Ölüb sağ qalan insan... (Xatirələrində yaşayan Front Mustafayev)

Ölüb sağ qalan insan... (Xatirələrində yaşayan Front Mustafayev)Ölüb sağ qalan insan...

Ağac kökləri ilə, insan dostları ilə var olar, - deyirlər.

Ta uşaqlıq çağlarından üzü bəri əsl dostluğu tərənnüm edən çoxlu kitablar oxumuşuq, nəğmələr dinləmişik, bədii, sənədli filmlərə baxmışıq.
Dost yolunda sinəsini qabağa verib canından-başından keçməyə hazır olan igidlərin adınıqəhrəmanlıq dastanlarından eşitmişik:

Söylə görüm, Ərəb oğlu,
Canından küsdüyün varmı?!
Dost yolunda bu dünyada
Başından keçdiyin varmı?!


Və yaxud,

Dəmirçioğlu, axıtsalar qanımı,
Qoç iyidə qurban dedim canımı...


...Amma sizə nəql edəcəyim bu əhvalat nə dastanda baş verib, nə də nağılda...
Bu hadisə Səlyan rayonunda baş verib.
Üstündən 40 ildən bir az çox müddət ötsə də, eşidən-bilən indi də heyrət edir.
Necə deyərlər, 40 il az müddət deyil, bir igidin ömrüdür.
Haqqında bəhs etdiyim igidinsə bu əhvalat baş verəndəvur-tut otuz altı yaşı var idi.


***


...1978-ci ilin avqust ayı idi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsi tərəfindən SSRİ DİN-in İjevsk şəhərində yerləşən ikillik Zabitlər Məktəbinə göndərilən Front İsrafil oğlu Mustafayev yay tətilində vətənə gəlmişdi. Səlyan onun ikinci yurd yeri sayılırdı. O, 60-cı illərin əvvəllərində Qazax rayon hərbi komissarlığından bura hərbi xidmətə göndərilmişdi. Daxili qoşun hissəsində üçillik əsgəri müddəti başa çatdıqdan sonra könüllü olaraq müddətdən artıq həqiqi hərbi qulluğa başlamışdı. Elə o vaxtdanda Səlyanda özünə yaxşı dostlar qazanmışdı: Məhərrəm, Mahmud, Məzahim, Ədalət, Kazım, Zakir...


Bir müddət Səlyanın Xələc qəsəbəsində yerləşən 35/5 saylı islah əmək müəssisəsində kiçik komanda heyətində qulluq etmiş və birlikdə çalışdığı Məhərrəm kişinin evində yaşamışdı. Məhərrəm kişi yaşca Frontdan böyük idi. Aralarında yaş fərqinə baxmayaraq çox səmimi münasibətləri vardı. Front "Dədə” deyə xitab etdiyi Məhərrəmin xeyir-duasıyla 1965-ci ildə Səlyanda el arasında dəmirçi Cavad kimi tanınan Cavad Abdullayevin qızı ilə ailə həyatı qurmuşdu. Frontun ömür-gün yoldaşı Kəmilə xanım göz xəstəxanasında böyük tibb bacısı işləyirdi. Front da starşina rütbəsinəcən yüksəlmişdi. O zaman hərbidə, kiçik komanda heyətində, bu ən yüksək rütbə sayılırdı. O, isə zabit olmaq arzusu ilə yaşayırdı.

Bu niyyətlə hərbi mundirini milis mundiri ilə dəyişib Respublika Əlahiddə Yol Dvizionunun Səlyan postunda avtomobil müfəttişi vəzifəsində çalışmağa başlamışdı. Elə burdan da İjevsk şəhərinə zabitlər məktəbinə göndərilmişdi. Artıq ailədə üç oğul övladı böyüyürdü: Böyük oğlu Familin 12, ortancıl oğlu Faiqin 11, kiçik oğlu Farizin isə 3 yaşı vardı...

İgid yüz yaşar, fürsət bir düşər...

...Bəli, 1978-ci il qızmar avqust ayının sonuncu həftəsi Front tətilini başa vurub İjevsk şəhərinə yola düşməyə hazırlaşırdı. Avqustun 28-nə təyyarəyə bilet də almışdı. İki gün öncə o, doğma Qazax rayonuna gedib orda ötən il qırx dörd yaşında dünyasını dəyişmiş qardaşının il mərasimini verib Səlyana dönmüşdü. Avqustun iyirmi altısında xudmani bir məclis qurub dostlarını başına yığmışdı."İnşallah sabah yola düşürəm... Bakıda bir-iki dostla da görüşüb ordan aeroporta gedəcəm”-deyəndə, dostları yerbəyerdən ona: "Yaxşı yol!”, "Yolun pambıq olsun!”, "Sağ-salamat gedib-qayıdasan...” söyləmişdilər...

Beləcə hamısıyla görüşüb xudafizləşmişdi.

Ertəsi gün - yəni 27 avqustda dostu Ədalət İsmayılov onu şəxsən özü yola salmaq qərarına gəlir. Və bu niyyətlə Səlyandan Bakıya yola düşürlər. Xələcdən - əvvəllər çalışdığı islah əmək müəssəsinin yaxınlığından keçəndə Front deyir ki, Ədalət, vaxtımız var, maşını burada əylə, gedib Mahmudla görüşüb gəlim...

Ədalət deyir ki, ay Front, buna nə ehtiyac var axı? Dünən bir yerdə idik, hamıyla görüşüb sağollaşdın...

Front bir anlıq fikrə dalır, sonra deyir, dostum, dünyanın işini bilmək olmaz... Hər dəqiqənin bir hökmü var... Sən məni beş-on dəqiqə aşağıda gözlə, mən qalxıb Mahmudla görüşüb gələcəm...

***

O gün qəfil ölüm Frontu ahənrüba kimi sanki özünə çəkirdi...

...Bu da islah əmək müəssisəsinin rəisi vəzifəsində çalışan mayor Mahmud Cəbrayılovun kabineti... Rəis dustaqlara nəzarət edən iki zabitlə söhbət edirdi. Onu görcək, mehribancasına ayağa qalxıb görüşürlər və Mahmud əyləşmək üçün dostuna yer göstərir. Front burada işlədiyi müddətdə hamının xətir-hörmətini qazanmışdı. İslah əmək müəssisəsi adlanan həbsxanada işləyib Front kimi nüfuz sahibi olmaq hər kəsə nəsib olmayan bir səadət idi.

HAŞİYƏ:
Günlərin bir günü Frontun subay çağlarında anası Ayişə xanım pay-puşla Qazaxdan bura gəlirmiş. Sərnişin abtobusunda yanaşı oturduğu qadınla həmsöhbət olurlar. Qadın Aişə xanımın Xələcdəki həbsxanaya, oğluna baş çəkməyə getdiyini eşidəndə sevinir, deyir ki, mən də elə ora gedirəm. Orda yaxşı bir oğlan var, Allah ömrünü uzun eləsin, oğluma çox köməyi dəyib... Xələc həbsxanasına çatanda məlum olur ki, Ayişə xanımın yol yoldaşı olan xanım da Frontdan bəhs edirmiş və ona sovqat gətiribmiş...

***

...Mahmud Cəbrayılovun kabinetində oturduğu beşcə dəqiqə olmazdı heç... Köhə iş yoldaşları onun gəlişinə çox sevinirdilər... Amma bu sevincli anlar çox sürmür. Birdən qapı qəfil açılır. Hamısının yaxşı tanıdıqları Qaraxan adlı serjant əlində silah içəri girir və Mahmudu nişan alıb qəzəblə: "Səni vuracam...” deyir. Hamı mat-məəttəl bir-birinin üzünə baxır. Bu zaman Front ayağa qalxıb Qaraxanın qarşısında dayanır və ərklə ona: "Atmazsan” deyir. Lahıclı Qaraxan dəfələrlə onun qonağı olmuşdu, anası Ayişə xanımın bişirdiyi ləzzətli "Qazax xəngəli”ndən dadmışdı. Övladlarının kiçik toyunda canla-başla qulluq tutmuşdu. İndi isə...

Bayaq dostu Ədalətə "hər dəqiqənin bir hökmü var!” deyəndə görəsən nə düşünmüşdü Front?.. Dəqiqə belə hökm vermişdimi, yoxsa bu taleyin acı qismətiydi. Gözü qızmış Qaraxan hirsini cilovlaya bilməyib nişan aldığı "hədəfə” atəş açan anda Front sinəsini qabağa verir, güllə onun köksünə sancılır. Rəisin "günahına” silahla etiraz səsini "ucaldan” Qaraxanın ani olaraq əlləri yanına düşür, tutduğu işə kor-peman olur. Amma Frontun sinəsində qızılgül kimi açılan qanı görcək, heç nə gözünə görünmür, Gözlərini QAN tutmuş Qaraxan yenidən Mahmudu nişan alıb dalbadal atəş açır. Mahmud macal tapıb yazı masasının altında gizlənir, güllələr onun başının üstündən ötüb divara dəyir. Dördücü güllə Ağayev soyadlı zabiti qarın nahiyyəsindən yaralayır, beşinci güllə açılarkən içəri girən əsgər və zabitlər Qaraxanı tərkisilah edirlər.

O isti avqust günü Mahmudla Ədalət dostları Frontun buza dönən nəşi önündə diz çöküb acı göz yaşı tökürdülər.

...O gün ölümün də heyrətləndiyi gün idi.
...O gün Frontun ölüm xəbəri qəfil açılan güllə kimi bütün Səlyana, Bakıya yayıldı.
...O bəd xəbər qanadlı quş olub Frontun Kür çayı sahilində yerləşən ata yurdu Yuxarı Salahlı kəndinə uçdu.
...O gün Kür çayı Səlyanda da, Qazaxda da qəmli-qəmli axırdı.

***

Front dünyaya göz açanda SRRİ-də və dünyada milyonlarla ailəyə fəlakət gətirən alman faşizminə qarşı İkinci Cahan müharibəsinin ağır günləri idi. 1942-ci ilin qanlı-qadalı günündə dünyaya gələndə atası İsrafil cəbhədə döyüşən böyük əmisinin oğlu Xıdır Mustafayevə məktub yazır ki, oğlum olub, adını sən qoy! O da cavab məktubunda yazır: "mən frontdayam, adını hələlik Front qoyun, inşallah sağ-salamat qayıdaram,o zaman yaxşı bir ad qoyarıq... Lakin Xıdır müharibədən qayıtmır, gözləri əmisi oğlunun həsrəti ilə yollarda qalan İsrafil də oğlunun adını dəyişmir.

Frontun boya–başa çatdığı Yuxarı Salahlı kəndində həm Rusiya İmperiyası zamanı, həm də Azərbaycan Xalq Cumhuriyyəti dövründə adlı-sanlı generalların, dövlət xadimlərininyurdu olmuşdu. Atasından, eləcə də kənd ağsaqqallarından general İbrahim ağa Vəkilov, polkovnik Osman ağa Gülməmmədov, Aşağı Salahlıdan olan general-leytenant Əliağa Şıxlinski, Cavad bəy və Rüstəm bəy Şıxlinskilər və başqa yüksək rütbəli zabitlər haqqında maraqlı söhbətlər eşitmişdi. Bəlkə də elə onun qəlbində zabit olmaq istəyi həmin vaxtlardan baş qaldırmışdı?!

Mərd olan düşər zəhmətə...

Frontun Səlyanda yaşayan qaynı oğlu Mehmanın dediyinə görə Azərbaycan aşıq sənətinin azmanı, Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandarla onu qohumluq telləri bağlayırdı. "Səhv etmirəmsə, onlar əminəvəsi sayılırdılar...” Biz bu faktı Frontun Bakıda yaşayan doğmaları ilə görüşəndə dəqiqləşdirdik. Sən demə, Aşıq Kamandarın həyat yoldaşı Pəri xanım Frontun əmisi qızı imiş...

Aşıq Kamandar Borçalıdan Bakıya gəlib-gedəndə yolüstü Qazaxdakı qohumlarına - İsrafil kişiyə baş çəkərdi. Front gənclik illərində çəkdirdiyi şəkillərdə özündən on yaş böyük olan Aşıq Kamandara çox oxşayır.

Onu əvvəllər hərbi, sonra milis mundirində görən dostları isə daha çox "Mixayloya” – yəni "Uzaq sahillərdə” filimində bu rolun ifaçısı Nodar Şaşıqoğluya bənzədirdilər. Front starşina olsa da özünə sıravı, sadə adamlardan tutmuş, general rütbəsinəcən çoxlu dostlar qazanmışdı. O da bütün həmyerliləri kimi, sazın-sözün vurğunuydu.

...Gənc yaşlarında Aşıq Kamandarın söylədiyi ustadnamənin bir bəndi Frontun yaddaşına əbədi həkk olunub, ruhuna hopmuşdu:

Mərd olan düşər zəhmətə,
Namərd yetişməz ziynətə,
Çörək itirən müxənnətə,
Haqq özü "qənim" olaydı!

Aşıq Kamandarın səsinin sehri, sinəsindəki sazı, dilindəki öyüd-nəsihətiFront üçün mərdlik, dürüstlük, təmannasız dostluq məktəbi olmuşdu...

...Mərdliyi, igidliyiilə qəlblərdə əsl DOSTLUQ HEYKƏLİ ucaltmışdı Front. İlk dəfə bu əhvalatı eşidəndə bir daha əmin oldum ki, insan oğlu təkcə müharibədə - döyüş meydanlarında qəhrəmanlıq etmir...

Front kimi dostluğa sədaqətli olanlara, dostyolunda canından keçənlərə bəlkə doğrudan da heykəl qoymaq gərəkdir. Və nədənsə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Adil Babayevin xalqımızın tükənmız söz xəzinəsindən qaynaqlanan bir şeirini xatırladım:

İnsan gəlir dünyaya, yaşayır,
bir gün dünyadan köçür,
Sağ ikən ölən də var,
ölüb sağ qalan da var...


ÖLÜM ömrün sonu deyil...

Ölümü ilə müqəddəsləşən insanlar yenidən doğulurlar.

Nitşe "Zərdüş belə söyləmiş” əsərində yazırdı ki, İnsanda böyük və seviləsi olan şey onun körpü və keçid olmasıdır. Front ölümünü yaşamağa və yaşatmağa keçid eləmişdi. O, yaddaşlarda əsl dost obrazı qoyub getmişdi.

Bəs görəsən həyatı bahasına xilas etdiyi Mahmud Cəbrayılov həmin gün və sonra hansı hisslər keçirmişdi?

Rza Cəbrayılov (Frontun dostu Mahmud Cəbrayılovun oğlu):

- Atam Mahmud Cəbrayılov ötən ilin - 2017-ci ilin 17 noyabrında dünyasını dəyişdi. O bədbəxt hadisə baş verəndə mənim iki yaşım olub. Səlyanda da, Dayıkənddə də hamı bilirdi ki, atamın həyatda sağ qalmasının, yəni ötən əsrin 78-ci ilindən bu əsrin 17-ci ilinin son aylarınacan yaşamasının sabəbkarı Front əmidir... Atam pod-polkovnik rütbəsində təqaüdə çıxdı. Vəzifədə olduğu müddətdə başının üstündən divara sançılan qoşa güllənin yerini təmir elətdirmədi. Sağlığında o gün olmurdu ki, atam həmin hadisəni xatırlayıb kövrəlməsin. Nə deyim, Allah Front əminin övladlarının canını sağ-salamat, adlarını uca eləsin!

Fəxrəddin Axundov (təqaüddə olan polis polkovnik-leytenantı): -O acı xəbəri eşidəndə bir anlığa yerimdə donub qaldım. Elə bil yuxu görürdüm. Mənim daxili işlər orqanlarında zabit olmağa həvəsləndirən Front olmuşdu. Atam milis olmağıma razı deyildi. Front dedi kişini yola gətirmək mənim boynuma... Atam Nağı Axundov öz dövrünün tanınmış dövlət adamlarından biri idi, partiya-sovet orqanlarında müxtəlif vəzifələrdə çalışmışdı. Azərbaycan KP Salyan Rayon Komitəsinin ikinci katibi, Salyan RİK-nin sədri, Bərdə və Puşkin (indiki Biləsuvar) PK-nin birinci katibi, Tovuzda RİK-in sədri işləmişdi. 1965-1970-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Onu da deyim ki, atam Tovuzda işləyəndə Front əmim Məzahimlə birlikdə ona baş çəkməyə getmişdi.
...O hadisə baş verəndə mən Səlyan rayon milis şobəsində siyasi işlər üzrə rəis müavini vəzifəsində çalışırdım. Hadisəni mənə növbətçi telefonla xəbər verəndə çaşıb qaldım. Axı o, həmin gün Bakıya, ordan da İjevsk şəhərinə - zabirlər məktəbində təhsilini davam etdirməyə yollanacaqdı...
Dərhal hadisə yerinə yollandım. Artıq qeyri-ixtiyarı, istəmədənFrontun qatili olan şəxs də həbsə alınmışdı. Biz dostları isə boynumuzu büküb, yana-yana göz yaşları axıtmaqdan, kövrək duyğular içərisində dərindən köks ötürməkdən savayı əlac tapmırdıq. Frontsuz qalmağımız artıq hamımıza bəlli idi...
...Məhkəmədə özünə ölüm arzulayan Qaraxan "mən Frontu vurmaq istəmirdim, bircə anası Ayişə xanım bura gələməsin, mən onun gözlərinə necə baxaram?”-demişdi.

Haşiyə:
Fəxrəddin müəllim çox maraqlı həmsöhbətdir, həm də çox sadə və təvazökar adamdır. Deyir, ADU-da (indiki BDU) oxuyanda tələbə yoldaşım Hamlet İsaxanlı (hazırda fizika-riyaziyyat elmləri doktoru, professor, şair- publisist, tərcüməçi – N.Ə),deyərdi ki, sən heç raykom oğluna oxşamırsan! Fəxrəddin Axundov bir müddət Səlyan rayon partiya komitəsində çalışıb. Dostu Frontun təkidi ilə 1977-ci ildən ta təqaüdə çıxana kimi hüquq mühafizə orqanlarında çalışıb. Fəxrəddinin və eləcə də başqalarının Front barədə söhbətlərinə qulaq asanda düşünürsən ki, 36 il yaşasa də, sanki o, iki İNSAN ömrü sürmüşdür...

Dostu qazanmaq asan olur, amma...

Bəli, əsrlərin, qərinələrin sınağından çıxan söz imiş, dostu qazanmaq asan, fəqət qorumaq çətin olurmuş. Yuxarıda qeyd etdiyimiz kimi, Məhərrəm kişi Frontun Səlyanda iş yoldaşı kimi tanış olduğu və yaş fərqinə baxmayaraq dostluq etdiyi ilk şəxs olub. Amma onu əsasən Mahmud Cəbrayılov, Məzahim Axundov, Ədalət İsmayılov və əslən Masallıdan olan Kazım Kazımovla çox möhkəm dostluq telləri bağlayırdı. Kazımla Front həm də iş ortağı idi. 70-ci illərdə Frontun dostları sırasına Məzahimin qardaşı oğlu Fəxrəddin Axundov, daha sonra Səlyan rayon Milis Şöbəsində DAM-ın baş müfəttişi vəzifəsində çalışan Zakir Qədimov qatılıb...

Amma Frontun vaxtsız ölümü təkcə başsız qoyub getdiyi ailəsini, qardaşlarını, dostlarını, iş yoldaşlarını deyil, Səlyanda ən azı onun bircə dəfə salam verib, salam aldığı adamları da sızım-sızım sızladırdı.

Təbii ki, bizim hamımızın dost – tanışlarından ömrününgənc yaşlarında rəhmətə gedəni olub. Əzizlərdən-doğmalardan qocalı-cavanlı itgilərimiz var. Ancaq o itgilərin eləsivar ki, bizim yaddaşımızın qapısını hər gün döyür, eləsi də var ki, ancaq məqamı düşəndə, adı çəkiləndə yada düşür... Frontun itgisi onun sağ qalan dostlarını bu gün dəodsuz-alovsuz yandırır.

Haşiyə:
Hadisə baş verən vaxtdan az sonra iş ortağı Kazım Kazımov deyərmiş ki, bura hər gün mənə Frontun yoxluğunu xatırladır. Ona görə Səlyan postundan yerini Göycaya dəyişməyə məcbur olub. Səlyanda olarkən, öyrəndim ki,Frontun dostlarının çoxu dünyasını dəyişib. Frontun yaxın dostlarından ixtisasca diş həkimi olan Ədalət İsmayılov hadisə baş verən gündən ta dünyasını dəyişən günəcənruhi - mənəvi müvazinətini itirmiş, qapalı həyət tərzi keçirmişdi...

Məzahim Axundov (kövrəlir): Şair demişkən, ömrümüzün o vədələri bizim dost itirən vaxtımız deyildi. Frontun qəlbi o qədər işıqlı idi ki, hər gəlişi, sözü-söhbəti bizim könlümüzə nur çiləyərdi... Mənim aləmimdə o, ən sədaqətli dost və etibarlı yoldaş, işini sevən insan idi.İllər ötsə dəhəmişə yeri görünür... Dost itkisi, dost yoxluğu alın yazımız imiş... O, cismən bizi tərk etsə də, mənən həmişə bizimlədir! Front Mustafayev doğrudan da, qibtə ediləsi, yaxşı mənada həsədə layiq dost idi. Onun qəlbinin böyüklüyü özünün sadəliyində qərar tutmuşdu. Avtomobil müfəttişi işləyəndə sürücülərlə qayğıkeş tərbiyəçi-müəllim kimi rəftar edərdi. Yol hərəkəti qaydalarını ilk dəfə pozan sürücülərə güzəşt edəndə belə onlara elə ibrət dərsi verərdi ki, bir də qanunu pazmazdılar... Dostlarının hər bir uğuruna uşaq kimi sevinərdi.O vaxt Front ailə qurub təzə evinə köçəndəəvvəllər işlətdiyi ev telefonunun nömrəsini mənə hədiyyə etmişdi. Ondan mənə yadigar qalan o telefon nömrəsi, bir də Tovuzda rayon İcraiyyə Komitəsinin sədri işləyən qardaşımı ziyarət edən gün çəkdirdiyimiz şəkil oldu... Allaha çox şükür ki, övladları atalarının adına layiq hörmət-izzət sahibi olmuş, cəmiyyətdə layiqli yer tutmuşlar. Mən Frontun övladlarını həmişə görəndə qeyi-ixtiyarı ağlayıram...

Fəxrəddin Axundov: - Düz 25 il milis, sonra polis rəisinin müavini olmuşam. İndi təqaüddəyəm. Buna görə Fronta borcluyam. Biz onu Səlyanda torpağa tapşırmaq istəyirdik. Qardaşları razı olmadı... O vaxt Səlyan Rayon partiya komitəsinin birinci katibi, Sosialist Əməyi Qəhrəmanı Nadir Abbasov idi. Dərhal dəfn komissiyası təşkil etdi. Frontun nəşini və dəfnində iştirak etmək üçün bütün dost-tanışlarını Qazaxa aparmaq üçün maşınlar ayırdı. Maşın karvanını DAM əməkdaşları müşaiyət edirdi.

...Yuxarı Salahlı qəbiristanlığına Xalq şairi Saməd Vurğunun ev-muzeyinin yaxınlığından ötüb keçdik. Muzey o vaxt S.Vurğunun anadan olmasının 70 illiyi ilə əlaqədar iki il olardı ki, açılmışdı. Mən Yuxarı Salahlı kəndində görkəmli adamların dünyaya göz açdıqlarını yaxşı bilirdim. Onlardan biri də Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov idi...

Frontun dəfn mərasiminə Bakıdan - DİN və DAM sistemində yüksək vəzifəlinüfuzlu simalar gəlmişdi.

Frontun baş daşına yazılmış epitafiya:

Nə tez soldu ilk baharım,
Xəzan əsdi soldu barım.
Nə dövrana etibarım,
Nə insana inamım var.


Allah Frontla bahəm Yuxarı Salahlı qəbiristanlığında uyuyanların hamısına rəhmət eləsin!

Övladlarına pasiban ruh

İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) buyururdu ki, əməllər niyyətlərə görə dəyər qazanar. Frontun əməli də Allah dərgahında savab qazanmışdı.

Ulu Tanrı nəzər-diqqətini dost yolunda ürəyini gülləyə hədəf edən Frontun övladlarının üzərindən əskik eləmədi...

Bu dünyada əmanət qoyub getdiyi 3 oğul övladı mərd atanın adına layiq böyüyüb boya-başa çatdmışdı.

Frontun üç ciyərparəsinin hamısının adının baş hərfi öz adı kimi "F” hərifi ilə başlayır: Famil, Faiq və Fariz... Sanki ataları öz xayirxahlığından, çalışqanlığından, sadəliyindən, mətanətindən və cəfakeşliyindən onlara pay verib...

Famil Mustafayev - Səlyanda orta məktəbdə təhsilini əla qiymətlərlə başa vurandan sonra Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil allıb və universiteti fərqlənmə diplomu ilə bitirmişdi. Ancaq bu, onun aldığı ilk və son ali təhsil deyil. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsilini də Famil fərqlənmə diplomu ilə başa vurmağa nail olmuşdu.

Frontun dostları onun hər uğuruna sevinirdilər. Səlyanın qədim Şilli məhəlləsində Familin toy məclisi qurulanda təkcə anası deyil, atası Frontun dostları da kövrəlmişdi. Axı bütün atalar kimi o da oğullarının xoş gününü görməyin həsrəti ilə yaşayırdı. Ölüm aman versəydi, dostlarının uğuruna sevindiyi kimi, onalrın da hər birinin uğuruna sevinib fərəhlənəcəkdi...

Famil Mustafayev indi iqtisad elmlər doktoru, professordur (21.06.2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədridir - M.B.). Çalışdığı bir çox mühümsahələrdə ona etibar olunan bütün məsulvəzifələrin öhtəsindən layiqincə gəlir.

Frontun ortancıl oğlu Faiq Mustafayev Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirəndən sonra Qazaxstan Respublikasının Alma-ata şəhərində Ali Ümumqoşun Hərbi Məktəbində təhsil alıb. Hərbi sahədə müxtəlif vəzifələrdə çalışıb. Hazırda polkovnikdir, Dövlət Miqrasiya Xidmətinin Regional Miqrasiya İdarəsinin rəisi vəsifəsini icra edir.

Fariz Mustafayev Azərbaycan Texniki Universiteti bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ümumi işlər üzrə prorektordur (22.08.2022-ci ildən Azərbaycan Texniki Universitetinin Ümumi işlər üzrə prorektorudur - M.B.).
Fariz həm də polkovnik-leytenantdır.

Faiq də, Fariz də atalarının yarımçıq qalmış arzusunu gerçəkləşdiriblər. Allahın lütfü ilə Frontun arzuları da ömrü də yarımçıq qalmadı...

***

Son söz yerinə:

Front 40 il öncə qəlbən heç vaxt ayrılmadığı doğma torpağına - Yuxarı Salahlı kəndinə "döndü”. Əbədiyyət yolçusu indi Yuxarı Salahlı qəbiristanlığında atası İsrafil kişinin, anası Ayişə xanımın yanında uyuyur. Bununla da Front doğulub boya-başa çatdığı Qazax torpağına da, valideynlərinə də övladlıq borcunu qaytarmış oldu.

Tanınmış publisist Feyzi Mustafayev dostu Əli Kərimə həsr etdiyi "Dinmə, ey kədər” kitabında yazırdı ki, "Dost odur ki, sən öləndən sonra da səni yaşadır. Dost odur, ölümündən sonra da sənin üçün yaşayır...”

Əsil dost kimdir? Əli Kərimin təbirincə desək, onu tapmaq yeni planet kəşf etməkdən asan deyil...

Bəli, yaddaşlarda əsl dost obrazı qoyub bu dünyadan 36 yaşında köçən Frontun qısa ömür sürdüyünə adam təəssüf edir, amma eyni zamanda onda təsəlli tapır ki, Front Mustafayevin soyadını daşıyan gözəl oğul övladları, onu ömürlərinin son anınadək unutmayan dostları var...

...Familin, Faiqin, Farizin əməllərində, nəvələrinin və nəticələrinin təbəssümündə, dostlarının xatirələrində yaşayır Front Mustafayev...

...Yaşayır və ölməz ruhu ilə övladlarına pasibanlıq edir!


Nurəddin ƏDİLOĞLU,
yazıçı-publisist.

Bakı-Səlyan–Bakı.
7-17 oktyabr 2018-ci il


"Ədalət", 04.04.2019-cu il

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
El ağsaqqalı PAŞA MƏMMƏDOV

El ağsaqqalı PAŞA MƏMMƏDOV

Başkeçid
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
Səmimi və təvazökar insan - ADİL ÖMƏROV

Səmimi və təvazökar insan - ADİL ÖMƏROV

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
DARVAZLI ŞƏHİD Ədalət Cahangir oğlu Əlləzov (1965-1992)

DARVAZLI ŞƏHİD Ədalət Cahangir oğlu Əlləzov (1965-1992)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Mahmud Xasiyev Başkeçidli (1960-1992)

Şəhid Mahmud Xasiyev Başkeçidli (1960-1992)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
HƏMİŞƏ VİCDANININ SƏSİNƏ QULAQ ASAN ZİYALI - KAZIM MUSAYEV  (1941)

HƏMİŞƏ VİCDANININ SƏSİNƏ QULAQ ASAN ZİYALI - KAZIM MUSAYEV (1941)

Başkeçid
HƏMİŞƏ QƏLBLƏRDƏ YAŞAYAN İNSAN - TELMAN TANRIVERDİYEV

HƏMİŞƏ QƏLBLƏRDƏ YAŞAYAN İNSAN - TELMAN TANRIVERDİYEV

Qarabağ, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
Mahmud Qurbanov (1956)

Mahmud Qurbanov (1956)

Başkeçid
Şəhid Yusif Budaqov haqqında ballada

Şəhid Yusif Budaqov haqqında ballada

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
ŞAMXƏLİL MƏMMƏDOV  (1965-2021)

ŞAMXƏLİL MƏMMƏDOV (1965-2021)

Başkeçid
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

Regionlar, Məktəblər, UNUTSAQ, UNUDULARIQ!....
Polkovnik NAZİM QASIMOV (1952)

Polkovnik NAZİM QASIMOV (1952)

"XXI əsrin Ziyalıları"
Milli Qəhrəmanımız ELDAR AĞAYEV

Milli Qəhrəmanımız ELDAR AĞAYEV

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Tiflis, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
General AYVAZ QARA OĞLU İSMAYILOV  (1927-2000)

General AYVAZ QARA OĞLU İSMAYILOV (1927-2000)

Başkeçid, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

UNUTSAQ, UNUDULARIQ!....
Ramin Musayev (1963)

Ramin Musayev (1963)

Bolus, İdman
Rəy yazın: