İlhamə Məhəmmdəqızı: Ruhlarımız qovuşaydı barı...

İlhamə Məhəmmdəqızı: Ruhlarımız qovuşaydı barı... İlhamə Məhəmmdəqızı

ƏLƏNDİ

Nicat zirvəsinə çatmaq istədim,
Könlümün həvəsi xəzana gəldi.
Hikmət dəryasını tapmaq istədim,
Yoluma böhtanın qarı ələndi.

Ömrümdən bir arzu, möhlət istədim,
Döndərdi üzünü ki, cana gəldi.
Baxanda göylərə, səda istədim,
Könlümə zülmətin tarı ələndi.

Neyləsin taleyim, neyləsin bəxtim,
Əzəldən dünyaya o qara gəldi.
Qismətdən əhdimə şəfa istədim,
Üzümə yoxsulluq arı ələndi.

Mərhəmət dilədim, lal oldu dilim,
Qurudu canımda məhəbbət gülüm.
Sevib öz sevgimdən sevgi istədim.
Sinəmə intizar xarı ələndi.

Hökmdən çıxa bilmərəm

Taleyim belə yazılıb,
Hökmdən çıxa bilmərəm.
Kimsənin göz yaşına
Biganə baxa bilmərəm.

Əfsanə bilinən həyatı
Gerçək anaraq yaşadım.
Çiynimdə kədər yükünü
Bir pay sanaraq daşıdım.

Sual dolu baxışlarım
Dikilib göyün üzünə.
Nəğmə dolu dodaqlarım
Qısqanır şirin sözünə.

Xatirələr çözümündə
Qırışıbdır qəlb köynəyi.
Göz yaşımın düzümündə
Qəlbə dolub qəm göynəyi.

Özümü özümə qaytar

Qaranlıq hərəkətsiz lal ağaclara,
Sükunət qəlbimə enir beləcə.
Arzum oğurlanır, ürək qırılır,
Son olan ümidim sürünür necə?!

Yuxumu qovuram, doğmuş ay solğun,
Zaman pıçıldayır, axır ahəstə.
Gecə hələ uzun, dolanır yorğun,
Dolaşır buludlar başımın üstə.

Qanadsız bir quşam, dərdi dənlərəm,
Gözüm qəlbi daşdan məhəbbət umar.
Sarı simdə “Kərəm” kimi inlərəm:
“Ay Allah, özümü özümə qaytar!”

BƏS KİMƏ DEYİM?

Ürəyim kədərli olanda mənim,
Gözümə acı yaş dolanda mənim.
İntizar qəhəri boğanda məni,
Sənə də deməyim, bəs kimə deyim?

Unutmaqmı səni, necə unudum?
Axı səndən başqa kimim var mənim?
Tənhalıq qoynuna alanda məni,
Sənə də deməyim, bəs kimə deyim?

Səni düşünürəm mən gecə-gündüz,
Bu dünya boşluqdu mənimçün sənsiz.
Həsrət yorub əldən salanda məni,
Sənə də deməyim, bəs kimə deyim?

Ayrılıq qəmidi ağladır məni,
Bir ümid qəlbimdə yaşadır məni.
Sənin məhəbbətin sıxanda məni,
Sənə də deməyim, bəs kimə deyim?


Mənsur şeir
Ruhlarımız qovuşaydı barı

Bir ömür yolumuz var. Onu getmirik qoşa. Məni yadlar görür, yadlar soruşur. Sənsə biganəsən mənim halıma, pərvanə deylsən yanan oduma. Səni bütün varlığımla duysam da belə, hissim dilə gəlməyir. Şam kimi aramla yansam da belə, bunu hamı görmür, hamı bilməyir. Məhəbbətim ülvi aləmə aparır məni. Bu aləmdə istəyirəm birgə vura qəlbimiz. Lakin heyhat, bu həyat nə səni, nə də məni etmədi xoşbaxt. Ürəyimiz narahatdır, narahat.
Keçmişlə bu gün, bu günlə gələcək arasında özümüz də bilmədən xəyala dalmışıq. Bir həzin, bir kövrək xatirəyə çevrilmişik. Bu qəmli xatirəni anır, yaşadır qəlbimiz. Sabah da beləcə qalacağıq biz. Bu sevdada həm günahkarıq, həm də haqlıyıq. Yaz nəfəsli, könlü dağlıyıq.
Bir gün tükənəcək günlər, saatlar, dəqiqələr, anlar ömrümdən. Ölüm göz qapağımı qapadacaq əbədi. Təkcə sevgimi aparacağam özümlə son mənzilimə. Ölüm qanadında sən də itəcəksən xəyaltək. Lakin nəmli vərəqlərdə, qəmli sətirlərdə göyərəcəyik ot tək, şehi gözləyəcəyik gül tək. Sonra, sonra biçiləcəyik, yenidən cücərcəyik. Heç olmasa ruhlarımız qovuşaydı barı. Yeni pöhrələr görəydi, duyaydı bu nübarı. Saf niyyətlə, təmiz diləklə uzanaydı əllər buna sarı. Sonsuz məhəbbətlə, tükənməz sevgiylə duyaydı yar yarı. Sənli-sənsiz, mənli-mənsiz yaşadaydı xələflər tükənməz arzuları. Olmayaydı sevgilər bizimki tək nakam, yarı. Şirin nəğmələrlə əllər uzadaydı sirli-sehrli açarı, açılaydı səssiz könül qapısı, şəfəq saçaydı günəştək qəlbin baharı, durulaydı ömrün qaynar bulağı... İndisə, indisə görürəm bütün bunları dadlı röyada. Sənsə, sənsə məndən xəbərsizsən, çox-çox uzaqdasan. Məhəbbətimizsə beləcə dəyib daşa. Bu peşimançılıqdan nə fayda? Özü yıxılan ağlamaz, deyilrər”!

Mənsur şeir
Tənhalıq

İlahi, gecə də, gündüz də bərabərləşir gözümdə tənha qalanda. Gecələr gözlərim dikilir göyə, ulduzlarla həmsöhbət olum deyə. Beləcə qarşlayıram dan üzünü. Səhərimlə salamlayıram dənizimi. Gecələr ən etibarlı həmdəmim olan ulduzların lal sükutunda qorunur kədərim, qəmim. Sirdaşım, dərddaşım olan dənizim sirrimi heç vədə verməz kimsəyə. Mavi ləpələrlə bölüşürəm sevincimi, kədərimi. Dəniz nəğmə oxuyur tənhalıq adında. Yadımda qalan sənin adın və sənli xatirələr. Anıram və bu an ömrümə nur saçılır. Açılır bənizim.Dənizim də, göy üzüm də, ulduzlar da, duyğular da pak, dupduru. Hamımızın arxasında Tanrı durur!
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: