İNCƏ DUYĞULAR ŞAİRİ - GÜLSƏFA AYVAZOVA

İNCƏ DUYĞULAR ŞAİRİ - GÜLSƏFA AYVAZOVA TƏBRİK EDİRİK!..

Gülsəfa Alı qızı Ayvazova - 1961-ci il dekabrın 22-də
qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının
Marneuli rayonundakı Mollaoğlu kəndində dünyaya gəlib.

1976-cı ildə həmin kənddəki orta məktəbi bitirib.

Ali təhsilli tanınmış və təcrübəli pedaqoqdur.
1985-ci ildə Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və Ədəbiyyatı fakültəsini bitirib.
Sonra M.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində
təkmilləşmə kursu keçib, ikinci coğrafiya müəllimi
ixtisasına yiyələnib.

Uzun müddət doğma məktəbində müəllim
məktəb direktoru vəzifələrində işləyib.

Hazırda "Şərqin səsi" qəzetinin bölgə müxbiridir.

Ailəlidir. 4 övladı – 1 oğlu, 3 qızı və 11 nəvəsi var.

Gülsəfa müəllimə həm də istedadlı şairə kimi tanınır.
Şeirləri "SAZLI-SÖZLÜ BORÇALI" Ədəbi məcmuəsində (2019),
“ZİRVƏ” Poeziya antologiyasında (2019, I cild 4-cü nəşr),
ZiM.Az, Zirve.info, Vetenim.infoBorcali.org saytlarında,
“Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərində, eləcə də,
bir sıra digər müxtəlif mətbuat orqanlarında dərc olunub.

İndiyədək “Bir ömür yaşadım” (2018)"Ömrün zirvəsi" (2019) adlı
şeirlər kitablarının müəllifi olan Gülsəfa xanımın Ayvazovanın bu günlərdə
"Borçalı" nəşriyyatı tərəfindən "Həmişə sevgidən yazacağam mən" adlı
yeni və saica üçüncü şeirlər kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.

Hazırda "Borçalı" nəşriyyatında şairənin dördüncü kitabı çapa hazırlanır.

Müdriklər deyiblər ki, Şairlik saf qəlbin güzgüsü, aynasıdır.
O qəlbin ki, onda mərhəmət, ədalət, kövrəklik, məhəbbət yuva salıb.
O ürəyin könül quşu, ürəklərə qonur, bülbül axtardığı gülün budağında fəğan edir,
saf eşqin sərrafına çevrilir. Bu mərhəmətli qəlb həmişə axtarışda, görmək istədiyi dünyanı
qəlb dolusu poetik misralarda səsləndirən şairə Gülsəfa Ayvazovanın könül zirvəsinə gedən yola
güzgü tutur.

Bu qəlb ki, onu tanıyanların hamısına tanışdır:


Bilir ellər saf arzumu,
Mən xoş niyyət şairiyəm.
Ürəyi saf sevgi dolu
Mən ülviyyət şairiyəm.

Puç olmasın mərd niyyəti,
Heç gülməsin bəd niyyəti.
Bayraq etdim ülviyyəti,
Mən sədaqət şairiyəm.

Leyli nisgilli, Əsli atəşli Gülsəfa xanımın şeirləri nisgilli qəlbin acısının, həsrətin təlatümləri, fırtınasıdır. O, döyünən qəlbinin təlatümlü dalğasının hissini, həyacanını ara vermədən könüllərə köçürür. Təmiz qəlblə yazır, ürəyi istədiyi kimi yazır. Onun sevgisi safdır, bəhanəsizdir. Bəzən qafiyə gözləmədən belə ürək səsini, könül çırpıntılarını oxucuya çatdıra bilir. Nə çatdırırsa ürəkdən çatdırmaq istəyir. Kindən, küdurətdən uzaq ürək səmimidir, riyakarlıqdan uzaqdır.

Yenə yanan qəlbim dolub hardasan?
Yar həsrətdən oda yanır hardasan?
Qərarlaşıb sənlə peyman bağladıq,
Əhdimiz də oda yanır, hardasan? -

kimi saf etiraflar onun şeir dünyasını daha da gözəlləşdirir.

Bir günəş olaydım azad elimdə,
Bir qılınc olaydım mərdin əlində
Bir haqq söz olaydım insan dilində,
İftira, böhtandan uzaq olaydım.

- misraları bu qəlbə sanki bir ayna - güzgü tutur.

İNCƏ DUYĞULAR ŞAİRİ - GÜLSƏFA AYVAZOVA Sərraf süzgəclərdən keçdikcə, yazdıqlarına həmişə qayıdıb yenidən nəzər saldıqca Gülsəfa xanım Ayvazovanın ürək sözlərinin - şeirlərinin daha da seviləcəyinə inanırıq.
Elə buna görə də, biz də fürsətdən istifadə edərək hörmətli qələm dostumuz Gülsəfa xanım Ayvazovanı həm qarşıdan gələn doğum günü münasibətilə,
həm də "Həmişə sevgidən yazacağam mən" adlı
üçüncü şeirlər kitabının nəfis şəkildə işıqüzü görməsi
münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şəxsi həyatında, əmək və
ictimai fəaliyyətində, eləcə də, yaradıcılıq işlərində
yeni-yeni uğurlar arzulayırıq!..
Və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza ərmağan edirik!..


Müşfiq BORÇALI,
ZiM.Az



AZƏRBAYCANIM

Həyatım dünyada sənə bağlıdı,
Baba-ata yurdum Azərbaycanım.
Sən mənə anasan, mən sənə övlad,
İstəkli canımsan Azərbaycanım.


LƏLVƏR

Hüsnünü, boyunu oxşayım, öyüm,
Qüdrətdən çəkilib naxışın Ləlvər.
Gözəldir səfalı, güllü yaylağın,
Tufanın, boranın, yağışın Ləlvər.

Qoynunda gözəldir hər an, hər fəsil,
Könlümü oxşayır hər çiçək, hər gül.
Qürətdən yazılan əzəmətdi bil,
Sərdar tək baxışın, duruşun Ləlvər.


BUDA SEVGİNİN DADI

Şübhələr içində yaşamaqdan bezdim,
Yaşımdan utandım, canımdan bezdim.
Qürurumu taptaladım özümü əzdim,
Bumu sevgimin dadı,
Dəli sevgimin doğru cavabı.


BORÇALI QIZIYAM

Göydən gələn mələyəm,
Xoş arzu, xoş diləyəm.
Ay ellər mən beləyəm,
Məhəbbət ulduzuyam,
Mən Borçalı qızıyam.

Qəlbi düzgünəm, safam,
Dostlarıma var vəfam.
Mən arifəm, sərrafam,
Eşqin telli sazıyam,
Mən Borçalı qızıyam.

İlahi yaraşığam,
Düz qəlbə sarmaşığam.
Nurlu yolda işığam,
Gözəllərin nazıyam,
Mən Borçalı qızıyam.

Gözəliyəm elimin,
Qüdrətiyəm sevgimin.
Gülsəfayam hər günün,
Baharıyam, yazıyam,
Mən Borçalı qızıyam.


MÜŞFİQ BORÇALIYA

Dünyaya gətirdi onu bir ana,
Özü bir aləmdi, dünyadı Müşfiq.
Biz də Şükr edirik o yaradana,
Gözəl bir ziyalı insandı Müşfiq.

Daima çalışır, heç dincəlmədən,
Bir ömür yaşayır, qorxu bilmədən.
Adamı tanıyır iki kəlmədən,
Ömürlük saf adı qazandı Müşfiq.

Hər zaman ayırıb ağı-qaradan,
Ona qüdrət verib uca yaradan.
Mayası halaldı başdan-binadan
Vətənin özündə vətəndi Müşfiq.

Tanınmış alimdi, həm də, jurnalist,
Yazıçı, filosof, nasir-publisist.
Əməldə salehdi, işində dürüst,
Hər kəsə arxadı, dayaqdı Müşfiq,

Ona öz dostları dahi dedilər,
Odur insanlığın Şahı dedilər.
Namərdlər dalıyca qiybət etdilər,
Düşmənin qəlbini qazandı Müşfiq.

Doğruya, düzlüyə edibdir vərdiş,
Amalı, məramı, məqsədi düz iş,
Qurtara bilməyir əlindən xəbis,
Hər zaman, hər yerdə doğrudu Müşfiq.

Çəkir əzabları dosta demədən,
Elimli, zəkalı insandı Müşfiq,
Ağılda ümmandı, dəryadı Müşfiq.
Vətənin özündə vətəndi Müşfiq.

Özü, öz elinin bir əsgəridir,
Doğma el-obası dərdi-səridir.
Ulu Borçalımızın qürur yeridir,
Vətənin önündə vətəndi Müşfiq
Düşmənə dağları çəkəndi Müşfiq.
Düşmənin qəbrini qazandı Müşfiq!..
16.09.2019


A MÜŞFİQ
(Müşfiq Borçalıya)


Ölkələrə səs salıbdı sorağın,
Halal olsun qeyrətinə, a Müşfiq.
İgidisən sən elimin, obamın
Halal olsun qeyrətinə, a Müşfiq.

Sən alınmaz qala oldun, bürc oldun,
Zəhmətinlə sən zirvəyə ucaldın.
Mədədoğlu soyadından güc aldın,
Halal olsun qeyrətinə, a Müşfiq.

Şəfalı əl sığal çəkdi telinə,
Çətinlikdə dayaq oldun elinə.
Haram tikə götürmədin əlinə,
Halal olsun qeyrətinə, a Müşfiq.

Saf suların saflığında duruldun,
Məsləkindən nə usandın, yoruldun.
Qələminlə zirvələrə yol aldın,
Halal olsun qeyrətinə, a Müşfiq.

Qələm durmur istər elə hey yaza,
Gördüyünü düz anlaya, düz yaza.
Bu ömürü sən yarınla yüz yaşa
Halal olsun qeyrətinə, a Müşfiq.

Bağban oldun öz bağçanda, bağında,
Sən ömrünün xoşbəxt, gözəl çağında.
Nəvələrin oynasın sol, sağında,
Halal olsun qeyrətinə, a Müşfiq.

Söz sərrafı sözü seçər, söz deyər,
Gülsəfatək açıq-aşkar, düz deyər.
Əlli azdır qismət olsun yüz deyər,
Halal olsun qeyrətinə, a Müşfiq.

P.S.:
Əziz və hörmətli Müşfiq müəllim!..
Ağır Borçalı elinin dəyərli oğlu!
Sizə öz dərin minnatdarlığımı bildirirəm, elimizə, elimizin ağsaq­qa­llarına, ağbir­çəklərinə, ziyalılarına,
ümumiyyətlə, hər kəsə olan qay­ğınız, diqqətiniz əvəz olunmazdır...
Bütün Borçalılılar adından sizə uğurlar və can sağlığı arzu­la­yı­ram...
Sizin haqqınızda nə qədər yazıb-yaratsaq da, azdır, biz Bor­ça­lı ziyalıları yenə də sizin xeyirxah,
insanpərvər xidmətlə­rinizi ye­tə­rincə qiymətləndirə bilmərik...
Həmişə səsiniz yüksəklikdən gəlsin, vətənimin dəyərli oрlu...
Hörmət və ehtiramla, Gulsafa Ayvazova, Borçalı.


ZEMFİRA

Danışanda şirin-şirin söhbətin,
Ruh gətirir xəstə cana, Zemfira.
Yayılıb aləmə şanın-şöhrətin,
Soraq çatıb Gürcüstana Zemfira.

Yerişində çaylar kimi axırsan,
Çəkilibdir ilahidən naxışın.
İşvəli, qəmzəli xumar baxışın,
Qəsd eyləyir neçə cana Zemfira.

Şirin-şəkər sözlərindən süzülər,
Yetişmiş meyvətək tağdan üzülər.
Ləli-mərcan, dürdanətək düzülər,
Ucalıbsan asimana Zemfira.

Səni görən eşq oduna yanıbdı,
Öz meylini səhralara salıbdır.
Neçə canlar həsrətində qalıbdır,
Arif olan gərək qana Zemfira.

Gülsəfa söylədi sözün düzünü,
Görənlər cənnətlikdi gözəl üzünü.
Unutmaq olarmı şirin sözünü,
Sən şamsan, mən pərvanə Zemfira.
09.03.2019


AY AYGÜN QIZIM

Aldın sən müqəddəs adı, nə yaxşı,
Mərhaba! Xoş gəldin, ay Aygün qızım.
Analar şahının daim duası,
Üstündə dolansın, ay Aygün qızım.

Gəlişin bir dünya bəxş etdi bizə,
Sanki günəş doğdu pəncərəmizə.
Güllərin çiçəyi, ətrisən təzə,
Bağçama səpildin, ay Aygün qızım.

Anaya bacısan, ataya ana,
Qardaş ürəyinə, çox incə məna.
Ocağıma mələk nəfəsli sona,
Günəşdən don geydin, ay Aygün qızım.

Payızda göz açdın, al günəş kimi,
Nəğməli səhərdə, sən gülüş kimi.
Ruha fərəh verən xoş görüş kimi,
Çiçəklərə döndün, ay Aygün qızım.

Oğul ürəyimdi, sən isə gözüm,
Oğul dayağımdı, sən şirin sözüm.
Keçdiyin yollara gül-çiçək düzüm,
Bizə həmdəm oldun, ay Aygün qızım.

Arzumdur taleyi bütün qızların,
Səninlə birlikdə bəxtəvər olsun.
İsmət, şərafətdə Zəhraya bənzər,
Bəxtdə Fatmeyi xoş xəbər olsun.

Dünyada bəxtəvər günlər görəsən,
Ana-nənəlik də qismətin olsun.
Tanrıya baş əymək borcdur insana,
Qəlbində imanın, şərəfin olsun.

Hər gün, hər anını rəbbinin yaşa,
Ömür baharın dönməsin qışa.
Yetir təravətlə, fərəhlə başa,
Keçən ömür-günün şərəfin olsun
Gələn gün muradın ay Aygün qızım.
21.02.2019


***

ZƏHMƏTLƏ BAĞ SALIB BAĞBAN OLMUŞAM,
KİMSƏNİN BAĞINDAN GÜLÜ DƏRMƏDİM.
HALAL ZƏHMƏTİMLƏ GƏZİB DOLANDIM,
ƏL AÇIB KİMSƏDƏN VAR İSTƏMƏDİM...

QİSMƏTİM ÜZÜMƏ GÜLMƏDİ MƏNİM,
TALEİM ÖMRÜMƏ KƏSİLDİ QƏNİM...
NƏ BƏDBƏXT OLMADIM NƏ DƏ Kİ, XOŞBƏXT,
GƏNCLİYİ HAVAYA SOVURDU QİSMƏT...

ÖMRÜN SON BAHARI, GƏLDİ ÖMRÜMƏ,
CAN VERDİ,YENİDƏN SOLAN ÖMRÜMƏ.
TALEYİM QİSMƏTİM BELƏ GƏTİRDİ,
TANRI VERƏN PAYIMI, BƏNDƏ GÖTÜRDÜ...

BELƏCƏ YETİRDİM MƏN ÖMRÜ SONA,
BƏNZƏYİR HƏYATIM BÖYÜK DASTANA.
İLAHİ KİMSƏNİ MÖHTAC ETMƏSİN,
YAXINA UZAĞA NƏ DƏ DOSTUNA...

GÜLSƏFA QİSMƏTDƏN KÜSÜB-İNCİMƏZ,
ÖZGƏ QİSMƏTİNƏ MƏNİMDİ DEMƏZ...
İLAHİ YIXANI BƏNDƏ TİKƏMMƏZ,
İYNƏ TİKƏN YERİ, TİKAN, TİKƏNMƏZ...


İNCƏ DUYĞULAR ŞAİRİ - GÜLSƏFA AYVAZOVA

























Gülsəfə AYVAZOVA,
Borçalı, Sadaxlı kəndi.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: