MEHPARƏ SƏFƏRLİ: "Ürəyimi bir kimsəyə açmadım..."

MEHPARƏ SƏFƏRLİ: "Ürəyimi bir kimsəyə açmadım..." Mehparə Əlisəftər qızı Səfərli - Kürdəmir rayonunda anadan olub.
Orta məktəbi və Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini) fərqlənmə ilə bitirib.
İxtisasca neft mühəndisidir.
Bir müddət Bakı Politexnik Texnikumunda (indiki Bakı Texniki Kollecində) müəllim işləyib.
Sonralar Bakıdakı 17 saylı liseydə ixtisası üzrə fənn müəllimi vəzifəsində çalışıb.

Mehparə xanım eyni zamanda, 1992-ci ildən həm də publisistik yazıları və şeirləri ilə dövrü mətbuatda da mütamadi olaraq çıxış edir.
Müxtəlif qəzetlərdə, o cümlədən, uzun müddət “Şərqin səsi”“Təhsil” qəzetlərinin redaksiyalarında, eləcə də, “Borçalı” nəşriyyatında işləyib.
Şeirləri “Zirvə” poeziya antologiyasında,
“Vətənim”, “Canım Azərbaycanım”, “Qarabağ Azərbaycandır!”, “Zəfər”, “Xarıbülbül”, “Turan”, “Buta”, “Sazlı-Sözlü Borçalı” Ədəbi məcmuələrində çap olunub.
Hazırda “Qanun və tərəqqi” qəzetinin baş redaktordur.
“Abdulla Şaiq”, “Xurşudbanu Natəvan”, “Zirvə”“Qızıl Qələm” media mükafatı laureatıdır, İraq–Türkmən Ədəbiyyatçılar Birliyinin fəxri üzvüdür. Dəfələrlə “Fəxri fərman”, “Diplom” “Təşəkkürnamə”lər ilə mükafatlandırılıb.

İki oğlu, Yusif və Nuray adlı iki nəvəsi var.




Biz də Mehparə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdiim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



VƏTƏNİM

Əzizdir hər bir kəsə öz torpağı, öz eli,
Əzizdir hər qarışı, hər gülü, hər çiçəyi.
Əzizdir Vətənimin suyu da, torpağı da,
Odlar yurdu diyarım, and yerim, qibləgahım,
Qəhrəmanlar ölkəsi doğma Azərbaycanım!

Bu torpaqda boy atıb Koroğlu da, Nəbi də,
Bu torpaqda doğulub Mübarizin özü də.
Bu torpaq yetişdirib cəsur qəhrəmanları,
Odlar yurdu diyarım, and yerim, qibləgahım,
Qəhrəmanlar ölkəsi, doğma Azərbaycanım!


KÜRDƏMIR

Elim, obam, doğma evim, eşiyim,
Şirin arzum, diləyimdi Kürdəmir.
Bağça, bağım, yurdum, yuvam, beşiyim,
Ruhum, canım, ürəyimdi Kürdəmir.

Əzəməti, qüdrəti var əzəldən,
Mərdliyi var, qeyrəti var əzəldən.
Hər bir evdə hörməti var əzəldən,
Gözlərimdi, bəbəyimdi Kürdəmir.

Vüqarlıdı, dildə gəzir qüruru,
Zirvəsində nəğmə duru, söz duru.
Taleyimin, qismətimin uğuru,
Halal süfrəm, çörəyimdi Kürdəmir.

Mehparəyəm, mərddi mənim el, obam,
Koroğludu igid babam, ğr babam.
Öz yurduma, öz elimə qurbanam,
Bir solmayan çiçəyimdi Kürdəmir!


ATAMA

Həsrət qaldım gülüşünə,
Gəlişinə, gedişinə.
Nə deyim talə işinə,
Ata, sənsiz darıxmışam.

Hey baxıram yollarına,
Sənsizliyə yana-yana.
Gəl, bir sarılım boynuna.
Ata, sənsiz darıxmışam.

Bu fələyin öz işidir
Sənsizlik məni üşüdür.
Səsimi tanrı eşidir,
Ata, sənsiz darıxmışam.

Bu dünyada deyiləm tək,
Əbədi deyil gələcək.
Atam yuxuma gələcək,
Bilir onsuz darıxmışam,
Vallah, yaman darıxmışam.


KAŞ SƏNLİ GÜNLƏRİM OLARDI, ANA

Hələ də qurumur gözümün yaşı,
Ağrıyır, göynəyir bağrımın başı.
Olmusan ömrümün dostu, sirdaşı,
Dərdimin dərmanı sənsən, ay ANA.

Sən varsan, bilirəm, yetim deyiləm,
Məndən uzaq gəzir hələ qüssə, qəm.
Heç vaxt qoymamısan sınam, əyiləm,
Könlümün növrağı olmusan, ANA.

Sən məni sevmisən ürəkdən, candan,
Yanımda olmusan hər zaman, hər an.
Mənim canım, gözüm, can sənə qurban
Evimin çırağı olmusan, ANA.

İndi nəvələrin qolun, qanadın,
Dillərdə əzbərdi hər zaman adın.
Bizə bir örnəkdi sənin həyatın,
Ömrümün xoş çağı olmusan, ANA.


ÜRƏYİMİ BİR KİMSƏYƏ AÇMADIM

Mən itirdim əzəlimi, ilkimi,
Duyğularım dilə gəldi sel kimi.
Göz açandan soraqladım eşqimi,
Ürəyimi bir kimsəyə açmadım.

Lal həsrətin yaman kəsdi üstümü,
Elə yandım, görmədilər tüstümü.
Kim açacaq bu sehirli tilsimi,
Ürəyimi bir kimsəyə açmadım.

Dodağımda hələ sözlər bal dadır,
Bu qismətim bəlkə hələ yoldadır,
Şirin sözlər bəlkə məni aldadır,
Ürəyimi bir kimsəyə açmadım.

Nə yaxşı ki, sən çıxmısan qarşıma,
Xoş nəğmələr sən yazırsan adıma,
Bircə sənsən yanan mənim oduma,
Ürəyimi bir kimsəyə açmadım.


YAŞAMAQ GÖZƏLDİ

Birinin işinə yaraya bilsən,
Yerində ağlayıb yerində gülsən.
Ömür zirvəsinə şərəflə qalxıb,
Yoxuşu şərəflə en, enə bilsən,
Yaşamaq gözəldi, yaşaya bilsən.

Dünyanın hər üzü naxış-naxışdı,
Qoynunda küləkdi, qardı, yağışdı.
Sadə baxış belə bir yaraşıqdı,
Hamının sevincin, qəmini bilsən,
Yaşamaq gözəldi, yaşaya bilsən.

Böyüyə hörmət et, kiçiyə diqqət,
Allah verdiyinə şükr eylə mütləq.
Mərdini alqışla, ondan al ibrət,
Həyatın qədrini, qiymətin bilsən,
Yaşamaq gözəldi, yaşaya bilsən.

Kamalı, zəkası vardır hər kəsin,
Taleyi qınayıb heç kim küsməsin.
Dünya pəncərədi, deyib keçməsin,
Ömrümüz bir yükdü, daşıya bilsən,
Yaşamaq gözəldi, yaşaya bilən.


AYRILIĞI DUYSAYDIM

Ayrılığı duysaydım,
Qarşında diz çökərdim.
Gül-çiçəklər əkərək,
Önünə sədd çəkərdim.

Ayrılığı duysaydım,
Könlümü dağlamazdım,
Sənə bel bağlamazdım,
Həsrətdən aglamazdım.

Ayrılığı duysaydım,
Qanad açıb ardınca,
Bir quş olub uçardım,
Sənə ürək açardım,
Ayrılığı duysaydım.


ÜRƏYİM

Payız çəməninə bənzər ürəyim,
Dəyişib nəğməsi, qalıb çiçəksiz.
Dalğasız dənizə bənzər ürəyim,
Qalıbdır tufansız, səssiz, səmirsiz.

Görəsən küləyi hardan əsəcək,
Hansı tufan onu oyadacaqdır.
Hardan xəyalları qanadlanacaq,
Hissləri geriyə qayıdacaqdır.

Susmuş dağ çayına bənzər ürəyim,
Elə bil harayı, sədası, yoxmuş.
Görən açılarmı buludlu səma,
Qayıdar nə zaman o səs, o səda.

Bitdiyi torpaqdan xeyir görməmiş,
Yarpaqsız ağaca bənzər ürəyim.
Elə bil nə çiçək, nə yarpaq görüb
Bir buz parçasına dönüb ürəyim.

Sanki ləngiyibdir duyğu yelləri,
Hələ ki diksinmir sözdən, fikirdən.
Elə bil ürək yox, ağ bir vərəqdir,
Dolmayıb yaşanmış xatirələrdən.


QOYMA

Gül kimi açmışdım, solmaq üzrəyəm,
Fələk yaman əyib sınmaq üzrəyəm
Yaman alışmışam yanmaq üzrəyəm,
Şam təki əriyib itməyə qoyma.

Qoyma bu fələyi mənim qapıma,
Kədər yetişdirib qəmi əkəcək.
Ömrümü ötürmə yazsız, baharsız,
İlləri boşuna keçməyə qoyma.


SƏNSİZ

Sənin həsrətinlə yandım, alışdım,
Deyəsən ürəyin daş imiş sənin.
Bəlkə də aldandım, bəlkə də çaşdım,
İndi bir əzabdı mənə həsrətin.

Dərdimin üstünə dərd yağır indi,
Mən səni Günəşim, Ayım bilirdim.
Nə olar, qayıt gəl,qəlbimi dindir,
Bir zaman eşqinlə mən də gülərdim.

Artıq ürəyimdə dərd-kədər bitib,
Bir ülvi məhəbbət batıb günaha.
Şirin arzuların zamanı bitib,
Bəxtimin sabahı açılmır daha.


NƏDI

De, saralıb solmaq nədi?
Bulud kimi dolmaq nədi?
Sənli sənsiz olmaq nədi?
Ölsəm belə, alışmaram.

Bağışlama, günahkaram,
Ölüyəm mən, yaşamaram.
İndi bildim sənsizliyə,
Ölsəm belə alışmaram.


YUXUNA GƏLƏN MƏN İDİM

Həsrətlə nə qədər yanım,
Mən Günəşi necə danım.
Mənim ağ atlı oğlanım,
Yuxuna gələn mən idim.

Hər sözümə can deyənim,
Hüsnünə heyran deyənim,
Gəl, səni bir də bəyənim,
Yuxuna gələn mən idim.

Açıram sənə sirrimi,
Gözlərinin şehi kimi.
Səhərin xoş mehi kimi,
Yuxuna gələn mən idim.

Sənsən məni Leyli edən,
Ətri hər vaxt mənə yetən,
Məni tənha qoyub gedən,
Yuxuna gələn mən idim.

Harayıma gəlib çatan,
Yuxuma şirin bal qatan.
Sən ki deyilsən unudan,
Yuxuna gələn mən idim.


QƏZƏL

Gözlərinə necə baxım, ürəyim od tutub yanır,
O gözləri görən gözüm tay Günəşi, Ayı danır.

O gözlərin işığında gecə, gündüz bilinməyir,
Adam unudur dərd-qəmi, bu aləmi nurlandırır.

Baxışın elə nurludur, elə bil ki cənnətdəyəm,
Şöləsindən bu yer, bu göy al-əlvan rəngə boyanır.

O gözlərdə bir sehr var, o gözlərdə bir möcüzə,
O gözlərə baxan zaman min arzu, həvəs oyanır.

Sən baxırsan, ürək dözmür bu baxışa, bu atəşə,
Heç bilmirəm yazıq canım bu oda necə dayanır.

O gözlərin cazibəsi elə məftun edib məni,
Mehri də unudur dərdi-qəmi, özünü cənətdə sanır.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: