MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN HƏSƏNOV

MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN HƏSƏNOV REDAKSİYAMIZIN ARXİVİNDƏN:

MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN HƏSƏNOV


Həsən Əziz oğlu Həsənov 1940-cı il oktyabrın 20-də Tiflis şəhərində anadan olmuşdur. 1958-ci ildə Tbilisidəki 43 nömrəli məktəbi bitirmiş Azərbaycan Dövlət Politexnik İnstitutuna daxil olmuşdur. 1963-cü ildə İnstitutu başa vurub komsomol işində çalışmış, 1966-cı ildə Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunda aspiranturaya qəbul olunmuşdur. 1967-ci ildə Azərbaycan KP MK-ya təlimatçı vəzifəsinə irəli çəkilmişdir.

1969-1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolu MK-da məsul təşkilatçı vəzifəsində çalışmışdır. 1971-ci ildə Bakıya qayıdıb Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində işləmişdir.
1975-ci ildən Bakının Səbael rayonu Partiya Komitəsinin birinci katibi, 1978-ci ildə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi, 1979-cu ildə Gəncə şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir.
1981- 1990-cı illərdə Azərbaycan KP MK katibi olmuşdur. Həmin müddət ərzində MK-da ideologiya, tikinti və nəqliyyat, iqtisadiyyat sahələrinə rəhbərlik etmişdir.
İdeologiyaya rəhbərlik etdiyi dövrdə tarix, ədəbiyyat və mədəniyyət sahələrində bir sıra mühüm respublika əhəmiyyətli tədbirlərin təşkilatçısı olmuşdur.

1990-1992-ci illərdə Həsən Həsənov Azərbaycanın baş naziri vəzifəsini la­yiqincə yerinə yetirmişdir. Onun şəxsi siyasi və diplomatik səyləri Azərbaycanın dövlət müstəqilliyini qazanmasında mühüm rol oynamışdır. O, NATO-nun toplantılarında ilk dəfə olaraq müstəqil Azərbaycanı tanıdan məruzələrlə parlaq çıxışlar etmişdir.

1992-1998-ci illərdə diplomatiya sahəsinə keçən Həsən Həsənov əvvəlcə Azərbaycanın BMT-də ilk daimi nümayəndəsi, sonralar Azərbaycanın Xarici İşlər Naziri olmuşdur. 1995-ci ildə Azərbaycan Milli Məclisinə deputat seçil­mişdir. "Qırmızı Əmək Bayrağı" ordeni, "Fədakar əməyə görə" medalı və Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Otuz ildən çox Azərbaycanın rəhbər partiya və hökumət vəzifələrində çalışan Həsən Həsənov hər bir vəzifədə daim xalqın qeydinə qalmış, xalqın etimadını qazanmışdır.

Dövlət adamı və ictimai xadim olan Həsən Həsənov eyni zamanda elm sahə­sində də fəaliyyət göstərmişdir.

Həsən Həsənovun elmi fəaliyyətinin mühüm hissəsi aşağıdakı istiqamətlərdədir:

1. Rəhbər vəzifələrdə işləyərkən Azərbaycanın görkəmli mqtəfəkkir yazıçı və şairlərinə həsr etdiyi məqalələri və çıxışları: N.Gəncəvi, M.F.Axundov, müasirlərimizdən S.Rüstəm, İ.Şıxlı kimi sənətkarlar barədəki çıxışları, məqa­lələri.

2. Bilavasitə tədqiqatları. Bu istiqamətdə onun araşdırmaları hələ 1978-ci ildə "Azərbaycan" jurnalında dərc etdirdiyi "Keçən əsrdən məktublar" təd­qiqatı ilə başlamışdır. Həmin tədqiqatın redaksiya təqdimatında deyilirdi: "…Həsən Həsənovun büyök mütəfəkkir M.F.Axundovun oğlu Rəşid bəy Axundov haqqında elmi tədqiqatı xüsusi maraq doğurur". Həqiqətən də Mir­zə Fətəlinin oğlu Rəşid bəyin həyatı və fəaliyyəti ictimai fikir tarixi­mi­zin azıl­mamış səhifələrindən idi. Tədqiqat özünün təhlil üsulu ilə fərq­lənirdi. Təhlillərdə mütəfəkkir Mirzə Fətəli ilə oğlunun arasındakı məktub­laşmada maarifçilik, milli ədəbi fəaliyyəti Avropa mühitinə çıxarmaq kimi məsələlər aşkarlanır. Həsən Həsənovun birgə tərtibi ilə həmin məktublar sonralar (1991) ayrıca kitab şəklində buraxılmışdır.
Kitaba əhatəli şərhi də o özü yazmışdır.

Həsən Həsənovun elmi fəaliyyətinin digər bir nümunəsi şair Bəxtiyar Vahab­zadənin "İstiqlal" (1999) kitabına yazdığı giriş əvəzi tədqiqatıdır. "Azərbaycanın Bəxtiyarı, yaxud "Gülüstan"dan "Şəhidlər"ə gedən yol!" adlanan bu tədqiqatın burada ancaq bülmə başlıqlarını xatırlamaq kifayətdir: "Bəxtiyarın siyasi təfək­kürü", "Bu dünyanı oyuncaqmı bilmisən?", "Zaman sənə ügey olsa vay halına", "Öz dilində danışmasan, de kim sənə azad deyər?", "Azadlıq alınar, yaddan umulmaz!", "Biz işıqlı fikirlilər bir fikirsiz, əqidəsiz qulbeçəyə qul olmuşuq", "Allaha çatmağın nə imiş yolu?", "Axı kim bu haqqı vermişdir, sizi kim çağırmış vətənimizə?", "Cəsarət mülkünü tikdi şəhidlər". Bu başlıqlı bölmələrin hərəsində şairin müvafiq əsərləri araşdırılmışdır.

Həsən Həsənovun "Dilimiz, dövlətimiz, millətimiz, adımız" kitabı (1996) müstəqil tədqiqatdır.
Həsən Həsənovun son yazılarından biri həmyerlimiz, şair Zəlimxan Yaqu­bun yaradıcılığına həsr olunmuşdur. "Sazın və sözün vəhdətini yaradan şair" başlığı ilə qələmə alınan bu yazıda Həsən Həsənov özü də saz ruhunu duyan bir Borçalı oğlu olduğunu təsdiq etmişdir.

Həsən Həsənovun elmi araşdırmalarının digər qismini resenziyalar təşkil edir: "Cəmaləddin Əfqani mütərəqqi millətin ideoloqu kimi", ("Elm" qəzeti 15 dekabr 1999; "Cəmaləddin Əfqani" kitabına) professorlar Nurəddin Rza, Şamil Qurbanov barədə "Xalq ziyalısı, ensiklopedik bilikli insan", ("Professor Nurəddin Rza" kitabında 1999), "Yaradıcılıq məramnaməsi - Tarixin azılmış səhifələri" (Şərəf Cəlilli "Ümğr yolu" kitabı, 1999).

Həsən Həsənovun redaktorluğu ilə rus dilində Ə.Ə.Topçubaşovun "Diplomatik söhbətlər" kitabı çap olunmuşdur.
Və ən nəhayət bu günlərdə Həsən Həsənovun "Nəriman Nərimanov - milli təmayüllü kommunist" adlı yeni bir monoqrafiyası işıq üzü görmüşdür.



MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN HƏSƏNOVQİYMƏTLİ MONOQRAFİYA:
"Nəriman Nərimanov - milli təmayüllü kommunist"


Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Sovet dövrü tarixinin obyektiv öyrənilməsi üçün əlverişli şərait yaranmışdır.
Dövlət xadimlərinin baxışları və fəaliyyətini olduğu kimi öyrənmək, qiymətləndirmək aktuallıq kəsb edir. Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti indiyə qədər ayrı-ayrılıqda tədqiqat mövzusu olmuşdursa da, ancaq kompleks şəklində araşdırılmamış, ziddiyyətli məqamlara tam aydınlıq gətirilməmişdir.
Həsən Həsənovun bu məsələləri araşdırması və tam dolğunluğu ilə aydınlıq gətirməsi mühüm elmi tarixi əhəmiyyət kəsb edir. Bu baxımdan onun elə bu günlərdə işıqüzü görmüş "Nəriman Nərimanov - milli təmayüllü kommunist" adlı monoqrafiyası böyük maraq doğurur. Monoqrafiyada tədqiqatın xronoloji çərçivəsi düzgün olaraq N.Nərimanovun dövlət başçısı olduğu 1920-1922-ci illəri deyil, onun ədəbi, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrünü əhatə edir.

Müəllif N.Nərimanovun bolşevik rejimi şəraitində milli dövlətçilik baxışlarını və fəaliyyətini öyrənmək üçün iqtisadi inkişafa, xarici əlaqələrə, hərbi quruculuğa, milli-mədəni inkişafa, Azərbaycan dilinə münasibətini, ona dövlət dili statusu vermək uğrunda səylərini və din problemlərinə münasibətini araşdırmışdır. N.Nərimanovun milli ziyalılara diqqəti, onları ölüm təhlükəsindən və təqiblərdən qoruması məsələləri öyrənilmiş və ilk dəfə göstərilmişdir. Əsərdə problemin öyrənilməsi dərəcəsi ardıcıllıqla verilmişdir. 20-ci əsrin ortalarından 50-ci illərin ortalarınadək kommunist ideoloqlarının N.Nərimanovun adının unutdurulmasına xüsusi səy göstərmələri, 60-cı illərdə və 70-ci illərin ilk illərində onun fəaliyyətinin müxtəlif tərəflərinə həsr edilmiş əsərlərin yazılması və 70-ci illərdə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin N.Nərimonovun 100 illik yubileyi ilə əlaqədar geniş təşkilatçılıq fəaliyyətinin həlledici rolu öz əksini tapmışdır. Əsərdə düzgün olaraq göstərilir ki, Azərbaycan Sovet tarixi ədəbiyyatının tədqiqi nəticəsində bu qənaətə gəlmək olur ki, dövrün şərtlərinə uyğun olaraq N.Nərimanov yazıçı, maarifpərvər, ictimai-siyasi xadim və inqilabçı kimi təqdim olunmuş, dövlətçilik fəaliyyəti lazımınca tədqiq olunmamış, xüsusən milli dövlətçilik baxışları və fəaliyyəti ilə bağlı məsələlərin üstündən sükutla keçilmişdir. Ensiklopedik nəşrlərində Nəriman Nərimanovu milli təmayülçü kimi qiymətləndirərək unudulmaq cəhdləri əsaslandırılırdı.Müəllif bu monoqrafiyada Nəriman Nərimanova qarşı irəli sürülən ittihamlara kəsərli cavab olaraq onun ictimai-siyasi və dövlətçilik baxışlarını, vətənpərvərlik aspektlərini açmışdır. Əsər yazılarkən zəngin ədəbiyyat, mənbə və arxiv sənədlərinə istinad edilmişdir.
Müəllif Türkiyədə nəşr olunan, uzun illər Nərimanovşünaslar üçün əlçatmaz olan əsərlərə xüsusi diqqət yetirib.Müəllif N.Nərimanovun milli dövlətçilik baxışlarını və fəaliyyətini aydınlaşdırmaq, ümumiləşdirmək və sistemləşdirilmiş şəkildə elmi dövriyəyə daxil etmək məqsədinə nail olmuşdur. Kitabda ilk dəfə olaraq N.Nərimanovun dövlətçilik baxışları və fəaliyyəti sistemli, kompleks şəkildə tədqiq olunmuş və ümumiləşdirilmələr aparılmışdır. Milli dövlətçilik baxışları XX əsrin əvvəllərində türk xalqları içərisində geniş yayılmış milli təmayülçülük baxışları ilə sıx əlaqədə öyrənilmişdir. N.Nərimanovun Azərbaycandakı sovet quruculuğu proseslərinə fərqli baxışlarının mahiyyəti açılmışdır. Sovet sistemi və kommunist idelogiyasının qadağaları və təqibləri şəraitində N.Nərimanovun antiazərbaycan mövqeli siyasətçiləri vəzifələrindən uzaqlaşdırmağa nail olması, milli kadrların hazırlanmasında, milli - mənəvi dəyərlərin qorunmasında və milli düşüncəli ziyalıların sovet rejiminin cəza sistemindən və təqiblərindən xilas etməsində oynadığı müstəsna rol şərh edilmişdir. Sovet Rusiyası tərəfindən Bakının Azərbaycanın paytaxtı, Zaqatalanın Azərbaycanın ərazisi olaraq tanınması, Dağlıq Qarabağın və Naxçıvanın Azərbaycan ərazisi olaraq beynəlxalq sənədlərlə rəsmiləşdirilməsi N.Nərimanovun xidməti kimi aydınlaşdırılmışdır. Aydınlaşdırılmışdır ki, N.Nərimanov Sovet Rusiyasında, yaranmaqda olan SSRİ hökumətində Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı çıxan qüvvələrlə açıq-aydın mübarizə aparmışdır. Dağılmaqda olan Rusiyada milli məsələlər izah edilmişdir. SSRİ-nin türk xalqları arasında milli təmayülçülük məsələləri təhlil edilərək göstərilmişdir ki, N.Nərimanov bu hərəkatın banilərindən və aparıcı siyasətçilərindən olmuşdur. N.Nərimanovun yoxsulların, fəhlələrin və kəndlilərin güzəranını dərindən bilərək göstərdiyi fəaliyyəti, müəllimlik, jurnalistika, teatr təbliğatı, dram yazması və s. şərh edilir. Sovetləşmə ərəfəsində Azərbaycanda yaranmış vəziyyətin ümumi mənzərəsinə diqqət yetirilmiş, Azərbaycanda bolşevik çevrilişi ərəfəsində sosial, iqtisadi və siyasi vəziyyətin mürəkkəb olduğu konkret faktlarla göstərilmişdir.

N.Nərimanov Azərbaycan adət-ənənələrinin qoruyucusu, elm,təhsil və mədəniyyətin inkişafına daim diqqət və qayğı göstərən şəxs olmuşdur. Onun milli dövlətçilik baxışlarında Azərbaycan dilinə qayğı başlıca yer tutmuşdur.

Monoqrafiyadan görünür ki, N.Nərimanovun dövlətçilik siyasətində milli ziyalı amili xüsusi yer tutmuş, dini problemlərin həllinə xüsusi qayğı göstərmişdir. N.Nərimanovun fəaliyyətində türkçülük mövqeyi, Türkiyəyə dost və qardaş münasibəti xüsusi yer tutmuşdur. Eyni zamanda onun sovet dövlət quruculuğu proseslərinə fərqli baxışı da tədqiq edilmişdir.

N.Nərimanovun həyat məramı hər hansı bir partiyanın proqramından ibarət deyildi. Onun Azərbaycanda baş verən inqilabı proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləməsi və yerli xüsusiyyətləri həmişə nəzərə alması da Həsən Həsənovun əsərində araşdırılmışdır.

Nəhayət, bütün göstərilən müsbət cəhətlərə görə qeyd etməliyik ki, Həsən Əziz oğlu Həsənovun "Nəriman Nərimanov - milli təmayüllü kommunist" adlı monoqrafiyası nərimanovşünaslığa qiymətli hədiyyədir. Müəllifi bu dəyərli kitabı münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!

Şikar QASIMOV,
Azərbaycan Texniki Universitetinin Tarix kafedrasının müdiri,
tarix elmləri namizədi, dosent;

Müşfiq BORÇALI,
Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru.

“Şərqin səsi” qəzeti, N: 10 (160), İyun, 2005-ci il.
N: 3 (232) Fevral, 2010-cu il.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: