təbii prosesləri eynən təqlid etmək deyil, yaradıcılıqla, təbiəti bilməklə, texnikanı bilməklə təbiətin verə bildiyindən daha çox verəni seçmək lazımdır”. Bunu elmi idrakın yeni sahəsi olan bionika sahəsində daha əyani görmək olar. Bu məqsədlə məhz beynin bütün iş prinsiplərini öyrənmək əsasında güclü riyazi və texniki metodlardan istifadə edilir. Bunun üçün isə təbii ki, psixi­kanın özünün maddi-fizioloji əsaslarının və quruluşunu, onun iş funksiyalarını müasir elmə müyəssər olan bütün vasitələrlə, o cümlədən texniki modelləşdirmə vasitələri ilə tədqiq etmək lazım gəlir. Beyindəki prosesləri fizioloji cəhətdən ətraf­lı öyrənmədən beynin texniki modellərini yaratmaq qeyri-mümkündür. Doğrudan da, modelləşdirilən obyekti biz nə qədər yaxşı tanıyırıqsa, onun bionik modelləş­di­ril­məsinə edilən cəhd də bir o qədər müvəffəqiyyətli ola bilər. İndiki halda daha çox önəm alan bionik tədqiqatın başlıca və son məqsədi bionik funksiyanın və sturukturun daha sadə, xüsusən texniki sistemlərdə reallaşmasındadır, yəni bionik maşınların, cihazların və texniki sis­temlərin yaradılmasındadır. U.Ş.Axmetov yazır: “Bionik modelləşdirmənin mühüm və prinsipial fərqləndirici cəhəti daha sadə sistemlərin, lakin onların daha mürəkkəb, bioloji formasının üstünlüklərinin öyrənilməsi və təkmilləşdirilməsindədir”.
Bütün bunlar bir daha göstərir ki, həyatın spesifikıiyini analogiya əsasında qurulmuş modelləşdirmə yolu ilə deyil, orijinalın süni surətdə yenidən hasil edil­məsi yolu ilə yaratmaq olar. Buna görə də yeni “düşünən” maşınların yaradıcıları qarşısında insan beyninin bütün funksiyalarını, onun mexanizmini tam bilmək əsa­sın­da təhlil etmək durur. Bununla əlaqədar qeyd etmək lazımdır ki, həm insanın hiss üzvlərinin ənənəvi “gücləndiricisi” vəzifəsini yerinə yetirən, həm də bilavasitə görmə hüdudlarından uzaqda olan obyektlər haqqında informasiya ilə təchiz edən eksperimental texnikanın rolu artır. EHM tətbiq etmədən, məsələn, kosmik gəmini idarə etmək, qlobal miqyaslı prosesləri qabaqcadan xəbər vermək və s. mümkün olmazdı.
Riyazı tədqiqat metodları və onların imkanlarının öyrənilməsinin texniki ali məktəblərin tələbələr üçün böyük praktiki əhəmiyyəti vardır. Riyaziləşdirmə müa­sir təbiətşünaslığın və texnikanın inkişafının mühüm qanunauyğunluğudur. Unut­maq olmaz ki, müasir riyaziyyat metodlarının kibernetik texnikanın nailiyyətləri ilə sıx əlaqələndirilməsi mühəndis fəaliyyətinin səmərəliliyini yüksəltməyə imkan verir, yaradıcı təfəkkürün rolu artır, mühəndis-konstruktor nəzəriyyəsi sahəsində ümumelmi problemlər, dialektik-materialist ideyalar ön sıraya çıxır.
XX əsrin ortalarından başlayaraq fəlsəfi elmlərlə təbiət, xüsusilə texniki elmlərin münasibətində yeni istiqamət meydana gəlmişdir. Bu, birinci növbədə, texnika ilə bilavasitə bağlı elmlərin-radiotexnika, elektrotexnika, elektronika, kibernetika və digər elmlərin meydana gəlməsi ilə əlaqədar olub elmi-texniki təfəkkürün inkişafının böyük nəticəsi idi, təbiətşünaslığın əldə etdiyi nailiyyət və kəşflərin bilavasitə texnikada, texnologiyada, mürəkkəb müasir cihazlarda, xalq təsərrüfatının müxtəlif sahələrinin müasir avadanlıqlarla təchizində onun maddi­ləş­məsi, elmlə istehsalatın, biliklə təcrübənin sıx əlaqəsi idi. Bu da səbəbsiz deyildir, çünki hazırda elm bilavasitə məhsuldar qüvvəyə çevrilərək bütövlükdə istehsal proseslərində sosial-maddi qüvvə kimi özünü göstərir və təzahür edir. Müxtəlif bilik sahələrinin texnoloji proseslərdə təcəssümü və təzahürü texnika ilə bağlı ha­zırda bir çox sosial-fəlsəfi problemlərin tədqiq edilərək araşdırılmasının zəruri­liyi­nin qarşıya qoyur. Bütün bu mürəkkəb fəlsəfi və elmi-texniki problemlər texniki ali məktəblərin qarşısında duran konkret vəzifələrlə, həmçinin bu təhsil ocaqla­rın­da tədris olunan müxtəlif ixtisas fənlərinin xüsusiyyətləri ilə, onların dünyagörüşü mahiyyəti daşıyan ümum-nəzəri məsələlərlə bilavasitə əlaqələndirilməlidir. Bu daha çox təbiətşünaslıq və texniki elmlərdən dərs deyən müəllimlərə aiddir. Onlar öz predmetini bilməklə kifayətlənməyərək fəlsəfi biliklərə, onun əsaslarına bələd olmalı, mühazirə dərslərində bunlardan istifadə edərək aydın və məntiqi ardıcıllıqla oxuduğu mövzunu tələbələrə çatdırmağı bacarmalıdır. Əlbəttə, bunun üçün müəl­limdən dərin bilik, təcrübə, böyük ustalıq və məharət tələb olunur. Ancaq bu yolla kompleks baxışlar, ümumi ideyalar, prinsiplər və kateqoriyaların məntiqi əsaslan­dırılmış məcmusu olan nəzəri elm kimi fəlsəfəni tələbələrə sevdirmək, onlarda maraq oyatmaq mümkündür.
Tədrisin yüksək səviyyədə aparılması üçün müəllim həmçinin özündə böyük məsuliyyət hiss edərək tədris etdiyi predmeti dərindən bilməklə, tələbə-gənclər arasında öz biliyi, geniş görüş dairəsi, yüksək mədəniyyəti və şəxsi nümunəsi ilə seçilməlidir. Mühazirə oxuyan müəllim yüksək ixtisas sahibi olmaqla bərabər tələ­bə psixologiyası və dünyasını başa düşməli, onlarla etik normalara uyğun olaraq davranmalı və nəzərə almalıdır ki, hələ dünyagörüşü tam formalaşmamış, ruhən, qəlbən kövrək olan, düz sözə, söhbətə böyük ehtiyacı olan tələbələrlə işləyir.
Müəllim mövzunu lazımi səviyyədə tələbələrə çatdırmaq üçün əvvəlcədən ciddi hazırlaşmalı, oxuduğu mövzuya dair əlavə ədəbiyyətlarla tanış olmalı, müha­zi­rəni müvafiq fakültənin, ixtisas fənlərinin spesifik xüsusiyyətləri ilə əlaqələn­dirmək üçün konkret faktlardan və materiallardan yeri gəldikcə istifadə etməlidir. Mühazirə dərslərində əsas diqqət mövzunun mühüm problemləri, istiqamətlərinin izah edilməsinə verilir, seminar məşğələləri isə bilavasitə keçilən mövzunu tamamlayır, oxunan mühazirələrin tələbələr tərəfindən hərtərəfli mənimsənilməsini təmin edir, bununla da mühafizə və seminar dərsləri eyni məqsədlə, keçilən mövzunun daha dərindən, geniş və hərtərəfli öyrədilməsinə xidmət edən mühüm tədris formalarıdır.
Texniki ali məktəblərdə təbiət elmlərinin, xüsusilə texniki-tətbiqi elmlərin fəlsəfə ilə sıx əlaqələndirilməsi bir sistem halına salınmalıdır. Kompüter texnikası ilə bağlı dərslərin keçilməsində buna xüsusi diqqət verilməlidir. Mühazirə dərslərində əsas diqqət bu məsələnin şərhində kibernetika və digər texniki elmlərin nailiyyətlərinə, süni intellektlərin, elektron maşın və mürəkkəb texniki qurğu və digər müasir informatika vasitələrinin yaradılmasına, onların şüurun yaradıcı xarakteri ilə sıx əlaqəsinə verilməlidir. Bu mövzu ali məktəblərin avtomatika və telemexanika ilə bağlı fakültələrinin tələbələri üçün nəzərdə tutulduqda isə müəl­lim kibernetika və digər texniki elmlərin nailiyyətlərindən, onların fəlsəfi problem­lərindən xəbərdar olmalı, öz mühazirəsini bilik sahələrindən gətirilən konkret misallarla əlaqələndirərək əsaslandırmalıdır. Burada yaradıcı varlıq kimi insanın, onun şüur və idrakının sonsuz imkanları, fəlsəfi fikirlə təbii-texniki təfəkkürün qarşılıqlı əlaqəsi və bir-birini tamamlaması, yaradılan süni intellektlərin, fikirləşən maşınların gələcəkdə insanı əvəz etməsi haqqında olan fikirlərin elmi cəhətdən əsassızlığına və digər məsələlərin izahına geniş yer verilməlidir. Müəllim bu məsələlərdən danışarkən sadə dəmirdən hazırlanan robotların böyük möcüzələri haqqında, şüurun funksiyalarını dəqiqliklə yerinə yetirən, çox mürəkkəb hesablama və riyazi əməliyyatları sürətlə icra edən, faydalı qazıntılar axtaran, xəstələrə diaqnoz qoyan, tərcümə edən, şer deyən, şahmat oynayan və həyata keçirdiyi digər fikri əməliyyatlar haqqında ətraflı məlumat verməlidir. Heç şübhəsiz, bu məsələlər tələbələri daha da maraqlandırar, onların fəlsəfi bilikləri öyrənməsinə, fəlsəfə ilə texniki elmlərin qarşılıqlı əlaqəsinə dair təsəvvürlərinin xeyli genişlənməsinə daha yaxşı şərait yaradır. Bütün bunlar isə tələbə-gənclərin elmi-fəlsəfi dünyagörüşü­nün, onlardan sərbəst düşüncə məntiqinin formalaşmasında, mürəkkəb təbii-elmi və sosial-mənəvi problemlərin öyrənib dərindən başa düşülməsində mühüm rol oynayar. Çünki elmin nailiyyətləri dünyanın təbii-elmi mənzərəsinin, fəlsəfi müddəaların təsdiqi üçün zəngin material verir. Müəllim dərs dediyi müddətdə öz tələbələrini yaxından tanımalı, lazım gəldikdə çətinlik çəkən tələbələrlə ayrılıqda məşğul olmalı, çalışmalıdır ki, tələbələrdə müstəqil fikirləşmək, mühakimə yürüt­mək, keçilən mövzulara fəal münasibət yaratmaq vərdişi və bacarığı oyatsın, elmi yetkinlik, yaradıcı işə maraq, həvəs, əməksevərlik və s. kimi yüksək mənəvi key­fiyyətlər yaratsın. Unutmayaq ki, müasir təhsil sisteminin texniki ali məktəblərin qarşısına qoyduğu əsas tələblərdən biri məhz bununla bağlıdır.
Elmlərin tarixən inkişaf təcrübəsi bir daha təsdiq edir ki, tətbiqi elmlər, tex­nika sahəsindəki yeniliklər fundamental (təbiət-şünaslıqla) elmi tədqiqatlarla bağlı olmuşdur. Görkəmli təbiətşünas alim olan B.Vayskopt demişdir:“XX əsrin tex­ni­ka yeniliyində elə bir nümunə tapmaq olmaz ki, o özünün meydana çıxmasına görə fundamental elmi fikrin inkişafına borclu olmasın”. V.Baraşenkov isə obrazlı şəkildə demişdir ki, fundamental tədqiqatlar sivilizasiyanın, elmi-texniki tərəq­qi­si­nin katalizatorudur. Bəşəriyyət heç zaman həmin tədqiqatlara marağını itirməyə­cəkdir, çünki fundamental tədqiqatın kəsilməsi irəliyə doğru inkişafın kəsilməsi deməkdir. Fundamental tədqiqatlar elmin hansı sahəsinə aid olmasından asılı olma­yaraq həmişə texnikaya və elmin digər sahələrinə inqilabiləşdirici təsir göstərir.
Müasir elmi-texniki tərəqqi həqiqətən sivilizasiyanı elə bir səviyyəyə çatdır­mış­dır ki, o mütləq mənada bəşəriyyətə böyük fayda verə bilər, insanlar yaxşı nəticələr əldə edə bilər. Lakin unudulmamalıdır ki, bu tərəqqinin mənfi nəticələri də vardır. Bəşəriyyət təbiətə getdikcə daha geniş miqyasda hakim olmaq ərəfəsindədir, lakin o öz əli ilə min illər ərzində yaratdığını bir neçə saat ərzində məhv edə bilər. Son 30-40 il ərzində elmi-texniki tərəqqinin bəzi nəticələrinə nəzər salaq. Bu müddət ərzində elektronika, nüvə fizikası, kimya, biologiya, genetika sahəsində elə müvəffəqiyyətlər əldə edilmişdir ki, bunlar hər cür əfsanəni belə kölgədə buraxır. Buna əyani olaraq son illərdə biologiya sahəsində dünyanı heyran qoyan bir kəşfə nəzər salaq. Biologiya sahəsində görkəmli mütəxəssis, professor, Nobel mükafatı laureatı Xobind Xorana Riqada elmi tədqiqatlarının nəticələrinə həsr edilmiş konfransda həyatın təməli sayılan geni ilk dəfə sintez etdiyini bildirdi və bunu əyani sürətdə göstərdi. Bu kəşf yalnız alimləri deyil, onu az-çox dərk edən bütün insanları heyran etdi. Bu kəşf kənd təsərrüfatı, təbabət, mikrobiologiya və bir sıra başqa elmlər sahəsində inqilabi çevrilişlər yaradılmasına imkan yaratdı. Bu kəşf prinsip etibarilə yeni, çox faydalı bitki və heyvan növləri yaratmağa, irsiyyəti sözün əsil mənasında idarə etməyə, vaxtından əvvəl qocalmanın, insanda maddələr mübadiləsinin pozulması qarşısını almağa, insanın xəstə orqanlarını yeniləri ilə əvəz etməyə, onun ömrünü uzatmağa, hələ təbiətdə olmayan yeni canlı orqa­nizmlər yaratmağa imkan verir. Lakin bu kəşf eyni zamanda indiyədək mövcud olan silahlardan daha dəhşətli kütləvi qırğın silahı hazırlamağa, insan nəslini yer üzündən silməyə və ya insan əvəzinə digər varlıqlar yaratmağa da imkan verir.
Unudulmamalıdır ki, insan dühasının məhsulları bəzən insanın nəzarəti altın­dan çıxır və insanların özlərinə qarşı çevrilir, insanlar öz yaratdıqlarının qarşısında aciz qalırlar. Hələ XIX əsrdə K.Marks bu məsələyə diqqəti cəlb edib yazmışdır ki, yaşadığımız cəmiyyətdə “hər şey sanki öz əksliyinə çevrilmişdir. Biz görürük ki, insan əməyini yüngülləşdirmək və səmərələşdirmək üçün ecazkar gücə malik olan maşınlar insanlara bəzən üzgünlük gətirir. Yeni, indiyədək məlum olmayan sərvət mənbələri hər hansı qəribə və anlaşılmaz bir sehr nəticəsində təhlükəli mənbələrə çevrilir”. Əlbəttə, elmi-texniki kəşflər, ixtiralar, elmi idrakın heyratamiz nəticələri qloballaşan dünyamız üçün bir zərurətə çevrilmişdir. Lakin bizim üçün əsas məsələ bu kəşflərdən hansı məqsədlər üçün və necə istifadə etməkdən ibarətdir. Elmi-texniki tərəqqi əxlaqi məzmuna malikdir. Çünki, elmi-texniki tərəqqini yaradan, onun nəticələrindən istifadə edən şüurlu, mənəviyatlı insanlardır. İnsanlar isə heç vaxt bu mənəviyyata, əxlaqa bitərəf ola, xeyir və şərin fövqündə dura bilməzlər.
Bütün bunlarla yanaşı, elmi-texniki tərəqqi nəinki min illərdən bəri yaranmış sərvətləri sıxışdırıb aradan çıxaracaq, əksinə, ümumbəşəri mənəvi dəyərləri daha da artıracaqdır. Çünki indiki dövrdə insan vicdanının təsir dairəsi, onun qiymət­lən­dirici, nəzarətedici və sövqedici gücü daha da artır. Buna uyğun olaraq ayrı-ayrı adamların bir-biri qarşısında, millət, vətən qarşısında məsuliyyət hissi daha da artır, bu mənəvi borca çevrilir.
Tarixi inkişaf, bəşəriyyətin əxlaq təcrübəsi göstərir ki, bütün əvvəlki dövr­lərdə baş verən elmi-texniki tərəqqi və nailiyyətlər əxlaqi tənəzzülə deyil, əxlaqi tərəqqiyə xidmət etmişdir. Hələ Sokrat, Platon, Aristotel, Demokrit, Epikur və digər qədim yunan filosofları tərəfindən tərənnüm olunmuş əxlaqi dəyərlərin çoxu bu gün də öz məna və əhəmiyyətini itirməmişdir. Keçmiş nəsillərin yüz illərdən bəri sınaqdan çıxardıqları, qoruyub saxladıqları əxlaqi dəyərləri, sadə əxlaq normalarını arxaik hesab etmək şübhəsiz böyük yanlışlıq olardı. Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi elmi-tərəqqi əxlaqa, mənəviyyata müəyyən təsir göstərir. İnsanların xeyir və şər haqqında, ayrı-ayrı əxlaq normalarının məzmunu haqqında anlayışları, baxışları dəyişir. İnsan ağlının, insan fikrinin qüdrəti olan elmi-texniki tərəqqidən, bu tərəqqinin nəticələrindən düzgün istifadə olunarsa, əxlaqa, mənəviy­yata ancaq müsbət təsir edə bilər. Elmi-texniki inqilablar, əslində, öz mahiyyəti etibarilə əxlaqi keyfiyyətləri, dəyərləri rədd etməyib, onların daha da möhkəm­lən­məsi və fərdin xarakterində dərin kök salması üçün əlverişli şərait yaradır. İnsanın bütün psixi-mənəvi aləmi elmi-texniki tərəqqinin təsirinə məruz qaldığı kimi, onun əxlaqı həyatı da bu cür təsirə məruz qalır, insanların əxlaqi anlayış və ­təsəvvür­lərində ciddi təbəddülalar baş verir.
Elm və texnika uzaq qitələrin insanlarının bir-birilə təmasını misilsiz dərəcədə artırır, bir-birindən xəbərsiz milyonlarca insan iş, istehsal, mədəniyyət əlaqəsinə girir. O, hər cür sərhədləri aşır, yaratdıqları ümum-bəşəri sərvətlərə çevrilir. Elm və texnikanın müxtəlif sahələrində inqilabi çevrilişlərin baş verdiyi müasir qlo­bal­laşma dövründə alimlərin əxlaqi məsuliyyəti son dərəcə artır, öz kəşf və ixtira­la­rına sosial-mənəvi cəhətdən yanaşmaq bir zərurətə çevrilir. Texniki estetika müasir tərəqqinin yaratdığı ictimai problemləri həll etməkdə əxlaqın, saf mənəviyyatın rolunu mütləqləşdirməməklə bərabər, elmi-texniki inqilabların icti­mai aspekt­lə­ri­nin həllində əxlaqi amillərin müstəsna rol oynadığını qeyd edir. Buna görə də hər bir insan, fərd, xüsusən ziyalı bu və ya digər elmi kəşf, ixtira baş ve­rəndə onların insanların taleyinə necə təsir edəcəyinə, nə kimi ictimai, ekoloji nə­ticələr verəcə­yinə əxlaqi baxımdan bitərəf və biganə ola bilməz. Texniki ali mək­təblərdə təbii-elmi biliklərlə yanaşı məhz bu məsələlər - mənəvi, fəlsəfi, əxlaqi və digər milli-mənəvi dəyərlər və sərvətlər diqqət mərkəzində olduqda keçilən dərslər daha ma­raq­lı, məzmunlu, canlı olar, tələbələrin görüş dairəsi, ümumi mədəni və əxlaqi-etik səviyyəsi xeyli yüksələr.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YENİ DƏRS VƏSAİTİ: “Sivilizasiya və multikulturalizm”

YENİ DƏRS VƏSAİTİ: “Sivilizasiya və multikulturalizm”

---
YENİ DƏRS VƏSAİTİ: “Sivilizasiya və multikulturalizm”

YENİ DƏRS VƏSAİTİ: “Sivilizasiya və multikulturalizm”

Yeni nəşrlər, AzTU
Elm haqqında yanlış təsəvvürlər aradan qalxmalıdır

Elm haqqında yanlış təsəvvürlər aradan qalxmalıdır

Elm
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Elm
Mühəndislik və Texnologiya

Mühəndislik və Texnologiya

Köşə yazılar
Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Təhsil, Sosial, Köşə yazılar
“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər”

“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər”

Əsas xəbər, AzTU
Yeni təhsil proqramları və fizika

Yeni təhsil proqramları və fizika

Regionlar, Məktəblər
AMEA-nın İctimai Elmlər Bölməsində

AMEA-nın İctimai Elmlər Bölməsində "Yeni elmi paradiqma - ahəngyol" mövzu ...

İctimai elmlər, "Zirvə"
Yeni dövrün çağırışları və elmin hədəfləri

Yeni dövrün çağırışları və elmin hədəfləri

Elm, "Zirvə"
TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

Regionlar, Elmi Məqalələr
AMEA-da

AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar p ...

"Zirvə", Folklor
AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

Əsas xəbər, AzTU
Əliağa Məmmədli: “Antropologiya sahəsində yüksəkixtisaslı kadrların hazırla ...

Əliağa Məmmədli: “Antropologiya sahəsində yüksəkixtisaslı kadrların hazırla ...

Digər bölmələr, Müsabiqə
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "ƏTRAF ALƏMLƏ TANIŞLIĞIN MƏZMUNU VƏ ƏHƏMİYYƏTİ”

Elmi Məqalələr, Uşaq bağçaları, "Elm və Təhsil"
Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Elm
ORDU QURUCULUĞUNDA PEŞƏKARLIĞIN ROLU

ORDU QURUCULUĞUNDA PEŞƏKARLIĞIN ROLU

Tarix
AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

Digər bölmələr, AzTU
Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

"Zirvə"
Rəy yazın: