Nailə YIRĞANÇAYLI (1977)

Nailə  YIRĞANÇAYLI (1977)Bayramova Nailə Hacıbala qızı - 1977-ci il martın 1-də qədim Borçalı mahalının Başkeçid, indiki Gürcüstanın Dmanisi rayonundakı Yirğançay kəndində anadan olub. İlk təhsilini də elə doğma kəndindəki orta məktəbdə alıb.
1990-ci ildə Borçalıda baş vermiş məlum olaylardan - təqib və təziqlərdən sonra, minlərlə soydaşımız kimi, onlar da ailəliklə Bakı şəhərinə köçüblər.
Təhsilini Bakı şəhərindəki 51 saylı orta məktəbdə davam etdirib.
1992-1993-cü illərdə kiçik tibb işçisi kursunda oxuyub.
1993-1994-cü illərdə Politologiya İnstitutunun ixtisasartırma fakültəsi tərəfindən təşkil edilmiş mühasibatlıq üzrə tam kursu bitirib.
Daha sonra Bakı şəhəri Uşaq Birliyi Təşkilatı Rəhbərləri məktəbində təhsil alıb.
2008-ci ildən İslayillı rayonunun E.Həsənov adına Mücühəftəran kənd tam orta məktəbində Uşaq Birliyi Təşkilatı rəhbəri işləyir.
Üç uşaq anası olan Nailə xanım həm də bədii yaradıcılıqla da məşqul olur.
Sözə-sənətə marağı böyük olduğundan, o, öz düşüncələrini mütamadi olaraq şeirə çevirərək oxucukarın ixtiyarına verir.
Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub.
"El həsrəti" adlı bir kitabı işıq üzü görüb.

Biz də Nailə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Məlahət SAHİBQIZL,
AYB-nin və AJB-nin üzvü,
"Borçalı" nəşriyyatının redaktoru

ZiM.Az



Can Azərbaycan

Azad ölkəm doğma diyar,
Torpağına can deyirəm.
Neçə igid ərlərin var,
Can Azərbaycan deyirəm.

Ay ulduzlu bayrağına,
Vətən! sənin torpağına.
Hər daşına, hər dağına,
Can Azərbaycan deyirəm.

Qəhramanlar diyarisan,
İgidlərin ad sanisan,
Mübarizlərin canısan,
Can Azərbaycan deyirəm.


Azərbaycan əsəri

O bir əsər yaratdı,
Azərbaycan əsəri.
Səsi dünyaya çatdı,
Azərbaycan əsəri.

O vətənim can dedi,
fəxr edən insan dedi.
Azərbaycan dedi,
Azərbaycan əsəri.

Hər kəlməsi sözü nur
siması nur üzü nur.
Duyğusundan yoğrulur,
Azərbaycan əsəri.

Yaşayacaq hər zaman,
Qəlbimizdə o insan.
Yolunda verərik can,
Azərbaycan əsəri.

Dillərdə Ulu öndər,
Yaşayar ər oğlu ǝr.
Yaratdı baba Heydər,
Azərbaycan əsəri.

Keçsə illər əsirlər,
Qərinələr, fəsillər.
Öyrənəcək nəsillər,
Azərbaycan əsəri.

Peyğəmbər adı ismi,
Bizimlə ruhu cismi.
İlah bir nur kimi,
Azərbaycan əsəri.


Salam olsun

Sərhəddimdə keşik çəkən,
Əsgərimə salam olsun.
Düşmənlərin belin bükən,
Əsgərimə salam olsun.

Qorxu bilməz o nərlərə,
Qeyrət çəkən ərənlərə.
Dağ vüqarlı ər ərlərə,
Əsgərimə salam olsun.

Səmasında qartal süzən,
Səngərində cəsur gəzən.
Yağıların başın əzən,
Əsgərimə salam olsun.

Dəmir yumruq dəmir bilək,
Neyniyəcək əssə külək.
Şir nərəli aslan ürək,
Əsgərimə salam olsun.

Vətən qeyrət namus ari,
Şərəfi şöhrəti vari.
Ulu tanrım onu qoru,
Əsgərimə salam olsun.


El həsrəti

Yollarının hər daşı da tanışdı
Yandı bağrım oda düşdü alışdı
Sanki qələm dilə gəlib danışdı
Bizim elin həsrətinə düşəndən.

Gödəkdərə sinəsini gəribdi
Ətəyindən qızlar çiçək dəribdi
Qayalı bulaq el dilində tərifdi
Gözəllərin minnətinə düşəndən.

Qoruqlarda kəkotunun iyi var
Gözəlliyin nişanıdı bu diyar
Binələrə məsgən olub Əyriqar
Yaz ayları şöhrətinə düşəndən.

Sürülərin dağ döşündən enməsi
nə xoş olur axşamçağı toy səsi
Bizə yaxın Mehralının çeşməsi
Çayla çeşmə vəhdətinə düşəndən.

Ortaçayın gurultusu qulaqda
Qız gəlinlər növbə tutur bulaqda
Bir gözəlin bayatısı dodaqda
məhəbbətin ülfətinə düşəndən.

Haçaqaya haçalanıb nədəndi
Çaylar daşıb yuyar bərəni bəndi
Nailənin sevimli ulu kəndi
Yırğançaydı qismətinə düşəndən.


İsmayıllının

Dağların qoynunda yaşıl meşələr
görəni məst edir tər bənövşələr
Məni heyran etdi bütün guşələr
Hüsnünə tay hanı İsmayıllının.

Burada könül verib həm könül aldım
Əbədi bu yurda meylimi saldım
Gəldim bu yerlərə buralı oldum
Nə çoxdu mehmanı İsmayıllının.

Boylandım soluna sağına baxdım
Ziyarətgahına dağına baxdım
Babadağa gedən axına baxdım
Çox pakdı insanı İsmayıllının.

Bu yerlər ruhuma canıma candı
Əziz anam mənim Azərbaycandı
Nailə heç zaman deməz usandı
Cənnətdi hər yanı İsmayıllının.


Baharı sevdim

Ruhuma könlümə bəzək naxışdı,
İnandım sözünə o yarı sevdim
Məni məftun edən xumar baxışdı,
Baxanda gözünə o yarı sevdim.

Günəş buludları yarıb baxanda,
İldırım kükrəyib şimşək çaxanda.
Narın-narın yaz yağışı yağanda,
Vuruldum özünə baharı sevdim.

Çəməndə çiçəyin gülün vurğunu,
Pətəkdə bal kimi dilin vurğunu.
Nailə obanın elin vurğunu,
O mötəbər yurdu diyarı sevdim.


Yaz yağışı

Yenə göy guruldayır,
yağış yağmaq istəyir.
Şimşəklər parıldayır,
şaq-şaq çaxmaq istəyir.

Göyün üzü tutulub,
bulud yamanca dolub.
Günəşin rəngi solub,
hardan baxmaq istəyir.

Kim xətrinə dəyibdi,
görən kim nə deyibdi.
Dodağını əyibdi,
süzub axmaq istəyir.

Bu da bir yaz yağışı,
bu da yazın naxışı.
Bu da şair baxışı,
duyub baxmaq istəyir.


Bəxtindən küsən qadın

Çəkdiyin əzabların,
İmtahan cavabların.
Bəlkə də savabların,
Bəxtindən küsən qadın.

Dərdin dərdə calandı,
Sinəndə od qalandı.
Ömrün belə talandı,
Təxtindən düşən qadın.

Rəngi solmuş tül kimi,
Qəfəsdə bülbül kimi.
Sovrulmusan kül kimi,
Ümidin kəsən qadın.

Nədir qəmli baxışın
Niyə yoxdu çıxışın?
Gətirmədi naxışın,
Titrəyib əsən qadın.

Yükünü şələləyib,
Xəlbirləyib ələyib.
Tanrıdan nə diləyib,
İstədi ki, sən qadın!


Bir dostun dilindən

Mən sənin eşqinlə yaşadım hər an,
Sən mənim sevgimi yaşadanmadın.
Mən sənin yolunda can verən zaman,
niyə sən bu yolda daşa dönmədin.

Mən səni sevdim ki mənim olasan,
mən səni sevdim ki qoşa gəzək biz.
Sevmədim özgədən sevgi umasan
yadlar qapısına salasan yol iz.

Daha gecdi gülüm illər ötüşdü
bizim sevgimizi yellər apardı.
Ötən bir xatirə yadıma düşdü
eşqi gözdən axan sellər apardı.

Sən özgə birinə vəfadar oldun
mən başqa birinin qəlbinə girdim.
Sən də için-için ağladın soldun
mən də öz ömrümü illərə verdim.


İlk görüş

Toxundu baxışlar biri birinə
Təbəssüm dodaqdan-dodağa düşdü.
Coşdu iki ürək dəniz yerinə
bir candan bir cana sadağa düşdü.

Gözlər ürəkləri aşikar etdi
ayrılıq intizar qovuldu itdi
Təzə məhəbbətin çiçəyi bitdi
Bir sevda bülbülü budağa düşdü.

Görüşə tələsdi sevən ürəklər
Öpdü cöhrələri əsən küləklər
Hopdu ruha cana arzu-diləklər
məhəbbət əbədi bir çağa düşdü.

Bir anda duyğular qaynadı coşdu
xəyallar ən uca dağları aşdı
Bu sevgi çox ünvan gəzdi dolaşdı
səninlə görüşdə sınağa düşdü.


Qoşma


Nanəcib insana könül verənin
əvvəli gəlməmiş sonu yetişər.
Vəfasız bağında çiçək dərənin
günü ahu-zarla gəlib ötüşər.

Öyüd almayana söz nə gərəkdi
ürək duymayana göz nə gərəkdi
Əyri olan kəsə düz nə gərəkdi
onsuz da əyrisi əyri bitişər.

Kökü olmayanın budağı yoxdu
budaqssız ağacın yarpağı yoxdu,
Həyatın əbədi bir çağı yoxdu,
nə vaxtsa əyilib torpağa düşər.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: