RUHUN ŞAD OLSUN, ELDAR MÜƏLLİM! Bolus, Darvaz, Müşfiq Borçalı 27 ноября 2023 947 Bu gün şair-mühəndis ELDAR HACIYEVin ANIM Günüdür!(1938-2006) Eldar Yəhya oğlu Hacıyev (ELDAR ELOĞLU) 1938-ci il avqust ayının 1-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kəndində anadan olub. Orta təhsilini doğma kəndində başa vurduqdan sonra o, Azərbaycan Sənaye İnstitutunu (sonralar Azərbaycan Neft və Kimya İnstitutu adlanan indiki Azərbaycan Neft Akademiysını) bitirib. Əmək fəaliyyətinə B.Sərdarov adına Bakı Maşınqayırma zavodunda başlayıb: mühəndis, sex rəisi, baş mexanik, baş mühəndisin müavini, baş mühəndis vəzifələrində çalışıb. Sonralar bir müddət M.Əzizbəyov adına Təcrübə-sınaq zavodunda baş mühəndis vəzifəsində işləyib. Daha sonralar isə pedaqoji fəaliyyətlə məşğul olub, Bakı Politexnik və Maşınqayırma Texnikumlarında dərs deyib. Ömrünün son gününə kimi Bakı Texniki Kollecində metodist-müəllim işləyib. 1958-ci ildən müntəzəm olaraq mətbuatda dərc olunan, 10 kitabın - o cümlədən iki texniki kitabın (“Maşınqayırma fəhləsinin yaddaş kitabçası”, “Azərnəşr”, 1980, “Ömrü nəyə həsr edək”, “Azərnəşr”, 1984) bir tarixi xronoloji oçerklər kitabının (“Binəqədidə bir zavod var...”, “Azərbaycan” nəşriyyatı, 1996) müəllifi olan, ziyalılar arasında mühəndis-müəllim kimi böyük hörmət və nüfuz qazanmış Eldar Hacıyev özünü həm də nəğməkar şair kimi tanıda bilmişdir.Onun “Tut ağacı” (“Yazıçı” nəşriyyatı, 1990), “Yaşadığım dəqiqələr” (1998), ”Dünya sevənlərindir” (2001), “Sevənlərin kitabı” (2002), “Çaylar dənizə tələsir” (2004), “Son nəğmə” (2005) və “Uzaq illərin nəğmələri” (2006) adlı şeirlər kitabları, eləcə də “Çinar pöhrələri” (Bakı, 1979, 1981), “Yeni səslər-1” (Bakı, 1984) almanaxlarında, “Ağır elli Borçalı” (Bakı, 1990, Ərzurum, 1996), “Addımlar” (Bakı, 1995, 1996, 1998) poeziya toplularında, “Azərbaycan”, “Ulduz”, “Göyərçin” jurnallarında, "Ədəbiyyat və incəsənət", "Bakı", "Gürcüstan", "Təhsil", "Ziya", "Borçalı", "Şərqin səsi" və bir sıra müxtəlif mətbuat orqanlarında çap olunmuş neçə-neçə poemaları, yüzlərlə şerləri, nəğmələri oxucular tərəfindən həmişə maraqla qarşılanmışdır.Yaxşı yadımdadır. 1990-cı il... Təlatümlü bir dövr idi. Şeirə, sənətə maraq azalmışdı. Az qala hamı Meydan həyatı yaşayırdı, bəlkə də cılız şüarlar dalıyca qaçırdı. Belə bir vaxtda şair üçün oxucu tapmaq çətin məsələ idi. Məhz belə bir zamanda - 1990-cı ildə "Yazıçı" nəşriyyatı Eldar Hacıyevin "Tut ağacı" (şeirlər və poema) kitabını oxucuların ixtiyarına verdi... Kitab nəinki Borçalılıların, eləcə də bütün Azərbaycan gənclərinin sevincinə səbəb oldu. Qısa bir vaxtda kitab respublikaya yayıldı, haqqında qəzet səhifələrində məqalələr dərc olundu. Kitabdakı şeirlər "Ümid bitirən torpaq" və "Dünya sevənlərindir!" sərlövhəli iki başlıq altında cəmlənmişdir. Elə bu başlıqlardan E.Hacıyevin yaradıcılığının mövzusu aydın hiss olunur. Göründüyü kimi, o, əsasən müasirlərimizi düşündürən problemlərdən yazır. Dövrümüzün ümumbəşəri qayğıları, insan taleyi, Vətən və torpağ sevgisi, zəhmət dünyası, təmiz və kövrək məhəbbət aləmi şairin ən çox müraciət etdiyi mövzulardır. Şairin "Bir anın səhfi" adlı poeması gənclik mövzusunda yazılmış ən gözəl poemalardan biri sayıla bilər. "Gizli məhəbbət", "Qızlar... qızlar...", "Sənsizlik", "Danışa bilmirik", "Təbrik", "Görüş" və s. şeirləri də eyni mövzuda yazılmış sənət əsərləridir.Eldar Hacıyevin “İnam” sənədli-lirik poeması isə dünya şöhrətli soydaşımız, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Sibir neftinin müəllifi, məşhur neftçi-alim Fərman Salmanova həsr olunub. Şairin yaradıcılığında vətən, yurd, el-oba məhəbbəti xüsusi yer tutur. "Azərbaycan" şeirində:Yanmağı sən öyrətdin,Sevməyi anam mənə.Yaşamaqçın bir ömrüVerdiniz inam mənə.Yer başıma dolansınBir an sizi anmasam.Yana-yana sevərək,Sevə-sevə yanmasam.- deyən şairin "Vətən", "Torpaq", "Günəşli dünya", "Tutağacı", "Kəndə gedən yol", "Ümid bitirən torpaq" və s. şeirləri də diqqəti cəlb edir. "Haray", "Qapı dalında", "Palıd", "Fəhlə", "Dəmirçi", "Yanğı", "Kənd toyları", "Analar", "Estafet", ""Yürüş", "Tələs", "Oğlum" və s. şeirləri tərbiyəvi əhəmiyyət daşıyır.Həyatda xırdalıq çox böyük dərddi,Hər boş şey dalınca getmə sən, oğlum!Böyük əməllərə köklə özünü - Adilik içində itmə sən, oğlum!Az yaşa, çox yaşa, deyil hünərdən,Sən könül dolusu sevməyi öyrən.Quru çöpünə də təsirlənməsən,Sənə oğul deməz bu Vətən, oğlum!Könülsüz sənəti, könülsüz yarıKeçirmə boynuna.... çoxdu qubarı.Demirəm səhv etmə, etsən də barıMən edən səhvləri etmə sən, oğlum!Şairin "Olmasın" sərlövhəli şeirinə nəzər saldıqda isə onun doğma kəndinə necə bağlı olduğunun bir daha şahidi oluruq:İnsan yaşadıqca kövrəlir yaman,Çalışır hal tutsun dostdan, tanışdan.Ay Darvaz ətrini gətirən oğlan,Könlüm mənsiz olsun, sənsiz olmasın!O yurdun ətiri elə ətir ki,Ürəyim o yersiz sönüb gedir ki, Mənə bircə çəngə yarpız gətir ki,Yazdığım nəğmələr duzsuz olmasın.Görən, unudubmu o dağlar məni?Çağırır yuxumda bulaqlar məni.Bezdirib bəzəkli otaqlar məni,Heç kəs bu dünyada izsiz olmasın.Tarixin təkəri fırlanır yaman,İmtahan dalınca gəlir imtahan,Bir istəyim vardır qoca Tanrıdan,Qartal göysüz, ceyran düzsüz olmasın.Nə üzlə baxarıq Quyu bulağa,Torpaqdan qalxmışıq - dönək torpağa,Gələk də, gedək də Bakıya, ammaBiz Darvazsız, Darvaz bizsiz olmasın....Eldar Hacıyev həm də gözəl ailə başçısı idi. 2 oğul, 1 qız atasıydı, 7 nəvənin sevimli babasıydı... Onun hələ neçə-neçə arzuları, neçə-neçəyazılmamış əsərləri vardı... Amma təəssüflər olsun ki, amansız ölüm onu bizdən ayırdı... 2006-cı il noyabrın 27-də Azərbaycan təhsilinin, mədəniyyətinin, poeziyasının, neft və kimya maşınqayırması elminin inkişafında xüsusi xidmətləri olan müəllim-mühəndis-şair Eldar Yəhya oğlu Hacıyev (Eldar Eloğlu) qəflətən dünyasını dəyişdi.Eldar Yəhya oğlu Hacıyevin əziz xatirəsi qohumlarının, yaxınlarının, dostlarının, tələbələrinin, oxucularının, bütün onu tanıyanların, bir sözlə, qədirbilən xalqımızın qəlbində yaşayır, daim və əbədi olaraq yaşayacaqdır. Allah rəhmət eləsin!..Müşfiq BORÇALI. «Bütöv Azərbaycan» qəzeti, 2012. Eldar ELOĞLU - Eldar HACIYEVTUT AĞACIKəndin ortasında bir tut ağacı,Nə vaxtdır fələyə baxır qıyqacı.O qədər ağsaqqal gəldi dibinə,Axır, özünün də ağardı saçı.Qışda hənirlidir, yayda sərindi,Kəndin pir yerinə dönübdü indi.Bura tut yeməyə gəlməz bir nəfər,Burda xatirələr tutdan şirindi.Bağlı bir kitabdır sanki hər ömür,Söhbətə başlayan susmaq istəmir.Odur, Nalbənd Məmmi danışır yenə,Nahar yaddan çıxıb yoruldum demir.Kimin ki, gəncliyi ötüb mənalı,Söhbəti andırır şəkəri, balı.Xatirə sandığı boş olanlar da,Baxır ağızlara, ağzıaçılı...Mənim yaşıdlarım!... günlər ötüşsün,Bura üz tutmağa üzümüz olsun.Bir gün Tut ağacı yığsa bizi də,Söhbət eləməyə sözümüz olsun...“Azərbaycan” jurnalı,1982, № 10.YOLLARRahat yerisək də üzü enişəEnişlər dərəyə aparar bizi.Çətin yerisək də üzü yoxuşaYoxuşlar zirvəyə aparar bizi.Enişə endikcə gözdən itərsənHəb kimi udarlar dərələr səni.Zirvədən həm özün çox yer görərsənHəm də ki, çox yerdən görərlər səni.Dağlar yadıma düşdü...Könlüm birdən qanadlandı,Görən dağlar həməndimi?Otuz ildir görmədiyimBuz bulaqlar həməndimi?Kəhər atı yəhərlədim,Axşamını səhərlədim.Yeri-göyü xəbərlədimO torpaqlar həməndimi?Qara arxac, Ortabulaq,Lilparlıda süfrə salaq.Dolaşdığım oymaq-oymaqO yaylaqlar həməndimi?..Məni görüb yelləndilərÇiçək açıb gülləndilər.Gördüm dağlar həməndilərAmma Eldar həməndimi?..Dünya bir dəlixana...Dünya bir dəlixanaYığışmışıq yan-yana.Biri şöhrət dəlisi,Biri dövlət dəlisi.Ağılsız bir cür dəliAğıllı min cür dəli.Olmuşuq başdan-başaNəfsimizin köləsi.Yarımız pul dəlisi,Yarımız eşq dəlisi.Dünya bir dəlixana... Telefon danışıqlarıƏvvəl əllərindən ayırdın məniSonra gözlərindən,Səsimdən ayrıla bilmədin ancaq.Bircə gün səsimi eşitməsən sənSandım ki, bu saat dünya uçacaq.Yapışıb qalmışıq biz telefondanSuda boğulanBir saman çöpündən yapışan kimi.Nöqtə qoyacağam daha bu eşqəÇıxıb gedəcəyəm qəbrimə sarı,Bitəcək telefon danışıqları.Özümü itirib, uf demədin sənSəsimi itirib sarsılacaqsan.Hər zəng çalınanda diksinəcəksən,Hər zəng çalınanda qıc olacaqsan.Bir gün o dünyadan zəng çalacağam,Donub qalacaqsan bu qəfil səsdən.Dəstək əllərindən düşüb sınacaqSəsimi dinləyə bilməyəcəksən...Kimdir günahkar?..Gözlərimi səndən çəkə bilmirəmSənmi günahkarsan, mənmi günahkar?Sən gözəlsən, mən də gözəl dəlisiSənmi günahkarsan, mənmi günahkar?İnsaf et, üzünü çevirmə yanaKönül istər baxışından odlana.Sən cavansan, mənim üzüm o yana,Sənmi günahkarsan, mənmi günahkar?Göz qızınmaz, söz ürəkdən gəlməsə,Üzüm gülməz, əgər könlüm gülməsə.Başqaları səni görə bilməzsə-Sənmi günahkarsan, mənmi günahkar?Eldar deyər, yarpaq kimi mən əsdim,Gənc olsaydım, vallah səndən keçməzdim.Sənmi gec doğuldun, mənmi tələsdim?-Sənmi günahkarsan, mənmi günahkar?..“Aşıq Pəri” məclisiYaşılbaş sonalar yığışıb yenəGözəllik hər şeyi gözəlləşdirir.Örpək var camala yaraşıq verirCamal var, örpəyi gözəlləşdirir.Biri şer deyir, valeh olursanBirinin səsində dağ şəlaləsiZülfiyyə çoxdandır məst edib biziİndi də Tellisi, həm Kəmaləsi.Elə oxuyurlar, elə çalırlarÜrək az qalır ki, yansın, inləsin.Təkcə Azərbaycan azdır onlaraOnları qoy bütün dünya dinləsin...DördlüklərGözünü açırsan, gün olur yarıYatsaq, odumuzu kim qalayacaq?Qabaqda gedənə çatmayanlarıArxadan gələnlər tapdalayacaq.. * * *Dünyada nə qədər qadın vardısaDünyanın o qədər möcüzəsi var.Qadın görünməmiş bir qüvvədir ki,Önündə Şahın da diz çökməsi var...AnalarÖzümü anama yetirə bildimGördüm, ürəyimin başı göynədi.Ona bircə qaşıq su verə bildim“Dərdin ürəyimə gəlsin,”- söylədi.Göylər bu nidanı görən yazdımı?-Gözlərim bulud tək dolmaq istədi.Can verən anamın dərdi azdımı?-Mənim dərdimi də almaq istədi...Kəndə getmişdim...Gözümdə necə də böyüyüb bu kənd,Könlümdə necə də doğmalaşıbdır.Elə bil imana, dinə gəlmişəmSevincim başımdan aşıb-daşıbdır.Belə sevdiyimi bilməzdim heç vaxtMən ona nə qədər yaxınam indi.Dünyaya Darvazdan baxırdım bir vaxtDünyadan Darvaza baxıram indi...Bir toya getmişdimTəsadüf bir toya apardı məniAlışıb yanırdı ipək pərdələr.Birdən elə bil ki, od vurdu məniDəydi gözlərimə sevdiyim dilbər.Toy kimin idisə, dəhşət mənimdi,O axşam neçə yol ölüb-dirildim.Ağappaq geyinmiş gəlin o idi,Amma yanındakı bəy mən deyildim.Baxışlar havada toqquşdu birdənYer də silkələndi bir az, deyəsən.Xəyal toy evindən çıxartdı məni,Bəs onun əhvalı necoldu görən?!İlahi, rəhm elə, dözüm birtəhər,Bir onu bildim ki, getdim özümdən.Onunla olduğum xoş dəqiqələrBir kino-lent kimi keçdi gözümdən.Onda ayıldım ki, məclis qurtarıbBu axşam nə yedim, mənim bəsimdi.Hamı öz evinə çıxıb gedəcək,Ürəksiz mən hara gedim bəs indi?!Gözəlləri süzə-süzə... (nəğmə)Gözəlləri süzə-süzəBir də gördün çatdım yüzə.Ovçu gözüm baxmaz sözəDilim qalar yana-yana.Gözümü qaşım saxlayarAğlımı başım saxlayar.Dilimi yaşım saxlayarƏlim qalar yana-yana.Deməyin ki, sönəcəyəm,Mən göylərdən enəcəyəm.Öləndə də sevəcəyəm-Ölüm qalar yana-yana... 26.11.2006 * * *REDAKSİYADAN:Ay keçəcək, il ötəcək,Yenə həmin gün gələcək...Sevgilərin boy atacaq,Şeirlərin seviləcək...Ellər səni yad edəcək,Nəvələrin sevinəcək......Onda bu gün düşər yada-Ölüm qalar yana-yana...Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.